Cəhənnəmdən keçmiş mələk (109)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Dincəlmişdim, bütün aqressiyam özümə yönəlmişdi. Hətta istəyirdim anam bəhanə tapıb məni yaxşıca kötəkləsin (toyumun üçüncü günü üzümə çəkdiyi taraz şillədən sonra mənə əl qaldırmamışdı). Özümü dənizdə gördüyüm bulaşıq balıqlara bənzədirdim, elə bilirdim canımı-başımı nə qədər suya versəm yenə bu çirkabdan arınmaram. Başıma gələnləri özümə heç cür yaraşdıra bilmirdim. Fələk məni layiq olduğum cəzaya çatdırmışdı, hay-küy salmağın, cəngi-cidala çıxmağın adı yoxuydu; bu halda cəllad ayağına gərək könüllü gedəsən ki, bəlkə sənə rəhm oluna, bağışlanasan.
Uğursuz ər sevdasından sonra özümü bir xeyli yaşlanmış sanırdım, ona görə də yaşlı qadına yaraşmayan davranışımdan üçqat utanırdım. Dodağım kilidlənmişdi, içimdəkiləri kiməsə danışıb yüngülləşə bilmirdim, yaşımdan-başımdan arlanırdım. Yaşımsa vur-tut otuz beş idi…
***
Mən kəndə qayıdandan on gün sonra Lalənin əri işlədiyi idarədən səfalı dağ rayonlarından birinə ezamiyyətə göndərildi. Fürsət düşmüşkən Aqil biz ana-balanı da onlara qoşdu, atamdan icazəmizi alıb Kamilə tapşırdı ki, bizi aparsın bacımgil getdiyi bölgəyə.
Yol boyu Kamil Cavidi mənə dönə-dönə amanatladı:
– Bax haa, aman günüdü, uşağını gözdən qoyma. Oralar dağdı-daşdı, göl qırağında qalacaqsız. Qurdu-quşu, ilanı-çayanı var…
O danışdıqca oğlumu sinəmə sıxıb qardaşımı arxayın salırdım:
– Narahat olma, orda uşağa baxmaqdan başqa nə işim olasıdı?
Mənzil başına çatanacan Kamil mənə növbənöv fəlakət mənzərələri çəkib göstərdi:
– Birdən yatarsan – uşaq gedib göldə batar, özünü unudarsan – qayadan düşər! Telli mamamın dağını, yarasını unutma ha!
Qardaşım bunu yadıma salanda lap qorxdum, güzgüdən ona baxıb dedim:
– Sən Allah bizi geri qaytar, elə danışdın ürəyim üşüdü…
Bibimin cavan əri oğlanlarının sünnəti günü elektrik qəzasına uğrayıb həlak olandan, toy mağarı vay mağarına dönəndən sonra atamla Musa əmi bacılarını, onun balalarını gözdən uzağa qoymurdular. Hər il yaylağa çıxanda bibimin dörd uşağından ikisini biz, ikisini əmim dağa aparırdı, onları da bizə qatıb böyüdürdülər.
O xoşbəxt, bəxtəvər günlərin birində bibim uşaqlarının ən gözəgəlimlisini, ən qoçağını əmimin atı sürüyüb öldürdü. Atamın on beş yaşlı Fərhadın meyidini qucağında alaçığımıza gətirdiyi indi də gözümün qabağındadı.
O yay bizim yaylaqdakı yurdumuzda otuza yaxın uşaq dağlanırdı. Öz övladlarından savayı anam xalamın, dayımın balalarını, atam əziz kirvəmiz, gələcək qaynatamın qardaşı Sahib əminin oğlunu, Musa əmi də bir neçə qohum-əqrəba uşağını yaylağa çıxarmışdı. İşlər yoluna qoyulandan sonra Musa əmi arxacı, gallahı atama tapşırıb kurorta getmişdi. Atamla əmim hər yay növbəylə dincəlirdilər – birinci əmim gedirdi, o qayıdan kimi atam bizi qardaşına tapşırıb yollanırdı Orta Asiyada yaşayan Cahangir əminin yanına.
Bacısı oğlunun meyidini arana qaytaranda atam Musa əmiyə teleqram vurub müsibəti xəbər vermişdi. Yazıq Fərhadı at dalınca əmim oğlu Mahir göndərmişdi. Bibim uşaqlarının ata qohumları bundan duyuq düşəndə yapışdılar Musa əminin yaxasından, əmimi qanlı qovdular. Bu ədavətin bir ayrı kökü də vardı – neçə illər ondan qabaq gələcək əri bibimə elçi düşəndə Musa əmi onu döymüşdü, tək bacısını o nəsilə vermək istəmədiyini açıq-aşkar bildirmişdi.
Müsibət baş verəndən xeyli sonra Səməndər danışırdı ki, Telli mama qardaşlarının yanında balasının meyidinə yaxın gedə bilmədi, qaçıb bir müddət bağ-bostanda daldalandı, vedrə götürüb qapı-bacanı suladı. Yazıq bibim şaxseyin şappıltısı ərşə qalxanda belə qardaşlarından həya eləyib meyidə sarıla bilmirmiş. Nəhayət, başıküllü ana süpürgə götürüb qapını süpürməyə başlayanda xalası oğlu Tahir onu qucaqlayıb deyir:
– Ay Telli, sənin balan ölüb ey, at yerə süpürgəni, aç ağzının yaşmağını, bura qardaş saymaq meydanı deyil, ay bacı.
Tahir əminin təhnizindən sonra bibim irəli durub oğlunun üzünü açır, yanaqlarını şıvrımlayıb qanını balasının qanına qatır. Qayınları, ərinin əmiləri, dayıları atamgilin üstünə gələndə Telli mama qaçıb durur qardaşlarının yanında, ərinin qohumlarına üz tutub deyir:
– Heç kim bu qapıda qardaşlarımı qınamasın, bu mənim alın yazımdı. Uşaqların atası öləndən bəri qardaşlarım mənim yolumda özlərini şam kimi əridiblər, balalarımı yedirdiblər. Dəyirmana una getməmişəm, dəhnəyə suya getməmişəm. Hamı evində oturub, hər cəfamı qardaşlarım çəkib. Balam qardaşlarıma qurban olsun.
Bundan sonra hamı susub geri çəkilib, yası birlikdə yola veriblər.
Dostum, yanılmıramsa bundan irəli də demişdim: qız vaxtı Telli mama ona elçi düşənlərin heç birini bəyənməmişdi, anası-qardaşları peş gördüyü cavanların heç biriylə ailə qurmamışdı. İstədiyi oğlana getməsinə qardaşları xeyir-dua verməyəndə qoşulub qaçmışdı. Musa əmi də yandığından bacısına ehsan vermişdi, heyvan kəsib kənddəki evlərə paylamışdı. Dörd qardaşı bir də cavan əri öləndə tək bacılarıyla barışıb dərdinə şərik olmuşdular.
Bibimin qaynatası ölənəcən bunu onun başına qaxdı, oturub-durub:
– Qardaşların səndən, bizim nəsildən qisas aldılar, – dedi, – ona görə mənim nəvəmi öldürdülər.
O müsibətdən sonra hamı yalan oldu, baba dilini itiləyib düşdü dərdli bibimin canına. Fərhad həlak olanda atasının faciəli ölümündən on il keçirdi. O vaxta qədər kişi hər cümə axşamı qonum-qonşunu başına yığır, oğlunun paltarlarını ortalığa töküb ağlaşma mərasimi keçirirdi, yalan olmasın, hər gün qəbiristanlığa gedib saatlarla oğlunun qəbri üstündə otururdu.
Fərhaddan sonra qoca vaxtsız-vədəsiz dünyadan köçmüş oğlunun müsibətini unutdu, onun şəkillərini divardan alıb yerinə nəvəsinin fotolarını asdırdı. Tez-tez atama deyirdi:
– Rəhim, oğlum otuz yaşında ölüb ey, yenə bir xeyli yaşayıb. Fərhad lap gülburnu getdi.
Çarpayısını elə yerdən qoydurmuşdu ki, bütün günü gözü nəvəsinin şəkillərinə baxırdı. Babanın çağırdığı bayatılar hələ də qulağımdadı:
Çaylar daşdı, buy aman,
Dağı aşdı, buy aman.
Mən nə dərdlər görmüşdüm,
Hamısından bu yaman.
Kişinin gerçək müsibəti Fərhadın ölümüylə başlandı. Ölənəcən Musa əmini yaxına buraxmadı, onun balalarını qapıya qoymadı, üstəlik, Telli mamaya da böyük qardaşının evinə getməyi yasaq elədi. Əmim bacısına göndərdiyi payı atamın, qardaşlarımın əliylə çatdırırdı.
Nəvəsiylə birgə yaylağa çıxmış uşaqlardan hansını görsəydi qoca al dillə soruşardı:
– Həmən gün Fərhadı gördünmü? Günortadan sonra ölüb deyirlər, heç olmasa günorta yeməyini yemişdimi?
Biz hər dəfə yemişdi, ac getməmişdi desək də kişi dediyimizə inanmırdı. Anamın atasıyla silahdaş olmuşdu – cavanlıqda ikisi də Andranikə qarşı döyüşmüşdü, molla məktəbində birgə dini təhsil almışdılar. Kişi arabir bizə gəlib anamı anda çəkirdi:
– Mənzər, bilirsən ki, səni çox istəyirəm, – deyirdi, – səni and verirəm atanın o gül yanaqlarına, oxuduğu Qurana, mənə düzünü de görüm Qoçu o günü günorta yeməyini yemişdi?
Fərhad uşaqların hamısından güclü, ürəkli olduğuna görə babası onu Qoçu deyib çağırırdı, özü ölənə qədər də nəvəsini bu adla ağlayıb laylasıını bu adla çaldı. Anam da kişinin andına andla cavab verirdi:
– Bəhlul əmi, atam oxuyan Quran haqqı Qoçu səhər bal-qaymaq yemişdi, günorta da Rəhim kəsdiyi heyvanın ətindən doyunca yeyib getmişdi.
Bunu eşidəndə kişinin üzündə qəribə bir təbəssüm yaranırdı, istəkli yetiminin acqarına ölmədiyi ona toxtaqlıq verirdi.
Atam meyidi arana gətirəndə Fərhadın əynindəki qanlı paltarları soyundurub təmizini geyindirmişdilər. Kişi atamla cəngə çıxdı, çay qırağındakl gicitkənlikdə basdırılmış o paltarları torpağın altından çıxartdırıb gətirtdi. Səkinə bibi qanlı paltarları çayın buz kimi suyunda yuyub qurutdu, kəndə gələndə nənəmə verib Bəhlul babaya göndərdi. Yazıq kişi üstündə solğun qan ləkələri qalmış köynəyi ölənə kimi əlindən yerə qoymadı, öləndə də özünün vəsiyyətinə görə atamgil Fərhadın qanlı köynəyini onun üzünün altına qoydular.
Bibimin balaları dərsdə olanda kişi çəliyinə söykənə-söykənə gedib dururdu məktəbin həyətində. Səməndər onu görcək qaçıb kişini qucaqlayırdı:
– Ay Bəhlul baba, bu soyuqda niyə burda durmusan, – deyirdi, – uşaqlar hələ dərsdədilər.
Kişi gözünün yaşını saqqalı aşağı axıdırdı:
– Ay Səməndər, ay sənə qurban olum, fələk yaxamı, əzrayıl qapımı tanıyıb ey, qorxuram, onun xofundan evdə otura bilmirəm. Gəlmişəm direktora yalvaram mənim yetimlərimi bədən tərbiyə dərsinə buraxmasın, başlarına dəmir-zad düşər.
Kamil Bəhlul babanı maşına mindirib evə aparırdı, bibimin qazanındakı alapörtdək tikələrdən çörəyin arasına qoyub özünü növbəti dərsə çatdırırdı.
Hələ Fərhad ölməmişdən həyətdə qırıq-söküyü düzəldən babası gözü yaxşı seçmədiyindən çəkici barmağına vurubmuş. Uşaq bunu görəndə özünü ağrıdan göynəyən babasına yetirib kişinin əzik barmağını ağzına təpib sorur. Bəhlul baba dərdini söyləməyə layiq bildiyi adamlara sədəfi qaralmış barmağını göstərib gözündən yaşı qırma kimi atırdı:
– Ay mənim barmağım gözümə girsin, bu barmaqla sağ gözümü tökmək istəyirəm. Balam soran barmaq mənlə yaşayır, balam getdi qara yerə.
Hava isinib gün şaxıyanda kişi özünü qəbiristanlığa çatdırıb pencəyini Fərhadın başdaşının üstünə örtürdü, nərəsi bütün kəndə yayılırdı:
– Evin yıxılsın, mərdimazar, balamın başını gün bişirdi.
Telli mama onun dalınca gedib kişiyə söykək verə-verə yarasının ağzı gözənməyən qaynatasını evə qaytarırdı, Bəhlul babanı uşaq kimi qarşısında oturdub zorla da olsa üzünü-başını qırxırdı, vannaya salıb çimizdirirdi. Hər dəfə də üzünü qibləyə tutub yalvarırdı:
– Allah, balalarım yekələnəcən bu kişiyə dəymə! Allah, bunun yaddaşını al, olmuşu-keçmişi beynindən sil, amma quruca nəfəsinə dəymə!
Hərdən mənə elə gəlirdi bibim qaynatasına baxanda öz faciəsini unudur, kişi qoymur bu dərdli ana başına gəlmiş bəlanın dadını-kötöyünü duya bilsin.
Telli mamanın eltisi də cavan ölmüşdü, qaynı ikinci dəfə evlənib anadan yetim bir cüt uşağı qapılara salmışdı. Uşaqlar da babalarına sığınıb öz yüklərini bibimə şəlləmişdilər. Bir üzü qız, bir üzü gəlin Telli mama qaynının yetimlərini özününkülərə qatıb üzünü turşutmadan böyüdürdü. Fərhad ölənə qədər Musa əmi bibimin qaynını harda görürdüsə təhnizləyirdi, söyürdü, üzünə tüpürürdü:
– Boynun sıpa boynu kimidi, – deyirdi, – arvadının qorxusundan yetimlərinə yiyə dura bilmirsən, onları da yükləmisən bacımın kürəyinə. Sən porsuq kimi ye qızar, biz də sənə uşaq saxlayaq?
Fərhad ölümüylə əmimin dilini gödək elədi, uşağın müsibətindən sonra əmim onun əmisinin üstünə gedə bilmədi.
Heç yadımdan çıxmaz: payızın axır ayıydı, bibimgilə getmişdim. Qapıya çatan kimi gözüm həmişə Bəhlul babanı axtarırdı, səsinə, gumultusuna yerini tapırdıq. Çisəngi yağış yağırdı, kişi məhlənin ayağındakı quruyub yıxılmış armudun budaqlarını doğrayıb kötüyünün üstündə oturmuşdu, gözünü uzaqlara zilləyib gər səsiylə ağlayırdı. Duruşu, görkəmi mənə insan itkisinin ağırlığını, dözülməzliyini bütün gücüylə duydururdu. Ağac dalında gizlənib kişini dinşəyirdim, onun dərdinə ortaq olmaqdan zövq alırdım, çəkdiyi bayatılar gözümdən dadlı yaş gətirirdi:
Dağlar, ver maralımı,
Səbrimi-qəralımı.
Sağ maral sənin olsun,
Ver mənim yaralımı.
Güzdək küləyi kişinin səsini qabağına qatıb qonşuların qapısından içəri salırdı. Qonşular bibimə şikayətə gəlirdilər:
– Bu bayquşun səsi bizi evdə oturmağa qoymur, heç olmasa günortalar onu içəri sal, işdən qaçıb gələndə yediyimiz tikə zəhərə dönməsin.
Mən cəhənnəmi bu gözlərimlə görmüşəm – Bəhlul baba tüstülənə-tüstülənə yeriyən diri cəhənnəm idi, fələk onun canında dağlanmamış yer qoymamışdı. Kişi ölümüylə də bizimkilərdən bir balaca öc aldı, canındakı cəhənnəmdən növrağımıza bir ovuc kül sovurub getdi – Rəhman əminin oğlunun toyu günü səhər tezdən danışa-danışa gözlərini ondan ötrü çoxdan xarabalığa dönmüş işıqlı dünyaya yumdu.
Sonradan bibimin danışdığına görə, kişi səhər yeməyi yeyən nəvələrindən Fərhadın şəklini istəyir, bibim də uşaqlar əvəzdən ona bir az kəmbəhəl cavab verir:
– Bilirsən ki, qardaşımgilə toya gedirik, qəsdən yarama duz basırsan?
Kişi ona yalvarır:
– Sən atanın goru dur o şəkli mənə ver, bəlkə sən heç o toya gedəmmədin.
Bibim qalxıb şəkli divardan alıb kişinin qucagına qoyur. Sonra balalarını geyindirir, həyətə çıxıb toyuq-cücəyə dən səpir, qardaşı oğlunun adına bağladığı xonçanı qaynı qızının qucağına verir, başını içəri salıb qaynatasıyla sağollaşmaq istəyəndə kişinin ləlik duruşu xoşuna gəlmir. İrəli durub kişini dümsükləyir, kişi köklü ağac kimi aşır bibimin qucağına. Bibim bir dam altında illərlə ata-bala kimi yaşadığı sinəsi dağlı qaynatasının çənəsini çəkib gözünü bağlayır, qonşunu atamın dalınca göndərir.
Hay gələndə toy evini qoca-qoltuğa tapşırıb hamımız Telli mamanın qapısına axışdıq. Günortayacan Bəhlul baba dəfn olundu. Günortadan sonra gəlini gətirib, çalğıçıları yola salıb, toyu sakitcə xətm elədik.
Buxara ipəyi kimi yumşaq, uşaq kimi saf, sinəsi dağlı Bəhlul baba bu gün də gözlərimin yaddaşından silinməyib…
(Ardı var)