Firuzə Davudqızı
Bir müddət sonra
…Azərə olan məhəbbətim qəlbimə ilmə-ilmə işlənib, keçən hər gün daha da böyüyürdü. Azərlə bağlı artıq öz dünyam vardı. İndi günəş mənim aləmimdə bir başqa cür parlayır, quşlar bir başqa ahəngdə cəh-cəh vurur, güllər-çiçəklər bir başqa ətir saçırdı.
Bir müddət vardı ki, onunla görüşməyə başlamışdıq. Bu çox çətin baş tuturdu, amma bir-birimizi görməyə yetirdi. Onu cəmi on dəqiqə görmək üçün istənilən təhlükəyə hazır idim. Evdən çıxa bilmək üçün əməlli-başlı yalançı olmuşdum. Hər dəfə bir şey uydurur, çox zaman da Dilarənin adından istifadə edirdim. Məni gedəcəyim ünvana həmişəki kimi atamın sürücüsü Cabir aparıb-gətirirdi deyə işim bir az da çətinləşmişdi. Azər sürücünü şübhəyə salmamaq üçün son dərəcə ehtiyatla davranırdı.
Anam evdən çıxmağımı hər dəfə etirazla qarşılayırdı. Yalnız uzun xahişdən, həm də atamın sayəsində bu mümkün olurdu. Sözündən çıxdığım üçün atam məndən incik olsa da, heç vaxt xətrimə dəymirdi. Məni hər kəsdən, hətta anamdan da qoruyur, əzdirmirdi. Həyatda hər şeyin ürəyimcə olmasını istəyirdi. Büruzə verməsə də, mən bunu hiss edirdim. Onun mənə daha çox bağlı olması bacılarıma göstərdiyi münasibətdən də sezilirdi. Buna görə anamdan həmişə irad eşidirdi.
Bir müddət sonra Türkan nişanlandı. Və tezliklə atamın yaxın dostlarından birinin evinə gəlin köçdü.
Bəyaz gəlinlikdə o, bir mələyə bənzəyirdi. Gözləri nəmli, qəm dəryasına batmış dərdli bir mələk.
Oğlan evi gəlməzdən əvvəl o, məni yanına çağırdı, mənə sarılıb hönkür-hönkür ağlamağa başladı.
– Həyatını məhv elədim, xoşbəxtliyinə mane oldum, amma özüm üçün də istədiyim həyatı qura bilmədim. Ər evinə yox, qəbir evinə köçürəm elə bil, – dedi. – Məni əfv elə!
– Sənin xoşbəxt olmağını həyatda hər şeydən çox istəyirəm, Türkan. İnan mənə. Sən də çalış xoşbəxtliyini Şahində tapasan. Onunla elə gözəl bir həyat sür ki, bu günədək çəkdiyin əzabların acığına xoşbəxt ol. İnşallah, Şahin sənin qədrini bilər, sənə dəyər verər, layiq olduğun səadətə qovuşarsan. Bunu bilmək məni də xoşbəxt edəcək, əmin ol!
Türkan yenidən göz yaşlarına boğuldu. Fatimə ilə mən ona irad tutsaq da özü ilə, ürəyi ilə bacarmırdı.
Məclis boyu üzü bir dəfə olsun gülməyən Türkan, Salehin eşqini də ürəyində ər evinə aparırdı. Gözləri hər yerdə onu arayır, onu son dəfə görmək ümidi ilə alışıb yanırdı. Amma nə Saleh, nə bibim Zivər, nə də əri Zakir – heç biri toyda iştirak etmirdi. Onlar bizimlə münasibəti çoxdan kəsmişdilər.
***
Günlər sonra Azər Mərdəkana tamam başqa məqsədlə gəlmişdi. Bir qədər vardı ki, eyvanda dayanıb yenə öz aləmində düşüncələrə dalmışdı. Bu məqamda anası yanına gəlib:
– Atan səninlə danışmaq istəyir, oğlum, – deyə ondan evə keçməsini istədi.
Azər söhbətin nədən gedəcəyini artıq gözüyumulu bilir, hətta bayaqdan bunu gözləyirdi. Bu gün o, anasına öz niyyətindən söz açmışdı.
Salona gələndə:
– Keç, əyləş, – deyə atası üzbəüz divanda ona yer göstərdi.
Azər keçib əyləşdi. Zahirən sakit və soyuqqanlı görünsə də, daxilən valideynlərinin qərarını gözləməyi ona müdhiş həyəcan, eyni zamanda narahatlıq gətirmişdi.
Ənvər xeyli sükutdan sonra köks ötürüb:
– Bu hansı Nadirdir belə? Mən tanıyıram? – deyə ilk sualı verdi.
– Cahangirov Nadir. DTK-dan tanışsınız. Yaxşı tanıyırsan. – Azər baxışlarını yerdən qaldırmadan cavab verdi.
– Cahangirov. – Ənvər oğlundan eşitdiyi familiyanı öz-özünə təkrarladı. Və birdən sanki qəflət yuxusundan oyandı, üzü tutqun ifadə aldı. Yaddaşı onu 18 il əvvələ apardı.
“…Yaxın dostu Kamalın məhkəmə prosesi başa çatmış, ona 25 il iş kəsmişdilər.
…Qollarına qandal vurulmazdan əvvəl vidalaşsın deyə qaynı Nadir qundaqdakı körpəni ona doğru uzatdı. Kamal körpəsini son dəfə qucağına alıb, alnından öpdü. Dərin-dərin qoxulayıb, üzünü körpənin vücudunda gizlətdi. Bir xeyli bu vəziyyətdə dayandı. İçərisini odlayan sızıltılı bir ah çəkdi. Çiyinləri xəfifcə titrədi.
Bu mənzərəyə şahid olan hər kəsin o məqamda üzü buludlanmışdı. Nadir kədərə bürünmüş bir ifadə ilə onun çiyninə toxundu:
– Kamal! Kamal, yaxşı. Özünü ələ al!
Kamal özünü zorla toplayıb, ona əzab verən sözləri istəmədiyi halda dilinə gətirdi:
– Nadir! Səndən bir təvəqqem var. Bu gündən bu uşağı öz övladın bil. İstəyirsənsə mən rahat olum, bacın məzarda rahat uyusun, sözümə əməl elə. Səni atası bilsin. Mənim haqqımda ona heç nə danışma. İstəmirəm övladım mənə görə utansın bu həyatda, xəcalət çəksin.
– Kamal! – Nadir əzab içində gözlərini sıxdı. – Əlimdən nə gəlirsə edəcəm ki, səni zindandan qurtarım. Bu sözlərə ehtiyac yoxdur.
– Sözümü kəsmə! Uşaq deyilik. Özümüzü aldatmayaq. Bilmirəm sağ çıxacam içəridən ya yox, özüm də inanmıram bu dərdlə çox yaşayam. Sən mən deyənə qulaq as. Nə olur-olsun, eşidirsən, nə olur-olsun, qızıma həqiqəti açıb söyləmə. O, artıq sənin övladındır. Böyüt, gələcəyi barədə qərar vermək lazım gələndə də özün necə məsləhət bilirsənsə, elə edərsən…”
Ənvər fikirdən ayrılıb sükut içində yerindən qalxdı. Tutqun ifadə ilə gedib pəncərənin önündə dayandı.
Elə bil hər şey dünən olmuşdu. On səkkiz ildir yaddaşına həkk olunub qalan o səhnə gözləri önündə canlanaraq Ənvəri yenidən sarsıtmışdı. Bu illər ərzində o, dəfələrlə həbsxanaya dostu Kamala baş çəkməyə getmişdi. Amma bu günə qədər Kamal ona işin əslini açıb söyləməmişdi. Həyatını kimə görə məhv etdiyini hələ də bir sirr olaraq saxlamaqda idi.
– Görəsən, bu həmin uşaqdır? – Ənvər öz-özünə sual verdi. Və oğluna hiss etdirmədən pəncərənin şüşəsinin əksində diqqətlə onu süzdü.
Azər sual dolu nəzərlərlə anasına baxıb, atasının birdən-birə dəyişən əhval-ruhiyyəsini anlamağa çalışırdı.
Dilbər də bu durğunluğun səbəbini bilmədiyi üçün çaşqınlıq içində idi.
…Bir qədər sonra Azərin otağına çəkildiyini görən Dilbər daha səbir edə bilmədi. Asta səslə ərinə:
– Nə oldu sənə, ay Ənvər? Nöş dinib-danışmırsan? Ürəyim üzüldü ki. Azər bizim fikrimizi bilmək istəyirdi, sənsə ağzını açıb bir kəlmə demədin.
Ənvər köks ötürdü, yenə dinmədi.
– Məsləhət bilmədin?
Ənvər düyünlənmiş qaşlarının ortasını əli ilə sıxıb soruşdu:
– Azər bu məsələ haqda başqa nə deyib sənə?
– Bircə bunu dedi: “Nadirgilə elçi gedin. Atam tanıyır”. Başqa heç nə.
Ənvərin səsi-səmiri çıxmadı. Dilbər sözünə davam elədi:
– Nə öyrənmişəmsə, Səadətin sayəsində öyrənmişəm. Səadət sirri açdı mənə, qızla bizim oğlan bir-birinə könül veriblər. Leyli-Məcnundan fərqləri yoxdur, bu dərəcədə ciddiləşib iş. Özü də ağız dolusu təriflədi qızın özünü, ailəsini. Fazilin də qohumu imiş Nadir.
– Nadir pis adam deyil. Tərbiyə etdiyi uşaq da, elə bilirəm, pis olmaz. Məsələ bunda deyil.
– Elədirsə, bəs niyə bu qədər narahatsan? Bu tərəddüdünün səbəbi nədir axı, Ənvər? – Dilbər nəzərlərini ərinin üzündən çəkmədən intizarla onun nə deyəcəyini gözlədi.
– Səbəbi qardaşım Zakir. Hələ də başa düşə bilməmisən?
– Nəyi? – Dilbər çaşıb qaldı.
– Bunu ki, Nadirin bacısı Zakirdədir.
– Zivər onun bacısıdır? – Dilbər təəccüblə ona baxdı.
– Elədir.
Zakir Ənvərin böyük qardaşı idi. Onlar bir-biri ilə münasibəti uzun illər əvvəl kəsmişdilər. Aralarında keçmişə dayanan bir ədavət vardı. Bu ədavət üzündən Ənvərin Zakirdən başqa digər dörd qardaşı ilə də arası soyuq idi. Daha doğrusu, Zakirin tələbi ilə qardaşları onunla əlaqəni biryolluq kəsmişdilər. Təkcə bacısı Ruqiyyədən başqa.
Altı qardaşın bir bacısı olan Ruqiyyə heç nəyə baxmayaraq Ənvəri atmamışdı. Bu səbəbdən qardaşı Zakirin onu görməyə gözü yox idi.
Dilbər öyrəndiyi həqiqətin təsirindən hələ qurtula bilməmişdi ki, Ənvər fikrinə aydınlıq gətirdi:
– Mənim bir oğlum var, deməli, bu həyatda bir dəfə də şansım var. Əminəm ki, o qapıya getsəm məni əliboş geri qaytarmazlar. Amma iş təkcə bununla bitmir.
Dilbər məyus baxışlarla ərini dinləməyə davam etdi.
– Qohum olacamsa, sözsüz ki, qohumluq da edəcəm. Amma ömrümün sonuna qədər görmək istəmədiyim bir adamla o qapıda üz-üzə gəlmək məcburiyyətində qalmaq istəmirəm. Hətta bu, oğlum üçün olsa belə. İndi necə, aydın oldu?
Dilbər ərinin belə kəskin danışmasından sonra daha da məyus oldu. Kövrək tonda ona səsləndi:
– Bəs, necə olsun indi?
Ənvər cavab vermək əvəzinə narazılıqla fısıldadı.
– Bir-birindən ayırmaq günahdır uşaqları. Rəva bilmə.
Ənvər düşüncəli halda:
– Hmm, bu oğlan məni əməlli-başlı dalana sıxışdırdı. Əcəb yerdə axşamladım, – dedi.
Ertəsi gün səhər Ənvər dostu Səməndərə zəng vurdu. Məsələni ona üstüörtülü çatdırıb nə etmək lazım olduğunu bildirdi.
İki gün sonra Səməndər Mərdəkana gəldi.
Azərin evdə olmaması Ənvərin ürəyincə olmuşdu. Dostlar salona keçib əyləşdilər. İki gündür dostundan xəbər gözləyən Ənvər sözü özü açdı.
– Qardaşın oğlunun işini yoluna qoymaq lazımdır. Bir məsləhət verginən neyniyək, necə edək? – Diqqətlə dostuna baxdı.
Səməndər sözü uzatmadan nağıl etməyə başladı:
– Necə demişdinsə, qardaşım, elə də etdim. Sözün kənara çıxmayacağına etibar etdiyim yaxın bir adamın vasitəsilə maraqlandım onlar barədə. Əvvəla, onu deyim ki, Nadir pis oğlan deyil, özün də yaxşı tanıyırsan, hamımız bilirik bunu. Əsli-kökü, ailəsi, övladları haqqında da nalayiq sözlər eşitmədim.
Ənvər dostunun bu sözlərindən sonra gözucu Dilbərə baxdı, üzündə razılıq oxunan bir ifadə yarandı. Fikri yenidən dostunun sözlərinə yönəldi.
– İntəhası, bir məsələ var da, qardaşım, bu yaxın vaxtlarda kürəkənləri Zakirlə bunların arasında xoşagəlməz bir hal yaşanıb. Bu saat iki qohum arasında qan su yerinə axır. Münasibətləri bu dərəcədə pozulub yəni. Düzü, qərarsız qaldım, heç bilmədim yerinə düşər, ya yersiz alınar bu sözü açmaq. Bəlkə də məqamı deyil hələ. Amma yenə də qərar sənin.
Ənvərin ifadəsi dəyişdi. Gözucu yenə Dilbəri süzüb, təkrar Səməndərə baxdı:
– Necə yəni? Nə səbəbə?
– Nadirin qızını Zakir öz oğluna adaxlamışdı. Nişan ərəfəsində birdən-birə iş pozulub. Zakirə bələdsən də, kini hələ-hələ keçən, güzəştə gedən deyil. Bunu Nadirə keçməyəcək. Geci-tezi var. Ömrünə bir gün qalsa belə, heyfini alacaq. Sözün qısası, hər iki tərəfdə qanqaraçılıqdır.
Ənvər düşüncəli göründü:
– Neçə qızı var Nadirin?
– Əslində iki. Birini yeni gəlin köçürüb. Biri isə öz övladı deyil.
Ənvərin rəngi bir az da boğuldu.
– Qardaşım hansına elçi düşmüşdü? Yəni Nadirin öz qızlarından birinə, yoxsa ögey olana?
– Bax, bunu deyə bilmərəm. Qızlardan hansının ögey olduğu barədə dəqiq məlumatım yoxdur. Əslində, bunu yaxınlarından başqa kimsə bilmir.
– Hmm… – Ənvər çıxılmaz vəziyyətə düşüb yolunu tapa bilməyən adam sayağı nəzərlərini çevirib təkrar Dilbərin üzündə saxladı. – Bacın hansı qızdan bəhs edirdi?
– Ən kiçiyini dedi.
– İnşallah, düşündüyüm kimi deyil.
Dilbər həyəcanla əlini dodaqlarına apardı.
– Deyirsən yəni Azər…
– Mən əmin olmadan bir söz demək istəmirəm. Amma qorxuram oğlum məni Zakirlə üz-üzə gətirib, onu əbədilik bağlasın xirtdəyimə.
Araya sükut çökdü. Ənvər çox götür-qoy edib, nəhayət, bir qərara gəldi. Üzünü Dilbərə tutdu:
– Sən belə elə də, bacını da götür, gedin. Qızı gör, tanış ol, ailəsinin də fikrini öyrən. Sonrası bizə qalır.
Bayaqdan intizarla ərinə baxan Dilbər bir az rahat oldu.
(Ardı var)