“Bu islahatların bir məqsədi var”
- 24 Yanvar 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Yanvarın 24-ü Bakının Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edən prezident İlham Əliyevə aqrar inkişaf könüllüləri layihəsinin məqsədi barədə də məlumat verilib. Layihənin həyata keçirilməsində məqsəd aqrar sektorun inkişafına ictimai dəstək göstərmək, aqrar sahədə könüllü cəmiyyəti formalaşdırmaq, gələcəkdə bu sahədə fəaliyyət göstərəcək ixtisaslaşmış kadrların yaranmasına təkan verməkdir.
Dövlət başçısı aqrar inkişaf könüllülərinin bir qrupu ilə görüşdə deyib ki, aqrar sahə ölkə üçün strateji sahədir: “Bu həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın”.
İlham Əliyevin sözlərinə görə, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti çox böyük əhəmiyyət daşıyır: “Çünki ilk dəfə olaraq Azərbaycanda toxumçuluq istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur və indi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər bir bölgəsinə dəstək olacaq.
Tərəvəzçilik bizim kənd təsərrüfatının ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir. Kənd təsərrüfatı məhsulları arasında bizə ən çox gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda xaricə gedən valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq, məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Bu sahədə, sənaye sahəsində də müsbət meyllər var. Bu yaxınlarda Sumqayıtda karbamid zavodu açıldı. Bu, qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə tam təmin edəcəyik. Eyni zamanda təqribən 150-160 milyon dollar dəyərində məhsul ixrac edəcəyik.
Azərbaycanda pivot suvarma sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni sənaye istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait yaradır.
Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük dövlət dəstəyi var – subsidiyalar verilir, fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha rahat mexanizm tətbiq olunur.
Hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir”.