Firuzə Davudqızı
İkinci hissə
1988-ci il, 22 fevral – “…Bakıda və Sumqayıtda ilk mitinqlər oldu. Bircə şüar vardı: “DQMV Azərbaycanın ayrılmaz hissəsidir!” Buna “cavab” olaraq ermənilər Stepanakert-Ağdam yolunda iki azərbaycanlı gənci qətlə yetirdilər. Sonsuz faciələr və nəhayətsiz cinayətlər də burdan başladı” (*Mənbə: “Şahidlər” kitabı, müəllif Hidayət).
Teleradio komitəsi
Qarabağdan qayıdandan sonra hazırladıqları materialın efirə verilməsi ilə bağlı ziddiyyət meydana çıxmışdı. Və bu, onlarla buraxılışa məsul redaktor arasında mübahisəyə gətirib çıxarmışdı. Redaktor xəbərin ciddiliyini və doğuracaq əks-sədasını nəzərə alıb riskə getməkdən çəkinir, “mətbuat üçün deyil” prinsipi ilə hərəkət etmək şərtini irəli sürürdü.
Azər isə həqiqətləri ağ yalanla ört-basdır etməyin qəti əleyhinə idi. Redaktor əsəbi tonda:
– Heç cür anlaya bilmirəm, işimi-gücü atıb, oturub burada sizə reportyorluğu öyrətməliyəm? Sizin bu barədə heç anlayışınız yoxdur? – Məzəmmətlə Vüqarı və Azəri süzdü. – İşləmək istəyirsiniz, ya bilə-bilə özünüzə quyu qazmaq fikrindəsiniz?
Azər əli ilə çənəsini ovuşdura-ovuşdura fısıldayıb gözucu Vüqarı süzdü. Narazılıqla dodaqlarını sıxdı. Bu nüans redaktorun gözündən yayınmadı. Bu dəfə o, üzünü Azərə tutdu:
– İstedadlı, bacarıqlı oğlansan. Zirəksən. Bilirəm ki, harada qaynar nöqtə varsa, ora getməkdən çəkinmirsən. Ancaq bu sənə külli-ixtiyar vermir ki, özbaşınalıq edəsən.
– Mən özbaşınalıq etdiyimi düşünmürəm. – Azər dedi.
Redaktorun səsi gərildi:
– Sən öz peşənə o qədər vurğunsan ki, bəzən sərhədi vurub keçirsən. Prinsiplərə əməl etmirsən. Başın işinə elə qarışır ki, obyektivliyi unudursan.
– Belə qarışıq vaxtda gözünü televiziya ekranına dikib həqiqəti bilmək istəyən tamaşaçıya doğru xəbər vermək istəyirəm. Təhrif olunmuş xəbərlərlə auditoriyanı çaşdırmaq istəmirəm.
Vüqar Azərin sözlərinin təsdiqi olaraq yenidən söhbətə müdaxilə etməli oldu:
– Getdiyimiz hər bölgədə camaatla söhbətdən bu qənaətə gəlmişik ki, bu ağır günlərdə xalq bizi ümid yeri bilir. Çünki onların problemlərini biz işıqlandırırıq. Mütləq deyil hansısa vəzifəni tutmuş bir məmur olsun, sadə vətəndaşı götürək. O, bizə inanıb etibar edirsə, bizimlə hansısa bir məlumatı bölüşürsə, biz niyə onun etibarından sui-istifadə edib, məlumatı kimlərəsə sərf edən şəkildə işıqlandıraq? Mən tamaşaçımı itirmək istəmirəm.
Araya qısa sükut çökdü. Redaktor əsəbi halda ikiəlli başını tutub xeyli dinmədi. Azər gözucu Vüqarı süzüb, redaktora müraciətlə dilləndi:
– Prinsiplərinizdən kənara çıxdığımı düşünürsünüzsə, mənimlə işləmək istəmədiyinizi açıq şəkildə bildirə bilərsiniz.
– Hansı dildə danışım ki, sən mənim nə demək istədiyimi anlayasan? – Redaktor iradla Azəri süzdü.
– Mənim ana dilim Azərbaycan dilidir. Mən sizi Azərbaycan dilində də çox gözəl başa düşürəm. Nə demək istədiyinizi də anlayıram. Amma bir şey mənə çatmır ki, hazırladığımız material təhrif olunmuş şəkildə efirə veriləcəkdisə, ya əksinə, bunu işıqlandırmaq qadağan olunacaqdısa, bu qədər yolu niyə gedirdim, bu işi niyə mənə həvalə etdiniz? Madam ki, prinsipdən kənara çıxmaqla işləyirəm…
– Aha, indi gəldin mən deyənə. Sən reportyorsansa, işini incəliyinə kimi bilirsənsə bu sualı mənə deyil, özünə verməliydin. Yola düşməzdən əvvəl qurmalıydın işini, Bakıya qayıdandan sonra yox! Onda burda çənə-boğaza çıxıb mənə öz mövqeyini sübut etmək məcburiyyətində qalmazdın! – Redaktor sözlərinə istehza ilə davam etdi. – Yadına salıram və yaxşı olar ki, unutmayasan: reportyor hadisə yerində çəkilişini aparmalıdır, daha orada hadisəyə rəy bildirmək, siyasətə qoşulmaq reportyorun işi deyil. Nəyisə ədalətsiz hesab etsən belə fikir bildirməməlisən. Sənin vəzifən çəkmək, göstərmək, xəbər verməkdir. Sən isə, Əhmədov, hissə qapılıb öz mövqeyini auditoriyanın nəzərinə çatdırmaq istəyirsən. Əcnəbi kanallarda necə, hansı şərtlərlə işləmisən, bilmirəm, amma belə davam eləsən, bunu təəssüflə qeyd edirəm ki, sənin gələcəyini görə bilmirəm.
– İcazənizlə sualınızı cavablandırım. Mən o kanallar üçün eləcə reportyor idim, buradasa söhbət mənim millətimdən, onun aqibətindən gedir. Burada istəsəm də soyuqqanlı ola bilmərəm.
– Elədirsə, kameranı qoy yerə, silaha sarıl! Bu cəbhədə sən yalnız bunlardan biri ilə döyüşə bilərsən! Eyni zamanda hər ikisi ilə deyil!
Azər mübahisə etməyin lüzumsuz olduğunu görüb, ağır-ağır yerindən qalxdı. Qapıya üz tutdu. Qapıya çataçatda redaktorun səsinə ayaq saxlamalı oldu:
– Öyrətmək olmasın, cavan oğlan, kameranın gözlüyünü hərdən bir balaca sil. Son vaxtlar nəsə kadr tuta bilmir, lazımsız çəkilişlər edir. Fərqində deyilsən.
Əsəbi zəncir gəmirsə də, Azər təmkinini pozmamağa səy göstərdi. Sükut içində otağı tərk elədi.
…Bir qədər sonra Vüqar studiyanın həyətində dayanan və ifadəsindən hələ də gərginlik yağan dostuna yaxınlaşdı:
– Hələ sakitləşə bilməmisən?
– Eşitdin nə dediyini. – Azər siqareti sümürüb, havaya boz duman püflədi. Düşündüklərini dilə gətirdi. – O, mənim üzümə durub sübut etmək istəyir ki, qatıq qaradır. Üstəlik, bunu təsdiqləməyimi tələb edir. Belə deyil axı. Bunu o da, sən də, mən də, hamımız bilirik ki, belə deyil. Bilirsən nə var, mən belə işləyə bilmirəm, brat. Alınmır. Mən əqidəmi dəyişə bilmərəm.
Vüqar Azərlə eyni fikirdə olsa da, ona hazırkı vəziyyətdə səbrini cilovlamaqdan başqa yolu olmadığını bildirdi.
Aradan bir müddət keçdi.
İşdə üzləşdiyi çətinliklər, şəxsi həyatında yaşadığı uğursuzluq Azəri daha da gərgin etmişdi. Fikri dağınıq, əhvalı tutqun və pərişan idi.
Mərdəkan
…O gecə Dilbər salona keçəndə Azəri divanda yatıb qalmış gördü. Bir az əvvəl oxuduğu kitab indi sinəsinin üstünə düşüb qalmışdı. Dilbər kitabı götürüb oğlunun saçlarını sığalladı, ehtiyatla səsləndi:
– Azər…
Anasının səsinə oyanan Azər gözlərini sıxıb açaraq çaşqınlıqla ona baxdı. Dilbər ona görə qayğılandı:
– Burda nöş yatmısan, ay Azər? Yatağında yat da.
– Kitab oxumaq fikrindəydim, yuxu tutub. – Azər qalxıb yerində oturdu, əlini ağzına aparıb əsnədi. Gözlərini ovuşdurdu.
Dilbər çox cəhd etsə də ürəyi ilə bacarmadı, narahatlığını dilinə gətirdi. Diqqətlə Azəri süzüb sual verdi:
– Nəyin var sənin, ay oğlum? Neçə vaxtdır gözümə heç yaxşı görünmürsən. Bəlkə bir dərdin var, bizə deməyə çəkinirsən?
Azər mövzu açılmasın deyə dərhal qəti səslə:
– Yuxusuzam, ondandır. Başqa heç nə, – dedi, əsl səbəbi gizlətdi.
Dilbər nəzərlərini onun üzündən çəkmədən eyni şübhə ilə:
– Nə deyirsən de, amma mən bu dəfə səni heç yaxşı görmədim, Azər. Dalğınsan. Elə bil xiffət edirsən. Həmin Azər deyilsən, – dedi.
– Sən mənə fikir verməginən. – Azər qalxıb ağır addımlarla otağına keçdi.
Dilbərin narahatlığı bir az da artdı. Qərara gəldi ki, səhər zəng vurub bacısı Səadətlə danışsın. “Bəlkə məndən utanıb sıxılır, xalasıdır da, ondan heç vaxt söz gizlətməz” deyə düşündü. “Oğlumu tanımıram bəyəm? Səbəbsiz yerə belə dilxor olmaz. Yenə doğrusunu Səadət bilmiş olar. Ağzını bir arayım”.
Ertəsi gün Azər həyətdə atası ilə bir yerdə olduğu vaxt fürsətdən istifadə edib bacısına zəng vurdu.
Söhbət zamanı sözü məqsədli şəkildə Azərdən salan Dilbər bacısına öz ehtimallarından danışdı. Səadətə ona maraqlı olan bir neçə sual verdi. Əvvəl tərəddüd etsə də, sonda bacısının israrına dayana bilməyib, Səadət məsələni açıb ona danışdı.
Dilbər eşitdiklərinə çaşıb qaldı. Bilmədi sevinsin, ya işin belə gətirməsinə üzülsün. Dərdinə bir dərd də əlavə olundu sanki. Oğlunun əhval-ruhiyyəsində, davranışında xeyli müddətdir davam edən qəribəliyin əsl səbəbi ona indi aydın oldu. Qəm-qüssə içində gəzib dolanmasının bununla əlaqəli olmasını bilmək Dilbəri hədsiz üzdü.
Aydan
…Qohumlar arasına düşən incikliyə görə evdən söz-söhbət əskik olmurdu.
Anam məni dindirib-danışmır, atamın qaşlarının düyünü açılmırdı. Evdə əvvəlki mehribanlıq yox idi.
Nişan pozulandan sonra bundan xəbər tutan elçilərin bizim evə axını başlamışdı. Atamla qohum olmağı könlündən keçirənlər üçün bu, göydəndüşmə bir fürsət idi. Əslində atam bu söz-söhbətə birdəfəlik son qoyulsun deyə gələn elçilərdən birinə sözü uzatmadan “həri”mi vermək istəyirdi, amma düşünülməmiş addım atıb, sonradan peşman olmaq da istəmirdi. Odla su arasında qalmışdı.
Mənə evdən bayıra çıxmaq artıq qəti şəkildə qadağan olunmuşdu. Çünki Saleh barədə xəbərlər bizə də gəlib çatırdı. Deyilənə görə, ayıq günü yox idi və tüfeyli kimi orda-burda gün keçirirdi. Anam onun bir dəlilik edəcəyindən qorxub, ehtiyatlanır, bu səbəbdən məni gözdən qoymurdu.
Daha atamdan izn istəməyə də üzüm yox idi. Əlim hər yerdən üzülmüşdü.
Telefonda danışsaq da, xeyli vaxtdır Dilarənin üzünü görmürdüm. Səadət xala baş verənləri duymuşdu. Bu işin baş tutmamasında Dilarəni də günahkar bilərlər deyə onu daha bizə buraxmırdı. Anamla neçə illərin rəfiqəsi idilər. Və münasibətlərinin belə bir işin ucbatından pozulmasını istəmirdi.
Amma mən daha davam gətirə bilmirdim. Bu çətin günlərimdə bacıdan artıq sevdiyim bir insana hər kəsdən çox ehtiyacım vardı.
Zəng vurub ondan bizə gəlməsini istədim. Çox keçmədən Dilarə bizdə oldu. İki rəfiqə bir-birindən ayrı düşmüş doğma bacılar kimi bir-birimizə sarıldıq.
…Dilarə baş verənlərə hələ də inana bilmirdi. Bir qədər sükutdan sonra o, tərəddüd içində üzümə baxdı. Sanki nəsə demək istəyirdi, amma ona mane olan, bilmədiyim bir səbəb vardı. Sual dolu nəzərlərlə onu süzüb, əlini tutdum:
– Nə isə olub?
Dilarə, nəhayət, tərəddüdü bir kənara qoyub, qəti qərara gələrək gözlərimin içinə baxa-baxa dedi:
– Sonuncu dəfə sən bizdən gedəndən sonra, o axşam Azər bizə gəlmişdi.
Azər adını eşitməyimlə ürəyim quş təki çırpınmağa başladı. Rəng verib, rəng aldım. Dilarə üzümün ifadəsini gördü. Daha susmadı. Pıçıltıya bənzər həyəcanlı bir səslə astadan soruşdu:
– Bilirsən Azər niyə gəlmişdi bizə?
Sıxıla-sıxıla Dilarəyə baxdım, səbəb mənə məlum olmadığı üçün çiynimi çəkdim.
– Sənə görə!
Gözləmədiyim bu cavab qarşısında gözlərimi qırpmadan mat-məəttəl eləcə Dilarəyə baxdım.
– Anam bərk-bərk tapşırıb ki, bunu açıb-ağartmayım, xüsusilə də sənin yanında. Amma mən Azərdən keçə bilmirəm. Onun üçün mümkünsüzü edərəm, inan mənə. Çünki bilirəm onun necə təmiz ürəyi var. – Və Dilarə nağıl etməyə başladı. Bəhs etdiyi həmin axşam baş verənlərdən danışdı.
Duyduqlarım qarşısında donub qaldım.
Dilarə sözünün sonunda gözünü məndən çəkmədən sirli-sirli gülümsündü:
– Deməli belə, gözəlim. Xəbərin olsun ki, qaqaşımın ağlını başından almısan. Uşaq dəli-divanədir səninçün.
Həyatda ən çox eşitmək istədiyim bir xəbəri alırdım. Çəkdiyim əzabların əvəzində bu xəbər Tanrının mənə mükafatı idi. Həyatım, canım qədər çox sevdiyim insan mənə biganə deyildi. Gözlərim doldu. Dilarə görməsin deyə başımı aşağı saldım. O isə bunu çoxdan görmüşdü. Çənəmdən yapışıb qaldırdı. Yaşdan pərdələnmiş gözlərimin içinə baxa-baxa, gülər üzlə soruşdu:
– Nə oldu, ay qız, sənə?
İlk dəfə idi neçə illik rəfiqəmin, mənə hər kəsdən yaxın olan sirdaşımın qarşısında bu qədər sıxılırdım.
– Nə deyirsən, qız, şans verəcəksən bizim oğlana? Özünü təsdiq etsin də sənə, – deyə Dilarə fikrimi öyrənmək istədi.
Baxışlarımı yerə dikib, susmağa davam etdim. O, hələ də dinib-danışmadığımı görüb, düşündüklərini açıq söylədi:
– Gözəlim, sənə bir söz deyim? Sən də ona biganə deyilsən.
Gözlərim iriləmiş halda o andaca təəccüblə ona baxdım. O isə şeytan-şeytan gülüb:
– İnkar etmə, çünki buna əminəm! – dedi.
– Necə əmin ola bilərsən axı, mən bu barədə sənə bir kəlmə də deməmişəm. – Mat-məəttəl onu süzdüm.
– Bax gör, necə etiraf edirsən də, məndən söz gizlətdiyini. – Məzəmmətlə məni süzdü. – Hələ bir deyirsən ki, səninlə aramda sirr yoxdur.
– Eh, Dilya… – Narazılıqla başımı buladım.
– Bəzən dinib-danışmağa ehtiyac qalmır, gözəlim. Gözlər və baxışlar hər şeyi açıq söyləyir. Mən sizin bir-birinizə necə gizli bir eşqlə baxdığınızı görmüşəm. Onda anladım ki, torbada pişik var. Uzun zamandan bəri səndəki bu qəribə dəyişikliyin səbəbi də mənə, nəhayət ki, məlum oldu. Sənin gizli saxlamağınla deyil ki. Bax, görürsən, baxışların səni ələ verdi.
Dodağımı dişlərimin arasında sıxıb, xəcalətdən əriyə-əriyə başımı təkrar aşağı saldım. Əlimi od tutub yanan sifətimdə gəzdirdim. Dilarə diqqətlə məni süzərək:
– Çox sevirsən onu, həri? Bax a, düzünü deginən, – dedi.
Ona sarılaraq təbəssümlə:
– Çox! – dedim. – Canımdan da çox!
– O da səni çox sevir, buna əmin ol! Adın gələndə bir haldan-hala düşür ki.
Dilarəni dinləyə-dinləyə öz-özümə gülümsədim. Onun barəsində eşitdiyim hər gözəl söz mənə dünyanın bütün xəzinələrindən qiymətli idi. Amma birdən sanki məni qəflət yuxusundan oyatdılar. Təşvişlə Dilarəyə baxaraq xəbərdarlıq etdim:
– Bax, əgər ona bir kəlmə…
Dilarə nə demək istədiyimi anlayıb, gülümsündü. Sözümü bitirməyimə macal vermədən qəti səslə:
– Narahat olmaginən, Azərə bir kəlmə də demərəm, – dedi. – Özün etiraf edərsən.
– Söz ver! – Mən təkid edərək əmin olmaq istədim.
– Ay qız, siz bir-birinizlə dil tapın, məndən bu qədər. – Dilarə məni əmin etdi. Sözünə bir qədər ara verib, sonra təkrar dilləndi. – Bir etiraf edim də sənə.
– Aha, buyur. – Maraqla onu süzdüm.
– Həmişə dua edirdim ki, sən bizə qismət olasan. Bir-birimizdən ayrı düşməyək. Deyəsən bu duam qəbul olub. İnşallah, qovuşarsınız, mən də toyunuzda sındıra-sındıra oynayaram. – Dilarə bunu deyib havadan mənə öpüş göndərdi.
– Nişanın pozulması üçün dua etmirdin ki? Düzünü deginən. – Şübhə ilə onu süzdüm.
– Ürəyimdən keçirmirdim desəm, yalan olar. – Dilarə bic-bic gülümsünüb, gözünün birini qıydı. Üstəlik, özünə bəraət də qazandırdı. – Azərə görə. Axı o, mənim can ciyərimdir.
Rəfiqəmin sözlərinə məni gülmək tutdu.
– Bax, bunu bizimkilər duymamış olsunlar. – Gülə-gülə dedim. – Yoxsa əbədiyyən bir-birimizə həsrət qalarıq.
Dilarə də mənə qoşulub güldü. Bəxtiyarlıqla onu qucaqladım.
(Ardı var)