Firuzə Davudqızı
***
…Bir qədər sonra artıq hər kəs öz otağına çəkilmişdi. Yatmaq zamanı idi. Fatimə ilə bir otaqda qalırdıq. Otağa qayıdanda o gəlməmiş dərhal eyvana çıxdım. Ürkək baxışlarla ətrafa nəzər saldım. Qəribə bir hiss idi. O, çoxdan getmişdi, amma yanımda imiş kimi həyəcanlandım. Bayaq duyduğum o gözəl hisslərin təsiri məni hələ tərk etməmişdi. Birdən gözüm eyvanda düşüb qalmış kağıza sataşdı. Götürüb, daha burada yubanmadan içəri qayıtdım.
Onun yazdığı sözləri təkrar nəzərdən keçirdim. Dodaqlarım təbəssümlə doldu.
Yatağa girəndən və Fatimənin yatdığına əmin olandan sonra da dönə-dönə oxudum. Hər dəfəsində yenidən təsirləndim.
Gözəl xətti vardı. Onun barmaqları gəzmiş bu sətirlər mənə o qədər doğma gəlirdi ki, sanki illərdir bir-birimizə aid idik.
Kağızı ixtiyarsız olaraq dodaqlarıma aparıb, gözlərimi yumdum. Onun ətri kağızda idi. Azərin sözləri qulaqlarımda səsləndi: “Sizi yanımda hiss etmək üçün!”
Bunu xatırlayanda dəli kimi öz-özümə gülümsədim. Kağızı yastığın altına basıb, yuxuya getməyə çalışdım.
Şəhərə qayıtmağı indi iki dəfə artıq səbirsizliklə gözləyirdim. Dilarəyə deyiləsi çox sözüm vardı və artıq onunla heç bir sıxıntı çəkmədən danışa bilərdim.
Özümü dünyanın xoşbəxti sanırdım.
Günlər sonra anam gözlənilmədən gəlib çıxdı. Nə düşünüb-daşınmış, nə qərara gəlmişdisə bizi də özü ilə götürüb şəhərə qayıtdı.
…Vaxt ötür, mən isə hələ də Dilarə ilə əlaqə saxlaya bilmədiyim üçün üzülürdüm. Burada da telefon aparatı xətdən ayrılmışdı. Bütün bunlar yenə də məhz anamın göstərişi ilə idi. O, artıq məndən şübhələnirdi.
Təxminən bir həftə sonra heç gözləmədiyim bir anda Səadət xala bizə gəldi.
O gələndə mən divanın bir küncündə oturub fikirli halda dəb jurnallarını vərəqləyirdim. Onu görməyimlə dərhal yerimdən qalxdım. Məni sevinc hissi sardı. Nəhayət, Dilarədən bir xəbər tuta biləcəkdim.
Məlum oldu ki, anamla öncədən danışıb, sözləşiblər. İki rəfiqə bir-birinə sarılıb öpüşdülər. Hal-əhval tutdular. Səadət xala anamın suallarına cavab verdiyi halda, bir ara gözucu məni süzdü.
Fatimə ilə görüşüb, sonra doğmalıqla mənə sarıldı. Anamın göstərdiyi yerdə əyləşərkən divardakı iri aynadan diqqətlə mənə baxdı. Əhval-ruhiyyəmi izlədi.
Mən ovcumun içində nə isə olduğunun fərqinə indi varıb, duruxdum. Dörd yerə qatlanmış kiçik kağız parçası məni elə bil yuxudan ayıltdı. Ovcumu dərhal qapayıb, həyəcanla Səadət xalaya baxdım. Onun anama bəlli etmədən xəfifcə gülümsünməsi nəzərimdən yayınmadı. Daha burada dayana bilmədim. Ürəyim çırpına-çırpına dəhlizə keçdim. Hiss etdim ki, Səadət xala anamın diqqətini məndən yayındırmaq üçün onu söhbətə tutub. Bunu fürsət bilib, əllərim titrəyə-titrəyə kağızı açdım. Həyəcanıma bir həyəcan da əlavə olundu. Məktub Azərdən idi. Baxan kimi xəttindən tanıdım. Nəzərlərimi sürətlə sətirlərin üzərində gəzdirib oxudum: “Salam, Aydan xanım. Danışa bilərik? Vaxtını və məkanı siz təyin edin. Vaxtınızı çox almayacağam. Vacib edin, xahiş edirəm”.
Bu oxuduqlarımı sanki qarşımda dayanıb özü deyirmiş kimi yanaqlarım od tutub yandı. Əlimi şiddətlə döyünən ürəyimin üstünə apardım.
Bu an həqiqətən çıxılmaz vəziyyətdə qalmışdım. Evdən necə çıxmağın yollarını arayır, ürəyim izah olunmaz bir istəklə ona doğru uçunurdu. Üstəlik, xalasının bizə kömək etməyə çalışdığını hiss etmək məni bir az da ümidləndirmişdi.
Anamı şübhələndirməmək üçün burada çox yubanmadım. Kağızı cibimə qoyub, təkrar salona – onların yanına qayıtdım. Mən bura gələndə anam Səadət xala ilə xısın-xısın söhbətləşməkdə idi.
– Nadirin xəbəri olmadan mən heç bir söz deyə bilmərəm, canım-gözüm.
– Ay qız, burada çəkinməli nə var ki, qız qapısına elçi gələr də. Kənar adamdır bəyəm? Özü də bunu hələ elçilik hesab etmək olmaz. Qızı görmək istəyir. Gəlsin, tanış olun. Vəssalam da.
– Eh, bilmirəm Səadət. Bu qız başımı çox ağrıtdı mənim. Bundan belə daha Nadir özü bilər, nə edər.
Səadət xala dillənib nə isə demək istəyirdi ki, məni görüb söhbəti yarıda kəsdilər. Amma son anda belə anama tərəf əyilib astadan:
– Sən bir fikirləş bunu, – dedi. – Bu tərəddüdə nə gərək var axı, məni tanımırsan?
Onlar məndən gizlətməyə çalışsalar da söhbətin nədən getdiyini göydə tutmuşdum. Sonradan mənə məlum olacaqdı ki, Azərin anası oğlunun mənə olan hisslərindən xəbər tutub, bacısı ilə bu barədə danışıb, hətta mənimlə, bizim ailə ilə maraqlanıb. Həm də bunu biləcəkdim ki, Azər uzun xahiş və isrardan sonra mənə xəbər çatdırması üçün xalasını razı sala bilib, bizə göndəribmiş.
Mən heç nə duymamış kimi keçib Fatimə ilə yanaşı əyləşdim. Elə o andaca Səadət xalanın məni izləyən baxışları ilə göz-gözə gəldim. Baxışlarımı yerə dikib, səssiz dayandım.
…Onunla ilk görüşümüz kitabxanada baş tutdu.
Mən bura gələ bilmək üçün valideynlərimə yalan uydurub, çox çətinliklə izn ala bilmişdim.
Biz Dilarə ilə kitabxanaya yenicə gəlmişdik ki, Azər qapıda göründü. Lakin yaxına gələ bilmədi. Anamın göstərişi ilə yanımdan bir dəqiqə belə olsun ayrılmayan, bir kənarda oturub məni gözləyən sürücünü görüb, məsələni anladı. Daha tədbirli və ehtiyatla hərəkət etməyə çalışdı.
Mən bir gözüm onda, kitab rəflərinin arasında gəzinə-gəzinə kitablara nəzər salırdım ki, gözləmədiyim bir anda qolumdan tutub, göz qırpımında məni rəflərin arxasına çəkdilər. Diksinib geri çevriləndə Azəri qarşımda görüb, duruxdum. Təbəssümlə üzümə baxaraq dərhal barmağını dodaqlarına aparıb yenə “Sus” işarəsi verdi.
O, indicə adamların arasında idi. Hər kəsin gözündən yayınıb bu çevikliklə hərəkət edəcəyini sanmamışdım.
– Salam.
Həyəcandan dilim söz tutmadı. Başımı tərpətməklə salamını aldım.
– Qorxutdum sizi, üzrlü sayın.
“Eybi yoxdur” mənasında gülümsündüm.
– Bir dəqiqə vaxtınızı ala bilərəm?
Baxışlarımla sürücümüz Cabiri göstərdim. O, Cabirə ötəri bir nəzər salıb, təkrar üzünü mənə tutdu. Acizanə halda gözlərimin içinə baxdı:
– Danışmalıyıq. Həm də təcili!
Mən köks ötürüb, bir anlıq diqqətlə onu süzdüm. Qısa sürən sükutdan sonra, nəhayət, dillənə bildim:
– Sizi dinləyirəm.
Azərin üzündə məsud ifadə yarandı, gözləri məmnunluqla qıyıldı.
– “Siz” kəlməsinə bəlkə son qoyaq? Sadəcə, Azər.
Baxışlarımı yerə dikib, susdum.
– Hmm, aydındır. O zaman sualıma cavab verin zəhmət olmasa. Hələ nə vaxta qədər intizarda saxlamaq fikrindəsiniz məni?
Onunla göz-gözə gəldiyim andan özümü necə unutmuşdumsa verdiyi sualı tam qavramadım.
– Necə?
– Sizə ünvanladığım sualı nəzərdə tuturam. Hələ də cavabsız qalıb da.
O, etdiyi eşq etirafını mənə xatırladaraq xəfifcə gülümsündü. Ona qarşı nə hiss etdiyimi öyrənmək istədi. Mən etiraf etməyə bu an özümdə güc tapmadım. Bunu ona həvalə edərək tamam başqa söz dedim:
– Mən getməliyəm. Bağışlayın, amma burada çox yubana bilmərəm.
Azər həyəcanlı göründü. Baxışları ətrafda gəzinə-gəzinə bizi duyan olub-olmadığına əmin olmaq istədi. Sonra özünü topladı və qətiyyət yağan bir səs tonu ilə:
– Deməli, belə! – dedi. – Əslinə qalsa, sizə deyiləsi sözlərim deməklə bitən deyil. Amma…
Sözün bu yerində onunla baxışlarımız toqquşdu. Bu səmimiliyi, istiqanlılığı məni görünməz bir qüvvə ilə ona daha da yaxınlaşdırırdı. Diqqətimin onda olduğunu görüb, boğazını arıtlayaraq sözünə qaldığı yerdən davam elədi:
– …Vaxtı nəzərə alıb qısa və konkret deyim ki, mən… ömrümün son saniyəsinədək yanımda olmanızı istəyirəm! Həyatımın hər anını sizin gözlərinizə baxmaq, sizin əlinizi tutmaq istəyirəm! – Ani bir sükutdan sonra o, dərin nəzərlərlə gözlərimin içinə baxdı. – Razısınızmı?
O, mənə müraciət etdiyi halda mən donub qalmışdım. Bu anların sehrində itib batmışdım.
İlahi, mən onun üçün bu həyatda nələrə razı deyildim ki?
Birdən özümə gəldim və duyduğum sevinc hissindən gözlərim dolmuş bir halda razılıq əlaməti olaraq qeyri-ixtiyari başımı tərpətdim.
Gözlərini üzümə dikib, sonsuz həyəcan içində məndən cavab gözləyən Azər bunu görəndə tutub saxladığı nəfəsini birdən buraxdı.
– Nəhayət ki! – dedi. Bəxtiyarlıqla gülümsədi. – Sizdən cavab alana kimi məndə can qalmadı.
Kövrəldiyimə baxmayaraq onun bu halına məni gülmək tutdu. Azər barmaqlarının təması ilə gözlərimin nəmini sildi.
– Bu gözlər hər zaman gülsün, mənə məhəbbətlə baxsın, amma bircə göz yaşı axıtmasın, oldumu?
Məni saran həyəcandan yenə də dillənməyə taqətim olmadı. Gözlərimi onun üzündən ayırmadan başımı tərpədib sözlərini təsdiqlədim.
O, razılıqla məni süzüb əllərimi dodaqlarına apardı, busə qondurdu. Heyrətləndiyimi gördüyü halda belə dedi:
– Gəlin, söz verək ki, istənilən çətinliklərə, qadağalara rəğmən bir-birimizdən vaz keçməyəcəyik. Nə baş verirsə versin, kim nə deyirsə desin. Söz verirsizmi?
Ona baxaraq gülümsədim.
– Söz verirəm!
– Əhsən! – deyə gülərüzlə gözlərimə baxdı. Sonra tamam ciddi halda: – Növbəti sual, – dedi. – Sabah saat neçədə görüşə bilərik sizinlə?
– Dedim axı, mümkün deyil.
– Mümkün olmadığını bilirəm. Amma buna söz başa salmaq olmur da. – O, mənim əlimi ürəyinin üstünə qoydu. – Bir görün necə vurur? Az qalır sinəmdən çıxa.
Utancaq bir təbəssümlə başımı aşağı saldım. O isə təkid etdi:
– Harada və saat neçədə desəniz, mən razı!
– Getməliyəm, – deyib, ondan ayrılmaq istədim.
Azər dərhal qoluma toxundu. Bir anlıq dərin məhəbbətlə gözlərimin içinə baxdı. Baxışlarındakı məğrurluq, vüqar və əzəmət könlümdə taxt qurdu.
…Bir qədər sonra Azər çıxıb getdi. Dilarə dərhal həyəcanla mənə yaxınlaşıb, maraq içində soruşdu:
– Danışdınız?
Gülümsünərək başımı tərpətdim. Dilarənin sevincdən gözləri böyüdü:
– Nə cavab verdin?
– Səncə? – deyə gülərüzlə rəfiqəmə baxdım.
Dilarə nə demək istədiyimi anlayıb, sevincindən içini çəkərək daha heç kimi nəzərə almadı, boynuma sarıldı.
Mən Cabirin qəribə ifadə ilə bizi süzdüyünü görüb:
– Sonra danışarıq. Yoxsa anlayacaq, – dedim.
Dilarə dərhal özünü yığışdırdı. Yanıma düşüb sakitcə addımlamağa başladı.
Bu anlar özümü o qədər xoşbəxt hiss edirdim ki, ayaqlarım yerə dəymirdi.
***
…Azər getməmişdi. Bir qədər irəlidə saxladığı maşının yanında dayanıb kənardan müşahidə edirdi. Amma bu anlar onun özünü müşahidə edən başqa adamların olduğunu ağlına belə gətirmirdi.
Mülki geyimli o adamlar əslində Nadirin qızını və onu müşayiət edən sürücünü izləmək tapşırığı almışdılar.
Saleh uzun aradan sonra, nəhayət, özünü toplamağa çalışaraq ağlını, fikrini bir yerə cəm edib, bu işin iç üzünü açmağı özünə söz vermişdi. Etibar etdiyi yaxın adamlarını bu yaxın macalda yanına çağırtdırıb göstəriş vermişdi: “Qızı gözdən qoymayın! Həndəvərində kimin dolandığını bilmək istəyirəm!”
Tapşırığa əsasən Nadirin sürücüsünü izləyən agentlər bu gün Azərin də burada səbəbsiz yerə dayanmadığını təxmin edərək ip ucu tapacaqları ehtimalı ilə onu diqqət mərkəzinə almışdılar.
(Ardı var)