Firuzə Davudqızı
***
Çarpayıda uzanmış Salehin hər iki buduna və sol qoluna millər vasitəsilə bərkidilən xüsusi qurğu bağlanmışdı. Üzündə, alnında görünən zədə izləri onun ağır qəza keçirməsini bir daha sübut edirdi.
Palatada Salehin yanında 27-30 yaşlarında bir nəfər vardı. Bu, Salehin dostu Polad idi.
Azər gələndə onlar söhbət edirdilər. Qapının açılması ilə söhbəti yarıda kəsdilər. Saleh baxışlarını qapıya doğru çevirib Azəri qarşısında görəndə rəngi boğuldu. Üzü gərgin ifadə aldı. Polad da heyrətlə çevrilib o anda Salehə baxdı.
– Bunun burda nə işi var, qardaşım? Ağlın çaşıb sənin? – Salehin bundan xəbərdar olduğunu düşünüb, ona irad tutdu.
Saleh gərilsə də, dostunun sualına cavab vermədi. Qaşları düyünlənmiş halda gözucu Azəri süzdü.
Azər üçün bu anları yaşamaq nə qədər çətin olsa da, daxilən keçirdiyi hissləri üzə vurmadı. Son dərəcə təmkinli bir tövrlə boğazını arıtlayıb, Salehə müraciət etdi:
– Danışmalıyıq.
Salehin sinəsi gizlətməyə çalışdığı, lakin müvəffəq ola bilmədiyi bir gərginliklə qalxıb-endi. Lakin səsi-səmiri çıxmadı. Onun yerinə dostu Polad dilləndi:
– Bu qədər cürətli olduğuna təəccüblənmək, sözün düzü, yersizdir. Çünki nələrə səbəb olduğun göz önündədir.
Palatada bu anlar üzləşdiyi gərginliyin öhdəsindən gəlmək, gələ bilmək Azər üçün mühafizəçiləri yola gətirməkdən daha çətinə bənzəyirdi. Bununla belə, o, soyuqqanlılığını qoruyub, məzəmmətlə oğlana baxdı. İstehza ilə:
– Danışmalıyıq deyəndə sizi nəzərdə tutmurdum, qardaşım. Söhbətin mövzusunun sizə heç bir aidiyyəti yoxdur, – dedi.
Saleh bir baxışı ilə dostuna palatadan çıxmasını işarə etdi. Polad üzündə narazı ifadə ilə dostunu süzsə də sözündən çıxmadı. Bir gözü Azərdə palatadan çıxdı.
Bununla da Saleh baxışlarını Azərdən qaçırıb üzünü təkrar pəncərəyə doğru çevirdi. Araya cansıxıcı sükut çökdü. Bu sükutu Azər özü pozdu:
– Gəlişim dəvətsiz qonağın gəlişinə bənzəyə bilər, çünki başqa yolum yox idi. Amma bu o demək deyil ki, vəziyyətin belə alınmasında mənim bir təqsirim var. Mən bir insanın həyatına iznsiz müdaxilə edib, nizamını pozacaq qədər şərəfsiz deyiləm. Təqsirim olduğu təqdirdə əlbət ki, bura gəlmək cürəti tapa bilməzdim özümdə. Gəlmişəmsə, deməli, belə deyil! Və bunu sübut etməyə hazıram!
Azər bu sözləri deyərkən Salehin üzündəki ifadəni izləyirdi. Baxışlarını pəncərəyə dikmiş Salehin Azəri dinlədikcə hiddətindən dişlərini bir-birinə necə sıxıb gərilməsi, altındakı mələfəni ovcunun içində sıxmalayıb yumruğunu necə hiddətlə düyünləməsi Azərin nəzərindən yayınmırdı. Buna rəğmən susmadı. Sözlərinə davam etdi:
– Keçmişdə baş verənlər üçün nə sən, nə də mən günahkarıq. – Sözün bu yerində Azər bir anlıq susub, sonra əlavə etdi. – Bu gün verilən qərarlarda isə günahkarın və ya haqsızlığa məruz qalanın hansımız olmasını ayırd etmək bizim əlimizdədir, böyüklərdən keçib. Əminəm ki, hər ikimiz üçün qaranlıq qalan və sual doğuran səbəblər var. Aydınlığa çıxması və doğru qərar qəbul etməyimiz üçün danışmağımız mütləqdir.
Saleh baş verənləri hələ də həzm edib, aldığı zərbədən özünə gələ bilməmişdi. Belə ağır günlər yaşayarkən Azəri qarşısında görməsi onu bir daha alt-üst etdi. Qəzəbi bir anda yenidən alovlanmağa başladı. Bütün nifrəti ilə Azərə baxdı. Kökündə eyham yatan kin-küdurətli bir səslə:
– Bu nə nağıllardır danışırsan, ala, mənə? – İxtiyarsız olaraq səsini göyərtdi. – Bakıdan durub bura gəlmisən ki, qarşımda dayanıb, fəxrlə sinənə döyəsən?
Azərin üzündəki ifadə dəyişdi. Qaşları düyünləndi. Bununla belə hiddətini zorla boğub, mümkün olduqca sakit tonda:
– Sinəmə döyməyə deyil, səninlə kişi söhbəti etməyə gəlmişəm. İstəmədim mənim barəmdə yanlış düşüncədə olasan, – dedi.
– Əşi, nağıl danışmaginən, bəsdir! Sən zirək oğlansan da, hər halda bunu mənə sübut etməyə gəlmisən. Plan üzrə işləyirsiniz!
Azər istəmədiyi halda söhbətin axarına qoşuldu. Dişlərini bir-birinə sıxa-sıxa:
– Zirək və ya fərasətsiz! Hər halda biri ilə həll olunası bir məsələm varsa, qarşısına keçib üzbəsurət danışmağı üstün sayıram. Daha xəbəri olmadan adam tutub izlətdirmirəm! – dedi.
Söz Salehi tutdu. Azərin nəyə işarə vurduğunu anlayıb, hiddətlə:
– Hər kəslə layiq olduğu kimi davranıram da. Nöş inciyirsən? Birinin həyatından oğurluq edənə belə də qiymət verilməlidir də. Hətta bundan daha artığı! – dedi.
– Heyif ki, fələk taleyimizə bizi əmioğlu kimi yazıb. Heyif ki, ədəbim, tərbiyəm buna yol vermir. Yoxsa səninlə, məhz sənin dilində, sənin qaydalarınla danışardım.
Azər özü ilə bacarmayıb, bir addım da irəli gəldi. Hər iki əli ilə çarpayının başından yapışıb, bir qədər Salehə tərəf əyildi. Gözlərinin içinə baxa-baxa gərginlik içində:
– Ağzıvı təmiz saxla, ala, mən küçə iti deyiləm, kimdənsə oğurluq edəm! – dedi.
Saleh eyni qəzəblə gözlərini Azərin gözlərindən çəkmədən qanlı-qanlı onu süzdü. Vəziyyətinə rəğmən yerindən qalxıb onun yaxasından yapışmamaq üçün özünü zorla saxladı. Yumruğu Azərə olan hiddəti ilə sıxıldı.
– Mən o qızı görəndə sən hələ Bakıya ayaq basmamışdın, üzüyün də hələ onun barmağında deyildi. İzah edə bildim?
– Nədir, ala, bəraət qazandırırsan öz əməlivə? Qəhrəmanlıq eləmisən də, bərəkallah!
– Xeyr, atam, istəyirəm biləsən ki, biz bir-birimizə könül verəndə, sən…
– Bilirsən mənim səhvim nədədir? Məqamında verməli idim sənin cavabını. Səni yaşatmamalıydım! İndi belə vəziyyətdə dinləməyə məcbur qalmazdım səni!
– Bilmədiyin çox şey var! Əsl səbəbi araşdırginən. Lazımsız danışıb, lazımsız hərəkətlərə yol vermə!
Bunu deyib, Azər qapıya üz tutdu. Əlini qapının dəstəyinə aparmaq istəyəndə Salehin səsinə əl saxladı:
– Qulaq as! – deyə o, amiranə bir səslə Azərə eşitdirdi.
Azər əsəbi baxışlarla çiyninin üstündən gözucu Salehə baxdı. Saleh barmağını ona tuşlayıb acıqla silkələdi:
– Bundan belə ehtiyatlı ol! – Açıq hədə ilə dedi. – Əlbət ki, bir gün ayağa qalxacam!
Azər təngə gəlmiş bir ifadə ilə Salehi süzdü. Hirs onu boğa-boğa:
– Məninən hədə-qorxu ilə danışma! Bu qədər aciz deyiləm ki, kiminsə qarşısından qorxub qaçam, kiminsə kölgəsində gizlənəm. Sağ-səlamət!
– Bir xəbərdarlıqdır da etdim səninçün!
Azər palatadan çıxıb qapını arxasınca çırpdı. Qapının kandarındaca mühafizəçilərlə üz-üzə gəldi. Qızarıb pörtmüş halda, qatı cinayətkara baxar təki ittiham dolu nəzərlərlə ona baxırdılar. Bir az əvvəl aldadılmaqları onlara yer eləmişdi. Hiddətləri gözlərindən oxunurdu.
Azər ona tuşlanmış bu baxışları görməzliyə vurub iti addımlarla oradan ayrıldı.
…Bu anlarda Saleh gözləmədiyi görüşün təsiri ilə özündə deyildi. Sinəsi təlatümlə qalxıb-enirdi. Rəngi boğulmuş, tər basmışdı onu.
Azərin sözləri beyninin içində topa-tüfəngə dönüb atəş kimi açılır, qulaqlarını batırırdı. Özünə hakim ola bilməyib çarpayının yanındakı tumbanın üstündən əlinə keçən qrafini hirslə divara çırpdı. Həmin anda qapı təlatümlə açıldı. Mühafizəçilərdən biri rəngi qaçmış halda, həyəcanla qapıda göründü. Çiliklənmiş qrafinə, döşəməyə dağılan suya nəzər salıb Salehə sual verdi.
– Все в порядке? (Hər şey qaydasındadır?)
Saleh mühafizəçidən həkimi çağırmasını istədi. Bu vaxt Polad içəri daxil oldu. Həyəcanla ona doğru gəldi:
– Nə olub, brat? Yaxşısan?
– Yaxşı deyiləm! – Saleh gərgin tonda səsini göyərtdi. – Özümü yaxşı hiss eləmirəm, həkimi çağır, iynə vursun mənə! Yatıb, yuxuya getmək istəyirəm!
– Sən özüvü ələ al, bu dəqiqə çağırıram.
– Tələəss! – Saleh bütün acığını dostuna tökdü.
Polad ildırım sürəti ilə palatadan çıxdı. Çox keçmədən yanında tibb bacısı qayıtdı.
…Nikolayla xudahafizləşib, xəstəxananın çıxışındakı pilləkənüstü meydançada ayaq saxlayan Azər nəfəs dərib özünə gəlməyə çalışdı. Əlləri titrəyə-titrəyə siqaret qutusunu çıxardı. Barmaqlarının ucunda birini çəkib götürdü. Damağına qoyub alışdırdı. Hirsli-hirsli sümürdü. Ciyərlərinə çəkdiyi acı tüstünü soyutmağa çalışdığı qəzəbi kimi burnundan, dodaqlarının arasından havaya püfləyib, baş barmağı ilə gicgahını ovuşdurdu.
…Bakıya gəlib çatanda hava çoxdan qaralmışdı. Aeroportdan birbaşa Mərdəkana gələn Azər taksini yola salıb, həyətə keçdi. Kazımovu həyətdəki masanın arxasında atası ilə söhbət edən görəndə səbəbi özünə də aydın olmayan qəribə və izah olunmaz bir hiss keçirdi. Lakin büruzə verməyib, yaxınlaşıb salam verdi. Kazımov mehribancasına onunla salamlaşdı:
– Necəsən, qardaşoğlu! Gəlmişkən dedim səni də görərəm, yaman gec gəldin. – Xüsusi ahənglə dedi.
Azər qanıqara olduğunu üzə vurmamağa çalışdı. Lakin hər halı ilə bunu bəlli etdi.
Ənvər altdan-altdan oğlunu, onun əhval-ruhiyyəsini izləyirdi. Səbrinə hakim ola bilməyib, maraqlandı:
– Bu vaxt, hardan belə?
Azər atasına baxmadan cavab verdi:
– Həll ediləsi bir işim vardı.
– Həll edə bildin? – Kökündə kinayə yatan bir ahənglə sual verən Ənvər əsəbini cilovlamağa çalışaraq gərgin olduğunu gizlətmək istədi.
– Belə ümid edirəm. – Azər cavab verdi.
Ənvərin oğluna ünvanladığı suala Kazımovun dodaqlarında mənası kimsəyə bəlli olmayan bir təbəssüm dolandı.
Azər isə söhbət uzanmasın deyə atasından gözlərini qaçıra-qaçıra Kazımova:
– Əmi, məni bağışla da, üzrlü say, əynimi dəyişməliyəm, – deyib, getmək üçün izn istədi.
– İşində ol, atam. İstirahətivi etginən. Yoldan gəlibsən. – Kazımov yüksək əhvalda, həmişəki gümrah səslə dedi.
Azər durmayıb evə qalxdı.
Duşdan çıxıb, əynini geyinəndən sonra təkrar evdən çıxmaq istəyirdi ki, atasının səsinə duruxub ayaq saxladı:
– Dayan görüm!
Azər geri çevrildi.
Ənvər salonda tək idi. Oturduğu yerdən qanıqara halda sərt baxışlarla Azərə baxırdı. Amiranə bir səslə:
– Gəl görüm bura! – dedi.
Azər ayrı yolu olmadığını bilib könülsüz-könülsüz salona doğru addımladı. Gəlib atasının qarşısında dayandı.
Ənvər çatılmış qaşlarının altından sərt baxışlarla oğlunu süzdü. Şübhə içində soruşdu:
– Bu gün harda olmusan sən?
Azər niyə çağırıldığını indi anlayıb, dilxor halda dodaqlarını bir-birinə sıxdı. Dillənmədi.
Ənvər bunu görəndə özündən çıxdı. Səsini qaldırdı:
– Sual verdim sənə! Harda idin?
– Dedim də bayaq. İşim vardı.
– Mənə çatmadı sənün nə dediyün! – Ənvər oğluna çəmkirdi. – Uşaq hesab edirsən məni, ala?
Azər narazılıqla köks ötürdü. Hiss etdi ki, bu gün olanlar barədə atasına məlumat çatıb. Vəziyyəti bir qədər yumşaltmaq istədi:
– Ata…
Ənvər onun sözünü ağzında qoyub, danışmağa imkan vermədi:
– İndən belə mənlə məsləhətləşmədən bir yanlış addım atasan, qıraram ayaqlarıvı! Məcbur eləməginən bu yaşında əl qaldırım sənə! Eşitdin?!
Azər başını aşağı saldı.
– Mən yanlış heç nə etmirəm.
Ənvər odlana-odlana:
– Bu sənə belə gəlir! – dedi.
– Bahoo…
– Kiminlə buynuzlaşmaq istəyirsən sən, Zakirlə?
– Bir halda ki, haqqı deyirəm, bunu buynuzlaşmaq hesab etmirəm.
Azərin sözləri Ənvəri təbdən çıxardı. İxtiyarsız olaraq səsini göyərtdi:
– Nə haqq, nə ədalət, a kişi? Hansı haqqdan-ədalətdən danışırsan sən? Kimə nəyi sübut etmək istəyirsən? Otuz ildə mən başa sala bilmədiyimi, sən bir gündə həll edəcəyini sanırsan?
Tamam sükut içində onu dinləyən Azər sözün bu yerində dözməyib, istehza etdi:
– İndi nə məsləhət görürsən, neyləyim, adları gələndə qaçıb gizlənim?
– Çatmır sənə nə demək istədiyim? – Ənvər hirsi coşub qaynaya-qaynaya qəzəblə oğlunun üzünə baxdı. Amiranə bir səslə tələb etdi. – Uzaq dur o ailədən! Kənar gəz, a kişi! Əllərinə fürsət verib, məni o adamla üz-üzə gətirmə!
Azər gərginliklə fısıldadı. Narazılıqla üz-gözünü turşutdu. Ənvər bunu görüb, qəti və kəskin səslə:
– Sənə axırıncı dəfə xəbərdarlıq edirəm: sakit apar özüvü! Kəmhövsələ olma! Və çalış, bir də bu söhbətə qayıtmayaq! – dedi.
Azərin səsi çıxmadı. Qanıqara halda atasının qarşısından çəkilib, iti addımlarla evdən çıxdı.
Azərin getdiyini görən Dilbər eyvana çıxıb, onun arxasınca baxmağa başladı. Əri ilə oğlu arasında gedən mübahisəyə qulaq şahidi olmuşdu. “Yenə nə olub görən, səhərdən Ənvərin qaşının düyünü açılmır. Bıçaq vursan qanı çıxmaz. Özündə-sözündə deyil”. Özünə verdiyi suala cavab tapmayıb, qüssə içində ah çəkdi. “İlahi, özün dadımıza yet, bu oğlan başına bir iş açmasın!”
(Ardı var)