Firuzə Davudqızı
Saleh sözü uzatmadan birbaşa mətləbə keçdi:
– Ənvər Əhmədov – keçmiş prokuror. Bu ad sənə nə deyir?
Zakirin rəngi boğuldu. Qaşları çatıldı. Çöhrəsi zəhmli bir ifadə aldı. Gözucu heyrətlə onları dinləyən Zivərə baxıb, oğluna çəmkirdi:
– Boyundan böyük işlərə qalxma! Öz işinlə məşğul ol!
– Niyə etiraf etmirsən ki, Ənvər adlı daha bir qardaşın var?
– Səsinin tonunu bir balaca aşağı sal, a kişi, sənin belindən gəlməmişəm mən, üstümə bozarasan! – Zakir məzəmmətlə oğlunu süzdü. – Sən nə cürətlə məndən haqq-hesab sorursan?
Saleh dilini-dodağını gəmirdi. Rəng verib, rəng aldı. Zakir kin-küdurət dolu bir səslə:
– Mənim o adda qardaşım yoxdur! Otuz il bundan əvvəl silmişəm onu qardaşlıqdan. Yoxdur o, mənimçün bu həyatda! – dedi.
– Bunu sən belə düşünürsən! Xəbərin yoxdur ki, o, var olduğunu sənə layiqincə sübut eləyib!
– Bu nə danışıqdır! – Zakir ayağa qalxdı.
Zivər ərinin oğluna əl qaldıracağını düşünüb, təlaşla irəli yeridi:
– Zakir! – deyə titrəyə-titrəyə ərinə baxdı.
– Sən sus! – Zakir ona çəmkirib, qəzəblə dedi. – Görüm bu oğlan niyə, nə səbəbə dirəyib məni divara! İzah gözləyirəm!
Saleh cibindən bir zərf çıxarıb masanın üstünə atdı:
– Mən nə danışdığımı əlbət ki, gözəl bilirəm. Hər şey ağlıma gələrdi, təkcə bu qədərini düşünməzdim. O, səni qaynın Nadirin əli ilə vurdu!
– Nə sayıqlayırsan, ala, sən? – Zakir özünə hakim ola bilməyib, səsini qaldırdı. Bir az da gərildi. – Olmaya yenə dəmsən? – Təəssüf hissi ilə oğlunu süzdü. – Bir az kişi ol, ala! Mənliyin, qürurun olsun! Mən səni kişi böyütmüşdüm. Belə zəif iradəli deyil! Bu nədir, bir qızcığaza görə ağlını necə itirmisənsə, hələ özünü toplamağa gücün, hünərin çatmır. Nə vaxta qədər yas saxlayacaqsan, ala, Nadirin qızına? Heyif sənə bəslədiyim ümidlərdən, heyif! Kimə çəkdin sən belə?
Salehin acı istehza ilə dodağı qaçdı:
– Həyatımız başdan-ayağa yalanlardan ibarət imiş. Yəqin bu səbəbdən özümü toplamağım bir xeyli sürdü, üzrlü say. Daha mənimçün qaranlıq heç nə qalmadı. Sən də özün üçün aydınlaşdır bu məsələni, bəlkə bir cavab tapa bildin. Düşün, yadına sal: qardaşının yanında hansı gözükölgəli işin olub ki, o, öz oğlunun əli ilə səndən belə intiqam alır. Barmağına üzük taxdığın, gəlinin hesab etdiyin bir qıza tamah salmaq, sənin namusuna sataşmaq deyilsə, bəs nədir?
Zakir əsəbi bir hərəkətlə zərfi açdı. Fotoşəkilləri görən kimi tutulub qaldı. Yumruğu sıxıldı.
Saleh bunu görsə də daha burada dayanmadı. İti addımlarla içəri keçib, evi tərk elədi.
Zivər istədi oğlunun dalınca getsin, lakin ərinin üzündəki qəzəbli ifadəni görüb ayaq saxladı. Ehtiyatla ona səsləndi:
– Zakir, nə olub? Nə baş verib?
Zakir arvadının ona verdiyi sualı kinayə ilə təkrarladı:
– Nə baş verib? – Hirs onu boğa-boğa arvadını süzdü. Və bir anda bütün nifrəti ilə əlindəki bir yığın fotoşəkli Zivərin sifətinə çırpdı.
Çaşıb qalan Zivər təlaşla ərinə baxdı.
– Bax da, nə gözünü döyürsən? – Zakir hiddətlə ona bağırdı. – Bu işdə bir müəmma var deyirdin! Müəmmanı özü çözdü, əlinizdə böyümüş uşaq! Səbəb bəlli oldu!
Zivər rəngi qaçmış halda yerə səpilən fotoşəkilləri bir-bir götürüb baxdı. Hər şəkildə bir daha sarsıldı. Ərinin qarşısında deməyə sözü olmadı. Düşdüyü vəziyyətə yanıb yaxıla-yaxıla ağladı.
***
…Axşam düşmüşdü. Mən hələ də Azəri düşünür, belə tez ayrılmaq məcburiyyətində qaldığımız üçün məyusluq duyurdum. O gedəndən sonra otaqdan bayıra çıxmamışdım. Əhval-ruhiyyəm bərbad idi. Gün boyu hökm sürən səs-küydən sonra birdən-birə yaranmış səssizlik diqqətimi çəkdi. Maraq məni götürdü, qalxıb otaqdan çıxdım. Dəhlizdə Fatimə ilə üz-üzə gəldim. Fatimə qaşqabaqlı halda dilləndi:
– Ata gəlmişdi, gedəsi oldu.
– Nə vaxt? – təlaşla onu süzdüm.
Fatimə qüssə yağan bir səslə ah çəkdi. Sualıma cavab vermədi.
Mən isə duyduğum minnət hissi ilə onun boynuna sarıldım.
– Bizi anladığın üçün çox sağ ol, – deyib, bacımın üzündən öpdüm.
Fatimə bunu duyanda məcburi gülümsədi:
– Həyatında hər zaman hər şey belə gözəl olsun.
– Təşəkkür edirəm. – Gülərüzlə dilləndim. Lakin onun hələ də məyus olması məndə şübhə oyatdı. Üstəlik, gözlərinin dolduğunu görüb daha da təəccübləndim.
– Nə isə olub?
O, köks ötürdü:
– Off, sən sakitliklə ailə qurub köçsəydin, bəlkə bu problemlər də bitərdi. Hər gün yeni bir hadisə baş verir.
Yaşanan uğursuzluqlardan, sonu görünməyən söz-söhbətdən bezib-usanmış bacım bu sözləri dilinə gətirərkən ağlına belə gətirmirdi ki, ən böyük müsibətlərimiz mən ailə qurandan sonra gələcək.
Fatimənin sözləri məni narahat etdi:
– Nə baş verib, Fatya, qurban sənə, tez ol, deginən. Ata gəlmişdi dedin.
O, daha sözü uzatmadı:
– Saleh avtomobil qəzasına düşüb! – Və bundan necə xəbər tutduğunu nağıl etməyə başladı. – Ata yenicə gəlmişdi. Səni soruşurdu ki, bu xəbər gəldi. Hamısı getdi.
Mən donmuş vəziyyətdə eləcə Fatiməni süzürdüm. Eşidəcəyimi təxmin etmədiyim bir xəbər idi bu. Gözlərimin nə vaxt dolduğunu belə hiss etmədim. Bu hadisənin Salehin başına gəlməsi məni yerlə-yeksan etdi. Çünki o, hər şeydən əvvəl mənim bibim oğlu idi. Sarsılmış halda titrəyə-titrəyə soruşdum:
– Sağdır? Fatya, qurban sənə, düzünü deginən. Sağdır, yoxsa?..
– Vəziyyəti heç yaxşı deyil. Bərk əzilib deyirlər. Sərxoş imiş. Yəni bilinmir necə olacaq. – Fatimə bir anlıq susub, sonra yenidən dilləndi. – Səbəbkar yenə səni bilirlər, xəbərin var? Ən dözülməzi də budur.
Gözümün yaşını silib, Fatiməni gözləmədən pilləkənə doğru getdim. Qəhər boğazıma tıxanıb, məni boğurdu. Təmiz havaya çıxıb, tənhalıqda bir az ağlayıb sakitləşmək istəyirdim. Pilləkəndə məni Çinarə qarşıladı. Mənalı-mənalı məni süzdü:
– Aaa, burdaymışsan ki. Eşitdin də Salehin başına gələnləri… Deyirəm bir bu qalmışdı da başına gəlməyən. Yazıq uşaq! Mən dedim sən bu xəbərə sakit yanaşmazsan, mütləq gedərsən. Heç olmasa bunu edərsən.
Onun kinayə ilə dediyi sözlər başımdan aşağı qaynar su ələdi sanki. Hirslə yolumdan kənara itələyib, keçib getdim. Çinarə arxamca:
– Kobud! – deyə mənə eşitdirdi.
– Qızlar… – Fatimə həmişəki kimi iradla bizə səsləndi.
Bu qız məni dəli edirdi. Adımın Salehlə hallanmasını istəmədiyimi gözəl bilir, lakin hər fürsətdə, xüsusilə də böyüklərin yanında Saleh mövzusuna toxunaraq məni cin atına mindirirdi. Bilmirəm niyə, amma bu ona böyük həzz verirdi. Və var qüvvəsi ilə məni münaqişəyə cəlb etmək istəyirdi.
Artıq səbrim tükənmişdi və təcili şəhərə qayıtmağı arzulayırdım.
İki həftə sonra
Saleh xəstəxanada, reanimasiya şöbəsində yatırdı.
Türkan bu xəbəri alan gündən göz yaşı tökür, Salehi görə bilmək üçün evdən çıxmağın yollarını arayırdı.
Daha bir neçə gün keçdi və Türkan bir gün uydurduğu yalanla evdən çıxıb xəstəxanaya yollandı. O, burada Salehin özünə gəldiyini və artıq palataya köçürüldüyünü öyrəndi.
Uzun xahişdən sonra o, tibb bacısından razılıq alıb kimsənin gözünə görünmədən palataya keçə bildi. Bura gələrkən tanınmamaq üçün taxdığı gün eynəyini palatada gözlərindən götürən Türkan ixtiyarsız olaraq göz yaşlarına boğuldu.
Vurulan iynələrin təsirindən Saleh yuxuya getmişdi. Bu, Türkanı ürəkləndirmişdi. Çünki dolub qabarmış ürəyini boşaldıb, yüngülləşmək istəyirdi. Hələ də yerindən tərpənmədən için-için ağlayır, göz yaşı tökürdü. Sonda ürəyi ilə bacarmayıb, Salehin yatdığı çarpayıya doğru gəldi. Gözünün yaşını silib, həsrətli-həsrətli onu süzdü. Əli titrəyə-titrəyə Salehin saçlarına toxundu. Qəzada partlamış başına, üzünün tanınmaz halına, yara almış vücuduna baxıb-baxıb təkrar göz yaşlarına boğuldu. Yanıb yaxıla-yaxıla ağladı. Nəfəsi gəldikcə dua etməyə başladı:
– Ona bir şey olmasın, Allahım! Mənim canımı al, amma ona qıyma! Heç olmasa yaşadığını bilim! Kənardan seyr edib, təskinlik tapmağı da mənə çox görmə. Çox sevirəm! – Hıçqırıqlar içində az qala fəryad etdi. – Günah olduğunu, səhv etdiyimi bilə-bilə sevirəm! Axı sən hər şeyə qadirsən, Tanrım, ya məni öldür, ya da bu eşqi mənim qəlbimdən biryolluq çıxar! Amma məni belə süründürmə, gücüm qalmayıb daha əzab çəkməyə! Yaşaya bilmirəm, keç günahımdan, mənim olmayacaq birini sevirəm! Canımdan, həyatımdan çox sevirəm!
Son sözlərini deyərkən Salehin əlini dodaqlarına aparıb hıçqıran Türkan, Salehin özünə gəldiyini və onun bu etirafını eşitdiyini hiss etməmişdi.
Saleh göz qapaqlarını zorla qaldırıb, ona görə göz yaşı tökən qadının gözlədiyi adam deyil, Türkan olduğunu gördü. Heyrəti üzünün ifadəsində donub qaldı. Bu onun ağlına belə gətirmədiyi bir şey idi. Dillənmək üçün özündə qüvvə tapıb, boğuq bir səslə soruşdu:
– Sənin burda nə işin var?
Türkan onun səsinə diksinib, başını qaldırdı. Gözləri Salehin gözlərinə tuş gələndə bir yandan ağlasa da, eyni zamanda kədərlə gülümsədi. Tez-tələsik sual verdi:
– Necəsən, Saleh? Çox ağrın var? Düzünü deginən, qurban sənə, ağrıyırsan?
Saleh eyni ahənglə tamam başqa söz dedi:
– Niyə burdasan?
Türkan cavab vermək əvəzinə hönkürdü. Çəkdiyi əzabın ağrısı, təsiri ilə, iztirablı bir səslə:
– Məni bağışla! – dedi.
– Niyə? Nə üçün?
– Bağışla ki, səni bu qədər çox sevirəm! Bağışla ki, ürəyimlə bacarmadım!
– Bu nə sözlərdir? – Saleh iradla Türkana baxdı. – Nə danışdığının fərqindəsən?
– Fərqindəyəm! – Türkan göz yaşları içində çəkinmədən etiraf etdi. – Qəlbimdə sənə bəslədiyim eşq elə dərin, elə böyükdür ki, bunu gizlin saxlaya bilmədim, dilimə gətirdim. Səni bacımla paylaşmağa gücüm çatmadı. Sənin ona aid olduğunu görməyim deyə intiharı seçdim! Amma bunu da bacarmadım! Aydanın bu işin pozulmasında bir günahı yoxdur! O, mənə görə özünü qurban verdi! Üzüyü əslində mənim ucbatımdan geri qaytardığını kimsəyə bəyan etmədi! Bacımın da, sənin də həyatını məhv etdim! Bağışla məni!
Saleh əzab içində gözlərini sıxdı. Ona bu günədək qaranlıq qalan məsələnin iç üzü indi aşkara çıxmışdı. Lakin artıq bir mənası yox idi. Türkanın səsi onu özünə gətirdi.
– Sənə bir şey olsa, yaşaya bilmərəm, Saleh, canıma qıyaram! Bir an belə düşünmərəm!
Saleh Türkana baxmadan:
– Ağlını başına yığ! Dəli-dəli danışma! – dedi.
Türkan göz yaşlarını silib başını aşağı saldı. Saleh danışmaqda çətinlik çəksə də sözünə davam etdi:
– Ailəli qadınsan, sənin yerin bura deyil. Çıx get. Bir də belə səhvə yol vermə. Mən həyatımı məhv elədim, bitdi hər şey. Sən bunu rəva bilmə özünə.
Türkan səssiz-sədasız ağlayıb, susmağa davam etdi.
– Bilirsən, bu dəqiqə elə dəhşətli bir ağrı-acı ilə vuruşuram ki, az qalır nəfəsim kəsilə. Sən də belə danışıb, ağrılarıma ağrı qatma. Heç bilmirəm aqibətim necə olacaq. Yeriyə biləcəm, ya ömürlük şikəst qalacam. Hələ ki, məlum deyil. – Sözlərinə bir qədər ara verib, sonra təkrar dilləndi. – Mən sevgi-məhəbbət, qadın-qız mövzusunun üstündən birdəfəlik xətt çəkdim. Sildim hər şeyi. Ayağa qalxa bilsəm həmişəlik gedəcəm bu şəhərdən. Sən də bu axmaq fikirləri çıxarıb at başından. Elə zənn et heç olmayıb bu söhbət. Ailənin qədrini bil. İstəmirəm mənə görə başın ağrısın.
Türkan gözlərində ümid qığılcımı heyrətlə Salehə baxdı:
– Sən mənim aqibətimə görə narahat olarsan?
– Narahatam ki, deyirəm də. Mən kişiyəm, mənə nöqsan sayılmaz. Sən isə… sən isə qadınsan. Adına ləkə yaxılmasın.
– Məni o evdə saxlayan sənin xəyalınla ovunub yaşamağımdır. Yoxsa heç kəs gözümdə deyil.
Saleh Türkanın sözünü kəsdi.
– Bu fikri çıxar başından!
– Bacarmıram! – Türkan yenidən göz yaşlarına boğuldu. – Neyləyim, hə? Özün de, necə yaşayım? Ürəyə hökm etmək olmur!
Saleh köks ötürüb baxışlarını tavana zillədi. Daha bir söz demədi. Dodaqlarını bir-birinə sıxıb, canını odlayan ağrının təsirindən ufultusunu içərisinə vurdu.
Elə bu vaxt qapının önündə duyulan addım səsi Türkanı diksindirdi. Palataya gələn şəxsi görməsi ilə özünü itirən Türkan gün eynəyini cəld gözlərinə taxıb, yeyin addımlarla buradan uzaqlaşmağa can atdı.
Gələn Zakir idi. Türkanı görən kimi tanımış, Salehə dediyi son sözləri istəmədən eşitmişdi. Üzü gərgin bir ifadə almışdı.
“Hmm… Belə görürəm bu Nadirdən hələ uzun zaman yaxamızı qurtara bilməyəcəyik. Özü ilə salamı kəsdik, ancaq tör-töküntüsü nə hikmətdirsə, hələ də ayağımıza dolaşır”.
Saleh atasının söhbətə qulaq şahidi olduğunu onun üzünün ifadəsindən anladı. Vəziyyətə necə aydınlıq gətirəcəyini bilməyib, pərt halda gözlərini sıxdı.
…Beləcə Saleh xəstəxanada yatdığı müddət ərzində Türkan hər gün onu ziyarətə gedirdi. Əvəzində Salehdən irad eşitsə də vaz keçmirdi. Onu cəmi bir neçə dəqiqə görmək üçün saatlarla xəstəxana dəhlizində doğmalarının çıxıb getməsini gözləyirdi.
İkinci hissənin sonu
(Ardı var)