Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın “Xəzinə” bildiyim guşəsində əziz və unudulmaz qələm dostlarımın bir vaxt avtoqrafla mənə hədiyyə etdiyi kitablarını məhəbbətlə qoruyub saxlayıram. O kitabların arasında şair Ağa Laçınlının “Yazıçı” nəşriyyatında 1981-ci ildə çapdan çıxmış və müəllifin 7 iyun 1982-ci ildə “Vətənin gözəl guşəsində, el-obasında maarif, mədəniyyəti təlqin edən istedadlı yazıçı, büllur şəxsiyyət, etibarlı dost olan Aydın Tağıyev yüz yaşasın… Həmişə də düz yaşasın” ürək sözləri ilə yazıb mənə bağışladığı “Sevgimizlə sevindirək” adlı kitabı da var.
Həmin kitabı yenidən vərəqləyə-vərəqləyə unudulmaz şairimiz Ağa Laçınlı ilə ilk görüşümü xatırlayıram. Ağa müəllim qələm dostu Əhəd Muxtarla bizim Şabrana (keçmiş Dəvəçi) 1975-ci ilin yay aylarında o zaman Yazçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun xəttiylə oxucuların görüşünə gəlmişdi. Rayonun neçə-neçə kəndində olduq, elə o vaxtdan da aramızda ünsiyyət, səmimi münasibətlər yarandı.
Bakıya yolum düşəndə onunla ən çox Azərbaycan Yazıçılar Birliyinin qarşısındakı bağda rastlaşar, görüşüb söhbətləşərdik. 1978-ci il iyun ayının 22-də unudulmaz dostum Səyavuş Sərxanlı ilə bir yerdə idik. Səyavuş bildirdi ki, bəs bu gecə qatarla Ağa Laçınlı və 60-cı illərdə oxucular arasında məşhur olan “Ata laylası” povestinin müəllifi, yazıçı Faiq Dərgahovla Şəmkirə oxucularla görüşə gedəcəyik. Qatarın yola düşməsinə çox qalmışdı və Səyavuş yır-yığış üçün evə yollandı. Qayıdanda halı özündə deyildi, demə, evdə Səyavuşa məlum olub ki, atası Əli kişi qəflətən vəfat edib, sabah da dəfnidir. Təbii ki, mən də Səyavuşa qoşulub Şəmkirə getməliydim. Vağzalda qatarın tərpənməsinə az qalmış Ağa Laçınlı ilə Faiq Dərgahov da gəlib çıxdı. Onlar da məsələdən halı oldular, əlbəttə, oxucularla heç bir görüşdən daha söhbət gedə bilməzdi. Səyavuş Sərxanlı nə qədər desə də, Ağa Laçınlı və Faiq Dərgahovu fikirlərindən döndərə bilmədi. Hər iki sənətkar bizə qoşulub Şəmkirə yollandılar. İxtiyar atanın dəfnində iştirak edib sonra Bakıya geri qayıtdılar.
Qeyd edim ki, Səyavuş Sərxanlı sonralar bunları “Şəmkir şikəstəsi” adlı publisistik yazısında qələmə aldı. Ağa Laçınlı o illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində, dekanlıqda çalışırdı. Rayondan Bakıya gəlib elə həmin gün də geri dönəcəyimdən üz tutduğum ünvan yalnız Yazıçılar Birliyi, o binada yerləşən ədəbi jurnalların redaksiyaları olardı və təsadüfən o məkanda rastlaşdığım Ağa Laçınlı, məsafəcə uzaq olsa da, iş yerinə gedib onunla görüşməməyimə görə ərkyana umu-küsü edər, sözünün lap sonunda da: “Etibarlı ol, ay Aydın, etibarlı ol!” deyərdi. Çünki Ağa Laçınlı özü etibarlı kişi idi.
Aradan neçə illər keçmişdi, uzun müddət idi, Ağa müəllimi görə bilmirdim, ancaq o illərdə tez-tez görüşdüyüm unudulmaz dostum Ələkbər Salahzadədən eşitmişdim ki, Ağa müəllimlə qonşudurlar, bir binada yaşayırlar. Ələkbər müəllimdən Ağa Laçınlının həm əhvalını soruşur, həm də salam yollayırdım.
İş belə gətirdi ki, Bakı Dövlət Universitetində təhsil alan oğlum mühazirədə cavan professorun xətrinə toxunub, təhrif edib söylədiyi şeirə düzəliş veribmiş. Əlbəttə, bu da tələbələrin qarşısında müəllimə bərk toxunub. Professorla arasındakı bu soyuqluqdan tələbə oğlum da imtahan ərəfəsində həyəcana düşmüşdü. Professorla tələbə arasındakı buzu əritmək, professoru tələbə ilə barışdırmaq lazım idi.
Dostlardan öyrəndim ki, həmin professor Ağa Laçınlı ilə yaxındır. Əhvalatı Ələkbər müəllimə danışmışdım. O da Ağa müəllimi məsələdən agah edir. Ağa müəllim elə Ələkbər müəllimin vasitəsilə oğlumla görüş təyin edir. Və əyləşdiyi otağa girən onlarla tələbə arasında Ağa Laçınlı heç vaxt üzünü görmədiyi bir cavanı dərhal tanıyır: “Sən Aydının oğlusan da”, sonra da tələbəni qabağına qatıb qonşu binaya, Elmlər Akademiyasında çalışan professorun yanına yollanır…
Sonrasını oğlum danışırdı ki, Ağa müəllim mənimlə həmin professorun kabinetinə girərkən iddialı professor Ağa müəllimi görən kimi yerindən dik qalxıb qabağına yeriyərək ikiəlli görüşdü və təbii ki, mənə də əl uzatdı. Ağa müəllim: “Yanına dostumun oğlu ilə gəlmişəm” dedi. Əl-ayağa düşən professor: “Ağa müəllim, niyə əziyyət çəkirdiniz, – dedi, – xəbər yollayaydınız, özüm gələrdim…”
Ağa Laçınlı bax belə kişi idi. Qəbri nurla dolsun!
Aydın Tağıyev
Mənbə: Mektebgushesi.az