Firuzə Davudqızı
***
Saleh evə atasıgildən qabaq gəlib çıxmışdı. Gəldiyi dəqiqədən əlinə keçən, gözünə görünən nə varsa qırıb tökürdü.
Nişan mərasimi üçün hazırlanan xonçaları masanın üstündən vurub dağıtmışdı. O cümlədən Aydan üçün nə alınmışdısa hamısını yerlə bir edib, hiddətlə pəncərədən həyətin ortasına tökmüşdü.
Bütün bunları əlləri üzündə heyrət içində seyr edən xidmətçi qadın nə qədər xahiş etsə də, onu sakitləşdirməyə gücü çatmırdı.
Salehin aldığı zərbə o qədər dərin və sarsıdıcı idi ki, tezliklə sakitləşib yola gələnə bənzəmirdi. Dəliyə dönmüşdü. Qəzəbi ölçüyə gəlmirdi. Bununla ürəyi soyumadı. Həyətə endi, gözətçi ona mane olmaq istəsə də bütün geyimlərin üstünə neft töküb, od vurdu.
Alov dilimləri şaxə qalxdı. Bu mənzərəni dünyası yıxılmış, həyata nifrətlə baxa-baxa seyr edən Saleh:
– Hicran! – deyə gərgin səslə xidmətçini səslədi. Duymadığını sanıb, bir az da gərildi. – Hicraann!
Xidmətçi qadın yüyrək özünü ona çatdırdı. Gəlib yanında dayanaraq həyəcanla Salehi süzdü:
– Buyurun.
Üzündə zəhmli bir ifadə, düyünlənmiş qaşlarının altından alovu seyr edən Saleh ona baxmadan acıqla:
– Üzüyü gətir! – dedi.
Hicran çaşqın baxışlarla bir Salehə, bir də kənarda dayanıb məyus halda onları süzən gözətçiyə baxdı.
Saleh səbri tükənmiş halda təkrar dilləndi:
– Üzüyü gətir dedim!
Hicran ayrı əlac olmadığını anlayıb üzünü çevirərək evə doğru getdi. Çox keçmədən qayıtdı. Əlində tutduğu qırmızı məxməri örtüklü kiçik qutunu ehtiyatla Salehə uzatdı.
Bu iki gün sonra nişanda taxılacaq üzük idi. Saleh qutunu sərt bir şəkildə Hicrandan alıb, iti addımlarla maşına doğru getdi. Əyləşib, sürərək həyətdən çıxdı.
O getdikdən sonra gözətçinin sanki donu açıldı. İrəli yeriyib, alovu söndürməyə çalışdı. Eyni zamanda Hicrana müraciətlə soruşdu:
– Nə baş verib? Niyə belə dəliyə dönüb?
– Mən hardan bilim? – Hicran iradla kişini süzdü. – Gələndə qanıqara, əsəbi gəlmişdi. – İşini gör, bizlik deyil.
– Hmm, əsl müsibət indən belə başlayacaq. – Gözətçi alovu söndürə-söndürə deyindi. – Bu yaxşı əlamət deyil.
Bir qədər sonra Zakirgil qayıdıb gəldilər. Hər üçü tutqun ifadə ilə maşından endi. Həyətin ortasında külə dönmüş geyimlərə, yanıb qaralmış əşyalara gözləri sataşan kimi bir daha sarsıldılar. Gülnar heyrətlə ata-anasına baxdı:
– Nə baş verib burada?
– Hicran! – Zivər həyəcanlı bir səslə onları qarşılamaq üçün həyətə yüyürən xidmətçiyə səsləndi. Cavab gözləmədən ikinci sualı verdi. – Saleh gəlib? Evdədir?
– Gəlmişdi, xanım, bir az əvvəl getdi. – Hicran rəngi ağarmış halda ev sahiblərini süzdü.
– Nə olub burda, ay qız? Bunlar nədir? Niyə dillənmirsən?
– Nişanlısı üçün aldığınız geyimlərdir, xanım, Saleh bəy hamısına od vurdu. Mane olmaq istədik, amma imkan vermədi. Çox əsəbi idi.
– Necə? – Zivəri sanki ən zəif yerindən vurdular. Yıxılmamaq üçün qızından yapışdı. Bir xeyli donuq baxışlarla yanıb kül olan geyimlərə baxdı. Özünü ələ almağa çalışaraq ehtiyatla ərini süzdü.
Zakir maşından ensə də yerindən tərpənmədən həyətdəki mənzərəni seyr edirdi. Rəngi boğulmuş, qaşları çatılmışdı. Xidmətçidən bu sözləri duyanda yumruğunu düyünləyib, dişlərini bir-birinə sıxdı. Göz bəbəkləri nifrətlə parladı.
– Xanım, bir də … – Hicran Zivərin göz yaşlarına boğulduğunu görsə də, deməyi lazım bilərək əlavə etdi. – Saleh bəy üzüyü tələb elədi. Gətirmək məcburiyyətində qaldım.
– Sus, Hicran, sus! – Zivər bundan artığını eşitmək iqtidarında olmadı. Gördüklərinə tab gətirməyib, kədər içində dərhal evə keçdi. Salondakı vəziyyət onu daha da sarsıtdı. Divana çöküb, hönkür-hönkür ağlamağa başladı. Gülnar anasını sakitləşdirməyə çalışaraq eyni zamanda Hicrana müraciətlə:
– Su gətir, – dedi.
Hicran bir bardaq dolu su ilə tezliklə salonda oldu.
– Ana, özünü ələ al. – Gülnar bardağı Hicrandan alıb anasından su içməsini istədi. Zivər bardağı əlinin tini ilə geri itələdi. Göz yaşları içində dilləndi:
– Mən bu qədər vaxtdır min bir həvəslə hazırlaşırdım ki, balamın adına tutduğum xonçalar belə yerlə-yeksan olsun? Balam xar olsun deyə hazırlıq görürəmmiş?
– Ana, sakitləş. – Gülnar nə edəcəyini bilmədən anasının əlini tutdu.
Elə bu vaxt ağır addımlarla salona daxil olan Zakir gözünün ucuyla salonun dağınıq vəziyyətini nəzərdən keçirib rəng verib, rəng aldı. Bir az da tutuldu. Əlinin işarəsi ilə Hicrana get dedi. Hicran dərhal əməl elədi. Zakir buna bənd imiş kimi qanlı-qanlı Zivəri süzüb, hökmlə dedi:
– Eşit və bil: sənin bu gündən Nadir adlı qardaşın yoxdur.
Zivər bunu duyanda üzündə əzablı ifadə ilə:
– Zakir! – dedi, dözməyib hönkürdü.
– Kəs! – Zakir Zivərə bozardı. Ağzından od püskürməyə başladı.
Dəqiqələr sonra onun qəzəbli səsi evin daşını, divarlarını titrədirdi:
– Sənin gördüyün iş ancaq bu qədər ola bilərdi!
– Kim istərdi ki, belə olsun? Mən balama düşmənəm?
– Düşmənsən ki, belə iş tutursan! Necə yəni, bu qədər vaxtda qızın fikrini öyrənmək ağlına gəlmədi? Sən mənim oğlumu nə haqla Nadirin küçüyünün qarşısında alçaldırsan? Nə haqla? Nədir, fikrin iki gün sonra məni o evə aparıb millətin qarşısında gülünc vəziyyətə salmaq idi?
– Bunda nə isə bir iş var. O, mənim qardaşımın balasıdır. Gözümün qabağında böyüyüb, bələdəm. Ərköyün ola bilər, ancaq atasının sözündən çıxıb, onun belə pis vəziyyətdə qalmasına razı olmaz. Rədd cavabını versəydi, əvvəlcədən verərdi, nişana iki gün qalmış yox. Bilmədiyimiz bir şey var burada.
– Ya zəlzələdən, ya vəlvələdən. Mən bunu oğluma deyil, özümə həqarət sayıram. Heç kimin həddi deyil məni ələ salsın, bildin?! Dünənki uşaq məni bambılı kimi oynatdı qarşısında! Eybi yox, qalsın qardaşının qulluğunda. Bundan belə suyu da üfürə-üfürə içsinlər. Heç kimin həddi deyil məni ələ salsın. – Zakir açıq hədə ilə dedi.
Ərinin təbiətinə bələd olan Zivər bu kin-küdurətin hələ çox sürəcəyini yaxşı bilirdi. Bir yanda oğlu və əri, digər tərəfdə qardaşı – tamam çıxılmaz vəziyyətdə qalmışdı.
***
Elə bu dəqiqələrdə sürətlə maşını idarə edən Saleh hirsli-hirsli yola baxır, baş verənləri hələ də ağlına sığdıra bilmirdi. Aydanın sözləri qulaqlarında əks-səda verir, şimşəyə dönüb, başı üzərində çaxırdı. Düşündüklərinin təsiri altında sinəsi təlatümlə qalxıb-enən Saleh dəlicəsinə sevdiyi qızın ona belə dərin yara vuracağını təxmin etməmişdi. Küçələrin birində üzüyü qutusu ilə birlikdə maşının pəncərəsindən yolun qırağındakı zibil qutusuna atıb keçdi.
Aydan
Zivər bibigilin getdiyi bir saatdan çox olmuşdu. Mən hələ də özümə gələ bilməmişdim. Bibimin pərişan halı gözlərimin önündən çəkilib getmirdi.
Fatimə yanıma gəlmişdi. Məyus-məyus məni süzür, lakin bir söz demirdi. Sözün bitdiyi məqamı yaşayırdıq bu anlar. Elə bu vaxt Məqbulə qapıda göründü. Atamın məni hüzuruna çağırdığını xəbər verdi.
Bacıma görə özümü necə bir oda atdığımı yaxşı bilirdim. Bu odun məni yandıracağını da.
Atam məni qonaq otağında gözləyirdi. İçəri keçsəm də qapının ağzında dayanıb qalmışdım. Yaxınlaşmağa cürət etmirdim. Arxası mənə sarı olan atam sanki bunu hiss elədi. Dala baxmadan tutqun bir səslə:
– Yaxın gəl, – dedi.
Qorxudan ürəyim ağzıma gəldi. Bununla belə özümü itirməyib irəli getdim. Lakin yarı yolda onun səsinə duruxub, olduğum yerdə dayandım.
– Elə bilirəm nə iş tutduğunu dərk edirsən.
Bunu duyanda məni titrəmə tutdu. O, təkrar dilləndi:
– Məni necə ağır bir yükün altında əzdiyinin, əlbət ki, fərqindəsən. Buna əminəm.
Atam hələ də üzümə baxmırdı. Pəncərədən çölə baxa-baxa danışırdı.
– Mən geci-tezi bir aydınlıq gətirməliyəm bu məsələyə, amma əfsus ki, deməyə sözüm yoxdur. Məni saldığın vəziyyətə bir bax. Bundan belə necə üz-üzə gəlim onlarla? Necə bəraət qazandırım özümə? Səncə, buna üzüm var mənim?
Atamı dinləyə-dinləyə yüz dəfə ölüb-dirildim. Çəkdiyim əzab minə qatlandı. Amma birdən mənə sanki güc gəldi, cəsarətimi toplayıb atamın əlinə-ayağına düşdüm. Suda boğulan adam sayağı əlindən yapışıb, duz kimi yalamağa başladım:
– Bağışla məni, ata! Bağışla! Hər kəs bir yana, sənə bunu etməməli idim. Nə desən, nə etsən haqqın var. Əgər sənə görə bir günahım, bir səhvim varsa, necə istəyirsən elə də cəzalandır məni. Öl de, ölüm. Amma yalvarıram sənə, bircə bu işə “həri” demə. Mən gözümü açıb onu qardaş bilmişəm özümə!
Bacımı hər kəsin qınağından, tənə və qəzəbindən qorumaq üçün əsl səbəbi gizlədib, canımdan çox sevdiyim atama yalan danışmaq məcburiyyətində qaldım. Əsas səbəb kimi Salehə qardaşım gözü ilə baxıb, onu sevmədiyim fikrini irəli sürdüm.
Bu sözləri eşidəndə atam bir daha yıxıldı sanki. Əzab içində gözlərini sıxıb, başını aşağı saldı.
***
Nadir qızını heç vaxt belə pərişan, belə çarəsiz görməmişdi. Onun sözləri, acizanə yalvarışları ürəyini köz-köz elədi. Kövrəldiyini ona bəlli etməmək üçün özünü zorla saxladı. Heç bir söz demədən əliylə ona otaqdan çıxmağı işarə elədi.
Bütün gecəni gözünə yuxu getmədi. Sakitləşdirici həb qəbul etsə də, bir faydası olmadı. Yaşadığı bu ağır hisslərin təsiri ilə özünə gələ bilmirdi. Aydanın hıçqırıq dolu ağlar səsi hələ də qulaqlarında idi.
10 gün sonra
Aydandan rədd cavabı alandan Saleh evə hər gün sərxoş vəziyyətdə gecədən keçmiş gəlirdi.
Heç kimlə ünsiyyət qurmur, heç nə ilə maraqlanmırdı. Özünə qapanmışdı.
Oğlunun bu vəziyyəti, pərişan halı, günü-gündən şam kimi əriməsi Zivəri təlaşlandırır, onun bir az da belə davam edərsə xəstəlik tapacağından qorxurdu. Günü Salehin halına yanıb, göz yaşı axıtmaqla keçirdi.
Zakir isə oğluna hər baxanda qaynına olan hiddəti, qəzəbi bir az da coşub daşır, yumruğu ixtiyarsız düyünlənirdi.
Bu minvalla günlər ötüb keçirdi…
***
Artıq bir qədər vardı ki, Nadir Zakirin kabinetində idi.
Günlərdir Zakirlə üz-üzə gəlməmək üçün iş yerində az qala gizlənqaç oynamışdı. Övladın heç kimi nəzərə almadan atdığı bu addım onu əməlli-başlı pis vəziyyətdə qoymuş, Zakirin yanında dilini kəsmişdi. Özlərinə haqq qazandıracaq heç bir söz tapa bilmirdi. Təqsirkar adam kimi gəldiyi dəqiqədən baxışlarını yerə dikib susurdu.
Olduqca gərgin və sıxıcı ab-hava vardı bu anlar.
Nəhayət, Zakir sükutu pozdu. Hər zamankı zəhm yağan sərt ifadəsi və təlatümlü səsi ilə:
– Mən hələ də bir izah gözləyirəm, Nadir, – dedi. – Gör bir neçə gün keçib, təəssüf ki, hələ bir aydınlıq gətirən olmayıb bilək bu nə məsələdir belə. Qızının bu qəfil qərarının bir izahı olmalıdır. Bütün bu olanlar əbəs deyil. Bilməliyəm görüm, bizi ələ salmasının səbəbi nədir?
Nadir daxili sıxıntı ilə köks ötürdü. Dinmədi. Zakir odlana-odlana sözünə davam etdi:
– Sənin verdiyin söz, deməli, bu yerə qədərdir də. Deməli, evdəki hökmün, hüququn ancaq bu məqama kimi çatır.
Nadir baxışlarını qaldırıb iradla Zakirə baxsa da səbrini basdı. Yersiz bir söz deməyi lazım bilmədi. Zakir danışdıqca bir az da gərilirdi:
– Biz, dədə-babadan belə görüb adət etmişik ki, nəslin başbilənləri, ağsaqqalları yığışıb söz kəsərdilər, bir qızı bir oğlana ad edərdilər, hamı da qızı həmin oğlanın bilərdi. Daha üzük taxılan məqamda qız irəli çıxıb öz qərarını bəyan eləməzdi. Böyük sözü heç sayılmazdı. Bəlkə belə deyil, Nadir? Bəlkə haqsızam?
– Zakir… – Dərindən köks ötürən Nadir özünü toplayıb dilləndi. – Mən verdiyim sözə heç vaxt xilaf çıxmaram. Kəsdiyim duz-çörəyi tapdayıb keçmərəm. Biz bir valideyn kimi övladla bağlı çox arzular diləyib, xəyallar qura bilərik. Amma evlənən onlardır. Bunu işin əvvəlində nəzərə almalı idik. Deməli, böyük bir səhv buraxmışıq. Bəlkə də xeyirlisi budur.
Zakirin masaya çırpdığı yumruq Nadirin sözünü yarıda kəsdi. O, əllərini masaya dayaq verib bir qədər Nadirə tərəf əyildi. Qəzəbi içərisini doğraya-doğraya dedi:
– Mənim oğlumun heysiyyəti səni düşündürməyə bilər, səninçün bu bəlkə də asandır. Adi bir haldır! Çünki sən oğul sahibi deyilsən! Bu hissi yaşamamısan!
Nadirin rəngi boğulub qaldı. Zakir bunu gördüyü halda davam elədi:
– Mən tərəfdən isə bu heç də belə deyil! Səndən fərqli olaraq oğlumla oyun oynanılması mənə çox pis təsir etdi. Bunu asanlıqla həzm edə bilmərəm! Xəbərin var ki, günlərdir o, nə haldadır? Nə vəziyyətə qalıb? Salehi tanıya bilmirəm, Nadir! Doğma balamı tanımaqda çətinlik çəkirəm! On günün içərisində on il qocalıb. Evdən qaçaq düşüb. Bunu asan həzm edəcəyini sanırsansa, yanılırsan.
Nadir ağır-ağır ayağa qalxdı:
– Bilirəm, həzm etmək asan deyil, həyatda elə işlər, elə əməllər var ki, udursan, amma ömrünün sonuna kimi nə billah edirsən, həzm edə bilmirsən.
Zakir qohumunun ona ünvanladığı sözlərin arxasında yatan mənanı göydə tutdu. Baxışları bir az da sərtləşdi. Nadir buna baxmayaraq sözlərinə davam etdi:
– Bu gün bu addımı atdığı üçün qızım deyil günahkar. Sizli-bizli bu qərara gələndə, belə olmasını istəyəndə, onun fikrini soruşmadığım üçün mən günahkaram. Mən də istərdim qohumluğumuz möhkəmlənsin. Olmadı, deməli, qismət deyilmiş. Əgər qız istəmirsə, bunun üçün onu məcbur etməyəcəm.
– Deməli, bu rüsvayçılığın əvəzini mənim oğlum bir günahkar kimi təkbaşına ödəyəcək, sən qızının başını tumarlayıb, ayağının da altına iri bir daş qoyacaq, nə etmisənsə, əcəbdir deyəcəksən? Deməli, açıq etiraf edirsən ki, qızına gücün çatmır.
– Mənim nə demək istədiyimi sən çox gözəl bilirsən. Əbəs yerə sözü yoxuşa sürmə!
Zakirin eyhamla dodağı qaçdı.
– Xeyri yoxdur e, atam-qardaşım. Sənin zəhmət çəkib böyütməyinlə deyil, qan öz sözünü deyir. Qanı xarabdır it balasının, getdi Kamala çəkdi. Bundan artıq nə gözləməli idim ki?
Nadirin üzündəki ifadə dəyişdi.
Kamal Nadirin kiçik bacısı Zərifənin həyat yoldaşı olmuşdu. Uzun illər bundan əvvəl Zakirin işlədiyi cinayəti öz boynuna götürüb, dəmir barmaqlıqlar arxasına getməli olmuşdu. O ərəfədə yenicə ana olmuş Zərifə bu xəbəri alanda hələ doğum evində idi. Sevdiyi insanın haqsız yerə zindana düşməsi ilə barışa bilməyib, qardaşı Nadirdən kömək istəmək üçün onun yanına gedərkən yolda maşın qəzasına uğrayıb, dünyasını dəyişmişdi.
İndi Zakir onun illərdir qaysaq bağlamayan yarasına bilərəkdən toxunub, Nadirə əzab vermək istəyirdi.
Nadir qaşlarını düyünləyib, boğmağa çalışdığı bir gərginliklə sual verdi:
– Kamalın hansı biqeyrətliyini görmüsən ki, haqqında belə danışırsan? On səkkiz il bundan əvvəl heç belə demirdin. Səni bəladan qurtarsın deyə hər şeyə razı idin.
– Səsinin tonunu aşağı sal! – Zakirin rəngi boğuldu.
Nadirin yatmış qəzəbi bir anda coşmuşdu. Əsəbini cilovlaya bilmirdi.
– Səni satmadı, sənin günahını boynuna götürdü. Budur Kamala qoyduğun hörmət? Budur çox sağ ol? Həyatını məhv etdiyin bəs deyil, balasını əllərdə qoyduğun bəs deyil, hələ bir günahkar da bilirsən? Bəlkə bu illər ərzində bir dəfə zindana görüşə getmisən? Bəlkə xəbər almısan ki, Kamal, ölübsən, ya qalıbsan?
– Başlama yenə eyhamla danışmağa. – Zakir gərginliklə fısıldayıb, kresloda qurcalandı.
Nadir dilini-dodağını gəmirdi. Od tutub yana- yana:
– Sən mənim bacımı bədbəxt elədin, kişi oğlu! – dedi. – Gənc yaşında torpağa gömüldü! Elə bilirsən unutduq getdi? Xeyr, unutmadıq! Sadəcə bacımız Zivərə görə susub, çəkdik sinəyə! Zivərin xətrinə mən bu işə razılıq vermişdim, Zakir! Özgəyə qismət olmasın dedi, gözümüzün önündə olsun. Razılaşdım. Yoxsa qanı xarab dediyin o uşağın bir telini də rəva görmərəm mən sizə!
– Ağıllı ol! – Zakir onu baxışları ilə hədələdi.
– Mənimlə hədə ilə danışma! – Nadir bir az da gərildi.
Zakir hirs onu boğa-boğa fısıldadı. Düyünlənmiş yumruğu gərginliklə açılıb-yumuldu. Nadir bunu görəndə istehza ilə:
– Bəlkə məni də göndərəsən Kamalın dalınca? – dedi. – Bu sənin əlində su içim kimi asan bir işdir! – Sözün bu yerində səsini bir qədər qısaraq əlavə etdi. – Ala, sən bu kresloda otura bilmək üçün o qədər bığıburma nər oğlanların həyatını məhv edib göndərmisən ki, içəri! Buna təkcə mən şahidəm! Mənə niyə etməyəsən ki?
– Təqsiri olmayan bir kimsə barmaqlıqlar ardına düşmür. – Zakir gərildi. – Hmm, həmişə belə olur da, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Sizinlə bizim məsələ eynilə buna bənzədi, qohum.
– Xeyr! Sən bilərəkdən yarasını qoparırsan insanın, zorla dedizdirirsən sözü özünə! Heç olmasa sus, günahını, təqsirini yadına sal. Və bunu yadında saxla! O uşaq mənim təkcə övladım deyil, həm də ən dəyərli əmanətimdir. Onun xoşbəxtliyi üçün canımdan keçmək lazım olsa, bir an belə yox demərəm! Mənim üçün o, bu qədər qiymətlidir!
Bunu deyib Nadir əsəbi addımlarla kabineti tərk elədi. Amma Zakirin onun arxasınca dikilmiş intiqam yanğısı ilə parlayan kinli baxışlarını görmədi.
Birinci hissənin sonu