Hikmət Nazim
Qanada futboldakı qanunsuzluqları araşdıran jurnalist Əhməd Hüseyn-Saule sui-qəsdə məruz qalıb. İşdən çıxıb evə gedərkən motosikletlə ona yaxınlaşan qatillər üç dəfə atəş açıb. Jurnalist hadisə yerində dünyasını dəyişib.
Medianın yazdığına görə, o, ötən il futboldakı qanunsuzluqları ortaya çıxaran sənədli filmin çəkilməsində iştirak etmişdi. Filmdə 77 hakim və Qana Futbol Federasiyasının prezidenti olan Kvesi Nyantakyi rüşvət almaqda günahlandırılmışdı.
Sənədli filmdən sonra Qana Futbol Federasiyası ləğv olunmuş, üzr istəyərək hadisəni “düşüncəsizlik” adlandıran Nyantakyini FİFA futboldan kənarlaşdırmışdı.
Jurnalistin qətli sənədli filmi hazırlayan qrupa qarşı kampaniyanın aparıldığı günlərdə baş verib. Belə ki, iqtidar partiyasının millət vəkillərindən Kennedi Aqyaponq Əhməd Hüseyn-Sualeni “təhlükəli” adlandırmış, fotolarını yayaraq onu döyənə pul verəcəyini bildirmişdi.
***
Xəbəri oxuduqca niyəsə Rasim Əliyevi xatırladım.
2015-ci ildə “Qəbələ”-“Apollon” matçında qazanılan qələbədən sonra Türkiyənin bayrağını qaldıran “Qəbələ” futbol komandasının kapitanı Cavid Hüseynovun jurnalistlərin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına yumruqlarını bir-birinə vuraraq cavab verməsini “Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan futbolçunun məni Avropa meydanlarında təmsil etməsini istəmirəm” deyə tənqid edən jurnalisti deyirəm.
Hərçənd o vaxtlar parlamentin bir qrup deputatı Rasimin ölümünü “jurnalistin siyasi qətli” kimi qələmə verməyin doğru olmadığını bildirmişdi. Olsun. Bu mövzuya bir azdan qayıdacam.
Bəli, Əliyev məlum statusu yazdığı andan sosial şəbəkədə kifayət qədər insan tərəfindən təhqir olunmuşdu. Bir gün sonra isə ona zəng edib özünü Hüseynovun qohumu kimi təqdim edən bir neçə şəxslə əvvəlcə mübahisəyə cəlb edilmiş, ardınca isə barışmaq adıyla həmin şəxslər onu görüşə çağırmışdı.
Anasının yalvarışlarına baxmayaraq görüşə gedən Rasimi atası Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında döyülmüş vəziyyətdə tapıb xəstəxanaya çatdırmışdı. Yaxınlarının sözlərinə görə, əməliyyat zamanı dalağı çıxarılmış və məlum olmuşdu ki, sınmış dörd qabırğası ağciyəri zədələyib.
Hadisənin səhərisi gün Rasim dünyasını dəyişdi. Həkimlərin açıqlamasına görə, ölümünə daxili qanaxma səbəb olmuşdu. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında jurnalistin vəfatı ilə bağlı məsələləri Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərlərinin xüsusi nəzarətə götürdüyünü və ciddi araşdırdığını demişdi. Əlavə eləmişdi ki, hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Öz növbəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov da Rasim Əliyevin ölümündə günahkar olanların tezliklə tapılıb cəzalandırılmalı olduğunu bildirmişdi.
Bəs qanalı Əhmədin sui-qəsdi niyə mənə Rasimin qətlini xatırlatdı?
O zamankı millət vəkillərinin mövqeyi…
Yadıma düşdü ki, onların mövqeyini yuxarıda yazmışam. Onlar parlamentdə demişdilər ki, Rasimin ölümünü “jurnalistin siyasi qətli” kimi qələmə vermək doğru deyil, çünki Rasim jurnalist yox, operator olub.
Oxuduqca insanda belə bir təəssürat yaranırdı ki, məhrum Rasim Əliyev operator olduğu üçün öldürülüb. Operatorun fikrini müstəqil şəkildə ifadə etmək hüququ yoxdur?
Əslində, bəlkə də Rasimlə Əhmədin qətlində heç oxşarlıq yoxdur, amma onların özünüifadə tərzlərinə münasibət çox bənzəyir: Qananın bir millət vəkili Əhməd Hüseyn-Sauleni “təhlükəli” adlandırmışdı, Azərbaycanın bir qrup millət vəkili isə Rasim Əliyevin qətlini pisləsə də, nədənsə mərhumun nə qədər peşəkar olub-olmadığını da sorğulamışdı. Hər iki qətl, şəkk-şübhəsiz, ictimaiyyətin azad fikrə dözümsüzlüyünün nümunəsidir.
Sonda onu da deyim ki, azərbaycanlı Rasimin qanalı Əhməddən fərqi fikrini jurnalist kimi deyil, bir vətəndaş kimi, daha doğrusu, sosial şəbəkə istifadəçisi kimi ifadə etməsi idi: “Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan futbolçunun məni Avropa meydanlarında təmsil etməsini istəmirəm”. Ən savadsız adam da oxusa bilər ki, bu, jurnalist yanaşması deyil.
Müəllifin başqa yazıları:
Jurnalist də Tanrı kimi…
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Düz bazar”, yoxsa bazar?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Mediada təcrübə
Bakılının erməni musiqisinə qulaq asmağı
Yola verənlər…
Medianın azad fikrə reaksiyası
Bloqçu Mehman və jurnalist…
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?