Firuzə Davudqızı
Bir müddət sonra
Soyuq ölkələrin birindən ezamiyyətdən qayıdan Azər 1 saat olardı ki, Bakıya çatmışdı. İki gün idi özünü yaxşı hiss eləmirdi. Qızdırma, üşütmə onu tamam əldən salmışdı. Ayaq üstə durmağa taqəti yox idi.
Evə gəlib, dərman qəbul etdikdən sonra yatmaq fikrində olsa da, ürəyi ilə bacarmadı, telefona doğru getdi. Halsız olmasına baxmayaraq dəstəyi qaldırdı. Xalası evinin telefon nömrəsini yığdı. Çox keçmədən dəstəyi qaldırıb cavab verdilər.
– Alo…
Dilarə idi. Azər dəstəyi onun qaldırdığına məmnun olub, dişi-dişinə dəyə-dəyə:
– Salam, Dilarə, Azərdir, – dedi.
Xətdə Dilarənin heyrətlə içini çəkdiyi duyuldu:
– Azər!
Azər dillənmək üçün bütün gücünü toplayıb, hal-əhval tutdu:
– Necəsən?
Dilarə Azərin sualına sualla cavab verib, ona irad tutdu:
– Bu qədər vaxtdır haradasan sən?
– Şəhərdə deyildim. – Azər səsi titrəyə-titrəyə cavab verdi. Və dərhal ahəngində nisgil yatan bir səslə Aydanı xəbər aldı. – O, neyniyir? Xəbərin var? Görüşməmisən ki?
– Dəliyə dönüb qız, necə olasıdır ki… Səndən bir xəbər gözləyir.
Azər Dilarəni dinləsə də canının ağrısından üz-gözünü turşudub büzüşdü.
– Adam bir xəbər etməz? Niyə belə edirsən ki? Nə oldu sənə birdən-birə? Heç cür anlaya bilmirəm. O qız günah elədi bəyəm, sənə könül verdi? Heç rəvadırmı? Səni soruşur, qalıram çaşbaş, heç bilmirəm nə cavab verim.
Azər narazılıqla fısıldadı:
– Düşündüyün kimi deyil. İşlə əlaqədar getmişdim. Xəbər etmək imkanım olmadı.
– Səsin nöş belə gəlir? Xəstə deyilsən ki?
Azər bir anlıq nəfəs dərdikdən sonra Dilarənin sualına cavab verdi:
– Bərk soyuqlamışam. Heç yaxşı deyiləm. Amma bunu evdə heç kimə bildirmirsən. Danışdıq?
– Bu da sözdür?
– Keçib gedər. Narahat etməginən camaatı.
Aradan bir neçə gün daha keçdi.
Azər hələ də xəstə yatır, işə çıxmırdı. Bu müddətdə xalası Səadət Azərin etirazına baxmayaraq ona baş çəkməyə gəlir, qulluq edirdi. Dostları Vüqar və Ceyhun da onu tək qoymur, işdən sonra bura gəlirdilər. Növbəti gün Azər Vüqarın səsinə yuxudan oyandı:
– Dayı gəlib. Səni soruşur.
Azər yataqdan zorla qalxdı. Taqətsiz halda idman gödəkçəsini əyninə keçirib, ayaqlarını dalınca sürüyə-sürüyə otaqdan çıxdı. Salona keçəndə atasını Vüqarla söhbət edən gördü.
Ənvərin baxışları oğluna yönələndə üzü tutqun ifadə aldı. Onun halına-təhrinə baxan kimi ürəyindən qara qanlar axdı. Azər aralarındakı soyuqluğa baxmayaraq yaxınlaşıb atası ilə görüşdü. Ənvər nigarançılıq içində soruşdu:
– Necəsən indi? Özünü necə hiss edirsən?
– Düzəlirəm yavaş-yavaş. Narahat olmaginən. – Azərin sakit səsi duyuldu. Hər ikisi bir-birindən gözlərini qaçıra-qaçıra tutqun səslə danışmağa başladılar.
– Keç otur burda görüm. – Ənvər oğluna yanında yer göstərdi.
Azər müti şəkildə atasının sözünə əməl etdi. Divanda onunla yanaşı əyləşib, dizlərinə dirsəklənib əlləri ilə üzünü ovuşdurmağa başladı. Əslində bir növ özünü toplamağa çalışdı.
– Həkimə getmisən?
– Getmişdim. – Azər atasına cavab versə də, eyni zamanda gözucu tərs-tərs Vüqarı süzdü. Onu baxışları ilə qınadı.
Vüqar bu baxışların səbəbini anlamağa çalışan bir ifadə ilə Azəri süzüb, salonu tərk elədi.
Fikri onun dalınca yayınan Azər atasının səsinə özünü yığışdırdı. Ənvər diqqətlə oğlunu süzərək deyəcəklərini son dəfə ölçüb-biçib, nəhayət, dilləndi:
– Hələ nə vaxta qədər belə davam etmək fikrin var?
Azər dillənmədi.
– Evə niyə baş çəkmirsən? Lazım bilmirsən?
– Şəhərdə deyildim. – Azər dilucu cavab verdi.
Ənvərin acı istehza ilə dodağı xəfifcə qaçdı:
– Sənin şəhərdən çıxdığın vaxtı-vədəni, şəhərə qayıtdığın saatı-dəqiqəni mən səndən də gözəl bilirəm. Mənə bəhanə lazım deyil. – Ört-basdır etməyə çalışdığı gərginliklə köks ötürdü. Sonra təkrar dilləndi. – Anan necə pərişandır heç bilirsən? Yoxsa bir mənası yoxdur səninçün? Bir zəngə də gücün çatmır?
Azər baxışlarını yerə dikib hələ də susurdu.
– Özünə də, bizə də bu qədər əziyyət etməyinə nə gərək var? Bu həyat tək bir nəfərdən ibarətdir məgər?
Azər bu suala da sükutla cavab verdi.
– Hər şeyi öz arşınınla ölçmə. Heç nə sənə bu an göründüyü kimi asan deyil. Həyat dediyin yelkənli bir qayığa bənzəyir. Onun nə zaman, hansı fırtınaya rast gələcəyi, hansı qayaya çırpılacağı məlum deyil. Mən gözümü sənə dikmişəm. Səndən başqa gözümə çıraq edəcəyim bir ümid yerim yoxdur. İstəmirəm bu gün atdığın addımların sabah cəzasını çəkəsən. Çəkmək məcburiyyətində qalasan. Məni düz başa düş. Səninlə bu an tamam açıq danışıram. Düşmənim çoxdur. İstəmirəm sənin ayağına daş toxunsun. Sənə, sənin gələcəyinə xələl gəlsin. Mən yaşaya bilmədim, heç olmasa sən sakit yaşa. Bu dünyadan köçəndə sənin aqibətin sarıdan gözüm arxada qalmasın. Sakit yatım məzarda. Bunu mənə çox görməginən. – Oğlunun üzündəki ifadəni izləyə-izləyə danışan Ənvər sözün bu yerində bir anlıq susub, son sözünü xüsusi ahənglə dedi. – Daşın bu sevdadan!
Azər atasına tərəf baxmadan son dərəcə qəti səslə:
– Məni bağışla, ata! Dönə-dönə üzr istəyirəm səndən. Amma özümü bir ömür tənha hiss edəcəyim belə sakit həyat mənə gərək deyil.
Ənvər bu cavab qarşısında daha danışmağı lazım bilməyib, köks ötürdü. Bir xeyli fikirli göründü.
Atası gedəndən sonra Azər salona gəlib, iradla Vüqara:
– Bu nədir ala, yenə nə vəlvələyə vermisən ortalığı? Sənin bu dilində söz dayanmır? – deyə məzəmmətlə dostunu süzdü.
– Təqsiri məndə nöş görürsən, mən neyləyim?
– Nə demişdim sənə? – Azər özündən çıxdı. – “Soruşan olsa, məni görməmisən!” dedim, ya demədim?
– Atam yerində adama necə yalan danışım? Söz danışdın da.
– İndi yaxşı iş gördün də. Əhsən! Eşitmədiyim söz qalmadı. – Azər tərs-tərs Vüqarı süzdü.
– Başa düşürəm səni, bu saat gərginsən. Məsləhət görürəm bir balaca sakitləşəsən, sonra danışarıq.
– Ehh!.. – Azər narazılıqla əlini yellədi, keçib divanda əyləşdi. Atası ilə arasında keçən söhbətin təsirindən bir xeyli sakitləşə bilmədi.
***
Ənvər şəhərdən tutqun əhvalda qayıtdı. Dilbər ərinin üzündəki ifadəni görüb bir az da gərgin oldu.
– Gördün Azəri?
Ənvər xeyli sükutdan sonra qaşqabaqlı halda cavab verdi:
– Gördüm.
– Necə idi? – Dilbər həyəcanla ərinə baxdı.
Ənvər dillənmədi.
– Ənvər, niyə susursan? Niyə dinib bir söz demirsən?
– Çünki deməyə söz tapmıram. – Ənvər yarı istehza, yarı ciddi cavab verdi.
Dilbərin narahatlığı daha da artdı. Dözməyib, yenə soruşdu:
– Nə danışdınız?
– Mən deyəcəklərimi dedim, amma deyəsən nə dediyim ona çatmadı. – Ənvər daxili gərginliklə fısıldadı.
Səbri tükənən Dilbər:
– Ənvər… Üzmə ürəyimi mənim! – deyə narazılıqla ərini süzdü. – Onsuz da özümü yeyib-tökürəm… De görüm qərarın nədir? Nə nəticəyə gəldin?
Ənvər Dilbərin sualını cavabsız qoyaraq qalxıb eyvana çıxdı.
Onun dalınca baxa-baxa qalan Dilbər qüssə içində köks ötürdü.
…Günlərlə qaradinməz gəzib dolanan Ənvər oğlunu bu fikirdən daşındırmaq üçün düşünür, lakin bir çıxış yolu tapa bilmirdi. Nə sözünü geri götürməyə, nə də oğlunun gözü önündə əzab çəkməsinə gücü çatırdı. Azərin ona dediyi sözlər isə günlərdir qulaqlarından çəkilib getmirdi. “Özümü bir ömür boyu tənha hiss edəcəyim belə sakit həyat mənə gərək deyil”.
Nəhayət, bir axşam oğluna zəng vurub, ona Mərdəkana gəlməyi tapşırdı. Azər səbəbini sual edəndə Ənvər qeyzləndi:
– Sual verməginən. Gəl deyirəmsə, deməli, bir əhəmiyyəti var.
Azər atasının sözünün qabağında daha söz demək istəməyib, susdu. Ertəsi gün Mərdəkana yola düşdü. Evə gəlib çatanda gün batmışdı. Onu həmişəki kim qapıda qarşılayan Vüsətlə salamlaşıb, ayaqüstü hal-əhval tutdu. Üstüörtülü evdəki vəziyyəti xəbər aldı.
Vüsət Azərin suallarına cavab verməkdə idi ki, Rəna eyvanda göründü. Azərin gəldiyini görüb gülərüz pilləkəni endi. Yaxınlaşıb xoş gəldin etdi. Azər razılıq edib Rənanın kefini xəbər aldı. Sözarası:
– Atagil yoxdur evdə? – deyə maraqla hər ikisini süzdü.
Rəna Vüsətə baxıb baxışları ilə işarə etdi. Vüsət açıb deməli oldu:
– Elçiliyə gediblər.
Azər duruxdu. Gözləmədiyi bu xəbərə çaşıb qalaraq təəccüblə hər ikisini süzdü.
– Elədir ki, var. – Rəna məmnunluqla gülümsədi.
Ona xəbər vermədən belə iş tutmaları Azəri narahat etdi. Şübhəsini boğa bilməyib, soruşdu:
– Kimin elçiliyinə? Kiminçün?
– Nadirgilə. Nadirin qızı üçün.
Yalnız bu cavabdan sonra Azər rahat nəfəs aldığını hiss elədi. Daxilən izah olunmaz bir yüngüllük duydu özündə.
…Bir neçə saat sonra evdə duyulan qarışıq səslərə otağından çıxan Azər atasıgilin qayıdıb gəldiyini gördü. Bu vaxt dəhlizdə anası ilə qarşılaşdı.
Dilbərin sevinci yerə-göyə sığmırdı. Oğlunu gəlib evdə görməsi isə sevincinə sevinc qatdı. Gözlərinin içi gülə-gülə oğluna sarıldı:
– Anan qurban sənə, nə yaxşı gəlibsən.
Azər anasını sinəsinə sıxdı. Mehr-məhəbbətlə saçlarından öpdü.
– Necəsən indi? – deyə Dilbər qayğıkeş bir səslə soruşdu. – Yaxşısan?
– Şükür! – deyib Azər onu maraqlandıran sualı verdi. – Siz hardan belə?
Dilbərin üzü təbəssümlə doldu:
– Getdik qızı istədik səninçün.
– Cavab nə oldu?
– Böyükləri ilə də məsləhət edib, cavab verəcəklər. Amma hərisini almış sayılırıq, sıxma ürəyivi. – Dilbər gülümsündü. – Allah mübarək eləsün!
Azər özünə xas bir əda ilə xəfifcə gülümsündü. Bəxtiyarlığı üzünə vurdu.
Anasından ayrılıb salona keçdi.
Yaxın bildiyi hər kəs burada idi. Səməndər həyat yoldaşı Ofeliya xanımla birlikdə gəlmişdi. Kazımov və onun həyat yoldaşı Lətafət xanım da elçilikdə iştirak edənlər arasında idilər. O cümlədən bibisi Ruqiyyə əri ilə, xalası Səadət, əri Fazil və digər yaxınları vardı. Şən əhval-ruhiyyədə deyib-gülür, təəssüratlarını bölüşürdülər.
Kazımovun gözü Azərə sataşanda ucadan gümrah bir səslə:
– Ooo!.. Səbəbkar burda imiş ki! – dedi.
Hamının diqqəti o anda Azərə yönəldi. Azər bu baxışlardan sıxılan kimi oldu. Buna baxmayaraq yaxınlaşıb qonaqlarla bir-bir görüşdü.
Bir qədər sonra siqaret çəkmək bəhanəsi ilə salonu tərk etmək istəyəndə Kazımov onun qoluna girdi:
– Əmi-bala bir az dərdləşək səninlə. Nə vaxtdır görmürəm səni. – deyə Azərlə birlikdə eyvana çıxdı.
Azər siqaret çəkmək fikrindən daşınası olub, Kazımovu dinləməyə başladı. Kazımov sözünə giley-güzarla başladı:
– Amma yaman etibarsız çıxdın a, qardaşoğlu, boynuna al. – deyə Azərə eşitdirdi. – Adam bir vaxt edib əmisini yada salmaz?
– Nə desən haqqın var, əmi. Üzrlü say, vaxt edə bilmirəm.
– Vaxtı bəhanə gətirmə, vacib bilmirsən. Belə deginən, başa düşüm. – Kazımov təbiətinə xas bir əda ilə əlini onun kürəyinə vurub irişdi. – Zarafat edirəm. Cavan olmamışıq ki? Əmi başa düşür səni, sənin indi çətin ki, vaxtın ola. – Xüsusi ahənglə vurğuladı. – Nəzərə alıram, amma toya qədər.
Azər sıxıla-sıxıla başını aşağı saldı. Söhbətin bu mövzu ilə başlayıb, bu axarla davam etməsi onu açmadı. Evə keçmək üçün bəhanə aradı, amma Kazımov bunu hörmətsizlik kimi qəbul edər deyə məcburən dayanmalı oldu.
Kazımov yenidən dilləndi:
– Ürəyini buz kimi saxla, bu iş həll olunub, ayrı cür ola bilməz. Qız sənindir! Biz hansı qapıdan əliboş qayıtmışıq ki. Elədir, elə deyil?
Azər güclə sezilə biləcək bir ifadə ilə gülümsündü. Kazımov şəstlə:
– Elə bir kişinin qızını alırsan ki, kişi deyirəm e, sənə! Hər gəda- güdanın tayı deyil! – dedi.
Azər Kazımovun Nadiri nəzərdə tutduğunu sandı, söhbətin Kamaldan getdiyini ağlına belə gətirmədi. Kazımov eyni ahənglə sözünə davam etdi:
– Amma sənə bir söz deyim, öz aramızda. Şir ürəyi yemisən sən, qardaşoğlu. Hər oğlanın həddi deyil Zakirin tutduğu işi tərsinə çevirə. Əhsən! Əlbət, bir gün onun da cavabını verən tapılacaqmış!
Azərin üzündəki ifadə göz qırpımında dəyişdi. Təəccüblə Kazımova baxdı:
– Anlamadım. Necə?
Hədəfə vurduğunu bilən Kazımov ikinci əsas zərbəni endirmək üçün çox gözləmədi. Vaxt itirmədən daha şövqlə danışmağa başladı:
– Burada anlaşılmayacaq qəliz heç nə yoxdur, atam. Zakir sənin doğmaca əmindir. Bəs bilmirdin? – Azərin bütün diqqətinin onda olduğunu görüb, sözünə düzəliş etdi. – Ay dad, mən də nəyi qoyub, nə danışıram. Sənin necə xəbərin olsun ki… Əmi deyilən kəs qapınızı açıb bəyəm? Hansı birini tanıyırsan ki, Zakiri də tanımış olasan.
Azərin qaşları çatıldı. Çöhrəsi tutqun ifadə aldı. Kazımov isə bunu gördüyü halda məqsədli şəkildə yenə susmadı:
– Ənvəri bu yerdə qınamaq olmur. Qardaşları vaxtilə düz iş görmədilər. Düşmənçilik etdilər. Üstəgəl, bu qədər vaxt keçib, hələ kin saxlayırlar. Daha nəzərə almırlar ki, bu dünya ölüm-itim dünyasıdır, gərək yoxdur bu şeylərə. Atan da belə vəziyyətdə nəyi açıb-ağartsın ki, sənin yanında? Qardaşdan nə qardaşlıq görüb ki, oğula da bu sənin əmindir desin e.
– Bunu başa düşdüm. – Azər tutqun ifadə ilə dilləndi. – Atam deməyibsə, deməli, bir bildiyi olub ki, deməyib. Yaxşı, bəs mənim qəbahətim nədir? Bu qaranlıq qaldı mənə.
Kazımov saxta gülüşlə:
– Sözü göydə tutursan a, qardaşoğlu, – dedi. – Nədir, zarafat da götürmürsən? – Təkrar irişdi. – Sənin heç bir qəbahətin yoxdur. Məsələ budur ki, indicə elçilik etdiyimiz qızı bir müddət əvvəl əmin Zakirin oğluna adaxlamışdılar. Atanın da yolunu kəsən bu idi. Qardaşına görə addım atmaq istəmirdi.
Azər Kazımovun son sözlərini duyanda başına küt alətlə vurdular sanki. Rəngi boğulmuş halda Kazımova baxdı. Kazımov bu baxışları görməzliyə vurub:
– Heç ürəyini sıxma, Nadirin qırımından anladım ki, meyli siz tərəfədir, – dedi. – Onun onsuz da heç vaxt ulduzu barışmayıb Zakirlə. Görməyə gözü yoxdur. Bacısıdır kəsən yolunu. Bir də ki, qızının da könlü səni tutub. Day, nə istəyirsən?
Azərin bu sözə dodağı da qaçmadı. İxtiyarsız olaraq sinəsi təlatümlə qalxıb-enməyə başladı. Bu zaman Kazımovun istəyinə nail olan bir baxışlarla onu süzdüyünü, qalib bir əda ilə dodaqaltı gülümsədiyini görmədi:
– Nə oldu? Nə fikrə getdin?
Azər çatılmış qaşının altından gözucu Kazımova baxsa da dinmədi. Özünü toplamağa, hisslərini bəlli etməməyə çalışdı. Amma müvəffəq ola bilmədi. Kazımov bu duyumla:
– Fikir vermə, əşi, olub keçib. İrəliyə baxmaq lazımdır, – dedi. – Sənin qismətin imiş. – Sözünə bir anlıq ara verib, fərəh dolu bir səslə əlavə etdi. – Qurban əmin, gör toyunda nələr edəcək də səninçün. Şeyx Nəsrullah deyiləm, amma işinə yarasa, lazım gəlsə, sənin üçün lap ölünü də dirildərəm! Əminin bu sözünü unutma!
Azər əhvalı korlanmış, qanı qaralmış halda başını aşağı saldı. Dodaqlarında bəlli etməməyə çalışdığı acı istehza dolu bir təbəssüm dolandı.
(Ardı var)