Bir stəkan çay və sarı simin pıçıltısı…
Dəyərli qələm sahibi Rafiq Hacıyevin portret cizgiləri
Allahverdi Eminov
pedaqoji elmlər doktoru, professor
Qədim çin filosofu Konfusinin sözüdür: “Müəllim yetişmir, doğulur” – bu kəlamları eynən jurnalistlərə də şamil edərdim. Hələ orta məktəbdə oxuyurdum, rayon qəzetinə (Salyanda çıxan “Sosializm yolu”) məqalələr yazardım. Bakı-Astara sərnişin qatarı ilə poçt gəlird, ilk intizarla gözləyəni məndim: yeddinci sinif şagirdi. Bu yeniyetmə həvəsi ötən əsrin 50-60-cı cı illərinin payına düşdü… sonralar isə məni peşəkar jurnalistikaya apardı…
Mən bu kiçicik xatirəni imzasına çoxdan bəri rast gəldiyim, öz dəsti-xətti olan Rafiq Hacıyevi yaxından tanıyandan, ünsiyyət bağladığım və şəxsiyyət bütövlüyünə inamımdan sonra dilimdən çıxartdım. Getdikcə, illər ötdükcə bir nüansa da diqqət yetirdim:
– O, yalnız jurnalistdirmi?
– Vaxtilə müxtəlif nüfuzlu qəzetlərdə, digər kütləvi informasiya vasitələrində çalışmış qələm sahibidirmi?
– Yoxsa, O, musiqi aləminə bələd, ədəbiyyat dünyasından xəbərdar bir erudisiya xadimidirmi?
Bu “üçlük” suala fikrimdə cavab axtarırdım. Nə gizlədim: Rafiq bəyin yeni məqalələrini, yaxud araşdırmasını oxuyurdum, düşünürdüm. Cavab Rafiq Hacıyevin hərtərəfli istedadından gələn yaradıcılığı: publisistikası, filoloqluğu, musiqişünaslığı və hüquqşünaslığı – bu sahələrdə ali təhsil alması, daha doğrusu, peşəkarlığı idi. Və “Azərbaycan” nəşriyyatının birinci mərtəbəsindəki kafedə onu görüb stola dəvət edərək yanımda əyləşdirdim. Çay içirdik, ötən illərə də qayıtdıq…
Bilirdim, ona mane oluram, bəlkə də beynində dolandırdığı hansısa mövzunun yetişməsinə əngəl yaradıram, tapdığı yaradıcı informasiyanı qırıram.
Bilirdim, amma nə edəsən ki, səni anlayan, səni tanıyan, sənə diqqət kəsilən bir insanı tapmaq bu gün üçün necə də çətindir. Həqiqətdir bu: ya eyforik hisslərini büruzə verir, ya pessimis əhvalından söz açır, ya da sağlam, düşüncəli qəlbdən uzaqlığını göstərir.
Bu baxımdan çay stolunda söhbət etməyə həmişə ehtiyac duymuşam. Düşmənçilyə nifrət etmişəm. Həzrət Əlinin kəlmələridir: “Düşmənçilik ürək üçün böyük yukdür”. Rafiq bəylə söhbətləşmək ona görə xoşdur mənimçin – kiminsə arxasınca gileylənmir, xeyirxah adamlardan söz açır, yaradıcılıq durumundan danışır və ilaxır. Bir kəlmə nə keçmiş nailiyyətlərindən, nə daşıdığı vəzifələrdən, nə də qayğıya ehtiyaclığından bəhs etmir. Onsuz da biz ziyalılar mövcud vəziyyətin, ictimai durumun, cəmiyyətdəki əksliklərin kökünü də bilirik…
Onu da bilirəm ki, Rafiq Hacıyev “Kommunist” (müxbir, baş müxbir, məsul katib müavini, məsul katib əvəzi), “Səhər” (“Kommunist qəzetinə əlavə: məsul katib), “Azərbaycan” (məsul katib), “Həyat” (məsul katib), “Odlar Yurdu” (“Vətən” Cəmiyyəti: baş redaktor) qəzetlərində və AzərTAC–da (müxbir, buraxılış redaktoru, ilk hüquq məsləhətçisi) və digər sahələrdə çox gənc ikən çalışmışdır.
Onu da bilirəm ki, layiqli, nüfuzlu mükafatlar almışdır. “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Cəfər Cabbarlı”, “Rəsul Rza” mükafatlarını, bu sıraya Fəxri Fərmanları da əlavə edərdim. Bu nailiyyətlər təsadüfi qazanılmamışdır, gənc ikən, ali təhsilli (Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrini bitirmişdir) jurnalist kimi daima fəaliyyətdə, hərəkətdə, axtarışda olmuşdur.
Oxuculara onu çatdırım ki, hələ tələbə ikən diqqətdə olan Rafiq Hacıyevin 1980-cı illərdə respublikamızın ən nüfuzlu və rəsmi qəzeti olan “Kommunist”dəki fəaliyyətini unutmaq olmaz. Xüsusən, məsul katibin müavini və mükəmməl maket ustası olaraq gündəlik mətbu nəşrin tərtibatındakı xidmətlərini, əsl rəssam zövqü ilə qəzetə necə maraqlı tərtibat verməsini. Hərçənd bu gün arxaik sayılsa da, hər şey kompyüterin ixtiyarındadır. Sovet dönəmində isə maketin qabaqcadan kağız üzərində, məxsusi formada çəkilməsi qəzet buraxılışının ən mühüm məsələlərindən biriydi, hər jurnalistin də bacarığı deyildi… Yeridir haşiyə çıxım ki, belə səriştəlik Rafiq bəyin rəssamlıq bacarığından irəli gəlirdi. Şagird ikən şəkillər çəkmiş, “Azərbaycan pioneri” qəzetində çap edilmişdir. O, saralmış bir qəzeti çıxarıb bir şəkili göstərdi, özünün də fotoportreti uzaq illərdən boylanırdı. Mən hiss olunmadan “iki Rafiqə” baxıb köks ötürdüm. Və illərin amansızlığını yaşadım. Bir uşaq Rafiq, bir də yaşa dolmuş Rafiq Hacıyev. İstedadlı qələm sahibi Müsəllim Həsənov demişkən: “O, gözəl rəssam da ola bilərdi”…
Fikrimə qayıdıram. Hətta heç zaman dilinə gətirmədiyi bir görkəmli jurnalist və ictimai xadimin, “Kommunist” qəzetinin 2 dəfə baş redaktoru olmuş (mətbuat tariximizdə nadir hadisədir) Rza Quliyevin – dayısının böyük nüfuzundan heç bir vaxt istifadə etməməsidir. Rza müəllim Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal, Nəsir İmanquliyev, Süleyman Rüstəmlə, digər görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimləri ilə dostluq və əməkdaşlıq etmiş, uzun illər (32 il) Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyətinin sədri işləmişdir.
Rza Quliyev eşidəndə ki, Rafiqin qələmi var, jurnalistikaya meyillidir, ona deyib ki, bala, hansı ixtisası seçsən sənə kömək etməyə, irəli çəkməyə hazıram, ancaq, jurnalistikanı seçirsənsə, burada mənim köməyimə bel bağlama. Jurnalistikaya ürəkdən bağlanmalısan, heç bir kömək, heç bir dayı sənə yardımçı ola bilməyəcək. Müdrik nəsihət deyilmi? Bacıoğlu da bu məsləhəti layiqincə doğrultdu!..
Rafiq bəyin nəzəri və praktik savadından istifadə üçün bölgələrə (Laçın rayonu) göndərilmiş, o da həmkarlarına təcrübəsini öyrətmiş, qəzetçiliyin və poliqrafiyanın sirlərini əyaniləşdirmişdir. Onun özü də heç vaxt öyrənməkdən – kamilləşməkdən çəkinməmişdir. Filosof Herbelin yazmışdır: “Həyat sona qədər kamilləşməyi tələb edir, öyrənməkdən imtina etmək özünü öldürmək deməkdir”.
Rafiq Hacıyevin bir üstünlüyü də ondadır, bu vərdişindən, iradəsindən, hövsələsindən qalmır. Kim onunla üzbəüz söhbətdə bulunmuşsa, mənimlə razılaşar. Belə xarakterli yaradıcılar nə bilirsə onu az hesab edir, kifayətlənmir, elmi, savadı, biliyi daha ucada görür və ora çatmağı arzulayır. Məhz müdriklik də o zirvədədir: öyrənə – öyrənə, oxuya – oxuya, anlaya – anlaya o pik nöqtəyə əlini vurasan və daha ucalığa can atasan…
Mən Rafiq bəyi yaxından tanıyandan sonra bu qərarımda israrlıyam. Onu nə üçün mən müdriklik sırasında görürəm – sual deyil, onun üçün ki, o, heç bir halda özünü vəzifəli adamlara möhtac hiss etməmişdir, əksinə, fəhmlə duymuş ki, belələri haçansa ona üz tutacaqlar. Bu yanaşmam oxucularda təəccüb doğurmasın: necə fəaliyyət göstərirsə o rəsmi şəxs – özünü haqqında yazılanda görür, əbədiləşir, tarixləşir, bu da yazılara, o cümlədən jurnalistlərə qismətdir. Rafiq bəyin sualımla bağlı söyləmələrindən bu qənaətə gəldim.
Bu fakt da maraqlıdır ki, geniş diapozonlu gənc jurnalist-publisist başqa bir sahədə özünü sınadı, doğrultdu. Belə ki, kriminal aləmin sirlərinin açılmasında, dedektiv yozumda Rafiq bəyə müstəntiqlər yanaşıblar, fikir mübadiləsi aparıblar, proqnozlar irəli sürüblər. Bu olaylar həqiqətdir, məsələnin dərinliyinə varanda Rafiq Hacıyev ali hüquq təhsili almış, cinayətlərin ört-basdır olunması, izlərin itirilməsi texnologiyası və digər faktorların nəzəriyyəsini Universitet auditoriyasında əxz etmiş, dedektiv yazıçıların romanlarını, hekayələrini oxumuşdur. Və qələmini də sınamışdır.
Bu problemdə iki nüans var: birincisi məlumatlıq məsələsidir, “özgə şeyi” bilmək intuisiyasıdır. Fransız yazıçısı A.Fransın bir hekayəsində zoologiya muzeyində məşhur geoloqa mamontun dişinə aid sual verir birisi. O, cavabında deyir ki, bu, mənim hissəmə aid deyil. Yazıçı belə düşünür ki, mən heç vaxt özümü “hissəyə” baxmaq ləzzətindən saxlaya bilmirəm. Mütəxəssis xeyli “özgə şeyi” bilməlidir. İkincisi, peşəkarlıq bir yana, bədii ədəbiyyatdan, xüsusilə, macəralardan faydalanmaqdır.
Məşhur yazıçı Edqar Ponun “Oğurlanmış məktub” hekayəsini çox-çox qabaq oxumuşam, xatırlayıram: Səkkiz yaşlı oğlan “təkmi –cütü”nü məharətlə oynayır. Oyunçulardan biri ovcunda bir neçə kürəcik (deyək ki, fındıq) gizlədir, rəqibi tapmalıdır, sayı təkdir, ya cütdür. Taparsa udur, tapmasa uduzur. Səkkiz yaşlı uşaq hamını aparır, çünki oyundaşlarının fərasətini müşahidə edir dərindən. Məsələn: rəqiblərindən biri – sadəlövh – əlindəki kürəcikləri çıxarıb deyir ki, “təkmi – cüt”, yəni təkmi, cütmü – tap! Səkkiz yaşlı “tək” cavabı ilə uduzur. Fikirləşir ki, sadəlövh birinci dəfə “cüt” götürüb, bicliyi bura qədərdir, indi “tək” götürəcəkdir, deməli, “tək” deməliyəm, “tək” deyib udur. Və səkkiz yaşlı oğlan mülahizə edir ki, mən ilk dəfə “tək” dedim, o isə yadında saxlayıb, belə hesab edib ki, gələn dəfə “cüt” deyəcəm. Deməli, o, “tək” götürməlidir, həm də fikirləşər ki, bu, çox sadə kələk oldu, “cüt” götürmək qərarına gələcək, deməli, ən yaxşısı mən “cüt” deyim və təxminində – məntiqində yanılmır, udur. Bu prosesdə rəqibin mimikaları və udanın sir-sifətinin də rolu az deyil. Oğlanın suala cavabı: “Rəqibimin nə qədər ağıllı, yaxud səfeh, xeyirxah və hirsli olduğunu, nə düşündüyünü ayrıd etmək üçün sir-sifətimi onunkuna oxşadıram və bu halda ağlıma nələr gəldiyini fikirləşirəm”.
Mən bu misalla o iddiada deyiləm ki, Rafiq bəy peşəkar kriminalistdir. Əvvələn, bu işin nəzəriyyəsindən məlumatlıdır, müşahidəçidir, ikincisi yazıçıdır, fantaziyalıdır, bədii və elmi təfəkkürə malikdir, bu keyfiyyətlər məğər azdır?
Mən daim bir məsələni götür-qoy etmişəm ki, bizim hətta tanınan hüqüqşünaslarımız – praktik mütəxəssislərimiz bədii ədəbiyyatdan çox uzaq düşmüşlər, nə gizlədək, mütaliələri son dərəcə zəifdir, gülməlisi ondadır, ilhamları, poeziyada istedadları olmayan, hüquq təhsili alıb öz sahələrində işləyənlər şeir uydururlar, nə ehtiyac? Amma bizim hüquqşünas şəxslərimiz, bu sistemdə çalışanlarımız olub ki, öz təcrübələrindən irəli gəlib dedektiv romanlar, hekayələr qələmə almışlar. Onlara haladır bədii yaradıcılıqları.
Bu haşiyəni təsadüfən vurğulamadım. Rafiq Hacıyev həzin və sərt (yeri gələndə) qələm sahibi olaraq kriminal aləmə dəvət almışdır, müşahidələrdə iştirak etmişdir, şəxsi mülahizəsini bildirmişdir. Bir fakt: R,Hacıyev Azərbaycan Respublikası Baş Prokurorluğu Mətbuat Mərkəzinin məsul əməkdaşı kimi bu orqanda səmərəli fəaliyyət göstərmişdir. Uzun illik müşahidələri, prokurorluğun məsul şəxsləri ilə söhbətləri toplanmış, şəxsiyyət əleyhinə törədilmiş ən maraqlı cinayət işlərinin istintaqına həsr olunmuş “İstintaqı peşəkarlar aparır” (ön sözün müəllifi, əməkdar jurnalist Rəfael Nağıyevdir) bədii-sənədli kitabın müəllifidir. Xatırlayıram ki, əsər nəşrindən sonra əl-əl gəzirdi. Bir səbəb də o idi – istedadlı qələmin məhsulu idi! Bu kitab Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının “Qızıl qələm” mükafatına layiq görüldü…
Bu məsələdə Müsəllim Həsənovun fikri maraqlıdır: “İstintaqı peçəkarlar aparır” adlı kitabında da, sonralar qələmə aldığı povest və hekayələrində də jurnalist peşəsi ilə hüquqşünas biliyinin sintezi hiss olunur…”
Bu, o deməkdi, neçə-neçə maraqlı, sirli və sehirli kriminal hadisələr bizim peşəkar mütəxəssislər tərəfindən açılır, lakin qapalı qalır: niyə belə olmalıdır? Təbii ki, kriminalistlərin yazmaq imkanları məhduddur, amma qaçırlar yazıçılardan, jurnalistlərdən? Axı qarşıda gələcək nəsil: cavanlar, hüquqşünaslar, genində aqressivlik simtomları cücərən adamlar var ki, oxusunlar, ibrət götürsünlər, faydalansınlar. Bir şərtlə ki, müəllifdən “qan iyi” gəlməsin, qədim faciələrin dəhşətləri görünməsin, oxuyanı yormasın, bir işıq görsün, insan faktoruna həssas yanaşsın. Rafiq bəyin məhz bir üstünlüyü də belə metaformozalardan kənarda qalmasıdır. Axı onun içində insanlıq, humanizm, inam hissləri güclüdür…
Bir də çox istərdim universitetlərin hüquq fakültələrində “Ədəbiyyat: dedektiv və elmi-fantastika” xüsusi fən kimi tədris olunsun. Bu, hüquq-mühafizə orqanlarında çalışacaq gələcək gənc mütəxəssislərin nitqinə, insana humanist yanaşma faktoruna yardımçı ola bilər. Eləcə də “Pedaqogika: sosial və əxlaq” fənni. Əlbəttə, bu təklif şəxsi fikrimdir, lazımsız fənləri proqramlardan çıxarmağın zamanı yetişmişdir, kənar informasiyaların mənbələri istənilən saydadır…
Mən bu faktları Rafiq Hacıyev haqqında yazımın süjetinə tam daxil etmək istəməzdim, lakin bir jurnalist, yazıçı və hüquqşünas olması heç də hər bir qələmdaşa nəsib deyil (Bu gün zootexnik də, inşaatçı da, mühəndis də hüquq təmayüllü qəzetlərə baş redaktorluq edirlər).
Rafiq Hacıyev bədii-sənədli “Başsız qadının sirri…” doqquz hissəli romanını tamamlamışdır. O, suallarımdan irəli gələn bu mövzudan elə maraqlı və təəccüb doğuran faktları, hadisləri danışdı, armudu stəkanda içməyə tələsdiyim çayım soyumuşdu. Və bu, onun gözündən yayınmadı.
– Allahverdi müəllim, – dedi. – Qalanları qalsın sonraya. – Gülümündü. – Sağlıq olsun, ilk nüsxəsini Sizə bağılayacağam avtoqrafım ilə…
Hərçənd çayım soyumuşdu, amma Rafiq bəyin “gizli” saxladığı sirlər istisini itirməmişdi…
Rafiq Hacıyevin yaradıcılıq diapozonu daha genişdir, onu yaxından tanıyanlara bəllidir bu. Və hər kəsə qismət olmayan tale yüküdür, bu “yükü” neçə illərdir beynində və hisslərində yaşadır: musiqiyə və poeziyaya aşinalığıdır. Bu, qoşa qanaddır, kimin yaradıcı bəxtinə düşübsə səadətli insandır.
Bu fakt, düzü, məni yaxşı mənada sarsıtdı, çün güman eləməzdim və təsəvvürümə gətirməzdim ki, Rafiq bəy Bakı Dövlət Universitetinin “bədii özfəaliyyətində” (1975) səhnələşdirilmiş “Leyli və Məcnun” operasında Məcnunu özünəməxsus şirin, məlahətli səs tembri ilə oxumuşdur. Təəssüf ki, o roldan, o səsdən yadigar heç nə qalmamışdır. Yalnız “Kommunist” qəzetində kiçik bir xəbərdən savayı. Bax, insanda və hər adamda olmayan, qismətinə düşməyən ilahi istedad! (görəsən o səs bu səslə yola gedirmi?)
Mən hər iki sahə ilə bağlı Rafiq bəylə söhbət etmişəm, həm də araşdırmalarını oxumuşam, nə gizlədim, məmnun qalmışam: nəzəri biliyinə və estetik zövqünə. Nə gizlədim, hər bir təhsil görmüş incəsənət əsərini birdən – birə qavramağı bacarmır. Bu, milli musiqi alətlərində, solo mahnıların ifasında və iri həcmli əsərlərin səslənməsində də mövcud vəziyyətdir. Bir nümunə gətirəcəyəm, vaxtilə oxumuşdum. Dahi bəstəkar Cüzeppe Verdinin “Traviata” operasının ilk tamaşası (06.03.1852) Venetsiyada keçirilmiş və uğursuz alınmışdı. Lakin bir ildən sonra dünyanın bütün teatrlarına ayaq açdı. Bəs səbəb? Rədd edənlər, bəyənməyənlər burjua əxlaqını daşıyanlardı, nə üçün bəstəkar romantik qadın obrazı yox, yüngül əxlaqlı bir qadını qəhrəman etmişdir. Digər səbəb: artistlərin səhnəyə müasir geyimlərlə çıxmasıydı. V.Şekspirin “Hamlet”ində Hamlet Poloniyə deyir ki, “Şeylər öz-özlüyündə deyil, bizim nəzərimizdə pis və yaxşı olur”. Əsərin nə günahı?
Bu mövzuda söhbətində Rafiq bəy deyir ki, dinləyicinin, yaxud oxucunun hazırlıq səviyyəsi eyni olanlar bir-birini başa düşürlər o halda! Qarşılıqlı anlaşma və ilk ithaf səviyyəsi kifayət qədər yaxın olmalıdır, buna isə məlumat rezonansı tərzində baxmaq lazımdır, yəni birinin verdiyi məlumatın xeylisi o birinin yaddaşındadır. Üzeyir bəyi nəyə görə dərhal başa düşürlər, qavrayırlar? Yox ki sadə yazır, lap başlıca səbəb musiqisi dərhal xatırlanır, çünki fitri istedad sahibidir.
Rafiq Hacıyevin əvəzsiz tarzən Əhsən Dadaşov haqqında yazdığı “Ürəyi alovlu Əhsənlə ərköyün Qədirin sənət möcüzəsi” və istedadlı digər tar ustası Həmid Vəkilova həsr etdiyi “Novator” adlı analtik məqalələrini oxuyandan sonra belə bir kiçicik haşiyəyə çıxdım. Hər iki yazıda Rafiq bəy orijinal üslubla tarzənlərin xarakter cizgilərini, yaşadıqları hisslərini, nə üçün məhz bu ecazkar sənəti seçdiklərini vermişdir (daha yox ki, “verməyə çalışmışdır”). Zahirə gəldikdə müəllif elə maraqlı sərlövhə seçmiş ki, oxucu yan keçə bilməz, mənim kimi.
Bilirsiz, məşhur, xüsusən, xalq arasında sevilən, ictimaiyyətin tanıdığı sənətkar haqqında yazmaq çətindir, bu fikri istedadlı yazıçı və musiqi bilicisi Mustafa Çəmənli ilə söhbətimdə ondan bir daha eşitmişdim. Həqiqətdir bu, səbəbsiz deyil. Rafiq bəy ilk təhkiyəsində Əhsən Dadaşovun beş sənət möcüzəsini fabula kimi “avans” verir: “Əhsən Dadaşov… Dinləycini tez ələ almağı, onun diqqətini özünə cəlb etməyi bacaran, tarının yumşaq, qəlb oxşayan, cazibədar səsi ilə insanı həyəcanlandıran, sevindirən tarzən”. və “beşliyin” sonuncusu: “Əhsən Dadaşovun yaradıcılığı XX əsr musiqi mədəniyyəti tariximizin ən parlaq səhifələrindən birini təşkil edir”.
Mən özümün yanaşma zövqümlə “beş”ini seçdim, onun üçün ki, geniş həcmli məqalə zənnimcə tarın sarı siminin pıçıltısı ilə yazılmışdır, başqa necə mümkündür? Müəllif xanəndə, yaxud tar çalan olsa idi qənaətimdə yanılmış olardım, axı o, jurnalistdir, enerjisi bu fiziki mənbədən gəlir ürəyinin duyumu vasitəsilə.
Bilirsiz, Rafiq bəy Əhsən Dadaşovun sənətkar portretini oxuculara çatdırmaq üçün son dərəcə gözlənilməz üsul işlətmişdir! Əhsənin ilahi ecazkarlığını möcüzəli səsli Qədir vasitəsilə çatdıra bilər (bu cür yozumla bəlkə də ifrata varmışam). Dahi Niyazi dirijor çubuğu olmasa da məharətini itirməzdi, lakin sehrkarlığı əyani görürdü əlindəki çubuqda, onu ehtirasa gətirirdi. Bəli, hissiyyat elmi mövcuddur yaradıcılıqda, bu prosesdə hisslə təfəkkür birləşir, münasibət yaradır, mən deyərdim bu amil Əhsən Dadaşovda (eləcə də Həmid Vəkilovda) özünü göstərirdi, tarın səsini obrazlı təfəkkürlə ifadə edirdi, bu isə şeiriyyət aləmilə tərbiyə olunur, necə ki, Rafiq Hacıyev bu nüansı tutmuşdur. Və son dərəcə zərif eyhamla hiss etdirir (mən duydum): böyük çalğıçıların, oxuyanların, bəstəkarların erkən stress, hissiyyat, coşqunluq keçirməsidir ki, elə də uzun ömürlü olmurlar – Əhsən Dadaşov kimi. Yaxşı, Əhsən qarşısındakı əli qavallı gənc Qədir Rüstəmovun bütün vücudundan süzülüb gələn və bal arısı kimi sarı simdən şirə qoparan səsində və sözlərində nə etməlidir?
Su atdım hara dəydi,
Sona bülbüllər.
Əlim divara dəydi,
Saçı sünbüllər.
Dilim, ağzım qurusun,
Sona bülbüllər.
Nə dedim, yara dəydi?
Saçı sünbüllər.
“Elə yar, yar” deyirlər,
Heç məni demirlər,
Ay sona bülbüllər.
Mən bu misraları yazanda 1968-ci ilə qayıtdım. Bakıya aspiranturaya imtahan verəcəkdim. Azneftdə düşüb Zülfü rəhmətliyin məşhur çayxanasına gəldim, çay gətirdilər. Elə bu vaxt qulağıma səs gəldi. Tanımadığım bir qeyri-adi səsdi, “Sona bülbüllər”ini haraylayırdı. Segah guşəsinə çatanda armudu stəkan əlimdən düşdü, çay dağıldı, pis oldum. Çayçı cavan oğlan gülümsündü. Vəssalam. Çox sonra anladım: demək istəyirmiş ki, təkcə sən deyilsən “Sona bülbüllər”i eşidəndə stəkanı əlindən salan…
Rafiq Hacıyev də belə hala düşübmüş, yazır: “Sona bülbüllər” qanadlandıqca yazda budaqlar çiçəklədiyi kimi Qədirin də səsində “kədər, fəryad çiçəkləyirdi”.
Bu fəlsəfi mahnı və çalğı xoşbəxtlik gətirərmi? Axı hər iki sənətkarımızda şiddətli arzu, həvəs, ehtiras yaşanırdı. Axı fəlsəfə bədbəxtliyə də səbəbdir. Mən belə düşünürəm ki, yaradıcılıqsız xoşbəxtlik yoxdur. Amma Əhsənlə Qədirin musiqisində, öncə, qəlb əməkdaşlığında bir azadlıq simvolu olmuşdur, çünki hər iki dahi bu cür böyümüşdülər, eyni mühitdə tərbiyə almışdılar, onlar son nəfəslərinəcən azadlıq refleksini yaşamışdılar. Unutmayaq ki, insan azadlığı əhatəsində olanların azadlığa və manieələri dəf etməyə can atması ilə ölçülür. Hər iki sənətkarda (Həmid Vəkilovu da istisna etməzdim) xarakter “üçlüyü” vardır: irsiyyət, sosial mühit və özünütərbiyə. Axı xarakter – xasiyyət bitkin şəklə düşmüş iradədir.
Rafiq Hacıyev hər iki şəxsiyyəti çox yaxından tanıdığı üçün məqaləsində (deyərdim, sarı simdə qələmə almışdır) onları göründükləri simasında təqdim etmişdir; onlar bir-birinə əbədilik qazandırmışdı; oxuyuruq: “Əhsən də Qədiri ucaldırdı, onun ömürünün üstünə yeni ömür, əbədi və ölməz ömür qoyurdu. Çünki milli musiqimizin özünəməxsus səhifəsi olan Qədirin ecazkar səsini, nadir orjinal ifaçılıq sənətini ilk dəfə bu böyük şəxsiyyət görmüşdü və həmin şanlı səhifənin ilk oxucusu Əhsən Dadaşov idi!” – bu qənaəti hər bir yazar ortaya qoya bilməz, çünki gərək ünsiyyət bağlayasan, onların ifalarının fəlsəfi çalarlarını başa düşəsən və özün isə hissiyyata qapılmayasan, hisslərinə qapılasan. Belə bir yanaşmada Rafiq Hacıyev müştərək müəlliflərin ortaya qoyduqları mənəvi-maddi dəyərin özünə əbədilik qazandırmışdır…
Rafiq Hacıyev bu silsilədən Həmid Vəkilov barəsində də sözünü demişdir. “Novator” adlı bu tədqiqat səciyyəli məqalənin özünü mən “novator” üslublu araşdırma ilə müqayisə edərdim və yanılmazdım. Rafiq bəy fərqli qələm adamı olaraq faktlar xaosuna yol almamışdır (indi belə yazanlar çoxalırlar günbəgün, sədh heyif!), öz yaradıcı məntiqilə mühakiməsini məşhur tarçı Həmid Vəkilova istiqamətləndirmişdir. Onu rənglərin fəlsəfəsində təhlil etmişdir. Görünür, Rafiq bəy böyük şairimiz Rəsul Rzanın poeziyasına vurğunluqdan, xüsusilə, “Rənglər” fəlsəfi-sosial yüklü şeirlərinin təhlilindən uzaqlaşmaq istəməmişdir. Və düzgün seçimdir. Vaxtilə Rəsul Rzanın şeirindən aşağıdakı misraları yaddaşımda saxlamışdım bir tələbəmin sualına cavabımda:
Damla dənizdə yaxşıdır,
Damlasız dəniz olmaz.
Damla dənizdən ayrılsa,
Qumlarda pünhan olar.
Əgər tarını Həmid Vəkilovdan alsaq, o, adiləşər, sadələşər və itmiş olar. Rafiq bəy bu məqalə – traktatında qəhrəmanın (bəlkə “obraz” deyək?) xarakter cizgilərini, ustad barmaqlarını, bu alətin Almaniyada, Əfqanıstanda, Fransada, Əlcəzairdə, Türkiyədə, Tunisdə, Yuqoslaviyada və digər sivil ölkələrdə layiqincə təbliğinə işıq salmışdır. Müəllif bir faktı açıqlayır: “…Konsertlərin birində – Ankarada Türkiyə Cümhur Başqanlığı simfonik orkestrinin müşayiəti ilə Hacı Xanməmmədovun “Tar ilə orkestr üçün 2 nömrəli konserti”ni Həmid ifa etdikdən sonra orkestrin dirijoru, görkəmli rumın musiqiçisi İonesku Qalatin heyrətini gizlədə bilməyib və “bravo, heyran qaldım” deyə tarzəni bağrına basıb”.
Bu sətirləri oxuyanda qürurlandım. İncəsənət adamı öz vətənpərvərlik borcunu məhz sənətində təcəssüm etdirəndə necə də rahatlanır, özünü Vətəndə görür. Həmid Vəkilov uzun illərdir qardaş Türkiyədə yaşayıb – yaratsa da özü və qəlbi Yurdumuzdadır. Mən ustad sənətkarlarımızın xarici ölkələrdə yaşayıb çalışmasını, yaxud oxumasını alqışlayıram, üstəgəl pedaqoqluğunu…
Ustad H.Vəkilov Azərbaycan Milli Konservatoriyası “Xalq çalğı alətləri” kafedrasının professorudur, Əməkdar artistdir, Beynəlxalq müsabiqə laureatıdır və ilaxır adlar. Bunları o, gənc yaşlarından qazanmışdır.
Rafiq Hacıyev yazı manerasına sadiq qalaraq xəyali fantom yaradır: “Həmid Vəkilov zil qara saçları həmişə səliqə ilə daranmış, baxışlarında qətiyyət hiss olunan, o balaca oğlana çoxmu borcludur?
– Təbii ki, çox!
Sual verə bilərsiniz:
– Yaxşı, onda o Həmiddən bu Həmidə nə qalıb?
Cavab şübhəsiz ki, birmənalı şəkildə belədir:
– Hər böyük yaradıcı insan üçün əvəzsiz bir vergi; Sənətkar sadələiyi! Həm yetkinlik dövründə, həm də kamillik və müdriklik yaşında da dünyaya uşaq kimi baxmaq bacarığı!..”
Rafiq Hacıyev iki böyük tarzən haqqında günlərin qayğılı və amansız çağlarında araşdırma motivli geniş məqalələrini çap etdirməklə, özünün istedadını, dərin müşahidəsini, məntiqi təfəkkürünü və seçim zövqünü büruzə vermiş oldu (özü həmişə bu “üçlük”dən qaçmışdır, təvazökarlığı imkan verməmişdir). O, eyni zamanda zəngin ədəbi-nəzəri biliyə, informasiyaya malik olduğunu da göstərdi.
Belə ki, xalq şairi Rəsul Rzanın poeziyasına bir ekskursiya etdi: şairin “Rənglər” şeirlər silsiləsini seçdi, özü də çox orijinal stildə: Rənglər melodiyasında sözlərin rəngi və rənglərin musiqisi barədə düşüncələrini XXI əsrdə oxucularla bölüşdürdü. Mən bu geniş məqaləni (“525-ci qəzet”, 16.01.2018 və ”Ədalət” qəzeti, 23.01.2018) oxuyanda ötən əsrin 60-cı illərinin əvvəllərinə qayıtdım. “Rənglər” “Azərbaycan” jurnalında nışr edildi və böyük rezonans yaratdı.
O dövrün uzdə olan şairləri də, tənqidçiləri də Rəsul Rzaya ədəbi hücuma keçdilər və sağdan, soldan “vurdular”. Şair özünə xas ləyaqəti və təmkini ilə susurdu, bilirdi bu şeirlər XXI–XXII əsrlər üçün də hesablanmışdır, proqnozlaşdırılmışdır. Ümumiyyətlə, Rəsul Rza poeziyası müdrik zəkanın, qabaqlayıcı hissiyyatın, poetik təlabatın məhsuludur, özünütəsdiq və özünüifadə mühüm amillərdəndir.
Şairdəki poetik mühakimə (“Rənglər”i nəzərdə tuturam) oxucuların qəlbini təzələyən, əxlaqını saflaşdıran fəlsəfəyə söykənir. Bəzi tənqidçilər şairlərdə səmimilik, bəziləri məişətçilik, bəziləri də poetik həqiqəti hiss edirdi, demək, ən optimal anlam o olardı, şairin obrazlarını mənadan ayırmasınlar, yaxud xalis məfhumlara üstünlük verməsinlər. Böyük ədib M.Qorki yazırdı ki, elimlə bədii ədəbiyyat arasında xeyli ümumilik var: həm orda, həm də burda müşahidə, öyrənmə əsas rol oynayır, necə ki, alimin, eləcə də ədibin güclü təxəyyülü olmalıdır…
Mən bu fərdi mülahizələrimin qaynağını keçmiş müşahidəmdən və Rafiq Hacıyevin təhlilindən aldım. O, ilk dəfə olaraq “Rənglər”dəki musiqililiyi sözlərin rənglərindən duymuş, pıçıldamış və məxsusi yanaşmışdır. Gətirdiyi nümunələr yerindədir. Məsələn:
Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də
rəngi var.
Düşündükcə açılır
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin.
Rafiq Hacıyev Rəsul Rza poeziyasını başa düşən, alt qatlarındakı məna çalarlarını tutan və şairin yaradıcılığına məhəbbəti olan yazıçı, jurnalist və oxucudur. Musiqiyə bələdliliyinin nəticəsidir ki, bu şeirlərin ruhunda melodikliyi üzə çıxarmışdır, yazır: “Rənglər”dəki şeirlərin fikir naxışlarında, ahəngdar misralarında, mövzu diapazonunun genişliyində, poetik dünyagörüşünün zərgər incəliyində, deyimində duyumönü xəyalımla könül-könül gəzirəm “insanda daha artıq bir insan” oyadan neçə-neçə gözəl musiqi aləmini, oktava içində nəfəs alıb rayihələnən nəğmələr, melodiyalar gülxanəsini”. Məncə, bu konkret yanaşmada xeyli mətləbləri görmək çətinlik yaratmaz.
Rafiq Hacıyevin ədəbi-nəzəri və yazıçı-publisist yaradıcılığına müraciət etməklə (cüzi) xeyli özümə qapıldım, düşündüm, olmuşları xatırladım, o qənaətimi durultdum ki, bu illərdə, hansı ki, Rafiq bəyin rəngarəng tematikasında: mövzu seçimində, onun həlli janrlarında, hansı üslubda qələmə almasında məxsusiliyinə elə də diqqət yetirməmişəm – etirafdan qaçmıram – daha yaxından ünsiyyət bağlaya bilərdim baxmayaraq yaş fərqimiz xeylidir. Lakin gec də olsa bir neçə nəsnədə daha “görünməyən” tərəflərinə bələdliyimdə yanılmadım: O, çətinliklərlə həmişə qarşılaşmışdır – cəmiyyətin labüd diqtəsidir. Mən başa düşdüm ki, insan ciddi gərginlik içində yaşayar, gizli imkanlardan xali olar. Mən anladım ki, insanın qadirliyi çox hallarda çəpərlənər, qiymətini almaz və problemlər yaradar. Mən idrak etdim ki, insan hər şeyi bacarar. Bir həqiqətdir ki, Rafiq bəydə çətinlikləri aradan qaldırmaq qabiliyyəti vardır! Axı bu həyat, bu cəmiyyət, bu fantom hər bir şəxs, o cümlədən, qələm adamı önündə həmişə sədlər çəksə də, maneələr ortaya atsa da O, bütün enerjisini, əqli və hissi imkanlarını səfərbər edib varlığını ortaya qoyur. R.Taqor deməmişmi ki, “mənim mövcudluğum mənimçin bir möcüzədir”.
Yaradıcı insanın potensialına tükənməz mənbə kimi də yanaşmaq düzgün olmazdı, nə vaxtsa – yaşın hansısa nöqtəsindəsə dayanır, təkrar ritmlərdən asılı qalır. Dahi alman bəstəkarı L.Bethoven yazmışdır: “İnsanı fərqləndirən ən ali cəhət onu maneələri dəf etməkdə inadkarlığıdır”. İstedadlı, hərtərəfli dünyagörüşlü, iradəli həmkarım Rafiq Hacıyevi istisna etməzdim…
Əlbəttə, insan taleyinin istənilən zərbəsi qəfil ələ keçmiş sərvət kimi, qiymətsiz bəxşiş kimi o şəxsin xeyrinə olur, bu da bir faktdır, baxmayaraq əzabsız yetişməklikdir. Unutmayaq ki, əzab çəkməmək də zərərli ola bilər.
Rafiq Hacıyevlə söhbətimdə yaradıcılığı ilə maraqlanmağıma cavab kimi xeyli planı, layihəsi, yozumu olduğunu açıqladı. Maraqlı dedektiv əsərlər üzərində işlədiyini, yazı masası üstündə “qaytanı açılmayan” qovluqların hələ açılmadığını söylədi.
– Çox yubanmayacağam, – dedi. – Yazmağa borcluyam. Təbii ki, yaş öz işini görür.
– Yaş üçün tələsmə, – pıçıldadım. – Hələ cavansan, enerjilisən. Rafiq bəy, bir Klark qanunu var, onun bir tərəfini götür: “Yaşa dolduqca məlumat, bilik artır…” – Susdum, soyumamış çaydan içdim.
O, stəkanı stolun üstünə qoydu.
– Bəs ikinci tərəfi? – Gülümsündü.
Stəkanı ovcumda fırlatdım.
– “…Yaradıcılıq qabiliyyəti isə azalır”, – dedim.
– Məni hansı birinə şamil edirsiz, Allahverdi müəllim? – Çayını yarısına qədər içdi və işıqlı baxışlarını mənə dikdi.
– Birinciyə. – Nikbinliklə, əminliklə dilləndim.
O, qətiyyətimə gülümsəməklə cavab verdi…
23.08.2018, Bakı
“525-ci qəzet”, № 04 (5215), 05 (5216), 9 və 10 yanvar 2019-cu il
“Ədalət” qəzeti, № 06 (5470), 08(5472), 11 və 15 yanvar 2019-cu il