Firuzə Davudqızı
…Kazımovla aralarında keçən söhbətin mövzusu bütün axşam Azərin beynində dönüb-dolandı. Onun kökündə məkr yatan qərəzli sözləri Azərin ağlını-fikrini bulandırmağa kifayət etmişdi. Eyni açılmırdı. Qonaqların getməsini səbirlə gözləyib, daha sonra evə qalxdı. Otağına keçmədən, birbaşa salona gəldi. Keçib divanda əyləşdi. Gözlərini atasına dikib, bir xeyli onun üzündəki ifadəni izlədi. Lakin bundan artıq səbir edə bilmədi:
– Ata.
Ənvər gözucu oğluna baxdı. Nə deyəcəyini gözlədi. Üzünün ifadəsindən onun əhval-ruhiyyəsinin yerində olmadığına bir daha əmin oldu. Çünki son bir saat ərzində bu nüans artıq Ənvərin diqqətini çəkmiş və o, üzə vurmasa da məclis boyu Azərin ovqatını izləmişdi.
Azər tərəddüdü bir kənara qoyub, ona rahatlıq verməyən sualı nəhayət dilinə gətirdi:
– Bu günədək məndən gizlətdiyiniz həqiqəti nə vaxt açıb deməyi düşünürdünüz?
Ənvər şübhə ilə oğlunu süzdü. Lakin təmkinini pozmayıb:
– Nəyi bilməli idin ki, biz bunu əsirgəmişik səndən? – soruşdu. – Bir az aydın danış.
– Bunu ki, Zakir adında daha bir əmim varmış! Bilmək haqqım deyildi?
Ənvərin təxmin etmədiyi bu qəfil sualdan rəngi boğuldu. Sərt baxışlarla Azərə baxdısa da bir söz demədi.
Azər gərginliyini bəlli etməməyə səy göstərərək mümkün qədər sakit tonda:
– Niyə bunu mən sizdən deyil, özgəsindən öyrənməli oluram? Niyə soyuqluq var əmilərimlə bizim aramızda? Səbəb nədir? – deyə ard-arda sual verdi.
Bu məqamda salona gələn Dilbər ab-havadan xeyir əlamət sezmədi. Sual yağan baxışlarla oğlunu, ərini süzüb, Azərin yanında əyləşdi.
Atasının dillənmədiyini görən Azər baxışlarını çevirib bu dəfə sınayıcı nəzərlərlə anasına baxdı. Gözünü ondan çəkmədən tamam ciddi halda bir də soruşdu:
– Bəlkə bu suala sən cavab verəsən, ana. Hər halda mənimlə razılaşarsan ki, bu məsələ üstündən ötüb keçiləsi bir məsələ deyil. Ciddi bir səbəb olmalıdır ki, beş qardaşdan heç biri qapını açmasın.
Dilbərin rəngi-ruhu dəyişdi. Həmin anda çevrilib narahat baxışlarla ərinə baxdı.
Bunu görəndə ilk sualına cavab almış bir sifətlə Azərin dodaqlarında acı təbəssüm dolandı.
Ənvər səbrinə hakim ola bilməyib Azərin sözünü ağzında qoydu.
– Yaman çox sual verirsən! Bilmirəm sual verməyə artıq vərdiş etmisən, yoxsa qaşınmayan yerdən qan çıxartmaq səndə adət halını alıb.
Azər narazılıqla başını buladı. İstehza ilə:
– Mən hələ sual verməmişəm! Hələ ki, əmin olmağa çalışıram, – dedi.
– Sənə aidiyyəti olmayan işlərə müdaxilə etmə! – Ənvər oğluna səsini bozartdı. – Öz işinlə məşğul ol!
– Hmm… – Azərin ifadəsi dəyişdi. Gizlətməyə çalışsa da gərildi. Kinayəli-kinayəli təkrarladı. – “Mənə aidiyyəti olmayan”…
– Azər! – Dilbər həyəcanla əlini oğlunun əlinin üstünə qoydu. Baxışları ilə ona atasının qarşısında həddini aşmamağı işarə etdi. Gözucu anasını süzən Azər cəmi bir anlıq susdu. Təkrar atasına baxdı:
– Düzü, əvvəl mən də belə düşünmüşdüm. Amma sonra aydın oldu ki, məni artıq bu işə xəbərim olmadan da aid ediblər. Başqasının adaxlısına göz dikib, nişanını ləğv etməkdə təqsirləndirilirəm.
Ənvər hiddətlə ayağa qalxdı. Qəzəblə oğluna baxdı:
– Belə düşünmələri üçün heç fikirləşdinmi ki, nə etmisən, kimin əlinə nə əsas vermisən?
Azər də gərginliyi üzünün ifadəsinə vurmuş halda ağır bir hərəkətlə yerindən qalxdı. Və özü də hiss etmədən səsinin tonunu qaldırdı:
– Mən heç vaxt belə şərəfsizlik etmərəm! Əmim oğluna isə ümumiyyətlə bunu eləmərəm! Hətta mənə düşmən olsa belə etmərəm!
– Elədirsə, bəs bu narahatlığın səbəbi nədir? – Ənvər oğluna çəmkirdi.
– Mən günahkar deyiləm ki, özümü narahat hiss edəm! Mən sizdən bunun həqiqət olub-olmadığını soruşuram! Və sualıma da düzgün cavab istəyirəm! – Azər tələbkar bir səslə dedi. Dərhal da əlavə etdi. – Mən o qızı ilk dəfə görəndə nə nişanlı olmasından xəbərim vardı, nə Zakir adında bir əmim olduğundan. Soraqlayıb, haqqında məlumat alanda qızın nişanlı olduğunu öyrəndim. Çəkilib durdum kənarda. Daha onu yoldan çıxarmaq kimi pis fikrə düşmədim. Nə zülm elədimsə, yalnız özümə elədim. Nişanı qayıdandan xeyli sonra kəlmə kəsmişəm mən onunla. İndi əmimin nə üçün günahkar bilməsi maraqlandırır məni!
Ənvər oğluna hiddətlənsə də, onun bu etirafları kişinin ürəyinə dolan şübhə və narahatlığı bir anda yox etdi. İzah olunmaz dərəcədə yüngülləşdi. Amma bunu büruzə vermədi.
Dilbər bir gözü ərində, oğluna irad tutdu:
– Biz artıq o evə elçi getmişik. Oyun-oyuncaq oynamırıq ki. Nə gərək var bu söhbətə? Niyə məsələni qəlizləşdirirsən?
– Məsələni qəlizləşdirən mən deyiləm, sizsiniz! Nəyi ört-basdır etməyə çalışırsınız? Həqiqəti söyləmək məgər bu qədər çətindir sizinçün? Bütün nəslin bizdən üz döndərməsinə səbəb olan mühüm nə baş verib ki, bunu dilə gətirməyə ehtiyat edirsiniz?
Dilbər tərəddüd yağan baxışlarla yenə ərinə baxdı.
– Bəsdirin! – Ənvər əsəbi tonda çəmkirdi. Üzünü oğluna tutdu. – Bilməyini lazım bilsəydik, xəbərdar edərdik. Başa düşə bilmirəm, kimin nə həddinə ki, mənim ailə məsələlərimi ağzına alıb müzakirə aparsın?
– İndi təklifiniz nədir, ömrümün sonuna kimi şübhə içində, cavabsız suallarla özümü qınayıb yaşayım? Bu lazımdır sizə?
– Günah belə axmaq söhbəti səninlə edəndə deyil, sənin özündədir! – Ənvər bir az da gərildi. – Sən məclisdən kənara çıxıb, tinə-bucağa çəkilib xəlvətcə söhbətə dalanda, kiməsə bu şəraiti yaradanda bilməli idin ki, bundan artığını eşidəcəksən!
Azər atasının Kazımovu nəzərdə tutduğunu və onları eyvanda gördüyünü anladı. Eyhamla:
– Haqlısan, – dedi. – Bütün bunlar öz həyatım barədə məlumatsız olmağımdan irəli gəlir. Keçmişimdən xəbərim olsa idi, irəli getməsinə əlbət ki, izn verməzdim.
Ənvər bezib-usanmış bir tövrlə oğluna baxdı.
– Həqiqəti bilmək istəyirsən? – deyə hiddətlə soruşdu.
Atasının ona ünvanladığı bu sual qarşısında Azər susqun baxışlarla onu süzüb, cavab vermədi.
Ənvər bunu görəndə:
– Tək istəyin həqiqəti bilməkdirsə, otur dinlə! – dedi.
Azər yerindən tərpənmədi. Ənvər bir az da gərildi. Amiranə bir səslə:
– Otur deyirəm! – deyə tələb etdi.
Atasının üzündəki ifadədən onun son dərəcə ciddi olduğunu görən Azər dinməzcə keçib divanda əyləşdi. Gözlərini ondan qaçıra-qaçıra, nə deyəcəyini gözləməyə başladı.
Ənvər özünə olan qəzəbini, hiddətini səsinə çökdürüb etiraf etdi:
– 30 il bundan əvvəl məcbur qalıb atdığım addım ata-anamın dünyadan vaxtsız getməsinə səbəb oldu! – dedi. – Bir düşünülməmiş addım! Bir anda verilən qərar! Təkcə bu bəs etdi ki, həm valideynlərimi itirim, həm yaxınlarımın gözündən düşüm! Və ömürlük lənətlənim! Üstəlik, ananı da bu lənətə şərik etdim! – Gözucu Dilbəri süzüb, davam edə bilmək üçün özündə son dəfə güc aradı.
Dilbər dözməyib, doluxsunmuş halda salonu tərk elədi. Yaşadıqlarını illərdir unutmağa çalışdığı halda bir də təkrarən ərinin dilindən eşitməyə, onun gözünün önündə necə əzab çəkdiyini görməyə tab gətirə bilməyəcəyini anladı.
O, gedəndən sonra Ənvər köks ötürüb, nağıl etməyə başladı.
Bütün diqqəti ilə onu dinləyən Azər atası haqqında bu günədək bilmədiyi həqiqətləri onun öz dilindən duyub, agah oldu.
“…Zakir ailənin ilk nübarı, qardaşların böyüyü, Ənvər isə evin sonbeşiyi idi. Zakirlə Ənvərin arasında 8 yaş fərq vardı.
6 oğul, 1 qız sahibi olan Nüsrətin qəlbində Ənvərin məxsusi yeri vardı və bu fövqəladə məhəbbət ata-oğul sevgisindən də yüksək, qırılmaz tellərlə bağlı idi. Nüsrət Ənvərə hər zaman 5 oğlundan fərqli münasibət göstərib fəxrlə “Bu uşağı Allah mənə mükafat bəxş edib!” deyərdi.
Atasının bu sözləri hər xatırlayanda Zakiri qılınc kimi doğrayır, qəlbində yanıb tutuşan qəzəb alovunu, kin-küdurət atəşini ərşə qaldıran bir qığılcıma dönürdü.
Ənvər böyüyüb yaşa dolduqca Zakirin qəlbində kök salmış nifrət, ədavət hissi də böyüyüb qabarırdı. Qardaşının nailiyyətlərini, atasının gözündəki hörmət-izzəti gözü götürməyən, buna qatlana bilməyən Zakir bu məhəbbəti yox etmək, kökündən vurub yıxmaq üçün az qala gün sayır, sanki tətikdə gözləyirdi.
Nüsrət kişi özü ruhani olsa da elmə, təhsilə, maariflənməyə böyük əhəmiyyət verirdi. Və təkcə dini savadla kifayətlənməyib, övladlarının hər birini oxutdurub peşə sahibi etmişdi. Oğlanları ali savada yiyələndikdən sonra və illər ötdükcə hər biri öz vəzifəsində irəli çəkildikcə daha kənddə qalmayıb, şəhərə üz tuturdular.
Ənvər hüquq fakültəsində sonuncu kursda oxuyarkən Xızıdan olan dostu Səməndərin toyunda Dilbər adlı bir qıza ürəkdən vurulur. Bir müddət sonra qız da ona biganə qala bilmir. Bir-birinə könül verib, bağlanırlar. Tez-tez məktublaşır, fürsət tapdıqca görüşürlər. Ənvərin bir ayağı Bakıda, bir ayağı Xızıda olur. Dəli-divanə kimi öz yarını görmək arzusu ilə yollarda qalır.
Ailədə bu məsələdən ilk xəbər tutan Zakir olur. O, bu sevgidən duyuq düşən gündən bu işin baş tutmaması üçün hər vəchlə çalışır. Elə bununla da gələcək əzablı günlərin başlanmasına səbəb olur.
Gələcəklə bağlı arzularla yaşayan, vüsala çatmağa tələsən sevgililərin başlarının üstünü tezliklə qara buludlar alır. Dilbəri ad-sanı ilə sayılıb-seçilən mötəbər bir ailənin oğluna onun razılığı olmadan nişanlayırlar. Və hər iki tərəf toy tədarükünə başlayır. Bu xəbər hər kəsdən çox Zakiri sevindirir. Ənvərin bundan sonra həyatdan küsəcəyini, gələcəklə bağlı bütün planlarının alt-üst olacağını düşünərkən zənnində yanılır. Ənvər heç kəsin ondan gözləmədiyi, ağıllara gəlməyən bir iş tutur. Sevdiyi qızı onun toyu günü Mərdəkan kəndinə qaçırır. Bu hadisəni birmənalı qarşılamayan, qəbul etməyən ailəsi, xüsusən də atası ən sevimli oğlunu yanında gətirdiyi qızla görəndə sarsılır.
Ənvəri atasının gözündən salacaq bu addım, bu böyük səhv Zakir üçün göydəndüşmə bir fürsət olur. O, xüsusi canfəşanlıqla irəli çıxıb, atasına qardaşını və gətirdiyi qızı göstərərək özünə xas əda ilə istehza edir:
– Buyur, ata! Bu da sənin hər zaman iftixar etdiyin, 5 oğlundan üstün saydığın, qeyrət rəmzi hesab etdiyin istəkli oğlun! Görürsən də, səni bu kənddə, qohum-əqrəba içində necə rəzil-rüsvay elədi! Adət-ənənə saymadı! Səni, bizi heç eləyib yerə vurdu! Başqasının evinə gəlin köçməyə hazırlaşan, özgənin namusunu sənə gəlin gətirib! Fəxr elə oğlunla! Nə özündən böyük qardaşlarını adam hesab elədi, nə də səndən məsləhət istədi! Bütün kənd tüpürdü bizə! İndi gəl, adam arasına çıx görüm, necə çıxırsan! Namusdan-qeyrətdən danış!
Atası bu sözlərdən sonra ağzını açıb bir kəlmə də demir. Yalnız məyus halda, tutqun baxışlarla Ənvəri süzüb, səssiz-səmirsiz öz otağına çəkilir. Və bundan sonra bir daha kimsənin qarşısına çıxmır. Bundan ruhlanan Zakir hökmranlığı öz əlinə keçirir. Üzünü Ənvərə tutub:
– Bu gündən sonra səni bir də bu qapıda görməyim! – deyir. – Əgər qardaşlarım da səni əfv etmək, qəbul etmək fikrinə düşsələr, o zaman məndən inciməsinlər. Səninlə birlikdə bu qapıdan elə bu dəqiqə çıxa bilərlər. Sən artıq bizim üçün bir ölüsən, bunu unutma! Və çalış, bir də buralara ayaq basma!
Anası Şəfiqənin, bacısı Ruqiyyənin yalvarışlarını nəzərə almayan Zakir Ənvəri evdən qovur. Qardaşları da Zakirin qəzəbinə tuş gəlməmək üçün buna etiraz etmirlər. Heç bir qohum Ənvəri evinə qəbul etmək istəmir. O, əlacsız qalıb qızı da götürüb Yasamala – dostu Səməndərin yanına, onun yeni köçdüyü mənzilə gəlir. Vəziyyəti ona danışır. Ev tutub iş tapana kimi müvəqqəti sığınacaq tapmaqda ona dəstək olmasını istəyir. Və beləcə heç bir dayağı, köməyi olmamasına rəğmən dik dayanmağa çalışan Ənvərin elə həmin gecə aldığı qara xəbər qəddini bir anda bükür. Dostundan atasının vəfat etdiyini öyrənir. Bu xəbərə sarsılıb yerlə-yeksan olmuş Ənvərin dəfndə və atasının yas mərasimində iştirak etməsinə izn verməyən qardaşları onu görmək istəmədiklərini hər kəsə bəyan edirlər. Cəmi yeddi gün sonra isə o, həyatdan növbəti ağır zərbəni alır. Anasının itkisi dərdinə bir dərd də əlavə edir. Həyatdan bütünlüklə küsür, bədbinləşir.
Bu hadisədən sonra daha da hiddətlənən Zakir qardaşını cəzalandırmaq fikri ilə dinclik tapmır. Əliçıraqlı hər yerdə onu axtarır.
Həmin ərəfədə Ənvər Səməndərə yük olmaq istəməyib, dostunun iradına rəğmən onun yanından ayrılır. Kirayə tutduğu həyət evlərindən birinə köçür.
Dilbərin ailəsi milisə şikayət ərizəsi verdiyinə görə onların axtarıldığını bilən Zakir izlərinə düşüb, soraqlayıb Ənvərin qızı harada gizlətdiyini öyrənir. Və nə yollasa Dilbərin nişanlısı olmuş oğlana xəbər çatdıraraq qardaşının və qızın yerini ona nişan verir.
Qisas yanğısı ilə yanıb-tutuşan oğlan xəbəri alar-almaz ona deyilən ünvana gəlir…
Həmin gün
…Bu məqamda evdə tək olan Dilbər Ənvəri gözlədiyi üçün gələnin Ənvər olduğunu sanıb, həyəcanla qapıya yüyürdü. Lakin son anda qəlbinə dolan qəribə bir hissdən qapını açmağa ehtiyat edib, gözlədi.
Qapının açılmadığını görən Akif bu dəfə düyünlənmiş yumruğu ilə daha sərt və hövsələsiz bir şəkildə döyməyə başladı.
Bunu duyan Dilbərin həyəcanına qorxu və təşviş əlavə olununca, əli-ayağı titrəməyə, ürəyi yerindən çıxacaq dərəcədə şiddətlə çırpınmağa başladı.
Ailəsinin onları hər yerdə soraqlayıb axtardıqlarını bildiyi üçün qapının döyülmə şəklindən izlərini tapdıqlarına əmin oldu.
Birdən araya qəribə bir səssizlik çökdü. Dilbər qulağını qapıya dirəyib, titrəyə-titrəyə dinlədi. Hənirti yox idi. Gələnin çıxıb getdiyi ehtimalı ilə dəhlizə, oradan da salona keçdi. Salona çatması ilə yerində quruyub qaldı. Onu saran təlaşdan rəngi ağardı.
Akif əlində bıçaq, gözləri qan çanağına dönmüş, üzündə qəzəbli ifadə ilə ona baxırdı.
Dilbər taybatay açılmış pəncərəyə, yarı hissəsi qırılıb havadan asılı qalmış pərdəyə ani nəzər salarkən Akifin pəncərədən içəri daxil olduğunu anladı. Onun gərginlikdən necə əsdiyini və əfv etmək fikrində olmadığını baxışlarından oxudu.
Akifin əlində tutduğu bıçağın üzərindəki barmaqları bütün hiddəti ilə açılıb-sıxıldı. Dişlərini qıcaya-qıcaya:
– Küçükk! – deyə nifrətlə dilləndi. – Sanırdın dünya belə böyükdür də. Qaçıb gizlənməyə harda olsa yer tapılacaq da, həri?
Dilbər geri-geri addımlayaraq qaçıb qurtulmağa cəhd etdi, lakin buna vaxtı çatmadı. Akif irəli cumub onu tutdu.
Dilbərin:
– Kömək edin! – deyə çığırıb haray qoparmasına dərhal mane oldu. Ağzına qapadığı əli ilə səsini boğdu. Saçlarından yapışıb qızı göz qırpımında yerə sərdi. Və qurbanlıq kimi başını dizinin altında saxladı. Bıçağı onun boğazına dirəyib:
– Hardadır o biqeyrət! – deyə zəhmli-zabitəli bir səslə bozardı.
Dilbər cavab vermək iqtidarında olmadı, göz yaşları yanaqlarına süzülə-süzülə titrədi. Bunu görən Akif:
– Yerini deginən o binamusun! – deyə hiddətlə bağırdı. – Susma, dillən!
Dilbər Akifin bu tələbi qarşısında daxilən son saniyələrini sayıb, eyni zamanda da:
– Ənvər! – deyə sevdiyi insanın adını pıçıldadı. Özünü onun köməyinə yetirsin deyə inlədi. – Tez gəl, yalvarıram!
Bunu eşidib dəliyə dönən Akif Dilbərin xirtdəyindən yapışıb, onu yerində dikəltdi. Qəzəblə gözlərinin içinə baxa-baxa bıçağı Dilbərin yanağına dirədi.
– Sənin hər tikəni bir tindən tapacaqlar! Söz verirəm sənə! Sən ki məni millətə belə rüsvay elədün a, asan ölüm yoxdur səninçün! Bilmiş ol! O biqeyrətin aqibəti necə olacaq, onu bir mən bilirəm! Amma belə asanlıqla ölməyəcəksən! Əzab içində qıvrılacaqsan! Asan ölüm sənə mükafat olar yalnız!
Bu məqamda dəhlizdə duyulan addım səslərinə çevrilən Akif o anda yediyi yumruq zərbəsi ilə ani olaraq karıxdı. Özünü toplamağa macal tapmadı. Növbəti zərbə onun burnunu tutdu.
– Neynirsən, ala, sən?! – Hirslə yaxasından yapışıb onu burnu bərabərində saxlayan Ənvər gərginliklə bağırdı. – Özünü kim sanırsan sən?!
Ənvəri görməsi ilə gözlərinə işıq gələn Dilbərin sevinci uzun sürmədi.
– Mən kiməm? – Akif qəzəblə kinayəli-kinayəli güldü. Dərhal da ciddiləşib bütün hiddəti ilə səsini qaldırdı. – Namusuna sataşdığın adamam! Elə bildün elədiyün qələt cavabsız qalacaq?
Ənvər Dilbərə qonşu otağa keçməsini işarə edib, üzünü Akifə tutdu:
– Sənin söhbətin mənimlədir, məninən et söhbətini! Gücün köməksiz qadına çatır?
Akif əlindən yerə saldığı bıçağı bir anda qapıb Ənvərin üstünə şığıdı. Lakin bıçağı ona saplamağa imkanı olmadı. Çünki dəhşət içində çığırıb özünü irəli atan Dilbər Ənvərlə onun arasına girməyi bacarmışdı.
Akif bunu görsə də geri çəkilmədi. Dilbəri öldürmək niyyətində olduğunu onun baxışlarından anlayan Ənvər inadla irəli dartındı. Akifin biləyindən yapışıb var gücü ilə sıxdı. Bıçağı onun əlindən yerə salmağa çalışdı.
Bu anlarda Akifin qəzəbi coşub qaynayır, gözü ayağının altını görmürdü. Bir yandan Ənvərə müqavimət göstərsə də, eyni anda bütün cəhdi ilə Dilbərə xəsarət yetirməyə çalışırdı.
Köksünə dirənmiş bıçağın iti ucunu vücudunda hiss edib titrəyən Dilbər göz yaşları içində bircə bunu deyə bildi:
– Ona qoşulub qaçmağı mən özüm istədim! Mən! Öldürəcəksən, məni öldür, amma ona qıyma! Məndən daha sənə yar olmaz! Burax yaxamı! Mən artıq ona məxsusam!
Dilbərin bu sözləri Akifin başı üzərində çaxan şimşəyə döndü. Bir daha öldü sanki. Sarsılmış halda duyduğu sözlərin mənasını anlamağa çalışdı. Sifəti, dodaqları səyridi.
Bu anlar cəmi bir neçə saniyə çəkdi. Bu məqamda ixtiyarsız olaraq əlindən yerə düşən bıçağın cingiltisi sanki onu özünə gətirdi. Düyünlənmiş yumruğu ilə Dilbərə birini çəkdi. Müvazinətini itirən Dilbərin başı divanın küncünə zərblə çırpıldı və o, hərəkətsiz halda yerə sərildi. Gözləri qapanmaqda ikən gördüyü son görüntü Ənvərlə Akifin bir-birini ölümünə yumruqlaması idi. Sonra ətraf qaranlığa qərq oldu.
Gözlərini açanda başı Ənvərin dizinin üstünə idi. Sevdiyi insan mənən yıxılmış, talan olmuş baxışlarla məyus halda onu süzürdü.
Dilbərin zəif səslə dilinə gətirdiyi ilk kəlmə bu oldu:
– Ənvər!
– Sakit ol, qorxutma özüvü, indi həkim gəlir. – Ənvər tutqun halda güclə dilləndi. Barmaqları ilə onun qan süzülən gicgahını sığalladı. – Hər şey yaxşı olacaq!
Dilbər çaşqın baxışlarla Ənvəri süzdü. Heç nə anlamadı. Gözlərini sıxıb, təkrar açdı. Otaq başına fırlanırdı. Əlini gicgahına apardı:
– Nə baş verib?
– Sənə bunları yaşatdığım üçün məni bağışla! – Ənvər əzab dolu bir ifadə ilə üzünü yana tutdu. Sinəsi təlatümlə qalxıb-endi.
– Ənvər! Əlin… – Dilbər dəhşət içində Ənvərin əlindən tutdu. Dərin kəsildiyini gördü. Bıçaq sümüyə kimi işləmişdi. Qanı durmaq bilmirdi. Ənvərin üst-başı, köynəyi də qana bulaşmışdı.
Dilbər birdən Akifi xatırladı. Bir az əvvəl yaşananlar ona kabus dolu bir yuxu kimi gəlirdi. Amma bu bir gerçək idi.
Akifə ünvanı qardaşı Zakirin verdiyini öyrənməsi Ənvəri bir daha yıxmış, alt-üst etmişdi. Aldığı yaranı Akifin əlindən deyil, doğma qardaşından almış kimi hiss edirdi.
Dilbərə sonradan məlum oldu ki, qonşulardan kimsə milisə zəng vurub xəbər vermiş, hüquq mühafizə orqanı əməkdaşları tezliklə burada olmuş və Akifi nəzarət altına almışdılar.
Həmin gün dindirilərkən Dilbər Ənvərə öz razılığı ilə könüllü qaçdığını ərz etdikdən sonra milis qızın yaşının nikaha girmək üçün uyğun olduğunu bildirib, tərəflərin barışmasını təklif etmişdi.
Səməndərin atası Yaqub kişi valideynlərin barışmaq niyyətində olmadığını görəndə özü irəli durub gənclərə kəbin kəsdirir, öz övladı kimi evində yer verir. Yaqub kişi çox sonralar da ailəsinin Ənvərlə barışması, gəncləri bağışlamaları üçün təşəbbüs göstərir, vasitəçilik edir. Amma bu cəhdləri heç bir nəticə vermir.
Aradan xeyli ötəndən sonra Ənvər ata-anasının məzarını ziyarət edərək ürəyindəki qübarı, nisgili xəfiflətməyə çalışır. Amma bir yandan yenə də bir qanadı qırıq, ürəyi dağlı yaşayır. Çox keçmir ki, Tanrı ona yenidən həyata bağlanması üçün önəmli bir səbəb bəxş edir. Oğlu dünyaya gəlir. Yaqub kişi:
– Ocağını, odunu qorusun, igid, qüdrətli bir kişi olsun, inşallah! – deyib körpəyə Azər adını verir.
Erkən evlənməsinə baxmayaraq 12 il sonra ata olan Zakirin də ilk övladı Saleh Azərlə bir gündə dünyaya gəlmişdi.
Azər doğulan gündən ata-anasına uğur gətirir. Ayağı düşərli olur.
Nəvələri dünyaya gələndən sonra Dilbərin ailəsi barışıq edib, onları bağışlayır. Aradakı buzlar qismən də olsa əriyir.
Ənvər qayınatasının və onun sanballı qohumlarının heç bir təklif və yardımlarını qəbul etmir. Savadını və təcrübəsini artırmaq üçün gecə-gündüz yorulmadan çalışır. Həm oxuyur, həm işləyir. Özünə cəmiyyətdə layiqli yer tuta bilmək, şərəfli ad, nüfuz qazanmaq, alnı açıq, vicdanı təmiz yaşaya bilmək və ən əsası yeganə balası Azərin gələcəyini qurmaq üçün hər cür çətinliyə, sınaqlara sinə gərir. Bu illər ərzində respublikanın şəhər və rayonlarında, o cümlədən Bakıda prokuror vəzifəsində təyinatla işləyir. Qanunpərəstliyi ilə ad çıxarır. Onun uğurları da hər xəbər kimi Zakirə çatır. Amma Zakir öz düşmənçilik niyyətindən heç vaxt əl çəkmir”.
(Ardı var)