Azərbaycanda daha çox publisistik yazıları ilə tanınan yazıçı Orxan Aras görkəmli Azərbaycan şairi və publisisti Tofiq Abdin haqqında Türkiyədə kitab nəşr etdirib.
“Pem” nəşriyyatında çıxan kitabda qısa şəkildə Tofiq Abdinin həyatı, yaradıcılığı nəzərdən keçirilib, şeirləri və müsahibəsi verilib, yazıçının ölümündən sonra ölkəmizin tanınmış ziyalılarının qələmə aldığı xatirələr yer alıb.
Kitabın müəllifi Orxan Aras “Bu dünyadan sən də keçdin, Tofiq Abdin” kitabı ilə bağlı mediaya açıqlamasında deyib: “Türkiyə türkləri Tofiq abiyə çox şey borcludurlar. Onun sevgisi və vəfasına bu kiçik kitabla az da olsa qarşılıq vermək istədim. O, azərbaycanlı bir jurnalist və şairdi, amma ürəyi Türkiyə üçün də atardı. İnsan olaraq da saf, səmimi, vəfalı, sevimli, zarafatcıl bir insan idi. Azərbaycan jurnalistikasında bir kumir idi. Özünəməxsus üslubu və yazı tərzi vardı. Gənc jurnalistlər onu özlərinə ustad bilərdilər. Hər kəs ona “abi” deyər, onunla dost olmaqdan qürur duyardı. Cəsur, açıq sözlü, mübahisə etməkdən, öz həqiqətini söyləməkdən əsla çəkinməyən bir xarakteri vardı. Bu xüsusiyyətlərinə görə ona yuxarıdan aşağı baxanlar belə yeri gələndə Abidən çəkinər, uzaq durardılar. Bəlkə elə buna görə çox mütəvazi və sadə bir həyat yaşadı.
Türkiyəyə xüsusi maraq və sevgisi vardı. Altı il İstanbulda qalmış, içindəki küskünlükləri, üsyanları Türkiyə eşqi ilə “Ah, İstanbul, İstanbul” adlı kitabda ölümsüzləşdirmişdi.
Mən də onu ustam, ustadım olaraq bilirdim. Qəzet jurnalistikası sahəsində ondan çox şey öyrəndim. Hər dəfə Azərbaycana gedəndə məni axtarar, soruşar, yanımdan ayrılmazdı.
İstədim ki, bu kitab hədsiz sevdiyi Türkiyə türklərinin də Tofiq Abdinlə tanışlığı üçün bir vəsilə olsun. Dostlarının xatirələrini oxuduqca Azərbaycan və Türkiyənin necə bir yazıçı, şair, jurnalist itirdiyini dərindən hiss edəcəksiniz”.
Kitabda Fəthi Gədiklinin, Abdülhamit Avşarın, Anarın, Azər Abdullanın, Aqil Abbasın, Akif Qəhrəmanlının, Əbülfət Mədətoğlunun, Elçin İskəndərzadənin, Əlisəmid Kürün, Fəxri Uğurlunun, Qalib Toğrulun, Xanəmir Telmanoğlunun, Kənan Hacının, Məzahir Əhmədoğlunun, Nemət Veysəllinin, Nəriman Əbdülrəhmanlının, Rəşad Məcidin, Sabir Rüstəmxanlının, Saday Budaqlının, Sevinc Mürvətqızının, Şakir Yaqubovun, Tofiq Hüseynlinin, Yusif Rzayevin və Cavid Zeynallının Tofiq Abdininin xatirəsinə həsr etdikləri yazıları yer alıb.
Bu həftənin sonu Bakıda kitabın təqdimat mərasiminin keçiriləcəyi gözlənir.
Tofiq Abdin 1941-ci ildə Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. “Qobustan” toplusunda şöbə müdiri işləyib.
1993-2001-ci illərdə Türkiyədə yaşayıb, bu ölkənin nəşrləri ilə əməkdaşlıq edib.
Bir çox publisistika və şeir kitabının müəllifidir.
2010-cu ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Tofiq Abdin 2014-cü ildə vəfat edib.