Firuzə Davudqızı
1 ay sonra
Azər Moskvada ezamiyyətdə idi. Bakıya qayıdan kimi ilk işi xalası evinə zəng vurub Dilarədən Aydanı soruşmaq olmuşdu. Dilarə:
– Bir xeyli var Aydandan xəbərim yoxdur. Zəng də vurmur, – dedi.
– Səncə duyuq düşməyiblər ki? Necə fikirləşirsən? Söhbətinizi eşitmiş ola bilərlərmi?
Dilarə dilini sürüdü:
– Nə bilim, ay Azər? Bəlkə də.
– Xəbər tuta bilmirsənsə, dəqiq belədir.
Bir neçə gün öz işlərinə başı qarışan Azər, bu gün işdən çıxıb evə yenicə çatmışdı ki, telefon zəng çaldı. Dəstəyi qaldırıb cavab verdi. Lətif kişinin nəvəsi Xəqani idi:
– Məndən xəbər aldığın qız buradadır, bir xeyli var bu evdə görürəm onu. Düşündüm, bilməyin yaxşı olar, – dedi.
Bu sıxıntılı anında Xəqaninin zəng vurub ona bu xəbəri verməsi Azərin əhvalını izah olunmaz dərəcədə yüksəltdi. Lakin bu da uzun sürmədi. Səhər Buzovnaya getməyi qərara aldığı halda gözlənilmədən Yuqoslaviyaya ezam olunduğunu öyrəndi. Bu səbəbdən planda olan görüş yenə təxirə düşdü…
Buzovna, bir müddət sonra
Həmin gün axşamın düşməsini gözləyən Azər, bura dostu Vüqarla birlikdə gəlmişdi.
Məhəlləyə çatanda Vüqar Azərin danışığından onun fikrini anlayıb, etiraz etdi:
– Ala, başına iş qəhətdir sənin? Nə danışdığını bilirsən? Yoxsa könüllü surətdə bəla gəzirsən özünə? Söhbət kimin qızından gedir, bu barədə heç fikirləşmisən?
Azər bu anlar qərarlı bir şəkildə yuxarı qalxmağın yollarını aramaqda idi. Bu səbəbdən Vüqara cavab vermədi.
Yerdən eyvana qədər olan məsafəni ildırım sürəti ilə beynində hesablamağa başladı. Və vaxt itirmədən hərəkətə keçdi. Hasar hündür olsa da, Azər sən deyən çətinlik çəkmədi. Yaxınlıqdakı işıq dirəyi köməyinə çatdı. Hasara dırmanandan sonra əsas məsələ eyvana adlamaq idi. Ev hasardan bir qədər aralı idi. Üstəlik, eyvan hasardan yuxarıda idi. Lakin Azər vaz keçmək fikrində deyildi. Ətrafa göz gəzdirib, yaxınlıqda kiminsə olmadığına əmin olandan sonra hasarın üstü ilə eyvan istiqamətində ehtiyatla addımlamağa başladı. Hasar boyu əkilmiş küknar ağacları ona mane olsa da, yoluna davam etməkdə idi.
Vüqar ikiəlli başını tutub hər an kiminsə çıxıb onları görəcəyindən narahat halda dostunu izləyirdi. Narazılıqla astadan Azərə səsləndi:
– Sən dəqiq ağlını itiribsən.
– Ala, çoxdan.
Vüqar tərəddüd içində aşağıdan yenə Azərə səsləndi:
– A kişi, bura bax görüm. Sən qızın bu otaqda olduğuna əminsən? Bəlkə səhv salırsan?
– Üç gündür bu məhəlləni kəşfiyyata çıxmışam. Əminəm.
Vüqar onu fikrindən döndərə bilməyəcəyini anlayıb, narazılıqla başını buladı:
– Quldur ki quldur, incimə dostum.
– Aşiq olsan, quldur yox e, atam, nə desən ola bilərsən. Sən başa düşə bilməzsən məni.
Azər irəlilədikcə hasarla evin arasındakı məsafənin bir yerdə nisbətən daraldığını gördü. Bu da onun işini bir qədər asanlaşdırdı. Evin tininə çatanda bir anlıq ayaq saxladı, ətrafı bir daha nəzərdən keçirib yoxladı. Sakitlik idi. Kimsə gözə dəymirdi.
O, evin divarı ilə dam örtüyünə doğru yüksələn borudan yapışıb, onun vasitəsilə yuxarıya, eyvana doğru qalxmağa çalışdı.
Bu, Azərin Aydanı ilk dəfə gördüyü həmin eyvan idi.
Ora çatanda qüvvəsini toplayıb məhəccərdən tutmaq üçün irəliyə dartındı. Və cüzi bir həmlə ilə buna nail oldu. Məhəccərin üstündən aşıb göz qırpımında eyvana atıldı. Eyvana açılan pəncərədən içəriyə boylandı. Aydanı otaqda tək görüb gülümsədi.
***
Qışın axırına çox qalmamışdı. Fevralın son günlərini yaşayırdıq. Soyuq olsa da sakit bir gecə idi.
Günlərdir oxumağa başladığım romanı bitirmək üzrə idim. Bir-birindən həyəcanlı hadisələrlə dolu olan kitabı əlimdən yerə qoymur, acgözlüklə oxuyurdum.
Elə bu vaxt eyvanda hənirti duyub başımı qaldırdım. Ətrafı dinlədim. Addım səsinə bənzədi. Kitabı çarpayının üstünə qoyub, qalxdım.
Pərdəni çəkəndə gözüm kəlləmə çıxdı. Pəncərənin önündə onu görəndə diksinib, geri çəkildim. Çığırmamaq üçün özümü güclə saxladım. Onun bu addımı atacağı yatsam yuxuma da girməzdi.
Azər tez barmağını dodağına aparıb, “Sus” işarəsi verdi.
Baxışlarından necə də məhəbbət yağırdı. Saf, məsum, dərin məhəbbətlə baxırdı. İstər-istəməz Dilarənin onun barəsində dediyi sözləri xatırladım: “…Səndən bir xəbər öyrənə bilmək üçün hər şeyi gözə alar”.
Daxilən Dilarəyə haqq verərək otağa kiminsə gələcəyindən ehtiyatlandığım üçün cəld qapını bağladım. Ürəyim çırpına-çırpına təkrar pəncərənin önünə gəldim. Onu gördüyümə dəli kimi sevinsəm də, üzdə bunu büruzə verməməyə çalışırdım.
– Siz burda nə gəzirsiniz? – Tərs-tərs onu süzdüm.
Dərin baxışlarla üzümə baxan Azər cavab əvəzinə cibindən çıxardığı kağız parçasının qatını açıb şüşənin önünə tutdu. Və barmağı ilə orada yazılanları göstərib oxumağımı istədi. Üstəlik, boynunu büküb, məzlum-məzlum üzümə baxaraq baxışları ilə bunu məndən xahiş etdi.
“İlahi, bu oğlan məndən də dəlidir!” – düşüncəsi ilə gülməyimi zorla boğaraq kağızda yazılanları tez-tələsik nəzərdən keçirdim. İri hərflərlə yazılmışdı: “Sizə əmanət etmək istədiyim bir qəlb var. Qəbul edərsiniz?”
Onun bu açıq etirafı, bura kimi gəlmək cəsarəti, ən əsası isə bu çılğınlığı məni ona bir addım da yaxınlaşdırdı. Baxışlarımı qaldırıb təsirlənmiş halda ona baxdım. Qəlbimdə qaynayıb coşan hisslərdən bixəbər oğlan sual yağan baxışlarını gözlərimdən çəkmirdi. Mənim onun sevgisinə nə cavab verəcəyimi gözləyirdi. Lakin ağlına belə gətirmirdi ki, bu baxışlarla o, mənim qəlbimi çoxdan fəth edib.
İri şüşə qapını açıb eyvana çıxdım. Azərin üzündəki ifadə o andaca dəyişdi. Bir az da həyəcanlı göründü. Bu zaman özü də hiss etmədən kağızı əlindən saldı. Lakin buna fikir vermədi. Divanə kimi məftunluqla üzümə baxmağa davam etdi.
Mən dillənmək üçün özümdə qüvvə tapıb, narahat halda onu tələsdirdim:
– Çıxın gedin, xahiş edirəm. Duyuq düşsələr ikimizə də yaxşı olmaz. Sizin etdiyiniz açıq-aşkar dəlilikdir.
Dilim ona “Get” deyirdi, lakin onunla bax elə burada ömrümün sonuna kimi dayanmağa razı idim.
Azər heç kimi və heç nəyi vecinə almayan bir tövrlə gülümsündü:
– Sualıma cavab vermədiniz.
Sıxıla-sıxıla baxışlarımı ətrafda dolandırıb, susdum. O isə gözləmədiyim bir cəsarətlə fikrini mənə açıq söylədi:
– Dilarə mənə hər şeyi danışıb, xəbərim var baş verənlərdən. Amma məni heç nə qorxutmur. Gəldim sizə deyəm ki, mən sizdən vaz keçən deyiləm.
Yerimdə quruyub qalmışdım. Donuq baxışlarla eləcə onu dinləyirdim. Bu an bu yaşadıqlarımın nə vaxtsa baş verəcəyi mənə əvvəllər yalnız xəyal kimi görünərdi. İndi bunun həqiqət olduğuna inana bilmirdim. Sözlərinin sehrində dünya-aləmi unutmuşdum ki, elə o anda otağın qapısı döyüldü. Bayaqdan özümü göyün yeddinci qatında hiss edirdim. Qapı səsi məni özümə, gerçək həyata qaytardı. Diksinib həyəcanla Azərə baxdım. Və az qala yalvardım:
– Gedin, xahiş edirəm. – Bir anlıq təlaşla qoluna toxunduğumu hiss edib, sıxıldım, əlimi dərhal geri çəkərək özümü topladım.
Lakin Azər yerindən tərpənmədi. Əsir edən o əfsunlu baxışları ilə üzümə baxmağa davam etdi.
Fatimənin səsi idi. Cavab vermədiyimi görəndə qapının arxasından mənə səsləndi:
– Aydan, yatıbsan? Ana səni çağırır.
Tərslikdən anam da bu gün bura gələsi olmuşdu. Bizi xalasına əmanət etsə də, nəzarətsiz qoymur, iki gündən bir gəlib baş çəkirdi.
Şübhə oyatmamaq üçün içəri keçib dərhal cavab verdim:
– İndi gəlirəm, Fatya.
– Aha, oldu.
Ayaq səslərini dinləyib, onun getdiyinə əmin olandan sonra rahatlandım. Çevriləndə Azərin hələ də eyvanda olduğunu gördüm. Ona yaxınlaşıb:
– Nəyi gözləyirsiniz? – deyə iradla üzünə baxdım.
O, uzun, dərin bir baxışla gözlərini qırpmadan diqqətlə üzümə baxdı. Və əlində tutduğu ağ şifon şərfi gözüm önündə tutaraq soruşdu:
– Sizindir?
Heyrətlə onu süzüb:
– Tutalım ki, elədir. Nəyinizə gərəkdir şərf? – Əlindən almağa cəhd etsəm də bacarmadım.
Özünə xas bir əda ilə dodağı qaçdı:
– Bir bilsəniz, necə gərəkdir! – dedi və bir göz qırpımında şərfi gödəkcəsinin cibinə basdı. Özünə bəraət qazandırar təki buna izah olaraq da: – Sizi yanımda hiss etmək üçün! – dedi.
Şərfi mənə anam hədiyyə etmişdi və mən onu hər zaman boynuma deyil, son zamanlarda populyar olan əcnəbi bir filmdə gördüyüm qızın etdiyi kimi, uzun saçlarıma bağlayırdım. Bayaq saçımdan açıb kreslonun başına atmışdım. Azərin onu nə vaxt götürdüyünü isə ruhum belə duymamışdı. Onun bu cürətinə hiddətlənsəm də, kobudluğa yol verməmək üçün özümü güclə saxladım. Əslində ona hökm etməyə əsla gücüm, hünərim çatmazdı. Vurğunu olduğum o qara gözlərinə baxmaqdan doymasam da, onun hələ də burada yubanması həm onun, həm də mənim üçün çox təhlükəli idi. Bu səbəbdən israrla çıxıb getməsini tələb etdim.
Nəhayət, insafa gəldi. Çevik bir hərəkətlə məhəccərin üstündən aşıb gəldiyi qaydada getməyə hazırlaşdı.
Onun yerinə məni təlaş sarmışdı. Bu hündürlükdən yerə çırpılıb əziləcək, ya da başına bir iş gələcək deyə qorxudan yerimdəcə ölüb-dirilirdim. Bir an baxışlarımız toqquşdu. Mənim təşviş içində onu izlədiyimi görüb, Azər gözlərinin içi gülə-gülə:
– Sizi sevirəm! – deyə eşq dolu bir səslə pıçıldadı. – Bunu bilin, yetər mənimçün!
Bu kəlmələri onun dilindən eşitmək məni bəxtiyar etdi.
Daha onun getməsini gözləyə bilmədim. İçəri keçib, pərdəni yerinə çəkdim. Əlimi quş kimi çırpınan ürəyimin üstünə aparıb, eşqin baş gicəllədən sirli-sehrli təsirindən xumarlana-xumarlana gülümsündüm.
***
…Vüqar diqqət çəkməmək üçün küçənin qarşı tərəfində qaranlıq bir guşəyə çəkilib dostunu gözləyirdi.
Azərin qayıtdığını görəndə rahat nəfəs aldı. Dayandığı yerdən çıxıb irəli gəldi.
Azər əlini əlinə çırpıb təmizləyə-təmizləyə ona yaxınlaşdı. Vüqarın sual yağan baxışlarına cavab olaraq bəxtiyarlıqla gülümsədi.
– Səncə, görən olmadı ki, səni?
– Narahatlığa əsas yoxdur.
– İnşallah, qonşulardan kimsə görməz səni. Yoxsa, əmin ol, biabırçılıq olacaq.
– Narahat olma da, dedim.
Azər havanın soyuqluğunu sanki indi hiss elədi. Gödəkcəsinin boynunu qaldırıb, boyun-boğazını qapayandan sonra qolunu dostunun çiyninə aşırıb, addımlarını yeyinlətdi. Tez buradan uzaqlaşmağa can atdılar. Azər gedərkən dönüb bir də pəncərəyə baxdı. Gözləri məhəbbətlə qıyıldı.
Şübhə oyatmamaq üçün maşını bir küçə aralıda saxlayıb bura piyada gəlmişdilər. Maşına çatanda Azər Vüqarı sükan arxasına yollayıb özü onunla yanaşı əyləşdi.
Maşında iki əli ilə üzünü qapayıb, bir anlıq səssiz dayanan Azər çiyinlərindən ağır bir yük qalxıbmış kimi dərindən nəfəs aldı. Düşündüklərinin təsiri altında təbəssümünü boğa bilmədi. Sonra gözucu Vüqara baxaraq:
– İndi gedə bilərik, sür aeroporta, – dedi .
Maşın hərəkətə gəldi.
(Ardı var)