Əli Əliyevin ölüm işi: iddia qismən təmin edilib
- 24 Yanvar 2019
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Yanvarın 24-ü Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib.
Novator.az-ın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda işin mülki iddia hissəsi araşdırılıb.
Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Prokuror çıxış edərək zərərçəkmiş şəxsin hüquqi varisi, həmçinin mülki iddiaçı İmdad Əlizadənin verdiyi şikayətin təmin edilməsini istəyib.
Zərərçəkənin hüquqi varisinin nümayəndəsi Abil Bayramov ümumilikdə 166 min 531 manatlıq mülki iddianın tam təmin edilməsini istəyib: “Mülki iddamızın əsaslılığını sübuta yetirən kifayət qədər dəlil-sübutu məhkəməyə təqdim etmişik. Ona görə də mülki iddiamız tam əsaslıdır. Təmin olunmasını xahiş edirik”.
İmdad Əlizadə vəkili ilə razı olduğunu və dəyən maddi zərərə görə 151 min 531 manat, mənəvi zərərə görə isə 15 min manatın təqsirləndirilən şəxsdən tutularaq onlara ödənilməsini istəyib.
Seymur Qarayevin vəkili Mirzəmməd Rəhimov isə mülki iddianı qəbul etmədiklərini bildirib.
Təqsirləndirilən şəxs son sözündə yalnız dəfn xərclərini ödəməyə hazır olduğunu deyib.
Daha sonra hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər kollegiyası İmdad Əlizadənin şikayətini qismən təmin edib. Qərara əsasən, təqsirləndirilən Seymur Qarayevdən 141 min 931 manat tutularaq mülki iddaiçı İmdad Əlizadəyə ödənilməlidir.
2016-cı il fevralın 14-də AZAL-ın işçisi Seymur Vidadi oğlu Qarayev idarə etdiyi “GAC” markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu piyada keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.
Əliəsgər Talıbov bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.
Qəza anından koma vəziyyətinə düşən Əli Əliyev isə 504 gün ərzində paytaxtın müxtəlif klinikalarında müalicə olunub. Onun müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” hospitalında 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib.
Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib. Onun dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Göstərilən məbləğlərlə bərabər zərərçəkənin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən məhkəmədə 15000 manat kompensasiya tələb edib. Beləliklə, zərərçəkənin ailəsinin mülki iddiası ümumilikdə 166 min 531 manat həcmindədir.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Seymur Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Nərimanov Rayon Məhkəməsi zərərçəkənin hüquqi varisi İmdad Əlizadənin mülki iddiasını qismən təmin edib. İmdad Əlizadənin 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatı (20 min maddi ziyana, 3 min mənəvi ziyana görə) təmin olunub.
Hökmdən narazı qalan İmdad Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, Seymur Qarayevin cəzasının ağırlaşdırılmasını istəyib. İmdad Əlizadə həmçinin mülki iddiasının tam təmin edilməsini tələb edib.
İmdad Əlizadənin Nərimanov Rayon Məhkəməsinin hökmündən verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılıb. 2018-ci il aprelin 3-də elan olunan qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin (Seymur Qarayev) cəzası azaldılıb, onun maddi və mənəvi ziyana görə ödəməli olduğu təzminatın həcmi isə artırılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Seymur Qarayevin cəzası 4 il 11 ay 28 günlük həbsdən 4 il 6 aya endirilib. Onun ödəməli olduğu təzminatın həcmi isə 23 min manatdan 120 min 931 manata qaldırılıb.
Bakı Apellyasiya Məhkəməsi mülki iddianın yalnız mərhum Əli Əliyevin vaxtilə Mərkəzi Klinik Xəstəxanada və “Avrasiya” hospitalında müalicəsinə sərf olunan hissəsini təmin edib. Məhkəmə təyin etdiyi 120 min 931 manatlıq təzminatın 3 min manatını isə mənəvi zərərin əvəzi kimi müəyyənləşdirib.
Apellyasiya instansiyası belə nəticəyə gəlib ki, mərhum Əli Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) və Bakı Sağlamlıq Mərkəzində müalicəsinə sərf edilən vəsaitin, eyni zamanda yas mərasimi üçün çəkilən xərclərin qəbzləri məhkəməyə təqdim edilməyib. Bu səbəbdən məhkəmə mülki iddianın həmin hissəsini baxılmamış saxlayıb.
İmdad Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb. Qərara əsasən, təqsirləndirilən şəxsin cəza hissəsi qüvvədə saxlanıb, mülki hissə isə ləğv edilib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Əli Əliyev 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyevin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.
Tanınmış jurnalist İmdad Əlizadə Əli Əliyevin altı övladından biridir.