Firuzə Davudqızı
Əhvalatı dinlədiyi müddətdə ikiəlli başını sıxıb oturmuş Azər baxışlarını qaldırıb bir dəfə olsun atasının üzünə baxmadı. Çünki baxmaq istəmədi. Bu illər ərzində onun nələr çəkdiyini üzünün ifadəsindən, baxışlarından görməyə tab gətirə biləcəyini sanmadı. Ehtiyat etdi.
Həmin gecə sübhə qədər yata bilməyib atasının ona danışdıqlarını düşündü. Dan yeri söküləndə bir balaca mürgüləmişdi. Yuxudan oyanıb həyətə endi. Səhər idmanı edərkən belə dünən axşamdan bəri beyninin içində susmaq bilməyən səslərdən qurtula bilmədi. İdmandan sonra birbaşa duşa girərdi, indi isə skamyaların birində oturub eləcə qalmışdı. Baxışlarını bir nöqtəyə zilləyib, onu düşündürən məsələdən baş açmağa çalışırdı.
Kazımovun sözlərini təkrar yadına saldı. Hər kəlməsini zehnində incələdi. Dilarənin bu mövzuda ona dediyi sözləri xatırladı: “Sevmirdi o oğlanı. Bu mövzu açılan gündən də razı olmadığını bildirmişdi. Səbəb budur”.
Bu düşüncələr içində bir xeyli həyətdə yubandı.
Oğlunun durğun əhvalı, hələ də qanıqara olması Dilbərin nəzərindən yayınmadı. Dünənki Azərlə bu gün səhərki Azərin arasında yerlə göy qədər fərq vardı.
Rəna səhər yeməyi üçün masanı çoxdan hazırlamışdı. Lakin Azər duşdan çıxandan sonra masa arxasına keçmədi. Və Rənanın ona çay süzmək cəhdini əlinin bir işarəsi ilə saxlayaraq:
– Lazım deyil! – dedi. – Yeməyəcəm. İştaham yoxdur.
Dilbər narazı baxışlarla oğluna baxdı:
– Dünən axşam da şam eləmədin. Bu davranışlarının səbəbini anlaya bilmirəm. Nə olub sənə?
– Mənə nə olub? – Azər gizli bir eyhamla anasının sualını təkrarladı. Lakin sözünün gerisini gətirməyib, otağına yollandı.
İçəri keçib taxtın kənarında oturdu. İkiəlli başını sıxdı. Bu zaman gözü Aydandan götürdüyü şərfə sataşdı. Əlinə alıb ovcunun içində sıxdı, barmaqları ilə oxşadı. Burnuna tutub gözlərini yumdu. Və üzündə əzablı bir ifadə ilə dərin köks ötürdü.
Bu məqamda otağın qapısı aramla açıldı. Anasının gəldiyini görüb şərfi çevik bir hərəkətlə şalvarının cibinə basdı. Yerindən qalxdı. Özünü toplamağa çalışdı.
Dilbər içəri keçib Azərin qarşısında dayandı. Şübhə içində oğlunu süzdü. Və gəldiyi qənaətlə düşündüklərini dilinə gətirdi:
– Nədənsə mənə elə gəlir ki, bu qədər hay-küy salmağının səbəbi təkcə Zakirin əmin olduğunu səndən gizlətməyimiz deyil. Sözündən belə çıxır ki, son qoyaq da bu işə. Belə görürəm, vaz keçmək fikrindəsən.
“Buna gücüm çatsaydı, ilk gündən addım atmazdım” – Azər anasına verməli olduğu cavabı ürəyində təkrarladı, dilinə gətirə bilmədi.
Oğlunun sualı sükutla qarşıladığını görən Dilbər cavabı onun üzündəki ifadədən oxuyub qəti və kəskin səslə dedi:
– Səni mən dünyaya gətirmişəm, məndən gözəl səni tanıyan, təbiətinə bələd olan ikinci bir qadın tapılmaz. Bu 28 ildə sənin gözlərindəki bu işıltını gördüyüm bir gün belə olmamışdı. Sən Ənvərin oğlusan, özünə əzab verməyə tablanarsan, amma sevdiyindən əl çəkməyə gücün çatmaz!
Azər köks ötürüb, susdu.
– Gəl, nə bizi üzginən, nə özüvü, nə də o qızı! Atanın da bu qədər üstünə düşüb onu qınamaginən. Sən bizim nələr çəkdiyimizi bilmirsən. Aradan keçən bu illər bizim üçün heç də asan olmayıb. Bunu bil ki, atan qürurundan keçdi, amma səndən vaz keçə bilmədi. Səninçün o qapıya getdi! Bunu nəzərə al və kiməsə görə onu üzməginən! Atan bu yaşadıqlarına layiq insan deyil. Bununla belə hər çətinliyi yaşayıb. Yaşamaq məcburiyyətində qalıb. Mənə görə ata-anasından, qohum-əqrəbasından olub, amma bir dəfə olsun bunu mənim üzümə vurmayıb! Onu üzüb qınamağa haqqın yoxdur! Bunu yadında saxla! Bundan belə verdiyin qərarları, atdığın addımları yüz dəfə yox, min dəfə ölçüb-biçib, sonra hərəkət etginən!
Anasının gözünün içinə baxa-baxa onu dinləyən Azərdən səs-səmir çıxmadı.
Bir qədər sonra şəhərə qayıtdı. Maşını birbaşa xalası evinə sürdü. Dilarənin yardımı ilə Aydanla telefon əlaqəsi saxlayıb, burada da çox yubanmadı. Görüşəcəkləri məkana gedib, Aydanı gözləməyə başladı.
***
Həmin gün Azər zəng vurub, görüşməyimizi istəmişdi. Hər zamankı çətinliyə rəğmən görüşə bilmişdik.
İndi daha az olsa da bir ümid işartısı vardı qəlbimdə. Qovuşmağımız üçün ilk addım atılmışdı. Qalmışdı atamın elçilərə öz qərarını bildirməsi.
Görüş yerinə gəlib çatanda irəlidə, skamyalardan birində Azərin məni gözlədiyini görüb, addımlarımı yeyinlətdim.
Sevincimdən yerimirdim, quş kimi qanadlanıb uçurdum. Baxışlarını bir nöqtəyə zilləyib fikrə getmiş Azər məni görəndə üzünün ifadəsi dəyişdi. Dərhal oturduğu skamyadan qalxdı. Özünü topladı.
Dəli kimi bir-birimizə sarıldıq. Və xeyli bu vəziyyətdə dayandıq.
Nə vaxtdır onu görmürdüm. Ətri, qoxusu üçün qəribsəmişdim. Buraxmaq istəmirdim. Əyləşdik. Qolunu boynuma dolayan Azər məni mehr-məhəbbətlə özünə sıxdı. Həmişə belə edirdi. Mən də məmnunluqla onun böyrünə qısılıb başımı köksünə qoydum. O, əlimi tutub barmaqlarını barmaqlarımın arasına keçirdi, dodaqlarına aparıb busə qondurdu. Və gözlərini gözlərimdən çəkmədən qüssəli bir səslə:
– Necəsən? – kefimi xəbər aldı.
– Səni gördüm, əhvalım düzəldi. – Gülümsündüm.
Üzünü saçlarımda gizlədib:
– Eynən! – dedi. Və bir xeyli saçlarımı qoxuladı.
– Xəstə yatırsanmış, eşitdim, çox üzüldüm.
– Keçib getdi. Düşünmə bu qədər.
– Mənim səndən savayı düşündüyüm nə var ki.
Bu sözlərimi duyan Azərin üzündə razılıq əlaməti oxundu. Amma tez də silinib getdi. Yenidən kefsiz və durğun göründü.
Azəri tanımağa başladığım gündən onu heç vaxt belə əhvalda görməmişdim. Marağımı boğa bilməyib, qayğıkeş bir səslə soruşdum:
– Nöşün belə kefsizsən? Heç yaxşı görünmürsən.
– Fikir verməginən.
Mənə elə gəldi ki, o, dildə belə dedi, daxilən isə demək istədiyi sözləri dilinə gətirməyin yolunu aradı. Baxışlarımı qaldırıb altdan yuxarı məhəbbətlə ona baxaraq:
– Bir söz deyim də sənə, – deyə gülümsündüm.
– Buyur.
– Evə getmək istəmirəm! – dedim. – Düşünəndə ki, bir azdan yenə ayrılmalıyıq, qüssədən ürəyim sıxılır.
Onun üzümə baxsa da məni sanki eşitmədiyini görüb, incik tərzdə əlini sıxdım:
– Eyy… Fikrin haradadır sənin? – deyə iradla onu süzdüm. – Məni dinləmirsən.
Azər gözləmədiyim bir şəkildə tamam ciddi ifadə ilə dedi:
– Səninlə bir məsələ barədə danışmaq istəyirəm. Və belə düşünürəm ki, bunu bilməyə haqqım var.
– Aha, buyur.
O, nəfəsini dərib, sözünə davam etdi:
– Az müddət deyil görüşürük. Bu müddət ərzində mən heç vaxt bu mövzuya toxunub səni incitmək istəməmişəm. Düşünmüşəm, lazım bildiyin məqamda özün açıb deyərsən. Amma bu gün…
Sözləri ürəyimə izah olunmaz bir təlaş, narahatlıq gətirdi. Bununla belə sual verib sözünü kəsmək istəmədim. Bütün diqqətimlə onu dinləməyə davam etdim.
– Bu gün həqiqəti bilmək istəyirəm səndən. Çünki özümü bir ömür günahkar sayıb, qınamaq istəmirəm. Bir-birimizi seçmişiksə, həyatımızın sonuna qədər bir yerdə ömür sürmək fikrindəyiksə, ilk gündən aramızda yalan yer almasın. Düzünü de: üzüyü mənə görə qaytardın? Yəni mənim ucbatımdan pozuldu bu iş? Xahiş edirəm mənə dürüst cavab ver.
Tutulub qaldım. Güclə dilləndim:
– Bu suallar nə üçündür?
– Səbəbi izah etdim.
Salehin lənəti deyəsən həyatım boyu məni təqib edəcəkdi. Onun adı belə Azərin düşüncələrini darmadağın edib qəlbində şübhə toxumu əkməyə bəs etmişdi. Mənsə görüşə gələrkən sanmışdım ki, Azər gələcəyimiz barədə danışacaq, elçilikdən söz salacaq. Bir sözlə, təəssüratımızı bölüşəcəyik.
Yanılmışdım.
Güclə eşidilə biləcək bir səslə cavab verdim:
– Düşündüyün kimi deyil. Mən Salehlə böyüklərin təkidi ilə nişanlanmışdım.
– Mənim sənə verdiyim sual bu deyildi. – Azər özü də hiss etmədən gərildi. Çox güman, Salehin adını mənim dilimdən eşitməsi onun qısqanclıq hissini oyadıb, coşdurdu. Amma yenə də özünü mümkün qədər toplamağa çalışıb, sualını təkrar etdi:
– Mən səbəb oldum nişanın pozulmasına?
Təəssüf hissi ilə onu süzüb:
– Sən məni görmək üçün çağırmamısan görüşə. Vicdanın rahat olsun deyə sorğu-sual etmək niyyətin varmış, – dedim. Doluxsundum.
– Yanlış anladın. Belə deyil.
– Mən sənin eşq təklifini yanlış anlamışam, üzrlü say. Özüm üçün boş və mənasız xəyallar qurmuşam.
– Ay qız, bir dinləginən də.
– Əgər sənə olan hisslərimə şübhə edirdinsə, mənimlə görüşməyinə və qapıma elçi göndərməyinə ehtiyac yox idi.
Azər talan olmuş baxışlarla üzümə baxdı. Sözlərim onu yaraladı. Amma mən daha çox incindim bu söhbətdən. Susmadım:
– Mən səni ilk dəfə görüb eşqə tutulanda o zaman nişanlı deyildim. Salehin bizə elçi göndərəcəyini isə güman belə etmirdim. Üstəlik, sənin mənim varlığımdan xəbərin belə yox idi. Əgər buna görə məni günahkar bilirsənsə… – Sözümü sona çatdırmağa gücüm çatmadı. Qalxıb getmək istədim.
O, çevik tərpənib qolumdan yapışdı. Təkrar yanında oturtdu. Baxışları ətrafda gəzinə-gəzinə hirsini zorla boğub, tez-tələsik izah etdi:
– Saleh mənim əmim oğlu imiş! Və mən bu gerçəyi yenicə öyrənmişəm!
Heyrətdən donub qaldım. O isə üzündə əzab dolu bir ifadə ilə:
– Nə hisslər içindəyəm, bir dərk edirsən? Yüz belə cavabsız sual dolanır beynimdə! – dedi.
Gözümdən çıxan yaş damlası yanağıma süzüldü:
– Salehin sənin əmin oğlu olması bizim ayrılacağımıza işarədir?
– Bu nə sualdır verirsən mənə? – Azər məzəmmətlə məni süzüb fısıldadı.
Gözümün yaşını silib:
– Əgər bu qərara gəlmisənsə, məni elə buradaca öldür, sonra get. Onsuz da sənsiz həyat mənimçün mənasızdır. Məni özündən məhrum etmə! – dedim.
Sükut içində gözümün içinə baxan Azər gözləmədiyim şəkildə məni bağrına basdı. Bununla məni daha da kövrəltdi. Özümü saxlaya bilməyib hönkürtü ilə ağlamağa başladım.
Azər isə ona dediyim sözlərə qarşılıq olaraq:
– Bir qəlb ki mənə əmanət edilib, ona xəyanət edib, yarı yolda buraxmaq yaraşmaz mənə, – dedi.
Bir qədər toxtayıb sakitləşəndən sonra üzümü onun köksündə gizlədib, etiraf etməyə başladım:
– Sənin bu işdə bir təqsirin yoxdur. Sən səbəb olmadın. Qətiyyən belə düşünmə. Mən sevmirdim onu. Bunu evdə hər kəs bilirdi. Razı deyildim. Amma sözümü eşitmədilər. Onunla mən ayrı dünyaların insanları idik. Yəni ən azından mən belə düşünürdüm. Çünki mənim fikrim onu tanımaq deyildi. Ağlım və ürəyim sənin yanında idi. Sənin isə mənim varlığımdan xəbərin belə yox idi. Üstəlik, nişana bir neçə gün qalmış agah oldum ki, bacım Salehə aşiq imiş. Ona olan sevgisindən bu işə tab gətirə bilməyib, intihara cəhd etdi. Mən bunu bilə-bilə ona ərə gedə bilməzdim. Səbəb budur. Kimsənin bilmədiyi bu həqiqəti bacılarımla mən bilirəm. Saleh özü də bilmir.
Azər bir xeyli sükut içində dayandı. Yəqin ki, bütün bu həngaməni zehnində aydınlaşdırmağa çalışırdı. Köks ötürüb, nəhayət dilləndi:
– Bunu sənə sual verəndə desən olmazdı ki? Özünə də, mənə də bu qədər əziyyət verməyinə nə gərək var? Yetərincə çəkmirik bəyəm?
– Alt-üst oldum bir an. Düşündüm sən ayrılmaq qərarına gəlmisən, suallar da bir bəhanədir.
– Aydındır. – Azər irad dolu nəzərlərlə məni süzdü. – Deməli, hələ yetərincə tanımırıq bir-birimizi.
Təkrar dəli kimi ona sarıldım.
– Mən səni çoxdan, lap çoxdan tanıyıram, – deyib gülümsündüm.
– Maraqlıdır. – Özünə xas bir əda ilə dodağını büzdü.
– Bilirsənmi ilk dəfə səni nə zaman görmüşəm?
– Təbii ki, bilmək istəyirəm.
– Dilarə həmişə səndən danışardı. Üzünü görməsəm də, haqqında məlumatım vardı. Amma bir gecə onlarda ikən şəklini göstərdi mənə. – Dodağımı dişlərimin arasında sıxıb, gülümsündüm. Bir neçə saniyəlik sükutdan sonra özümü toplayıb, təkrar dilləndim. – Hər şey o andan başlandı mənimçün. Həyat gözlərimdə yalnız səndən ibarət oldu. Hər dəqiqə, hər saniyə səni düşünər oldum. Hər gecə yuxularıma gəlib məni yad edən qonağım oldun.
Azərin məni dinləyərkən məmnun ifadə ilə xəfifcə gülümsündüyünü görəndə:
– Hmm… – Şıltaq bir əda ilə qoluna vurub gileyləndim. – Cavan oğlan, sizin xəbəriniz yox idi, amma burda bir qız sizin xəyalınızla yaşayırdı.
– Keçsin həmin qız təqsirimdən də. Xəbərim olmayıb. Olsaydı, Bakıya daha tez qayıdardım.
– Nə yaxşı ki, qayıtdın! – deyə məhəbbətlə onu qucdum. – Nə yaxşı ki! Nə yaxşı ki, Tanrım səni tanımaq fürsəti verdi mənə.
Azər daha bir söz demədi, saçlarımdan öpdü. Və qətiyyət yağan bir səslə sözümü təsdiqlədi:
– Nə yaxşı ki!
(Ardı var)