Nərgiz Qazi
“525-ci qəzet”in 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda şeir və esse müsabiqəsi haqda elanı vaxtın bitməsinə bir gün qalmış internetdə gözüm aldı. İki ay imiş elan olunduğu.
Baxıram, 21 saat qalıb müsabiqə vaxtının bitməyinə. 21 illik vətən duyğularımı 21 saata necə sığışdırım axı, mən yazıq! Cəhd edəcəm, dedim.
Məncə, vətənin kökü insanın ruhunda, qəlbindədir! Onu hərə bir cür duyur.
Vətən tək torpaq, dağ-daş deyil, birinə ana qucağı, ata ocağı, birinə sadəcə doğulduğu yer, böyüdüyü evdir. O birinə uşaq vaxtı üstündə min oyundan çıxdığı xalı, gəbədir vətən. “O biri” dediyim özüməm elə. Saathesabı işlədiyim İKEA satış mərkəzində xalılar satılan bölmədən hər dəfə keçəndə uşaq vaxtı nənəmizin Qarabağda toxuduğu gəbəni xatırlayıram. İndi rəngi qaçmış, neçə yerdən süzülmüş o xalının dəyərini İKEA-nın palazları anlatdı mənə.
Vətən bizi biz edəndir. Şəxsimizi, kimliyimizi formalaşdıran, tamamlayandır. “Qürbət görməyən vətən qədri bilməz”. Məncə, qürbət görməyən vətən anlayışını tam dərk edə bilməz!
İndi 21 yaşım var, ömrümün çoxunu, 14 ilini Azərbaycanda yaşamışam. Geri qalan 7 ilini isə İsveçdə. Filosofların bir çoxu düşünür ki, vətən özünü aid etdiyin yerdir. Mənimsə özümü aid hiss etdiyim yer yoxdur. Azərbaycanda böyüdüyüm ev yoxdur artıq, İsveçdə də köçhaköçlərimiz çox oldu.
Özümü aid hiss etdiyim vətənim xatirələrimdir. Bərdədə qohumlarımızın təndirdə bişirdiyi çörəyin ətrini İsveçdəkilərə necə anlada bilərəm axı? Qubada getdiyimiz hamamlardı mənim vətənim, di gəl avropalıya hamam kültürünü izah elə. Mənim vətənim Xızı yollarındakı qırmızı dağlardır, Mars planeti tam bu dağlar olması gərək. O qırmızı dağların arasında yerləşən Mikayıl Müşviqin evidir vətən.
Vətən yaddaşımın bir küncündə Beşbarmaq dağı şəklində qalıb. Bura dua etməyə gəlir adamlar. Sanki tanrı adamı dağ başında daha aydın eşidirmiş. İlk dəfə ora gedəndə mənə dedilər ki, ziyarətdi bura, çoxlu dua elə. Sözün düzü, onda içimdən dua etmək gəlmədi, o gün ilk dəfə günəşin batmasını seyr elədim sadəcə, dua yerinə. Dağın başına çatanda anlamışdım bu dağla bağlı çoxlu əfsanələrin haradan doğduğunu.
Mənim vətənim Xınalıqdır – nə qədər qonaqpərvər olduğumuzu mənə anladan yerdir bura. Xatırlayıram, Xınalığa gələndə təsadüfən toy üstünə çıxdıq, yüz ilin doğmasıymışıq kimi böyük bir səmimiyyətlə bizi toya dəvət elədilər. Tanımadığım insanların arasında özümü bir ailənin üzvü kimi hiss elədim. Avropalıya bu insani istiliyi duydura bilərəmmi? Anlayarmı məni?
Mənim üçün vətən “Razin”də yaşayan xalamgildə keçirdiyim Novruz bayramıdır. Xalam uşaqları ilə qapı pusmağımdı vətən. Məndən yaşca böyük olan uşaqların məni kiçik gördükləri üçün küsdüyüm şıltaqlıqdır vətən.
Burnumun ucunun göynədiyi ən gözəl anılarımdan biri də məktəb illərimdir. İncəsənət gimnaziyasından ruhuma hopdurduqlarım. İmtahan vaxtı hər riskə rəğmən bir-birimizə kömək etdiyimiz anlardı vətən! Birliyin, birgəliyin gördüyüm ən böyük təntənəsi idi bu. İsveç məktəbində isə hər şey fərqlidir.
Yayda bəzən qohumlar Xızıdakı balaca evimizə yığışardı, 30-40 nəfər olardıq. Yer olmadığından o gecələr yatdığım stolun altı idi yurd yerim. Bəzən dünyaları dəyişmərəm o gecəyə, o balaca küncə.
Mənim üçün vətən babamın dinlədiyi Qədir Rüstəmovun səsidir. Babam sağ olanda anlamazdım bunu, indi vətən olub o səs mənə. Əslində mənim stilim deyil onun oxumaları, bəs niyə hər dəfəsində ətim ürpəşir?!
Mənim üçün Ağcakənddir vətən! Buranı mənə Qarabağ deyə göstərdilər. Atamın, anamın gənclik oylağı Şuşanı, Ağdamı gəzən kimi gəzdim oranı. Niyə hər dəfə Qarabağın adı gələndə nənəmin, babamın köks ötürdüyünü bu gözəlliklər anlatdı mənə.
Ömrümdə ən dadlı çiyəni, qaymağı və bir də kababı yediyim yerdən danışıram sizə.
Azərbaycana gəldiyimizdə işlərini kənara qoyaraq, neçə yüz kilometr yol sürüb bizə Ağcakənd qarışıq vətənin necə gözəl yerlərini gəzdirən dayımın bizə sevgisidir vətən.
Çox uzatdım deyəsən! Demək istəyirəm ki, mənim vətənlə bağlı olan bütün anılarım Azərbaycandadır, çünki vətənimdir ora!
İsveçdə məni başqa gəlmələr kimi “köçkün” yox, “Azərbaycandan olan qız” deyə çağırırlar. Bu, mənə olmazın fərəh verir.
Baxmayın yaşımın azlığına, BMT-nin Helsinqborq şəhər nümayəndəliyinin rəhbəri təyin olunmuşam bir ildir. Stokholmdan üzü bəri neçə şəhərdə keçirilən tədbirdə qlobal iqlim dəyişikliyi, gender bərabərliyi, miqrasiya problemləri və başqa dünya problemləri öz yerində, Qarabağın işğalından da söz salıram yeri gəldikcə. Bəzən lap yeri olmasa belə. Niyə? Niyəsi haqda heç vaxt düşünməmişəm. İndi, məhz bu sətirləri yazanda düşündüm – mənə bunları etdirən nədir? Elə bilirsiniz, bilirəm?
Bir gün İsveçin Karlskrona şəhər bələdiyyəsi Çindən gəlmiş nümayəndə heyəti üçün konsert proqramı təşkil eləmişdi. Mən də ora pianoçu kimi dəvət olunmuşdum. O gün Vaqif Mustafazədənin doğum günü idi. Çinli müsafirlərə Vaqifi qısaca tanıdıb onun “Bayatı Şiraz” əsərini ifa etdim. O alqışlar mənə yox, Mustafazadə üçün idi. O an o səhnədə vətənim Vaqif Mustafazadə idi.
Bir il keçdi. Bleking Torpağı üzrə müsiqi müsabiqəsinin qalibi oldum. Dünya klassikləri ilə yanaşı bizim Tofiq Quliyevin “Sənə də qalmaz”ını ifa elədim. O gecə dinləyicilər məni yox, Azərbaycanı soraqlayırdı. Həyatımda yaşadığım ən sınaq dolu bir axşamda gücü mənə vətən verdi – Tofiq Quliyevin simasında.
İndi 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adına elan olunmuş müsabiqənin bitməsinə dəqiqələr qalıb…
Və mən vətən haqda nəsə yazmalıyam.
Nədir vətən? Bilmirəm axı!
Vətəni bilməklə anlada bilmərəm! Vətəni duymaqla duyduraram. Bilmirəm, bu dar macalda duydura bildimmi vətəni sizə?!
30 noyabr, 2019, Saat 23.55
Helsinqborq, İsveç
Qeyd: Yazı “525-ci qəzet”in 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda keçirdiyi şeir və esse müsabiqəsində 3-cü yeri qazanıb.