Firuzə Davudqızı
Ertəsi gün atam işləri ilə əlaqədar iki günlük Rusiyaya getməli oldu. Nişanqabağı planda olmayan bu qəfil səfər anamın qanını əməlli-başlı qaraltmışdı. Qaş-qabağı yer süpürürdü. Acığını tökməyə adam axtarırdı.
Nahar vaxtı Türkandan başqa hər kəs masa arxasında idi. Dünəndən demək olar ki, onu görməmişdim. Səhər yeməyinə də gəlməmişdi.
Anam Məqbulədən onun süfrədə olmamasının səbəbini soruşdu. Məqbulə çiyinlərini çəkdi. Anamın sərt tonda ona çəmkirməsinə diksindi:
– Nə maddım-maddım baxırsan, ay qız?! Get çağır, gəlsin süfrəyə, gündə bir qanun çıxarmayın bu evdə. Neçə dəfə təkrar etməliyəm ki, hamı bir nəfər kimi masada olsun?
Məqbulə artıq söz eşitməmək üçün dərhal Türkanın otağına yollandı. Anam tərs-tərs onun arxasınca baxıb gərginliklə of çəkdi:
– Nədir mənim bu qızlardan çəkdiyim, ilahi? Bəla vermisənmiş mənə bunları?
Bu vaxt Məqbulə rəngi ağarmış halda yeyrək addımlarla masaya yaxınlaşdı.
Gözucu bizi süzüb, ehtiyatla anama səsləndi:
– Xanım… Türkan xanım yatıb deyəsən.
Anam çevrilib sərt nəzərlərlə ona baxdı:
– Necə yəni, deyəsən?!
– Nə qədər səslədimsə, cavab vermədi, xanım. – Məqbulə qorxa-qorxa anamı süzdü.
Anamın sərt siması bir az da tündləşdi. Qaşları daha sıx çatıldı. Ayağa qalxıb gedərkən qarşısında dayanmış Məqbuləni hövsələsiz bir şəkildə əliylə kənara itələyib keçdi.
– Çəkil görüm, ay qız, əl-ayağa dolaşma sən də!
Pilləkəni qalxa-qalxa yenə şikayətləndi:
– Deyirəm də, bu üç qız mənim axırıma çıxacaq bir gün!
Fatimə ilə bir-birimizə baxdıq.
Çox keçmədən anamın ətürpərdici bir səslə nalə qoparıb çığırması bizi diksindirdi. Yerimizdən dik qalxdıq. O anlarda iki bacı pilləkəni hansı sürətlə qalxmışdıq, hiss etməmişdik.
Məqbulə ilə Kübra da arxamızca. Dəhlizə keçəndə daha yeriməyə taqətim olmadı, həyəcandan ayaqlarım tutuldu sanki.
Başa düşdüm ki, nə isə xoşagəlməz bir hadisə baş verib. Anam bir yandan çığırır, bir yandan da kömək istəyirdi:
– Həkim çağırın! Balam ölür, kömək edin!
Məqbulə bunu duyanda təlaşla geri qayıtdı. Təcili yardım çağırmaq üçün zəng vurmağa getdi. Yenə də anamın yalvarışa bənzər imdad eləyən səsini duydum:
– Türkan, aç gözlərini, qızım, yalvarıram!
Fatimənin hönkürtüsü anamın səsinə qarışmışdı.
Süst halda divara söykənib qalmışdım. Gözlərimdən süzülən yaş yanaqlarımı yuyurdu.
Çox keçmədən tibb işçiləri gəldilər. Qaçaraq Türkanın otağına doluşdular.
Ayaqlarımı dalımca sürüyə-sürüyə gedib qapının ağzında dayandım. Türkan ölü kimi taxtında uzanıb qalmışdı. Yatağın üstündə boşalmış dərman şüşələri gözümə sataşanda bədənimdən dəhşətli bir gizilti keçdi. Tibb işçiləri onun nəbzini yoxlayıb, içdiyi həblərin qablarını gözdən keçirərək vəziyyətini qiymətləndirirdilər.
Canına qıymaq istəmişdi. Sevgisindən vaz keçməyə gücü çatmadığı üçün intiharı seçmişdi. Bunda səbəbkar özümü bildiyimə görə çəkdiyim əzab ölçüyə gəlmirdi.
Onu xərəyə qoyub evdən çıxdılar. Deyəsən vəziyyəti ciddi idi. Gözümün yaşını silib dəhlizə çıxanda xalının üzərinə düşən əzilmiş kağız parçası gördüm. Bu, Türkanın sıxılmış ovcundan düşmüşdü. Əyilib götürdüm. Açıb baxanda təkrar sarsıldım. Salehin fotoşəkli idi. Şəklə baxa-baxa yanıqlı bir səslə necə hönkürdümsə Fatimə yanıma yüyürdü.
Bu şəkli mən Salehi görüm deyə Zivər bibi bir neçə ay əvvəl mənimçün gətirmişdi. Gözucu baxıb, masanın üstünə qoymuşdum.
Bacımın Salehi canına qəsd edəcək qədər çox sevdiyini ağlıma gətirməmişdim. Gözümdən çıxan iri yaş damlası şəklin üzərinə düşdü. Fatimə bunu görəndə tutulub qaldı. Doluxsunub daha bir söz demədi.
Bir şeyə şükür edirdim ki, atam evdən çox-çox uzaqlarda idi. Heç nədən xəbəri yox idi. Və heç vaxt da xəbər tutmayacaqdı. Bundan adım kimi əmin idim.
Onlar getdi, biz isə evdə qalıb ürək döyüntüləri içində saniyələri, dəqiqələri saya-saya Türkandan xəbər gözləməyə başladıq.
Bir neçə saat sonra evə qayıtdılar. Anam onun xəstəxanada yatmasına razılıq verməyib, həkimin iradına rəğmən götürüb evə gəlmişdi.
Türkanı otağına yerləşdirib üzünü Məqbulə ilə Kübraya və gözətçimiz Fərrux kişiyə tutdu:
– Qulaqlarınızı açıb məni yaxşı-yaxşı eşidin. Bu məsələ heç kimin, xüsusilə də Nadirin qulağına çatmamalıdır. Başa düşdünüz? Bu xəbər evdən bayıra çıxsa, ya da bu barədə kimdənsə bir kəlmə eşitsəm, həmin gün özünüzü küçədə bilin. Sonra kimsə məndən inciməsin. Aydın oldu?
Kübra ilə Məqbulə lal-dinməz başlarını tərpətdilər.
– Sizinləyəm!
Hər ikisi bir ağızdan:
– Arxayın olun, xanım, – dedi.
Fərrux kişi gözucu xidmətçi qadınları süzüb, hər zamankı tamam ciddi ifadəsi və ciddi səs tonu ilə:
– Xanım, siz belə məsləhət bilirsinizsə, deməli, belə də olmalıdır. Heç nəyə görə narahat olmayın. Biz bu evin çörəyini yeyirik, sizə xəyanət etməyi ağlımızdan belə keçirmərik, – dedi.
Anam Fərrux kişinin dürüstlüyünə, sözü bütöv insan olduğuna bələd idi. Odur ki, kişinin sözləri bu gün yetərincə təlaş keçirmiş anamı qismən də olsa rahatlatdı. Amma üzündəki o soyuq, o sərt ifadəni silib aparmadı.
Onlar getdikdən sonra anam Türkanın qarasına məzəmmətlə dedi:
– Ağılsız qız! Məni gör kimlərin qarşısında diligödək edir də! Bir balaca özünə gəlsin, bu məclisi yola verək, ondan sonra danışacam onunla!
Sözünü bitirər-bitirməz anam birdən şübhə ilə bizi süzdü:
– Siz xəbərdarsınız?
– Nədən? – Fatimə gözucu məni süzüb, özünü soyuqqanlı göstərdi.
– Səbəbini soruşuram! Nə səbəbə bu addımı atsın ki? Dəli olub bu qız?
– Biz hardan bilək, ay ana? Söz danışdın da.
Anam onu saran hirsindən dilini-dodağını gəmirdi:
– Rüsvay etmək istəyir də bizi! Dilə-dişə salmaq istəyir! Ağılsız!
Mən altdan-altdan anamı süzüb, rəng verib, rəng aldım.
Bir qədər sonra Türkan özünə gələndə Fatimə ilə yanına getdik. Daha doğrusu, mən qapının ağzında dayanıb içəri keçmədim. Fatimə iradla:
– Dəli olmusan sən, ay qız? Bu nə ağılsızlıqdır edirsən? – deyə Türkanı qınadı.
Türkanın xırıltılı səsi duyuldu:
– Yaşamaq istəmirəm. İstəmirəm…
Sözünü güclə tamamladı, göz yaşlarına boğuldu.
Mən çəkdiyim əzabın ağırlığında əzilə-əzilə doluxsunub başımı aşağı saldım. “Öz xoşbəxtliyimi bacımın göz yaşları üzərində necə qurum?!” deyə daxilən Tanrıya səsləndim. Məni bu əzabdan qurtarması üçün ondan çarə dilədim.
Fatimə Türkanı danlamağa davam edirdi. Türkan isə yalnız bir söz deyib, dediyindən dönmürdü:
– Bir ömür boyu əzab çəkməkdənsə, ölməyim yaxşıdır. Bu gün öldüm, ya iki gün sonra, nə fərqi var? Onsuz da mən heç kimə lazım deyiləm!
…Həmin gecə səhərə qədər yatmadım.
Ertəsi gün bibi Gülnarla bizə gəldi. Mənə nişanda geyinəcəyim libası gətirmişdi. Bibi məni görən kimi:
– Niyə belə solmusan, ay qızım? Rəngin qaçıb, – deyə təəccübləndi. – Heç xoşum gəlmədi. Olmaz belə. Səhər məclisdə hər kəsin gözü sənin üzərində olacaq.
Dünəndən başım qaynayan qazana dönmüşdü, bibimə nə cavab verdim, heç özüm də bilmədim.
Gülnar Salehin məni bayırda gözlədiyini xəbər verəndə durmayıb evdən çıxdım.
Saleh həyətdə dayanmışdı. Siqaret çəkirdi. Onu görən kimi Türkanın dünənki halı, vəziyyəti gəlib durdu gözümün önündə.
Dayanıb bir xeyli onu seyr elədim. Əslində ona yaxınlaşmaq üçün özümdə güc, cəsarət arayırdım.
Hər şeydən xəbərsiz Salehin məni necə həyəcanla gözlədiyini gördükcə gözlərim doldu.
Dərin köks ötürdüm və nəhayət, özümü toplayıb ona doğru getməyə başladım. Saleh məni görəndə üzünün ifadəsi dəyişdi. Dərhal siqareti damağından götürüb tulladı, ayaqqabısının burnu ilə əzib söndürdü. Özünü toplayıb mənimlə görüşməyə hazırlaşdı.
Ona yaxınlaşıb salam verdim. Saleh salamımı alsa da, ilk baxışdan eynən anası kimi ifadəsi dəyişdi:
– Nə isə olub?
Baxışlarımı yerə dikib, susdum. Kövrəldiyimi bəlli etməməyə çalışsam da heç cür alınmırdı.
– Ağlayana bənzəyirsən.
– Saleh…
– Buyur.
– Sənə demək istədiyim söz var.
Saleh ona müraciətimdən və üzümün ifadəsindən məsələnin ciddi olduğunu anladı.
– Gəl burda oturaq, – deyə əlimdən yapışdı. Məni özüylə üstü örtülü meydançaya gətirdi.
Yanına düşüb, onunla birgə addımladıqca ondan gizlin, ölüb-dirilirdim. Allahdan məni bağışlaması üçün əfv diləyirdim.
Keçib skamyalardan birində əyləşdik. Saleh təkrar əlimdən tutdu. Dodaqlarına apardı. Yanğılı bir öpüşlə öpdü. Baxışlarını qaldırıb üzümə baxdı:
– Kimsə xətrinə dəyib? Heç yaxşı görünmürsən.
– Saleh, mən dünən bütün gecəni bu haqda düşünmüşəm. Çox götür-qoy elədim. Düşündüm. Mənimçün nə qədər çətin olsa da, qərarımı verdim. Məcbur qalmasaydım…
Saleh məni dinləsə də bir şey anlamayıb, sözümü kəsərək çaşqınlıqla soruşdu:
– Dayan bir dəqiqə, nə qərar? Nəyə məcbur qaldın? Bir az aydın danış mümkünsə.
Artıq məqam idi. Odur ki, sözü uzatmadan və Salehin buna nə reaksiya verəcəyini təxmin edərək hər şeyi gözə alıb, qərarlı bir şəkildə dedim:
– Atangillə danış, bu nişan məsələsini ləğv etsinlər.
Salehin ifadəsi göz qırpımında dəyişdi.
Əlimi buraxıb ağır bir hərəkətlə yerindən qalxdı.
Mən də onun ardınca. Ehtiyatla üzünə baxa-baxa fikrimə aydınlıq gətirmək istədim:
– Mən…
Lakin sözümün ardını gətirə bilməyib bir neçə saniyə susdum. Udqunaraq çətin də olsa təkrar dilləndim:
– Mən razı deyiləm.
Salehin duyduğu bu sözə qaşları çatıldı. Gözləmədiyi üçün yenə də çaşqınlıq içində zəndlə üzümə baxdı.
– Anlamadım, nəyə?
– Bu evliliyə razı deyiləm.
O, sarsılmış halda mənə baxmağa başladı. Üzündəki ifadə donmuşdu. Ağlına gətirmədiyi sözləri duyurdu məndən. Boğuq bir səslə:
– Səbəb? – deyə sual verdi.
(Ardı var)