Firuzə Davudqızı
Bir neçə gün sonra
…Artıq bir xeyli vardı ki, Saleh şəxsi agenti ilə maşında əyləşib buradan Teleradio Komitəsinin qapılarını müşahidə edirdi.
Azər həmkarları ilə birlikdə telestudiyanın qapısında görünəndə agent Salehə Azəri təqdim etdi:
– Haqqında məlumat almaq istədiyiniz şəxs budur.
Saleh agentin ona nişan verdiyi oğlana baxdı, sifəti bir az da tündləşdi.
Hər şeydən xəbərsiz olan Azər həmkarları ilə birlikdə çəkiliş üçün lazım olan avadanlıqları maşının arxasına yerləşdirib, maşına əyləşdi. Agent Azərin barəsində hələ ki, bildiyi qısa məlumatı çatdırmaqda ikən Saleh bütün diqqəti ilə Azəri süzürdü. Üzünün əzələləri gərginliklə titrəyirdi. Qısqanclıq hissi iri bir əl kimi boğazına yapışıb, onu boğurdu.
Çox keçmədən Azərgilin içərisində olduqları maşın yanlarından ötüb keçdi. Saleh nəzərləri ilə maşını yola saldı. Bu anda agentin səsinə fikirdən ayıldı:
– Saleh bəy, nə məsləhət görürsünüz? Necə edək?
Saleh çatılmış qaşlarının altından gözucu ona baxdı. Tutqun ifadə ilə handan-hana dilləndi:
– Tərcümeyi-halını, çevrəsini araşdırın, əlaqəsi olan hər kəsi! Nəsil-nəcabəti, özü barədə hər şeyi bilmək istəyirəm. Alıb-verdiyi nəfəs də izlənsin. Mənimçün qaranlıq heç nə qalmamalıdır.
– Aydındır, – agentin ciddi səsi duyuldu.
Salehin rəngi qızarıb-bozardı, fikri yenə Azərin dalınca yayındı. “Öyrənib bilək, bu oğlanda hansı cəhətlər var ki, o, məndən üstün tutuldu?” deyə ürəyindən keçirdi.
Aydan
Həmin gün mən Azərlə görüşüb, evə gözəl duyğular içində qayıtmışdım. Məhəbbətin bəxş etdiyi bəxtiyarlıqdan qanadlanıb uça-uça evə keçəndə anam məni salonun girişində qarşıladı. Üzünün ifadəsi canıma üşütmə saldı. Buna rəğmən səssiz-səmirsiz yoluma davam etmək istəyirdim ki, onun amiranə səsi məni ayaq saxlamağa vadar etdi:
– Dayan görüm!
Narahatlıqla üzünə baxdım. Anam əsəbi baxışlarla məni başdan-ayağa süzüb, sual verdi:
– Hardan belə?
– Hara gedəcəyimi demişdim də.
– Gözümün içinə baxa-baxa yalan danışmağa hələ nə qədər davam edəcəksən?
Köks ötürdüm. Dinmədim. O isə gözləmədiyim şəkildə əlindəki fotoşəkli gözümün önünə tutdu:
– Kimdir bu?
Elə bildim başımın üstündə şimşək çaxdı. Yer-göy başıma fırlandı. Yerimdəcə öldüm sanki. Donuq baxışlarla şəklə baxsam da dillənməyə taqətim olmadı.
Bu, Azərlə mənim şəklimiz idi. Görüşdüyümüz günlərin birində çəkilmişdi. Azər qolunu boynuma dolayıb məni sinəsinə sıxmışdı. Bəxtiyarlıqla gülümsəyirdi. Mən də eləcə.
Şəklin anamın əlinə keçməsi mənim fəlakətim demək idi. Onu nə vaxtdır düşündürən sirrin üstü nəhayət ki, açılmışdı. Artıq əlimdən bir şey gəlməzdi.
– Deməli, bu qədər həddini aşıbsan! Deməli, heç kəsdən qorxub çəkinmirsən!
Susmağa davam etsəm də, anamın səsinə diksindim.
– Sual verdim sənə, ay qız! Kimdir bu oğlan?! Kim verib ona bu cəsarəti sənə yaxın gəlir, belə sərbəst davranır?! – Anam şəkildə gördüyü oğlanın ən yaxın rəfiqəsi olan Səadətin bacısı oğlu olduğunu ağlına belə gətirmirdi.
Dillənmədiyimi görüb, Azərin məktublarını bütün hiddəti ilə üzümə çırpdı.
– Bunları da o yazıb hə, sənə?
Mən şəkli və məktubları xatirə dəftərimin arasında gizlədib, dolabın ən dərin yerində saxlayırdım. Onlar mənim tək təsəllim, Azərin varlığını yanımda hiss etmək üçün yeganə ümid işığım, ən dəyərli əmanətim idi. Göz bəbəyi kimi qoruyurdum. Yəni anam onları əldə edənə qədər ən azından qoruduğumu sanmışdım.
Otağımı hər zaman Məqbulə yığışdırırdı. Həmin anda baxışlarımı çevirib şübhə ilə ona baxdım. Məqbulənin rəngi ağardı. Təlaşla üzümə baxdı.
– Dillənib bir söz deyəcəksən? – Anam hikkəli-hikkəli üzümə baxdı.
Hirs məni boğa-boğa:
– Anam olsan da, şəxsi əşyalarımı qarışdırmağa ixtiyarın yoxdur! – dedim.
Anam həqarətlə məni süzdü:
– Heyf! Mən səni belə tərbiyə etməmişdim! Təəssüf olsun!
Şəkli və məktubları seyfin içinə qoyub ağzını bağladı.
– Bizi camaatla qanlı-bıçaq etdiyin bəs deyil, indi də belə rüsvay etmək istəyirsən? Səni bəla böyütdük özümüzə? – Təhdid edici nəzərlərlə üzümə baxdı. – Heç eybi yox, mən bu şəkli günü bu gün Nadirə çatdıraram. Özü zəhmət çəkib araşdırar. Hər ikiniz barədə bir ölçü götürər. Fil qulağında yatıb atan. Sənin oyunlarından xəbəri yoxdur. Gözünü açaram mən onun.
Anamın sözləri, hədə-qorxusu məni təlaşlandırdı. Çünki xarakterinə bələd idim. Deyirdisə, edəcəkdi.
– Ana!
– Çəkil görüm! – Məni hiddətlə özündən kənar elədi.
Son dərəcə ciddi olduğunu görüb:
– Ana, bunu eləmə! – deyə məni dinləməməsinə rəğmən qarşısına keçib, az qala inlədim. – Onun başına bir iş gəlsə… yaşaya bilmərəm mən!
– Yaşaya bilməzsən? – Anam çevrilib heyrətlə mənə baxdı. – Hətta belə? O kimdir ki, sənin gözündə bu qədər dəyərlidir! Bu qədər ucadır! Atanın ad-sanından, nüfuzundan da irəli gəlir səninçün? Kimdir o? Bəy oğludur, şah oğludur, kimdir? De, bilək də!
Anamın qarşısında ölüb dirilə-dirilə, dilim dolaşa-dolaşa etiraf etdim:
– Sevdiyim insandır! Kimin oğlu olmasının fərqi yoxdur mənimçün.
– Düz buyurursan, səninçün fərqi yoxdur! Amma bizim üçün, mənim üçün fərqi var!
Elə vəziyyətdə idim ki, hisslərimlə bacarmayıb çarəsizlik içində yanıqlı-yanıqlı hönkürdüm.
– Onun bu baş verənlərdə günahı yoxdur! Ona pislik eləmə!
– Keç otağına! – Anam bu yalvarışlarımın müqabilində sözümü ağzımda qoyub, sərt tonda üstümə bağırdı. – Gözümün önündə dolanma! Axşam masada da görməyim səni! Bu gecə sənə yemək də yoxdur! Görüm başını dumanlandıran bu sevginin yolunda aclığa-susuzluğa nə qədər tab gətirəcəksən.
Bunu deyib məni zorla otağıma saldı. Qapını üzümə çırpdı.
…Bir qədər keçmişdi ki, otağımın qapısı döyüldü. Məqbulə idi. İçəri gəlib, mənim səssiz-sədasız ağladığımı görəndə bir az da məyus oldu.
– Xanım, nəyə desəniz and içərəm ki, mənim bu işdə bir təqsirim yoxdur. Şahnaz xanım özü istədi bunu. Otağı ələk-vələk edib, axtarıb tapdı. Mane olmaq istədim…
Mən özümə hakim ola bilməyib bütün hirsimlə ona çəmkirdim:
– Çıx otaqdan!
– Xanım…
– Bu saat tərk elə buranı!
– Mən sizə heç vaxt belə xainlik etmərəm, xanım. İnanın mənə.
Səbrim tükənmiş halda ona:
– Səni bu evə arada söz gəzdirməyin üçün işə götürməyiblər! İşinlə məşğul ol!
– Baş üstə, xanım. – Güclə dillənən Məqbulə dərhal otağı tərk elədi.
Bu kobudluq, bu qabalıq və bu sərt rəftar mənə xas deyildi. Lakin bu saat elə bir halda idim ki, çəkdiyim əzabın təsirindən istənilən insanın qəlbini qıra bilərdim. Anama olan hiddətim məni özümdən çıxarmışdı.
Bir neçə gün sonra
…Həmin gün Şahnaz qonaqlarını gülərüz qarşılayıb, layiqincə davrandı.
Hər şey qaydasında idi.
Dilbər də bu tanışlıqdan məmnun qalmışdı. Lakin ona maraqlı görünən bir nüans vardı. O da oğlunun könlündə taxt qurmuş qızı nə üçünsə hələ də görüb tanış ola bilməməsi idi.
Səadət bacısına bəlli etməməyə çalışsa da, bu vəziyyət onun özünə də qəribə görünməyə başladı. Şahnazın qulağına pıçıldadı:
– Aydanı görmədim. Evdə deyil?
Şahnaz bu sualdan duruxsa da özünü itirmədi. Üzünə təbəssüm dolu bir ifadə verib, Dilbərin də eşidəcəyi bir səslə rəfiqəsinin sualını cavablandırdı:
– Yox, can, evdədir. Belə ərz edim də, qızlar mənim iznim olmadan aşağı enməzlər. Bu dəqiqə çağırtdıraram, gələr.
Dilbər gözucu bacısını süzüb, daha bir söz demədi.
Şahnaz mövzunu dəyişmək bəhanəsi ilə araya başqa söz saldı. Məqbuləyə göstərişlər verib, qonaqlarına qulluq etdirməyə başladı.
***
…Fatimə ilə söhbətə dalmışdıq ki, Məqbulə içəri keçmək üçün izn istədi. Fatimə onu içəri dəvət etdikdən sonra soruşdu:
– Nə olub?
Məqbulə hər ikimizi süzüb, xəbər verdi:
– Səadət xanım gəlib. Yanında bir xanım da var.
Bu xəbəri duyanda gözlərimə işıq gəldi. Artıq əmindim ki, bu xanım Azərin anasıdır. Çünki bu barədə Azər mənə məlumat vermişdi. Məqbulənin səsinə fikirdən ayrıldım:
– Şahnaz xanım sizin də aşağı enməyinizi istəyir.
Elə bu vaxt anam qapıda göründü. Məqbuləni aşağı göndərib, üzünü mənə tutdu:
– Üst-başını qaydaya salıb, gəlirsən qonaqların yanına. Çox yubanma. – Qınaq dolu nəzərlərini üzümdən ayırmadan əlavə etdi. – Bircə Səadətə xatir bu fürsəti verirəm sənə. Çünki ondan keçə bilmirəm. Yoxsa kim gəlirsə-gəlsin, sən bu otaqdan addımını bayıra ata bilməzdin. Boş xəyallarla da ümidlənib, özünü aldatma, çünki sənin üçün heç nə belə asan olmayacaq.
Köks ötürüb dinmədim. Ürəyimdə isə anamın sözlərinə cavab kimi: “Sevib-sevilmək bir günahdırsa, mən bu günahın cəzasını çəkməyə hazıram!” dedim.
***
…Fatimə gələndə Səadət astadan bacısına tanışlıq verdi:
– Bu, qızın böyük bacısıdır.
– Gözəl qızdır, maşallah!
– Elədir. – Səadət gülümsündü. – Hər üçü dünya gözəlidir! Sən hələ kiçiyi görsən…
Dilbərin gözlərinin içi güldü. Bacısının sözləri ürəyinə yağ kimi yayıldı. Oğlunun sevib-seçdiyi qızı görmək üçün səbri daşdı.
Hər zaman arzusunda olmuşdu gözəlliyi ilə dillərə dastan olan bir gəlini olsun. Məclisə çıxanda o, hər kəsdən seçilsin. Deyəsən istədiyini Tanrı yetirmişdi. Amma öz gözü ilə görməyincə əmin ola bilməzdi.
Fatimə yaxın gəlib, onlarla ədəb-ərkanla görüşdü. Dilbər məmnun ifadə ilə qızı süzdü.
Bir neçə saniyə sonra pilləkəndə görünən, sıxıla-sıxıla pillələri enib, onlara doğru gələn, incə beli, iri ala gözləri olan yumrusifət qızı görəndə Dilbər çaşıb qaldı. Üzünün ifadəsi bir anda dəyişdi. Bacısına haqq verdi. Həqiqətən də oğluna yaraşan bir qız idi. Qızı başdan-ayağa süzüb, baxışlarını heyrətlə bacısı Səadətə çevirdi. Üzü nurlandı.
Aydan yaxınlaşıb onları salamladı, xoş gəldin etdi. Səadət bacısını ona təqdim elədi:
– Bacım – Dilbər xanım.
Rəng verib, rəng alan Aydan utancaq bir səslə:
– Şad oldum, – deyə Dilbəri süzərək gülümsədi.
Dilbərin donu açıldı. İrəli yeriyib, yüz ilin doğması kimi qızı bağrına basdı, üzündən öpdü.
***
…Qarşımda duran xanım-xatın bu qadın ilk görüşdən məndə xoş təəssürat yaratdı. Yaşa dolsa da hələ də gözəl və gümrah görünürdü. Gəncliyində necə gözəl olduğunu təsəvvür etmək çətin deyildi. Dəlicəsinə sevdiyim insanın anası olması isə onun dəyərini və mənim həyəcanımı birə beş artırmışdı.
Onların əyləşməsini gözlədikdən sonra mən də Dilbər xanımın istəyi ilə keçib divanda, onun yanında əyləşdim.
O, məni bir də diqqətlə süzüb, baxışlarını bizdən bir qədər aralı kresloda əyləşmiş bacısına çevirdi:
– Gözəl qızımın adı nədir, heç demədiniz.
Səadət xala təbəssümlə məni süzdü:
– Aydan.
Dilbər xanım təbəssümlə adımı öz-özünə təkrarlayıb:
– Çox gözəl! – dedi. – Özünə yaraşan adı varmış. Maşallah olsun, ay parçasıdır. Yəqin bu səbəbdən bu adı veriblər qızıma.
Məmnun ifadə ilə bizi seyr edən Səadət xalaya baxaraq baxışlarımı yerə dikdim. Bacısı ona maraqlı görünən daha bir neçə sual verdi. Aldığı cavablar deyəsən ürəyincə oldu. Xəfifcə gülümsündü. Söhbət bu axarla davam elədi.
Anamın Səadət xala ilə söhbət edə-edə arabir mənə yönələn baxışlarını nəzərə almasaq, burada yaşadığım anlar mənə bir yuxu kimi görünürdü. Heç vaxt ayılmaq istəmədiyim şirin bir yuxu.
…Səhər açılan kimi əmim Oqtay şəhərə gəldi. Bizi də özü ilə kəndə – babam evinə gətirdi. Bu qərar dünən gecə verilmişdi. Məni indi də burda həbs edib Azərdən uzaq tutmağı anam çıxış yolu seçmişdi. Ünvanı bilmədiyi təqdirdə bir-birimizlə əlaqəmiz kəsiləcəkdi. Telefona yaxın getmək isə mənə qəti şəkildə qadağan olunmuşdu. Üzərimdə ciddi nəzarət vardı. Bütün bu ehtiyat tədbirləri aqibətim həll olunana qədər davam etməli idi.
Anam şəhərə qayıdandan sonra tez-tez zəng vurub əmidostudan bizi xəbər alır, məlumat öyrənirdi. Şəhərə nə vaxt qayıdacağımızı isə hələ ki, dilinə gətirmirdi.
Bu minvalla burada artıq iki həftəni ötürmüşdük. Qadağalara və nəzarətə rəğmən bizi əl üstündə saxlayır, çox gözəl baxırdılar. Amma mənim üzüm burada da gülmürdü. Özüm burada olsam da, fikrim anamın seyfdə saxladığı şəkil və məktubların yanında qalmışdı. Atamın əlinə keçəcəyi təlaşı, təşvişi içində idim. Bu azmış kimi atamın məni sevmədiyim birinə ərə verəcəyi qorxusu ürəyimi didib-parçalayırdı. Narahatlıq məni üzürdü. Bu səbəbdən günləri necə yola verdiyimi özüm də bilmirdim.
Artıq iyirmi gündən çox idi əmigildə idik. Bu gün əmimin evində böyük səs-küy vardı. Əmigil yenicə təmir edilən otaqlarına alınan əşyaları fəhlələrin köməyilə evə daşıyırdılar. Əşyaların çoxluğundan nə salonda, nə də həyətin önündə ayaq basmağa yer yox idi. Əllərində, çiyinlərində irili-xırdalı qutu və bağlamalarla evə girib-çıxan fəhlələr qarışqa kimi işləyirdilər. Onların işinə nəzarət edən, yaxın qohumlardan olan Niyaz mebel əşyalarını evin önündəki maşından endirən oğlanlara göstəriş verir, nəyin hara yerləşdiriləcəyini bildirirdi. Əmidostunun isə tez-tez narazılıq yağan bir səs tonu ilə xəbərdarlığı duyulurdu:
– Ehtiyatlı olun, sınar.
Bütün bunlar, bu səs-küy, bu canlanma məni zərrə qədər maraqlandırmırdı. Çünki dərdim başqa idi.
Xeyli müddət vardı Azəri görmürdüm. Dəliyə dönmüşdüm.
Sakitliyə ehtiyac duyaraq qaldığım otaqdan çıxıb, bu tünlükdən bir az uzaq olmaq istədim. Həyətə endim.
Həyətin bir guşəsində, yaşıllıqların qoynundakı çətirli divanda əyləşib ağır-ağır yellənməyə başladım. Yenə onu düşünür, qüssədən talan olurdum.
Fatimə və əmim qızları Çinarə ilə Bənövşə də mənimlə burada idilər. Onlar dəyirmi masanın arxasında əyləşib, deyib gülə-gülə söhbət edirdilər. Son zamanlarda mənim onlara qoşulmadığıma artıq vərdiş etməyə başlamışdılar. Odur ki, səbəbini heç sual da etmirdilər.
Bayaqdan bir gözü nəfəs dərmədən işləyən cavan oğlanlarda olan Çinarə üzünü bizə tutub:
– Qızlar, mən surətpərəstəm, bilirsiniz, – dedi. – Ərə gedəcəyim oğlan mütləq yaraşıqlı, ən azından zövqümə uyğun olmalıdır. – Sonra əmiqızı yaxınlıqda işləyən oğlanı alıcı gözü ilə başdan-ayağa süzüb, hətta oğlanın eşidəcəyi bir səslə onu təhlil etməyə başladı. – Baxın, o oğlan ki var, sən deyən pis deyil. Boyu, görkəmi. Hətta deyərdim, bir balaca əl gəzdirsən, geyindirib-kecindirsən xarizmatik görünər. Amma heyf ki, fəhlədir.
Onun bəhs etdiyi, başdan-ayağa qara geyimdə olan oğlan papağın günlüyünü üzünə doğru əymişdi. Sakit, səssiz öz işini görürdü. Üzü tam görünməsə də Çinarənin bu sözlərinə onun istehza ilə gülümsəməsi gözümdən yayınmadı. Ayaqlarımı hirslə yerə dirəyib, divanı saxladım.
– Ay qız, eşidir! – Çinarəyə gözümü ağartdım. Çinarə isə bunu heç vecinə də almadı.
– Eşitsin, aa, nə deyirik?
– Daha nə deməlisən ki! Fəhlə insan deyil?
– İnsan olmağına insandır, əzizim, amma mənim seçimim ola bilməz. Mən ağ atlı şahzadəmi gözləyirəm!
Onun bu kobudluğu məni təbdən çıxardı. İradla:
– İnsanlara yüksəkdən baxıb, həqarətlə yanaşmağı yığışdırın! Hər kəsin özünə görə bir mənliyi, qüruru var! – dedim.
– Nə olub sənə? – Çinarə heyrətlə güldü.
Fatimə araya girdi:
– Sakit olun.
– Fatya, bu qıza nə olub belə? Tanıya bilmirəm. Axır vaxtlar çox aqressivdir. Səbəb?
Gözucu məni süzən Fatimə:
– Onunla işin olmasın, – dedi. – Onun dərdi başqadır.
Bu zaman həmin oğlan əlindəki iri qutunu gətirib iki addımlığımda otun üstünə qoydu. Bir qədər yubandığını hiss etdim, amma ona tərəf baxmadım. O, bir qədər aralanan kimi qızlar heyrətlə içlərini çəkib gülüşdülər.
Mən səbəbi anlaya bilməyib tərs-tərs onları süzəndə Çinarə təəccüb dolu bir gülümsəyişlə bunu belə izah etdi:
– Oğlanın sənə necə baxdığını bəyəm görmədin? Sözlərin yaman təsir edib ona, vay-vay, yazıq uşaq. Necə də qəm-qüssə ilə köks ötürdü. Sonra da çıxıb getdi. Lap ürəyim ağrıdı.
Onlarla söz güləşdirməyə səbrim, hövsələm qalmadığı üçün yerimdən qalxıb, gəldiyimə peşman bir ifadə ilə yenidən evə doğru getdim. Evə gedən yolda Çinarənin bəhs etdiyi oğlan mən yanından ötüb keçərkən:
– Xanım, əlimi harada yuya bilərəm? – soruşdu.
Ayaq saxlamadan əlimin işarəsi ilə ona suyun yerini göstərdim.
***
…Bu Azər idi. Günlərdir üzünü görmədiyi qızı görə bilmək üçün bu işə əl atmışdı.
(Ardı var)