Mayın 23-ü Yazıçılar Birliyinin “Natəvan” klubunda xalq şairi, yazıçı, publisist Sabir Rüstəmxanlının “Özümüzdən böyük Sözümüz” və “Xalqın söz silahı” kitablarının təqdimat mərasimi keçirilib.
Müəllif Moderator.az-a açıqlamasında deyib ki, bu kitablarda toplananları cavanlıqda yazsa da, indi nəşr elətdirib: “Kitabların təqdimatı həm də mənim özümə bir hesabatım və hədiyyəm oldu. Azərbaycan Yazıçılar Birliyində sevdiyim insanlar, yazıçılarımız, şairlərimiz, ziyalılarımız toplaşmışdılar. Televiziyalarımız da sağ olsunlar, “Xəzər TV” məni “Könül dünyamız” verilişinə çağırmışdı. Bunun da ardınca “Real TV” haqqımda “Demokratiyanın sağ əli” adlı bir süjet hazırladı. İndi “Profil” verilişinə çəkiblər və onu da yayımlayacaqlar. Nə qədər qaçıb diqqətdən yayınmağa çalışsam da, gördüm ki, yox, bu mümkün deyil. İnsanlar diqqətsiz buraxmır, çox maraqlıdır və bu mənə son dərəcə xoş oldu. Bütün bunlara görə dostlara, qohumlara, qələm dostlarımın hamısına təşəkkürümü bildirmək istəyirəm”.
“Xalqın söz silahı” kitabını AMEA-nın Folklor İnstitutu, “Özümüzdən böyük Sözümüz” isə “Qanun” nəşriyyatı çap edib.
“Özümüzdən böyük Sözümüz”də müəllifin ədəbi düşüncələri, dilimiz, ədəbiyyatımız, cəmiyyətimiz haqqında fikirləri, görkəmli sənətkarlarla bağlı portret-oçerkləri toplanıb. Sabir Rüstəmxanlı “Özümüzdən böyük Sözümüz”ü “nəşrinə ən çox sevindiyim, ədəbi mövqeyimi, vətəndaşlıq tələblərimi, ruhumu aydın şəkildə əks etdirən kitab” adlandırır. Müəllif bildirib ki, sözümüz doğurdan da özümüzdən daha böyük olduğu üçün kitabın adını belə seçib: “Sözümüz tarixin ən dərin qatlarından keçsə də, özümüz o söz coğrafiyasını doldura bilmirik”.