“O, işığa deyil, hüzura layiqdir”…
Kamal Abdulla
Hər bir ədəbi cərəyanın canında bir forma iddiası var. Romantizmin də, realizmin də, sentimentalizmin də öz forma iddiaları olub. Amma onu son dərəcə qabarıqlaşdıranda, çılpaqlaşdıranda bəzən gülünc və bəzən də qəribə nümunələrə gəlib çıxıblar.
A.Voznesenskinin “Xoruzların döyüşü” adlı bir şeirini xatırlayıram. O şeir başdan-başa ancaq bir-birilə döyüşən xoruzların çıxardığı müxtəlif səsləri təqlid edir, mətn büsbütün mənasız səs yığımından ibarətdir. Şair buradakı səsləri ətraf aləmdən çıxararaq tanış bir mənzərəni kitab səhifəsində canlandıra bilib. Ultraformalizmin ideal təzahürü! Sadəlövh adamda “hamı bunu yaza bilər” təsəvvürü yaranır. Amma Voznesenskinin də, Rembonun da, Xlebnikovun da başqa şeirləri var. Onlar bütün ölçüləri, vəzn və qafiyələri son dərəcə cilalanmış bir hala sala bilirlər. Başqa sözlə, əvvəlcə “klassik” boylu-biçimli əsər yaza bilmə bacarığını ortaya qoyandan sonra sənətkar hər hansı eksperiment etmə səlahiyyəti qazanır. Ən abstraksionist rəssam belə əvvəlcə adamı olduğu kimi, realistcəsinə çəkə bilməlidir – ən abstrakt və romantik ştrixin arxasında min illərin sərt təcrübəsi və içdən gələn ilahi bir energiya durmalıdır. Bir sözlə, oxucu və seyirçi “Xoruzların döyüşü” zamanı olan kimi çaşmamalıdı. O, Rembrandtın “Gecə qarovulu” tablosunun qarşısındakı kimi heyrətlənməlidi.
***
Mona Lizanı bəyənməyən və bunu yüksək səslə bildirən birisinə belə deyirlər: Bilirsinizmi, bu qadın uzun illər və əsrlər o qədər adama və elə adamlara özünü bəyəndirib ki, indi artıq o özü seçir, kim onu bəyənsin, kim isə bəyənməsin.
Əsl mətn də belədir. O, həqiqi oxucusunu özü seçir.
***
Mənim bir sıra şeirlərim, esselərim, hekayələrim, hətta pyeslərim romanlarımı yazmaq üçün eksperiment funksiyasını yerinə yetirdilər. Amma maraqlısı odur ki, mən bunu indi, romanları yazandan sonra anladım. Yəni mən onları yazanda düşünməmişdim: bax, bu, eksperimentdir, bu isə yox. Yazı zamanı bunlar səni məşğul edə bilməz. Eksperimentlə bağlı bu qədər. Mən eksperimentdən danışmağı çox da sevmirəm. Eksperiment Səma söhbəti deyil. Səma söhbətlərini yerüstü söhbətlərdən ayırmaq lazımdır.
***
Həyatda görmədiklərimiz qaldımı?! Satqın dostlardan kişi düşmənlərə qədər hər kəsi gördük. Sonadək dəyişməyənlər də oldu. Bir etiraf edim: bu sonuncular etibarlı və faydalı olduqları qədər də maraqsız idilər.
***
“Oxucu” məsələsi də Səma söhbəti deyil. Əslində, bunlar son dərəcə vacib, amma yenə də ədəbiyyatətrafı söhbətlərdir. Sənə nə lazımdır? Sənə Yol lazımdır!!! Hər kəs öz yolunu, öz şeirini, öz şairini tapır, nərdivan kimi dirəyir üzü Dərgaha. Kimi hoppanır, hoppanır, sonra yenə qayıdıb dəyir guppultuyla yerə (Sizif kimi), kimi də görükən buludlara qədər ucalır, kimi bir az da ondan yuxarı… Sən bütün bu vurhavurda “oxucu” adlı o məxluqu görə bilirsənmi?!
Kiçik hərflə yazılan “oxucu” və böyük hərflə yazılan “Oxucu”nun fərqi barədə isə uzun-uzadı danışmaq olar. Bunların arasında hələ bir “oxuyucu” da var.
O başqa məsələ ki, niyə O, – göydəki, bu hoppanıb-düşənlərin birinə işıq göndərir, başqasına hüzur verir. Qiymətləndirmə məqamı (meyarı), əslində, insan oğlunun icadı deyil və onun istəyilə olmur. Bulqakovun “Sənətkar və Marqarita” əsərində sənətkar haqqında belə deyilir: “O, işığa deyil, hüzura layiqdir”. Həqiqətən, sənətkar üçün ən önəmli olan hüzurdur, başqa şey deyil.
***
Mətn həmişə iddialıdır. Ən azından, onun oxunmaq və bəyənilmək iddiası var. Bu, iddianın görünən, sezilən tərəfidir.
İddianın görünməyən tərəfi mətnin başqa – özünəbənzər və ya özünəbənzəməz mətnlərlə səsləşməsidir. Bu ikinci cəhət mətnin yaşaması üçün son dərəcə vacib amildir. Əslində, mətn özü imkan verir ki, biz onu başqa mətnlərlə müqayisə edək. Rəsmi müqayisə adətən özünəbənzərlərlə, qeyri-rəsmi, kulisarxası müqayisə isə özünəbənzəməzlərlə aparılır.
***
Borxesin məşhur “ədəbiyyat idarə edilən yuxudur” tərifinə qayıdaq. Demişdik ki, bəzi yazıçılar bu yuxu məsələsini ədəbiyyatda çox zaman primitiv şəkildə başa düşür və personajları yeri gəldi-gəlmədi, ayılar-ayılmaz yenidən yatmağa göndərir və onların gördükləri (!) yuxuları uzun-uzadı təsvir edirlər. Bu yuxular isə Borxes deyən yuxu deyil. Borxes deyən yuxu əsərin əvvəlindən axırınadək davam edir. Borxes deyən yuxu müəllifin yuxusudur, personajın yuxusu deyil.
***
Ədəbiyyatın universal tərifə “gəlməməsinin”, məncə, bir səbəbi də budur ki, ədəbiyyat həyatın bütün sferalarının, bütün şaxələrinin fövqündə dayanır. Yəni təxminən belə: “Ədəbiyyat hər şeydir”. Havanın, suyun mənəvi tərifini vermək nə cür mümkündürsə, ədəbiyyatın da tərifini vermək o cür mümkündür. Yəni mümkün deyil.
***
“Mühakimə etmə, mühakimə edilərsən!” Nə qədər ki, cavanlar şəxsiyyətlə mətni bir-birinə qarışdıracaq, barrikadalar aradan götürülməyəcək. Nə qədər ki, cavanların, elə bizim hamımızın, bu sözləri deməyə mənəvi qabiliyyətimiz çatmayacaq, “qan davası” davam edəcək. O “sehrli” sözlər budur. “Bu əsər əsərdir, amma bu əsər mənim əsərim deyil”. Bunu demək təkcə tərbiyə yox, həm də intellektual səviyyə tələb edir. Bunu deyərkən sən mənə sübut edə bilərsən ki, infantillikdən uzaqsan.
Bu gün “ədəbiyyat ancaq mən deyəndir və başqa cür deyil” düşüncəsi isə xəstə təsəvvürün məhsulu kimi ancaq və ancaq barrikadalara gətirən aqressiv isterikadır. Oyundan yox, oyun yaxşı şeydir, əslində, hər şey oyundur, oyundan demirəm, oyuncaqdan ayrıla bilməyənlərin doktrina və manifestləri məhz belə inkarçılıq təməli üzərində qurulur. Yaşlı vaxtında oyuncaqla oynayanların isə əsl oyunun ləzzətindən xəbəri olmaz. Onların yeri Çexovun 6-cı palatasındadır.
***
Yağışlı, çiskinli bir payız havası olaydı. Duman yavaş-yavaş dağ ətəyindən dağ başına çəkiləydi. Uzaqdan yarısı havada əriyən səslər gəlib çataydı. Ürəyin az qala yerindən çıxmaq istəyəydi. Göylərdən bir arzun olsa, yerinə yetirək deyəydilər. Düşünəydin, beynindən bütün həyatın ildırım sürətilə keçib gedəydi. Heç bir məqamını saxlamaq, geri qaytarmaq istəməyəydin. Heç nə istəməmək özü də ayıb olaydı. Bu zaman ürəyindən aram-aram bunlar keçəydi: yağışlı, çiskinli bir hava, yavaş-yavaş dağ ətəyindən dağ başına çəkilən duman, uzaqda havada əriyən səslər…
***
Belə bir anlayış var: “ümumbəşəri mədəniyyət”, “ümumbəşəri mənəvi sərvətlər xəzinəsi”. Bu anlayışın içində artıq Qərb, Şərq, Şimal, Cənub yoxdur. O, kompasla idarə olunan bir məkan deyil, o, çox spontan və gizli gedən proseslər nəticəsində bəzən zərrə-zərrə, bəzən isə ton-ton yığılır, yığılır və nəticədə, insanlıq üçün vahid mədəniyyət xəzinəsi, mənəvi ləzzət mənbəyi yaranır. Məsələn, indi hansı qərbli yadına salır ki, “sıfır” anlayışı elmə ərəblərdən gəlib?! Və yaxud xatırlayır ki, onun Aristoteli tanımağının səbəbkarı ərəb Averroesdir?! (Əlbəttə ki, Borxesdən başqa.) Və yaxud onu düşündürürmü, beyninin dərinliklərində yer salan hansısa psixoloji modellərin əsası Çindən, yaxud türkdən gəlib?! XX əsrin böyük psixoanalitiki və filosofu Karl Yunqun əsərləri mütəxəssislərə əsas verdi ki, onun düşüncə tərzinin dərinliklərində qədim Çin pünhanlıqlarından çox şeylər var, deyə düşünsünlər. Hətta K.Yunqu hansısa əvvəlki bir həyatında çinli kimi təsəvvür edənlər də tapıldı.
“Şərq Şərqdir, Qərb Qərbdir və onlar heç zaman bir-birinin içində əriyə bilməyəcəklər” – ingilis imperiyasının sədaqətli ədəbi əsgəri olan Kiplinqin bu misraları çağdaş dünyamızda da keçərlidirmi?! Bir qərblinin düşüncəsi bu gün buna hazırdırmı?! İngilis dahisinin bu misralarını, adətən, sitat gətirənlər onları iki nəhəng və möhtəşəm düşüncə tərzi, mədəniyyətlər arasında, az qala, tikanlı keçilməz sərhədə çeviriblər. Amma bu zaman həmin misralarla başlayan o gözəl balladanın məzmununun ibrətamizliyini “unudurlar”. Balladanın sonunda Kiplinq, əlbəttə ki, iki sevən gəncin faciəli aqibətində Şərqlə Qərbi birləşdirir.
Harda Şərq qurtarır, harda Qərb başlayır?! Bunu kim dəqiqliyilə deyə bilər?! Müasir insan özünü bütöv dünya mədəniyyətinin kontekstində hiss eləyirsə onun üçün istiqamətin bir anlamı varmı?! Və yaxud istiqamət hərisi üçün ümumbəşəri mədəni xəzinənin anlamı və çəkisi nədir?!
***
Yeraltı dünya deyirik. Yunan Allahı Aidin səltənəti deyirik. Ora kölgələrin vətənidir. Stik çayını keçdinsə, daha geri qayıtmaq qismətin olmayacaq. Bu tərəfləri də unudacaqsan. Kamü qəhrəmanının o dünyada bu dünyanı xatırlamaq xülyası qəflətən gerçəyə çevrilsəydi, o şirin və rahat yuxuya getməyi kim arzulamazdı?!
Mənbə: Edebiyyatqazeti.az
Ol zamanlar…
Səsimdən yapış…
Kamal Abdullanın yeni kitabı – “Düma ilə Coys arasında”
“Unutmağa kimsə yox…” təkrar nəşr olunub
Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı ikinci dəfə nəşr olunub