Sentyabrın 4-ü şair, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim Abbas Abdulla 79 yaşında dünyasını dəyişdi.
İbrahimxəlilin dörd il qabaq qələmə aldığı “Bu dağların Abbası” yazısıyla Abbas Abdullanın əziz xatirəsini anırıq.
Ruhu şad olsun!
Bu dağların
Abbası
(retro)
Dağların marala qalan vaxtı yaxınlaşdıqca sizə bu yazının bu vədələrə qaldığı səbəbini danışmaq həvəsim də artır.
Etiraf edim ki, bu yazının məhz bu gün qələmə alınmasına hörmətli İlyas Adıgözəllinin “Elim-günüm Sadaxlı” adlı kitabı səbəb oldu. Açığı, Abbas Abdulladan yazmaq fikrim çoxdan var idi. Məsələ burasındadır ki, adını çəkdiyim kitabda Abbas müəllimin “Sadaxlı deyəndə…” adlı Şuşa almasından da kiçik “yeməli” yazısı var; elə bu kiçicik yazı sanki mənə Abbas Abdullaya olan düzilqarlı Əyriqar borcumu xatırlatmaq üçünmüş…
Abbas müəllim bu yazıda uşaq vaxtı anası Salatın xanımla birlikdə Sadaxlının bir “məhləsi” olan Xocornuya Pəri xalasıgilə getdiklərini və sonrakı bir unudulmaz səfərini qələmə alıb. Ermənistanın qulağının dibində yerləşən kənddə Abbas müəllim ermənilərin də tez-tez girdiyi kənd dükanına girir və divarda yaxşı tanıdığı rəsmi görür.
Abbas müəllimin xatirəsindən sitat: “Rəsmin altına rusca “Первый президент Турецкой Республики Ататюрк” (Türkiyə Cümhuriyyətinin ilk prezidenti Atatürk) yazılsa da özümü bilməməzliyə vurub soruşdum:
– Qardaş, bu şəkildəki kimdir?
– Nəyinə lazım kimin şəklidir? Atamdır!
– Atana da qurban olum, sənə də, qardaş! – deyib dükandan çıxdım”.
Bu yerdə Abbas müəllimin özü demiş, “quy deyirsən qulaq tutulur”, adamın içindəki sarı sim öz-özünə dillənir, məşhur Sazlı Abdullanın sazı misallı, öz-özünə çalınmağa başlayır! Bax, bu, şair Abbas Abdullanın naturasıdır!
Mən “Məmməd Arazın ortancıl oğlu” adlı yazımda Abbas Abdullanın “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktorun müavini işlədiyi dönəmlərdə (1979-1987) telefon açıb M.Araza həsr etdiyim şeiri unudulmaz şairimizin özünə oxuduğunu və unudulmaz şairimizə Sınıq körpünün o üzündən, Əyriqarın ətəklərindən gəldiyimə qədər bəzi arazbarı bilgilər də verdiyini söyləmişdim. Amma bu yazıda Abbas Abdullanın təkcə dağlar tərəfindən, bizim dağlar tərəfindən söz açmaq niyyətim var. Baxmayaraq ki, Abbas müəllimin ilk şeirinin mənim doğulduğum 1957-ci ildə Tiflisdə işıq üzü görməsindən tutmuş, Taras Şevçenkodan etdiyi tərcümələrə, “Ağlı-qaralı dünya” şeirlər silsiləsinə, “Ulduz” jurnalının da “sükançı”sı olduğuna, bir müddət qardaş Türkiyədə can Azərbaycanın Baş konsulu vəzifəsində çalışdığına qədər məlumatım var.
Danqır dedi-qodularla dolu 90-cı illərdə Abbas müəllimin doğma “Bolus Kəpənəkçisi”ndən alapaça aralı yerləşən Süsən-Sünbüldə şair haqqında iki qəddar qeybət gəzirdi: birincisi bu idi ki, bəs deməzsənmi, Abbas Abdulla öz qohum-qələvəsini Bakıda pasport qeydiyyatına saldırırmış. İkincisi, “Qəbirdə də yatasıyam üzüm dağlara-dağlara” deyib hönkürən şair, bəzi baltadiş Süsən-Sünbüllülərə görə, sən demə, yalan yazırmış: yoxsa bu qədər illər ərzində bizim dağlara bir dəfə də olsun baş çəkməzdimi?
İmam Səccadın (ə) sözləri misallı, eşitmək haqqı olan qulağımı qeybəti eşitməkdən və “eşidilməyi rəva olmayan hər bir şeydən uzaq saxlasam da” Abbas Abdullanın ümmət ünvanına söylənənlər qulaqlarıma taxılıb qalırdı. Çünki əgər bu qeybəti qadınlar eləsəydi bəlkə də fikir verməzdim. Amma bunu özlərini günah kəffarəsi sayan bəzi kişilər danışırdılar. Ağlınızı Kəpənəkçiyə, Sadaxlıya, Dəllərə, Qarayazıya, ya da Qaraçöpə verməyin: belələri Süsən-Sünbüldə düjün-düjündür…
Abbas müəllimi son dəfə iyulda – Armudlu yaylağında, nədənsə “Yaylaq günü” deyil, “Elat günü” adlandırılmış bəhri-təvil bayramda gördüm. Şair dostum Nizami Paşa Saraclı ilə məni maraqlı keçən at yarışına baxmağa dəvət etdi. Deyim ki, “bu ağır taxtalı, lopabığ kişi” (ifadə şair Allahverdi Təhləlinindir) yaylaqlara “yaraq-əsbab” yaraşan köhnə kişilərdəndir. Onun “Qaqarinli dünya” adlı bir şeirində deyilir:
Ayaqyalın, başıaçıq bir rus balası
çiynində torbası
göyüzünə ulduz yığmağa gedib;
qayıdıb gələr…
Həmin şeirdəki oxşar təəssürat, poetik lövhə misallı, Abbas müəllim mənə indi dağların üstü ilə karvan yeridən – unudulmaz Səməd Vurğunun “üstünnən karvan yeriməz” misrasının həzin-həzərat həqiqətinə rəğmən – səbir-qərar sarvanı xatırladır.
Deməsə adamın gözlərinə ağ damar: biz – “səksənincilər” ədəbi nəslinin Gürcüstan əsilli nümayəndələri Abbas Abdulladan az şey öyrənmədik…
O, 1976-cı ildə “Bolnisi” mehmanxanasında inzibatçı Mariya Nikolayevnaya hörmət dolu “xitab”ını belə tamamlayıb:
Sən müqəddəs Məryəm olmadığıntək,
Abbas Abdulla da Şah Abbas deyil…
Tarixilik prinsipi ilə yanaşanda, cəmi 39 il bundan əvvəl də olsa, A.Abdulla bu gün “Yaylaq günü” bayramının kimdə fobiya yaradacağını, “vahimə” doğuracağını hələ o vaxt görə bilmişdi. Mən də bu bayramın badəpərəst tərəfini bəyənmirəm. Amma hər bir şair öz yerinə özü danışmalı deyilmi? İndi, misal üçün, niyə şair Abbas Abdullanın adından Mirzə Mikrob, ya da N.Burculadze danışmalıdır? Dağlar, yaylaqlar Abbas Abdulla kimi şairlərin “quzu kababı” (ifadə Aida Tağınındır) iştahlı istəyi yox, poetik auditoriyası, ədəbi ərazisidir! O üzdən də o, dağlardan yazanda da insanın hər zaman məxsusi və müstəsna olduğunu nəzərə çapdırır. Şair bir kimsədən ancaq kağız üzərində, özü də öz “leylək qələm”i ilə üstün ola bilər! Abbas Abdullanın – olsun Yetim Gürcü, olsun Terenti Qraneli, Paolo İaşvili! – hər dəfə siyasi mətləbdən deyil, məhz mədəni mətləbdən söz açmağı, yazmağı təkcə doğulduğu, hazırda yaşadığı ərazilərə deyil, bütövlükdə yeganəmiz Yer üzünə sevgilərdən qaynaqlanmırmı? A.Abdulla hələ 1969-cu ildə yazdığı “Çəmənlərin nəğməsi” adlı şeirində dediyitək, ömürbillah razı olmaz ki, insan deyilənin üstündən acı “mart küləyi” əsə! Bu, şairlərin xasiyyətnaməsidir. O, özü də bir lirik qəhrəman olaraq təkcə öz daxili aləmini əks etdirmir, onun fərdi duyğuları ümumilik qazanaraq dünyəvi-bəşəri olur. Əsl insan, xalqları tərəqqi və birlik (bu günkü modern Süsən-Sünbül dili ilə: inteqrasiya) yoluna çağıran unudulmaz gürcü yazıçısı İlya Çavçavadze haqqında “Ömür yolu – ölüm yolu” adlı poeması barədə ancaq imansızlar “anti” danışa bilər… Bu yerdə Yunus Əmrənin yazdığı da çox yerinə düşür:
Dünya mənim rızqımdır;
xalqı mənim xalqımdır…
Yəni şair o qədər bəşəri, o qədər adəmidir ki, onun nə torpağı, nə yarpağı, nə də papağı… ortaq düşməz! Heç bir zaman!
“Çocuq ana-babasını tanıyan kimi” Abbas Abdulla da buraları, buralar adamını milli mənsubiyyətindən asılı olmayaraq gözəl tanıyır. Tanımaqla kifayətlənmir, hər dəfə əmanətdar sevgisini ərməğan edir.
Biz tərəflərdə son zamanlar işi-peşəsi şairlərin-yazıçıların qanadını qırmaq olan, az qala addımbaşı Linç məhkəməsi quran modern “bukmekerlər” – internet trolları peyda olub: Füzulidən tutmuş, Zəlimxan Yaquba qədər hamımızı “qəyfəlik”də (Süsən-Sünbül üslubu ilə həm də qafiyəpərdazlıqda) ittiham edirlər. “Yaylaq günü”ndə bir nəfər gənc yazar Abbas müəllimə bu yöndə şiveyi-matəmini bildirdi. Abbas müəllim də – mübaliğə olmasın – qədim-qayım adamdır axı! Yoxsa “Urum-Kırım arası”nı yaza bilərdimi? Telli təbəssümlə dedi ki, şeirə “şirk” qoşanlar, küfr yağdıranlar, spekulyatorlar olmasa, şairliyi həyat tərzinə çevirənlər, poeziya ilə nəfəs alanlar bu qədər çox olardımı? Sonunda gənc yazara unudulmaz Müşfiqin misralarını da xatırlatdı:
Yazalım – özümüzü öyməyəlim;
Füzuliyə dəyməyəlim.
Abbas Abdulla “Nazimin heykəli” adlı şeirində yazır:
Nazimin heykəli Parisdə –
Yağmurluğu qolunun üstdə,
Nazimin heykəli Bakıda,
Kiyevdə, Tiflisdə, Üsküpdə.
Həy yerdə, hər yerdə
Vətənə uzanıb Nazimin əli…
Abbas müəllimin özünə gəldikdə, o, əli, dili, qəlbi ilə Sınıq körpünün bəri üzünə, Əyriqarın ətəklərinə bütün varlığı ilə bağlı sənətkardır. Özü demiş:
Səndən uzaqlarda açdım gözümü,
Həsrətin içimi doğradı, vətən.
Qara torpağına sürtdüm üzümü,
Üzüm el yanında ağardı, vətən.
P.S. Abbas müəllimin qələm tutan barlı barmaqlarına baxa-baxa fikrimdən keçdi ki, şeirimiz bizdən uzun yaşayacaq. İnşallah!
İbrahimxəlil
2015-ci il