Firuzə Davudqızı
Bir neçə gün sonra
…Ənvər Səməndərlə birlikdə həbsxanaya yollanmışdı. Kamalla görüşüb, onun da razılığını almaq niyyətində idi.
Çox keçmədi ki, Kamal milis zabitinin nəzarəti altında içəri daxil oldu. Dostlar bir-birinə əl verib qucaqlaşdılar. Nə qədər ağır olsa da hal-əhval tutdular.
Kamal dostunu qüssəli nəzərlərlə süzüb, acı təəssüf hissi ilə etiraf etdi:
– Nə qədər ki, azadlıqda idim, sanırdım hər şeyim var. Düşünürdüm sahib olduqlarım az deyil, mənə bəs edər. Zindana düşəndən sonra dərk etdim ki, əslində lütün biriymişəm bu həyatda. Əsl dostlarım, qardaş sandığım insanlar heç deməginən barmaqla sayılacaq qədər az imiş. Bilirsən necədir, qardaşım? Düz buyurublar ki, əsl dost insana var-dövlət deməkdir. Azadlıqda olanda tanıdığını sandığın insanların əsl simasını bu qapıdan içəri girəndən sonra tanımağa başlayırsan. Və həyatın əsl üzü ilə göz-gözə dayanırsan! Bu çox ağır bir duyğu, çətin imtahandır. Səni ki hər dəfə mənimlə görüşə gələn görəndə… – Kamal sözünü yarıda saxlayıb, bir neçə saniyə dinmədi. Ənvərin əlini çiynində hiss edəndə özünü topladı. Güclə dilləndi. – Hər şeyə rəğmən heç dəyişmədin, Ənvər. İllər əvvəl necə tanımışdımsa, bu gün də eləsən. Məni bu qaranlıq divarların arasında yada ki salırsan…. Deməyə söz tapmıram, düzü…
– Borcumdur, Kamal. Bu sözlərə nə gərək var? Mən dost dediyim insana heç vaxt arxa çevirmərəm, bunu bilirsən. Özün burda olsan da, hər zaman qəlbimdəsən, bunu təkrar etməyə ehtiyac yoxdur, çünki bu sənə də bəllidir. Amma bilmədiyin tək bir şey var ki, mənim bu gün səni bu ziyarətim tamam başqa məqsədlədir.
Kamal sual yağan baxışlarla dostunun nə deyəcəyini gözlədi.
Ənvər sözə necə başlayacağını daxilən götür-qoy edə-edə özünü buna hazırladı. Köks ötürüb, gəlişinin məqsədini açıqlamaq üçün təkrar Kamala doğru çevrildi, sözə başladı:
– Ürək istərdi, bu söhbəti burada deyil, sənin öz evində edək, amma nə etməli, Allahın yazısı, məsləhəti belədirsə, bizə üsyan etmək yaraşmaz. – Sözünə qısa ara verib, təkrar dilləndi. – Məni bura Nadir göndərdi, qardaşım. “Kamal nə desə odur, mənə qəbul etmək qalır” dedi.
Kamal heç nə anlamayıb, gözucu Səməndəri süzdü. Səməndər söhbətin mahiyyətini ona izah edib:
– Bu kişi səninlə qohum olmaq istəyir. Gəlib ki, fikrini öyrənsin, – dedi.
Kamal pörtdü. Rəng verib, rəng alaraq baxışlarını yerə dikib, susdu. Handan-hana acı təbəssüm dolandı simasında. Ürəyindən keçənləri dostundan da gizlin saxlamadı:
– Zindan mənə həyatın əlifbasını öyrətdi, qardaşım. Öyrənmədiyim heç nə qalmadı. Bircə fələyin bu oyunlarından baş aça bilmədim. Bilmirəm mənə nə verib, ala bilmir. Taleyimi həmişə bir yerdə mütləq bir küncə sıxışdırır. Odla su arasında qalıb, çətin qərarlar vermək məcburiyyətində qoyur məni.
Dostunun bu sözlərinə Ənvərin dodağı qaçdı.
– Səni çox gözəl anlayıram, dostum, çünki eynən sənin düşdüyün vəziyyətdəyəm. Eyni hissləri keçirirəm mən də. Narahatlığını gözəl anlayıram. Ortada düşmənçiliyə səbəb olan, pozulan bir iş var. Həqiqətin ən pis tərəfi isə budur ki, mən də həmin adamın qardaşıyam. Və eyni istəklə hüzuruna gəlmişəm. Açığını danışmaq lazımdırsa, bu addımı atana qədər mənim üçün qərar vermək heç də asan olmadı. Nə billah etdimsə, bir münasib yol tapa bilmədim. Sonda Allahın əmrinə boyun əyməkdən başqa əlacım qalmadı. Üstəlik, duydum ki, könül məsələsi var ortada. Əlim-qolum bağlandı, qardaş. Həyatdır bu, səhvlərimiz çoxdur. Günahkar bəndəyik, günah işləyə-işləyə bu yaşa gəlmişik. Deyirəm gəl bir ah da götürməyək boynumuza. Ayırmayaq uşaqları.
Kamal sinəsini odlayan bir ah çəkib baxışlarını yerə dikdi. Dillənmək iqtidarında olmadı.
– Kamal! Bilirəm sənə bu an bu hissləri yaşamaq, bu mövzuda söz demək nə qədər çətindir. Mən səni nə bu gün, nə dünən tanımışam. Sənə sənin öz insanlığına, mənəviyyatına görə dəyər vermişəm. İllərin xətir-hörməti var aramızda. Dostluqdan daha irəli, daha dəyərli bir bağlılıq var. Bütün bunlar bəs edir ki, bu işə xeyir-dua verməyin üçün sənə əl uzadım. – Ənvər son sözünü xüsusi ahənglə dedi. – Gəlmişəm səndən ən dəyərli varlığını istəyəm. Ocağıma gəlin, özümə övlad aparam. Nə deyirsən?
Araya yenə sükut çökdü. Səməndər sükutu pozub bir xeyli danışdı. Kamaldan xeyir-dua verməsini istədi. Kamal onların hər ikisini təmkinlə dinləyib, bu anlar daxilini söküb-dağıdan duyğuların təsiri ilə nə qədər əzab çəksə də, bunu zahirə vurmadı. Dilə gəlib, nəhayətƏ öz qərarını verdi.
…Həbsxanadan çıxıb, maşına əyləşən Ənvər yolboyu dinib-danışmadı.
Kamalın söhbət əsnasında dediyi sözləri düşünür və ona haqq verirdi. Çünki onunla həmfikir idi.
“…Həyatda yeganə ümid işığım, yaşamaq üçün tək səbəbim olan körpə bir varlığı həyatın çirkabından, murdarlıqlarından qorumaq üçün özümdən ayırıb, qopardım. Ürəyimə daş bağlayıb, illər əvvəl bir qərar verdim. O vaxtlar taleyimə olan qəzəbimlə doğru qərar qəbul etdiyimi düşünüb, o düşüncə ilə özümü rahatlamış kimi hiss edirdim. Hansı ağıllasa düşünürdüm ki, məsuliyyətdən tam azadam. Amma baladır bu, canının bir parçasıdır. Ağlın verdiyi qərarı, hökmü ürəyin daşımağa gücü çatmır bəzən. Nə qədər maraqlanmayacam desəm də, qəlbimdən silib atmağa hünərim çatmır. Uzun sözün qısası, narahatam onun gələcəyindən. İstəmirəm Zakirin baş tutmayan niyyətinə görə o, cəzalandırılsın. Mənim keçmişdə buraxdığım səhvin cəzasını qızım çəksin. Tərəddüdüm və nigarançılığım yalnız bundandır”.
***
O axşam sıxıntıdan kitab oxuyub fikrimi dağıtmaq istəyirdim. Amma qüssə və kədərdən heç vəchlə yaxa qurtara bilmirdim. Ürəyim partlamaq dərəcəsində idi. Bu zaman Fatimə otağa gəldi. Arxasındakı divara söykənib rahatlıqla nəfəs aldı. Və təbəssümlə üzümə baxaraq gözləmədiyim halda:
– Gözün aydın, nəhayət, sevdiyinə qovuşacaqsan! – dedi. – Ata indicə hərini verdi. Gülsün üzün artıq!
İxtiyarsız olaraq kitabı əlimdən yerə saldım. Gözlərim irilənmiş halda, heyrətlə bacımı süzdüm.
O isə gülərüzlə irəli yeridi. Mənə sarıldı:
– Təbrik edirəm! Xoşbəxt olun!
Qulağıma inanmağa çətinlik çəkdiyim üçün dilim topuq vura-vura bircə bunu soruşa bildim.
– Ciddisən?
– Dəli qız! Belə də zarafat olar? – Məhəbbətlə məni süzən bacım üzümdən öpdü.
Bir neçə gün vardı ki, bizim evdə atamla anam hər gün mübahisə edir, anam ona:
– Tələsmə, Nadir. Bir ətraflı öyrən, dərindən tanımadan çiy iş tutma, – deyirdi. – Atası yaxşı insan ola bilər, amma oğlunu tanımırsan. Ağrımayan başını bəlaya salma. Onsuz da hələ bir qulağımız tənə, qınaq eşidir. Bir də bu gəlməsin üstünə.
– Mən dünənki uşaq deyiləm, mənə ağıl öyrətmə. – Atam məzəmmətlə anama səsini qaldırırdı. – Nəyi, necə məsləhət bilirəmsə, elə də edəcəm.
Bu günlər ərzində mən sonsuz narahatlıq içində özümü yeyib bitirir, anamın min cür bəhanə gətirərək atamı fikrindən vaz keçirəcəyindən qorxurdum. İndi Fatimə mənə bu xəbəri verəndə bilmədim sevinəm, yoxsa duyduqlarımın həqiqət olduğuna inanam. Sevincimi ifadə edəcək söz tapmırdım. Sadəcə olaraq bacıma sarılıb onu öpür, məni saran xoşbəxtlik hissindən dəli kimi gülürdüm.
O gecə hər kəs yuxuda olduğu bir vaxtda mənim gözümə hələ də yuxu getməmişdi. Yatağın içində oturub Azərin şəklinə baxa-baxa onu düşünüb, şirin xəyallar qurmaqda idim. Şadlığımdan qanadlanıb uçmaq istəyirdim.
Şəklini məhəbbətlə köksümə sıxıb, gözlərimi yumdum, sonra nə vaxt yuxuya getdiyimi bilmədim.
10 gün sonra
Bu səhər bir başqa duyğular içində oyanmışdı Azər yuxudan. Həyat gözündə bu günün məxsusiliyi ilə öz dəyərini bir az da artırmışdı. Yataqdan qalxmadan bu günədək həsrətini çəkdiyi, xəyalı ilə yatıb, xəyalı ilə oyandığı sevdiyi qızı və onunla birgə arzusunda olduğu xoşbəxt həyatı bir anlıq gözünün önünə gətirib bəxtiyarlıqla gülümsündü. Bu andan etibarən xoşbəxtliyə doğru dəqiqələri, saniyələri saymağa başlayaraq handan-hana yerindən qalxıb əynini geyindi. Dəhlizə atdığı birinci addımda evdəki canlanma, yaxınlarının sevinc dolu danışığı, gülüş səsləri qulaqlarına doldu. Evdəki ab-hava çoxdandır belə xoşbəxtlik qoxumurdu. Bu gün hər şey gözünə gözəl və füsunkar görünürdü.
Əl-üzünə su vurub, yenidən salonun qapısına yaxınlaşdı. Anasını, Rənanı, bir neçə qız-gəlini, xalası Səadəti və Dilarəni də burada gördü. Onlar iri dəyirmi masanın üzərinə düzülmüş xonçaları yerbəyer edib, son hazırlıqları görürdülər. Azər kimsəni duyuq salmadan bir qədər onları seyr edib, daha sonra səssizcə qapının ağzından ayrıldı. Elə bu anda Dilarənin gözü Azərə sataşdı. Sevinclə içini çəkib:
– Qaqaşım burda imiş! – deyib, Azərə doğru yüyürdü. Hər kəsin baxışları bir anda onlara doğru yönəldi. Dilarə bu baxışları vecinə belə almayıb, şıltaq bir əda ilə Azərin boynuna sarıldı, o üz-bu üzündən öpdü.
– Qaqaşım! Canım-ciyərim! Xoşbəxt ol!
Hər kəs bu mənzərəni təbəssümlə izlədiyi halda Azər Dilarənin əllərini boynundan götürüb, sıxıla-sıxıla xəfifcə gülümsündü. Təşəkkür etdi. Səadət adəti üzrə qızına gözünü ağartdı:
– Ay qız, uşaq deyilsən daha!
– Neynirəm e, sən də. – Dilarə etirazla anasını süzdü, bu davranışı üçün ürəyinə pis heç nə gətirmədi. – Təbrik edirəm də qaqaşımı.
Qız-gəlin xısın-xısın gülməkdə ikən gözucu bacısını süzən Səadət rəng verib, rəng aldı.
– Özü böyüdü, ağlı böyümədi. Mən deyib, mən eşidirəm.
Dilbər məsud ifadə ilə bacısına:
– İşin yoxdur. Bacısıdır da, – dedi. Məhəbbətlə Dilarəni süzdü.
Mətbəxə doğru yol alan Azər həmişəki kimi xalası qızını pərt olmağa qoymadı. Dilarəyə göz vurub:
– Sən fikir verməginən onlara, gəl qardaşınçün bir çay süzginən, – dedi.
Dilarə bunu eşidib ruhlandı, dərhal Azərin arxasınca mətbəxə keçdi.
Azər masanın arxasına keçib oturdu. Yarıyuxulu bir əhvalla əlini ağzına tutub əsnədi. Gözlərini sıxıb, açdı.
Bu müddətdə Dilarə də həvəslə çay tədarükü görməyə başladı. İşini görə-görə sevincək bir şəkildə:
– Azər… – dedi.
– Ay can.
– Canın dərd görməsin! – Mehriban baxışlarla xalası oğlunu süzən qız, gözlərinin içi gülə-gülə hisslərini dilə gətirdi. – Sən deginən, mənimçün bundan gözəl bir gün ola bilərmi? Canımdan çox sevdiyim iki insanın nişan günüdür. Şükür sənə Allahım, dualarım qəbul oldu!
Azərin dodağı qaçdı. Dilarə isə eyni həyəcan və sevinclə davam etdi:
– Bacıdan artıq sevdiyim bir qız bundan belə gəlinbacım olacaq!
Azər Dilarənin süzdüyü çayı önünə çəkdi. Üzündə məmnun ifadə ilə armudu stəkanı dodaqlarına apardı. Çaydan qurtum ala-ala Dilarəni dinləməyə davam etdi.
– Bax sənə deyirəm, hər zaman dəyər ver ona, yaxşı? Bacımı əmanət edirəm a, sənə. Onu heç vaxt üzmə. O, səni çox sevir!
– Əmrin gözlərim üstə! Amma sən də day, çalış baldızlıq eləmə də.
– Lazım gəlsə, edəcəm! – Dilarə şirin-şirin güldü.
– Bahoo… olmadı ki. – Azər gülə-gülə başını buladı. – Qalaram ikinizin aranızda da. Gör, neynirsən?
Dilarə uğundu. Güləş ifadə ilə:
– Nə tez xətrivə dəydi, adə? – Təəccüblə Azəri süzdü. – Bax da, sən.
– Dəyər də xətrimə. – Azər ciddi-ciddi dedi. – Son dərəcə həssas bir məsələyə toxunursan.
– İncimə də, qaqaş, olmalıdır bunlar. Onda bu həyatın dadı-duzu olmaz ki. Gərək ilk gündən gəlinə yerini bildirim ki, baldız gələndə biixtiyar ayaqüstə dayansın. Sən narahat olmaginən. Mən nizamlayıb, qaydasına salacam hər şeyi. İmkan vermərəm qardaşım pis vəziyyətdə qala.
Dilarənin sözlərinə Azəri gülmək tutdu:
– Hörmətli olasan həmişə… Əcəb qeydimə qalırsan.
– Bəs necə? Bacın ölüb bəgəm? Sən dərd eləmə bunu. Deginən görüm, nə hazırlasın bacı səninçün? Nə yeyəcəksən?
– İxtiyarım nədir, sözündən çıxım? – Azər özünə xas bir əda ilə dodaqlarını büzdü. – Sən nə hazırlasan.
– Bu dəqiqə! – Dilarə əl-ayağa düşdü.
Bu vaxt mətbəxə gələn Dilbər qayğıkeş bir səslə oğlunun kefini-əhvalını xəbər alıb, onunla maraqlandı.
– Bacım hazırlayır, narahat olmaginən. – Azər baxışları ilə xalası qızını göstərdi.
Dilbər fərəh hissi ilə oğlunu qucdu. Saçlarından öpüb, sığalladı:
– Şükür Yaradana, bu günü nəsib etdi bizə! Ya Rəbbim, sən mənim balalarımı xoşbəxtlərin xoşbəxti etginən!
– Amin! – Dilarə təbəssümlə xalasının sözünü təsdiqlədi.
…Saatlar sonra hər kəs nişan mərasiminə yola düşmək üçün Ənvərin evinə yığılmışdı.
Azərin dostları da burada idilər. Ənvərlə Dilbərə gözaydınlığı verib, Azəri təbrik edirdilər. Vüqar həmişəki kimi zarafatlarından qalmırdı. Bir neçə oğlanı başına cəm edib:
– Hər şey bir yana, mənim canım qurtardı e… Rahat nəfəs ala bilərəm daha, – deyirdi.
– Niyə ki? – Oğlanlardan biri onu danışdırmaq üçün bilərəkdən maraqlandı.
– Niyəsi, bu oğlan hər dəfə görüşə gedəndə mən yetim bu yollarda həyəcandan ölüb-dirilirdim də. Ömrümdən ömür gedirdi. Bu boyda həyəcana ürək tab gətirər?
Oğlanlar onun sözünə gülərkən Vüqar Azərin ona dikilən narazı baxışlarını görüb, bir az da canfəşanlıqla:
– Bəlkə düz demirəm? Həyatımı riskə atırdım, a kişi. Evlən ki, əmin-amanlıq olsun. Yazığıq biz də, – dedi.
Azər narazılıqla onu süzüb, dözmədi. İradla qulağına pıçıldadı:
– Yaxçı görək, ala, həyəcan keçirib mənimçün. Maşından yerə enməyib, riskdən danışır. Eşidən də deyəcək yəqin məni ölümdən qurtarmısan.
– İndi belə deyərsən də. Onda gözünə heç nə görsənmirdi. İstəmirəm, atam, qalsın!
Oğlanlar gülüşdülər.
…Bir qədər sonra maşın karvanı şəhərə – Nadirin evinə doğru istiqamət götürdü. Azər maşından enib, tünlüyü görəndə dərin bir nəfəs aldı. İrəli getmək əvəzinə Vüqarın qoluna toxunub, ləngidi. Həyəcandan ona elə gəlirdi ki, ayaqları tutulub, addım ata bilmir. Vüqar onu belə görəndə təəccübləndi:
– Nə olub, bratım?
– Dayan, bir özümə gəlim, ala, tər basdı məni.
Vüqarın dodağı qaçdı. Fürsəti əldən verməyib zarafatyana bir əda ilə:
– Ala, ürəkli ol! – deyə bilərəkdən onu qıcıqlandırmağa başladı. – Bunun hələ toy günü var! Neynirsən sən? Səni heç belə bilməzdim.
Azər tərs baxışlarla yenə dostunu süzdü.
– Səni də görəcəyik!
Vüqar üzündəki gülüşü boğa bilməyib, pıqqıldadı.
***
…Məxsusi olaraq bu gün üçün geyindiyim libasda və gəlin bəzəyində məni görən, məclisə dəvət olunan hər kəs mənə təriflər yağdırır, füsunkar göründüyümü deyirdilər. Mənim isə gözlərim onu axtarırdı. Ürəyim həyəcandan çırpına-çırpına onun gəlişini gözləyirdim.
Çox keçmədən qohumlarının əhatəsində içəri daxil olan Azərin gözü mənə sataşanda üzünün ifadəsi ovsunlanmış adam təsiri bağışlayırdı. Sevdiyim insanın necə yaraşıqlı, məğrur və vüqarlı olmasına sanki bir daha şahid olub, onu heyranlıqla izləyən qonaqların baxışlarına belə qısqandım. Uçmağa qanadım yox idi. Özümü möcüzələr diyarında hiss edər kimi idim. Çünki yaşadığım bu anlar mənə reallıqdan daha çox möcüzə kimi görünürdü. Mən məhz bu anı o qədər xəyal edib, yuxularımda görmüşdüm ki…
…Məclis başlandı, xeyir-dua verildi və üzüklər taxıldı. Beləcə, ailə təməlimiz atıldı.
Bu şad günümüzə hamı sevinirdi. Təkcə anamın üzü gülmürdü. Qəm dəryasına batmışdı. Bu izdivac onun qətiyyən ürəyindən deyildi. Azərə qanı qaynamırdı. Və onu bir kürəkən kimi qəbul edə bilmirdi. Bu gün burada – mənim yanımda o, bibim oğlu Salehi xəyal etmiş və kim bilir, necə arzular diləmişdi.
Bütün bunlara rəğmən xoşbəxt idim. Özümü bu qədər məsud və bəxtiyar hiss etdiyim olmamışdı.
Azərin də şadlığı üzünə vurmuşdu. Gözlərinin içi gülürdü. Üzüyü barmağıma taxanda xəlvətcə barmağımı sıxması ilə mən biixtiyar baxışlarımı qaldırıb ona baxdım. Bütün diqqətlərin bu anlar üzərimizdə olduğu halda gözlərim sevdiyim insanın gözlərinə tuş gələndə varlığımı müdhiş həyəcan sardı. Eyni həyəcanı onun mənə dikilən baxışlarında da gördüm.
Bu məqamda məclisə hündürboy, cüssəli, saçlarına dən düşmüş, məğrur baxışları və ciddi ifadəsi olan bir kişi daxil oldu.
Azər astadan mənə:
– Atamdır, – deyə xəbərdarlıq etdi.
Azər görkəmcə atasına çəkmişdi. Eynilə onun təkrarı idi. Amma gözlərini anasından almışdı. Dilbər xanıma baxanda elə bil Azərin gözlərinə baxırdın. Bu da mənə ikiqat həyəcan verirdi.
Kişi bizə yaxınlaşıb, yüngülvari bir təbəssümlə əvvəlcə mənim alnımdan öpdü. Sonra oğlunu öpüb, bağrına basdı. Xeyir-dua verdi.
Məclisə yığılan hər kəs bir ağızdan bu alqışa “Amin!” dedi. Amma fələyin bizim üçün nələr yazdığını kimsə ağlına gətirmədi.
Biz bu anlarda xoşbəxtliyin bizə vermiş olduğu bu gözəl duyğudan məsti-xumar olmuşduq. Dünya-aləm gözümüzdə deyildi, eşq aləmində gəzirdik. O aləmdə ki, bir o, vardı, bir də mən. Əllərim onun əllərini tutmuşdu, gözlərim onun gözlərinə baxırdı. Bundan böyük səadət vardımı..?
Üçüncü hissənin sonu
(Ardı var)