Reportyorlar (49)
- 20 Noyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Firuzə Davudqızı
Rusiya
…Gecə yarısını çoxdan keçmişdi.
Aramsız çalınan qapı zənginin səsinə yuxudan oyanan Roza gözlərini açıb yarıyuxulu halda yerində dikəldi.
Zəngin susmaq bilmədiyini görəndə xalatını əyninə keçirib, yeyin addımlarla otaqdan çıxdı. Ehtiyat tədbiri olaraq qapının üst qismində yerləşən xüsusi artırmadan tapançanı götürüb, səssizcə qapıya yaxınlaşdı. Gözlükdən baxanda gələnin Həmid olduğunu gördü. Silahı öz yerinə qoyduqdan sonra qapını açdı.
Artıq oyanmış olan Saleh Roza hələ əynini geyinməkdə ikən gözlərini açmışdı. Amma oyandığını ona bəlli etmədi. Qadın otağı tərk edən kimi o, yatağın içində çevrikdi. Yastığın altında saxladığı tapançanı götürüb, sakitcə yataqdan qalxdı. Silahı hazır vəziyyətə gətirərək səssiz addımlarla qapıya yaxınlaşdı. Barmağını yüngülcə qapıya toxundurub bir balaca araladı. Dayanıb gözlədi. Buradan o, salonun bir hissəsini görə bilirdi.
Risk, təhlükə dolu bir həyat sürən və bu səbəbdən tez-tez ünvan dəyişmək məcburiyyətində qalan Rozaya bu evi bir neçə ay əvvəl Həmid kirayələmişdi. O, Həmidin onunla tanış etdiyi, o cümlədən Feliksin məhv etmək üçün hədəf aldığı qurbanlarla, milyonçu kişilərlə bu evdə görüşürdü. Aylar əvvəl öz hiyləgər planları və cazibədarlığı ilə Salehin də yatağına yol tapmağı bacarmışdı. Beləcə, artıq bir müddətdir görüşürdülər.
Rusiyaya yolu düşən kimi Salehin ilk işi Rozanı axtarıb-aramaq, ya da birbaşa bu ünvana gəlmək olurdu. Bir neçə gün onunla birlikdə vaxt keçirib sonra Bakıya yollanırdı. Burada olduğu günlərdə o, bura kiminsə gəldiyini görməmişdi. Buna görə də çağırılmamış qonağın qəfil gəlişi onun üçün gözlənilməz olmuşdu.
Qapı üzünə açılan kimi Həmid əlində iri yol çantası, iti addımlarla salona daxil oldu. Həyəcanlı və bir o qədər də gərgin idi. Saleh əvvəllər onu bir neçə dəfə Rozanın yanında görsə də yaxından tanışlığı yox idi. Roza Həmidi Salehə ara-sıra görüşüb dərdləşdiyi köhnə tanışı kimi təqdim etmişdi.
Roza bir gözü yataq otağının qapısında, iradla Həmidlə baxdı. Astadan:
– Gecənin bu aləmi burada nə işin var? – dedi.
Həmid başdan-ayağa Rozanı süzdü, qanıqara olmasına baxmayaraq dodağı qaçdı:
– Qonağın var deyəsən, həri?
– Sakit ol! – Roza ona təpindi. – Səni burada görməsin.
– Anladım. – Həmid ironiya ilə gülümsündü. – Qulluğunda yaxçı dur a, bizə lazımdır o.
Roza ehtiyatı əldən verməmək üçün ona dərhal qarşı otaqlardan birinə keçməyi təkid etdi. Otağa keçən kimi qapını örtdülər.
Saleh məsələni anlamaq üçün köynəyini əyninə keçirib dərhal salona keçdi. Silahı əlindən buraxmadan səssiz addımlarla həmin otağın qapısına yaxınlaşdı. İçəridən gələn səsləri dinləməyə başladı.
Həmidin səsi idi.
– Getməliyik. Təcili!
– Hara?
– Cəhənnəmin dibinə! – Həmid acıqla səsini bozartdı. – Hara məsləhətdirsə, ora! Hazırlaş, yarım saat vaxtın var.
***
– Bu nədir? – Roza Həmidin çarpayı üzərinə qoyduğu çantaya işarə etdi.
– Bu bir bəladır keçib başıma! – Həmid bunu deyib, yarıya kimi açıq saxladığı zənciri sona qədər aşağı çəkib, çantanın ağzını açdı.
Roza çantadakı körpəni görəndə gözləri heyrətdən böyüdü. Əlini ağzına aparıb:
– İlahi! Bu kimin uşağıdır, Həmid? – Həyəcanla soruşdu. – Səndə nə gəzir?
– Ağəz, hər kimin, nəyivə lazım? – Həmid hövsələsiz şəkildə ona çəmkirdi. – Muğayət olmalıyıq, vəssalam! Yoxsa kəlləmiz əldən gedər.
– Yenə nə işlərə girişmisiniz? – Roza qulağını otağın qapısına dirəyib, hənirti gəlib-gəlmədiyini yoxladıqdan sonra acıqla Həmidə baxdı.
– Oğurlamısınız, hə? Oğurlamısınız! Sizin əlinizdən ancaq bu gələ bilər.
– Əşi, mumla görək! Qulaq as, gör nə deyirəm.
– Başa düşmürəm, bura niyə gətirmisən axı?
– Neyləyim, kürəyimə bağlayıb özümlə gəzdirəsi deyiləm ki. Neçə gündür mən bilirəm nə çəkirəm, bu küçük səsini kəsmək bilmir. Baş-beynim gedib. Bura da tülkü kimi tində-bucaqda gizlənə-gizlənə gəlmişəm. Düşdüyüm vəziyyətə bax da. Görək Feliks nə qərar çıxaracaq. Ona kimi məcburuq dözək.
– Elə indi apar! Eşidirsən? Mən ona baxa bilmərəm. Bacarmaram. – Roza kəskin səslə dedi.
– Bu vələdin başından bir tük əskik olsa Feliks ikimizi də məhv edər. Səndən başqa kimsəyə əmanət edə bilmərəm. Buna görə də mənimlə gəlmək məcburiyyətindəsən.
– Dayə tut, baxsın.
– Sən mənə yol göstərmə də, balaca, nə deyirəmsə ona əməl elə. Bu uşağın burada olmasından kimsə xəbər tutmamalıdır. Ona görə də tələs. Təcili buranı tərk etməliyik.
Roza hirsindən dişi bağırsağını kəsə-kəsə Həmidə Salehi işarə etdi:
– Ona nə yalan uyduracam? Məni saldığın vəziyyətə bax.
– Bir şey fikirləş deginən də. Yarım saata qayıdacam. – Həmid getməyə hazırlaşdı. – Dörd gözlə qoru, eşidirsən? Bircə bu bəladan qurtulum, rədd edim, məndən uzaq olsun, başqa heç nə.
Roza körpəni çantadan çıxarıb diqqətlə üzünə baxanda qəribə bir hiss doldu qəlbinə. Üzü nurlandı. Onu çarpayının üstünə qoyub bir xeyli xumar yatışını izlədi. Başına nə gəldiyini bilməyən körpənin düşdüyü vəziyyətə ürəyi ağrıdı. Hiddətlənmiş halda:
– Lənətə gəlmişlər! – deyib Həmidə də eşitdirdi. – Heç rəvadırmı?
Həmid bu sözləri sanki heç eşitmədi. Cibindən çıxardığı balaca bükülünü çarpayının üstünə, Rozanın gözü önünə atdı.
– Səndə qalsın. Qayıdanda uşaqla birlikdə səndən təhvil alacam.
– Bu nədir belə?
– Uşağın… əşi, saxla dedim də, nə çox sual verirsən? Əhh…
Həmid getməyə hazırlaşdı.
–
Yarım saat sonra burdayam, ləngimə. – Bunu deyib, əlini cəftəyə atdı. Aşağı
burub, qapını açdı. Qapının kandarına addım atan kimi baxışları qeyri-ixtiyari
yataq otağının qapısını yoxladı. Örtülü idi. Həmid narahatlığa əsas olmayan
baxışlarla arxayın halda Rozaya baxdı.
O, əlini qapının dəstəyinə atanda Saleh çevik tərpənib özünü qonşu otağın
qapısından içəri salmağı bacarmışdı.
Roza Həmidi ötürüb qapını bağladıqdan sonra təkrar otağa qayıtdı. Çantanı çarpayının üstündən götürdü. Bükülünü açıb baxdı, medalyonu olan boyunbağı idi. Təkrar büküb, yatağın üstünə atdı. Bütün fikri körpədə qaldığı üçün boyunbağı ilə maraqlanmadı. Diqqətlə körpəni süzməyə davam edərək:
– Biz səninlə nə edəcəyik, balaca? – dedi. – Kimsən sən belə?
***
Saleh Həmidin getdiyinə əmin olandan sonra silahı şalvarının belinə keçirdi.
Çox keçmədən körpə oyandı. İri qara gözləri ilə otağa nəzər salıb, çığırıb ağlamağa başladı. Roza onu qucağına götürüb nə etsə belə körpə səsini kəsmirdi.
…Saleh həmin otaqda bir xeyli gözlədi. Uzun-uzadı düşünüb, götür-qoy edəndən sonra köynəyinin yaxasını düymələyib otaqdan çıxdı. Özünü heç nədən xəbəri yoxmuş kimi apardı.
Roza Salehin gəldiyini görəndə üzünə təbəssüm dolu ifadə verib, həyəcanını bəlli etməməyə çalışdı:
– Səni də oyatdıq. Bağışla da. – Üzrxahlıq etdi. Sonra da sıxıla-sıxıla əlavə etdi. – Saleh, mən getməliyəm. Planda olmayan bir işim çıxıb, heç gözləmirdim. Amma belə alındı. Hazırlaşmalıyam, bir azdan taksi burada olacaq.
– Aydın oldu, işində ol. – Saleh soyuq və rəsmi səslə dedi. Daha sonra baxışlarını çevirib körpənin üzündə saxladı. – Bu balaca kimdir belə?
– Rəfiqəmindir. Anasının vəziyyəti qəflətən pisləşib, xəstəxanaya çatdırıblar. Uşağı da gətirib verdi mənə. Könlünü qıra bilmədim qızın. Amma belə olan halda məcburam təhvil verim.
Saleh başını tərpətdi.
– Düzgün etmiş olarsan. Belə də lazımdır.
Roza o anın təlaşı ilə Salehin sözlərində heç bir məna güdməyib, onun fikrini səmimi qarşıladı. Salehin isə baxışları Rozadan xəlvət çarpayının üstündəki bükülüyə tərəf yayındı.
Roza uşağı sakitləşdirə bilməyəcəyini görəndə onu yenidən çarpayıya qoydu. Salehdən yardım istədi:
– Çox demirəm, beş dəqiqə onunla maraqlan, hazırlaşım, alıram səndən.
– Həri, bir uşaq saxlamadığımız qalmışdı. – Saleh tərs-tərs Rozanı süzüb, çəmkirdi. – Çaşmısan sən?!
Bunu deyib, getmək istədi. Roza onun önünə keçdi:
– Beş dəqiqə dedim. Yalnız beş dəqiqə.
Saleh əliylə həqarətlə onu yolundan kənara çəkdi.
Elə bu anda qarnı üstə çevrikən körpənin çarpayıdan yıxılacağını görüb qeyri-ixtiyari irəli atıldı. Körpəni havada tutub, yerə düşməkdən son anda saxladı. Çevrilib iradla Rozaya baxdı:
– Uşaq əmanət ediblər sənə, bəlkə diqqətli olasan? – Çarpayının yanından ayrılmadı. Bir qədər sonra baxışlarını çevirib körpəyə tərəf baxdı. Və ixtiyarsız olaraq əlini körpənin qarnında gəzdirdi. Hələ də ağlamaqda olan körpəni sakitləşdirməyə çalışdı.
– Şşş… nolub sənə?
Daha bir neçə saniyə onunla maraqlandı.
Həmid gəlib çıxana qədər Salehi buradan şübhələndirmədən yola salmağın dərdində olan Roza onun körpəyə nə səbəbə diqqət yetirməsinin fərqinə varmadı.
Körpənin qolundakı iynə izi və göyərmiş ətrafı, hətta saçının bir tutam telinin kəsilmiş olması Salehin nəzərindən yayınmadı. Üzü tutqun ifadə aldı. Düşüncəli göründü.
Bu dəmdə hər iki əliylə onun barmağından yapışıb bərk-bərk sıxan körpə ayaqlarını yatağa dayaq verib yerində dikəldi, zəndlə Salehin üzünə baxdı və birdən dodağı qaçdı. Onun barmağını buraxmadan ağzına apardı. Var qüvvəsi ilə yenicə çıxarmış olduğu alt dişiylə damağında sıxıb, didişdirdi.
Saleh bunu gözləmədiyi üçün duruxan kimi oldu. Amma özünü sındırmadı.
Körpə öz məsum çöhrəsi ilə onun qəlbinə yol tapmağı bacarmışdı.
Özü də bilmədi nə üçün, körpəni çarpayıdan götürdü. Qucağında necə saxlamağı bacarmasa da əlindən salmamaq üçün ehtiyatla davranırdı. Bu arada körpənin ona necə sığındığını da görür, özünə belə izah edə bilmədiyi, ona qəribə gələn hisslər keçirirdi.
Rozanın bir gözü Salehdə idi. Bu mənzərəni heyrətlə izləyirdi. Sonda dözməyib, gülərüz dedi:
– Əcəb yaraşdı qollarına.
Saleh çevrilib tərs-tərs Rozaya baxdı. Qadın susmaq əvəzinə mənalı-mənalı gülümsünüb:
– Ata olmaq vaxtın çoxdan çatıb, hətta gecikirsən, – dedi.
Salehin qaşları düyünləndi:
– Başına söz qəhətdi sənün? Əlində işivi gör.
Roza bu baxışları vecinə almayaraq gülümsəməyə, dolabdakı geyimləri bir-bir seçib çamadana yığmağa davam etdi.
– Səni kiməsə bənzədib, gör necə sakitləşdi? İlahi!..
Onun sözləri Salehin başı üzərində şimşək kimi çaxdı. Üzü sərt ifadə aldı. Baxışları daha da tündləşdi. Roza isə bundan xəbərsiz halda fikrinin davamını gətirdi:
– Körpələr həssas olurlar, ağıllı olurlar. Onların hissiyyatı güclüdür. Sən ona doğma olan bir adamı xatırlatdın.
Saleh ağır addımlarla Rozaya yaxınlaşdı. Qadının gözləmədiyi şəkildə boğazından yapışıb onu divara dirədi. Təhdidedici nəzərlərini gözünün içinə dikib, sərt tonda:
– Həddivi aşma! – dedi. – Sənə həndəvərimdə dolanmağa icazə verməyim sənin mənimçün önəmli insan olduğun mənasına gəlmir. İkimiz də burada nə gəzdiyimizi yaxçı bilirik. Bu sənə ixtiyar vermir ki, mənimlə bu tərzdə zarafat edəsən.
Roza çaşıb qaldı. Çaşqın və eyni zamanda ehtiyat edən baxışlarla ona baxaraq xırıldadı:
– Mən pis nə dedim ki?
– Deyə də bilməzsən, çünki buna cürətin çatmaz. Üzərəm boğazıvı, ləçər! – Saleh gərilmiş halda dişlərini bir-birinə sıxdı.
– Burax, uşağı qorxudursan! – Roza baxışları ilə körpəni göstərib, Salehin əlinin altında çapaladı. Saleh onu bir xeyli bu vəziyyətdə saxlayıb seyr elədikdən sonra:
– Yersiz danışmaginən. Acdır bu uşaq, barmağımı yeyir. Qarnını doyur. Anası sənə əmanət edəndə yəqin ki, azuqəsini də yanına qoymuş olar.
Roza
pul kimi qızardı. Çantada əmzikdən başqa heç nə tapmamışdı. Əmziyi körpəyə
verirdisə də körpə qəbul etməyib ağzından salırdı.
Saleh sözünü bitirib əlini əsəbi bir hərəkətlə onun boğazından götürdü.
– Götür! – Körpəni ona qaytarmaq istədi. Bundan duyuq düşən körpə dodaqlarını büzüb, var qüvvəsi ilə Salehin yaxasından yapışdı. Rozaya getməkdən imtina edib, ağlamağa başladı.
– Əcəb işə düşdük də. – Saleh narazılıqla fısıldadı.
Bir neçə dəqiqə sonra Roza artıq hazır idi.
Saleh Rozanın evini tərk edib, küçəyə çıxdı. Maşına əyləşmək istərkən bir qədər aralıda, evi gözətləyən iki nəfər gördü. Onları bura Həmidin təyin etdiyini o dəqiqə anladı. Şübhə oyatmamaq üçün sükan arxasına keçib, çıxıb gedirmiş kimi göründü. Küçədən bir qədər aralandı, bir başqa istiqamətdən Həmidin gəlib çıxmasını gözləməyə başladı. Çox keçmədən küçədə daha bir maşın göründü. Saleh maşından enən və iti addımlarla həyətə keçən adamı uzaqdan tanıdı. Həmid idi. Oturacaqda yerini rahatlayıb gözləməyə davam etdi. Həmid evdə çox yubanmadı. Dəqiqələr sonra yanında Roza və onun qucağında körpə, maşına əyləşdilər. Maşın hərəkətə keçən kimi digər maşın da onların ardınca yola düzəldi. Onlar bir qədər uzaqlaşandan sonra Saleh açarı burdu. Onu saran şübhələrə son qoymaq məqsədilə maşının ön işıqlarını yandırmadan asta sürətlə onların izinə düşdü. Diqqət cəlb etməmək üçün xeyli arxada gəlsə də onları gözdən itirməməyə çalışırdı. Hər iki tərəfi küknar və şam ağacları ilə əhatələnmiş meşə yolu ilə xeyli məsafə qət etdikdən sonra meşə qırağında yerləşən bir malikanənin darvazaları önündə dayandılar. Saleh mühərriki söndürüb xeyli aralıdan onları izləyirdi. Həmid Rozanı körpə ilə birlikdə maşından endirib onları müşayiət edən adamların nəzarəti altında malikanənin qapısından içəri saldı.
Salehin baxışları ətrafda gəzdi. Ünvanı, gəldiyi yolları dəqiqliklə yadında saxlamağa çalışırdı. Daha burada gözləməyin mənasız olduğunu dərk edib geri qayıtmalı oldu. Yolun yarısında maşını saxlayıb, siqaret çıxarıb yandırmaq istədi. Əlini qeyri-ixtiyari şalvarının cibinə saldı. Alışqanla birlikdə Rozanın evindən götürdüyü bükülü də əlinə keçdi. Açıb baxdı. Boyunbağını görəndə nəzərləri bir nöqtəyə dikilib qaldı. Düşüncəli göründü. Nə fikirləşdisə medalyonun qapağını açdı. Fotoşəkli görən kimi yayxandığı oturacaqda dikəlib oturan oğlanın üzü sarsılmış ifadə aldı. Daxilən öz-özünə deyindi:
– Lənət şeytana! Təsadüfün də beləsinə…
Bayaqdan onu boğan şübhənin, qeyri-adi hisslərin səbəbsiz olmadığını anladı.
Körpənin çöhrəsini təkrar yadına salmağa çalışdı. Düşündüklərinin təsiri ilə hirsli bir tövrlə üzünü ovuşdurdu. Körpədə ona qəribə görünən doğmalıq, yaxınlıq hissi, ona bir anda qanı isinməsi və ən əsası bunun həqiqət olduğunu bilməsi varlığını sarsıtdı. Dayısının sözləri qulaqlarında əks-səda verdi: “Nəvəsi oğurlanıb. Türkanın övladı yoxdur. Kiçik qızındır”.
…Səhərə az qalırdı. Saleh hələ də sükan arxasında oturduğu kimi qalmışdı. Başı qaynar qazana dönmüşdü.
Nə billah edirdisə, körpəni yadından çıxarıb ata bilmirdi. Onu sarmış mərhəmət hissi nifrət və qəzəbinə üstün gəlmişdi. Üstəlik, anasının üzgün səslə: “Tapılar, inşallah! Körpədir, Allah özü kömək olsun!” deməsi vicdanını güclü bir təkanla silkələyir, ona rahatlıq vermirdi.
Bununla belə, düşünüb bir çarə tapmalı idi. Bu səbəblə buralara ən yaxın mehmanxanalardan birinə üz tutdu.
Çox düşünüb, nəhayət, bir qərara gəldi. Ertəsi gün agentinə zəng vurub, onu təcili Rusiyaya çağırdı. Görüşüb, xeyli söhbət etdilər. Saleh üstüörtülü şəkildə ondan Feliks və Həmid barədə məlumat toplamağı istədi. Agent adları çəkilən şəxslər barədə ilk dəfə eşitmədiyini üzünün dəyişən ifadəsi ilə büruzə verdi. Şübhə ilə Salehi süzdü:
– Həddimi aşmaq kimi çıxmasın, amma bu sualı verməyə məcburam. Sizin belələri ilə nə əlaqəniz? Hardan bulaşıblar sizə?
– Sən mənə lazım olan məlumatı toplaginən, sonrasına qarışma.
– O adamlar çox çətin koldurlar, Saleh bəy. Məsləhət görürəm uzaq durasınız. Atanız…
– Atamı qarışdırma. – Saleh onun sözünü boğa bilmədiyi hiddətlə kəsdi. – Sən məninən iş görürsən, atamla deyil.
– Aydındır. – Agent onun fikrini təsdiqləmək məcburiyyətində qaldı. – Çalışaram əlimdən gələni edim.
– Çalışma, həll elə! – Saleh kəskin səslə dedi.
Araya qısa sükut çökdü. Bu sükutu Saleh özü pozdu. Qanıqara halda:
– İşimiz baş tutsa, sənə zəng vuran kimi olursan səfirliyin önündə. Məni orada gözləyirsən. Aydındır?
– Başa düşdüm.
– Səndən xəbər gözləyəcəm. Uzun sürməsün.
Saleh agentdən ayrılıb mehmanxanaya yollandı.
Həmin axşam yatağa uzanıb gözünü medalyondakı fotodan çəkmədən düşüncələrə dalmışdı ki, otağın qapısı döyüldü. Medalyonu cibinə qoyub, qapını açdı.
Agent idi.
Salona keçdilər. Saleh maraq içində sual yağan baxışlarını onun üzünə dikib, cavab gözləyirdi.
Agent diqqətlə onu süzüb, nəhayət, dilləndi:
– Dediyim kimi, Saleh bəy, bunlardan nə qədər uzaq olsanız, başınız bir o qədər az ağrıyar. Təhlükəli insanlardır. Söhbət təkcə adlarını çəkdiyiniz o iki nəfərdən getmir, söhbət konkret sayı və ünvanı məlum olmayan bir bandadan, bəlkə də cinayətkar şəbəkədən gedir. Sizə məlum olan şəxslər aysberqin yalnız görünən tərəfidir. Adam oğurluğu, saysız-hesabsız qətllər, reketlik bunların əsas iş prinsipidir.
Saleh bir xeyli fikirli göründü. Sonra qərarlı bir şəkildə nə düşündüyünü dilinə gətirdi. Sözünün sonu bu kəlmələrlə bitdi:
– Mənə kömək etməlisən. Nə qədər ki, gec deyil.
– Saleh bəy, axı… – Agent çıxılmaz vəziyyətdə qalıb, tərəddüd etdi.
– Nə deyirəmsə, ona əməl et! – Saleh əmiranə səslə ona çəmkirdi.
(Ardı var)