Şəhrizadın… tarzən Ramiz Quliyev nağılı (4)
Rafiq Hacıyev
yazıçı-jurnalist, Cəfər Cabbarlı
və Rəsul Rza ədəbi mükafatlar laureatı
MİN DOQQUZUNCU GECƏ
düşdükdə Dünyazad üzünü bacısına tutub buyurdu:
– Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılın ardını danış..
Şəhrizad da bacısına cavabında dedi:
– Şahım icazə versə, davam etdirərəm.
Padşah buyurdu:
– Danış.
Qız iltifatla dilləndi:
– Baş üstə, gözm üstə! Şah sağ olsun, mən bu gecə, inşallah, sizə Azərbaycan musiqisində daha çox inkişaf etmiş “Segah” muğamı və onun Ramiz Quliyev tərəfindən bənzərsiz ifa olunması, tarzənin özünün daxili aləmini və təkrarolunmaz, orjinal üslublu ifa tərzinin həzin lirizm çalarlı ecazkar incəliklərini gözəl əks etdirməsi barədə bir qədər ətraflı danışacağam.
Ərz edim ki, azəri musiqisində “Segah”ın əsas etibarilə üç növü var: “Zabul – segah”, “Xaric segah” və “Mirzə Hüseyn segahı”. Bunlardan əlavə “Segah” daha iki variantda da çalınıb oxunur. Həmin variantlar bunlardır: “Orta segah” və “Yetim segah”.
Adlarının müxtəlif olmasına baxmayaraq, bunların hamısı eyni muğam olub, bəzi xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənirlər.
Ramizin bütün “Segah”ları poeziyanın az miqdarda ifadə edə bildiyi, muğamın isə əsl ifadəçisi olduğu hiss və həyəcanlar üçün gen-bol yol açır. Burada insanın ən gizli, ən incə duyğuları tarın ecazkar dili ilə əks olunur.
Ramiz kədərin, hicranın, ayrılığın qanına boyanan səsini çalır “Segah”da. Bu səsin hay-harayından az qalır ki, tarın çanağı partlaya. Tarzən heç kəsi təqlid etmədən özünü təqlid eləyir, özünü çalır. Simlər od tutub alışır, onu çalan barmaqları qarsalayır (alazlayır).
”Ürək kədərinin” yanıqlı əks-sədası kimi səslənən, insanı lərzəyə salan hüzünlü hisslərlə dolu olan “Segah”ın melodiyası, getdikcə qəlbini geniş açaraq kədərin “eyş-işrət” məclisində “əhval-ruhiyyələrin dəyişmə” xarakterini mizrabın sızıltılı qəlbi ilə əks etdirir. “Alovlu qəlbə” malik tardan coşqunluğu, ehtirası və duyğuları hər kəsə aydın və yaxın olan, sevinc və mərhumiyyətlərə cavab verən, çox səmimi, canlı insan səsi eşidilir.
Bu barədə Allah vergisi olan böyük şair Səməd Vurğun (Onun ruhu şad olsun!) gözəl deyib. Şəhrizad avazla şairin bu şeirini oxudu:
Yenə “Zabul-segah”, yenə o nalə,
Bir qaranlıq çökür qəlbə, xəyala.
Nə qədər yaralı barmaqları var…
Belədir sevdaya düçar olanlar.
Bəzən də gecələr səhərə qədər
Dinib-danışdıqca o sarı simlər
Xəyala qərq olur bütün asiman
Böyük yaranmışdır əzəldən insan.
”Segah” Ramizin qəlbində çox şeylərin qaynayıb daşdığı musiqi etirafıdır. Bu etirafda səslər vasitəsilə, mizrabın qəlbi, pərdələrin harayı ilə öz istəyini verirsən, necə ki, lirik şair şeirləri vasitəsilə öz hisslərini ifadə edir. Burada fərq yalnız ondan ibarətdir ki, ürəkdə yuva quran hisslərin minlərlə müxtəlif anını əks etdirən muğam , daha qüdrətli vasitələrə və daha incə dilə malikdir.Bizi özünə cəlb edən və insanın qəlbinə işləyən bu muğam elə dərindir ki, onu unutmaq olmaz.
Bir məsələni də deyim, məqsədim var. Musiqi nəzəriyyəsinə görə, hər hansı əsər, melodiya yaxud mahnı müxtəlif tonlarda – ucalıqlarda çalınıb oxuna bilər ki, buna da tonallıq deyilir. Bu qayda ilə muğamların hərəsi müəyyən bir əsər olduğu üçün onların da müxtəlif tonallıqlarda çalınıb oxunması tələb olunur.
“Segah” muğamı da ucalıq etibarı ilə müxtəlif pərdələrdə çalınıb oxunmaqla özünün tonallığını yaradıb. Bu muğamı Azərbaycanda beş tonallıqda ifa olunur: kiçik oktavadakı si mayeli “Xaric segah”, birinci oktavadakı mi mayeli “Orta segah”, birinci oktavadakı lya mayeli “Mirzə Hüseyn segahı”, birinci oktavadakı re mayeli “Segah” və birinci oktavadakı sol mayeli “Yetim segah”. Biləsiniz ki, Yaxın və Orta Şərq ölkələrinin heç birində “Segah” muğamının müxtəlif adlarla bu qədər tonallıqda ifa olunmasına təsadüf edilmir.
”Segah” muğamının Azərbaycan xalq musiqisində müxtəlif mayelərlə çalınıb oxunması heç də təsadüfi deyil. Bu hal “Segah”ın Azərbaycan musiqisində bir səciyyəvi muğam kimi inkişafı nəticəsində özünün məqam-tonallığını yaratmasından irəli gəlir. Lakin bunlardan hər biri quru səs sırası şəklində olan qammalar deyil, “canlı”, emosional cəhətdən dolğun olan melodik məqamlar – muğamlar şəklində meydana çıxıır.
Ramiz “Segah” muğamında şirin barmaqları ilə insanları həyəcanlandıran hissləri elə bir ustad dolğunluqla əks etdirir, sənətkar onu ilhama gətirən sevginin, məhəbbətin, vüsalın, qəlbini yandırıb göynədən hicranın “portreti”ni elə həqiqi boyalarla verir ki, bunlar sözün əsl mənasında dinləyicini valeh edir.
Bu, nə yaradıcılıq dağının təpəsi, nə də bu dağın yüksək yeridir, bu, onun yaradıcılığının zirvəsi, ən yüksək nöqtəsidir!
“Segah” muğamı Ramizin ən səmimi, ən poetik ifaları sırasındadır. Və bu ifa barədə yazılmış ürək sözlərini oxuduqca bircə anlıq düşünürəm ki, əgər artist qəlbinin ilham adlandırılan vəziyyəti… fasiləsiz davam etsəydi, bircə gün də yaşamaq mümkün olmazdı. Simlər qopar və tar sınıb xıncım-xıncım olardı!
Danılmaz həqiqətdir ki, Ramiz tarda “Segah”ı çox əla çalır. Lakin bu muğam həmişə mənə ürəkçıxıcı bir təsir bağışlayıb. Mənə həmişə elə gəlib və indinin özündə də elə gəlir ki, tarın içində məhəbbət bəlasına giriftar olmuş bir aşiqin ürəyi var, yarın vüsalına qovuşmadığına görə bu ürəkdən daima yanıqlı bir inilti qopur və həmin zavallı aşiq onu səs çıxartmağa məcbur edən zalım tarzənin əlindən zara gəlib…
Ramizin sehirli tarında olan hikmət barədə istedadlı şair Rasim Kərimlinin (Onun ruhu şad olsun!) yazdığı şeir də çox gözəldir. Şəhrizad avazla bu şeiri oxudu:
Sinən gözəlliklər xəzinəsimi,
Bahar nəsimimi əsər tarında?
Günəşmi boylanar, Aymı üfüqdən,
Buludmu səbrimi kəsər tarında.
Şaxtamı hardasa bağları vurar,
Fitnəmi qeyrətin qəsdinə durar?
Xəzanmı gülləri vaxtsız soldurar,
Qönçəmi saralar, küsər tarında?
Arazmı ağlayar, Kürmü çağlayar?
Həsrətmi, hicranmı sinə dağlayar?
Durnamı göylərdə ayaq saxlayar,
Sonamı göllərdə üzər tarında?
Qartalmı göylərin bağrını dələr,
Bülbül avazımı bağdan yüksələr?
Maralmı dəstəylə bulağa gələr,
Kəklikmi dağları bəzər tarında?
Hünərmi sevinər, vüsalmı gülər,
Zülmətmi sovuşar, danmı sökülər.
Göylərdən yerə nurmu tökülər,
Ceyranmı “ox kimi süzər” tarında?
Buludmu dağılar, sellərmi daşar,
Bahar təravətmi, ətirmi saçar,
Arzular, diləklər çiçəkmi açar,
Gözəllər incimi düzər tarında?
Koroğlu düşməndən qisasmı alar,
Nüşabə kamalı zəfərmi çalar,
Nizami zəkası şəfəqmi salar,
Füzuli şəkərmi əzər tarında?
“Segah”mı, “Hicaz”mı, “Hisar”mı yanar,
“Qatar”mı, “Şahnaz”mı ərşə dayanar,
“Mahur”mu, “Çahargah”mı, “Şur”mu oyanar,
“Rast”mı tufanlara dözər tarında?
Leylilər, Məcnunlar məhəbbətimi,
Babək qılıncının əzəmətimi,
Bu ana torpağın təravətimi,
Yaşayar tarında, gəzər tarında.
Bəs onun ifa etdiyi “Segah”lardan birində – ”Xaric segah”da Ramizin müvəffəqiyyətini şərtləndirən başlıca səbəb nədir? Musiqi pərəstişkarı olaraq mənim fikrim belədir: Hamı kimi Ramiz də “Xaric segahı” zildə, qəbul edilmiş pərdədən və registrdən başlayır və bir ideyanın – əsas musiqi fikrinin inkişafını izləyir, bütün diqqətini obrazın səciyyəsinin təcəssümünə yönəldir. Lakin eyni zamanda qabil tarzən ilk mizrabdan “mən”indəki orjinal oxşarsızlıqları bacarıqla, səliqə ilə, zövqlə nümayiş etdirməyə başlayır.
Musiqişünas Xanəli Quliyev (Onun ruhu şad olsun!) demişkən, “dərhal hiss edirsən ki, Ramizin qarşısında mürəkkəb, çətin təfsirçilik məqsədi, məsələsi durur. Doğrudan da virtuoz musiqi ifadəliyi formaları və priyomları, onların müxtəlif dramaturji rolu və əhəmiyyəti hələ zil “Xaric segah”da diqqəti cəlb edir.
Tarzən obraz tamam hasil olunana qədər muğamın bu hissəsində seçilmiş ştrixlərin dəqiqliyi, bunların müvəffəqiyyətlə qarşılaşdırılması və əlaqələndirilməsi ilə fərqlənən gözəl tematik inkişaf üslubu nümayiş etdirir”.
Bu üslub tarın yüksək registrdə necə də tükənməz imkanlara malik oldugunu bir daha aşkara çıxarır. Burada bir cəhət xüsusi vurğulanmalı və təqdirə hal sayılmalıdır ki, zil “Xaric segah”da Ramiz virtuoz gəzişmələrə deyil, “mənşəyi, özəyi eyni olan melodik parçaların variantlı inkişafına, onları tez-tez bir-birilə qarşılaşdırmağa, beləliklə də intonasiyaların, kiçicik melodik dönüşlərin və bəzəklərin mürəkkəbliyi və zənginliyinə əsaslanan müxtəlifliyin gözəl, təbii vəhdətinə güclü meyl göstərir”.
Bu müvəffəqiyyəti şərtləndirən digər bir cəhət də var, o da bundan ibarətdir ki, Ramizin ifa zamanı “bədii fikrin hərtərəfli açılmasına, obrazın parlaqlığına, həqiqiliyinə, geniş miqyasda inkişafına və bu inkişafın intensiv dinamikliyinə və məqsəduyğunluğuna çalışmasıdır”.
Bunun nəticəsidir ki, Ramiz həmin ifada registr təzadlarından, yəni eyni kiçik melodik parçanı gah aşağı, gah da yuxarı registrdə səsləndirmək, bədii fikri yığcam gəzişmələrdə inkişaf etdirərkən cingənə simlərdən fon kimi istifadə etmək sayəsində çox orjinal, effektli ahəng yaradır.
Onun mizrabının “ürəyindən su içib” qanadlanan səslərin dinləyiciyə bağışladığı təsiri artıran ən qüdrətli amil yüksək bədiilik, incə zövq və əsl ilham məhsulu olan çalğıda aydın və səlis ifadə qabiliyyətidirsə, digər məziyyətlərindən biri də tar ifaçılığının ən mürəkkəb və çətin priyomlarına mükəmməl yiyələnməsidir.
Ramizin ifaçılıq məharətinə xas olan cəhətlərdən danışarkən mən bu məqamda burada vacib və əhəmiyyətli bir məsələyə toxunaraq, tarda sərbəst çalmağın zəruru şərtlərindən sayılan əllər və barmaqlar məsələsini qüdrətli şahımızın nəzərinə çatdırmağı lazım bilirəm.
Qeyd etdiyim bu cəhət çalğı zamanı barmaqların tarın üzərində qayda ilə yerbəyer edilməsilə – yəni düzgün applikatura ilə çox əlaqədardır. Tar çalanın əlləri nisbətən böyük, barmaqları uzun və güclü olmalıdır.
Musiqi professoru Əfrasiyab Bədəlbəyli (Onun ruhu şad olsun!) bu barədə belə yazıb: “Tarçı, məsələn, “Orta segah”ı çalarkən birinci barmağını (tarda birinci barmaq şəhadət barmağına, ikinci – orta barmağa deyilir. – R.H.) ağ simin birinci oktavada fa pərdəsi üzərində möhkəm saxlayaraq ikinci barmağı sarı simdə re pərdəsinə və nəhayət, üçüncü barmağı sarı simdə mi pərdəsinə basıb sarı simdə ikinci və üçüncü barmaqlarla sərrast trel (trel, musiqidə bəzəkçi səslərin əldə edilməsi üçün istifadə olunan müxtəlif priyomlardan biridir. – R.H) vurmağı bacarmalıdır.
Tarda “Orta segah”ın yaxşı ifası üçün bu applikaturaya riayət etmək mühüm şərtdir. Barmaqları qısa və gücsüz olan tarçılar “Orta segah” çalırkən bu applikaturanı dəyişdirməyə (yəni birinci barmağı ağ simdə sol notası, ikinci barmağı sarı simdə mi pərdəsi və üçüncü barmağı fa pərdəsi üzərinə qoymağa) məcbur olurlar ki, bu heç də düzgün applikatura sayıla bilməz”.
Allah-təala (O, böyükdür, şəni də çoxdur!) Ramizin əllərini elə bil yalnız tar çalmaq üçün yaradıb. Ustadın Şuşadan olan tar müəllimi Məmməd (Onun ruhu şad olsun!) bunu duyub öz üzərinə düşən ilk vəzifəyə – Ramizin əllərinin çalğı zamanı düzgün qurluşunu təmin etməkdən ibarət olan vacib cəhətə xüsusi diqqət yetirib. Müəllim şagirdinin tarı dürüst tutması üçün ona yaxşı və düzgün quruluş verib.
Yeri gəlmişkən bir məsləni də vurğulayım. Çalğı zamanı tarzənin iki əli arasındakı münasibətin – yəni sağ əli ilə sol əli arasındakı müvazinətin də böyük əhəmiyyəti var. Təcrübə göstərir ki, əlləri “çəp” tarzən öz texnikası üzərində nə qədər çalışırsa çalışsın, onun ifası mütləq qüsurlu olacaq. Çünki ya sağ əl sol əlin barmaq texnikası ilə “ayaqlaşa” bilməyəcək, ya da sol əl mizrabın ayrı-ayrı ştrixləri (musiqi səslərinin çalğı zamanı uzadılıb davam etdirilməsi üçün tətbiq edilən üsullardan biridir. Bu üsul çalğıçının əsas etibarilə sağ əlinin əməliyyatı ilə əlaqədardı. – R.H) taraz gəlməyəcəkdir.
Ramizin isə hələ kiçik ikən Ağdamda kəsb etdiyi tar məktəbi o qədər dürüst və möhkəm əsaslar üzərində qurulub ki, o mizrab tutan əli ilə nə qədər mürəkkəb ştrixlər işlədirsə işlətsin, sol əllə sağ əl arasındakı həmsazlıq və son dərəcə dəqiq müvazinət daim sabit, daim pozulmaz qalır.
Hansı muğamı və ya rəngi çalırsa-çalsın, onu dolğun və ifadəli bir şəkildə dinləyiciyə çatdırır. Tutarlı və gözəl mizrabları o qədər samballı və aydın səslənir ki, onun tarın bütün imkanlarından bacarıqla istifadə etdiyinin şahidi olursan. Xanəndəni “oxutmaq”, onu ruhlandırıb cuşə gətirmək tarzəndən qüvvətli bir bilək, həm də xüsusi məharət tələb edir.
Bu sənətkarlığın nədən ibarət olduğunu aydınlaşdırmaq üçün bir cəhəti qeyd etməliyəm. Məlum bir həqiqətdir ki, tarzənin xanəndə ilə çalması solo çalğıdan fərqlənir. Elə tarzənlər var ki, onlar yaxşı solo çalsalar da, xanəndəni oxutdurmaqda çətinlik çəkirlər.
Yaxud əksinə, bəzən görürsən ki, xanəndəni yaxşı oxuturan bacarıqlı bir tarzən, solo çalarkən dinləyicini qane etmir. Lakin Ramiz öz yaradıcılığında bu iki cəhəti bacarıqla uzlaşdırmış sənətkardır.
Onun çalğısını uzun illərdən bəri maraqla dinləyən sənət dostları yaxşı bilirlər ki, o, muğamları gözəl solo ifa etməklə yanaşı, xanəndələri də bacarıqla oxutdura bilir. Məhz elə bütün bunlar da Ramiz Quliyev ifaçılığının ən dəyərli məziyyətlərindən biridir.
Bu barədə SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmaı, bəstəkar Fikrət Əmirov (Onun ruhu şad olsun!) belə deyib:
“Ramiz Quliyevin ifası öz rəngarəngliy bənzərsizliyi parlaq virtuozluğu, lirik duyumluluğu, təsirliliyi və emosionallığı ilə fərqlənir, dinləyicini heyrətə gətirir”.
Təkcə xalq musiqisini deyil, bununla bərabər klassik bəstəkarların yaratdığı müasir musiqi əsərlərini də ifa etmək və hər iki sahədə eyni dərəcədə müvəffəqiyyət qazanmaq az-az ifaçıya nəsib olan sənət xoşbəxtliyidir. Bunun üçün tarzən çox geniş yaradıcılıq diapazonu, hər iki sahəyə dərindən bələd olmaq qabiliyyəti, nəhayət, böyük artist üçün son dərəcə mühüm olan yüksək peşəkarlığı və bacarığı ilə fərqlənməlidir. Dediyim bütün bu keyfiyyətlərin hamısı Ramiz Quliyevin bənzərsiz sənətində cəmlənib.
Şəhrizad bu yerdə səhərin açıldığını görüb sözünü qurtardı.
MİN ONUNCU GECƏ
gəldikdə Dünyazad üzünü bacısına tutub buyurdu:
– Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılı danış qurtar.
Şəhrizad da bacısına cavabında dedi:
– Şahım icazə versə, davam etdirərəm.
Padşah buyurdu:
– Danış.
Qız nağılın ardını danışmağa başladı:
– Baş üstə, gözüm üstə! Şah sağ olsun, görkəmli musiqi xadimləri, sənətşünaslar belə rəvayət eləyirlər ki, təkcə xalq musiqisini deyil, bununla bərabər klassik bəstəkarların yaratdığı müasir musiqi əsərlərini də ifa etmək və hər iki sahədə eyni dərəcədə müvəffəqiyyət qazanmaq az-az ifaçıya nəsib olan sənət xoşbəxtliyidir. Bunun üçün tarzən çox geniş yaradıcılıq diapazonu, hər iki sahəyə dərindən bələd olmaq qabiliyyəti, nəhayət, böyük artist üçün son dərəcə mühüm olan yüksək peşəkarlığı və bacarığı ilə fərqlənməlidir. Dediyim bütün bu keyfiyyətlərin hamısı Ramiz Quliyevin bənzərsiz sənətində cəmlənib.
Virtuoz tarzən həm klassik və müasir bəstəkarların əsərlərini, həm də muğamları eyni ustalıqla və şövqlə ifa edir. Onun repertuarında xarici bəstəkarların çoxlu sayda pyesləri var: Listin “Rapsodiya”sı, Raxmaninovun “Polka”sı, Bramsın rəqsləri, Musoqorskinin “Köhnə qəsr”i, Qunonun “Faust” operasından vals, Çaykovskinin “Yevgeni Onegin” operasından vals, Motsartın konserti, Montinin “Çardaş”ı, həmçinin Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən tar üçün yazılmış konsertlər. Ramiz bu konsertlərin çoxunun ilk ifaçısıdır.
Bunlardan əlavə simfonik orkestr üçün Hacı Xanməmmədovun 4 və 5 nömrəli, Tofiq Bakıxanovun 1, 2, 3, 4, 5 və 6 nömrəli, Nəriman Məmmədovun, Ramiz Mirişlinin, Məmmədağa Umudovun, Oqtay Rəcəbovun, xalq çalğı alətləri orkestri üçün Süleyman Ələsgərovun 2 nömrəli, Cahangir Cahangirovun, Nəriman Əzimovun, Ədviyyə Rəhmətovanın, Nazim Quliyevin, Fərhad Fəxrəddininin, Məhəmməd Hüseynovun (Dağıstan) və kamera orkestri ilə Sevda İbrahimovanın “Konsert”lərini məhz ilk dəfə Ramiz Quliyev ifa edib. Bu əsərlərin ilk redaktoru da məhz Ramiz Quliyev olub.
Onun bu “Konsert”lərdəki ifasını dinləyənlər tarın nə qədər gözəl tembrə və zəngin bədii ifa imkanlarına malik olduğunu bir daha təsdiq edir. Ramiz Quliyevin çalğısı incə və çoxcəhətli dinamik çaları, ifadəli səslənməsi, virtuoz passajlardan yumşaq, zərif, məlahətli ifaya təbii şəkildə keçməsi, ən başlıcası isə, emosional təsir gücünə malik ilhamlı professional çalğısı ilə səciyyələnir.
Bu yerdə bir faktı da xüsusi vurğulayım ki, simfonik və xalq çalğı alətləri orkestri üçün yazılmış mövcud tar konsertlərindən on altısı – simfonik orkestr üçün Hacı Xanməmmədovun 5 nömrəli, Süleyman Ələsgərovun 2 nömrəli, Tofiq Bakıxanovun 2, 3, 4 və 6 nömrəli, Nəriman Məmmədovun, Ramiz Mirişlinin, Məmmədağa Umudovun, Oqtay Rəcəbovun, xalq çalğı alətləri orkestri üçün Cahangir Cahangirovun, Ədviyyə Rəhmətovanın, Nazim Quliyevin, Nəriman Əzimovun, Fərhad Fəxrəddininin və Məhəmməd Hüsüynovun (Dağıstan) “Konsert”ləri məhz Ramiz Quliyevə həsr olunub.
Konsert janrının klassik ənənələrindən bəhrələnən bəstəkarlar tərəfindən Ramiz Quliyevin ifaçılığında nəzəri cəlb edən “lal barmaq” (qlissando), “dartma sim” (vibrasiya) kimi ifa üsulu, üst-alt, santur və s. mizrab ştrixlərinin tar partiyalarına tətbiqi bu konsertlərə təravət gətirib.
Yuxarıda adını sadaladığım əsərləri çalarkən dinləyici Ramizin yalnız parlaq ifaçılıq istedadı ilə deyil, həm də repertuar üçün təzə alət olan tarda çalmağın yeni perspektivlərini açan ifaçının yüksək peşəkarlığının şahidi olur. Onun ifasındakı novatorluqda diqqəti xüsusilə cəlb edən bir cəhət var: solist kimi Ramiz ansambl və orkestrlə çıxışlarında hər bir kollektivin ifaçılıq tərzinə heyrətamiz dərəcədə qovuşmağı bacarır.
Təbii ki, tarzənin ifasını fərdiləşdirən üsullar barədə çox danışmaq olar. Onların hamısı haqqında sizə söhbət açsam hekayətim çox uzanar. Həm də bu, sırf ifaçılıq sənətini araşdıran mütəxəssislərin bələd olduğu sahə hesab edildiyinə görə elə bilirəm, yəqin ki, sizə maraqsız görünə bilər. Hesab edirəm, buna ehtiyac da yoxdur. Çünki, ifa zamanı dinləyici gözəl, möhtəşəm və cazibədar sənətin güclü təsirini o qədər dərindən duyub hiss edir ki, bu baxımdan tarzənin hansı yollarla bu zirvəyə çatmasının təfərrüatı ilə təhlilinə heç lüzum da yaranmır.
O, bəstəkarların repertuarlarının ifası zamanı əsasən fortepianonun və ya orkestrin (çox vaxt da xalq çalğı alətləri orkestrinin) müşayiəti ilə çıxış edir. Ramiz Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin solisti kimi Azərbaycan bəstəkarlarının yaratdıqları çox sayda konsertlərin demək olar ki, ilk ifaçısı olub. 1952-ci ildə Hacı Xanməmmədov tar üçün ilk konserti (sonralar 1968, 1978, 1988 və 1993-cü illərdə daha üç konsert) yazmaqla yeni janrın əsasını yaradır və tarzənlər qarşısında böyük ifaçılıq vəzifələri qoyur.
Bu vəzifələr ifaçılıq texnikasının inkişafı və təkmilləşdirilməsi üçün şərait yaradır. Yeni konsert janrı səslənmə tembrinin yeniliyi, solo tarın simfonik orkestrlə sıx uyarlığı ilə diqqəti cəlb edir. Bəstəkar hər beş konserti tarın yeni tembrdə səslənməsi ilə yazaraq xalq musiqisi ənənələrini klassik janrlar və formalarla üzvi şəkildə biləşdirir.
Ramiz həmin əsərləri özünəməxsus yüksək ustalıqla ifa edir və onlardakı məhz bu xüsusiyyətləri – konsertliliyi, virtuozluğu və milli melodiyanın aydınlığını dinləyiciyə parlaq şəkildə çatdırır.
Tar ilə xalq çalğı alətləri üçün Səid Rüstəmovun ilk konserti (1967) isə tamam başqa bir səpgidə yazılıb. Formanın klassik aydınlığı, materialın inkişafının məntiqliliyi ilə fərqlənən konsertdə bütün əsər boyu zərif lirizm, mahnı ruhu müşahidə edilir. Ramiz öz ifasında məhz bu keyfiyyətləri – səmimi lirizmi, janr səciyyəviliyini, melodiyanın əyani ifadəliliyini aydın şəkildə nəzərə çapdırır.
Ramizin ifa etdiyi çoxlu konsertlər içində şübhəsiz ki, bəstəkar Ramiz Mirişlinin tar üçün konsertini xüsusi vurğulamalıyam. Bu konsert tarzənin ilk ifasından mövzunun aydınlığı, təfəkkürün simfonikliyi, orkestr parçalarının parlaqlılığı, tar partiyasının virtuozluğu ilə dinləycilərin daha çox diqqətini cəlb edib.
Bu möhtəşəm ifa barədə musiqişünas professor Solmaz Qasımova (Onun ruhu şad olsun!) belə yazıb;
“Solistin olduqca mürəkkəb partiyası ifaçıdan yalnız aləti virtuozcasına çalmağı yox, həm də bədii məharət, lirikanın çoxplanlı çalarlarını, habelə cəsarətli emosional fikirləri açıb göstərmək bacarığı tələb edir. Ramiz bu konserti həmişə boyük coşğunluqla, parlaq şəkildə, eyni zamanda, incə zövqlə, zərif lirik səmimiyyətlə ifa edir ki, bu da tarzənin yalnız ifaçılıq məharətindən yox, həm də çox yüksək ifaçılıq mədəniyyətindən xəbər verir”.
Ramiz bütün zamanlarda Azərbaycan tarını xarici ölkələrdə ən ləyaqətlə təmsil edən azman sənətkarlardan biridi. Əcnəbi dinləyicilər məhz bu görkəmli musiqiçinin ifasında tarın təkrarolunmaz məlahətli səsini eşidib, bu alətin tembr gözəlliyini və rəngarəngliyini, zəngin texniki imkanlarını onun şirin çalğısında görüb müşahidə ediblər. Ramiz çağdaş Azərbaycan tar ifaçılığının zirvəsidir!
O tez-tez xarici ölkərə qastrol səfərlərinə gedir. Berlində, Parisdə, Nyu-Yorkda, Vaşinqtonda, Praqada, Londonda, Berlində, Tehranda, İstanbulda, Ankarada, Tokioda, Pekində, Moskvada, Kiyevdə, Qahirədə… xülasə, dünyanın ən nəhəng şəhərlərində olub.
Bu şəhərlərdə konsertlər zamanı təntənəli, çil-çırağa qərq olnuş ağ sütunlu sakonlardan tutmuş dəbdəbəli paytaxt konsert salonlarının əzəmətli səhnələrinədək hər yer Ramizin ifa səltənətinin ixtiyarına verilib. O, dinləyicilərin qızğın rəğbətini, musiqiçilərin dostluq alqışlarını qazanıb, hər yerdə tərifləyici məqalələr və qeydlər çap edilib. Onun bütün qastrol səfərləri müxtəlif təəssüratlarla, parlaq görüşlərlə dolu olub.
2014-cü il Ramizin bədii dünyagörüşü üçün daha geniş və rəngarəng ildi. Necə deyərlər, sükanı döndərən kimi sürətlənən külək, yelkənləri şişirdərək köksü təmiz hava ilə doldurur, yorğunluğu bir kənara qoyur və “nəhəng irəliləyir və dalğaları yarır”.
Belə bir irəliləmədə onun bütün yaradıcılığını qızıl sapla haşiyələyən qüdrətli uğurunu heç xatırlamamaq olarmı? Dövlət mükafatını alanda Ramiz tamamilə xoşbəxt idi!
Bu mütləq xoşbəxtlik idi!
Onun mükafata təqdim olunmuş konsert ifaçılığı yüksək istedadın əsl dahiyanə yüksəlişini ifadə edirdi. Həmin gün tarı Günəşə tanıdan ustad tarzənin yaradıcılığının qızıl səlnaməsinə əbədi olaraq həkk olunub.
Bu şeiri yazan şair Ramiz Məmmədzadəyə (Allah ondan razı olsun!) tanrı xeyir-bərəkət versin, bu barədə dediyi sözlər gözəldir. Şəhrizad avazla dörd misra şeir oxudu:
Barmaqlar şam kimi alışıb yandı,
Quşlar yerə endi, çaylar dayandı.
Tarın gur səsindən cahan oyandı,
Tarı günəşlərə tanıtdı Ramiz!..
Dövlət mükafatı təqdim olunarkən Ramiz Quliyevin yüksək rəy sahibi Prezident İlham Əliyevə (Allah onun şənini daha da artırsın!) xitabən dediyi bu hərarətli sözlər çox ürəklərə istilik, sevinc və fərəh gətirdi. Can – dildən söylənən həmin sözlərlə istəyirəm ki, siz də tanış olasınız:
– Bu gün mənim həyatımda çox əlamətdar bir gündür. Respublika Günündə Dövlət mükafatını mənə bizim çox əziz, sevimli, möhtərəm Prezidentimiz təqdim etdi.
Bu mənim üçün çox böyük şərəfdir. Bu mükafatı mənim timsalımda Azərbaycan tarına, Azərbaycan tar ifaçılığına və uzun illər, əsrlər boyu inkişaf edə-edə gəlib bu gün öz halal yerini, yüksək zirvəsini tutan tar sənətinə, tar ifaçılığına verilən mükafat hesab edirəm, möhtərəm cənab Prezident!
Dünya ölkələrində çoxlu sayda tar var. Amma, cənab Prezident, Azərbaycan tarından dünyada yoxdur. Bu, Sizin apardığınız çox yüksək, gözəl siyasət və bizim hamımızın əzizi olan unudulmaz Heydər Əliyevin (Onun ruhu şad olsun!) adını daşıyan fondun rəhbəri çox hörmətli Mehriban xanımın (Allah onun şənini daha da artırsın!) gördüyü işlər nəticəsində sübut olundu.
Bu gün tarımızın səsi dünya səhnələrindən gəlir, böyük orkestrlərdə ifa olunur. Azərbaycan tarının məhz dünya musiqi alətləri içərisində ilk dəfə olaraq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin və şəxsən hörmətli Mehriban xanımın çox böyük cəsarəti, şəxsi nüfuzu hesabına başa gəlmişdir.
Möhtərəm cənab Prezident, mən bu gün çox həyəcanlıyam, amma, eyni zamanda, çox sevinirəm. Ona görə ki, bizim hamımız üçün, şəxsən mənim üçün xatirəsi çox əziz olan unudulmaz böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursu uğurla davam edir. Onun Azərbaycan milli musiqisinə, mədəniyyətimizə, incəsənətimizə, bütün sahələrə göstərdiyi qayğı, doğrudan da, uğurla davam etdirilir.
Ramiz Quliyev bu gün ölkədə bütün sektorlarda müşahidə olunan inkişafın mədəniyyət sahəsini də əhatə etdiyini bildirdi. O qeyd etdi ki, bu inkişaf istedadlı gənc nəslin yetişməsinə töhfə verir. Bundan əlavə, xalqımızın milli mənəvi dəyərlərinin dövlət səviyyəsində qorunmasının, bu istiqamətdə mühüm tədbirlərin görülməsinin sənət adamlarını daha da ruhlandırdığını vurğulayan Ramiz Quliyev sonda belə dedi:
– Bu məsuliyyəti dərk edərək, Sizə söz verirəm ki, neçə-neçə belə tarzənlər yetişəcək və verdiyiniz bu qiymət üzü Mirzə Sadıq Əsəd oğlundan – Sadıqcandan bəri bu günə qədər fəaliyyət göstərən bütün tarzənlərin sənətinə və fəaliyyətinə verilən qiymətdir. Siz tarımızı, mədəniyyətimizi qorudunuz. Allah Sizi qorusun, Allah Sizi bizim xalqımıza və tarımıza, sənətimizə, mədəniyyətimizə çox görməsin. Sizə və möhtərəm Mehriban xanıma tarımız qədər ömür arzulayıram. Allah Sizi qorusun. Var olun, minnətdaram, möhtərəm cənab Prezident! ..
…Tar ifaçılığı sənətində Ramiz çox böyük, misilsiz işlər görüb. Onun çalğısında ruhi aləmin gizli ahəngi, dərin hisslərin gah artan, gah da sakitləşən coşğunluğu, axıcı duyğuların yaranması və onların qüdrətli inkişafı, odlu surətdə çiçəklənməsi, gözəl naxışları bizim qulağımız, fikirlərimiz üçün həmişə aydın olub, forma və duyma qabiliyyəti kəsb edib. Tar sənəti hələ belə psixoloji hərəkətin və dərinliyin şahidi olmayıb.
Bu barədə SSRİ xalq artisti, bəstəkar Rauf Hacıyev (Onun ruhu çad olsun!) belə deyib:
“Ramiz tarı xüsusi əzmkarlıq və şövqlə çalaraq elə əlçatmaz yüksəkliyə qaldırıb ki, onu dinlərkən, hətta nəfəs çəkmək istəmirsən”.
SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmaı, müğənni Rəşid Behbudov (Onun ruhu şad olsun!) isə belə deyib:
“Mən çox xoşbəxtəm ki, xalqımım gözəl musiqi aləti olan tar böyük sənətkar, mahir tarzən Ramiz Quliyevin əllərində öz ifasının ən böyük əzəmətini müvəffəqiyyətlə tapır”.
Vətəni oğullar tanıdar. Bu məşhur el deyimi Odlar yurdu bu məmləkətdə tam şəkildə öz təsdiqini tapıb. Bu gün Azərbaycanı məhz vətənpərvər, igid və qeyrətli oğulları tanıdır bu dünyaya. Bu oğullardan biri də xalqda yüksək rəğbət hissi doğuran Ramiz Quliyevdir.
Bütün Dünya ona, onun sədəfli sehirli tarına, əsrarəngiz duyğular beşiyi olan ürəyinə heyran qalır. Və o, bu millətin Üzeyir bəy kimi dahilər dahisinin təsadüfi olmadığını bir daha nümayiş etdirir Dünyaya. Adam onunla böyük məmnuniyyətlə bir Vətəndən, bir millətdən olmağı ilə fəxr edərdi.
Ötən ilin (2018) yanvarında İranın Ərdəbil şəhərində verdiyi möhtəşəm ilk solo konserti və onun doğurduğu əks-sədanı Ramiz yəqin ki, ömrü boyu unutmayacaq. Keçmə iranlıların da muğama, tara olan məhəbbətlərindən, onların musiqi aşiqlərindən, qədirbilən tamaşaçılarından.
Çox səmimi və xoş sifətə, təsirli baxışlara, gözəl gözlərə sahib olan tarzənin virtuoz üslubu, cilalanmış texnikaya, fitri duyğu qabiliyyətinə, qüsursuz zövqə, dərin səmimiyyətə malik ifası, çalğılarındakı yeni, cəsarətli boyalar və ifadə edilməz bir hiss incəliyi ərdəbilliləri necə ovsunlayıb, məftun edibsə qastrol səfəri yekunlaşsa da, onu boşlamayıblar, neçə gün, neçə gecə Ramizin hüzurunda müntəzir dayanıb bir mizrabı belə buraxmadan sədəfli tarının xoş sədasına qulaq kəsiliblər, ustad sənətkara ziqiymət xələtlər veriblər.
Mərmərdən və qranitdən düzəldilmiş bir çox abidələrdən də artıq yaşayacaq bu ehtiraslı, sonsuz dərəcədə zərif və əzəmətli musiqi ifaları sözün həqiqi mənasında dinləyiciləri məftun edib.
İranlıların “tarın Şəhriyarı” adlandırdıqları Ramizin tarın simlərini darayan barmaqları sanki odlu közlər – pərdələr üzərində oynadıqca, özü ilham alovu ilə yanıb və yandırıb! Çalğı məclislərə ruh bəxş eləyib və tamaşaçıları ziyadəsi ilə xoşnud eləyib!
Konsertlər başa çatdıqdan sonra Ramiz “Şeyx Səfi” türbəsini və görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin doğulduğu Ərdəbil kəndini ziyarət edib. Dünya şöhrətli tarzən Şah İsmayıl Xətainin, onun babası Şeyx Səfinin və Mir Cəlal Paşayevin atasının, eləcə də nasirin digər ailə üzvlərinin məzarlarına tər qızılgül dəstələri qoyub.
Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.
MİN ON BİRİNCİ GECƏ
gəldikdə Dünyazad üzünü bacısına tutub buyurdu:
– Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa tarzən haqqında nağılı bizim üçün qurtar.
Şəhrizad da bacısına cavabında dedi:
– Əgər şahım nağıl etməyə icazə versə, böyük həvəslə qurtararam.
Belə olduqda şah dedi:
– Nağıl etməyə icazə verirəm, çünki hekayənin axırını eşitməyi çox istəyirəm.
Qız iltifatla dilləndi:
– Baş üstə, gözm üstə! Şah sağ olsun, belə rəvayət edirıər ki, İranın Ərdəbil şəhərində konsertlər başa çatdıqdan dünya şöhrətli tarzən Şah İsmayıl Xətainin, onun babası Şeyx Səfinin və Mir Cəlal Paşayevin atasının, eləcə də nasirin digər ailə üzvlərinin məzarlarına tər qızılgül dəstələri qoyub.
Cəmiyyətin həyatında baş verən proseslərdən qıraqada qalmağı bacarmayan sənətkar kimi tarzənin ictimai fəaliyyəti də təqdirəlayiqdir. Başdan-ayağadək musiqiçi olan Ramiz eyni zamanda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəxri vitse-prezidenti kimi ictimai, mədəni həyatda cərəyan edən mühüm hadisələrə və taleyüklü məsələlərə həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirir və onun bu fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.
Humanizmin və ümumbəşəri dəyərlərin ülvi amallarını həmişə və hər yerdə qoruyan yüksək mənəviyyata malik bu insan vətənpərvər və aydın düşüncəli ziyalı kimi xalqın dərin hörmətini qazanıb. Onun ecazkar, cazibəli tarının qəlboxşayan, zəngin və mənalı musiqi cümlələri canlı lobbidi Azərbaycan üçün. Onun özünün yüksək dövlət rəhbərlərindən tutmuş ən adlı-sanlı elm, mədəniyyət, incəsənət xadimlərinə, iş adamlrına, sadə dövlət məmurlarına kimi hamının tanıdığı bir şəxsiyyət olması musiqi ictimaiyyəti üçün böyük stimuldur.
Mədəniyyət Mərkəzinin Prezidenti, dünya şöhrətli yazıçı Çingiz Abdullayev (Allah ondan razı olsun!) məhz bu işıqlı keyfiyyətlərinə görə qüdrətli tarzənə Moskva şəhərində ötən ilin (2018) may ayında Ulu Öndər Heydər Əliyevin (Onun ruhu şad olsun!) adını daşıyan “Əbədi Lider” Fəxri Diplomunu və Qızıl Medalını təqdim edib.
Böyük ruhi aləmə, hakimanə təsir və cazibə qüvvəsinə və sonsuz nəzakətə malik olan bu sənətkar insanlar arasında özünü çox sadə aparır və onda tez təsirlənən artistlərə xas olan özünü sevmək, tez incimək xasiyyəti yoxdur. Şübhəsiz bu ondan doğur ki, daxilən görkəmli pedaqoji bacarığa sahiblənmiş bu şəxsin bütün həyatı həm də nəcib bir məqsədə – tələbələrinin musiqi ilə maariflənməsinə həsr olunub. Uzun illərdir ki, qabil tarzənin insanı valeh edən gözəl ifaçılıq məharəti ilə birlikdə pedaqoji fəaliyyəti də musiqi akademiyasının həyatına xüsusi və dərin bir poetik ruh gətirib.
Bu dahi əməksevər tarzən həmişə olduğu kimi, bu gün də gümrah yaradıcılıq ruhu, tükənməz enerjisi və əzmkarlığı, yorulmaz ifaçılıq fəaliyyəti ilə – xalqın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan muğam və tar ifaçılığı ənənələrini layiqincə qoruyub yaşatmaqla bərabər, pedaqoji sahəyə də böyük qüvvə sərf edir, tədris prosesinin bütün məsələləri, problemləri daim onu düşündürür.
O, uzun illər ərzində zəngin təcrübəsindən bəhrələnən və hamisi olduğu gənclər də daxil olmaqla istedadlı tarzənlərin böyük ifaçı ordusunu yetişdirməklə yanaşı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqi maarifi, Azərbaycan mədəniyyətinin çiçəklənməsi uğrunda təqdirəlayiq pedaqoji işini uğurla davam etdirir.
Gənclərin onunla işləməyə və ondan öyrənməyə daim can atması bir daha sübut edir ki, Ramiz bu gün də müasirliyin nəbzini duyan əsl ustad olaraq qalır. Onun Azərbaycan və xarici bəstəkarların tar ilə fortepiano üçün işləyib köçürdüyü çox dəyərli əsərləri çapdan çıxıb. Ramiz Quliyev bir sıra dərsliklərin, proqramların, elmi məqalələrin və metodiki tövsiyələrin müəllifidir.
Qibleyi aləm sağ olsun! Professor Ramiz Quliyevin dünya şöhrətli sənətkar Rəşid Behbudovla, Azərbaycanın ən görkəmli bəstəkarları, ustad xanəndələri, müğənniləri, musiqi xadimləri ilə yaradıcılıq əlaqələrindən, dünyanın yüzdən çox böyük şəhərlərinin möhtəşəm, əzəmətli səhnələrində yüksək istedad və gərgin zəhmət bahasına qazandığı bir-birindən qiymətli mükafatlardan, üstəlik də onun sədaqətli ömür-gün yoldaşı, Bakı Dövlət Universitetinin müəllimi, biologiya elmləri doktoru, professor Hökümə xanım Quliyevanın elmi-pedaqoji fəaliyyətindən, sevimli övladları – musiqi sahəsində xüsusi qabiliyyətə malik olduğuna görə adı gənc istedadların “Qızıl Kitabı”na yazılmış, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist, Beynəlxalq müsabiqələr və “Humay” Milli Mükafat laureatı Əyyub Quliyeviin yaradıcılıq uğurlarından, Konstitusiya Məhkəməsinin məsul əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Emin Quliyevin elmi araşdırmalarından, istəkli gəlinləri – Bakı Dövlət Universitetinin doktorantı, bu yaxınlarda biologiya üzrə fəlsəfə doktoru adı almaq üçün dissertasiya müdafiə edəcək Rəna xanım Quliyevanın elmi məqalələrindən və istedadlı fırça ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nərgiz xanım Quliyevanın Berlin, Vyana şəhərlərində və Parisin məşhur Luvr muzeyində böyük müvəffəqiyyətlə nümayiş olunmuş gözəl rəsm əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən söhbət açsam gərək bundan sonra hörmətli şahımıza ikinci “Min bir gecə”də bəxş edəm.
Yalnız söbətimin axırı olaraq demək istəyirəm ki, qüdrətli tarzənin sənət fəaliyyəti hər zaman dövlət başçısı tərəfindən daim lazımınca çox yüksək qiymətləndirilib. Belə ki, 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ona musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət”, inişil (2017) isə “Şərəf” ordeni verilib. İki il bundan əvvəl (2017) 70 illik yubileyi ölkənin paytaxtı Bakı şəhərində – Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında yüksək səviyyədə qeyd edilib.
Bu sanballı insan, nurlu şəxsiyyət yaşının ixtiyar vaxtında da coşqun gənclik eşqi, tükənməz yaradıcılıq enerjisi ilə çalışır, işləyir, xalqa böyük mənəvi zövq verir.
Ömrünün müdriklik çağında – 72 yaşında da bütün qüvvə və bacarığını Azərbaycan mədəniyyətinin inkişafı naminə sərf edən Ramiz Quliyevin nağılı başa çatır.
Sözümün sonunda geniş diapazonlu rəngarəng yaradıcılığı və virtuoz ifaçılığı professionallığın zirvəsi sayılan ustad tarzənə, incəsənətin ən gözəl incilərindən biri olan, qüvvətli istedada malik Ramiz Quliyevə Allahdan nə arzu edə bilərəm ki, sənətkar özü də daim onun həsrətində olsun, gecə-gündüz xiffətini çəksin? Təbii ki, birinci olaraq uzun ömür, can sağlığı, xöşbəxtlik arzu edirəm. Bu, insanlığın əzəli arzularıdır. Zehnimə, düşüncəmə bundan başqa qiymətli bir nemət gəlmir. İkinci elə bir nemət də arzulamaq istəyirəm ki, onun əli çatmasın və hər ağızda bir dua ovsanatı ilə qisməti olsun. Yalnız…
Bəli, yalnız və yalnız bir müqəddəs arzu… Qarabağı unudanlar məmləkətində demək olar ki, hər gün söylənilməkdən artıq şablona döndərilən, lakin Ramiz Quliyevə ilk dəfə məhz indi, burada sizin hüzürunuzda mənim dilədiyim arzu – Ağdam arzusu!
Qoy Ramiz Quliyevə ana yurdu Ağdamı tezliklə azad görmək qismət olsun! Çünki onun çox ülvi bir arzusu var qəlbində: 26 ildir ki, məkrli düşmən tərəfindən odlara qalanan doğma Ağdama getmək, atalı-analı, uşaqlıq illərinin şipşirin xatirələrinə dalmaq, Qaraağacı qəbristanında uyuyan doğmalarının və əzizlərinin qəbrlərinə baş çəkmək, sonra da Ali Baş Komandan İlham Əliyevin (Allah onun ömrünü uzun eləsin!) müdrik siyasəti nəticəsində bu cənnət torpağın işğaldan azad olunmasını böyük xalq bayramı büsatına çevirən ağdamlıların qarşıında sədəfli tarını uzun illər yurd həsrətindən yanıb-qovrulan sinəsinə basıb hicranın, vüsalın üverturası olan “Xaric segah” muğamını ifa etməkdir. Bu arzuya qovuşmaqda Allah təbarək və təala ona öz inayətini əsirgəməsin! Amin!
Şah sağ olsun, ünlü sənətkar Ramiz Quliyev haqqında mənim bildiyim nağıl burada qurtarır.
Şəhrizad tarzən barəsində elə sirayətedici şövqlə, elə məftunluqla danışırdı ki, Dünyazad Ramizə qibtə edirdi, həmin dəqiqədə bu Olimpə yanaşmağı və onun bütün sənət allahları ilə tanış olmağı necə də arzulayırdı!
Buna görə də bacısı hekayəti söyləyib başa çatdırqdan sonra Dünyazad öz duyğularını belə ərz elədi:
– Bacı can, Allah haqqı, bu çox gözəl, çox yaxşı, bu günə kimi danışdığın hekayətlərin içində tayı-bərabəri olmayan bir nağıldır. Dediyin sözlər necə gözəldir, insanın ürəyinə füsunkar baxışlardan daha çox təsir eləyir. Min on bir gecədir ki, sən çox hörmətli şahımıza 230 adda – 34 nağıl, 36 hekayət, 153 əhvalat və 7 səyahət danışmısan. İndiyənəcən heç görməmişəm ki, qibleyi-aləm son gecələrdəki kimi sinədolusu nəfəs alsın. Ümidvaram ki, Böyük Allahın köməyi ilə şahla sənin aranda olan əhvalatın axırı çox yaxşı olar, işin düzələr.
Bu nağılı eşidən şahın könlü açıldı, ona əzab verən yuxusuzluq, qəlbinin sıxıntısı yox oldu. Şəhriyar şah nə sənə, nə mənə, nə də Dünyazada, üzünü düz Şəhrizada tutub dedi:
– Sənin istiqanlılıqla, nəcib ifadə ilə bu dediklərin tarzənin şəxsiyyətini, yaradıcılığını elə parlaq, elə müfəssəl, elə ləyaqət, səmimiyyət və qüvvətlə təsvir edir ki, adam sənətin qüdrətinə heyran qalmaya bilmir. Allah haqqı, tarzənin nağılı o biri əhvalatlardan çox-çox yaxşıdır, onlardan maraqlıdır. Sənin canını qurtarsa elə bu nağıl qurtaracaq!
Onlardan bu sözləri eşidən Şəhrizad ayağa qalxıb Şəhriyar şahın hüzurunda yeri öpərək ona öz diləyini açıqladı:
– Ey zəmanənin şahı, sən əsrlərdə və qərinələrdə bir dənəsən, mən sənin kənizinəm, budur, min bir gecə və on gecədir ki, mən keçmiş adamlar, qədim nəsihətlər və görkəmli sənət xadimi haqqındakı hekayətləri sənə danışdım. Sənin hüzurunda qibleyi-aləmdən bir şey istəməyə mənim ixtiyarım varmı?
Belə olduqda Şəhriyar şah izin verdi:
– Allahdan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur! Ey Şəhrizad, sən məni hökmranlıq arzusundan mərhum elədin, qadınları, qızları öldürdüyümə görə peşimançılıq çəkməyə vadar etdin. Sən məni ruhlandırdın, ürəyimə işıq verdin, bəsirət gözümü açdın. Qəlbimi bürümüş zülmət sənin fərəhnak nurun sayəsində dağıldı. And olsun Allaha, məndən nə istəsən verəcəyəm! Məndən diləyin nədi? Nə məramın, arzun var deginən!
Qız cavabında dedi:
– Mənim şahənşahdan istəyim yalnız budur: səni Süleyman peyğəmbərin (Ona salam olsun!) üzüyündə həkk olunmuş Allah-təalanın o böyük adına and verirəm ki, məni öldürməkdən vaz keçəsən.
Bunu eşitdikdə şah dedi:
– Ey Şəhrizad, mən ötən bu min on bir gecədə sənin nə qədər pak, nəcib, Allahdan qorxan adam olduğunu gördüm. Xüsusən də son on bir gecədəki musiqi və tar ilə bağlı etdiyin hekayətdə isə nə qədər ağıllı, geniş dünyagörüşlü, məlumatlı və xoşsöhbət bir qadın olmağınla, nitq mədəniyyətinlə, danışmaq qabiliyyətinlə, dilavərliyinlə məni heyran etdin. Belə adamlar haqqındakı sənət söhbətlərini sonrakı xalqlar üçün nağıla çevirənə əhsən! Sənin dediklərin qızıl suyu ilə yazılıb xəzinədə saxlanmalıdır. And olsun Allaha, heyrətamiz kamilliklə Ramiz Qulievin sənətini obrazlı ifadələr vasitəsilə daha şirin, dərin mənalı və gözəl ifadə etdiyin üçün mən səni bu qüdrətli ifaçıya və onun ürəkdən çaldığı şirin və mehriban musiqilərə bağışlayıram. Allah sənə, sənin kökünə və qol-budağına xeyir-bərəkət versin.
Bu sözləri eşidib Şəhrizad çox sevindi. Allah-təalaya daha artıq şükür elədi, ona səcdə qılıb (O, böyükdür, şəni də çoxdur!) dedi:
– Allahın tükənməz mərhəmətinə şükürlər olsun!
Sonra Şəhrizad şahın əllərini və ayaqlarını öpüb çox sevinərək Şəhriyara ürəkdən gələn minnətdarlığını bildirdi:
– Allah sənin ömrünü uzun eləsin, Allah sənin şövkətini və əzəmətini daha da artırsın.
Şəhrizad bunları deyərkən ulduzlar arasında Aya bənzəyirdi, ya da elə bil qızıl sapa düzülmüş mirvarilər içində tayı-bərabəri olmayan mirvari danəsi idi…
Bundan sonra şah tarzən barədə olan nağılın dəftərxanada əvvəldən-axıracan qızıl suyu ilə səlnaməyə yazılıb həmişəlik dövlət xəzinəsində saxlanılmağı barədə əmr elədi. Qoy ondan sonra gələn şahlar oxuyub görsünlər ki, Azərbaycan ölkəsində necə qüdrətli bir tarzən var və onun sənəti insanlara necə böyük zövq verir.
Şahın əmr elədiyi kimi saray üləmaları tarzən Ramiz Quliyev haqqında olan nağılı qızıl suyu ilə yazıb onu Şəhriyarın xəzinəsinə – xalqın ən yaxşı adamları barəsində yazılmış hekayətlərin arasına qoydular…
…Üzü səhərə doğru addımlayan bu gecəni vüsal gecəsi kimi ömürdən hesab etmək olmazdı. Bu gecə gündüzdən daha çıraqban oldu. Bu çırağın işığını yandıran isə tarzən Ramiz Quliyevin şirin barmaqlarından süzülən təranələr idi.
Şahın sarayını şadlıq bürümüşdü. Bu şadlıq şəhərə yayılırdı. Səhər açılanda şah əmr elədi ki, car çəkilsin, hamıya xəbər verilsin: küçələr, qala bürcləri başdan-başa bəzədilsin! Bəli, təbillər çalındı, neylər səsləndi, şeypurlar gurladı, bayraqlar yelləndi. Adamlar ən yaxşı libaslarını geyib şəhərə çıxdılar.
Şəhriyar padşah şad və ürəyi xeyirxahlıqla dolu halda bütün vəzirlərinə, əmirlərinə və saray əyanlarına faxir gözəl libaslar bağışladı, bəsdi deyincə onlara pul verdi. Şah heç kəsi pul xərcləməyə qoymayıb xəzinə hesabına Şəhrizadın şərəfinə düz yeddi gün, yeddi gecə elə bir qonaqlıq məclisi təşkil elətdirdi ki, hələ ruzigarın gözü indiyə qədər belə büsat görməmişdi. Bu cür şənliyi bu günəcən nə dil deyib, nə də qulaq eşidib.
Hamı yeyib-içib şənlənirdi. Lütvi-səxavət göstərib ehtiraslı musiqi pərəstişkarı və “kasıb, zəhmətkeş və optimist nəslin” tanınmış kübar nümayəndəsi kimi bəndənizə – yəni mənə də bir xüsusi namə yazıb, dua-sənadan sonra həmin ziyafətə dəvət eləmişdilər. Yəni sözümün canı budur ki, mən də orada idim, aş yedim, nə əlim batdı, nə ağzım daddı, nə gözüm doydu. Siz də eləcə yeyin, doyun. Vallah adamlar bu qonaqlıqda elə şadlıq eləyirdilər ki, onu ancaq yaxından görən bilərdi.
Ramiz Quliyevin nağılı camaat arasında da yayıldı. Şəhərin bütün çalğıçıları qonaqlıqda əsrarəngiz tarzən haqqında nağılı eşidib lap şura gəldilər. Dəməşq udu, İran arfası, tatar tütəyi, Misir kanonu, ərgənun, sənturə… dilləndi nə dilləndi.
Xanəndələr ürəklə çalıb oxudular. Sonra da şah kasıb-kusuba, dilənçilərə sədəqə payladı, dustaqların hamısını azad elədi. Yeddi gün, yeddi gecə dükanlar işlədi, şəhər bəzəkli qaldı, təbil, sinc çalındı…
…Bu fani dünyanın tərkin qılıb aləmi-əqdəsə (axirətə) səfər eyləyənəcən Şəhriyarla Şəhrizad şad-xürrəm yaşadılar. Vaxt çatanda Allah-təala onları lütf, kərəm və əfv diyarına – cənnətə varid elədi. Qoy gözə görünən və görünməyən səltənətin sahibinə eşq olsun! O, canlıları xəlq eləyib, onlara ömür təyin eləyib.
Əbədi olan Allahdır, çünki o, başlanğıcı olmayan birinci və sonu olmayan axırıncıdır! Ramiz Quliyev hekayətindən bizə gəlib çatan sonuncuı sözlər bunlardı. Əsl həqiqət isə ancaq Allaha əyandır!
Bəli, qardaşım sizsiniz, görkəmli tarzən barədə nağıl burada qurtarır. Sadə söz adamı olaraq sizə Şəhrizadın nağılını ərməğan elədim.
Mən eşidəni budur, ancaq düzünü bircə Allah-təalanın (Şükür onun kərəminə!) özü bilir…
…Xülasə, hekayətimzin bu yerini öz milli nağıllarımızda olduğu təki başa vuracağam. Yəni bizim nağıllarda deyildiyi kimi göydən üç alma düşdü. Biri mənim, biri nağılı ipə-sapa düzənin, bir də özümün. Tapın görüm almalar kimə çatdı.
Əziz oxucular, kimlərəsə alma payının düşməməsindən siz Allah heç rəncidə də qalmayın. Bu məqamda heç kəsə heç nə verə bilmərəm. Çünki…
Qələmə aldığım bu nağıldan mənə qazanc qalan qonarar da, ənam da, xələt də, bəxşiş də, qiymətli hədiyyə də (Allahın elçisi peyğəmbər salavatullahın özü də (Allah ona rəhmət eləsin!) hədiyyə sevərdi və qəbul eyləyərdi) ancaq və ancaq uşaqlıqdan məni aldadıb “başımı bişirən” bu yalançı almalardır. Və…
Bunu da biləsiniz ki, bu yalançı almalar bu gün də “başımı bişirə-bişirə” məni elə düzün düzündə qoyublar. Bəlkə də bu ondan irəli gəlib ki, mən həmişə düşünmüşəm: yaxşı işin müqabilində muzd tələb eləmək comərdlikdən uzaq işdir. Nə isə…
Siz də sağ olun, mən də sağ olum. Siz yüz yaşayın, mən iki əlli. Hansı çoxdu siz götürün, hansı azdı mənə qalsın.
Onlar yeyib-içib kefdə, damaqda oldular, siz də yeyin, için, kefdə-damaqda olun. Birlikdə murad hasil eyləyək, xeyirə rəhmət, şərə, mərdimazara lənət deyək. Onlar mətləb-muradlarına çatdılar, biz də onlardan biri.
Və… sonda sizdən iltimasım budur: Şəhrizaddan yadigar qalan bu nağıIı aşqın-daşqın işiylə mafar (imkan) taparaq yüyürəppə (becid) qələmə alıb tamamlaya bilən və əməli saleh Allah bəndəsi olan mirzə Rafiqin də zəhmətini unutmayın.
P.S. VƏ YA… FİKRİN BAĞLANIŞI
…Ramiz Quliyevin sədəfli tarında simlərin, pərdələrin şəkərdən də şirin Qarabağ ləhcəsində “danışan” muğamların, mahnıların və bəstəkar əsərlərinin özü bir sirli nağıl, sehrli əfsanə olduğu üçün bilmək istəyirdim ki, onun bu dünyaya sözü, qəsdi nədir?
Bu sözləri eşitmək üçün isə gərək tarın qəm səsinə təkcə qulağınla qulaq asmayasan, həm də ürəyinlə qulaq asasan.
Mən Allah təbarək və təalanın lütfü və inayəti ilə tarın qəlbindən axan duyğuları – Ramiz Quliyevin ürəyinin hərarətli yaşantılarını isə şiru eləyib az da olsa sözə düzə bildim.
Hakəza, cifayda ki, göydən düşən üç almanı düppədüz bölə bilmədim. Nə olar, qoy həmin almaları da oxucuların özləri bölsünlər.
Bildikləri kimi!..
Aprel, 2019