Firuzə Davudqızı
Bir neçə dəqiqə əvvəl
…Həyətə keçəndən sonra dəqiqələr bir-birini əvəz etdikcə onun həyəcanı ölçüyə gəlmir, lakin şübhə oyatmamaq üçün son dərəcə soyuqqanlı və sərbəst olmağa çalışırdı.
Fəhlələrin arasında dolanıb, yanındakı oğlana kömək edərək maşından endirdikləri dolabı evə daşımağa hazırlaşırdı. Bu zaman yanından ötüb keçən Aydanı görməsi ilə üzünün ifadəsi dəyişdi. Oğrun-oğrun onu süzüb, baxışları ilə ötürərkən bir anlıq harada olduğunu unutmuşdu. Elə bu vaxt kürəyinə dəyən əlin təmasından duruxub özünü yığışdırdı. Bu, Niyaz idi.
– Bir az diri tərpənin, uşaqlar. İş çoxdur, – dedi.
Azər ona bəlli etmədən narazılıqla dodağlarını bir-birinə sıxıb, məcburən yoluna davam elədi. Aydana özünü bəlli edə bilməməsi, buna heç cür şərait yaranmaması onun qanını əməlli-başlı qaraltmışdı. Yarı yolda özü də hiss etmədən şikayətləndi:
– Bu nədir ala, belim sındı! Deyəsən evlənməmiş şikəst qalacam.
Ona həyətə keçməyə kömək edən Fariz adlı oğlan xısın-xısın güldü. Zarafatyana bir əda ilə Azərə səsləndi:
– Qaqaş, necədir vəziyyət? İşləyə bilirsən? – deyib, ona göz vurdu.
– Nə sən soruşginən, atam, nə mən deyim.
– Məndə təqsir yoxdur, qardaşım, özün belə istədin. Eybi yox, toyda yadıva salıb gülərsən.
– Salamatlıq olsun! – Azər çiynini əzən dolabın ağırlığından üz-gözünü turşudub, güclə dilləndi.
Dolabı otaqda deyilən yerə qoyandan sonra Azər bəhanə ilə dərhal otaqdan çıxdı. Dəhlizdə o yan-bu yana boylandı. Yenidən həyətə enmək fikrində idi ki, ayaq saxladı.
Aydan
…Mən dəhlizə keçəndə həmin oğlanla bir də rastlaşdım. Üzümü çevirib otağa yollandım. Əlimi qapının dəstəyinə aparmaq istəyəndə məndən əvvəl bir əl irəli uzanıb dəstəkdən yapışdı. Diksinib geri çevriləndə onunla göz-gözə gəldik. Heç demə, kimsəyə hiss etdirmədən arxamca gəlirmiş. O, dərhal papağı başından götürüb, mənə göz vurdu. Özünə xas bir əda ilə gülümsündü.
Azəri qarşımda görməyimlə heyrətdən gözlərim iriləndi. Məndən asılı olmayan bir şəkildə sevinclə içimi çəkdim.
Bizimkilər və fəhlələr yanaşı otaqda idilər. Azər onların bizi görəcəklərindən ehtiyatlanıb qapını açaraq çevik bir hərəkətlə məni otağa saldı. Özü də içəri girib qapını arxasınca çəkdi. Qarşımda dayananın Azər olduğuna hələ də inana bilmirdim, heyrətlə gülümsəyirdim. Ürəyim durmadı, ona sarıldım. Azər belimi qucub, məni bərk-bərk bağrına basdı. Üzünü saçlarımda gizlədib ətrimi dərin bir nəfəslə içinə çəkdi. Sonra həsrətlə üzümə baxıb, həyəcanlı bir səslə soruşdu:
– Necəsən?
– Sənsiz necə ola bilərəm? – Düzümü pozulmuş saçlarını qaydaya salaraq dedim. – Bərbad! – Əlimi onun üzündə gəzdirdim.
– Az qalıb, lap az. Bir balaca da səbir elə, sonra həmişəlik bir yerdə olacağıq.
Təkrar bir-birimizə sarıldıq. Onu əsla buraxmaq istəmirdim. Qollarının arasında eşqdən bihuş olmaq istəyirdim. Bu dəmdə:
– Darıxmışam, – deyə Azər qulağıma pıçıldadı.
– Mən də, həm də necə!
– Məsələn? – O, eyni qaydada pıçıltı ilə soruşdu.
– Təsəvvür edə bilməyəcəyin qədər çox!
Birdən təəccüblə soruşdum:
– O, sən idin! Bayaq, həyətdəki oğlan! Sən idin! Həri?
Azər şeytani bir təbəssümlə üzümə baxdı.
– İlahi! – Məni gülmək tutdu. – Mat qalmışam sənə! Bura gəlmək necə ağlına gəldi? Özü də bu şəkildə. Necə tapdın ünvanı?
– Uzun söhbətdir. Bəxtim yavər getdi deyək.
– Dəlisən, dəli! Heç fikirləşmirsən ki, öz başına iş açarsan?
– Xeyr, fikirləşmirəm! – O, tamam ciddi halda gözlərini gözlərimdən çəkmədən qətiyyətlə dedi. – Fikrimdə yalnız bu var: səni görmək, səninlə bir yerdə olmaq!
Üzümü onun köksündə gizlədib, susdum. Çünki bunu mən də istəyirdim. Elə bu anda qapı açıldı və Fatimə bizi gördü.
Hər üçümüz donub qaldıq. Təlaşla Azərin qolundan yapışdım. Fatimə dərhal otağa keçib, qapını tez-tələsik örtdü. Ağlına gətirmədiyi bir vəziyyətlə qarşılaşması onu dəliyə döndərdi.
Fatiməyə Azər haqqında söz açmışdım deyə könlümün onda olduğunu bilirdi. Təxminini doğrultmaq üçün:
– Bu odur? – deyə gözucu Azəri süzüb, mənə sual verdi.
Başımı tərpətdim. Gözləmədiyim bir şəkildə Fatimə Azərə üzünü bozartdı:
– Sən özünü nə sanırsan? Başımıza bəla açmaq istəyirsən?
– Xanım… – Azər onun yanlış anlamaması üçün izah etmək istədi. Lakin Fatimə ona sözünü bitirməyə imkan vermədi.
– Nə xanım! – Gərgin tonda ona çəmkirdi. – Əylənməyə başqasını tapa bilmədin? Kim verib sənə bu ixtiyarı? İcazəsiz evə soxulmağın bəs deyil, üstəlik, qızın ağlını da bulandırırsan?
Mən Fatiməni sakitləşdirməyə çalışdım, amma olmadı. O, buna bənd imiş kimi iradla hər ikimizə:
– Siz nə etdiyinizi heç dərk edirsiniz?
Heç birimiz dinmədik. Azərin narazılıq oxunan fısıltısı duyuldu. Fatimə üzünü təkrar mənə tutdu:
– Dəli olubsan sən? Ağlın çaşıb? Atamı qoyaq bir kənara, əmim bundan xəbər tutsa necə olacaq? Səni tikə-tikə doğramaz bəyəm?
Fatimə deməsə də, bunu gözəl bilirdim. Amma neyləyim ki, Azərdən vaz keçməyə gücüm çatmırdı. Azər bu məqamda sözə qarışdı:
– Xanım, xahiş edirəm bir dinləyin.
Fatimə düyünlənmiş qaşlarının altından gərginlik içində ona baxdı. Azər sözünə davam etdi:
– Bacınız mənim üçün sizin təsəvvür edə bilməyəcəyiniz qədər dəyərlidir. Mənim niyyətim heç də əylənmək deyil. Buna hamılıqla şahid olacaqsınız. Hər şeyin fərqindəyəm. Düz iş görmədiyimi gözəl bilirəm. Amma nə etməli, belə alındı. Bu iş yoluna düşənə kimi bu şəkildə görüşməyə məcburuq. İstəsəniz çıxıb bayırda məni ifşa edib böyüklərinizə deyə bilərsiniz. Amma inanın mənə, bu heç nəyi dəyişməyəcək. Çünki məni fikrimdən heç kim, heç nə döndərə bilməz.
Fatimə hirsdən boğula-boğula mənə baxdı. Azər vaxtın azlığını nəzərə alıb məqsədini – mənimlə söhbət etmək istəyini bacıma açıqladı. Əslində bir növ bizə kömək etməsini istədi.
– Necəə? – Fatimənin gözləri iriləndi. – Sən artıq həddini aşdın!
Azər bunu görsə də geri çəkilmədi. Uzun xahişdən sonra o, Fatiməni öz dürüstlüyünə inandırıb, yola gətirməyi bacardı.
Fatimə ev əhlinin fikrini bizdən yayındırmaq üçün qurduğu bir planla otağı tərk elədi.
Bu anların məni saran narahatlığı ilə nə deyəcəyimi də unutdum. İxtiyarsız olaraq bu sözləri dilimə gətirdim:
– Qorxuram, bu etdiyimizin əvəzini çox pis ödəyək.
Azər nə demək istədiyimi göydə tutdu. Ört-basdır etməyə çalışdığı bir gərginliklə:
– Mənə diqqətlə qulaq as! – dedi. – Səni toy edib başqasının evinə gəlin köçürə bilərlər. Amma həmin o başqası, həmin o yaxşı oğlan sənə əsla sahib ola bilməz! Bu qədərinə onun nə vaxtı, nə də hünəri çatmaz! Bunu sənə mən deyirəm. Mən! Yəni bunu ağlına belə gətirmə. Rahat ol!
Köks ötürüb, susdum. Azər bunu görəndə çiyinlərimdən yapışıb:
– Arxayın ol da, dedim, – deyə məni köksünə sıxdı. – Hər şey yoluna düşəcək!
Bir-birimizə deyiləcək sözlərimiz olsa da o, burada çox yubana bilməzdi. Bir qədər sonra qapıya üz tutdu. Gedirdi…
Çünki getmək məcburiyyətində idi. Bunu bilmək, həqiqətlə barışmaq mənə çox çətin idi. Doluxsunmuş halda qeyri-ixtiyari dərhal səsləndim:
– Azər…
Çevrilib çiyninin üstündən mənə baxdı. Daha heç nə demək iqtidarında olmadım. İrəli yeriyib, dəli kimi ona sarıldım. Bir xeyli buraxmadım.
Sonra Azər otaqdan çıxaraq fəhlələrin yanına getdi.
***
…Azər əlini Farizin kürəyinə vurub ona getmək üzrə olduğunu işarə etdi. Oğlan “oldu” mənasında başını yüngülcə tərpədib, şübhə oyatmamaq üçün fəhlələrə göstəriş verməyə başladı.
Bir qədər sonra Fatimə əmisi qızlarının yanına qayıtmaq üçün həyətə enəndə əmisi arvadı və nənəsi ilə qarşılaşdı. Bu anda keçirdiyi həyəcan hissi təlaşla əvəz olundu:
– Mən nə etdim, ilahi? Gərək dinləməzdim onları, – deyə özünü qınamağa başladı. Elə bu vaxt qohumu Niyazın fəhlələrə dediyi sözlərə qulaq şahidi oldu.
– Bura bax, qaqaş, neçə nəfər idiniz siz?
– Dörd nəfər. Necə bəyəm?
– Məncə bayaq biri də vardı burada. O hara yoxa çıxdı?
Fariz özünü itirməyib dərhal bir yalan uydurdu:
– Haqlısınız. Həmin o bir nəfəri mən anbara göndərdim. Getməsi lazım gəldi.
– Nə isə. Siz işinizdə olun, – deyə Niyaz onlardan ayrıldı.
Niyazdan gizlin yoldaşlarını süzən Fariz dərin bir nəfəs aldı.
***
Agent qısa müddət ərzində topladığı məlumatları, dəlil-sübutu Salehin qarşısına qoyub, məruzə elədi. Onu diqqətlə dinləyən Salehin diqqətini ilk anda cəlb edən Əhmədov familiyası oldu. Agentə ünvanladığı suallar da məhz bu yöndə idi.
Aldığı məlumat Salehi yerində dondurdu. Ənvərin onun əmisi olması gerçəyinə belə tezliklə inana bilmədi. Şübhə ilə agenti süzdü:
– Əminsən?
– Dəqiqliyinə şübhə etdiyim məlumatı sizinlə bölüşmərəm, Saleh bəy. Dəqiq məlumatdır.
Salehin ağlı-fikri bir anda düyünə düşmüş kələf kimi qarışdı. Bir neçə cavabsız sual onu düşündürməyə başladı. Azərlə əmioğlu olduğu yatsa yuxusuna girməzdi. Üstəlik, bu günədək ona məlum olmayan daha bir əmisinin varlığından xəbər tutacağı ağlına gəlməzdi.
Agentin ona uzatdığı zərfin içindəki fotoşəkillərlə tanış olanda Saleh ikinci dəfə sarsıldı. Müxtəlif günlərdə və məkanlarda çəkilmiş fotoşəkillərə baxarkən sinəsi təlatümlə qalxıb-enməyə başladı. Hələ də ağlından və qəlbindən çıxarıb ata bilmədiyi, dəlicəsinə sevdiyi qızın başqasına məhəbbətlə baxması, onun boynuna sarılıb gülümsəməsi Salehi bir daha öldürdü sanki. Dünya-aləm gözündə qaraldı. Həm qısqanclıq hissi, həm də coşub qaynamağa başlayan qəzəbi onu talan etdi. Bu oğlanın məhz əmisi oğlu olması isə onu dərindən yaraladı.
Bütün hiddəti ilə masanın üzərindəki şəkilləri vurub döşəməyə səpdi. Kresloya çöküb sakitləşməyə, əsəbini cilovlamağa çalışdı. Titrəyən əlləri ilə gicgahlarını ovuşdurdu. Birdən sükut içində dayanıb nəzərlərini ona dikmiş agenti xatırlayıb, ona müraciətlə:
– Gedə bilərsən! – dedi.
Agent dərhal kabineti tərk elədi. Saleh onu boğan hirsi, əsəbi ilə üzünü ovuşdurdu.
Bir qədər sonra evə çatıb maşından endi. İti addımlarla evə doğru getdi. Hələ girişdə ikən:
– Ata! – deyə əsəbi tonda atasını səslədi. Onu qapıda qarşılayan Hicranın bu an ona nə dediyini Saleh gərginlikdən duymadı.
Salona keçdi. Burada da atasına rast gəlmədi. Onun səsinə içəri gələn Zivər oğlunun rənginə-ruhuna baxan kimi bunun xeyir olmadığını sezdi:
– Nə olub, ay Saleh? – soruşdu.
Saleh anasının sualını cavablandırmadan, birbaşa arxa həyətə keçdi. Atasını burada yaşıllıqların qoynundakı taxtın üstündə mütəkkə və döşəkcələrə dirsəklənib istirahət edən görəndə istehza ilə gülümsündü:
– Nəhayət, tapa bildim səni, yoldaş general!
– Həllini tapa bilmədiyin problemin var deyəsən, bərəkallah, səsin küçənin o başından eşidilir. – Zakir dirsəkləndiyi mütəkkəni qolunun altında rahatlayıb, eyham vurdu. Narazılıqla oğlunu süzdü. – Bu nə hay-küydür? Meşədə deyilsən. Ədəbin olsun!
Saleh hirsindən sifəti səyriyə-səyriyə qınaq dolu baxışlarla atasını süzüb, əsəbinə hakim olmağa çalışdı.
– Dərdini de! – Zakirin kinayə dolu səsi duyuldu. – Sözlü adama oxşayırsan!
(Ardı var)