Reportyorlar (50)
- 27 Noyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Günlər keçdi
Saleh hələ də Rusiyada idi. Səbri tükənmiş, əsəbi tarıma çəkilmiş halda Rozanın gəlib çıxmasını gözləyirdi. Amma ondan hələ ki, bir xəbər yox idi. Bir neçə gün sonra Saleh yenə agentlə görüşməli idi.
Hər zaman getdiyi restoranda yenicə masa arxasına keçmişdi ki, bu vaxt onunla eyni masada əyləşmək üçün icazə istəyən xanımın səsinə başını qaldırdı.
Rozanı qarşısında görüb duruxan kimi oldu. Lakin özünü toplamağı bacarıb, soyuqqanlı göründü.
Roza cavab gözləmədən məmnun ifadə ilə keçib Salehlə üzbəüz əyləşdi. Nəzərlərinin hələ də onda olduğunu görüb, mənalı-mənalı gülümsündü:
– Necəsən?
Saleh nüfuz edən baxışlarla Rozanın gözlərinin içinə baxmağa davam etdi, cavab vermədi.
Elə bu vaxt onlara doğru gəlməkdə olan agentlə baxışları toqquşdu. Rozadan xəlvət ona masaya yaxınlaşmamağı işarə etdi.
Agent işarəni dərhal anlayıb qarşı masaların birində əyləşdi. Amma bu anlarda daha bir nəfərin digər masada əyləşib Roza və Salehi izlədiyini görmədi.
Saleh sükutunu pozub, sınayıcı nəzərlərlə Rozaya baxdı:
– Burada olacağımı nə bildin?
Roza sualı bilərəkdən cavabsız qoyub, Salehin masanın üstündəki əlindən tutdu, gülümsündü.
Saleh eyni baxışlarla ona baxmağa davam edərək sualını təkrarladı:
– Sual verdim sənə! Necə təxmin etdin?
Roza çıxış yolunun olmadığını görüb, cavab verməli oldu:
– Şəhərə çıxmışdım, buradan keçirdim, maşınını gördüm. Bildim ki, buradasan. – Əslində nə üçün, nə məqsədə gəldiyini oğlandan gizlədib, açıb-ağartmadı. Eynilə Salehlə ilk rastlaşmasının təsadüf olmadığı, Salehi hələ illər öncədən Həmidin göstərişi və iştirakı ilə bu restoranda dəfələrlə görüb izlədiyini ona bəlli etmədiyi kimi.
Aldığı cavabdan sonra Saleh eyhamla ona baxdı:
– Atdığın bütün addımlar öncədən ürəyinə damır, ya sırf təsadüfdən doğur?
Roza
narazılıqla başını buladı, ona ünvanlanmış suala, oğlanın ondan açıq surətdə
şübhə etdiyinə əmin halda dodağı qaçdı.
Saleh isə bu sükutda öz sualına cavab aldı. Qadınla son görüşündən sonra onu izlədiklərinə
qətiyyən şübhə etmədi. Ehtiyat tədbiri olaraq baxışları ətrafı yoxlaya-yoxlaya
tamam ciddi halda:
– Danışmalıyıq, – dedi.
Roza bu ifadədə yaxşı əlamət sezməyib, şübhə ilə soruşdu:
– Nə barədə?
– Sual vermə də. – Saleh gərginliyini ört-basdır edə bilməyib, üz-gözünü turşutdu. – Danışmalıyıq dedimsə, deməli, danışmalıyıq da. Sorğu-sual neyçündür?
– Bilməliyəm də söhbətin mövzusu nədir, nədən bəhs edir. – Roza hiyləgər-hiyləgər gülümsündü. – O qədər mövzu var ki… Məsələn, eşq, məhəbbət, yataq, ehtiras.
Saleh düyünlənmiş qaşlarının altından qanlı-qanlı onu süzdü. Rozanın dodağı qaçdı. Söhbətin axarını bilərəkdən dəyişdi:
– Nədir, yenə ehtirasın coşub? Təkliyə çəkilmək istəyirsən, vəhşi pələng?
Salehin hiddətlə masaya çırpdığı yumruğu Rozanın səsini kəsdi. Diksinib heyrətlə onu süzdü.
– Sakit ol! Nə olub sənə? Hər kəs bizə baxır, rüsvay olduq. – Roza rəng verib, rəng ala-ala əlini üzündə, saçlarında gəzdirdi. Saleh qadının biləyini onu incidəcək dərəcədə qüvvətlə sıxdı.
–
Sənin rüsvayçılıq anlayışın təxminən hansı həddə qədərdir?
Roza
hiddətlə ona baxdı:
– Burax! Neynirsən? – Bütün cəhdi ilə biləyini Salehin güclü barmaqları arasından çəkib çıxarmağa çalışdı, buna müvəffəq ola bilməyəndə daha da hiddətləndi. – Vəhşi! Sən adam olmayacaqsan.
– Ağəz, fahişənin balası, sən məninən nə cürətlə bu dilnən danışırsan? – Saleh artıq heç kəsi nəzərə almadan ona həm üzünü, həm səsini bozartdı. – Özüvü yəni belə böyük zibil hesab edirsən?
Roza səsini içərisinə vursa da, imdad edər halda qarşı masalardan birində əyləşmiş cavan bir oğlanla göz-gözə baxdı və baxışlarının dili ilə ondan yardım istədi. Oğlan bütün bunları gördüyü halda məqamsız hərəkətə keçməyin ziyana olacağını düşünüb tamam soyuqqanlı davrandı, vəziyyətini pozmadı. Salehin amiranə və hökmlü səsi Rozanın diqqətini oğlandan yayındırdı.
– Qalx görüm! Gedirik!
Qadının üzündə narazı ifadə yarandı, amma etiraz edə bilmədi. Masadan eyni anda qalxdılar. Saleh getməyə hazırlaşdığı anda baxışları yenə də agentə tərəf yayındı. Lakin ətrafda Rozanı müşayiət edən adamların ola biləcəyi ehtimalı ilə son dərəcə ehtiyatlı davranmağa çalışdı.
Roza dinməzcə Salehin yanına düşüb onunla birlikdə restoranı tərk edərkən gözucu yenə həmin oğlana baxdı. Baxışları toqquşdu. Oğlana arxalarınca gəlməyi işarə etdi.
Saleh maşını gözdən uzaq, sakit bir yerdə saxlayıb yerə endi. Yol uzunu arxasınca gələn avtomobildən izləndiyini başa düşüb, izi azdırmağı bacarmışdı.
Nəzərləri ilə ətrafı yoxlayıb, keçib arxada Roza ilə yanaşı əyləşdi. Onun yol boyu bir kəlmə belə kəsməməsi, əhval-ruhiyyəsi Rozanı artıq narahat etməyə başlamışdı. Bütün səyi ilə bunu üzə vurmamağa çalışsa da, ehtiyatı əldən verməyib bərk-bərk əl çantasından yapışmışdı. Bir əli çantanın içindəki tapançanın üstündə idi. Salehin sükutunu görüb, təmkinlə:
– Eşidirəm, – dedi.
Saleh məqsədli şəkildə cibindən çıxardığı medalyonun zəncirini barmağına dolayaraq havada fırlada-fırlada, yekəxana əda ilə dedi:
– Sən danışacaqsan, mən dinləyəcəm səni.
Bütün diqqəti onun əlində olan Rozanın rəngi-ruhu dəyişdi. Boyunbağını görən kimi tanıdı. Günlərdir Həmidin ondan tələb etdiyi, ağla gələn hər yerdə axtardığı boyunbağı indi Salehin əlində idi.
Özünü toplayıb, Salehin nə fikirdə olduğunu bilmək üçün:
– Anlamadım, – dedi.
Saleh dövrə vurmaqda olan zənciri göz qırpımında havada tutub, ovcunu yumdu. Boğazını arıtlayıb:
– Sənə fikrini sərbəst ifadə etməkdə yardımçı olum, – deyib, Rozaya baxdı. Ahəngində istehza yatan bir səs tonu ilə fikrini tamamladı. – Belə edək də. Lap əvvəldən başlayaq. Uşağı niyə, nə üçün oğurladığınızdan danış.
Rozanın bədəninə od-alov, istilik gəldi. Salehin hər şeyi bildiyini və onu bura nə üçün gətirdiyini başa düşüb, buna hiddətlənsə də, özünü ələ vermək istəmədi. Çaşqın halda:
– Nə uşaq? – dedi.
Özünü bilməzliyə vurması, üstəlik, əlindən buraxmadığı çantadan inadla yapışması onun niyyətindən şübhələnmiş olan Salehi özündən çıxardı. Qadının gözləmədiyi şəkildə əl çantasını əsəbi bir hərəkətlə onun əlindən alıb maşının kabinəsinə tulladı. Çevrilib sərt baxışlarla üzünə baxdı. Roza bu baxışların qarşısında sıxılsa da, təslim olmadı.
– Sənə hesabat vermək məcburiyyətində deyiləm! – Qapını açıb maşından enmək istədi. Bu cəhdi boşa çıxdı. Qapı çoxdan bağlı idi.
Saleh qolundan tutub onu hirslə özünə doğru çəkdi. Baxışları ilə hədələyərək medalyonun qapağını açıb fotoşəkli Rozanın gözləri önündə tutdu.
– Tanıyırsan bu oğlanı?
Gördüyü fotoda unuda bilmədiyi adamın sevdiyi qadına, körpəsinə məhəbbətlə sarılıb bəxtiyarlıqla gülümsəməsi Rozanın qəlbinə xəncər sapladı. Əzabı ölçüyə gəlmədi. Ağrı-acı içində çırpınarkən bütün səyi ilə güclü görünməyə çalışsa da, səsi titrədi:
– Xeyr, tanımıram.
– Körpənin atasıdır. Missiyanı unutmusan bəgəm? Plan qurub yatağına girdiyin, şərləyib həbsə saldırmaq istədiyin adamı necə tanımıram deyirsən? Çox məntiqsiz cavabdır.
Körpənin Azərin övladı olduğundan bu an xəbər tutması Rozanı bir da sarsıtdı. Taleyinə olan qəzəbi ilə hiddətlə Salehə səsini yüksəltdi:
– Mənim heç nədən xəbərim yoxdur! Əl çək məndən! Nə uşaq görmüşəm, nə də onun atasını!
Saleh bir az da gərildi. Belindəki silahı nə vaxt çəkib çıxartdığını belə bilmədi. Rozanı maşının oturacağına sıxıb, qeyzlə bağırdı:
– Ya bu gün burada mənə hər şeyi olduğu kimi danışacaqsan, ya da həyatınla vidalaş! – Silahı onun gicgahına dirədi.
Roza onun zarafat etmədiyinə gözüyumulu əmin idi. Çünki artıq buna bir dəfə şahid olmuşdu. Hirs başına vuranda gözünə heç nə görünmədiyini də yaxşı bilirdi. Salehin qəzəbli səsi, üzünün zəhmli ifadəsi, ona zillənmiş təhdid dolu baxışları Rozanın canına üşütmə saldı. Titrəyə-titrəyə:
– Burax məni çıxıb gedim. Mən nə karəyəm ki, uşaq da oğurlayam? – dedi.
– Ay qız, – Saleh dişlərini bir-birinə sıxaraq hövsələsi daralmış halda səsini bozartdı, – mənə özüvü yazıq, zavallı, nə bilim day, gicbəsər kimi təqdim eləmə də, sualıma cavab ver! Uşaq neyçün oğurlanıb? Səbəb nədir?
Rozanın inadla susmağa davam etdiyini görüb acıqla bağırdı:
– Cavab veerr!..
Qadın diksinib qorxudan böyümüş gözlərini Salehin hiddət və qəzəb yağan gözlərinə zillədi. Xarakterinə az-çox bələd olduğu oğlanın zəhmi onu basdı. Ayrı yolu olmadığını görüb, etiraf etmək məcburiyyətində qaldı:
– Feliksin köhnə ədavəti var körpənin babası ilə. Həmişə qisas almaq barədə planlar qurub. Onun işləridir.
Salehin günlərdir düşündüyü ehtimallar bu cavabla darmadağın oldu. Gərginlik içində nəfəs alıb-verərək yeni bir sual verdi:
– Körpə haradadır indi?
– Bilmirəm.
– Məni məcbur eləməginən beynivi dağıdım da. – Saleh yenidən səsini göyərtdi. – Sualıma düzgün cavab ver!
– Malikanədə.
– Kimə məxsusdur ora?
– Həmidindir.
Saleh bir neçə saniyə fikirli göründü. Sonra qərarlı bir şəkildə yenidən Rozaya baxdı.
– O körpəni istəyirəm mən. Onu mənə gətirməlisən.
– Bu əjdahanın ağzından yem götürmək kimi qeyri-mümkün bir işdir. Ağlından çıxar!
– Körpəni istəyirəm, dedim! Mənə nağıl danışma. Əks halda onlar etməsə də, mən öldürəcəm səni. Bilmiş ol!
Roza Salehin gözlərinin içinə baxa-baxa susdu. Amma bu sükutun özündə belə hədsiz həyəcan, qorxu və təlaş vardı.
Saleh əmr elədi:
– Bu gecə bu işi həll edirsən!
Salehin əlinin altında sinəsi şiddətlə qalxıb-enən Roza bu tələb qarşısında çətin vəziyyətdə qalaraq alt dodağını dişiylə sıxıb, gözündən süzülən yaşı silməyə belə cürət etmədi. Salehin gərgin səsi onu yenidən diksindirdi:
– Mənə kələk gəlsən, özünü ölmüş bil! And içirəm ki, bunu edərəm!
…Həmin gecə Saleh Rozanın ona nişan verdiyi, tanımadığı bir qəsəbənin yaxınlığında, yolun kənarında, maşında gözləyirdi. Rozanın sözünün üstündə duracağına bir qədər şübhə etsə də, gözləyirdi.
Nə
qədər keçdiyini bilmədi. Gecənin bu aləmi nabələd olduğu bu tənha yerdə onu
həyəcan sarmağa başlayırdı. Amma fikrində qəti idi. Daha bir yarım saatı da
geridə qoyandan sonra hövsələsi daralmış halda maşından endi. Siqaret çıxarıb
alışdırmaq istəyirdi ki, diqqət çəkəcəyindən ehtiyatlanıb fikrindən daşındı.
Rozanın qarasına söyüb-söylənirdi ki, bu vaxt bir qədər aralıda hərəkət edən,
havada sarı, qırmızı dairələr çəkən fənər işığı gördü. Kimsə iti addımlarla ona
doğru gəlməkdə idi. Saleh qaşları düyünlənmiş halda bütün diqqətini cəmləyib
gələnin Roza olub-olmadığını ayırd etməyə çalışdı.
Qaraltı getdikcə yaxınlaşmaqda idi. Nəhayət, bir qədər də irəliləyəndən sonra
gələn adam fənəri başının üzərinə doğru qaldırdı. Üzünə düşən işıqda Saleh
Rozanı tanıdı. O, tək deyildi.
Ayaqları dizə qədər palçıq olmuşdu. Ələ keçməmək üçün necə çətin yollardan keçib gəldiyi halından, vəziyyətindən bəlli idi. Tövşüyürdü. Yaxına gəlib, fənəri yerə qoydu. Tarimar baxışlarla Salehi süzdü. Həyəcanı, qorxusu üzünə vurmuş halda dedi:
– Bu da mən. – Sinəsinə sıxdığı körpəni qolunun üstündə Salehə uzatdı. – Buyur.
Saleh yuxuda olan körpəni süzüb, onu Rozadan aldı.
– Tələs! – Rozanın səsində təşviş aydın hiss olundu.
Saleh üzünü çevirib maşına getmək istəyəndə Roza özü ilə bacarmadı, onun qolundan yapışdı. Körpəni süzərək əslində Salehə eşitdirdi:
– Bilmirəm qarşıda məni nə gözləyir. Əmin deyiləm. Mənim üçün sabah olacaqmı, onu da bilmirəm. Hər halda, işin üstü açılan kimi məni sağ qoymazlar. Amma nə baş verirsə versin, təkcə buna əmin olmaq istəyirəm: bu günahsız varlıq öz ailəsinə qovuşsun.
Saleh gözünün ucuyla soyuq nəzərlərlə qadını süzüb, dinmədi. Roza köks ötürüb, təkrar dilləndi:
– Səninlə də ola bilsin ki, bir də görüşmədik.
– Buna ehtiyac da görmürəm. – Saleh qaşlarını çatdı.
Rozanın dodaqlarında taleyi ilə barışan adam sayağı acı istehza dolandı. Bununla belə sözünü bitirməyə çalışdı:
– Bir təvəqqem var. Mən verdiyim sözü tutdum, sən də çalış, onun üçün doğru olanı edəsən. Alınası qisasın varsa belə, bunu körpəyə rəva bilmə.
Saleh
durğun baxışlarla Rozanın gözlərinin içinə baxıb, bir kəlmə belə demədi. Əslində
danışmağı lazım bilmədi.
Roza sözü uzatmağın yalnız vaxt itirmək olacağını nəzərə alaraq daha susdu,
dayanıb Salehin getməsini gözlədi. Saleh körpəni yanaşı oturacağa qoyub sükan
arxasına keçəndən, maşın hərəkətə keçib xeyli uzaqlaşandan sonra o, öz-özünə bu
sözləri pıçıldadı:
– Yolun açıq olsun, balaca! – Hisslərinə hakim ola bilmədi, kövrəldi. Gözdən itməkdə olan maşının dalınca bir xeyli baxdıqdan sonra üzünü çevirib gəldiyi yolla geri qayıtdı.
(Ardı var)