Firuzə Davudqızı
Aydan
Salehin Macarıstan səfəri gözləniləndən daha tez bitdi.
Bir neçə gün sonra Məqbulə Gülnarın məni telefonda gözlədiyini xəbər verdi. Mən dəstəyi qaldırıb cavab verəndə Gülnar:
– Aydan, qaqaş dedi sənə bildirim ki, hazırlaşasan. Gəlib səni götürəcək, birlikdə gəzməyə gedəcəksiniz.
Mən bu təklifdən imtina etmək üçün özümü pis hiss etdiyimi bəhanə gətirdim və bunu başqa günə saxlamağı bildirdim. Gülnar məyus oldu. Amma təkid etmədi.
– Yaxşı, nə etməli? Deyərəm indi qaqaşa.
Dəstəyi asıb otağıma qayıtdım. Yatağıma uzanıb bir xeyli otaqdan bayıra çıxmadım.
Nə qədər keçdi bilmədim. Fatimə də yanımda idi. Məqbulə otağa keçmək üçün izn istəyib qucağında iri bir dəstə qızılgüllə içəri gəldi. Qalxıb yerimdə oturdum. Güllər o qədər çox idi ki, Məqbulənin üzünü güclə görə bilirdim. Mənim təəccüblə ona baxdığımı görüb, gülümsündü:
– Bunlar sizinçündür, xanım. – Gülləri tumbanın üstünə qoydu. – Amma tək bu deyil.
Mən baxışlarımı çevirib al qırmızı qönçə güllərə baxdım. Qızılgülü çox sevirdim. Özü də beləsi üçün lap dəli olurdum. Amma mənimçün göndərilən bu güllər belə üzümü güldürməyə, məni az da olsa sevindirməyə yetmədi. Çünki kimdən gəldiyini bilirdim.
Məqbulə otağa neçə dəfə gəlib-getdi, bilmirəm. Sayını unutdum, amma hər dəfəsində bir qucaq qızılgüllə qayıtdı. Otağım bir anın içində gül bağçasına bənzədi, ayaq basmağa yer qalmadı.
Mən bütün bunları laqeyd baxışlarla seyr etdiyim halda, Salehin bu jesti Fatiməni valeh etmişdi.
– Ooo… Əhsən! – deyə-deyə, məmnunluqla güllərin otaqda yaratdığı füsunkar gözəlliyi süzür, bir-bir qoxulayıb, eyni zamanda da mənə eşitdirirdi. – Bibioğlu doğurdan da qadın ruhunu anlayırmış, sənə indidən belə diqqət göstərirsə, evlənəndən sonra səninçün nələr edəcək, təsəvvür edirəm də. – Fatimə gülərüz mənə baxdı. – Qədrini bil uşağın. Sevgisinə layiq olmağa çalış. Bu şəkildə sevilmək hər qıza nəsib olmur.
Tərs-tərs bacımı süzüb, gözlərimi süzdürdüm. Təkrar yerimə uzandım. Bu vaxt otağın qapısı döyüldü. Fatimə:
– Gəl, – dedikdən sonra qapı açıldı. Və heç gözləmədiyim biri qapının ağzında göründü. Mən heyrət içində başımı yastıqdan qaldırdım. Fatimə də duruxdu. Bununla belə, salam verib, onu içəri buyurdu.
Gələn Saleh idi.
– Mənim şeytanıma nə olub belə? – deyə təbəssümlə məni süzdü.
Çaşıb qaldım. Bu qədərini gözləmədiyim üçün özümü necə itirdimsə, nə deyəcəyimi də bilmədim. Mənim yerimə Fatimə cavab verdi. Əslində məni vəziyyətdən çıxarmağa çalışdı:
– Bu gün halsız olub nədənsə. – Sözü deyib, gözucu məni süzdü. Yalanıma şərik olduğu üçün bəlli ki, özünü pis hiss elədi.
Saleh yanıma gəldi. Çarpayının kənarında əyləşib, dərin nəzərlərlə üzümə baxdı və birdən əlini alnıma toxundurdu. Üzünün ifadəsi dəyişdi. Gözümün içinə baxa-baxa:
– Qızdırman yoxdur. Nə ola bilər ki, səni belə halsız edən? – Cavab verməmi gözlədi.
Tutulub qalmışdım. Fatiməyə baxdım. O an ağlıma bir şey gəlmədiyi üçün bacımdan yardım diləyirdim. O isə bunun müqabilində:
– Mane olmayım sizə, rahat danışın, – dedi. Ona gözümü ağartdığımı görsə də, məhəl qoymadan otağı tərk elədi.
Onun belə etməsi Salehin ürəyindən olsa da, mənim çəkdiyim əzabı ikiqat artırdı. Çünki Salehlə əsla yalnız qalmaq istəmirdim.
Fatimənin getdiyinə əmin olduqdan sonra o, əlimi tutub ovcunun içində saxladı. Məhəbbət yağan nəzərlərlə məni süzməyə başladı.
– İndi rahat danışa bilərsən, – dedi. – De görüm, nə olub sənə? Utanıb sıxılmağına heç gərək yoxdur.
– Özüm də bilmirəm. – Deyərək əlimi ovcunun içindən çəkib çıxarmaq istədim, lakin alınmadı. O, daha bərk yapışdı əlimdən. Bir qədər mənə tərəf əyilib yanağıma busə qondurdu.
– Bəyəndin gülləri?
Baxışlarımı güllərin üzərində gəzdirərək durğun ifadə ilə:
– Bəyəndim, – dedim. – Gözəl güllərdir. Təşəkkür edirəm.
– Təşəkkür etməyinə gərək yoxdur. Borcumuzdur. Amma etiraf edim ki, mənim nişanlım güllərdən daha gözəldir! – Sakit tonda əlavə etdi. – Bir dəqiqə belə olsun səni görmədən yaşaya bilmirəm artıq. Gözləməyə taqətim qalmayıb. Əgər belə bir imkanım olsa, əgər böyüklər məni qınamasa, elə bu dəqiqə oğurlayıb apararam səni buradan. Kimsələrin bizi tapa bilməyəcəyi, yalnız bizə aid olan sakit bir yerə.
Danışa-danışa mənə daha yaxın dayandı. Məftunluqla gözlərimin içinə baxmağa başladı.
Onunla nəfəs-nəfəsə qaldığımı görəndə niyyətini anlayaraq enli sinəsindən geri basıb, özümdən aralı saxladım. Özünəməxsus bir əda ilə gülümsündü. Əlini saçlarımda gəzdirə-gəzdirə davam elədi:
– İstəyirdim bu günü səninlə yalnız özümüzə həsr edək. Belə alındı. Eybi yox, əsas odur yanındayam, gözlərinə baxıram, əlini tutmuşam.
Gözümü belə qırpmadan səssiz-sədasız ona baxırdım. Amma etiraf edim ki, onu görmürdüm. Çünki gözlərim onu mənə Azərin surətində göstərirdi. Bir anlıq mənə elə gəldi ki, indicə bu sözləri mənə deyən Saleh deyil, Azər özüdür.
– Maraqlıdır, bu baxışların səbəbini öyrənmək olar? İstəməzdin məgər bir yerdə olaq? Sən, mən. Başqa heç kim. – Salehin səsi məni özümə gətirdi. Acı bir gerçəklə onun Azər olmadığını anladım.
O, təkrar soruşdu:
– Niyə susdun?
– Bilmirəm.
Mənim bu anlar nə düşündüyümü ağlına belə gətirməyən Salehin dodağı qaçdı:
– Belə görürəm toya qədər sənə həyat dərsi keçməliyəm. Toya da ki, bir şey qalmayıb. Göz açıb-yumana kimi bir ay keçəcək. Toy demiş, toydan sonra hara gedək səninlə? Fikrin mənimçün maraqlı olar. Sən hara desən, seçimin hansı ölkə olsa, mən razı. Dünyanın lap axırına gedərəm, yetər ki, yanımda ol.
Salehi dinlədiyim bu anda diqqətimi bir şey cəlb elədi. Fatimə gedərkən qapını aralı saxlamışdı. Mən bu an qapıda birinin kölgəsini gördüm. Salehə bəlli etməsəm də duruxdum. Saleh məndən cavab gözləyirdi, mənimsə gözüm qapıda qalmışdı. Orada kimsə vardı. Bizi dinləyirdi. Kim olduğunu təxmin etməyə çalışdım, amma baş aça bilmədim. Bunun fərqinə varanda zərbə almış adam kimi bir daha sarsıldım. Amma bütün cəhdimlə yenə də Salehə heç nə bəlli etməməyə çalışdım. Sualına cavab olaraq:
– Mən Bakıda qalmaq istəyirəm, – dedim. – Getməsək olar?
Saleh durğun baxışlarla üzümə baxsa da, yenə özünü sındırmadı. Gəldiyi qərarı açıqladı:
– Evlənəndən sonra səni də özümlə götürüb Bakıdan gedəcəm. Buna hazır ol. Bütün səfərlərimdə xanımım da yanımda olmalıdır, elə deyil?
Daha deməyə sözüm qalmadı. Etiraz etməyə də. Məcburi şəkildə başımı yüngülcə tərpədib, ona haqq verdiyimi bildirdim.
Saleh məmnun bir ifadə ilə başımı sinəsinə sıxdı. Ona bildirmədən əzab içində gözlərimi sıxdım.
…Bir qədər söhbət etdikdən sonra Saleh yanımdan ayrılıb getməyə hazırlaşdı. Bu məqamda həmin kölgə qapıdan aralandı. Salehin bütün fikri məndə olduğundan buna əhəmiyyət vermədi, amma mən qaçaraq addım səslərini və çırpılan qapı səsini aydın şəkildə duydum.
Nişana 3 gün qalmış
Bibimgil nişan mərasimindən dərhal sonra toy etmək fikrində idilər. Bu isə mənim səssiz-sədasız çəkdiyim əzabları min qat artırırdı. Zamanın durmasını bütün qəlbimlə diləsəm də, günlər su kimi axıb gedir, hər ötən gün istəməsəm belə məni Salehə bir addım da yaxınlaşdırırdı.
İstər bibigildə, istərsə də bizim evdə nişan mərasimi üçün hazırlıqlar gedirdi.
Bu gün bir xeyli vardı ki, Türkan gözə dəymirdi. Bayaq süfrə arxasında da onu bir ara tutqun əhvalda gördüm. Maraq məni götürdü. Fatimə ilə birlikdə onun otağına yollandım.
Biz qapını döyüb içəri keçəndə Türkanı üzü üstə taxtda uzanıb için-için ağlayan gördük.
Gözucu Fatiməni süzüb təəccüblə yanına getdim. Taxtın kənarında oturub ona səsləndim:
– Türkan, nəsə olub? Niyə bu haldasan?
Səsimə arxası üstə yerində çevrikən Türkan mənə çəmkirdi:
– Toxunma mənə!
Donub qaldım. Mat-məəttəl:
– Türkan? – deyə eləcə ona baxdım.
O, nifrətlə məni süzərək ağlıma gətirmədiyim sözləri birbaşa üzümə deməyə başladı:
– Sən bacı deyilsən, mələk cildində bir şeytansan. Sən mənə elə bir pislik eləmisən ki, həyatım boyu səni bağışlamayacam!
– Sənə pislik edəcəyimi necə düşünə bilirsən? Siz mənim canım-ciyərim, görən gözlərimsiz. Sizin üçün canımı verərəm. Nə pislik? Nə olub sənə?
– Türkan, özünü ələ al. Yeri deyil. – Fatimə narazılıqla Türkana gözünü ağartdı.
– Sən sus! – Türkan dilinin acısını ona da tökdü. Və baxışlarını dərhal mənə tərəf çevirib üsyankar bir səslə dedi. – Nə sirdirsə, sənin yerin ata-anamın yanında həmişə seçildi. Sənə diqqət ayrı oldu. Sənə heç kəs zorla heç nə qəbul etdirmir. Sən haqqını tələb edəndə, böyüklərin sözündən çıxanda kimsə sənə gözün üstə qaşın var demir. Çünki öhdəndən gələ bilmirlər. Zivər bibinin də səndən başqasını görən gözü yoxdur. Sən olmasaydın… Sən olmasaydın, mən indi bu əzabları çəkməzdim. Allahdan diləyirəm, bir gün birini dəlicəsinə sevəsən, amma öz sevginə qarşılıq görməyəsən. Bax, o zaman mənim bu gün nələr çəkdiyimi, nə hisslər keçirdiyimi dərk edərsən.
– Türkan, sus! – Fatimə bir də xahiş etdi.
– Susmayacam!
Belə olan halda Fatimə artıq dözmədi:
– Salehin sənin hisslərindən xəbərsiz olması Aydanın günahı deyil. Aydan neyləsin ki, o, səni deyil, Aydanı seçib?
Mən sarsılmış halda çevrilib Fatiməyə baxdım:
– Necəə?
Fatimənin üzündə dediyinə peşman olan bir ifadə yarandı. Lakin mənim sualıma cavab vermədən Türkana irad tutub, onu qınamağa davam elədi:
– Bunda nə bibinin, nə Aydanın, nə də qeyrisinin günahı, təqsiri yoxdur. Əbəs yerə hamıdan gizlin olan bir şeyi bəyan eləyirsən. Bu qız sənin bacındır. Salehin də nişanlısı sayılır. Nə gərək vardı axı buna?
Mən bacımı bu emosional davranışına görə qətiyyən qınamırdım. Salehə aşiq olduğu üçün də günahkar saymırdım. İnsandır, qəlbinə hökm etməyə bilər. Mənə yer edən onun mənim haqqımda yanlış düşüncədə olması idi. Mənim onun həyatına, hətta bu qarşılıqsız olsa belə, sevgisinə mane olduğumu düşünməsi məni dərindən yaraladı. Üstəlik, Salehi sevmədiyimi, ona ərə getmək istəmədiyimi bilə-bilə.
Durmayıb, otağı tərk elədim. Həyətə enib, skamyaya çökdüm.
Təmiz havada özümə gəlməyə çalışırdım. Qulaqlarımda hələ də Türkanın mənə tuşlanmış ittiham dolu kəskin və yaralayıcı sözləri əks-səda verirdi.
Bu yaxınlarda Türkan üçün elçi gəlmişdi. Və atam onu fikrini belə soruşmadan ailə dostlarından birinin oğluna vermək qərarında idi.
Deməli, Türkan Salehi sevirmiş.
Deməli, buna görə bütün elçilərə yox cavabı verirmiş.
Deməli, bu səbəbdən məni görməyə gözü yoxdur.
Düşündükcə hər şey gözüm önündə aydınlığa çıxırdı.
Zivər bibinin hər gəlişində mənimlə gəlini kimi rəftar edib maraqlanması, üzük üçün barmağımın ölçüsünü istədiyi və bunun kimi bir çox nüans gəlib gözüm önündən bir kino lenti kimi keçdikcə, həmin ərəfələr Türkanın bulud kimi dolub susqun durmasının, talan olan baxışlarının mənası mənə indi məlum olurdu.
Saleh məni görməyə gəldiyi gün qapının arxasında dayanıb, bizi dinləyən də o idi. Düşündüklərimin təsiri ilə alt-üst olmuşdum.
Bu vaxt Fatimə həyətə enib yanıma gəldi. Mənimlə yanaşı oturub diqqətlə süzdü:
– Sən ona fikir vermə. Eşqdən ağlını itirib. Nə dediyini bilmir.
Gözlərimi bir nöqtəyə zilləyib, susmağa davam etdim.
– Ay qız, ağlına başqa heç nə gətirmə, bildin? Salehin onun ürəyindən keçənlərdən xəbəri də yoxdur. Ona bacısı gözü ilə baxır, görmürsən bəyəm? Türkandır da, heç özü də bilmir nə danışır. Öz aləmində xəyal qurub özü üçün. Tanımırsan bacını?
Fatiməni duysam da, susurdum. O, üzümün ifadəsini izləyə-izləyə deyindi:
– Nişana üç qalıb, bunun sayaqlamağına bax da. Ürək bulandırmalıdır da, neyləsin?
Tutqun ifadə, tutqun səslə onun sözünü kəsdim:
– Fatya, mən bir az tək qalmaq istəyirəm.
– Anladım. – Fatimə ayağa qalxdı. – Heç nəyi ürəyinə salma, bildin? Yenə deyirəm, ona fikir vermə.
Dillənmədiyimi görüb, Fatimə yanımdan ayrıldı.
(Ardı var)