“Qanun” Nəşrlər Evində çapdan çıxmış yeni kitabları təqdim edirik.
Malala Yusəfzay
“Əlində kitab olan qız”
Əfqanıstanda terrorist hücumuna məruz qalan Malala Yusəfzay cəmi 9 ay sonra 16-cı ad gününü BMT-nin Gənclər Assambleyasında çıxış etməklə qeyd etdi.
“Bir uşaq, bir müəllim, bir kitab və bir qələm bütün dünyanı dəyişə bilər” – onun mesajı belə idi.
“Əlində kitab olan qız”ı Sevil Gültən tərcümə edib.
Kitabın satış qiyməti 3.99 AZN-dir.
İlham Qəhrəman
“Şairin vətəni sevgidir”
“Şairin vətəni sevgidir” şeirlər kitabı tanınmış şair İlham Qəhrəmanın indiyə qədər Bakı, Tehran və Təbrizdə işıq üzü görən “Gülüm yarpıza döndü”, “Ağlama, qu quşu”, “Ey dil”, “Sevgi durna çırağıdır”, “Ağlama, qələm eşidir”, “Əsir dağlar”, “Məni bizə gətir” kimi şeir toplularından sonra oxucularla səkkizinci görüşüdür.
Kitabda toplanmış insanı yüksək mənəvi ideallara – vətəni sevməyə, saf məhəbbətə, halallığa səsləyən şeirlərin önəmli bir qismi müəllifin son illərdə qələmə aldığı nümunələrdən ibarətdir.
Kitabın satış qiyməti 6.99 AZN-dir.
Rəşad Məcid
“Qələmsiz yazılanlar”
Şair-publisist Rəşad Məcidin “Qələmsiz yazılanlar” silsiləsində müasir dövrün yaratdığı yeni janrda əsərləri cəmləşib. Çağdaş, dinamik zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan “Status-esselər” müəllifin çoxillik təcrübəsinin, müşahidələrinin, gündəmə iti, bir az ironik, bir az da yumoristik reaksiyasının əksidir.
On ildən çox zaman kəsiyini əhatə edən və müəllifin bu müddətdə sosial şəbəkələrdə yazdığı statuslar son dərəcə maraqla oxunur. Bu statuslarda şair Rəşad Məcidin poetik misraları da yer alıb, ictimai həyatla sıx təmasda olan, gündəmi izləyən və müəyyən mənada özü gündəm yaradan baş redaktor Rəşad Məcidin hadisələrə operativ münasibəti də… Eyni zamanda, aforizm səviyyəsində qəbul edilən fikirlər də bu silsilənin daha bir uğurudur.
“Qələmsiz yazılanlar” həm bütöv bir xarakteri ifadə edən bitkin bioqrafik əsərdir, həm də on illik müddətdə ölkə gündəmindən keçən hadisələrin xronikası.
Silsilənin ikinci hissəsi olan “Sms-esselər” bölümü isə böyük bir sevgi etirafı, yaxud ən doğma adamla dərdləşmə kimi qavranır. “Sms-esselər”i yazılmamış bir romanın eskizləri də adlandırmaq olar, real insan həyatının qopuqları, parçaları da. İnsan ovqatının təzadlı məqamları – xoşbəxtlik, səadət, küskünlük, inciklik… “Sms-esselər”in ruhuna hopub.
Bir sözlə, “Qələmsiz yazılanlar” birnəfəsə oxunur, amma hər cümlə, hər fikir xeyli düşündürür – qələm olmayan zamandan bu günə kimi bütöv insanlıq tarixi haqqında düşündürür…
Kitabda ön sözün müəllifi akademik İsa Həbibbəyli, açar yazının müəllifi isə Pərvindir.
Kitabın redaktoru Yusif Rzayev, nəşrdəki illüstrasiyaların müəllifi gənc rəssam Nigar Məmmədzadədir.
Kitabın satış qiyməti 5 AZN-dir.
Əli Əmirli
“Ağdamda nəyim qaldı”
Kitabda müəllif oxucuya belə bir müraciət edib:
“Hörmətli oxucum!
Bu yazıda adlarını çəkdiyim, bəzi mətləblərə görə isə, uydurma adlar verdiyim insanların hər biri mənim üçün dəyərlidir. Yaxın-uzaq, doğma-yad, yaxşı-pis, – dəxli yoxdur, mən onların hər birinin xatirəsini əziz tuturam. O insanların çoxu haqq dünyasına qovuşsa da, mənim qəlbimdə, yaddaşımda diridir. Bir yazıçı kimi qələmimin işləməsində onların rolu əvəzsizdir.
Dünyasını dəyişmiş qəhrəmanlarımın hər birinə Allahdan rəhmət diləyir, qalanlarına isə, cansağlığı arzu edirəm”.
“Ağdamda nəyim qaldı” kitabına ön sözü Rəşad Məcid yazıb.
Kitabın satış qiyməti 9.99 AZN-dir.
“Qanun”un mağazası həftə boyu işləyir (Ünvan: Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı). Mağaza həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur.
Kitabları nəşriyyatın (012) 431 16 52 nömrəli telefonu və ya Qanun.az saytı vasitəsilə də sifariş etmək olar. Çatdırılma paytaxtın “20 Yanvar” metro stansiyasının çıxışına pulsuzdur.