Şəhrizadın… tarzən Ramiz Quliyev nağılı (2)
- 26 Aprel 2019
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Rafiq Hacıyev
yazıçı-jurnalist, Cəfər Cabbarlı
və Rəsul Rza ədəbi mükafatlar laureatı
MİN ÜÇÜNCÜ GECƏ
elə ki, gəlib çatdı, Dünyazad üzünü bacısına tutub dedi:
– Bacı can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir.
Şəhrizad da bacısına cavabında dilləndi:
– Şahım icazə versə, davam etdirərəm.
Padşah buyurdu:
– Danış.
Qız nağılın mabədini danışmağa başlayıb dedı:
– Ey bəxtiyar şah və ədalətli hökmdar, belə rəvayət edirlər ki, Allahın böyük qüdrətindən və inayətindən idi ki, istedadlarla bol olan bu şəhərin gündüzləri minbir sirli mahnılarla və muğamlarla nəfəs alır, gecələri əsrarəngiz melodiyaların və təranələrin qoynunda şipşirin röyalara baş qoyub yatırdı.
Ramizin uşaqlıq çağları məhz belə zəngin musiqi əhatəsində keçərdi. Axşamlar Ay sütunlara sarılmış tənək və sarmaşıq yarpaqları arasından süzülərək, artırmanı işıqlandırar, baxça dərin sükut içində olardı.
Birdən, ansızın olaraq həyətlərinin o başından – qonşudan sədalanan, yarpız, lilpar, ətirli baldırğan bitkilərinin arasından süzülə-süzülə gələn bulaq suyunun şaqraq sədaları kimi eşidilən tarın avazı onu ahənrüba kimi özünə çəkər, “xəyalını dərk eləmədiyi, ancaq əsrarlı şirinliyini duyduğu ruhi bir aləmə aparardı”.
Əvvəlcə həzin melodiyalarla başlayan musiqi getdikcə güclənərək sehirli bir ahənglə axıb gecənin içinə tökülərdi. Ramizin üzündəki təbəssüm tədriclə çəkilər, gözləri qəribə ifadə alardı. Bu aydınlıq gecədə tarın səsi ona “uzaq bir əfsanə təsiri bağışlayardı. O, bu səsdən nəhayətsiz bir zövq alardı”.
“Bu aydınlıq gecələrin mehriban sükunəti, mavi üfüqlərdə itən genişliyi” Ramizə bənzərsiz ürək yazıçısı İlyas Əfəndiyev (Onun ruhu şad olsun!) demişkən “anlaşılmaz bir təsəlli, məchul bir ümid təlqin edərdi”.
“Segah” muğamı çalınanda isə həyət bağçası da elə bil canlanır, müqəddəs bir yer olurdu. Bütün güllər musiqinin sədası altında açılır, ətrafa ətir yayırdı. Sanki bu ətirdən məst olmuş musiqi də öz ürəyini çiçəklərə açır, ruhunu güllərə saçırdı. Şirəyə dolmuş, məst olmuş ağaclar musiqinin şirin melodiyası altında “nəşədən xumarlanırdı, muğam sevgi, məhəbbət sözünü söyləyirdi, ağaclar bundan titrəyirdi”.
Bağça “xoş bir yuxuya dalmış kimi idi. Qurbağaların qayğısız səsi eşidilirdi. Gecə çox gözəl idi. Gecə musiqinin dili ilə onu bürüyən Ay işığı kimi aydın və əbədi bir məhəbbətdən danışırdı”.
Musiqinin bu sevgi sözü nə idi? Bu ətirli, duyğulu meh – “Segah” idi. Təbiəti sarsıtmaq, həyəcana gətirmək üçün bu meh – “Segah” kifayətdir. Bu sözləri dinləməklə, yaxud səlnamədə oxumaqla əlbəttə ki, muğamın sehirli qüvvəsini başa düşmək, duymaq olmaz.
Gərək bu “Segah”ı canlı dinləyəsən – özü də Ramiz Quliyevin ifasında! Hələ bu möcüzə, bu sehirli ehtişam çox-çox illər sonra baş verəcəkdir! Hələlik isə…
Muğamı duyduqca Ramizin qəlbinin dərinliklərində qaynayan və zahirə çıxmağa çalışan gizli hisslərin qabağı açılardı. Ona elə gələrdi ki, ömründə ilk dəfədir bu qədər dərin mənalarla çırpınan musiqi eşidir. Ürəyi birdən-birə anlaşılmaz, riqqətli duyğularla titrəyərdi.
Oğlanın mavi büllur kimi parıldayan gözləri uzaqlara, aydınlıq gecənin dərin sükutu içində röyaya dalmış, bağların üzərindən enişə doğru əyilən ulduzlu göy qübbəsinə baxardı. Nəcib bir həyəcanla çırpınan bu gözlərdə xülya kimi uzaq bir məna olardı və solğun Ay işığında üzü həlim və nurlu görünərdi. Muğam pərdə-pərdə axıb getdikcə Ramiz hiss edərdi ki, simasındakı həlimlik də artıb yüksəlir və munis olur.
Və həmin o kimsə hər axşam, göy qübbəsinin “min bir çiçəkli, min bir yarpaqlı” ulduzlu vədəsində tarı götürüb simlərini kökləyərək hicranın ayrılığından həyəcanla titrəyib üzülən, çırpınan “Segah”a dil verib dilləndirəndə adamın ağlı başından çıxardı. Simlərin dilsiz şikayəti isə gecənin qəlbində çırpınar, çırpınardı.
Ay işığında sürməyi məxmər kimi görünən qızılgüllər, tutqun mavi rəngə çalan yasəmən salxımları, mürgüləyən ağacların kölgəsi, baxçadakı suların şırıltısı, təbiətdə hər şey… hər şey “insan qəlbini nə isə məchul, şirin bir intizar hissi ilə döyündürərdi”. Bir anlıq Ramiz sanardı ki, sanki qarşıda onu nəhayətsiz sirlərlə dolu qəribə bir aləm gözləyir. Və o, həmin aləmə tez çatmağa tələsərdi…
“Zalım”ı çıxmış qonşu isə gözlərini yumub tarı köksünə elə sıxardı ki, deyərdin bəs, mizrabı simlərə deyil, ürəyinin tellərinə vurub ürəyini çalır. Tar sanki insan kimi dil açıb, “müztərib insan məhəbbətinin böyük taleyindən” qəmli bir hekayə nəql edər, “itirilmiş ilk sevginin ələm və hicranından” danışardı!!!
Göy tağbəndinə kimi ulduzlu fəzada on dörd gecəlik aypara “Sineyvaz” qovunundan kəsilmiş sarı bir qıça kimi ağ buludlar altında üzərdi. Aşağıda isə həmin ayparanın işığına qərq olmuş baxçada bir budaq da tərnənməzdi.
Hər şeydə bir intəhasızlıq, əbədi bir lallıq hiss edilərdi. Hər şey məxmər kimi yumşaq sükuta dalaraq bu muğamı nəhayətsiz bir mehribanlıqla dinləyərdi. Təkcə ağacların salxım-salxım sallanan yarpaqlarının ipək kəlağayı kimi xəfif və mülayim səsindən, incə xışıltısından başqa.
Elə bil cazibədar bir sərinlik və təravət vəd edən axşam mehinin ətirli nəfəsi ilə, sevinc və nəşəylə titrəşib yırğalanan narın yarpaqlar uzaqdan Ramizə xoş sözlər söyləyərdi.
Hələ indiyə qədər göylər belə ulduzlu, ağaclar belə titrək, otlar belə ətirli, yarpaqlar arasında yatan quşların hənirtisi belə zərif, kainatın sakit ahəngdarlığı sevginin (Ramizin muğam sevgisinin) daxili musiqisi ilə həmahəng olmamışdı. Ramiz hələ indiyənə kimi muğama belə vurulmamışdı, belə xoşbəxt, belə məftun olmamışdı.
Bu “Segah”ın yaratdığı hallüsinasiya idi!
Muğam onun iqtidarını əlindən aldıqca Ramiz anlaşılmaz bir intizarla başını qaldırıb çəpərin o tayına boylanar, üzü mehribanlıq ifadə edər, tarın cadugər cazibəsilə qəlbinin uzaq dərinliklərində axşam qəribliyinə bənzər, səbəbini özü də bilmədiyi duyğuların alışan qoynuna düşər və ya ona elə gələrdi.
“Segah” ilk andanca onun ürəyinə elə bir qüdrətlə işləyərdi ki, gənc oğlan sarsıdıcı, coşğun bir hissin sel kimi axıb qəlbinə dolduğunu və bir anda damarlarına yayılaraq onu titrətdiyini duyardı.
Onda musiqiyə o qədər qızğın maraq və məhəbbət doğurdu ki, bu məhəbbət heç vaxt sönməyəcəkdi.
Bu yerdə bənzərsiz ürək yazıçısı İlyas Əfəndiyev (Onun ruhu şad olsun!) demişkən: “…heç bir qüvvə bizim qəlbimizə musiqi qədər hakim ola bilmir. Heç bir qüvvə bizdə bu qədər peşman mərhəmət hissləri oyatmır”.
Mən yazılı mənbələrdə rast gəlmişəm ki, tarın danışıb “oxumağı”nı lirik duyğular şairi Mikayıl Müşfiq (Onun ruhu şad olsun!) bir şeirində çox gözəl qələmə alıb. Şəhrizad şaha işarə ilə avazla həmin şeiri dedi:
Oxu, tar, oxu, tar!..
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!..
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütlənin acısı, şərbəti –
Alovlu sənəti!
…Çarparaq çahargahın divardan-divara
Yolçunu yolundan eyləmiş avara.
Çalxanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr.
Oxu, tar, fikrimdə oyansın
Baharın, Seyidin qəzəli;
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!
Damaqdan düşənlər,
Ürəyi şişənlər,
İlk bahar seyrinə çıxmayan,
Özünü dağların döşünə yıxmayan
Sinəsi dağlılar,
Vəfasız bir eşqin dağınıq zülfünə bağıllar
Dəxilin olmuşıar,
Qapında təsəlli bulmuşlar.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”.
Onunçun segahın danışır
Pərişan, pərişan…
Oxu, tar! Alovlu izlərin
Əcaba, neçə şux dilbərin
Yasəmən üzünü pul kimi qızartmış?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?..
…Mizrab dil açıb danışdıqca boylu-buxunlu, şirmayı görkəmli tarın on bir simi od olub şölələnər, iyirmi iki pərdənin hönkürtüsü, harayı, yanğıları, zərifliyi yavaş-yavaş çırpınar, dinləyəni alazlayardı .
Tarın gözəl səsi isə gecənin qəribliyinə, bəlkə də uzaqlara uzaqlara yayılardı. Bu sehrli səslər təkcə tarın simlərindən deyil, ifaçının xalq məhəbbəti ilə döyünən qəlbinin zərif, həssas tellərindən qopardı.
Naməlum tarzən çalardı…
Musiqidəki ən kiçik melodik cümlə, ən xırda guşə, ən balaca ibarə belə, özlüyündə çox zərif, çox incə bir poetik məna kəsb edərdi.
Muğamların sirli, sehrli, ecazkar, nakam gəlini olan “Segah”ın dərdi, kədəri təsirli barmaqların nəfəsində hönkürtüyə çevrilərdi. Belə məqamda üç ağlayan bir-birinə qoşulardı: bir mizrab, bir pərdə, bir də sim. Və sonra bu yanğıya, qüssəyə tab gətirməyən, dözməyən tar da, tarzən də kövrələr, kövrəldərdi…
…Çalğı, tarın səsi qarabağlıların sözü olmasın elə qəribə idi ki, daha nə deyim! Bu muğamı dinləyə-dinləyə Ramiz elə fikirləşirdi ki, evlərinin qapı-pəncərəsi, divarlar, xülasə, otaqlarda olan hər şey çəpərin o tayındakı tarın səsinə səs verib, ona hətta elə gəlirdi ki, bütün əzaları, paltarı tarın sədasına qoşulub.
Hər dəfə “Segah”ın “həyatımızın bizə bəlli olan əbədi ahəngi” barədə danışdıqlarını bitab halda eşidərkən kiçik uşaq oturduğu yerdə karıxıb qalır, ürəyi bir anlıq donur, nə dinib-söylənə bilir, nə də yerindən tərpənməyə halı olurdu. Sonra bu “don” açılır, qəlbi həyəcanla döyünür, vəcdə gəlirdi. “Nə böyük yanğı varmış bu dəli “Segah”da!”
Həqiqətən də “Segah” dərdlər, yanğılar tablosu imiş!
Bu haqda mən oxumuşam, fikir şairi Bəxtiyar Vahabzadə (Onun ruhu şad olsun!) çox yaxşı bir qəzəl yazıb. Onun qəzəlindəki bu kəlamlar necə də düz imiş:
Nə deyir könlümü oymaqla, oyulmaqla “Segah”?
Gözə göz yaşları tək bir belə dolmaqla “Segah”?
Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdr.
Sən mənim göz yaşım ol, çağla “Segah”, çağla “Segah”.
Anamın öz südü tək sən halalımsan, halalım,
Nə deyirsən, məni məndən belə almaqla “Segah”?
Bizi dünyanın o dar çərçivəsindən çıxarır,
Dəli xallardakı hönkürtüyə dalmaqla “Segah”.
Onun hər pərdəsi ah, hər bəmi qəm, hər zili od,
Qəlbə atəş çiləyir, hökm eləyir ağla “Segah”.
Bəxtiyarın da könül telləri titrər beləcə,
Deyər ahəstəcə hey: “Ağla, “Segah”, ağla “Segah”.
Qibleyi-aləm, vallah bu elə bir çalğıdır ki, onu dinləyərkən dərdiməndlər şəfa tapırlar. Və tarın nisgilli, “şəfa”lı sədaları kiçik Ramizin ürəyində onun özünün də hələ dərk etmədiyi yanıqlı bir cığır açıb, yol salırdı. “Segah” muğamı kimi hələ heç bir muğam musiqidə Ramizə bu qədər təsir eləyə bilmirdi.
Bu muğam damla-damla qəlbinə axıb tökülür, qanına, iliyinə işləyir, can evində tar çalmaq “həvəsi alovlanır”, musiqiyə hədsiz istək və tükənməz bir sevgi yaranırdı.
Allah (Şükür onun kərəminə!) tarın məhəbbətini onun ürəyinə salırdı (gənc tarzənin bəxt ulduzu da elə buradan bərq vurmağa başlamışdı!). Ondan sonra oğlanın həvəsi daha bu sözdən deyildi.
Ramizin bu cür cənnətməkanda eşitdiyi muğamlar və mahnılar – çox oynaq və axıcı melodiyaları, dərin təsirliliyi və qəlbə işləyən sözləri ilə diqqət cəlb edən musiqilər gələcək tarzənin ürəyində özünə isti bir yuva qururdu.
O uşaqlıqdan xalq musiqisinin gözəl və izahedilməz səciyyəvi cəhətlərini duyurdu. Xüsusən də ilk körpəlik təəssüratları ilə Ramizin hafizəsində nəqş olunan muğamlara qulaq kəsiləndə tamam başqa bir aləmə düşürdü.
Muğamlar görməyi və dinləməyi bacaran Ramizin hafizəsində güclü iz salır, ona qüvvətli təsir göstərirdi. Bu muğam və mahnılarda o, qəlbini çağlayan kədərsiz şənliyi və gizli acısı olmayan dalğınlığı daha canlı hiss edirdi…
Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.
MİN DÖRDÜNCÜ GECƏ
düşdükdə Dünyazad üzünü bacısına tutub dedi:
– Baci can, nağılını davam etdir.
Şəhrizad da bacısına cavabında dilləndi:
– Şahım icazə versə, davam etdirərəm.
Padşah buyurdu:
– Danış.
Qız nağılın mabədini danışmağa başladı:
– Ey bəxtiyar şah, muğamlar görməyi və dinləməyi bacaran Ramizin hafizəsində güclü iz salır, ona qüvvətli təsir göstərirdi. Bu muğam və mahnılarda o, qəlbini çağlayan kədərsiz şənliyi və gizli acısı olmayan dalğınlığı daha canlı hiss edirdi.
Mən eşitmişəm ki, fikir şairi Bəxtiyar Vahabzadənin (Onun ruhu şad olsun!) bu barədə yaxşı bir qəzəli var. Şəhrizad avazla həmin qəzəli oxudu:
Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı muğam.
Nə güman eyləmisən ondakı tilsimləri sən,
“Kürü ahıyla qurutdu”, “Salı yandırdı” muğam.
Onun hər guşəsi bir xatirə, bir çanlı kitab,
Keçilən yolları hərdən bizə andırdı muğam.
Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
Neçə qəsdin üstünü kəsdi, dayandırdı muğam.
O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud.
Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.
Dəfn edin siz mən “Zabul segah”ın mayəsinə,
Deyirəm, bəlkə, məni bir gün oyandıra muğam.
Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.
Hətta indinin indisində belə Ramiz muğamları dinləyərkən yaşadığı həyəcanı təsvir etməkdə acizdir. O bu gün də belə hesab edir ki, yeniyetməlik illərində yaşanan bədii təəssürat adamda bütün həyatı boyu dərin iz buraxır.
Musiqişünas alimlərin yazılı mənbələrində oxumuşam ki, “musiqi istedadı adətən ilk uşaqlıq dövründə – təfəkkür qığılcımlarının təzəcə şəfəq saçdığı zaman meydana çıxır. Buna görə təsadüfi deyil ki, musiqi ilk hisslər aləmi ilə bu qədər sıx əlaqədardır. Yenə də təsadüfi deyil ki, musiqidə laylay yaxud oxşama-hıçqırma kimi sadə təsirli intonasiyalar mühüm rol oynayır. Lakin illər keçdikcə, uşağın həyat təcrübəsi zənginləşdikcə onun musiqi yaradıcılığı da təkmilləşir və daha mürəkkəb hissləri səslərdə əks etdirməyə qadir olur”.
Bəs, görəsən, dediyim bu qəribə proses Ramizdə necə baş verib? Musiqi cəhətcə istedadlı olan bu uşaq necə və hansı qüvvənin təsiri ilə tarzən olub? Verdiyim suallara cavab almaq üçün istərdim ki, onun təbii istedadının uşaqlıq çağlarından başlayan inkişaf mərhələrinə yaxından birgə nəzər salmağa cəhd edək.
Yəqin ki, kiçik vaxtlarında kimsə maraqlanıb soruşsaydı ki, Ramiz, qardaşları Feyzulladan (Onun ruhu şad olsun!), Adildən və bacıları Alidədən, Validədən, Səidədən (Onların ruhları şad olsun!), Simadan nə ilə fərqlənib, başqa uşaqlardan nə ilə ayrılıb–bütün şahidlər – Əyyub ağa, anası Balaxanım ana (Onların ruhları şad olsun!), müəllimləri (Allah onların hamısına rəhmət eləsin!) yekdilliklə təsdiq edərdilər ki, bu oğlan cazibədarlığı ilə seçilib.
Onun sifətində istedadlı olduğunun izləri aydın görünüb, eyni zamanda bu sima xeyirxahlıq və zəka ilə parıldayıb. O, şən, zarafat sevən, sözəbaxan, oyun zamanı zirək və şux olması ilə diqqəti çəkib.
Kiçik yaşlarında tarı və kitabı oynamaqdan üstün tutduğuna baxmayaraq o, əsl uşaq olub. Özü də çox mehriban bir uşaq kimi sevilib.
Nazpərvərişlə böyüyən, dərs oxuyub savadlanan bu uşağın daxili aləmi barədə orta təhsil illərində onun sinifdaşları, şagird yoldaşları da Ramizi gülərüzlü, tərbiyəli və dərslərini çox yaxşı oxuyan oğlan, məktəbdə hamının ərköyünü kimi xatırlayırlar.
Bəlkə də ona görə ki, uşaqların arasında o, daha səmimi və xeyirxah bir adam olub. Gözəl bacarığı – ona aşılanmış əməyə vicdanlı münasibət bəsləmək bacarığı hələ uşaqlıqdan özünü göstərib.
Məhz elə yaşının bu gözəl və unudulmaz, təkrarolunmaz çağlarında büllur kimi saf olan mənəvi aləminin çeşməsinə bir musiqi çeşməsi də qovuşub. Necə deyərlər, musiqi oğlanın həyatına üzvi surətdə daxil olub.
Musiqiyə qəlbən bağlı olan atası Ramizin bu sahədəki inkişafı üçün hərtərəfli şərait yaratmağa səy göstərib. Mütərəqqi adam olan ailə başçısı musiqini ürəkdən sevib, çalıb-oxuyanlara rəğbət bəsləyib.
Xüsusən də öz övladlarını böyük ata məhəbbəti ilə sevən, daim onların qayğısına qalan Əyyb ağa (Onun ruhu şad olsun!) dörd qızının və üç oğlunun savadlı olmaları, ali və musiqi təhsili almaları üçün əlindən gələni əsirgəməyib.
Qardaşı oğlunun tara olan sonsuz məhəbbətini duyan Həbib kişi də (Onun ruhu şad olsun!) günlərin bir günü (onda Ramizin ad günü idi) öz sədəfli tarını (o, Böyük Vətən müharibəsində sol biləyindən ağır yaralandığına görə tar çala bilmirdi) Ramizə hədiyyə verərək deyib: “Çalış, yaxşı tarzən ol! Tarını mən verirəm, ilhamını özün köklə!”
Bundan sonra səylə çalışmaq, inadkarlıq Ramizin qəlbinə hakim kəsilib və onun xasiyyətinin ən ümdə, üstün cəhətlərindən birini məhz bu ahəngdarlıq təşkil edib. Bu cəhət Ramizin gələcək yaradıcılığında da həmişəlik qalıb, ifalarında yaşayıb.
Şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin tar sinifində təhsil alarkən ona “Nə vaxtdan tar çalmağa başlamısan?” sualını verəndə, adətən cavabı bu olardı: musiqini başa düşəndən bəri. Musiqini isə o, həyatı dərk etməyə başlayandan eşidib. Yeddi-səkkiz yaşında olarkən musiqinin dərinliyini və gücünü duyub. Məhz bu dövrdə onda daxilən musiqini qavrama qüvvəsi meydana çıxıb və bu qüvvənin vasitəsilə o, tara yaxınlaşmadan tam sükut şəraitində “musiqini eşidib”.
1957-ci ildə gənc musiqiçilərin Bakı şəhərində keçirilmiş Respublika Baxış Müsabiqəsində on yaşlı tarzənin çalğı qabiliyyəti, ifaçılıq fəallığı, özünəməxsus muğam barmaqları münsiflər heyətinin nəzər-diqqətini cəlb edib.
İlk laureat diplomunu böyük musiqişünas alim, görkəmli bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylidən (Onun ruhu şad olsun!) alanda isə Ramiz Quliyevin sevincinin həddi-hüdudu olmayıb!
7 illik Musiqi Məktəbinin tar sinfini bitirəndə (1960) o, gənclik tələbkarlıgıyla dolu olan hissləri ilə daha ürəklə, ilhamla və şövqlə çalıb. Elə bil ki, lap, lap böyük adam sayağı. İndi onun çalğısını məktəbdə oxuduğu ilk illərin çalğısı ilə müqayisə belə etmək mümkün deyildi. Çünki günü gündən musiqi onun həyatını mənalandırıb, daha yaxşı çalmaq üçün qüvvət verib. Tarda öyrəndiyi mahnılar və muğamlar harda olursa-olsun, nə edirsə-etsin daima onu təqib edib.
Ramiz isə hələlik öz istedadına sahiblik eləyə bilmirdi, bəlkə də istedadı Ramizin özünə hakim kəslilirdi.
Tarda improvizə etdiyi zamanı özünü büruzə verən və onun daxili aləmini mənaladıran musiqilər, məhz onun özündə yaşayırdı və hələlik heç bir yaradıcılıq iradəsinə, heç bir texniki vərdişə malik deyildi. Lakin bütün buna baxmayaraq mahnılar, muğamlar Ramizin qəlbinin, həyatının ayrılmaz bir hissəsi idi və onunla birlikdə inkişaf edir, onunla birlikdə yaşa dolurdu.
Musiqi məktəbində Ramiz elə yetişib ki, müəllimləri bu oğlanın diqqətəlayiq istedadına getdikcə daha artıq inanıblar. Ona son dərəcə həssaslıqla, qayğı və tələbkarlıqla yanaşıblar, Ramizə yaşlı adamlar kimi hesablaşıblar, daha çətin musiqi əsərlərini çalmaq barədə tapşırıqlar veriblər.
Gənc tarzənin çalğısı nəinki müəllimlərini ürəkdən razı salıb, yaşıdlarını və dinləyiciləri belə həyəcana gətirib. Mahir, ustayana tarzən, qüdrətli pöhrə olan Ramizin ciddi ifaçı olduğu görünüb.
O, rayon Pionerlər Evinin ən fəal üzvü kimi tez-tez orta və musiqi məktəbinin şagird gecələrində verilən könsertlərdə solist kimi çıxış edib, yuxarı sinflərdə isə hətta musiqi üçlüyündə rayondakı məşhur xanəndələrin tarda müşayiətçisi olub, həm də bir çox muğamları tarda solo çalıb.
Belə konsertlərdə yaxından iştirak edən Ramiz əmin olub ki, getdikcə ona olan məhəbbət və rəgbət peşəkar musiqçilərin məhdud dairəsindən bir qədər də uzaqlara yayılır.
Üzeyir Hacıbəyli adına Ağdam Orta İxtsas Musiqi Texnikumunun 4 illik tar şöbəsində oxuduğu illər ərzində musiqi onu öz yoldaşlarından kəskin surətdə ayırıb. Həmişə fikirli, nəyinsə qayğısını çəkən, simasında daima nurlu təbəssüm olan bu oğlan vaxtını saatlarla musiqi otağında keçirib, pencəyinin qollarını çırmalayaraq ehtirasla tarı dilləndirib, danışdırıb.
Sinifdə tək qalıb tarı sinəsinə basaraq improvizə etməsilə öz ruhi aləmini zənginləşdirən vaxt təsadüfən kimsə Ramizin simasının məsumluğunu görsəydi ona heyran kəsilməyə bilməzdi. Bu vaxt o, ətrafında heç bir şeyi hiss etmədən nə isə uzaqlara baxıb çalardı. Tələbə yoldaşlarının sinfə girdiyini, tar çalarkən xəyala dalıb fikirləşən zaman ona diqqət yetirdiyini hiss edən tək o, dərhal çalğısını saxlayardı.
Deyim ki, orta ixtisas musiqi texnikumunda qazandığı bu peşəkar vərdişin qiymətli əhəmiyyəti göz qabağında idi. Müəllimləri Cəlal Əliyevdən, Əlipaşa Daşdəmirovdan və Xosrov Fərəcovdan (Onların ruhları şad olsun!) aldığı not və muğam dərsləri gələcəyin virtuoz tarzənini texniki cəhətdən əsaslı surətdə hazırlamışdı. Məhz buna görə də, o, sözün ən dəqiq və yüksək mənasında peşəkar kimi, sənətkar kimi işləyirdi…
Adı bütün rayonla bir olan 13 yaşlı Ramiz Ağdam “uçilişası”nın ilk kursunda Mədəniyyət evinin nəzdində Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Süleyman Ələsgərov (Allah onların hamısına rəhmət eləsin!) kimi bəstəkarların xeyir – duası ilə yaranıb fəaliyyət göstərən və Qarabağın əfsanəsi sayılan, onun sərhədsiz musiqi səmasında lap Dan ulduzu kimi parlayan məşhur “Şur” ansamblına dəvət edilib. Kollektivlə birlikdə bir çox müsabiqələrin və festivalların iştirakçısı olub.
Ramiz elə bir musiqi, sənət fədailəri sırasına qoşulub ki, onlar musiqidə özlərini yox, özlərində musiqini axtarıblar. Onlar yaratdıqları mənəvi aləmə, səs, söz, sehr dünyasına tale kimi, qismət kimi baş əyiblər. Şərqin böyük mütəfəkkiri Rabindranat Taqor (Onun ruhu şad olsun!) bu sözləri sanki onlar üçün yadigar qoyub: “Musiqidə… və musiqiyə xəyanət olmaz!”
1962-ci ildə 15 yaşlı Ramiz Quliyevin bu ansamblın tərkibində Moskvda SSRİ Xalq Təsərrüfatı Naliyyətləri Sərgisindəki Azərbaycan pavilyonunda uğurlu çıxışı və həmkarları ilə birlikdə xalq çalğı alətlərində ifaçılıq müvəffəqiyyətlərinə görə sərginin Qızıl medalına layiq görülməsi qəlbində Prometey odu gəzdirən gənc tarzəni dillər əzbəri edib.
Təbii ki, konsertlərdə bu cür çıxışları Ramizin böyük gələcəyi üçün bir istedad nişanəsi idi. O ifa etdiyi muğamlara, mahnılara ehtirasla aludə olurdu, buna görə də ifası bulaq kimi axıb dinləyicilərin qəlbinə yol tapırdı. Tarzən ifalarında iztirabı, qəmli tərəddüdü, insan kədərinin bütün dəqiqliyini fövqəladə qüvvə ilə verə bilirdi. Tez-tez “çox qəşəng çalır” kimi xeyirxah sözlər eşidirdi. Artıq az bir zamanda onun çalğısının şöhrəti yurdunun günçıxanından yurdunun günbatanına kimi yayılmışdı.
Təəccüblü deyildi ki, hamıdan ötrü aydın və çoxları üçün doğma olan bu ifaçılıq belə gözəl rəğbət qazanmışdı. Gənc tarzənin pərəstişkarlarının sayı müntəzəm surətdə və durmadan artırdı. Onlar Ramizin adını səmimiyyət və ehtiramla çəkirdilər.
Ramizin çalğısına musiqiçilər də həvəslə, heyranlıqla qulaq asır, gənc tarzəni qızğınlıqla alqışlayır, eyni zamanda onun ifasına tələbkarlıqla yanaşır, istedadını düzgün qiymətləndirirdilər. Dinləyici auditoriyasında onsuz da hamı çox gözəl bilirdi ki, kiçik yaşlarından muğam çalıb-oxuyan qarabağlıların tərifə ehtiyacı yoxdu.
Buna baxmayaraq, tamaşaçıların hərarətli alqışları, onların ürəkdən gələn xoş sözləri gənc tarzənə qol-qanad verib, onu daha yüksək zirvələrə ucalmağa həvəsləndirirdi. Hər dəfə sinəsindən keçən arzular karvanıyla yol gedəndə, ürəyini suvarmağa başlayan xoşbəxtlik hisslərinə yeni bir istək də qarışır və bu istəyin işğında sənət yolunun nurlu sabahları Ramizi ciddi düşündürürdü. Onun dimağının (ağlının, şüurunun) hər bir zərrəsi gələcək üçün işləyirdi.
On yeddi yaşlı tarzənin rayon Pionerlər Evinə tar ixtisası üzrə dərnək rəhbəri, az sonra 1 nömrəli Uşaq Musiqi Məktəbinə müəllim və nəhayət, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dram Teatrına musiqi hissə müdiri kimi dəvət olunması, taleyində baş verən sıçrayışlı dəyişikliklər, gələcək nailiyyətlərinin uğurlu başlanğıc mərhələləri idi.
Dərindən hiss etmək və öz duyğularını ifdə etmək qabiliyyətinə malik olan Ramiz çox gözəl bilirdi ki, necə olursa-olsun ali musiqi təhsili almalıdır. Onun işıqlı sabahlara açılan sənət kəhkəşanındakı böyük addımları mütləq konservatoriyadan atılmalıdır.
Həyat isə astanada durub qalmır, yeniyetməlikdən sonra gənclik dövrü gəlirdi. Ramiz elə həmin vaxtdaca möhkəm və qəti qərara gəlib özünə çətin bir ömür yolu seçdi.
Bütün fikirlərinin mərkəzi olan gələcək Ramizə, ətrafında sərin kölgəli ağaclar bitmiş, yaşıl çəmənliklərin arasında günəş altında şüşə kimi parıldayan geniş bir yol kimi görünürdü – bu yol hamının səadət içində yaşayacağı geniş, əzəmətli, mürəkkəb, gözəl, haylı-küyrlü, izdihamlı şəhərə doğru aparırdı. Və…
1964-cü ilin xoş bir günündə, o, Ağdam–Bakı qatarının qoynunda təpələrdən yel kimi, dərələrdən sel kimi keçərək düz Bakıya qədər yol getdi. O, çox gözəl bilirdi və sövqi-təbii olaraq duyurdu ki, paytaxt şəhəri gələcəkdə yaradıcılığının doğma beşiyinə çevriləcək, onun həyat müşahidələri burada daha da genişlənəcək, ifaçılığı kamilləşəcək və inkişaf edəcəkdir…
Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz söhbətini yarımçıq qoydu.
MİN BEŞİNCİ GECƏ
gəldikdə Dünyazad üzünü bacısına tutub dedi:
– Baci can, əgər yuxun gəlmirsə, yatmırsansa, nağılını davam etdir.
Şəhrizad da bacısına cavabında dedi:
– Şahım icazə versə, davam etdirərəm.
Padşah buyurdu:
– Danış.
Qız nağılın ardını danışmağa başladı:
– Ey bəxtiyar şah, mənə çatanı budur ki, Ramiz 1964-cü ilin xoş bir günündə Ağdam-Bakı qatarının qoynunda təpələrdən yel kimi, dərələrdən sel kimi keçərək Bakıya qədər yol getdi. O, çox gözəl bilirdi və sövqi-təbii olaraq duyurdu ki, paytaxt şəhəri gələcəkdə yaradıcılığının beşiyinə çevriləcək, onun həyat müşahidələri burada daha da genişlənəcək, ifaçılığı kamilləşəcək və inkişaf edəcəkdir.
Musiqi nəzəriyyəsinə və musiqi ədəbiyyatına mükəmməl bələd olan Ramiz 1964-cü ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına, istedadlı pedaqoq Adil Gərayın (Onun ruhu şad olsun!) sinfinə daxil oldu.
Özünü, bütün həyatını bütünlükdə tar çalmağa, musiqiyə həsr etmək qərarına gəlmiş on yeddi yaşlı gənc üçün bu çox böyük qələbə idi!
Beləliklə, Ramiz Azərbaycanda tar sənətinin təbliğində və tədrisində görkəmli rol oynayan, konservatoriyanın həyatına insanı valeh edən gözəl yaradıcılıq məharəti ilə birlikdə xüsusi və dərin poetik ruh gətirən Səid Rüstəmov, Süleyman Ələsgərov, Adil Gəray (Allah onların hamısına rəhmət eləsin!) kimi zəngin daxili aləmə və cazibə qüvvəsinə malik musiqi xadimlərinin sıx sırasına qoşuldu.
Bu ali musiqi ocağında o, müəllimlərinin tapşırığı ilə öyrənib çaldığı hər əsərdə eyni zamanda özünə mənsub olan və çox ehtiyac hiss etdiyi yeniliyi axtarmaqla məşğul oldu.
Tələbəliyin ilk çağlarından Ramiz ifaçılıq fəaliyyətini qarşısında duran ali məqsədin həyata keçirilməsinə – milli xarakterlərin və ruhun mümkün qədər düzgün, aydın və geniş təcəssüm etdirilməsinə, tarın bütün xəlqi və beynəlxalq keyfiyyətləri ilə tanıdılmasına yönəltdi.
Gənc tarzəndə bu nümunəvi meylin daha da inkişaf etməsində müəllimi, görkəmli sənətkar Adil Gərayın (Onun ruhu şad olsun!) qayğısı, zəhməti və böyük tələbkarlığı həlledici rol oynadı.
Heç də təsadüfi deyil ki, sevimli müəlliminin rəhbərliyi altında Ramizin keçdiyi gərgin və yorulmaz əmək yolu sənətdə mətinləşmə və sınaq dövrü olmaqla bərabər, eyni zamanda onun gələcək müvəffəqiyyətlərinin başlıca rəhnini təşkil etdi.
İfaçılığa yenilik gətirmək, sənətdə özünəməxsus iz qoymaq və yeni yaradıcılıq yolları axtarıb tapmaq istəyi Ramizin böyük amalı, həyat kredosu idi.
O, saatlarla öz üzərində işləyir, yorulmaq bilmədən məşqlər edir və canı-dildən çalışırdı ki, ürəyinin başında əzizlədiyi sədəfli tarı həmişə orkestr kimi əzəmətlə səslənsin, eyni zamanda ayrıca simli və ya nəfəsli alət səsi versin, pərdələr dil açıb oxusun, qəlbləri riqqətə gətirsin. Tarı universal bir alət eləmək arzusu isə gənc tarzənin ən ümdə yaradıcılıq prinsipi idi.
Ramiz konservatoriyada müəllimlərinə dərin minnətdarlıq və sonsuz heyrət hissi ilə təhsil alsa da, onun möhkəm dayağı, sönməyən bədii idealı özündən əvvəlki ustad tarzənlərin ifaları idi. Bu ifalarda o, obrazların ifadə edilməsi çətin olan zənginliyini, musiqinin əks etdirdiyi xarakterlərin ruhi vəziyyətlərini, süjet və hadisələrin bütöv bir qalereyasını görürdü.
O, Mirzə Sadıq Əsəd oğlunun (Onun ruhu şad olsun!) tar məktəbini məharətlə davam etdirsə də, kamil sənəti Qurban Pirimov, Əhmədxan Bakıxanov, Bəhram Mansurov, Hacı Məmmədov, Əhsən Dadaşov (Allah onların hamısına rəhmət eləsin!) kimi ustad sənətkarlardan öyrənsə də, onların təsirinə düşmədi və düşmək də istəmirdi. O, nə incə təqlidçi, nə də bütün daxili aləmi ilə musiqidə ehtirasla çıxış yolu axtaran romantiklərin istedadlı davamçısı oldu.
Ramizin məni ilə gətirdiyi, heç kəsin hələ demədiyi yenilik yalnız özünün ilhamı və şirin barmaqlarının ifa etdiyi əsil Azərbaycan musiqi dili ilə axıb gəlməli idi. Gəldi də!
Məhz onun bu musiqi dilinin şirinliyindən süzülən ifası hər dəfə öz rəngarənliyi, bənzərsizliyi, parlaq virtuozluğu, lirik diyumluluğu, təsirliliyi və emosionallığı ilə fərqləndi, dinləyiciləri heyrətləndirdi, onlarda fərəh hissi doğurdu. Buna görə də onun barmaqlarının uçarıyla pərvazlanan hər bir çalğısı könüllərə yol tapdı, ürəklərdə işıqlı iz saldı və uzun müddət xalqın yaddaşına həkk olundu.
Konservatoriyada təhsil almaqla o, qüdrətli yaradıcılıq işi üçün geniş imkanlar tapdı. Nəhəng bir göl kimi paytaxta başqa yerlərdən, xüsusən respublikanın şəhərlərindən, həmçinin rayonlarından musiqiçilər, onlarla və yüzlərlə musiqi mənbələrinin suyu axıb gəlir, burada təmizlənir, durulur, Bakının ruhu ilə uyğunlaşır və vahid bir axın kimi Azərbaycanın və xarici ölkələrin ucsuz-bucaqsız yerlərinə axıb gedirdi. Qocaman tarzənlərin bütöv bir nəslinin yaratdığı bədii əlamətlər Ramizin yaradıcılığının əsasını təşkil edir, elə bir kərpicə çevrilirdi ki, onlarsız tar ifalarının… əzəmətli binasını qurmaq mümkün deyildi.
Birinci kursda o əvvəl, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına – xalq artisti, tarzən Əliağa Quliyevin (Onun ruhu şad olsun!) rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına, az sonra Dövlət Konsert Birliyinə – “Azkonsert”ə solist dəvət olundu.
Bundan sonra demək olar ki, gənc tarzən Azərbaycanı qarış-qarış gəzdi. Qastrol konsertləri ilə çıxışlar etdi. Hər yerdə neçə-neçə dinləyici məhəbbəti və rəğbəti ilə qarşılaşdı. Səbəb çox sadə idi: onun ifalarında plastik melodiya ilə gözəl harmoniyanın və parlaq instrumentovkanın mükəmməl əlaqələndirilməsi, eyni zamanda Ramizin muğamları və bəstəkar əsərlərini yüksək ustalıqla geniş dinləyici kütləsinə çatdırması hər bir dinləyicini heyran qoyurdu.
Ramizin çıxışlarına dəfələrlə baxmaq, ecazkar çalğısına qulaq asmaq tamaşaçıların xatirində unudulmaz izlər salırdı. Səhnədə onun ifaçılıq sənəti yüksək artistizm xüsusiyyətləri ilə fərqlənir və marağa səbəb olurdu.
Dinləyicini tez ələ almağı, diqqətini özünə cəlb etməyi bacaran Ramiz, onu həyəcanlandıran, sevindirən ifaçıdır. Tarzənlə dinləyici arasında olan üzvi rabitə hər bir təsvirçilik təzahürlərindən, xarici forma aludəçiliyindən, şablonçuluqdan uzaq olub güclü yaradıcılıq keyfiyyətləri ilə tamaşaçıların diqqətini özünə cəlb edir.
Artıq üçüncü kursda (1967) təhsil alarkən Ramiz xalq artisti, professor Səid Rüstəmovun (Onun ruhu şad olsun!) rəhbərlik etdiyi və musiqi kollektivləri içərisində özünəməxsus koloriti, tembr zənginliyi ilə fərqlənən Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri ilə pyeslər çalırdı. Onu orkestrə məhz Səid Rüstəmovun özü dəvət etmişdi.
Təbiətən qızğın və həssas olan Ramiz həmişə qayda-qanun tərəfdarı və səliqəli idi, xüsusən də məşğələlərdə sahmanlı olmağın təcəssümü idi, həmişə öz vaxtını qiymətləndirməyi bacarırdı. Bir sözlə Ramiz vaxtdan istifadə etməkdə virtuoz idi. Gün ərzində nə qədər lazımsa istirahət edir və bir dəqiqəsini belə hədər yerə itirmirdi.
O, sanki nə isə xüsusi bir zəhmət texnikasına malik idi. Elə bir xüsusi zəhmət texnikasına ki, burada cərahiyyə əməliyyatı zamanı həkimlərdə olduğu kimi, hər şeyin sadəliyi və əhəmiyyəti nəzərə alınmışdı. Bu da vaxtdan səmərəli istifadə etməkdə ona xeyli kömək edər və başqalarına müyəssər olmayan cəldliklə işləməyə imkan verərdi.
Mizrab vurmaqda müxtəlif ştrixovkalardan geniş istifadə, sol əl barmaqlarının yeyinliyi və xüsusilə mizrab hərəkəti ilə barmaqların gəzişməsində tam bir sinxroniklik, dəqiqlik, uyğunluq və müvazilik əldə etmək yolunda hər gün müntəzəm surətdə saatlarla çalınan təmrinlər tar texnikasının ən yüksək nailiyyətlərinə sahib olmaqla nəticələnirdi.
Ramiz musiqi ilə hər gün mütləq, inadla və saatlarla məşğul olurdu. Bu günün işini heç vaxt sabaha saxlamırdı. Həmçinin gündəlik müntəzəm işə etinasız münasibət göstərməyi və ilhamın gəlməsini gözləməyi pisləyirdi. O tez-tez yoldaşlarına bəstəkar Pyotr İliç Çaykovskinin (Onun ruhu şad olsun!) belə bir sözünü xatırladırdı: “İlham, tənbəllərin yanına getməyi sevməyən bir qonaqdır”.
Məhz belə anlarda o özünə yuxarıdan aşağı baxmaq kimi aldadıcı məntiqə uymayaraq, həyatında ən çətin bir məsələni həll etdi: yazıçı Qonçarovun (Onun ruhu şad olsun!) çox sərrast dediyi kimi incəsənətin yalnız müvəffəqiyyətləri və zövqü ilə əylənməyi sevən həvəskar musiqiçilərə rəğmən o, fədakar, zəhmətkeş və virtuoz tarzənə çevrildi! Bu, bir çoxlarının bacarmadığı əsl rəşadət idi!
Zehni əməyin bu yüksək mədəniyyəti, bu ciddi şəxsi intizam Ramiz üçün çox vacib idi. Bunlarsız tarzənin geniş məhsuldar əməyi mümkün olmazdı. Sənətkar yalnız bu proses nəticəsində öz zamanı ilə ayaqlaşa bilərdi.
Bu əlçatmaz, başqaları üçün mümkün olmayan virtuoz cəldliyin sirri hər şeydən əvvəl, Ramizdə əmələ gəlmiş, məşq zamanı kənar heç bir şeyə əhəmiyyət vermədən bütünlüklə fikrini ifa edəcəyi əsərə cəlb etmək bacarığında idi. İnsan çox nadir halda öz adət və vərdişlərinin, bilik və imkanlarının ağası olur, çox zaman isə bunlar faydasız qalır və onlardan təsadüfdən-təsadüfə istifadə olunur. Bir çox hallarda dahi, adi insandan məhz bununla fərqlənir ki, öz qüvvəsindən məqsədəuyğun və tam istifadə edir, onun tam dərinliyinə varır.
Əslində isə onun özünü işgüzar vəziyyətə salması heç lazım da gəlmirdi. Çünki ifa etdiyi hər bir musiqi əsəri onun danışan dili, hiss və duyğularının, fikirlərinin ən təbii və dolğun ifadəsinə çevrilirdi.
Daxilən müvəffəqiyyət qazanmaq arzusu, qarşısında açılan imkanların genişlənməsi onu həvəsləndirir və köməyinə çatırdı. Konservatoriyada beş illik təhsil müddətində o tamamilə dəyişdi, yeniyetmə tarzəndən yetkin sənətkara çevrildi. Texniki biliklərlə yanaşı, konservatoriyadan əvvəl ona az bəlli olan klassik musiqi ilə, eyni zamanda rus və Qərbi Avropa bəstəkarlarının bir sıra populyar əsərləri ilə də daha yaxından tanış oldu.
Bir az əvvəldə dediyim kimi, Ramiz məşhur tarzənlərin ifasını ciddi-cəhdlə izləyir, onların ifaçılıq sirlərini dərindən aşkarlamağa çalışırdı. Belə axtarışlar, araşdırmalar gənc tarzənə özünün milli ifaçılıq yolunu göstərirdi. Yuxarıda adlarını çəkdiyim müəllimlərindən, sənət ustadlarından aldığı dərslər onun istedadını, geniş ifaçılıq imkanlarını vahid məqsədə yönəldirdi.
Beş illik ali təhsildən sonra, Ramiz Quliyev yetkin ifaçı tarzən kimi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını tar və dirijorluq ixtisasları üzrə qırmızı diplomla – Fərqlənmə diplomu ilə bitirdi…
Şəhrizad bu yerdə səhərin açıldığını görüb öz nağılını yarımçıq qoydu.
(Ardı var)
Şəhrizadın… tarzən Ramiz Quliyev nağılı (1)