Şəhrizadın… tarzən Ramiz Quliyev nağılı (3)
Rafiq Hacıyev
yazıçı-jurnalist, Cəfər Cabbarlı
və Rəsul Rza ədəbi mükafatlar laureatı
MİN ALTINCI GECƏ
gəldikdə Dünyazad üzünü bacısına tutub dedi:
– Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir.
Şəhrizad da bacısına cavabında dedi:
– Şahım icazə versə, davam etdirərəm.
Padşah buyurdu:
– Danış.
Qız nağılın ardını danışmağa başladı:
– Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, beş illik ali təhsildən sonra Ramiz Quliyev yetkin ifaçı tarzən kimi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını tar və dirijorluq ixtisasları üzrə qırmızı diplomla – Fərqlənmə diplomu ilə bitirdi.
Konservatoriyanı bitirib müstəqil sənət yoluna qədəm qoyduğu ilk illər Ramizin həyatına bir çox gözlənilməz yenilklər gətirdi. Həmin illər onun nəinki Azərbaycanda, hətta onun sərhədlərindən uzaqlarda şöhrət qazandığı illər oldu və yorucu, lakin nəticə etibarilə mühüm olan konsert səyahətləri üçün yol açıldı.
Digər tərəfdən də Ramizin eyzən ixtiyarında olan itaətkar melodik ilham və daim inkişaf edən ifaçılıq texnikası onu böyük uğurlara səslədi. O, xalq və klassik musiqinin qaynar bulağından bəhrələndikcə yeni-yeni müvəffəqiyyətlər əldə etdi.
Yunan alimi Sokrat (Onun ruhu şad olsun!) belə bir kəlam söyləyib ki, 12 yaşından 16 yaşına qədər yeniyetmə, 16-dan 21-ə qədər gənc, 21-dən 28-dək cavan olan hər bir insan 28-dən sonra artıq öz sözünü deyən adam olmalıdır.
Bu həqiqəti dərk edən Ramizin yaşının 28 olmasını gözləməyə sabri çatmadı. Elə 27 yaşında (hərçənd ki, 15 yaşında “Şur” ansamblının tərkibində Moskvada çıxış eləmişdi) öz sözünü geniş mənada ölkə səviyyəsində dedi – 1974-cü ilin iyun ayında Zaqafqaziya musiqiçilərinin Yerevanda keçirilən “Sayat Nova” adına musabiqəsində onun ifasında yüksək şövqlə və həvəslə səslənən “Eşqinlə”, “Ah çəkmədim” və başqa əsərlər öz səmimiliyi və təsirliliyi ilə münsiflər heyətinin üzvlərinə və dinləyicilərə fövqəladə dərəcədə xoş gəldi, onların dərin marağına səbəb oldu.
İfadakı hisslərin oynaqlığı, musiqi obrazlarının zənginliyi və rəngarəngliyi ilə bərabər gənc tarzənin şəxsi keyfiyyətləti – ehtiraslı enerjisi, cəsarəti, hissiyyatının qüvvəsi də daha kəskin surətdə nəzərə çarpdı.
Azərbaycan tarına məxsus parlaq ənənələrə böyük ustalıqla yanaşması və bunların vasitəsilə tarın ifaçılıq imkanlarının genişliyindən bacarıqla istifadə etməsi nəticəsində yüksək və həm də bənzərsiz bir sənətkarlıq məharətinə nail olan Ramiz Bakıya müsabiqənin qalibi kimi Qızıl medalla qayıtdı. Həmin ilin oktyabrında isə…
O, bir payız günlərində Moskvanın Mərkəzi İncəsənət İşçiləri Evində başlanan estrada artistlərinin beşinci Ümumittifaq müsabiqəsində SSRİ-nin hər yerindən gəlmiş min nəfərdən çox ifaçının sırasında həyəçanlı dəqiqələr keçirdi.
Konsertlər zamanı gurultulu alqışlar, səhnəyə çağrışlar, əzəmətli təzimlər, yorğunluq, əllərin və nəzərlərin görüşməsi, fikrlərin ilk sözdən, narahatlıqların ilk sədadan başa düşülməsi, qaynar Moskva küçələri, qızıl payızın hənası ilə xınalanan qollu-budaqlı ağaclar, axşam səmasında buludların arasından parıldayan ulduzlar – bütün bunlar gənc tarzəni həyəcanlandırmışdı.
Bu həyəcanlar musiqidə öz əksini tapdı, Ramizin barmaqları altında qəribə və ecazkar melodiyalara çevrildi, minlərlə dinləyicinin qəlbində dərin kök saldı. Bunlar yalnız başlanğıc, böyük və uzun həyat yolunun və hisslərin rəhni idi.
Ramizin ifalarındakı poetik məhəbbətin gözəlliyi isə nə kitablardan, nə də alovlu fantaziyadan doğurdu. Bu alov xoşbəxtlik və iztirabın qəlbdən vurub çıxartdığı alov idi!
O müsabiqədə hər dəfə estradaya (səhnəyə) çıxıb tarı sinəsinə sıxanda sonsuz mürəkkəb notlardan və templər haqqında göstərişlərdən ibarət olan partituranı canlı, vahid musiqi əsərinə çevirirdi.
Tarzən mənimsədiyi çox sərrast və dəqiq ifaçılıq üslubunu, diqqətlə seçdiyi, cilaladığı müxtəlif səciyyəli ştrixləri məharətlə işə salır, melodizmlərə, rəvan intonasiyaya, qəfil, təbii keçidlərə, yığcam gəzişmələrə, registr qarşılaşdırmalarına, rəngarəng metro-ritmə, forma yetkinliyinə və digər zəruri cəhətlərə xüsusi əhəmiyyət verirdi.
Ramizin ifasında psixologizmə çox güclü meylin olduğunu duymaq heç də çətin deyildir. Elə bil tarın üzünə çəkilmiş pərdə Ramizin öz ürəyinin pərdəsi idi, ona görə də o, qəlbindəkiləri, çaldığı muğamın, musiqinin sanki psixoloji məzmununu açıb dinləyiciyə, tamaşaçıya olduğu kimi çatdırırdı.
Onun virtuoz çalğısı başlıca olaraq bədii obrazın dərinliyinə yönəlirdi. Ehtirasların zahiri ifadəsi Ramizdə tamamilə yox dərəcəsində idi. Lakin bununla yanaşı hiss, emosiya, necə güclü olursa-olsun, həmişə ağla, idraka, məna və məzmuna tabedir. Dinamik gərginlik texniki əyləndirici keyfiyyətdə, emosiyaların gərginliyində, coşqunluqda verilmir. Odur ki, Ramizin çalğısında obrazlar müstəsna dərəcədə parlaq dır.
Tarzənin çalğısı paytaxt dinləyicilərini misilsiz dərəcədə ovsunlayırdı. Onlar belə bir qüvvə, belə bir qızğınlıq, belə bir cəsarətli vüsət gözləmirdilər. Sürətli və coşqun ifanın başlanğıcından tamaşaçılar bütün varlıqlarında elə bir təlatüm, elə bir həyəcan və sevincdən doğan elə şirin duyğular yaşayırdılar ki, gözəllik insan qəlbini bir anda çulğadıqda bu hisslər onu bürüyür.
Ramiz çalıb qurtarıncaya qədər qətiyyən qımıldanmırdılar. Cuşə gəlmiş tamaşaçılar onun ifa etdiyi əsərlərin səmimiliyini və bəşəri məzmununu, zərifliyini və gözəlliyini dərk edib çox qızğın minnətdarlıqla dəyərləndirirdilər.
Yekun turunda – Moskva Dövlət Estrada Teatrının ağzınacan dolu tamaşaçı saloninda 75 nəfər musiqiçinin, dirijorun, musiqişünasın, rejissorun və ölkənin neçə-neçə adlı-sanlı sənətkarlarının daxil olduğu münsiflər heyətinin qərarı ilə istedadlı, əməksevər gənc tarzənə ətirli gül çələngi və “Xalq çalğı alətlərində ifaçılıq müvəffəqiyyətlərinə görə” Ümumittifaq müsabiqəsinin qiymətli laureat diplomu verilir.
Bu təntənənin canlı şahidi olan Ümumittifaq müsabiqəsində xalq çalğı alətləri üzrə münsiflər heyətinin sədri, RSFSR-in xalq artisti Nikolay Çaykin (Onun ruhu şad olsun!) Ramizin ifaçılığına olan heyrətini gizləyə bilməyərək ürək sözlərini belə ifadə edir:
“Onun incə musiqi duyumu, dünya xalqlarının folklorunu həssaslıqla hiss etməsi müsabiqə zamanı özünü aydınca göstərdi. Məni gənc tarzənin çalğısındakı obrazlı ifa tərzi, məlahətli ahəng, yumşaq tembr xüsusilə heyran etdi. İnanıram ki, bu istedadlı ifaçı bundan sonra da tarın imkanlarından daha da rasional istifadə edəcək və zəngin səs palitrası yaradacaqdır”.
SSRİ xalq artisti, Akademik Rus Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Nikolay Nekrasov (Onun ruhu şad olsun!) isə Ramiz barədə belə deyir:
“Ramiz Quliyev adi ifaçı deyil. Onun barmaqları oxuyur. Yüksək ifaçılıq mədəniyyətinə, zəngin improvizə qabiliyyətinə malikdir. Hər dəfə onun bizimlə çıxışı Akademik Rus Xalq Çalğı Alətləri Orkestrinin ifaçıları üçün əsl bayrama çevrilir”.
1.137 nəfər müsabiqə iştirakçısı sırasında qazanalımış bu müvəffəqiyyət və azman musiqişünasların yekdil tərifi o demək idimi idi ki, sənət yarışmasında Ramiz qarşısında duran ümumi məsələləri həll edibdir?
Yox! Müsabiqə axtarışların, sənət uğurunun yekunu deyildir. O, daha çox gələcək böyük sənət uğurlarının başlanğıcı idi!
Ölkənin tanınmış musiqi xadimləri tərəfindən Ramizin ifaçılıq qabiliyyətinin çox sərrast bir surətdə bu cür yüksək səciyyələndirilməsi və dəyərləndirilməsi onun həmvətənlərinin, ilk növbədə pərəstişkarlarının qəlbini sonsuz fərəh və iftixar hissi ilə coşdururdu. Bu uğurlar Azərbaycan tar ifaçılıq sənətinin sabahkı gününə, Ramizin özünün sabahkı, lakin hələ başlanmamış günlərinə yönəldilmişdi.
Onun ürəklə çaldığı və müsabiqədə qiymətvericilər tərəfindən səmimi qarşılanan musiqi əsərləri – Montinin “Çardaş”ı, Adil Gərayın “Qaytağı”sı və “Orta Mahur” muğamı hakim mövqe tutdu, qəlbləri valeh etdi.
Müsabiqənin Moskva radiosu ilə “efirə” verilən proqramında Baltik dumanlarının örtdüyü Kalininqraddan tutmuş Berinq boğazınadək, hərəkət edən “Şimal qütb” stansiyasından tutmuş isti və rütubətli Astarayadək on milyonlarla adam Ramizin ifasını dinlədi. Gənc tarzənin parlaq sadəlik və dərin təsirlə çaldığı əsərlər yüksək dəyərləndirildi. Müsabiqə ona haqlı şöhrət qazandırdı. Onun adı ölkədə böyük qələbə ilə səsləndi. Bəlkə də həyatında heç zaman … Ramiz müəllif mənliyindən bu qədər zövq almamış və təsirlənməmişdi.
Ramizin çalğısını canlı və təsirli intonasiyalar ehtiyatının xəzinəsi adlandırsaq, onun ifaları da – muğamları da, xalq və bəstəkar mahnıları da hər şeylə müqayisə edilməz səmimiliyi, hərarəti bu xəzinədən alırlar, bunlarsız Ramiz Quliyevin sənətini təsəvvür etmək olmaz.
Onun çaldığı bəstəkar mahnıları, tar ilə orkestr üçün konsertlər gözlənilməz mükəmməlliyi və dinləyicini valeh edən təsir qüvvəsi ilə fərqlənir.
Azərbaycan LKGİ MK bürosunun qərarına əsasən ədəbiyyat və incəsənət sahəsində 1978-ci il üçün respublika Lenin komsomolu mükafatının laureatları sırasında tarzən, Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının baş müəllimi Ramiz Quliyevin də adı vardı. Tarzən bu şərəfli ada 1976-1978-ci illərdəki konsert ifaçılıq fəaliyyətinə görə layiq bilinib.
Bir az da irəli gedib deyim ki, o, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə görə 1982-ci ildə “Əməkdar artist”, 1988-ci ildə isə “Xalq artisti” fəxri adlarına da layiq görülüb.
İnsanın həyatında elə günlər, aylar, illər olur ki, ötüb keçirlər, sonralar heç bir zaman bu günləri xatırlamırsan. Elə günlər, aylar, illər də olur ki, xatirdən silinmir. Onlar sənin həyatına daxil olur, nə isə bir cizgisi, bir rəngi ilə xəyalında, beynində həkk olub qalır..
Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz söhbətini yarımçıq qoydu.
MİN YEDDİNCİ GECƏ
gəldikdə Dünyazad üzünü bacısına tutub dedi:
– Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir.
Şəhrizad da bacısına cavabında dedi:
– Şahım icazə versə, davam etdirərəm.
Padşah buyurdu:
– Danış.
Qız nağılın ardını danışmağa başladı:
– Baş üstə, gözüm üstə. Şah sağ olsun, insanın həyatında elə günlər, aylar, illər olur ki, ötüb keçirlər, sonralar heç bir zaman bu günləri xatırlamırsan. Elə günlər, aylar, illər də olur ki, xatirdən silinmir. Onlar sənin həyatına daxil olur, nə isə bir cizgisi, bir rəngi ilə xəyalında, beynində həkk olub qalır.
Ramizin də həyatında belə yaddaqalan günlər çox, lap çox olub. Mən indi onların bir neçəsi barədə danışacağam. Bu qəhrəmanımızın yaradıcılığına daha dərindən bələd olmaq üçün əlbəttə ki, çox vacibdir.
Əvvəlcə virtuoz tarzənin çalğısına münasibəti ifadə edən çox həyəcanlı və təsirli epizodlardan birini xüsusi olaraq nəql edəcəyəm. Sonra isə onun yadda qalan günləri haqda söhbətimi davam etdirəcəyəm.
1976-cı ildə Türkiyədə qastrol zamanı İstanbulun ən böyük konsert salonlarından birində Ramiz görkəmli bəstəkar Cahangir Cahangirovun (Onun ruhu şad olsun!) məşhur “Ana” mahnısını özünəməxsus ustalıqla, təravət və şirinliklə çalandan sonra – əslində buna heç çalğı da demək olmazdı, çünki tar sanki dil açıb oxuyurdu – qoca, ağbircək bir ana səhnəyə çıxıb tarzənə ürəkdən minnətdarlığını bildirir və ehtiram əlaməti olaraq onun mizrab tutan barmaqlarını öpmək istəyir. Bundan utanan Ramiz qoymur, əllərini arxasında gizlədərək qadını fikirindən birtəhər daşındırır və tanımadığı qoca ananını qucaqlayıb ona xitabən söyləyir ki, mahnını onun üçün yenidən çalacaq. Qadın heyrətini bildirir. Ramizin bu sözləri isə tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanır.
Qoca ana Ramizdən mizrabını yadigar istəyir. “İntihar etməyə qərar vermişdim. Düşünürdüm ki, dünyada maraq qalmayıb. Demə, bir insan oğlunun barmağından bu cür sehrlənmək olarmış, yenidən dünyaya bağlanmaq olarmış. Öləndə övladlarına vəsiyyət edəcəyəm ki, məni axirət dünyasına yola salanda gözlərimə torpaq tökməsinlər, bu möcüzəli mizrabı gözümün üstünə qoysunlar” – deyir.
Bu epizod İstanbulda çıxan “Axşam” qəzetində “Sehirli barmaqlar” adı ilə çap olunmuş məqalədə çox təsirli bir dillə təsvir olunub. Bu da bəstəkar qəlbinin ehtişamı, tarzən ürəyinin böyüklüyü, sənətin möhtəşəmliyi və əzəməti!
İndi isə Ramizin üç ən vüsətli qastrolu barədə yığcam danışım.
1987-ci ilin oktyabrında Səmərqənddə keçirilən III Beynəxalq Musiqi Simpoziumunda məruzə və məlumatlarla yanaşı xalq musiqisi, bəstəkarların əsərləri də səslənirdi. Amma ərzin hər yerindən buraya gəlmiş dünya şöhrətli alimlərin, bəstəkarların, musiqiçilərin diqqətini daha çox Şərq incəsənətinin incisi olan muğam daha çox cəlb edirdi.
Simpoziumda ifaçılar arasında ən yüksək yerə Ramiz sahib oldu. O, bu beynəlxalq tədbirin bütün iştirakçılarını və tamaşaçıları sözün həqiqi mənasında heyrətləndirdi. Tarzən musiqinin bütün janrlarında – həm solo, muğam ifaçısı kimi, həm muğam üçlüyünün tərkibində və həm də simfonik orkestrin müşayiəti ilə solist kimi çıxış etdi.
Ramiz ilk konsertdə çox mürəkkəb olan “Orta Mahur”u çaldı. Tarzənin dərin musiqi yaddaşı, möcüzəli və təsirli barmaqları sayəsində ifa edilən bu ecazkar muğam hamını sehrlədi.
Muğamın tədqiqi ilə məşğul olan alimlər, musiqişünaslar ifa zamanı Ramizin melodiyaya yeni xallar əlavə etmək, musiqini daha da məlahətli səsləndirən gəzişmələrdən istifadə etmək üçün müəyyən sərbəstliyə yol verdiyini anlayanda isə son dərəcə təəccübləndilər.
Sonrakı konsertlərdə Ramiz kamançaçlan Şəfiqə Eyvazova (Allah ondan razı olsun!) ilə bərabər Sadıqcan muğam üçlüyünün tərkibində xanəndə Alim Qasımovu (Allah ondan razı olsun!) müşayiət etdi.
Yeri gəlmişkən bildirim ki, muğam üçlüyünün digər iki üzvünün – kamançaçalının və xanəndənin xüsusi təqdimata ehtiyacları yoxdur. Çünki onlar Azərbaycan milli musiqi ifaçılığının görkəmli sənətkarlarıdırlar.
Növbəti dəfə Ramiz simfonik orkestrlə birlikdə bəstəkar Ramiz Mirişlinin (Onun ruhu şad olsun!) tar üçün konsertini çaldı. Və… Azərbaycan xalq musiqisinin gözəlliyi və tarzənin yüksək ustalığı hamını elə vəcdə gətirdi ki, tay bu, o sözdən deyil.
Leninqaradlı (Sankt-Peterburq) sənətşünaslıq doktoru, Ümumittifaq Folklor Musiqi Bürosunun və YUNESKO yanında Büynəlxalq Milli Musiqi Şurasının üzvü, xalq musiqisinin tədqiqatçısı İzaliy Zemsovski (Onun ruhu şad olsun!) öz heyranlığını belə ifadə etdi:
“Çox şadam ki, simpozium sayəsində Ramiz Quliyevin yaradıcılığı ilə tanış ola bildim. Onun çıxışı sensasiya idi və dinləyiciləri, münsiflər heyətini riqqətə gətirdi. Gizlətmirəm, o cümlədən, məni də”.
Məşhur alman musiqişünası, ənənəvi musiqi şurasının və musiqi cəmiyyətinin prezidenti Yurgen Ştokman (Onun ruhu şad olsun!) isə fikrini bu cür söylədi:
“Mən Humboldt Universitetində (ADR) işləyirəm. Azərbaycan xalqının klassik muğamlarına yaxından bələdəm. Səmərqənddə ilk dəfə olaraq istedadlı tarzən Ramiz Quliyevin ifasında çox mürəkkəb muğamların parlaq, heyranedici çalğısını eşitdim. Onun ifası barədə yalnız məftunluqla danışa bilərəm. Ümid edirəm ki, tezliklə yenidən Azərbaycana gələ biləcək, orda Ramiz Quliyevlə yaxından tanış olacağam və bu viruozun ifa tərzini öyrənəcəyəm”.
Əlcazairli musiqişünas alim Əl Səid Ciddi (Onun ruhu şad olsun!) öz duyğularını belə açıqladı:
“İlk dəfədir ki, mən bu musiqi alətinə – tara qulaq asıram və qeyd etməliyəm ki, cənab Ramiz Quliyev qeyri-adi ifaçılıq bacarığına malik sənətkardır. Onun solo ifası mənə xüsusi təsir bağışladı. Tarla simfonik orkestr üçün konsertin ifası olduqca xoşuma gəldi”
Tanınmış fransız musiqişünas alim, YUNESKO-nun Ümumdünya folklor musiqi şöbəsinin baş direktoru Jan Dürinq (Onun ruhu şad olsun!) isə ürəyindəki xoş sözləri dilinə belə gətirdi:
“Fransada Milli Elmi Mərkəzdə işləyirəm və Strasburq Universitetində dərs deyirəm. İran musiqisi sahəsində mütəxəssisəm. ona görə də Azərbaycan musiqisini və muğamlarını sevirəm. Ramiz Quliyevin ifası mənə xüsusi təsir bağışladı. Onun ifası gözəl improvizasiyası, novator xarakteri ilə fərqlənir. Azərbaycan musiqisinin sehri və dərinliyi, Ramiz Quliyevin məharəti Henri, Qlassi, Etel, Raim, Spitzer, Karl Siqnetov Rinzer kimi (Allah onların hamısına rəhmət eləsin!) məşhur musiqişünasların diqqətini dönə-dönə özlərinə cəlb edib”.
Görkəmli türk bəstəkarı Adnan Sayqun (Onun ruhu şad olsun!) isə belə söylədi:
“Həyatımda çox tar dinləmişəm, amma böylə çalğı, böylə tar dinləmədim. Ramiz bəy tardakı ifanı elə bir halə gətirmişdi ki, – bu çox çətin işdi. Bədiilik, ustalıq və virtuozluq baxımından onun ifası bənzərsizdir. Bilirəm ki, tarda ən mürəkkəb muğamları çalmaq mümkündür, lakin Ramiz bəyin ifasında simfonik orkestrlə konsert eşitdikdə heyran oldum. O, qədim milli musiqi alətinin yeni imkanlarını açıb göstərdi. Belə ustad sənətkarına görə mən Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.
Bu cür çoxsaylı rəylərdən biri – əlcəzairli musiqişünas alim X.Monser (Onun ruhu şad olsun!) dedikləri də diqqəti cəlb edir:
“Mən bu alətin səsini ilk dəfə idi ki, dinlədim və onun imkanlarına mat qaldım. Virtuoz Ramiz Quliyevin ifasında muğamlar çox gözəl idi. Simpoziumda ifa olunan tar ilə simfonik orkestr üçün konsert ilə bir daha sübut etdi ki, Ramiz Quliyevin şəxsində Azərbaycan xalqı bədii, estetik və virtuozluq keyfiyyətlərini özündə təcəssüm etdirən gözəl sənətkara malikdir”.
Möcüzələr şəhərindəki simpoziumun “ayağı” sayalı oldu. Ramiz heç güman etməzdi ki, onun Səmərqənd səfəri sən demə, Amerikaya qədər uzanacaqmış.
Simpozium başa çatan günü YUNESKO-nun Beynəlxalq Musiqi Cəmiyyətinin vitse-prezidenti Edvinq Kristiesen (ABŞ) və Jan Dürinq (Onların ruhları şad olsun!) Ramiz Quliyevi Amerika Birləşmiş Ştatlarında keçiriləcək Beynəlxalq festivala dəvət edirlər.
YUNESKO-nun xəttilə Səmərqənd simpozimuna gələn dünya şöhrətli musiqiçilərdən ibarət münsiflər heyəti videolentə köçürdükləri konsertlərə təkrar baxıldıqdan sonra yekdilliklə sehirli üçlüyü sənət yarışının qalibi sayırlar. Jan Dürinqin imzası ilə bu virtuoz tiroya Amerika Folklor Musiqisi Cəmiyyətinin 100 illiyinə həsr olunmuş Beynəlxalq festivalında iştirak etmək üçün YUNESKO-nun rəsmi vəsiqəsini verirlər.
Dünyanın mötəbər musiqi sərraflarının yüksək rəyinə əsasən 1988-ci ildə virtuoz trionun “fəqərə sütunu” Ramiz Quliyev, iki qardaşın bir bacısı kamançaçalan Şəfiqə Eyvazova və bənzərsiz xanəndə Alim Qasımovdan ibarət Sadıqcan muğam üçlüyü – milli musiqinin üç yanar qəlbi, üç oxuyan ürəyi Amerikaya – Beynəlxalq festivala yola düşür.
Görəsən Azərbaycan musiqisinə amerikalıların münasibəti necədir? Odlar diyarından olan sənət xadimləri bu sualdan bir qədər narahatçılıq hissi keçirsələr də, ancaq onların əlində iki tutarlı fakt vardı. Birincisi bu idi ki, ötən əsrin 60-cı illərinin əvvəllərində ölməz, əfsanəvi və ecazkar Azərbaycan bəstəkarı Fikrət Əmirovun (Onun ruhu şad olsun!) “Şur” simfonik muğamı Hyu-Yorkun və Bostonun konsert salonlarında böyük uğur qazanmışdı.
İkincisi, sensasiya xarakterli bir informasiya səfər ərəfəsində onların ümidlərinə qol-qanad vermişdi – ölkənin mərkəzi qəzetlərinin səhifələrindən oxumuşdular ki, 1977-ci ildə amerikalılar “Boyacer” kosmik gəmisində yerdənkənar sivilizasiyanın sakinləri üçün milyard il ömrü olan və qızıl suyuna tutulmuş vallar qoymuşlar. O valların birinə qara zurnada çalınan Azərbaycan musiqisi yazılıbmış.
Deməli okeanın o tayında Azərbaycan xalqının musiqi yaradıcılığına hörmət vardır və hətta çox böyükdür. Bu hörməti sənətçilər elə təyyarədən düşən andan hiss ediblər.
Festivalın açılış günü azərbaycanlı peşəkar artistlərə çox yüksək şərəf nəsib olur. Belə ki, YUNESKO-nun qərarına əsasən Sadıqcan muğam üçlüyü ilk çıxışı ilə festivalın təntənəli açılışını edir. Mübaligəsiz demək olar ki, onların ifası o qədər yüksək təsir bağışlayır və uğur qazanır ki, sonrakı turlarda iştirak etmədən sehirli muğam üçlüyü birbaşa yekun konsertlərinə buraxılır.
Eyni zamanda Azərbaycandan gəlmiş musiqiçilərin ifaçılığına böyük marağın və məhəbbətin nəticəsi olaraq artistləri müxtəlif auditoriyalara, hətta Amerika senatorlarının yığıncaqlarına da konsert verməyə dəvət edirlər.
Ramizin bədii rəhbəri olduğu sehirli muğam üçlüyünün müvəffəqiyyəti o dərəcəyə yüksəlir ki, ölkənin ən məşhur və nüfuzlu mətbuat orqanları – “Nyu-York tayms” və “Nyu-York post” qəzetləri, eyni zamanda “Amerikanın səsi” radiosu öz redaksiyalarında dəfələrlə azərbaycanlı musiqiçilərlə söhbətlər aparır, görüşlər keçirir, müsahibələr dərc edirlər.
Bakıdan olan mahir musiqiçilər Amerikaya yola düşəndə bəlkə heç ağıllarına da belə gətirmirdilər ki, dünyanın bu nəhəng ölkəsində ifalarını çox yüksək dəyərləndirəcək, festivalda iştirak edən yüzlərlə kollektiv arasında məhz Sadıqcan muğam üçlüyünün çalğısını “möcüzə” adlandıracaq, onları fəxri kürsünün ən yüksək pilləsində xüsusi diplomla təlfif edəcəklər.
Ramizi isə xüsusi diplomla bərabər, həm də daha bir sürpriz gözləyəcəkdi! Bu sürpriz festivaldan sonra baş tutacaqdı: virtuoz sənətkar, Smitson Folklor Proqramları İnstitunda iki il tar dərsi deməyə dəvət olunacaqdı!
“Azərbaycandan gələn trionun çıxışları yalnız ABŞ dinləyiciləri üçün deyil, həm də festivalda iştirak edən 42 ölkənin bütün nümayəndələrinin hamısı üçün ali mükafat oldu”. – Təntənəli bağlanışdan sonra ABŞ Beynəlxalq folklor musiqisi festivalının baş direktoru Robert Adamsın (Onun ruhu şad olsun!) dediyi bu sözlər isə Sadıqcan muğam üçlüyünün virtuoz ifaçılarının qəlbində böyük fərəh hissi doğururdu. Onlar bunu birbaşa milli musiqiyə, Azərbaycan xalqının dühasına və təxəyyülünə verilən böyük qiymət kimi başa düşürdülər.
1989-cu ilin yazında Ramiz Yaponiyaya – bu gündoğar ölkənin məşhur “Minyon” firmasının aprel-may aylarında təşkil etdiyi “Böyük İpək Yolu” festivalına qastrol səfərinə yola düşür. Hər dörd-altı ildən bir keçirilən bu festival adətən 40 gün çəkir.
Yaponların belə bir sözü var, deyirlər ki, onların ölkəsi Tokiodan (Şərq paytaxtı) başlayır. Ramiz də qastrola Tokiodan başlayır və bütün adalarda davam edir.
Çinin, İranın, Misirin və bir çox şərq ölkələrinin musiqiçiləri ilə bərabər Ramiz solist kimi Yaponiyanın 30-dan artıq müxtəlif şəhərində və adalarda bir-birindən maraqlı, geniş və rəngarəng proqramlarla kosertlər verir. Motsartın konsertini, “Karmen” operasından antraktt, Listin “Rapsodiyası”nı, “Yevgeni Onegin” operasından valsı, Azərbaycan bəstəkarlarının mahnı və konsertlərini, əlbəttə, ilk növbədə bir-birindən gözəl və təsirli muğamları yapon dinləyciləri gurultulu alıqşlarla qarşılayır, ölkənin bütün qəzetləri Ramizin virtuoz sənətkarlığı barədə tərif dolu rəylər, resenziyalar dərc edirlər.
Tarzənin böyük ilhamla və şövqlə çaldığı muğamları dinləyicilər xüsusi heyranlıqla alqışlayır, öz məhəbbətlərini uzun sürüən alqışlarla izhar bildirirlər. Müxtəlif ölkələrin tamaşaçıları və dinləyiciləri kimi yaponlar da Şərq klassik musiqisi incilərinin belə yüksək sənətkarlıqla ifasına heç cür biganə qala bilmirlər.
Ramiz “Böyük İpək Yolu” festivalının qalibi kimi qiymətli mükafatla Vətənə qayıdır.
Bəli, qastrollar bir-birini əvəz edir və tarzən Almaniyanın, İraqın, İranın, Misirin, Suriyanın, Afrika respublikalarının, İngiltərənin, Fransanın, Amerika Birləşmiş Ştatlarınnın, Pakistanın, Əfqanıstanın, Hindistanın, Banqladeşin, Hollandiyanın, İsveçin, Belçikanın, Almaniya Demokratik və Fedarativ respublikalarının, Türkiyənin, Orta Asiya respublikalarının və dünyanın adını çəkə bilmədiyim ən məşhur şəhərlərində qastrol zamanı həmişə tamaşaçıları yalnız nuğam incilərini misilsiz ustalıqla ifa etməsilə deyil, həm də parlaq konsert proqramları ilə valeh edir.
Şərqin, Qərbin, Avropanın, Latın Amerikası ölkələrinin dinləyiciləri təsəvvürlərinə belə gətirə bilməzdilər ki, milli çalğı aləti olan tarda orkestrin müşayiəti ilə bəstəkarların əsərlərini belə parlaq şəkildə ifa etmək olar. Ağlagəlməyən müvəffəqiyyətlər, əcnəbilərin Azərbaycan xalq musiqisinə sonsuz marağı Ramizi heyran edirdi. Dinləyicilər onu ayaq üstə xüsusi məftunluqla, səmimiyyətlə və çılğıncasına alqışlayır, tarzəni uzun müddət səhnədən buraxmırdılar.
Qəzetlər Ramizin konsertləri barədə tərifli rəylər dərc edir, ustad tarzənin virtuoz ifasını xüsusi olaraq vurqulayır, onu “Şərqin Paqaninisi” adlandırırdılar. Əfqanıstan qəzetləri isə azərbaycanlı ifaçını yüksək qiymətləndirir, Ramizin barmaqlarını “Şərqin ən şirin barmaqları” kimi dəyərləndirirdilər.
Hər yerdə qazanılan yüksək müvəffəqiyyətlər, Azərbaycan xalq musiqisinə olan dərin maraq Ramizi ruhlandırır və sübut edirdi ki, əsl gözəllik, xeyirxahlıq, sülh və insanpərvərlik üçün ərzin bütün guşələrində insanların ürəkləri həmişə açıqdı.
Mətləbdən uzaq düşməyim. İndi sizə Ramizin ifa etdiyi muğamlardan bəhs edim.
Əvvəla bunu deyim ki, Azərbaycan xalq musiqisinin müxtəlif janrları içərisində muğamlar – muğam janrı əsas və görkəmli yerlərdən birini tutur.
Muğamat azərbaycanlıların zövqünü oxşayan dərin məzmunlu, füsunkar bir musiqidir. Xalq onu çox sevir və asanlıqla dərk edir: hətta xüsusi musiqi təhsili olmayanlar da muğama müəyyən dərəcədə bələd olur, onu hər hansı bir çalğı alətində, mükəmməl olmasa da, əzbərdən çalır və yaxud da zümzümə edə bilir. Bu, muğamların Azərbaycan xalqına çox yaxın və doğmadan da doğma olduğunu göstərən faktlardan biridir…
Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz söhbətini yarımçıq qoydu.
MİN SƏKKİZİNCİ GECƏ
gəldikdə Dünyazad üzünü bacısına tutub buyurdu:
– Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılın mabədini danış.
Şəhrizad da bacısına cavabında dedi:
– Şahım icazə versə, davam etdirərəm.
Padşah buyurdu:
– Danış.
Şəhrizad nəzakətlə dedi:
– Baş üstə, gözüm üstə! Şah sağ olsun, belə rəvayət edirlər ki, muğamat azərbaycanlıların zövqünü oxşayan dərin məzmunlu, füsunkar bir musiqidir. Xalq onu çox sevir və asanlıqla dərk edir: hətta xüsusi musiqi təhsili olmayanlar da muğama müəyyən dərəcədə bələd olur, onu hər hansı bir çalğı alətində, mükəmməl olmasa da, əzbərdən çalır və yaxud da zümzümə edə bilir. Bu, muğamların Azərbaycan xalqına çox yaxın və doğmadan da doğma olduğunu göstərən faktlardan biridir.
Xalq musiqisinin elə bir nümunəsi yoxdu ki, onda muğamların melodik, ritmik ünsürləri və bir sıra başqa xüsusiyyətləri özünü göstərməsin.
Muğamlar xalq arasında hələ qədim zamanlardan, əsas etibarı ilə vokal və vokal-instrumental əsərlər kimi yayılıb. Lakin bununla bərabər, Azərbaycanda muğam bir instrumental əsər təki də yayılaraq inkişaf edib. Bu da bir sıra muğamların çalğı alətlərində, xüsusən tar və kamançada solo – fərdi ifa olunması ilə izah olunur.
Muğamatın bir instrumental janr kimi inkişafı onun xaql çalğı aləti olan tarda dəstgah şəkilində ifa edilməsi ilə əlaqədardır. Məhz bu janrın inkişafında tarzən Ramiz Quliyevin də müstəsna xidməti var. Onun bu janrdakı rəngarəng ifaları insanlarda milli-mənəvi dəyərlərə bağlılıq və yüksək estetik-bədii zövq aşılayır.
Qibleyi aləm, muğamların instrumental janr kimi inkişafında tarın rolunu nəzərə alıb burada kiçik bir haşiyə çıxaraq tarın özü haqqında sizə qısa məlumat vermək, sonra da onun 11 siminin qurluşu və kökü barədə danışacağam. Çünki tar hələki bizim məclislərimizdə səslənmədiyi üçün bu haqda bilgimiz çox azdır.
Tar üç hissədən ibarətdir: kəllə, qol və çanaq (kiçik və böyük çanaq). Kəllənin üzərində 6 böyük və 3 kiçik aşıq, baş tərəfində isə ona yaraşıq verən tac yerləşir. Tar son dərəcə təkmilləşmiş çalğı aləti olub 22 pərdəyə və 11 simə malikdir. Onda rəngarəng və dinamik melodiyalar (ikiqat notlar, akkordlar və s.), habelə texniki passajlar ifa etmək mümkündür. Çanağı səkkiz rəqəmi formasında olan tarın ümumi uzunluğu 780–960 mm-dir.
Mən indi söylədiklərim isə musiqişünasların yazılı mənbələrindən əxz edib öyrəndiklərimdir. Bir də irəlidəki söhbətlərimdə yeri gəldikcə bu simlərin adamın qanını donduracaq məqamlarını şərh edəcəyimə görə istəyirəm qısa şəkildə də olsa anlayış verim.
Tarın sarı və ağ simləri aşağıdakı qayda ilə düzülür və köklənir: birinci cüt ağ simlər kiçik oktavadakı si səsi ucalığına; ikinci cüt sarı simlər kiçik oktavadakı fa diyez səsi ucalığına; üçüncü cüt ağ simlər birinci oktavadakı fa diyez səsi ucalığına, yəni sarı simlərin zilinə köklənir; dördüncü cüt ağ simlərin ucalığı isə birinci cüt ağ simlərin zilindən ibarətdir, yəni bunlar birinci oktavadakı si səsi ucalığına köklənir.
Sarı simlə ağ simin zilindən (bir oktava yuxarı ucalıqda) ibarət olan üçüncü və dördüncü simlərə “cingənə” və yaxud zəng simləri deyilir. Bu dörd simin ucalığı daimi olaraq tarın əsas kökünü təşkil edir. Bundan əlavə tarın qolu üzərində ağ və sarı ilə cingənə simləri arasında hərəsi bir teldən ibarət olan üç sim də vardır ki, ifa olunacaq muğamdan asılı olaraq bunların ucalığı (kökü) müxtəlif, dəyişilən olur. Bunlara “kök simlər” deyilir. Beləliklə, siz tarda daimi və dəyişilən olmaq üzrə iki kök olduğunu bildiniz.
Adətən tarçı muğamı ifa etmək istədikdə tarı çaldığı muğama kökləyir. Bunun üçün o, əvvəl tarın ağ və sarı simlərini, habelə cingənələrin kökünü yoxlayır ki, bundan sonra o kök simləri lazım olan muğama kökləsin.
Tarın müəyyən muğama köklənməsində əsas şərt kök simlərdən hər birinin muğamın əsas şöbələrinə aid olan pərdələrə müvafiq olmasından ibarətdir. Belə olduqda tar müəyyən muğama köklənmiş olur.
Çalğı zamanı tarzənin işlətdiyi mordent (iti), forşlaq (çarpma), “lal barmaq” və s. kimi melizm növləri obrazlı dillə desək musiqinin möhtəşəm imarətinə zinət verən naxışlardan – ornamentlərdən ibarətdir.
Ramizin tardan çıxardığı məlahətli, şaqraq səs çox gur, zəngin çalarlığı, rezonansın ahəngdarlığı və qüdrəti ilə adamın başını döndərir. Tarda olan rezonans heç bir xalq çalğı alətində yoxdur. Mülayimlikdə də başqa alətlər ona çata bilmir. Ramizin mizrabında isə elə bir əzəmətli qüvvət və nikbinlik var ki, onun cazibəli ifasını dinləyəndə, deyirsən ki, sanki bütöv orkestr səslənir.
Bədii yaradıcılıq ilə çalan Ramiz təbi gələndə, həvəsə düşəndə texnikada onun qarşısında durmaq olmur. Bu mənada onda səsi “saxlamaq”, “uzatmaq” kimi nadir bacarıq qabiliyyəti var. Məhz Ramizə xas olan bu üsullar çox vaxt ona tarla elə rəftar eləməyə imkan verir ki, yaxşı tarzənlərin bir çoxu bunu edə bilmirlər. Tarzən, hətta bir səsdə çalarları dəyişdirməyi bacarır.
O, fortedən (güslü səsdən) pianoya (zəif, yavaş) keçidləri bariz şəkildə diqqətə çarpdırmaqdan əlavə, tonları səslənməyə vadar etməyi, onları “canlandırmağı”, uca səslənməni (forte) zəif səslənmə (piano) ilə əvəz edərək səsin dinamikasını həm tədricən, həm də qəfildən gücləndirməyi, yaxud azaltmağı, tarın gövdəsini silkələməklə səsin müəyyən hallarda daha çox titrəyişinə nail olmağı bacarır. Bəzən ayrı-ayrı səsləri mizrabsız, yəni, pitsikato üsulu ilə (barmaqlarla) çıxarır və bu səslər qırıq-qırıq yox, ahəngdar olur.
Tarzənin çox iti əllərə, son dərəcə elastik biləyə və çevik barmaqlara qabil olmağı, sərrast, güclü mizrab vurmağı, yaxşı tremolo çalmağı, musiqiyə mükəmməl, dərindən bələdliliyi və oxuyanı müşayiət etməkdə bacarığı başqalarından fərqlənir.
Bu barədə SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı maestro Niyazi (Onun ruhu şad olsun!) belə deyib:
“Ramiz Quliyevin sənətə gətirdiyi yeniliklər tar ifaçılığını daha da zənginləşdirdi. Onun özünəməxsus, orjinal dəst-xətti var. O, tarzənlər arasında yaradıcı sənətkardır. Ramizin yaradıcılığı yalnız muğam ifaçılığı ilə məhdudlaşmır. O, eyni zamanda həm gözəl ansambl solisti, həm də ən müxtəlif repertuarla çıxış edən orkestr solistidir”.
Muğamlar Ramizin ifasında əzəmətli bir musiqi əsəri, əsrarəngiz səs dünyası, bitkin bir simfoniya təsiri bağışlayır. Onun tarı keçmişdən, bu gündən, sabahkı arzulardan, sevgidən, məhəbbətdən asta-asta söhbət açan möhtəşəm Səs muzeyidir.
Xalqın mərdlik və qəhrəmanlıq haqqında hekayətini əzəmətli bir sənət tablosu kimi zəngin boyalarla əks etdirən və muğamların anası sayılan “Rast”ı möhkəm biləkli tarzən yüksək şövqlə çalır. Bu muğamın ifasında melodiyanı zənginləşdirən, ona rəngarəng çalarlar verən xallar, gəzişmələr mühüm yer tutur.
Dəstgahın ifaçı qarşısında böyük improvizasiya üçün geniş meydan açan birinci şöbəsində – “Maye”də tarzən yaradıcılıq imkanlarını tam şəkildə göstərir. Ramiz melodiyanı melizmlə zənginləşdirir, ritmik və melodik baxımdan ona bənzərsiz çalarlar əlavə edir. Ən gərgin, ən mürəkkəb şöbə olan “Vilayəti”də Ramiz yaradıcılıq təxəyyülünə tam sərbəstlik verərək fərdiliyi, improvizasiya ustalığı ilə misilsiz ifaçılıq nümayiş etdirir.
Ümumiyyətlə bu dəstgahın ifasında Ramizin muğamın şöbələrinə daxil etdiyi və onlara xüsusi təravət verən əlavələri, xalları, gəzişmələri, mizrab işlətməyi çox maraqlıdır.
Daha geniş yayılan və xüsusi emosionallığı, zərifliyi, poetikliyi, lirik çalarlığı ilə fərqlənən, ən sanballı, çoxtərkibli, irihəcmli “Şur”un ecazkar aləmini “əlvan-əlvan çiçək olub, pərdələrə səpilən” Ramiz çalğısına xas olan xüsusiyyətlərlə – yaradıcılıq həyəcanı, lirik səmimiyyət və nikbin gümrahlıq hissi ilə dinləyiciyə çatdırır.
O, öz dinləyicisinə muğamın cazibə qüvvəsindən uzaqlaşmağa bir an da olsa belə imkan vermir, şöbədən şöbəyə keçdikcə çalğısındakı insanın həyəcanlarına, ruhi aləminə yaxın olan axıcılıqla qəlbləri ehtizaza gətirir.
Tarzən “Hicaz” şöbəsində üst mizrablar və güclü tremollar ilə elə çalır ki, deyirsən bu ifa ilə o, ayrılıqdan, hicrandan doğan çağrışı, fəryadı xatırladır. “Sarənc”də həzinliyə, yumşaq mizrablara diqqət yetirən Ramiz “Nişibi-fəraz”da üst mizrablarla ağ simi dartıb ehtizaza gətirməklə pərdələrdə aramla, fasilələrlə “Şur”a ayaq verir.
Qəhrəmanlıq xarakterli və dərin dramatik məzmunlu “Çahargah” dəstgahının ifası zamanı isə muğamın emosional açıqlığı, məna dolğunluğu Ramizin yaradıcılıq fantaziyasına və virtuozluğuna geniş üfüqlər açır. Bu çalğısında tarzən semantikasına görə çox az işlədilən üsulları tətbiq edir.
Qeyri-adi təxəyyülə, yüksək zövqə, təşəbbüskarlığa malik Ramiz sevinc, şən əhval-ruhiyyə bəxş edən bu muğamı dinləyicilərə fundamental ustalıqla işlənmiş, çox çeşidli al-əlvan rəngləri ilə ürək oxşayan, könül sevindirən melodik sənət tablosu kimi təqdim edir.
Ustad sənətkarın misilsiz virtuozluğu ən mürəkkəb muğam sayılan və olduqca təntənəli, cazibədar və coşqun bir tempdə çalınan “Orta Mahur”un solo ifasında daha parlaq və əyani şəkildə özünü göstərir. Muğam öz ifaçısından böyük texniki imkanlarla bərabər, həm də incəlik, zəriflik, xalların cilalanmasını tələb edir. Bu tələbi yerinə yetirməkdən ötrü tarzənin hər iki əlinin eyni səviyyədə işləməsi, eyni imkana malik olması çöx mühümdür.
Dəstgahın kompozisiya qurluşuna, hər şöbə və guşənin xarakterinə dərindən bələd olan Ramiz ifa zamanı texniki cəhətdən yüksək ustalıq və özünəməxsus nadir ifaçılıq manerası nümayiş etdirir, öz tapıntılarını, yaxud da ona qədər olan, lakin çətinliyinə görə tez-tez işlədilməyən üsulları tətbiq edir. Burada tarın açıq simlərindən istifadə olunur. Kök simin köməyi ilə güclü üst mizrablardan, səsin getdikcə gücləndirilməsindən və zəiflədilməsindən, yüksək texniki piryomlardan istifadə edən Ramiz “Bərdaşt”da təntənəylə, “Üşşaq”da, “Hüseyni”də həzinliklə, yumşaqlıqla, “Vilayəti”də ağır tempdə fasilələrlə, yanıqlı sədalarla, “Şikəsteyi-fars”da daha dolğun və tərs mizrablarla, “Mübərriqə”də bir qədər cəld, dayanmadan, ardıcıl səslənməylə, “Əşiran”da dolu üst, tərs mizrablarla əvvəl güclü, sonra getdikcə zəif ştrixlərlə ümumi səslənmədə təntənəli xarakter, əzəmət coşqunluq əldə edir.
Bu məqamda bir cəhəti xüsusilə vurğulayım ki, tarzənin ifasında səslənən bu muğamların əsl yeniliyi məzmunda, fikirdə, onların estetik təbiətindədir. Onlar xalqın, müasirlərin nəcib, ülvi, gözəl surətini, qəhrəmanlıq əməllərini, ictimai mühitin estetik ənənələrini, tarixi, mənəviyyatı zinətləndirən hadisələri qeyri-adi parlaqlıq və inandırıcılıqla əks etdirir.
Burada yeridir ki, söyləyim: Ramiz tarın dilini çox əla bilən kamil ustdaddır. Onun səhnədə duruşu, baxışı, hərəkətləri, üzünün bütün mimikası yaxşı mənada ölçülüb – biçilib, ürəyə yatımlıdır. Təmkinli şəxs olan tarzən xalq ifadəsi ilə desəm, ağır oturub – batman gələn adamdır.
Mən növbəti gecəmizdə, inşallah, sizə Azərbaycan musiqisində daha çox inkişaf etmiş “Segah” muğamı və onun Ramiz Quliyev tərəfindən bənzərsiz ifa olunması, tarzənin özünün daxili aləmini və təkrarolunmaz, orjinal üslublu ifa tərzinin həzin lirizm çalarlı ecazkar incəliklərini gözəl əks etdirməsi barədə bir qədər ətraflı danışacağam…
Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.
(Ardı var)
Şəhrizadın… tarzən Ramiz Quliyev nağılı (1)
Şəhrizadın… tarzən Ramiz Quliyev nağılı (2)