Firuzə Davudqızı
Dodağımı dişlərimin arasında sıxıb susdum. Necə deyəydim ki, bacım sənə aşiq olub, sənə görə intihara cəhd edib? Necə dilimə gətirəydim bunu?
Elə bu anda Saleh hövsələsiz bir şəkildə mənə çəmkirdi:
– Sual verdim sənə! Səbəbi açıq de! Nə səbəbə məni rədd edirsən?
Diksinib onun gərginlikdən titrəyən üzünə baxdım.
Əsl simasını indi gördüm. Salehi indi tanımağa başladım. Bir anın içində qəzəbi necə qaynayıb coşmuşdusa özünə gücü çatmırdı. Eynən atası Zakir əminin zəhmli-zabitəli ifadəsi, hökmranlıq yağan səs tonu və təkəbbürü vardı onda. Niyə də olmamalı idi? O, Zakirin oğlu idi. Damarlarında Zakirin qanı axırdı.
Atasının bibimə bir ömür boyu həyatı zəhər etdiyini hamımız bilirdik. Bibim bunu hər kəsdən gizlədib son dərəcə xoşbəxt görünməyə çalışsa da, əslində belə olmadığı bizə gün kimi aydın idi.
Zivər bibi Zakir əmini sevib ərə getdiyi üçün bütün əzablara səssizcə dözmüşdü və hələ də dözürdü.
Saleh dodaqları səyriyə-səyriyə barmağını mənə tuşlayıb silkələdi:
– Xəyanətdən başqa sənə hər şeyi güzəştə gedərəm. Çalışaram başa düşüm. Anlayım. Odur ki, düzünü de. Nədir səbəb? – Sonuncu kəlmələri bağıraraq dedi. – Uzatma, dillən!
Salehin hökmlə cavab tələb etməsi məni dillənməyə məcbur etdi. Güclə dilləndim:
– Mən səninçün doğru seçim deyiləm.
– Niyə? Nə üçün? – Eyni səs tonu ilə o, bir də soruşdu. – Ciddi bir səbəb olmalıdır ki, sən özünü mənə rəva görməyəsən. İzah elə!
Həqiqəti söyləyib Türkanı rüsvay etmək istəmədiyim üçün bəhanə gətirdim:
– Səni sevmirəm.
Acı istehza ilə dolu bir təbəssüm gəzdi dodaqlarında:
– Bunu gözəl bilirəm, mən, əlbət ki, uşaq deyiləm! Amma bu doğru cavab deyil! – Və səbri tükənmiş halda təkrar üstümə bağırdı. – Düzünü de!
– Birgə ömür sürmək istədiyim insana sevgi hiss etməliyəm. Sənə yalan danışmaq, səninlə oyun oynamaq istəmirəm. Mən səni bibioğlu, bir qardaş kimi sevmişəm. Başqa cür ola bilməz. Bacarmıram. Nə qədər ki, gec deyil…
Saleh hirsindən dilini-dodağını gəmirdi. Qolumdan yapışıb bir həmlədə hirslə özünə sarı çəkdi. Qəzəblə gözlərimin içinə baxdı.
Onun bayaqdan üstümə bozarıb məni sıxma-boğmaya saldığını görən Fərrux kişinin səbri daşdı. Söhbətə müdaxilə etməyə məcbur oldu. Bizə yaxınlaşıb bibim oğlunu sakitləşdirmək istədi:
– Oğlum, yaxşı deyil.
– İşinlə məşğul ol sən! – Saleh ona üzünü bozardıb, üstünə çəmkirdi. – Sənin həddin deyil məndən hesab sormaq! Mənə yol göstərmək!
Fərrux kişi təəssüf yağan nəzərlərlə məni süzdü. Lakin çox dərinə getmək istəməyib, məcburən bizdən ayrıldı.
Saleh təkrar mənə baxdı:
– Bu nə nağıllardır danışırsan mənə? Sən bu qədər insanı ələ salmısan? Bu vaxta qədər, deməli, mənimlə oyun oynamısan? – Alt-üst olmuş bir əhvalla, hesab soran nəzərlərlə gözlərimin içinə baxırdı. Baxışları məni məyus etdi. Lakin cavab verməli olduğumu xatırlayıb dərhal dilləndim:
– Xeyr! Mənim səninlə oyun oynamaq ağlımdan belə keçməyib.
Salehin gözü barmağıma sataşdı. Anasının taxdığı üzüyü barmağımda görməyəndə bir daha sarsıldı. İstehza ilə:
– Belə de də, sən məsələni artıq öz tərəfindən həll etmisən ki. Bircə qalıbmış mənə xəbər verməyin. Fil qulağında yatmışammış, ala, mən! – Məni buraxıb əsəbi-əsəbi güldü.
Gözümdən çıxan iri yaş damlası yanağıma süzüldü. Titrək bir səslə:
– Saleh, məni bağışla! – dedim.
– Yox, bir “bağışla” kəlməsiylə bitmir bu işlər. Bir dayım qalıb boğazımda, yoxsa səni elə buradan götürüb aparardım, o zaman başa düşərdin ki, istədiyin zaman ayrılıram deməyin sənə necə baha oturardı. – Açıq hədə ilə dedi. – Sən bilirsən mənimlə necə rəftar etdin?
Bu sual və bu qınaq məni yerlə-yeksan etdi. Davam gətirməyib gözlərimi gözlərindən qaçırdım.
O isə gözünü qırpmadan baxışlarını hələ də üzümə dikmişdi. Amma mənə baxsa da sanki məni görmürdü. Bu an onun nə düşündüyü mənə məlum olmasa da qərarım onu açıq-aşkar göydən yerə çırpmışdı.
Çarəni yanından ayrılmaqda gördüm. Mən ona ərə getməkdən imtina etsəm də dəqiq bilirdim ki, bu Türkana heç bir şans verməyəcəkdi. Saleh onun sevgisindən xəbərsiz idi, ümumiyyətlə bunu ağlına belə gətirmirdi. Və bu izdivacın baş tutması heç vaxt mümkün olan iş deyildi. Mən isə bacımın Salehə olan hisslərindən xəbərdar ola-ola əsla Salehin qadını olmağı qəbul edə bilməzdim. Bu mənim təbiətimə xas deyildi. Belə bir şeyi qəbul etmək mənə ağır gəlirdi. Belə bir iş tutduğum üçün məni kim qınayır qınasın, mən bacımı nə cismən, nə də mənən itirmək, onun ahı ilə yaşamaq istəmirdim.
Qapının ağzında özümü toplayıb, gözümün yaşını silib, evə keçdim. Girişdə Məqbulə ilə rastlaşdım. Həyəcanla üzümə baxdı. Deyəsən həyətdə baş verənlərə şahid olmuşdu. Yanından ötüb keçərək əlim-ayağım titrəyə-titrəyə salona gəldim.
Anam rəngimin qaçdığını üzümə baxan kimi sezdi. Şübhələnib, sual yağan baxışlarla mənə baxdı. Otağıma getmək istəsəm də, o, baxışları ilə məni geri dönməyə məcbur etdi. Ayaqlarımı dalımca sürüyə-sürüyə keçib divanda əyləşdim.
Özüm burada olsam da, bütün fikrim Salehin yanında qalmışdı. Atdığım addımın nələrə səbəb olacağı mənə məlum olsa da, qəribə bir yüngüllük duyurdum özümdə. Bir ömür boyu əzabla yaşayıb, saxtakarlıq etməkdənsə bəri başdan üzülüşmək yaxşı idi. Əks halda, belə bir həyat dözülməz olacaqdı. Bu, ikimiz üçün də haqsızlıq idi.
Salehin həqiqəti qəbul etməsi, sözlərimi həzm etməsi asan deyildi. O mənimlə xoşbəxt bir həyat ümidi ilə xəyallar qurmaqda ikən birdən-birə hər şey alt-üst olmuşdu. Aldığı zərbədən özünə gəlməsi, şübhəsiz ki, uzun çəkəcəkdi.
Təxminən beş dəqiqə sonra Saleh tutqun ifadə ilə içəri gəldi.
Gözucu onu süzsəm də üzünə baxmağa ürək etmədim.
Saleh keçib anası ilə yanaşı əyləşdi. Və onun gərginliyini güclə boğmağa çalışaraq bibimə dediklərini duydum:
– Ana, getməliyik.
Zivər bibi təəccüblə onu süzdü:
– Nə oldu?
– Getməliyik dedim! – Saleh fısıldayıb anasını tələsdirdi. – Qalx!
– Nə oldu axı? Gəldiyimiz yarım saat deyil. Biz səninlə nə danışmışdıq? Özün dedin ki, nə qədər istəsəniz oturun, gəlib aparacam. Day, keçib. Gözlə, dayınla atan da gəlsin. Yoldadırlar. Birlikdə qayıdarıq.
– Ehtiyac yoxdur. Qalx.
– Saleh…
– Maşında gözləyirəm! – Saleh anasına dillənməyə macal verməyib, qəti səslə dilləndi. Yerindən qalxıb iti addımlarla evdən çıxdı.
Zivər bibi donub qaldı. Oğlundakı bu qəfil dəyişiklik, üstəlik də gərgin tövrləri onu mat qoydu. Qaçaraq baxışla məni və salondakıları süzdü.
Anam yaranmış pərtliyi aradan qaldırmaq üçün baldızını sakitləşdirib, eyni zamanda şübhə ilə mənə baxdı. Və nə olduğunu bilmək üçün Salehin dalınca getdi.
Bibinin səsinə ona doğru çevrildim:
– Aydan, nə isə olub?
Baxışlarımı yerə dikib, susdum.
– Qızım, səninləyəm. Nə baş verib? Mübahisə elədiniz? Nə oldu bir anın içində?
Susmağa davam etdim.
Elə bu anda ard-arda verilən kəskin siqnal səsi evin içində duyuldu. Saleh idi.
Zivər bibi uzun, dərin bir baxışla məni süzərək durmayıb evdən çıxdı. Hər kəs də onun ardınca. Salonda tək qaldım. Sorğu-sual atəşinə tutulacağımı şəkk-şübhəsiz bildiyim üçün otağıma tələsdim. Amma buna macalım olmadı.
Bu anda atamla Zakir əmi və onların ardınca anam, Zivər bibi və digərləri salona daxil oldular. Hamısı pərt idi. Zivər bibi bulud kimi dolub durmuşdu.
Ürəyim çırpına-çırpına gözləməyə başladım.
Zakir əminin gərgin tonda sərt ahəngli səsi hamını duruxdurdu:
– Zivər!
Zivər bibi diksinib rəngi ağarmış halda ərinə baxdı. Zakir əmi bir gözü məndə, ona müraciət etdi:
– Saleh nə deyirdi sənə?
Zivər bibi cavab vermək əvəzinə kövrəldi. Ərinin zəhmli səsi onu yenidən diksindirdi:
– Səninləyəm! Nə baş verib? Biriniz mənə izah eləyin görüm!
Ərinin təbiətinə, xarakterinə bələd olan bibim yalan danışmağı lazım bilmədi. Çünki Salehin fikrində qəti olduğuna artıq əmin idi.
– Saleh dedi nə gətirmisənsə hamısını yığışdır, qayıdın evə! – Bibi öz oğlunun ona dediklərini əzab içində təkrarlayıb sözünün sonunda yanıqlı-yanıqlı hönkürdü.
Bunu duyanda hamı heyrətlə mənə baxdı. Atam bir yana, anam bu dəqiqə mənə elə hiddətlə baxırdı ki, boğazımdan yapışmamaq üçün özünü zorla saxlayırdı.
Duyduqlarından sonra Zakir əminin qaşları düyünləndi, sifəti qızarıb-bozardı. Qəzəbini güclə yatırıb ağır-ağır başını tərpətdi. Bir az əvvəl eynən Salehin də üzündə bu ifadəni görmüşdüm.
Zakir əmi atama müraciətlə dedi:
– Mənə düşməz qız-gəlin içində sözün ucundan tutub ucuzluğa gedim, səninlə burada söz güləşdirim. Amma qızın bizə bir izah borcludur, Nadir. Oturt qarşında, soruş. Araşdır bu nə məsələdir. Buna bir aydınlıq gətir, nədə qüsura yol verdiyimizi bilək. Sonra gələrsən, ikilikdə danışarıq.
Atam bu dəqiqə elə bir halda idi ki, bıçaq vursan qanı çıxmazdı. Üzünə baxmağa cəsarətim çatmırdı.
Durmayıb otağıma yollandım.
Mən yuxarı qalxıb dəhlizə keçəndə Türkan heyrəti üzünün ifadəsində donmuş bir halda mənə baxırdı. Bəlli idi ki, nə baş verdiyini duymuşdu. Onun mənə zillənmiş baxışlarını görməzliyə vurub talan olmuş bir halda yanından ötüb keçdim. Otağa keçib qapını içəridən bağladım. Çarpayıya uzanıb dərin sıxıntı içində gözlərimi tavana zillədim. Bundan sonra baş verəcəkləri düşünürdüm. Elə bu anda otağın qapısı zərblə döyüldü. Təxmin etdiyim kimi anam gərgin səs tonu ilə qapının arxasından mənə səsləndi:
– Aydan, aç qapını!- qapının cəftəsini hirslə dartışdırdı. – Eşitmirsən məni, ay qız? Qapını aç deyirəm! Qaçıb gizlənməklə deyil!
Mən gizlənmirdim, sadəcə halımın belə bərbad bir vaxtında sorğu-sualdan uzaq olmaq istəyirdim. Onsuz da yetərincə sarsıntı keçirmişdim.
Amma bu, Şahnaz xanım idi. Onun düşüncəsinə görə mən təqsirkardım və bunu qəbul etməyə cəsarətim çatmırdı.
Təbiətinə bələd idim, məndən hesab sormayınca gedən deyildi. Tamam sakit bir tövrlə qalxıb qapını açdım. Hövsələsiz bir şəkildə otağa keçən anam tənbehedici nəzərlərlə məni süzdü:
– Nədir mənim siz qızlardan bu çəkdiklərim? Sonuma çıxmaq istəyirsiniz? Dünən bacın, bu gün sən! Bu nə şəbehdir çıxarırsan?
Dillənmədiyimi görüb, səsini qaldırdı:
– Ay qız, səninləyəm!
– Mən şəbeh çıxarmıram, belə lazım idi.
– Deməli belə? – O, mat-məəttəl üzümə baxdı. – Sən bizdən belə çox bilirsən?
Köks ötürdüm. Yenə dillənmədim. Sükutum anamı bir az da özündən çıxardı. Qeyzlə üzümə baxıb cavab tələb etdi:
– Nə dedin Salehə? – Birdən səsini qaldırdı. – Susma, cavab ver! Saleh boş yerə belə eləməzdi. Nə dedin ona?
– Dedim razı deyiləm!
Söz ağzımdan çıxar-çıxmaz anamın qəfil şilləsi sifətimi odlayıb yandırdı. Əlimlə üzümü tutub titrədim. Çevrilib sarsılmış halda ona baxaraq:
– Bəzən şübhə edirəm sənin mənim anam olduğuna! İnanmağım gəlmir! – dedim. – Çünki səni qızlarının aqibəti, nə hiss etdikləri maraqlandırmır, səni maraqlandıran yalnız öz məqsədindir! Sən bizim xoşbəxtliyimiz üçün yox, öz məqsədin uğrunda vuruşursan!
Bu sözlərim anamı bıçaq kimi kəsdi. Tutulub qaldı. Gözləri dolmuş halda üzümə baxdı:
– Deməli, bu idi sənə çəkdiyim zəhmətin mükafatı! Bu nə sözlərdir eşidirəm mən!
Mən ağlamamaq üçün göz yaşlarımı zorla boğub, özümü ələ almağa çalışdım. O isə israrla məndən qərarımın səbəbini sorurdu:
– Niyə belə elədin? Atanı heç düşünmədin? Necə cavab verəcək? Nə səbəb gətirəcək?
– Səbəbi açıq söylədim! Razı deyiləm! İndi isə tək burax məni, tək qalmaq istəyirəm.
– Səndə ki bu ağıl var, onsuz da tək qalacaqsan! Buna əmin ol!
Sözü ağzında qaldı. Bu anda Zivər bibi və Gülnar otağa gəldilər.
Onları görən kimi özümü yığışdırıb şillə yediyimi bəlli etməməyə çalışdım.
– Şahnaz, icazə versən bibi-bala bir balaca söhbət edək biz. Olar? – Anamdan bizi tək buraxmasını istədi.
Bibinin ağlamaqdan gözləri qızarmışdı. Kədərli idi. Amma inamını itirmək, belə tezliklə geri çəkilmək istəmirdi. Saçlarımı sığalladı. Gülümsəməyə çalışaraq məni dilə tutmağa çalışdı:
– Bibi sənə qurban, bax burada kənar heç kim yoxdur. Heç kimdən qorxub-çəkinməyinə də gərək yoxdur. De görüm bibiyə, nə oldu birdən-birə? Niyə bu qərara gəldiniz?
Başımı aşağı saldım. Susdum.
– Saleh xətrinə dəyəcək bir söz dedi?
– Qaqaşım onu necə çox sevir, etməz belə. – Mənim yerimə Gülnar dilləndi.
Zivər bibi təmkinini pozmayıb, təkrar eyni mülayimliklə mənə səsləndi:
– Quzum, sən məgər istərsən ki, bibin o evdə başı aşağı olsun?
“Yox” mənasında başımı buladım. Bibim sanki ürəkləndi, məndən işin əslini öyrənməyə çalışdı. Onun israrına dayana bilməyib kövrələrək bibimə sarıldım:
– Məni bağışla bibi, verdiyin dəyərə layiq olmaq istərdim, inan bunu çox istərdim. Təəssüf edirəm, – deyib, hönkürüb ağladım. – Səni çox sevirəm, anam qədər çox! Amma məndən bunu istəmə. Soruşma səbəbini. Belə yazılıbmış, belə də bitdi. Məni bağışla! İstəməzdim sən belə çətin vəziyyətdə qalasan, istəməzdim məni nankor övlad kimi tanımış olasan. Bağışla!
Bibim yerində quruyub qalmışdı. Səs-səmiri çıxmırdı…
(Ardı var)