“Dindirdiyi bu telləri kimsənin çalmadığı” Rəsul Rzanın “Rəng”lər melodiyasında sözlərin rəngi və rənglərin musiqisi barədə düşüncələr
Rafiq Hacıyev
yazıçı-jurnalist, Cəfər Cabbarlı Mükafatı laureatı
Ön sözdən bir neçə yarpaq…
Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?
Baxçamızda qızıl güllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda
Yasəmən saçını yolur, neyləyim?Nigar Rəfibəyli
…Gözlərimin “görüm günyası rənglərə, melodiyalara” bükülüb.
Özüm də sözlərə, duyumlara bükülmüşəm.
Bu sözlər, bu duyumlar “bükünüsü”nü açmaq üçün mən “həyəcanımın alovunda gilə-gilə əriyib” “ilhamı bir dost kimi imdadıma çağıraraq” “bahar kimi vəcdə gəlmişəm”.
Qarşımda bütün məsuliyyəti ilə çox ağır bir vəzifə – qüvvəm daxilində rənglərin obrazını yaratmaq vəzifəsi dayanıb.
“Fikirlər kəlmə-kəlmə qaranquş kimi qonur” vərəqlərə…
…“Bir gün ömrü mənim bir ilimə bərabər” sayılan, “Azərbaycan poetik dilinin inqilabi yeniləşdiricisi” olan şair haqqında söz demək, onun “Rənglər” – tufanlar “cövlangahı”ndakı “lapar-lapar” rənglərlə mənəvi dünya arasında assosiativ əlaqələr düzümü yaratmaq, vəzni ağır, dəyəri böyük sətirlərin “insanlığın hisslər aləminə” işıq tutan çırağını yandırmaq istəyirəm.
Həm də ülviyyəti, gücü Günəş şəfəqləri altına düşmüş almaz kimi parlayan həssas, təmiz, hərarətli, tutumlu şair qəlbinin çırağını.
Bu qəlbin aləminə vaqif olanlar görərlər ki, şairin poeziyası yeni, çoxçalarlı, “musiqi dili ilə desək polifonik poeziyadır”.
Bu poeziyada nə qədər parlaq emosionallıq, şerin ecazkar musiqisi, lirik hisslərin həzinliyi və sonsuz məhəbbət var.
Və mən də “Rənglər” silsiləsində fikirlərin fəlsəfi dərinliyini, ifadələrin dəqiqliyini, ritmin oynaqlığını könlümün gözü ilə görüb vaqif oldum və şairi həyatımızın “bugünlüyü” ilə “yanaşılaşdır”mağa cəhd göstərdim…
“Üvertüra”
“Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də
rəngi var.
Düşündükcə açılır
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin.”
…Azərbaycanın çox “bəyənimli” oğlu, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı, xalq şairi Rəsul Rzanın ismi deyiləndə qəlbimə onun siqlətli qələmindən xəbər verən poetik nümunələr sıralamında deyimin tutumundan, təravətindən, sözün, fikirin yeniliyindən, formanın, məzmunun orjinallığından yaranan, düşündürücü, həyəcanlandırıcı şeirlərin uzun, gödək sətirlərinə dönən misralarından ürək tellərini titrədən valehedici musiqinin və` rənglər melodiyasının müxtəlif – “qaynar, soyuq, coşgun, həzin, parlaq, sönük və sairə və sairə çalarları, çeşidləri, major və minor notları axır”.
Bu axınışda duyğularımda baş qaldıran “özümlü” “arzuların, ümidlərin, sevincin, köyrəlmənin, sərtliyin, riqqətin, nifrətin, məhəbbətin, ülfətin” təsiri altında söz sərrafının könül gülüstanına düşür, qiymətli incilərdən cilalanan və şerin sehrkar dili ilə ifadə edilən yaşantıların əsiri oluram.
Verlibrin – sərbəst şerin çox orjinal formasında yazılan, bitkin, monumental rəng duyumu və rənggörümünün poetik zirvəsi olan və adı məzmunu ilə əlaqələndirilən “Rənglər” silsiləsini və bu şerlər haqqında Nazim Hikmətin dediklərini xatırlayıram:
“Rəsul Rza nə isə təzə bir şey yaradıb. Bu poeziyada tamamilə özünəməxsus yeni bir yoldur. “Rənglər”də Rəsul Rza özü özünü ötüb keçib”.
Təkcə “Rənglər”də yox, şairin bütün yaradıcılığında, onun “özü özünü ötüb keçən” bütün misralarındakı poetik ifadə vasitələrində, dil boyalarında, şeirlərinin ritmik naxışlarında oxucunun idrak dairəsini genişləndirən, mənəvi aləmini işıqlandırıb zənginləşdirən, yaşamağa, yaratmağa, duymağa, sevməyə qüvvət verən “baxım yönləri” var.
Həmin “baxım yönləri”ndə poetik düzümlərin ifadə etdiyi hisslərin, duyğuların və “çırpınışlar”ın insanın iç dünyasında doğurduğu müxtəlif ehtisasat elə bir ilham təravətidir ki, bu təravət Rəsul Rza şerlərinin əlvan və ətirli çiçəklərindən gələn rayihələrdən yaranıb. Bu şerlərin musiqisi məhz Rəsul Rza şerlərinin füsunkar çeşməsinin səsidir.
Mənim təsəvvürümdə Rəsul Rzanın ecazkar qəlbinin möcüzəli qüdrəti ilə yaranmış əzəmətli poeziyası insanı heyran edən əsrarəngiz göy qurşağınnın palitrasına bənzəyir. Elə bir qövsi-qüzeh yaraşıqlı palitraya ki, onun tükənməz, bənzərsiz rənglərində, bu rənglərin də ən zərif və mehriban çalarlarında haqq, ədalət, həqiqət, yüksək humanizm şəfəqləri bərq vurur.
İnsana həyatın munis hərarətini, gözəl sadəliyini, dərin səmimiyyətini aşılayan həmin palitrada görə və eşidə biləcəyimiz nəhayətsiz zənginliyin, ahəngin, səsin, ünün, pıçıltının və duyğuların ləngər təlatümü, mübarizə fırtınası, “insanı təsir qüvvəsinin məngənəsinə alıb uzun müddət əsir edən” xoş, cazibədar rayihə, məstedici qoxu var.
Xəyallarım isti qəlbi arzularla, açıq ala gözləri Günəşlə, sinəsi bugünün və sabahın sözüylə dolu, “kimsənin çala bilmədiyi telləri dindirən maestro”nun “Rənglər” kahkəşanına daxil olan, “rəsmdən fəlsəfəyə doğru hərəkətdə birləşən” poetik və dialektik bir cığır kimi səciyyələnən şerlərinin rəng çalarlarına bənzəyir: ağ, şirmayı, boz, gümüşü, püstəyi, mavi, xurmayı, tünd qəhvəyi, narıncı, kürən, qızılı, sarı, bənövşəyi, badımcanı, sürməyi, çəhrayı, firuzəyi, innabı, sumağı, qara, al qırmızı…
Elə bil işıqların şərqisidir bu rənglər!
Həqiqətən də Rəsul Rza “gözəl kosmik fenomenimizin – Yer kürəsinin əlvan boyalarının bütöv bir şairanə rənglər palitrasının nəğməkarı” dır.
Azərbaycan şer qalaktikasının iri, parlaq ulduzlarından biri olan şairin sözləri düşüncələrimə işıq tutur:
”Söz o zaman poetik məna, qüvvət, təsir gücü qazanır ki, bir qəlbin, bir könülün kədər və sevincini, ümid və inamını, həvəs və göynəyini min-min insan qəlbinə yetirə bilsin, insanı düşündürsün, onun həyata bağlılığını artırsın, insanda daha artıq insanlıq oyatsın”.
İnsanı fikirləndirən, hərarətləndirən və bilgi məcmusunu zənginləndirən bu şer-rənglərin “musiqi kimi ahəngi, üvertürası” melodiyaların “özümlü” səsi ilə şüurumda “əlvan səhifələr açıb” canlandırır desəm, düz olar.
Virtioz ifalar nəinki bu şeir-rəngləri mənalandırır, rövnəqləndirir, həm də misralardakı gizli və qeyri-adi cizgiləri – “arzuları, həsrəti, dərdləri” üzə çıxarır, psixoloji məqamları, dərin hissləri qabardır.
Düşünürəm ki, melodiyaların da rəssam fırçasına bənzəri var: birində müxtəlif musiqi çalarları, digərində isə rənglərin çeşid əlvanlığı. Hər ikisi insan əlləri ilə nəfəs alır, insan əlləri ilə danışır, sənətin xariqüladə qüvvəsini insan əlləri ilə göstərir. Rənglərdə – musiqi, melodiyalarda – rəng.
Yazılarımın birində – təkrar da olsa – belə bir fikir vurğulamışam ki, yəqin rəssamlıq sənəti haqqında gedən söhbətlərdə, mübahisələrdə, habelə sərgi salonlarında tez-tez işlənən bu cür ifadələr eşitmisiniz: “oxuyan rənglər”, “sakit rənglər”, “qışqıran rənglər”, “isti rənglər”. Bu deyilənlər hər şeydən əvvəl, təsviri sənətlə musiqi sənətinin bir-birinə nə qədər yaxın və doğma olduğunu göstərmirmi?
Sakit və isti rənglər tamaşaçının gözlərini oxşamaqla yanaşı, qulaqlarında da həzin və ahəngdar melodiyalar kimi səslənir. Belə rənglər kövrək musiqi parçası kimi əsəbləri sakitləşdirir, insanları harasa uzaqlara, doğma və əziz xatirələrin qoynuna aparır. Musiqinin səsi də, çalğısı da belədir. Onun melodiya fırçası rəngləri bütün çalarları, bütün ahəngdarlığı ilə “səsləndirir”.
”Rənglər”dəki şerlərin fikir naxışlarında, ahəngdar misralarında, mövzu diapazonunun genişliyində, poetik dünyagörüşünün zərgər incəliyində, deyimində duyumönü xəyalımla könül-könül gəzirəm “insanda daha artıq bir insan” oyadan neçə-neçə gözəl musiqi aləmini, oktava içində nəfəs alıb rayihələnən nəğmələr, melodiyalar gülxanəsini…
Rəsul Rzanın sözü olmasın, mən peşəkar musiqi nəzəriyyəsi mütəxəssisi deyiləm. Söylədiklərimdə yalnız zövq, “bəyənim” mühüm rol oynaya bilər. Duyumlarım “özümlü”dür, fərdidir. Bunlar mənim hisslərimdir. Bir başqası bəlkə də eyni sözü, eyni ifanı, eyni çalğını başqa mətləblərə yoza bilər. Çox mümkündür ki, bu “dinləyiş”dən sizdə də eyni təsir oyanmasın, olar bilər. Musiqinin ehtiraslı vurğunçusu kimi mən ancaq öz təəssüratımı deyirəm.
Mən sözlərin rənglərini, rənglərin isə qəlbimdə yaratdığı yeni assosiativ əlaqələr düzümünün, insanlığın hisslər aləminin melodiyalar vasitəsilə iç dünyamda oyatdığı duyumları, qəlbimdə hərəkətə gətirdiyi həyəcanları ifadə edirəm.
Ona görə ki, muğamatın, bir musiqi poeması kimi inkişafında əsas melodik xəttin – “enişi, qalxışı, haçalanması, birləşməsi, rəngləri, diringiləri olduğu kimi”, Rəsul Rza şerinin də müxtəlif çalarları, həzinliyi, major və minor notları var…
“Ağ rəng”
“İnsan səadətinə səbəb olan
hər şey…
Bir də
insan ülfəti.”
…”Rast” ailəsinə mənsub olub öz üsyankarlığı ilə fərqlənən, olduqca gümrah, coşqun və təntənəli səciyyə daşıyan “Orta Mahur” dəstgahı…
Tarın orta registrində ifa olunduğuna görə xalq musiqiçiləri ona “Orta Mahur” adı veriblər.
Bu muğam ifaçıdan uzun nəfəs, uğultulu, gurlayıcı zəngulə, boğazda qaynatmalar və yüksək vokal texnika tələb etdiyinə görə hər xanəndə onu oxumağa girişmir.
Muğam tariximizə “Orta Mahur”un ən məharətli ifaçısı kimi xanəndə Cabbar Qaryağdıoğlunun adı düşüb.
Çalğı musiqimizin tarixində isə bu muğamın ən mahir ifaçısı xalq artisti, tarzən Hacı Məmmədov olub.
Muğamdakı çətin və mürəkkəb gəzişmələr, melodik ifadələrin müxtəlif variantları Hacının çalğısında çox səlis, aydın və təntənə ilə səslənir.
Tarzənin zəngin istedadı və özünəməxsus ifaçılıq manerası, ehtiraslı improvizasiya qabiliyyəti, tarın bütün açıq simlərindən istifadə etməklə muğamı dolğun, əzəmətli, coşqun və mənalı səsləndirməsi musiqisevərləri zaman-zaman heyran qoyub.
Təsadüfi deyil ki, ana musiqimizin peyğəmbəri Üzeyir Hacıbəyli Hacı Məmmədovun çalğısındakı texniki ustalıqla bədii ifaçılıq elementlərinin çox yüksək vəhdətini və cazibədarlığını görüb ümumittifaq baxış müsabiqəsində “Orta Mahur” çalmağı məhz ona həvalə etdib.
Mahir tarzən muğamdakı hissləri bütün qəlbi ilə yaşayıb, dəstgahın daxili, gizli, dəruni fikir axarına həssaslıqla yol tapıb.
Onun güclü bilənglə, sanballı mizrablarla çalğıda işlətdiyi üsullar, ştrixlər bədii və təsirli boyalarla muğama qüdrət və qüvvət verib.
“Orta Mahur”un “Şikəsteyi-fars” şöbəsində Hacı Məmmədov daha dolğun və tərs mizrablarla vurduğu son dərəcə emosional və misilsiz barmaqlarla tarzənlik sənətini ən yüksək zirvəyə qaldırıb.
Və tarzənlər arasında “Orta Mahur”u onun kimi çalan olmayıb!
Bu nadir, təkrarolunmaz tarzənin bir sənətkar kimi böyüklüyü onda olub ki, o barmaqlarını hər dəfə tarın pərdələrində gəzişdirdikcə adamların ürəyini nikbin, coşqun hisslərlə döyündürüb, arzularını coşdurub.
Unudulmaz maestro Niyazi Hacı Məmmədovu xatırlayarkən həmişə deyib ki, “mən onun çalğısından doymuram. O, Azərbaycan muğamının iftixarı, şöhrəti və zinətidir”.
Sözsüz ki, bu belədir!
“Ağ rəngin sevinc çalarları”
“Vətən torpağı.
Çiçəkli bahar budağı…
İnsan adına layiq
işlər, işlər, işlər”.
…Dahi Üzeyir Hacıbəylinin sədaqətli şagirdi, onun başladığı işi böyük ehtiras və fədakarlıqla davam etdirən, ilham pərisi, hissiyyatı, zövqü, fikir və xəyalları zəngin xalq musiqisindən qanadlanan, sənətə tar ifaçısı kimi qədəm qoyan Fikrət Əmirov.. .
Xalq musiqisinin bütün komponentlərinə dərindən bələd olan, onu klassik və müasir sənətin ifadə vasitələri – ecazkar dili ilə orjinal surətdə əlaqələndirməyi bacaran ünlü, diqqətəlayiq bəstəkar…
Müstəsna cazibədarlığa, zəngin daxili aləmə, saf mənəvi keyfiyyətlərə malik şəxsiyyət…
Milli musiqi mədəniyyəti xəzinəmizə bir romantik və filosof, nikbin ruhlu bir xəyalpərvər kimi öz bənzərsiz rənglərini gətirən parlaq istedad…
Simfonik musiqinin görkəmli, azman ustası…
Möhtəşəm, nikbin akkordların böyük sərrafı…
Yeni janrın – milli musiqi sənətinin klassik qanunauyğunluqlarını mürəkkəb simfonik formanın əsasları ilə vəhdət halında birləşdirən simfonik muğamın ilahi yaradıcısı…
Bəstəkarın Azərbaycan xalqının keçmişi və bu günü haqqında əzəmətli epik lövhələr olan dərin mündəricəli, mükkəməl formalı, dünya şöhrəti qazanmış məftunedici “Şur” və “Kürd ovşarı” ilk simfonik muğamları…
Xalqın duyğu və istəklərinin ifadəçisi sayılan sənətkarın həyat haqqında dərin düşüncələrinin bəhrəsi olan “Gülüstan Bayatı – Şiraz” simfonik muğamı…
Opera sənətinə Fikrət Əmirovun töhfəsi xüsusilə sanballıdır.
Onun baletləri gözəldir.
“Sevil” inqilabi-vətənpərvərlik opreası, rəngarəng “Min bir gecə” baleti, “Nizami” baleti (bu əsər onun daha çox yaradıcılıq qüvvəsi və ilhamı sərf etdiyi son nəğməsi idi), “Nəsimi dastanı” vokal-xoreoqrafik poeması, “Ürəkçalanlar”, “Gözün aydın” lirik-romantik musiqili komediyaları, “Nizami” simfoniyası, “Azərbaycan” simfonik süitası, “Azərbaycan kapriççiosu”, “Azərbaycan qravürləri” əsərləri onun ən yaxşı nalilyyətləridir.
Fikrət Əmirov incə melodiya ustasıdır. Melodiya onun yaradıcılığının məhəbbət dolu ürəyidir.
Ona görə də bu əsərlər tez yadda qalır, unudulmur.
Bəstəkar Azərbaycan musiqisinin inkişafına çox böyük təsir göstərərək öz yaradıcılıq üslubunu – “Əmirov üslubu”nu yaradıb.
Onun əsərləri dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.
Bir sözlə, Fikrət Əmirovun yaradıcılığı coşqun, qarşısıalınmaz fantaziya və yüksək ustalıq, dərin psixologizm deməkdir…
Fikrət Əmirovun yaradıcılığı dramatik gərginliyin ilhamlı lirikası ilə uzlaşması deməkdir…
Fikrət Əmirovun yaradıcılığı parlaq obrazlılıq, əlvanlıq, emosionallıq, təkraredilməz məzmun və musiqi dilinin zənginliyi deməkdir…
Ona görə ki, bəstəkarın bənzərsiz musiqisi həyatın nəbzinin heyrətamiz döyüntüsüdür. Bu döyüntü – “melodiya onun yaradıcılığının canıdır”.
“Ağ rəngin məhəbbət çalarları”
“Ömrün mənası.
Qəlbin aynası…
Anlayan, duyan
İnsan.”
…Tamamilə yeni traktovkada, lətafətlə, füsunkar bir gözəlliklə, şirin və təsirli çalınan “Şur” muğamı tarzənin qəlbinin hərarəti, ürəkdən gələn yüksək ifaçılıq əzmi, mütəmadi zövqü və duyğusu ilə hissləri ehtizaza gətirir.
Onun xallarında və gəzişmələrində olan şairanə boyalar, yerli-yerində işlətdiyi lal barmaq, sürüşdürmə barmaq, rəngarəng trel və mordentlər dinləyicini məftun edir.
Tarzən hər bir musiqi parçasını və ifadəsini gözlənilməz, həm də olduqca uyğun və təbii səslərlə, motivlərlə zənginləşdirir.
O, tutarlı və rəngarəng mizrablar işlətməklə tarın sanballı, dolğun, ehtiraslı, coşqun səslənməsinə nail olur.
Oxuyanı coşdura biləcək qüvvə çalğıda olduqca çox güclüdür. Tarzən xanəndənin səsindəki səciyyəvi cəhətlərə – xırdaqlıqlara, zəngulələrə, nəfəslərə və s. uyğun xallar və barmaqlar işlədir.
Çalğıdakı istənilən qədər xanəndə nəfəsi və xırdaqlıqları tarın xüsusiyyətinə gözəl uyğunlaşdırılması və təbii, orjinal səslənməsi ilə insan qəlbinin tellərini titrədir.
Üzeyir Hacıbəyli demişkən: “Şur” ladı adamda sağlam, şən və lirik bir əhval-ruhiyyə oyadır”.
Təsadüfi deyil ki, əməkdar artist, mahir tarzən Əhsən Dadaşovun böyük sənətinin ən səciyyəvi xüsusiyyətləri olan poetiklik və emosionallıq, bitkinlik və ifadəlilik, aydınlıq və sadəlik bu muğamın ifası zamanı çox parlaq şəkildə özünü göstərir.
Və bir anlıq sənə elə gəlir ki, o mizrabı vurğunluqla qızıl tellər üzərində gəzdirdikcə tardan süzülən muğamların, musiqilərin şəhdi-şirəsini içirsən – ana südü kimi təmiz, halal…
Beləcə sarı simlərin lisanı, mizrabın möcüzəsi, qəlbdə alovlu iz buraxan bu ölməz təranələr heyrətə salır insanları, heyrətə salır…
Adama elə gəlir ki, bu dəqiqə tar od tutub alışasıdı, yanıb-yanıb közərəsidi. Ancaq dinlədikcə görürsən ki, yox, alışan tar deyil, cızdağı çıxıb, sızıldaya-sızıldaya danışan böyük, canlı ÜRƏKdir!
Əhsən Dadaşov “Şur” çalır…
Dinləyicilər isə “nigarançılıq çölündən təsəlli yuvasına qayıtmış xəyal kimi lal-dinməz dayanıb” sənətkar qəlbindən qopub gələn ilahi səslərin əsrarlı hikmətinə heyran olur…
“Şirmayı”
“Afrikanin dərdi…
Qaraların taleyi.”
…Müstəmləkə xalqlarının milli istiqlaliyyət yolunda və azadlıq uğurunda apardığı mübarizənin qüdrətli bədii həqiqətini özündə əks etdiən Qara Qarayevin “İldırımlı yollarla” baleti…
Cənibi Afrikanın irqi dözümsüzlük bürüküsündə yaşayan zənci oğlu Lenninin və ağ irqdən olan Sarinin musiqi dilinə çevrilən faciəsi.
Böyük bəstəkarın şah əsərində duyulan yeni rənglər, yeni çalarlar.
Zamanın ictimai-siyasi uyğunsuzluqlarını xoreoqrafiyanın ecazkar, parlaq lövhələrində əks etdirməyin klassik, həm də istibdad və zülm əleyhinə yönələn qüdrətli sənətin bariz nümunəsi.
Şübhəsiz ki, baletdəki məğrurluğun, döyüşkənliyin və üsyankarlığın əsasını hər şeydən öncə bəstəkarın subyektiv aləmi ilə bərabər, eyni zamanda sənətkara xas olan böyük xalq məhəbbəti təşkil edir.
Musiqi müasir hadisələrin, ideya və xarakter toqquşmalarının dramatizmini, dövrün məzmununu, lirik və faciənə ruhunu parlaq əks etdirir.
Muasirlik burada bədii dəyərə, vətəndaşlıq pafosu və ehtirasına çevrilib.
Qurluşçu rejissor, rəssam və dirijor baletdə qaralar Afrikasının tufanlı, iztirablı günlərini, gərgin təzadlarını, maddi sıxıntılarını, müstəmləkəçilərin qeyri-insani duyğularını, azadlıq hərəkatının əqidə, məslək, hiss və baxışlara gətirdiyi yeniliyi daha qabarıq , daha inandırıcı tərzdə səciyyələndirməyə nail olublar.
Baletdə fikrin dərinliyi, mənanın dolğunluğu etibarı ilə, həm də ehtirasların gücü və bədii təsir qüvvəsi ilə son dərəcə parlaq və qüdrətli xoreoqrafiya lövhələri yaradılıb.
Tamaşanin hər bir iştırakçısının əvvəldən axıradək musiqi ilə yaşaması, onun iradəsinə tamamilə tabe olması, “musiqili” oyunu, hərəkəti, mimikası baletmeysterlərin yüksək nailiyyətidir.
Onların oyunundakı sərtlik, barışmazlıq, azadlığa, qarşılıqlı məhəbbət və pərəstiş duyğularına yönəldilmiş zərbələr dünyanın dərdli həqiqətləri ilə çox aydın səslənir.
Baletdə zənci oğlu Lenni və ağ irqdən olan Sari dövrün, şəxsiyyətin hərtərəfli və çox mükəmməl estetik ifadəsidir.
Nazim Hikmət bəstəkarın dərin psixoloji kamilliyini sübut edən bu baletinin Leninqradın (Sankt-Peteburqun) Akademik Opera və Balet Teatrındakı ilk tamaşasına baxdıqdan sonra dərin vəcdlə və həyəcanla deyib:
-Mən istərdim ki, Sabir, o böyük şair, qəbirdən qalxsın və görsün ki, onun eloğlusu Azərbayacanın adını nə qədər böyük bir yuksəkliyə qaldırıb.
“Sarı”
“Simlərin fəryadı.
Yol çəkən gözlər.”
…Zildə, qəbul olunmuş pərdədən və registrdən başlanmış ”Xaric segah” muğamı tarın simlərini alışdıra-alışdıra, hər xalı qovura-qovura yandım deyib nalə çəkir.
Muğamın insan ruhunu sarsıdan ahəngi, tarın odlu nəfəsi ürəkləri qarsır.
Dinləyici elə ilk mizrabdanca ifaçının “mən”indəki orjinal oxşarsızlıqların çox bacarıqla, səliqə ilə, zövqlə nümayişinin şahidi olur.
Qabil çalğısındakı yeni, cəsarətli boyaları və ifadə edilməz bir hiss zərifliyi ilə xalq artisti Ramiz Quliyev muğamın psixoloji məzmununu açır.
Duyulur ki, onun ifası başlıca olaraq obrazın dərinliyinə yönəldilib və ehtirasların zahiri ifadəsi ona yabançıdır.
Barmaqlar mizrab palttrası ilə ürəklərdə əlvan duyğular mənzərəsi yaratsa da, tarzən dinləyiciyə musiqi ifadəliyi formaları və piriyomları ilə diktə edir ki, hiss, emosiya onda nə qədər güclü olursa olsun, daima ağıla, idraka, məna və məzmuna tabedir.
Bu hal zil “Xaric segah”da diqqəti daha çox özünə cəlb edir.
Seçilmiş ştrixlərin dəqiqliyinin, həmin ştrixlərin çox müvəffəqiyyətlə qarşılaşdırılmasının və əlaqələndirilməsinin nəticəsi olaraq tarzən muğamın bu hissəsində gözəl tematik inkişaf üslubu nümayiş etdirir.
O mahir çalğısı ilə tarın yüksək registrdə nə qədər tükənməz imkanlara malik olduğunu bir daha aşkara çıxarır.
Ramiz Quliyev registr təzadlarından, yəni eyni kiçik melodik parçanı gah aşağı, gah da yuxarı registrdə səsləndirməklə, muğam materialını yığcam gəzişmələrdə inkişaf etdirərkən cingənə simlərdən fon kimi istifadə etmək sayəsində çox orjinal, effektli ahəng yaradır.
“Xaric segah” muğamı çox sərrast və dəqiq ifaçılıq üslubuna malik olan tarzən Ramiz Quliyevin bənzərsiz ifası ilə könlümüzü kövrəldir…
Tarzənin ifa etdiyi əsərlərə yeni-yeni bəzəklər, naxışlar vurması, melodiyanın məğzini yeni səpgidə dinləyiciyə təqdim edə bilməsi, böyük interpretasiya qabiliyyəti, özünəməxsus ifaçılıq manerası onun çalğısının əsas məziyyətlərini təşkil edən komponentlərdir.
Onun çalğısı bütün tarzənlərin çalğısından “öz lirizmi, yumşaqlığı, fəlsəfi dəyəri, mənası, yeniliyi, bir də şirinliyi ilə” seçilir.
Xalq artisti, bəstəkar Ramiz Mirişlinin sözünə qüvvət: “ …O, tar çalanda özünü görməsən də, hiss edirsən ki, bu “şirin” barmaqlar Ramizindir”.
Mən bu “şirin” barmaqların “məlhəm”ində şəfa tapdıqca görkəmli tarzənə ifaçılıq fəaliyyətinə görə 2014-cü ildə Dövlət Mükafatı təqdim olunarkən onun dediyi sözləri xatırlayıram:
-Bu mükafat mənim timsalımda Azərbaycan tarına, Azərbaycan tar ifaçılığına və uzun illər, əsrlər boyu inkişaf edə-edə gəlib bu gün öz halal yerini, yüksək zirvəsini tutan tar sənətinə verilən mükafat hesab edirəm.
Düşünürəm: dövlətin bu ali dəyəri Mirzə Sadıq Əsəd oğlundan – Sadıqcandan üzü bəri bu günə qədər fəaliyyət göstərən tarzənlərin sənətinə və yaradıcılığına verilən çox yüksək qiymətdir!
“Mavi”
“Gözlərin dincliyi.
İnsan düşüncələri.”
…Mərdlik, cəsurluq xarakteri daşıyan “Rast” simfonik muğamı.
Maestro Niyazinin monumental əsəri.
Xalq musiqisinin klassik muğam janrının görkəmli bəstəkarın yaradıcılıq süzgəcindən keçirilib sanballı simfonik inkişaf mərhələsinə yönəldilməsinin parlaq nümunəsi.
Asta müqəddimə ilə başlayan və güclü emosional təsir qüvvəsi ilə səslənən ”Rast”ın zəngin melodiyası, məftunedici mahnı (təsnif) və zərif rəqs (rəng) epizodları bahar sularının həzin nəğməsi kimi ürəklərə axır.
Sonrakı inkişaf mərhələlərində təsirli düşüncələrlə qəhrəmanlıq, incə lirika ilə sonsuz sevinc, dərin qüssə ilə coşqun şadlıq motivləri bir-birini əvz edir.
Gözəl tembr “nəqşləri” ilə zinətləndirilən səslər içərisində tez-tez solo çalan fleytanın, qoboyun və klarnetin səsləri seçilr.
Simfonik muğamın giriş hissəsi xalq musiqisi ənənləri üzərində qurulan kadensiyalarla tamamlanır.
Əsərin ana şöbəsi olan “Maye” şöbəsi. Sonra ritmik baxımdan “Rəng” funksiyasını yerinə yetirən dəqiq səsdüzümü.
Musiqinin inkişafı kulminasiyaya doğru gedir və impovizasiya sərbəstliyi “Vilayəti” guşəsində yeni bir qüvvə ilə təcəssüm edir.
Emosional gərginlik çox maraqlı imitasiya (təqlid) üsulu ilə, fleytaların, simli alətlərin, arfanın və fortepianonun tez-tez ara verən passajları vasitəsilə yaradılır. Tarın səciyyəvi iti səslənməsi ustalıqla verilir.
Muğamın “Təsnif”inin lirik-təsirli melodiyası incə harmoniya “hörgüsü” və orkestr “qiyafəsi” ilə dərin təsir bağışlayır.
“Şikəsteyi-fars” şöbəsində isə tamam başqa emosional atmosfer yaranır.
Bu şöbənin ardınca “Yar bizə qonaq gələcək” adlı məlahətli xalq mahnısı üstündə tərtib olunmuş koloritli “Rəng” gəlir. Bu zaman mahnının mövzusu formaca dəyişdirilir və aydın ifadə olunan rəqs xarakteri kəsb edir.
Simfonik muğamın kulminasiya hissəsi “Əraq” şöbəsində bərqərar olur.
Bu zaman orkestrdəki bütün səslərin rəngarəngliyini və gözəlliyini özündə birləşdirən və Niyazi musiqisinin möcüzəsindən yaranan şaqraq, nikbin melodiyalar birləşib əzəmətli, gur səsli simfoniyaya çevrilir:
Məftunedici “Rast” simfonik muğamına…
“Çəhrayı”
“…Xoş ətirli yarpaqlar –
qızılgül tufanı.”
…İtalyan bəstəkarı Vittorio Montinin “Çardaş”, alman bəstəkarı Feliks Mendelsonun “Skripka və simfonik orkestr üçün konsert”i, ispan skripkaçısı və bəstəkarı Pablo de Sarasatenin “Əndəlüs serenadası”, skripka və simfonik orkestr üçün “Qaraçı təranələri”.
Bu əsərləri bütün romantik vüsəti və coşqunluğu, ritmik özünəməxsusluğu, virtuoz mükəmməlliyi və böyük konsert füsunkarlığı ilə çalmaq şərəfi hər ifaçıya nəsib olmur.
Əməkdar artist, tarzən Həmid Vəkilovun çalğısında onun yaradıcılıq simasının ən ümdə şərtlərini – musiqi fakturasında psixoloji xarakteri dolğun əks etdirməsini, emosional xüsusiyyətləri konkret və düzgün formalarda verməsini, parlaq ifadəliliyi, virtuoz ifanın müstəsna zənginliyini, harmonik dilin koloritini, tarın bütün pərdələrinin ifadə imkanlarını nümayiş etdirmək cəhdini görürük.
O “yaradıcı sənətkar kimi təkcə muğam ifaçılığnda deyil, ifa etdiyi bəstəkar əsərlərinə yaradıcılıqla yanaşaraq onları necə deyərlər “tarlaşdırıb” təfsir edir”. Bu baxımdan tarzənin ifasında “Qaraçı təranələri”nin interpretasiyasına diqqət yetirin. Burada siz tarzən tərəfindən həmin əsərin bədii və texniki imkanlarının tar alətində necə zövqlə, dolğun səslənməsinin şahidi olacaqsınız.
Əsərdə Həmid Vəkilov sağ və sol əlin sinxronlu səslənməsi ilə bərabər xırda ölçülü ritmik passajları skripkada olduğu kimi eyni həcmli diapazonda – bütöv şəkildə (tarda bir oktava aşağıdan başlamaq şərti ilə) maraqlı pozisiya və rəngarəng ştrix ardıcıllığı ilə təfsir edir.
Tarzənin ifası bu əsərə qulaq asan hər kəsi onu maraqla dinləməyə sövq edir. Çünki tarzən əsərin formasını, lirik-emosional, virtuoz xüsusiyyətlərini tar alətinin simasında maksimum dərəcədə təfsir etməyə müvəffəq olur.
Əsərdə maraqlı cəhətlərdən biri də odur ki, Həmid mizrablı alətlər ustası kimi burada da tarın texniki və bədii imkanlarının yeni səciyyəvi formada səslənməsini nümayiş etdirib. Tarzən yeri gəldikdə tarda flojelet üsulundan (üsulun bariz nümunəsinə V.Montnin “Çardaş” əsərində də rast gələ bilərsiniz) rəvan və səlis şəkildə istifadəyə nail olur.
Şüura, idraka, məntiqə əsaslanan ifanın özülünü dərin ifadəlilik təşkil etdiyi üçün çoxelementli struktura malik tutumlu və əhatəli çalğıda məntiqi təfəkkür, daxili ahəng, səs rəngarəngliyinin müxtəlifliyi, zənginliyi, əsil dramatizm və parlaq obrazlı qarşılaşdırmalar dinləyicini valeh edir.
Tarzən sanki rəssamsayağı əsrarəngiz mizrab palitrasının əlvan çalarları sayəsində musiqidə işlətdiyi cizgilərlə, yaratdığı bitkin, melodik ifadələrlə – lad-intonasiya boyalarıyla obrazın: klassik əsərin məna və mətləb zənginliyinin ahəngdarlığını, harmoniyasını yaradır.
Bu zaman fikrinin pəncərəsi olan göz bəbəklərində nələri canlandırmır?
Bəlkə də bu virtuoz ifaçılıq məziyyətləri, müxtəlif səs bəzəkləri, məna və fərq incəlikləri yaratmaq ustalığı klassik əsərlərin məntiqinə son dərəcə uyğun olduğu üçün Həmid Vəkilovu “ştrix (mizrab) müğənnisi” də adlandırmaq olar.
Coşqun şövqlə çalınan bu not əsərlərinin bədii sadəliyi, ifa tərzinin aydınlığı, ürəklə texnikanın, hisslə ustalığın harmonik vəhdəti, musiqi cümlələrinin dolğunluğu, xüsusilə barmaqların işlətdiyi mizrabların dinamizmi “musiqini gözlə eşitməyə” şərait yaradır.
Bəlkə də bu ondan irəli gəlir ki, ifaçının sağ və sol əl texnikası, çalğı üslubu saysız-hesabsız, zəngin, gözəl və valehedici xallar toplusu ilə son dərəcə yüksək bədii səviyyədə bir-birini tamamlayır.
Tarzənin gəzişmələrinə, özümlü xallarına, ən münasib, ən müvafiq vasitə və ifadə yollarını seçib işlətmək məharətinə, pərdələrin məlahətli tembrinə heyran qalmamaq mümkün deyil: melodiyanın sintezi, qırılmaz məntiqi əlaqəsi, ifada yaranan vahid ansambl duyğusu…
“Tünd qəhvəyi”
“Yanmış ürək…
Dəryalarla göz yaşı…
Gülən, ağlayan
insan, insan, insan.”
…“Zəmin-xarə”. Son dərəcə yanıqlı və təsirli könül nəğməsi.
Bəlkə də bu keyfiyyətlər şöbənin adının mənası ilə bir tamlıq təşkil edir. “Zəmin-xarə” qayalıq yer, tikanlı torpaq deməkdir.
Onun melodiyasının qəmgin, yanıqlı olmasının nəticəsidir ki, adətən çox zaman mərsiyə, minacat və baqşa dini musiqi nümunələri “Zəmin-xarə” üstündə oxunur.
Və “səsi insan səsinə yaxın olan” Qərb musiqi aləti qaboyun Azərbaycan dilində danışan ecazkar və məftunedici ləfzi…
Yüksək duyumlu, könüloxşayan, qəlbə sirayətedici melodiyalarda pörşələnən, alışıb yanan sənətkar ürəyi.
Xalq artisti Kamil Cəlilovun özünün çalan, nalə çəkib fəryad edən ürəyi və onun yaratdığı ən böyük musiqi möcüzəsi.
Bu çalğıdakı ahəng əlvanlığı insanı qanadlandırır, dəqiqələrcə özündən ayırır və onu çəkib əsrarəngiz bir aləmə aparır.
Sinəsi od tutub alışan bu çalğı bizi təkcə yandırmır, həm də dərin düşüncələrə qərq edir. Özü də necə düşüncələrə?
İnsanı artlayıb təmizləyən, saflaşdıran, xəyallarını yüksəldən, könülləri böyüklüyə, xeyirxahlığa səsləyən, onu həyata böyük bir məhəbbətlə bağlayan mehriban, həzin düşüncələrə!
Siz deyin, bu, ilahidən gələn “sənət qüdrəti, sənət ehtişamı” deyilsə, onda bəs nədir?
Elə bil Ulu Tanrı qaboyu Kamilə ona görə göndərib ki, xalq artisti Şövkət xanım Ələkbərovanın sözünün qüvvəti: “bu zalım… ürəyinin yanğısı ilə bu xalqı qırıb-çatsın. Bu xalqa heç yazığı da gəlməsin”.
“Kamil qardaş, mən öləndə tabutum önündə bir “Segah” çalsan, məni cənnətə göndərmiş olarsan!”. Bu sözlər də xalq artisti Rübabə Muradovaya məxsusdu.
Rübabə xanım dünyasını dəyişən günü onun tabutu önündə təkçə “Segah” muğamı çalınmadı. Həm də qəmgin, dalğın, pərişan “Bayatı kürd” muğamı və nisgilli, həzin “Qaragilə” mahnısı çalındı.
Rübabə xanımın ölümü həmin gün qaboyu ağlatdı, qaboy da mərhumla vidalaşmağa gələnləri. Və… qaboy Rübabə xanımı elə Aktyor Evinin binasından bir başa cənnətə yola saldı…
…Səsliklər Kamilin barmaqlarında bir-bir örtülüb açıldıqca, bu barmaqların qəlbin gözlərinin gördüyü titrəyişlərlə, çırpıntılarla yaratdığı “ayrılı xallar” bir yönümdə və düzümdə canlandıqca Rəsul Rzanın qaboy nəğməkarı ilə bağlı yazdığı sözləri xatırlayıram:
“İnsan, sən nə qədər böyük, necə qüdrətlisən! Bu ölümsüz əsəri yaradan insan, onu qəlbində, zehnində qoruyub saxlayan insan! Eşq olsun sənə!
Bu nadir sənət əsərini nəfəsi ilə, barmaqlarının hərəkəti, qəlbinin hərarəti ilə canlandıran insan nə bəxtiyardır!”
Qaboyçu Kamil Cəlilov məhz belə bəxtiyar sənətkardır!
Bu, ilahidən gələn bir səsdir!
“Firuzəyi”
“Xatirələrdə qalmış məhəbbət ağrıları.
…Yoxsul qız barmaqlarının həsrəti.
…Dünyadakı gözlərdən
Anacq ikisi.”
– Qəlbi daha qəmli, gözləri daha nəmli hansı simli alətdir, bilirsənmi?
– Bilirəm. Musiqi dünyamızda, min avazlı sevdamızda kədər ağlayan, ürəyi qəm yuvası, taleyi kəm, “sol” kiçik oktava, “re”, “lya” birinci oktava, “mi” ikinci oktava ilə köklənmiş dörd simli kamançadır bu.
– Bəs, ürək ovsunçusu, kamançaçalan Habil Əliyev sehrinin sirri nədədir?
– Bu sirrin şirəsi, şəkəri dörd simin və Habilin “qəlbinin hərarətindən, barmaqlarının pərvanə çırpıntılarından, kəmanəni kamanın quru qoluna çəkməsindən”, gurşad dramatizmlə zərif lirizmin musiqi sehrindən süzülür.
Bizə elə gəlir ki, kaman heç vaxt bu qədər sehrlənməyib. Və bir də bizə elə gəlir ki, Habil sehrini nə tarixlərdə oxumuşuq, nə əfsanələrdə, nağıllarda eşitmişik. Habil sehri əsrimizin musiqi aləmində bir kaman möcüzəsidir, musiqimizə işıq salan, nur ələyən Günəş şəfəqləridir.
– Yəqin ki, yerdən insan qiyafəsində çıxan alovu da görmüsən. Habil hər təranəyə min ovqat çaları verəndə…
– Görmüşəm. Elə ki, Habil şax oturub kamançanı dizinin üstündə saxlayır, bax, əsl dəstgah bundan sonra başlanır. Bədəni sanki kamançanın qolu kimi, nazilə-nazilə üzüyuxarı dartınır.
Habilin başı musiqinin ritm ahəngində, gözləri yumulub, kirpikləri dodaq-dodağa olanda, şana barmaqlar pərvanə uçuşuna qanad verib, musiqi ocağında dilim-dilim yananda, bax onda oğulsan ki, yerdən insan qiyafəsində kükrəyən alovun istisinə, oduna dözəsən.
Kamanın ürəyindən pörşələnə-pörşələnə axıb gələn səs eşidib-duyanı yandırıb-yaxır, için-için qovurur.
– Səncə, “Habil fenomeni”nin elmi-nəzri izahını bilirikmi?
–Bəlkə də çoxlarımızın bundan xəbəri yoxdur. Lakin əsas şərt odur ki, Habil Əliyev sənəti var, onun misilsiz ifası var, misilsiz ifasının möcüzəli musiqisi var, möcüzəli musiqisinin milyonlarla dinləyicisi var…
..Hər dəfə Habili dinləyəndə, kamançanı insan kimi dilləndirən barmaqlarının arasında sıxılan, gərilən simlərin gah həzin könül hıçqırıqlarını, gah da coşqun ehtiraslı fəryadlarını eşidəndə bu fikirlərin, nalə çəkən yanıqlı, göynərtili notların isti qoynuna düşürəm.
Müqtədir sənətkarın ifasında səsləndirilən musiqilərin çırpınan təranələri elə ilk andaca duyğularımızı Habil kamanında “şəfəqlənən hisslər qammasının qövsü-qüzehində” nurlandırır.
Guşələrarası keçidlərdə Habilin ustad həssaslığı, əvəzsiz ifaçılıq texnikası, Şərq çalğıçılarına məxsus incə musiqi duyumu, gözəl zövq və ölçü hissi, özünəməxsus virtuoz məharəti, nadir improvizasiya istedadı ilə yeni aləm, yeni dünya kəşf etməsi, sənətinin sehrkarlığı, cazibəsinin heyranediciliyi dinləyicini yerindəcə donduran heyrətlə görüşdürür.
Habil isə gözlərini yumub çalır, çalır, elə çalırdı…
O, “musiqinin könül-könül yayılan sonsuz aləmində, xalların, pərdələrin bir-birini əvəz edən ahəngində, hər şeydən, onu əhatə edən bütün varlıqdan uzaqda, muğamın mənəvi dünyasında idi”…
“Qırmızının inam çalarları”…
“Qəlbi səksəkəli atanın
ilk övladı
İnsan adı.
Ölümün dadı.
İnsanlara məhəbbət –
Çılpaq həqiqət.”
…Rəsul Rza doyulmaz, ziqiymət poeziyası ilə istedadlı şair və eyni zamanda bütöv, kamil şəxsiyyət kimi XX əsr ədəbiyyatımızda ayrıca, parlaq və çox işıqlı bir səhifədir.
Əzəmi dərəcədə xalqın mənəvi təmsiledicisi, könül tərcümanı olan Rəsul Rza milli ədəbiyyat tariximizdə öncə həqiqi novator şair, yeni poeziyanın yaradıcısı və nadir xəzinədarı, daha sonra isə Azərbaycan ensiklopediyası kimi mühüm və mürəkkəb bir işin ilkincisi və banisi, görkəmli ictimai xadim, bütöv, kamil şəxsiyyət kimi tanınır.
Nurlu zəkası ilə “insan qəlbinin baş mühəndisi” olan Rəsul Rzanın böyüklüyü orasındadır ki, o sözün ən geniş mənasında novatordur.
O, Azərbaycan poeziyasında yeni ədəbi janrın əsasını qoyub – sərbəst şerin milli-klassik nümunələrini yaradıb.
O, yeni Azərbaycan şerinin bünövrəçisi, öndəridir. Bu poeziya yalnız ictimai məzmunu deyil, forması etibarilə də ədəbiyyatımızda yeni bir mərhələ, yeni geniş bir yol, ədəbi məktəb oldu.
Bütün bunlara rəğmən, oxucu dostum, mən sizə deməliyəm ki, sözümün “öyü” burdadır: o, iyirminci yüzilliyin “mənimliyi”ndə, pozulmaz yaddaşında ən monumental və ən nəhəng fiqurlarından biri olaraq qalır.
Dəxi bir fikir daha: Mən bu yerdə sizə müqəddəs bir yalan demək istəyirəm: könlü “nəğməli ney”, dili “dolu giley olan” Azərbaycanın nəhəng çinarı Rəsul Rza ölməyib.
Bizi canlı insan ömrünün “illərliyin”dən, “çarpışımlı” həyat yolunun “bitim nöqtəsin”dən 37 sənəlik zaman məsafəsi ayırsa da, o “qayıtmazlığa”, “yer üstündən yer altına”, “əbədi sükut evinə” köçsə də Rəsul Rza yalnız öz əsrinin deyil, ondan əvvəl və sonrakı neçə yüz illərin ən mərd, mübariz, dönməz əqidəli, sarsılmaz, əyilməz kişilərinin cərgəsində öndə gedənidir.
Onsuzlu bu illər ərzində bizsiz Rəsul Rza vaxtdaşları, “həmyolluq” etdiyi “sənətdaşları, könüldaşları, əməl, iş qardaşları”, nəhayət, oxucuları sırasında addımlamasa da, hər dəfə onu xatırlayarkən əsiredici misralar içindən ölərilikdən uzaq, yaradıcılığın göz qamaşdıran zirvələrinə yüksəlmiş bir şairin səsini və illərin isti-soyuğundan keçib gələn hərarətli arzular və ümidlərlə dolu böyük qəlbinin – nəcib, humanist, insanlara sevgiylə dolu ürəyinin çırpıntılarını, hərarətini, sevinc və kədərini, məhəbbətinin gücünü şerlərindən duyuruq.
Deməli, o canlı bir insan kimi “bu gün də var, yarın da”.
Özü yazmışkən: “Əgər şairin yaşamağı, varlığı onun sənəti ilə, onun əsərləri ilə ölçülürsə, onunla müəyyən olunursa”, deməli onda mən dediyim müqəddəs yalan düzdür – şair Rəsul Rza ölməyib.
Və… deməli, ölməyibsə, onda kökü torpağa bağlı vüqarlı çinar, müdrik insan ömrü – “kimsəyə əziyyəti dəymə”yən, “heç gileyə enmə”yən, “heç kəsə baş əyməyən”, “yoxuşu şərəfli, enişi dözümlü” bir kişi ömrü yaşayan, “ölümsüzlüyü” ilə bütün ərzi ölkə-ölkə dolaşan, “yerişi ağır, oturuşu xan oturuşlu”, sözündə, əməlində, sevgisində də bütöv, nifrətində də bütöv şair Rəsul Rza bu gün sağdır və həmişə bizim sıramızdadır!
Mənim də, “həmgünüm, həmilim”“mənçi”lərin də “düşünüşü” belədir!
Rəsul Rzanı “mən hansı bir şairə bənzədim ki” – “hər kəlməsi, hər sözü dillərdə əzbər” olub.
Biz bu gün poeziyamızın “şəfəqli yollarından” keçdikcə çox məğrur, çox dönməz, əyilməz adam olan, qəzəbi sözündən iti bir insan ömrü yaşayan, dupduru, aydın və mavi gözlü Rəsul Rzanın özünə, izinə, ölməz fikrlərinə və durnalar kimi ötən, bənövşələr kimi çiçəkləyən şerlərinə rast gəlirik.
Mən onun haqqında indiki zamanda danışdım, qələmdaşlarından birinin dediyi sözlərə rəğmən – “çünki başqa cür mümkün deyil”.
Son söz əvəzi…
Mənim poeziyamın başlıca
xüsusiyyəti təmtəraqlı ibarələrdən,
bayağı qəşəngliklərdən,
çoxsözçülükdən qaçmaqdır.
Danışıq tərzi, sınanmış sadəlik,
özünəməxsusluğa canatma,
orjinallıq (ancaq orjinallıq
xatirinə olanı yox), hər şerdə nəsə
təzə bir şey demək, təsvir etdiyin
obyektin yeni cəhətlərini
göstərmək – bax yaradıcılığımda
mən buna çalışıram”.
…Fikrimcə, bu qeydlər sevdiyim və poeziyasına vurğun olduğum, yaradıcılığı mənə çox qüvvətli bədii təsir göstərmiş sənətkarın assosiasiyalarla zəngin olan palitrasına uyğundur. Bu palitranın sürməyi, bənövşəyi, sumağı, narıncı, innabı, qızılı rənglərində rəssam molbertində olduğu kimi adiliyin qeyri-adiliyə çevrilməsini dahilər dahisi Üzeyir Hacıbəylinin, Cahangir Cahangirovun, Bülbülün, Rəşid Behbudovun, Tahir Salahovun, Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Vaqif Mustafazadənin və adlarını çəkmədiyim neçə-neçə sənətkarın yaradıcılığında da əks etdirmək mümkündür.
Təbii ki, mən poetik fikirlər kataloqu tərtib etmək niyyətində deyiləm. Zənn edirəm ki, elə bu qədər də yetərlidir. Amma bu essenin qələmə alınması haqqında can evimdən duyğulanan daha iki cümlə:
Bu düşüncələrimdə poeziyanın novator bayraqdarı kimi xalqımızın qəlbində yaşayan qüdrətli “sözlər sərkərdəsi”nin – “rənglər nəğməkarı” maestronun öz poetik “Rənglər” deyimlərində “kimsənin çalmadığı telləri” musiqinin dili ilə verməyə çalışdım.
“Rənglər”in ifadə etdiyi sevinci, kədəri melodiyaların cazibədar palitrası ilə “göstərməyə” və onları duyğularla, düşüncələrlə və xəyallarla bağlamağa səy göstərdim.
Müvəffəq olub-olmadığımı deyə bilmərəm.
Lakin bu mənim vətəndaşlıq borcum idi, yazdım.
“525-ci qəzet” – № 08 (4986), 09 (4987), 10 (4988), 11 (4989), 16, 17, 18 və 19 yanvar 2018-ci il
P.S. Yazı Azərbaycan Yazıçılar Birliyinin 2018-ci il üçün Rəsul Rza Mükafatına layiq görülüb.