Cəhənnəmdən keçmiş mələk (104)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Üç gündən sonra Laləni xəstəxanaya apardıq, qapqara bir qızı dünyaya gəldi. O, doğum evindən çıxana qədər mən Anarla birgə Hakimgildə qaldım. Fuad bir də Lalə uşağı qucağında sağ-salamat evə qayıdanda yadıma düşdü. Əri evdə olmayanda bacım məni nə qədər dilə tutdusa da Fuad verdiyi nömrələrdən heç hansına zəng vurmadım. Uşağın onunu tökəndən sonra Lalənin razılığıyla Anarı da götürüb kəndə qayıtmaq istəyirdim.
Bacım evə gəldiyinin ertəsi günü qonşu qadın qapını döyüb onu soruşdu. Mən Lalənin qırxlı olduğunu səbəb gətirib qonşunu içəri buraxmadım. Arvad üzümə alapərtoy baxıb dedi:
– Ay bala, bacına denən bir həftədən çoxdu iki qadın onu, ərini xəbər alır. Bax indi yenə durublar blokun ağzında.
Mən qonşunun dediyi səmtə boylandım, ancaq o qadınları tanıyammadım, içəri keçib Laləni çağırdım. O da çiynini çəkdi:
– Birinci dəfədi görürəm bu adamları.
Gələnlərdən biri pilləkəni yarıyacan dırmanıb altdan-yuxarı səsləndi:
– Bizə Yasəfin evi, onun yoldaşı lazımdı.
Mən arxamda dayanmış Laləni göstərib:
– Ay bacı, Yasəfin arvadı budu, – dedim, – nə sözünüz var buyurun.
Qadın ürəklənib bizə sarı bir-iki addım da atdı, üzümə diqqətlə baxıb soruşdu:
– Sən də Bircəsən, eləmi?
Aralı qapıdan içəri dolan soyuq zahı Laləni üşüdürdü, həm də arvadların qapıya gəlib qızın üstünə ağırlıq tökəcəklərindən qorxurdum, odu ki, canımı qurtarmaq üçün tez dilləndim:
– Hə, Bircəyəm, sözünü de.
Arvad bizə bir az da yaxınlaşıb xısıldadı:
– Ay qızım, məni Fuad göndərib.
Laləni içəri itələyib qapını örtdüm, bacım əlimdən çıxıb qapını yenidən onların üzünə açdı. İki bacı evin astanasında az qala süpürləşirdik. Eşiyə dartınan Lalə məni yerə-göyə and verirdi:
– Sən Allah burax görüm o arvad nə istəyir, Fuad dediyini eşitdim.
Lalə qapını bir də açdı, qadını dartıb içəri saldı, bir qəzet qırığına ev nömrələrini yazıb:
– Xala, nolar bağışla, – dedi, – evdə körpə uşaq var, səni içəri çağıra bilmirəm, bir azdan yoldaşım da gələcək. Apar nömrəni ver Fuada, qoy bizə zəng eləsin.
Qadın kağızı alıb məni müştəri gözüylə süzdü, sonra Laləni marçıltıyla öpüb qapıdan güllə kimi çıxdı…
Bundan xeyli keçmiş Fuad bacımgilə zəng vurdu. O danışdıqca mən susurdum, dediklərinin heç biri məni tərpətmirdi, başıma batmırdı. Uşaq evindəki günlərindən, bayramlarda yolunu gözlədiyi nənəsindən danışanda dözməyib dedim:
– Qadan alım, mənim bu həyatda ən çox qorxduğum şey yetimlikdi. Sənə bir az da qulaq assam özüm həkimlik olacam.
Dəstəyi yerə qoyub özümü atdım gecəyə bürünmüş payızın qoynuna…
***
O gecə Lalə məni yatmağa qoymadı, səhərəcən zabitdən danışdı, onun mənlə evlənməyə ən əlverişli namizəd olduğuna göyərə-göyərə məni inandırmağa çalışdı. Ancaq mən özümü, Rüfət demiş, bir evdən ötrü qurban verməyə tələsmirdim.
Sonrakı günlər yeznəm evdən çıxıb işə yollanan kimi Fuadın xalaları bacımgilə zəng eləyirdilər, elə telefondaca Laləni saatlarla söhbətə tuturdular. Lalə də onların cəbhəsinə qoşulub məni yumşaltmağa çalışırdı. Bacımın bu canfəşanlığı mənə uşaq davranışı kimi görsənirdi, gülüşümlə onun sözünü tez-tez kəsirdim:
– Ay qız, sən niyə özünü öldürürsən, – deyirdim, – axı mən üzünü bir dəfə gördüyüm adam haqda nə deyə bilərəm, hansı qərarı verə bilərəm? Çəkdiklərinə, yaşadıqlarına görə mənim də ona yazığım gəlir, amma təkcə buna görə ərə getmək olmaz ki!
Kəndə qayıtmağıma az qalmış o yandan zabitin xalasının, bu yandan Lalənin təkidiylə bacımgilin evinin yaxınlığındakı parkda Fuadla görüşdüm. Bəstəboy, dolu, bir xeyli də təkəbbürlü oğlanıydı. Söhbət əsnasında bəlli oldu ki, məndən üç yaş kiçikmiş.
Görüşə bir az hikkəli-havalı getmişdim. Özümə söz vermişdim: əgər o da dul qaldığım illərdə mənim həyatımın qapısından-pəncərəsindən içəri dürtülməyə cəhd göstərmiş kişiləri sanamağa girişsəydi, onu elə ordaca qoyub birbaş evə qaçacaqdım. Ancaq söhbətləşdiyimiz iki saat ərzində adam həmin ənənəvi sualı vermədi mənə. Hər kəlməbaşı o sualı gözləyirdim deyə zabitin danışdıqlarının çoxu yadımda qalmadı. Bir az kitabsevən olması xoşuma gəldi, vəssalam.
Körpənin qırxını tökmək üçün bir aydan sonra yenə Bakıya qayıtmalıydım. Bunu biləndə Fuad lap sevincək oldu. Növbəti görüşümüzü o vaxta vədələşdik. Üstündən bir-iki gün keçmiş Anarı da götürüb kəndə qayıtdım.
Bundan sonra məktublar üstümə sel kimi axmağa başladı, Fuadın xalaları telefon zəngləriylə Laləni bezdirdilər – tez bir zamanda yığışıb bizə gəlmək istəyirdilər. Bacım bir yana, mən özüm də naçar qalmışdım. Yenidən bu evdən yığışıb tanımadığım ünvana köçmək, yanımda bir yetim təzədən ərə getmək arıma gəlirdi. Məktubların bəzisinə cavab yazırdım, ona hələ gözləməyi, tələsməməyi məsləhət görürdüm, dərs ilinin ortasında Cavidin məktəbdən ayrılmasının mümkün olmadığını bəhanə gətirib vaxtı uzadırdım.
O bir ayı havalı kimi gəzdim, vədə yetişəndə yenə Cavidi anamın, bibimin umuduna qoyub şəhərə getdim. Özümlə apardığım buğdadan qırx dən sayıb suya atdım, siftəcə uşağın qırxını töküb qüsulladım, dalınca Laləni buğdalı-arpalı suyla durulayıb salavatladım, bütün günahlarını kafərin boynuna yükləyib qırx qüsulu verdim, boynundakı həmzat duasını aparıb gözdən iraq bir daşın altında basdırdım. Ana-balanı paklayandan sonra bacıma qırx quymağı çaldım, Cavidin qırxını tökəndə çəkdiyim əziyyəti ona danışdım. Lalə məni qucaqlayıb üzümdən-gözümdən öpdü:
– Ay bacı, nə yaxşı sən varmışsan, yoxsa mən təkbaşıma neylərdim.
Şəhərdə ləngimək fikrim yoxuydu – qış gəlmişdi, Cavidi gözümdən iraq qoymaq istəmirdim. Ancaq Lalənin təzyiqinə davam gətirməyib zabitlə bir dəfə də görüşəsi oldum. Bu görüş mənim ötəri maraq kimi, uşaq oyunu kimi baxdığım münasibətə ayrı bir rəng qatmağa başladı. Fuad keçmişimlə bağlı mənə sual vermirdi, bütün arzu-xəyalını mənlə Cavidin üzərində qururdu:
– Səni işə düzəldəcəm, uşağın daim yanında olacaq, – deyirdi. – Mən qıraqdan baxıb sizin ailənin paxıllığını çəkirəm. İstəyirəm mənim də böyük ailəm olsun, sənin qohumların tez-tez bizə gəlsinlər. Sənə görə qapınızdakı itin də qulluğunda durmağa hazıram.
Onun belə-belə danışmağı məni ovsunlayırdı. Heç vaxt yad oğlu yaddan özümə bu cür qayğı, nəvaziş görməmişdim.
– Sən mənim evimin xanımı olacaqsan, – deyirdi, – Cavidlə ikimizin də anamız olacaqsan. Mən ana necə olur bilmirəm, bacı necə olur bilmirəm. Biz evdə iki kişi olacağıq, sən bizim hər şeyimiz olacaqsan. Bayramlarda sənə gül almaq üstündə yarışa girəcəyik…
Gözünü göyə hərləyib danışdıqca danışdıqlarından məst olurdu. Bu müddətdə o mənə özünü olmasa da xəyallarını, arzularını sevdirməyi bacarmışdı. Vur-tut iki-üç dəfə gördüyüm bu adama isinişirdim artıq.
***
Kəndə qayıtdığım günün irəlisi həm fuadgillərin, həm də Lalənin uzun xahiş-minnətindən, dirəşməsindən sonra Fuadın xalalarına qonaq getdim. Getməkdə başlıca məqsədim onun evini görmək idi.
Şəhərə bitişik qəsəbələrdən birində, üç xalası evinin əhatəsində Fuadın balaca həyətli, dörd otaqlı xudmani evi vardı. Evə girib qapının dabanında muncuqlu başmaqlarımı, köhnə enli divanın başında yaşıl şərfimi, üzü ləkəli güzgünün qabağında burun dəsmallarımı, toppuzlu baş darağımı görəndə məni əsməcə tutdu. Əşyalarımı qucağıma alıb divana çökdüm:
– Bunlar bura hardan gəlib çıxıb?
Mat qaldığımı görən Fuad şövqlə dedi:
– Sizə diləyə göndərdiyim əsgərlərdən hansısa biri sənə aid bir əşyayla geri dönməsəydi cəzalanırdı. Hələ dur keçək mətbəxə, gör orda nələr var.
Mətbəxdə gördüklərim içimi dalğa-dalğa titrətdi, öləzimiş qadınlıq duyğumu tərpətdi. Burda mənim çay içdiyim dolça, nə vaxtsa yuyub ipdən asdığım ipək corablarım, saç bağlarım, yarımçıq ətirim, hətta dərman şüşələrim muzey eksponatları kimi qorunurdu. Üstəlik həyətimizdə neçə gün çıraqla axtardığım kofe bankası, içində də nənəmdən qalma qızılı qaşıq.
Bu əşyaların özümdən, yurdumdan çox-çox uzaqda, tanımadığım bir evdə pişvazıma çıxmağı çox xoşuma gəlmişdi. Ən sonda Fuad əsgərə oğurlatdığı darağımın ağzındakı bir çəngə teli qoxulayıb sinəsinə sıxanda önümdəki maneələri aşmaq mənə bir udum su içmək kimi asan gəldi…
Otaqlar balaca, yığcam olsa da səliqəliydi, yenicə təmizlənmiş evdə adam yaşamadığı ilk baxışdan görünürdü. Divardan Fuadın dünyadan vaxtsız köçmüş ata-anasının qoşa şəkli asılmışdı. Balaca servantda bir xeyli gözəgəlimli qab-qacaq vardı.
Üç otağı, mətbəxi gözdən keçirəndən sonra Fuad məni xalalarının əlindən alıb içində tək çarpayısı olan lap başdakı otağa çəkib apardı, qulağıma pıçıldayıb:
– Buranı Cavidin otağı eləyərik, – dedi, – onun otağını özüm bəzəyəcəm, qalanları sənlikdi.
Axşamacan onlarda oldum, Fuadın qadın qohum-əqrəbası başıma yığışdı, xalaları onun anasından yadigar qalmış əşyaları qarşıma tökdülər. Üzük-sırğa dəstini mənə vermək istədilər, ancaq mən mərhum ananın əşyalarını hörmətlə gözdən keçirib geri qaytardım.
Sağollaşıb evə dönəndə hiss elədim ki, üzümə yeni dünyanın qapıları açılır.
***
Laləgildə məni Hakimin sırsıralı baxışları qarşıladı:
– Səhər açılandan burda oturub səni gözləyirəm, – dedi, – hardasan, ay bala?
Bir anda ağlıma gələn ilk yalanın ətəyindən sallaşdım:
– Xuraman müəllimə çağırmışdı, onlardaydım.
Hakim mənə inandımı – bilmədim; məni xeyli danlayandan sonra anama aldığı şirniyyatı, Cavidə aldığı pal-paltarı ortaya qoydu, üzümə baxa-baxa masanın üstünə xeyli pul atıb qapıdan çıxdı.
Lalə mənim pisikdiyimi görüb dedi:
– Bax belə şeylərə görə ailə qurmağını istəyirəm ey. Başının üstündə bir yiyən olsa heç kim sənə dəyib dolaşmaz.
Sonra səfər təəssüratımı bacıma danışdım. Fuadın xoşuma gəldiyini görən Lalə sevindiyindən az qaldı bayılsın.
Gecə Fuadın kiçik xalası bacımgilə zəng vurub bir gün də artıq qalmağımı istədi:
– Nə var ey o kənddə, – dedi, – bir az da qalsan yaxşı olar, qardaşlarım, Fuadın əmisigillər də səni görmək istəyirlər.
Qadına dil-ağız elədim:
– İnşallah Novruzda gələcəm, onda kim istəsə görər məni. İndi getməliyəm, oğlumu tək qoyub gəlmişəm.
Xaladan bir müddət səs çıxmadı, elə bildim xətt qırıldı. Handan-hana alçaq səslə soruşdum:
– Səlbi, ordasan?
Qadın boğula-boğula dilləndi:
– Sənin oğlun da var, bu hardan çıxdı?
İkimiz də bir-birimizdən xəbərsiz kəc qalmışdıq. Xala kəkələyəndə mən tez soruşdum:
– Fuad deməyib sizə?
Xala o başda yarımcan olmuşdu:
– Yox, deməyib. Hesab eləyək mən də heç nə eşitməmişəm, – deyib dəstəyi yerə qoydu.
Qadının sözündən üşəndim: demək, Fuad Cavidin varlığını qohumlarından gizlədib!
Lalə bərk sarsıldığımı görcək mənə toxtaqlıq verməyə çalışdı:
– Sən bir az səbirli ol, yəqin hələ məsləhət deyil. Yükü gözü yeməyən çiynini şələnin altına verməz. Gözləyək görək nolur. Yağ iylənər, bal iylənməz – sənin oğlun bir pətək baldı, Fuad arıdan qorxsaydı o bala əl uzatmazdı…
Dostum, o vaxt ürəyimdən keçənləri olduğu kimi deyəcəm – eşit, amma məni qınama. Mənə elçi düşənlər arasında Fuadın ən yararlı, ən sərfəli namizəd olduğu qənaətinə mən də gəlmişdim artıq. Ata-anasının, bacısının olmamasına taleyimin şansı kimi baxırdım. Üstəlik evi, işi vardı, uşağımı xor görmürdü. Onunla ailə qursam alnımdakı dul damğasından, doğmalarımın tənəsindən, yüz yerdən məni güdən baxışların ağırlığından, topuqlarımda gecə-gündüz cingildəyən buxovdan qurtula bilərdim. Fəqət mən onu axşamlar yolunu gözləyəcəyim sevgili ərim kimi, baş yoldaşım kimi xəyalıma gətirə bilmirdim. Onun mənə bağlı şirin xəyalları damağıma dad vermirdi, onun romantik arzularına ortaq ola bilmirdim, olsa-olsa onun məni istəməyini istəyirdim. Ona azadlığımın, dincliyimin qarantı kimi, Prometey sayağı zəncirləndiyim qayadan məni qurtarıb həyata qaytarası cəfakeş, fədakar əsgər kimi baxırdım.
Hələliksə o qayalığa dırmanmağa, əzablarımın üstünə yeriməyə hazırlaşırdım. Orda məni əldə zəncir anam, ailəm, elim, cəmiyyətim gözləyirdi. Orda məni buxovlanıb qaranlıq zağa küncündə ömürlük həbsə atılmaq gözləyirdi. Bütün bunları düşündükcə gözüm qaralır, boynum bükülür, dizim qatlanırdı. Bu ağır, məşəqqətli, qaranlıq yolda bircə çırağım vardı, o da Laləydi.
(Ardı var)