Firuzə Davudqızı
Aydan
Evə gəlib çatanda Zivər bibi Gülnarla birlikdə bizdə idi. Məni görən kimi qollarını yana açıb gözlədi. Təbəssümlə:
– Quzum, harda qaldın, – dedi, – gözləməkdən bibinin gözlərinin kökü saraldı ki.
Yanına getdim. Bibim məni bağrına basıb, o üz-bu üzümdən öpdü:
– Xoşbəxtlərin xoşbəxti olun!
Tutulub qaldım. Çaşqın baxışlarla dərhal çevrilib anama baxdım. Bu sözlərin nə məna daşıdığını sual verər təki onu süzdüm. Anam qalib bir əda ilə üzümə baxır, gülümsəyirdi. Baxışlarımı görsə də, özünü o yerə qoymadı. Bu təbəssüm mənə nə baş verdiyini anlatdı. Daha mənim nə vaxt dinə-imana gəlib cavab verəcəyimi gözləməyib, “həri” verilmişdi.
Bu günü çoxdan gözləyən Zivər bibi də hazırlıqlı gəlmişdi. Anasının ardınca Gülnar da təbəssümlə irəli yeridi, mənə sarıldı:
– Xoşbəxt olun!
Başımı tərpətməklə razılıq etməli oldum. Zivər bibi məni divanda öz yanında əyləşdirdi. Sevincinin həddi-hüdudu yox idi. Şadlığından gözlərinin içi gülürdü. Yanaqlarımı oxşayıb, saçlarımı sığalladı.
– Salehlə danışdım, yaxın vaxtlarda qısa müddətə Macarıstana getməlidir. İnşallah, qayıdıb gəlsin, nişanı o zaman edərik. O vaxta kimi biz də rahat hazırlıqlarımızı edək. O qədər işimiz var ki, ancaq çatdıracağıq. Oldu, quzum? Bax gör, bibi hələ səninçün nələr edəcək.
O, böyük həvəslə danışır, mənim qulaqlarım uğuldayırdı. Məmnun ifadə ilə bizi seyr edən anama bir də baxdım. Bibimin səsi məni özümə gətirdi:
– Bunların hamısı sənin üçündür, quzum. Gülər üzlə geyinəsən, şad günlərinçin istifadə edəsən.
Salonun ortasındakı iri dəyirmi masanın üstünə yığılmış hədiyyə bağlamaları diqqətimi bu zaman cəlb elədi.
– Nişanın dəm-dəsgahı ayrı olacaq. Bunlar gəlinimi ziyarətə əliboş gəlməyim deyədir.
Bibi məhəbbətlə məni süzdü. Sonra Gülnara nə isə işarə etdi. Gülnar buna bənd imiş kimi dərhal masanın üstündən məxməri örtüklü bir neçə qutunu gətirib anasına verdi. Bibi qutuları gözlərim önündə bir-bir açaraq mənə göstərib:
– Hansını bəyənirsən, sənin olsun, – dedi. Dayanıb maraqla mənim seçim etməmi gözlədi. Bunlar müxtəlif quruluşda, qiymətli qaşı olan qızıl üzüklər idi.
Mən laqeyd baxışlarla üzüklərə ötəri nəzər salıb, boğazıma tıxanıb qalan qəhərdən güclə dilləndim:
– Seçim etməyə nə gərək var, siz hansını məsləhət bilirsiniz, o da olsun.
Zivər bibi məni özünə sıxdı.
– Sənə dünyanın bütün qızılı, gümüşü, brilyantları qurbandır. Amma biz istəyirik nəyin varsa, ürəyincə olsun.
Bu anlarda daxilən anama nə qədər hiddətlənsəm də, bibimin könlünə dəymək istəmədim. Məcbur qalıb, əlimi birinə uzatdım. Və istəmədiyim halda seçim etməli oldum. O, razılıqla gülümsədi. Həmin üzüyü barmağıma taxmaq üçün qutusundan götürmək istəyirdi ki, bu zaman üzük əlindən yerə düşdü. Bu sanki Tanrının bizə işarəsi idi. Zivər bibi bəlli etməməyə çalışsa da, üzü tutqun ifadə aldı.
Onu əyilməyə qoymadım. Üzüyü yerdən götürdüm. O özünü zorla toplayıb, məcburi gülümsündü. Və üzüyü barmağıma taxdı.
– Allah mübarək eləsin! Bir yastıqda qarıyın! – Daha bir neçə gözəl sözlər dedi, məni təkrar bağrına basıb dönə-dönə öpdü. – Allah taleyinizi gözəl eləsin, gözəl qızım! Allahdan başqa heç nə diləmirəm, tək istəyim: balalarımı xoşbəxt görüm! Daha ölsəm də qəm yemərəm. Şükür Allahıma, bu günü də göstərdi bizə. Kaş Zərifə də sağ olaydı, bu günü görəydi.
Sözün bu yerində Zivər bibi kövrəldi, göz yaşlarını saxlaya bilmədi.
– Yaxşı da, ay ana. – Gülnar anasına irad tutdu. – Sevinmək yerinə, göz yaşı axıdırsan. Bax, toyda da belə edim deməyəsən. – Onu gülümsəməyə məcbur etdi.
Bibi göz yaşlarına boğulsa da qızının təkidi ilə gülümsəyib:
– Eh, ay qızım, Allah sizləri saxlasın, siz uşaqdınız, sinəmizə çəkilən dağı bilmirsiniz, – dedi. – Kövrəlməyim, neyləyim? Nakam getdi bacım, gənc yaşında torpağa qismət oldu, bu yara sağalar bəyəm? Bu dərd unudular?
– Zivər, özünü ələ al. – Anam az qala imdad edər kimi bibimin üzünə baxdı. Baxışları ilə ona nə isə deməyə çalışdı.
Mən bibimin hansı bacısı barədə danışdığını və anamın gizlətməyə çalışdığı təşvişi və narahatlığının səbəbini anlamadım. Amma burada bilmədiyim bir müəmma olduğu dəqiq idi.
Əynimi dəyişmək adı ilə durmayıb otağıma yollandım. Dəhlizə keçəndə Türkanla üz-üzə gəldik. O, dərin bir baxışla üzümə baxıb:
– Təbrik edirəm! – dedi, gərgin ifadə ilə yanımdan ötüb keçdi.
Belə dilxor ikən üstəlik Türkanın da qərəzli münasibəti məni bir az da gərdi. Otağa keçib qapını çırpdım.
Barmağımdakı üzüyə baxır, sarsılmış halda titrəyirdim.
Bir qədər sonra anam otağıma gəlib qapını arxasınca örtdü.
Mən bir az əvvəl baş verənlərə hələ də inana bilmədən heyrətlə onu süzüb, ayağa qalxdım:
– Bu nə deməkdir, ana?!
– Bu o deməkdir ki, atan böyükləri ilə də məsləhət etdi və öz qərarını verdi. Sənin ixtiyarın yoxdur onun sözündən çıxasan.
– Neçə dəfə təkrar etməliyəm ki, mən onu sevmirəm! Sevmirəm! Nə olsun ki, qohumumdur, necə xarakterli bir insandır bilmirəm, bələd deyiləm. Üstəlik, bu qədər yaş fərqi var aramızda.
Anam irəli yeridi:
– Sus, bibin eşidər, axmaq! – Hirslə üzümə baxdı.
Sonra anam səsini bir qədər qısaraq iradla:
– Bu bəhanələrlə nə bizi yor, nə də özünü, – dedi. – Biz tanıyırıq Salehi, necə uşaqdır, bələdik. Məsləhət bilməsəydik, bu işə boyun qoymazdıq. Başa düşə bilmirəm sən nəyi qoyub, nə axtarırsan?
– Məndən bu qədər bezib-usandığınızı heç bilmirdim. Əlimyandıda yola salmağa çalışırsınız.
Anam sözümü ağzımda qoydu:
– Gün gələcək verdiyimiz bu qərar üçün bizə minnətdar olacaqsan. Hələ nə etdiyini dərk etmirsən, başın dumanlıdır.
Son ümidi də puça çıxan adam sayağı alt-üst olmuş bir əhvalda çarpayıya çökdüm. Əllərimlə üzümü qapadım. Anam yanıma gəlib əllərimi qırağa çəkdi. Üzümü ovuclarının arasına alaraq gözlərimin içinə baxa-baxa dedi:
– Niyə məsələni bu qədər qəlizləşdirirsən? Atanı heç düşünmürsən? O, bu insanlara söz verib. Pis vəziyyətdə qalmasını ona necə rəva görürsən? Atan sənin pisliyini istəyər bəyəm? – Səsimin çıxmadığını görən anam daha ürəklə sözünə davam etdi. – Əlbəttə, yox! Sən qəbul edərsən ki, atan hər kəsin içində xar olsun? Dost var, düşmən var. Beşi istəyirsə, beşi istəmir. O qədər gözü götürməyənlər var ki. Axı bu atana rəva deyil. O, səninlə nəfəs alır. Bunu özün də gözəl bilirsən.
Anam bu sözləri ilə zəif damarımı tutmuşdu. Çünki atama necə bağlı olduğumu bilirdi.
Bir qədər yumşaldığımı fürsət bilib çənəmdən yapışaraq üzümü özünə doğru qaldırdı:
– Qızım! – deyə yalvarış dolu bir səslə dedi. – Mənə söz ver ki, bir problem çıxarıb atanı da, məni də üzməyəcəksən. Söz ver anaya, gözəl qızım!
Mən anamı duysam da dillənmirdim. Bir yanda anamın kövrək tonda mənə səslənişi, bir yanda atam. Bir yanda da Azərin xəyalı, mənə tuşlanmış o baxışları…
O məqamlar bir kino lenti kimi gəlib gözümün önündən keçirdi. Bununla belə cavab verməli idim. Sevgimi qəlbimə gömüb, atamı hər kəsdən üstün tutdum. O, xar olmasın deyə gözlərim dolmuş halda başımı tərpətdim:
– Söz verirəm, istədiyiniz kimi olacaq. Rahat ola bilərsiniz.
Anam asudəliklə nəfəs alıb gülümsədi, məni bağrına basdı.
Saatlar sonra otağımda yastığı sinəmə sıxıb, səssiz-sədasız göz yaşı tökürdüm. Özümü elə yalqız hiss edirdim ki.
Artıq hər şey həll olunmuşdu və tezliklə bibimin evinə gəlin köçəcəkdim. Mənim xəyallarım, gələcəklə bağlı, onunla bağlı arzularım – hər şey, hər şey puç olmuşdu.
Bu vaxt qapı döyüldü. Məqbulə idi.
– Bunları gətirmişdim, – deyə ütülədiyi yataq dəstlərini göstərib, otağa keçmək üçün izn istədi.
Dillənməyə halım olmadı, başımın işarəsi ilə izn verdim. Yaşlı gözlərimi qolumda gizlədib, xeyli səssiz dayandım. Əslində hönkürtümü boğmağa çalışırdım. Amma nə qədər ört-basdır etsəm də, gec idi. Məqbulə ağladığımı anlamışdı. İşini görsə də, oğrun baxışlarını arabir üzümdə gəzdirib məyusluqla başını aşağı salırdı. Diqqətlə onu süzüb, ürəyimdən keçənləri qeyri-ixtiyari dilimə gətirdim:
– Bilirsən, sən özünü heç üzmə ki, bu evdə xidmət edirsən. Sən əslində məndən xoşbəxtsən. Azadsan. Ruhən, qəlbən azad. Ruhunu əsir alıb, qəlbinə möhür vuranın yoxdur. Öz həyatına aid seçim etmək ixtiyarın var.
– Xanım… – Məqbulə məyus halda çəkinə-çəkinə məni süzdü. İstədi nəsə desin, amma əhvalımı görüb, cəsarət etmədi. Odur ki, daha sözünün davamını da gətirmədi.
Məqbulə aşpazın uzaq qohumlarından idi. Kimsəsiz, yetim bir qız idi. Ata-anası o, hələ üç yaşında ikən faciəli şəkildə dünyasını dəyişmişdi. Yeniyetmə yaşlarında nənəsini də itirdikdən sonra, deyilənə görə, aşpazımız Kübra onu anama məsləhət görmüş və elə o vaxtdan Məqbulə bizim evdə işə başlamışdı. Anamın bütün tapşırıqlarını mütiliklə yerinə yetirir, evin bütün işlərində xidmət göstərirdi. İyirmi beş-iyirmi yeddi yaşlarında olar, ya olmazdı. Anamın sərt təbiətinə, bəzən onu acılamasına səssiz-sədasız dözürdü. Çünki getməyə yeri, sığınmağa kimsəsi yox idi. Etiraf edim ki, bəzən ona ürəyim ağrıyırdı. Xüsusilə də anamın qəzəbinə tuş gəlib boynunu bükəndə, gözləri dolsa da bütün cəhdi ilə ağlamamağa səy göstərib özünü sıxıb duranda.
Mən insanların heç bir şəkildə ləyaqətinin açaldılmasını, onlara yuxarıdan aşağı baxılmasını sevmirdim. Bacılarımdan fərqli olaraq onunla mülayim rəftar edir, bir insan kimi başa düşürdüm. O da bunun fərqində idi və mənə bir ayrı münasibət bəsləyirdi.
Eyvana çıxıb bir az təmiz havada dayanmaq, özümə gəlmək istədim. Göz yaşlarım yenə də ixtiyarsız axmağa başladı. Çəkdiyim əzabın təsiri ilə az qala fəryad etdim: “Əgər məni Salehin taleyinə yazmışdınsa, ona qismət edəcəkdinsə, niyə Azəri qarşıma çıxardın, ilahi? Niyə qəlbimə onun eşqini saldın? Niyə? Niyə hər şey bu qədər çətindir? Niyə çarəsiz bir dərdə tutuldum ki?”
Hisslərimlə bacarmadım. Hönkür-hönkür ağlamağa başladım.
Bu vaxt Məqbulə eyvana – mənim yanıma gəlib narahat halda:
– Xanım, yaxşısınız? – soruşdu.
– Yaxşı deyiləm! Bundan sonra da yaxşı olacağımı gözləməyin! – Taleyimə olan qəzəbimlə dilləndim.
– Su gətirim mən sizinçün. – Məqbulə ehtiyatla dilləndi, getmək istədi. Lakin səsimə ayaq saxladı.
– Lazım deyil! – Sərt tonda ona səsləndim.
– Xanım…
Çevrilib xəbərdarlıq etdim:
– Bu barədə heç kimə bir kəlmə də demirsən. Başa düşdün? Heç kimin təsəllisinə ehtiyacım yoxdur.
İstəmirdim anamgil bundan xəbər tutsun.
– Arxayın olun, xanımım, mən ölərəm, amma sizi heç kimə satmaram. – Məqbulə qətiyyətlə dilləndi.
Gözlərimin yaşını silib, özümü topladım. Toxtamağa çalışdım.
***
Qapı zənginə gedən Fazil qarşısında Azəri görüb şad oldu:
– Azər? Nə yaxşı gəlmisən, buyur keç. – Onu evə dəvət etdi.
Ərinin səsinə dəhlizə çıxan Səadət və ardınca da Dilarə bunu Fazilə bildirməsələr də təəccübləndilər. Çünki Azəri bir neçə saat əvvəl yola salmışdılar, bu gün təkrar gələcəyini zənn etmirdilər. Azər onların ürəyindən keçənləri üzlərindən oxuyub, şübhə oyatmamaq üçün xüsusi ahənglə dilləndi:
– Axşamınız xeyir!
Səadət salamlaşandan sonra dözmədi. Narahatlığını dilə gətirib:
– Azər, xala qurban, düzünü deginən, xeyirdir? Nəsə olmayıb ki? – israrla soruşdu.
Fazil məzəmmətlə arvadına baxdı:
– Əcəb adam qarşılamaqdır da.
Azər təbəssümlə:
– Xeyirdir, qorxma, – dedi.
Səadət rahat nəfəs aldı:
– Şükür, təki xeyir olsun.
Salona keçib Fazillə bir qədər söhbət etdikdən sonra Azər siqaret çəkmək bəhanəsi ilə ayağa qalxdı. Gedərkən xalasına eşitdirdi:
– Xala, səni bir dəqiqə olar?
Bayaqdan bunu gözləyən Səadət dərhal yerindən qalxdı. Azərin sözlü adama oxşadığını gəldiyi dəqiqədən, üzündəki ifadə və arabir ona sarı yönələn baxışlarından sezmişdi.
Dilarə də onlara qoşulanda Səadət qızına təpindi:
– Ay qız, sən hara?
– Eee… – Dilarə qaşqabağını töküb, incik tərzdə anasına baxdı.
Xalası qızının üzündəki ifadəyə Azərin dodağı qaçdı:
– Gəlsin də, eybi yox, soruşacaqlarım var.
Mətbəxə keçdilər. Səadəti fikir götürdü. Stulları bir-bir çəkib Azərə yer göstərdi:
– Gəl, oğlum, əyləş. Danış görüm nə olub?
Azər keçib əyləşdi. Sözə necə başlayacağını bilmədiyindən bir xeyli sükut içində dayandı.
Dilarə maraqla onun nə deyəcəyini gözləyirdi. Səadət marağını boğa bilməyib, şikayətləndi:
– Azər, ürəyim partladı. Dillən, aa…
Azər nəhayət dilə gəldi. Sıxıla-sıxıla sözə başladı:
– Bir qız var, – dedi. – Ürəyimə yaman yatıb, nə vaxtdır fikrimdən çıxmır. Gəldim sənə deyəm ki, vəziyyətim ürəkaçan deyil, xala. Mənə bir əlac, dəli olub çöllərə düşməyimə day bir şey qalmayıb.
Azərin dilindən bunları duyanda Səadətin üzü nurlandı. Ürəyinə dolmuş qara şübhələr, qorxu, təlaş, nigaranlıq bir anın içində yox olub getdi.
Dilarə sevincindən göylərə uçacaq tərzdə əlləri üzündə təbəssümlə Azəri dinləyirdi.
– Səndən bir ricam var. Soruş, maraqlan, biz də tanıyaq əsli-kökü kimlərdəndir. Tanıyıb bilmədən evdə söz açmaq istəmirəm. Çünki fikrim ciddidir. Ola bilsin ki, tezliklə anamla səni elçi göndərdim.
Səadətin gözləri doldu. Fərəh hissi ilə gülümsəyərək:
– Can, xala qurban, mənim bu gözlərim üstə! Nə vaxtdır ananla bu günü gözləmirik bəyəm? – dedi. – Yaxşı bəs, demədin axı kimdir, kimin qızıdır? Ata-anası kimdir? Bu qızın haqqında heç nə bilmiriksə, hara gedək, kimdən soruşaq?
– Nadirin qızıdır.
– Necə Nadir?
– KQB Nadir.
Səadət gözucu Dilarəyə baxdı. Eyni zamanda Azərə:
– Nadir kənar adam deyil bizə. Çox gözəl tanıyırıq. Üç qızı var onun, biri heç, qalan iki qızından hansını deyirsən, oğlum? – sual verdi.
– Mən o qızı bu gün sizin evdə gördüm. Həmin qızı deyirəm. Bir dəfə də görmüşdüm onu. Sən də “özgəsi deyil” demişdin.
Səadətin gülər üzü bir anda tutqun ifadə aldı. Dilarə ilə mat-məəttəl bir-birlərini süzdülər.
Azər xalasının əhvalının dəyişdiyini görüb, sual yağan baxışlarını onun üzünə zillədi. Səadət boğazına tıxanan qəhərdən güclə qurtulub, dilləndi:
– O qız nişanlı sayılır, oğlum.
Bu sözlər Azərin qulaqlarında şimşək kimi çaxdı. Qulaqları uğuldadı. Donmuş vəziyyətdə eləcə xalasına baxdı.
Səadət təəssüf hissi ilə:
– Qismət olsaydı çox gözəl olardı, amma nə etməli?
Alt-üst olmuş bir əhvalla onun sözünü ağzında qoyan Azər tutqun səslə:
– Sayılır, ya nişanlıdır? Necə başa düşüm bunu? – soruşdu.
– Üzük taxmayıblar hələ ki, amma ad ediblər. Bibisi öz oğluna alır. Bu yaxın günlərdə nişanı olacaq.
Dilarə Azərin bu vəziyyətinə dözməyib:
– Aydan sevmir o oğlanı, ay ana, bunu sən də bilirsən. Məcbur edirlər. – Astadan dilləndi. Əslində bunu Azərə eşitdirdi.
– Sən sus! – Səadət dərhal çevrilib qızına təpindi. – Sənə aid olmayan mövzulara müdaxilə etmə! Neçə dəfə xəbərdarlıq etməliyəm?
Azər Dilarənin dediklərini eşitdi. Gözlərinə işıq gəldi. Ümidləndi. Amma bu hiss cəmi bir neçə saniyə çəkdi. Fikri yenə xalasının sözlərinə yönəldi.
– Bu işlər uşaq oyunu deyil. Böyüklər razılığa gəlib, söz kəsiblər. – Səadət belə kəskin danışmaqla Azərin bu fikirdən biryolluq daşınmasını istədi.
Dilarə məyus halda Azəri süzüb, başını aşağı saldı. Halbuki çox sevdiyi rəfiqəsinin Azərə qismət olması onun ürəyincə olardı.
Azər başını əllərinin arasına alıb, bir xeyli sükut içində dayandı. Düşündüklərinin təsiri altında gərginliklə fısıldadı. Səadət bunu görəndə təkrar dilləndi:
– Xala qurban, sən ki uşaq deyilsən. Qismət deyilmiş, düşün, yadından çıxarıb at.
Azər düyünlənmiş qaşlarının altından xalasına baxdı. Qəti və kəskin səslə:
– Ata bilmərəm! Gecdir! – dedi.
Onun halını-tövrünü izləyən Səadəti istər-istəməz təlaş sardı. Həyəcanla Azəri süzüb:
– Amandır, oğlum, yanlış bir addım atıb bizi düşmən eləmə camaatla, – dedi. – Nadir qardaş Fazillə qohumdur, Şahnazla bacı kimiyik. Çörək kəsmişik o evdə. Necə baxarıq üzlərinə?
Azər eyni məna verən baxışlarla gözlərini xalasından çəkmədi. Bacısı oğlunun üzündəki ifadədən xeyir əlamət oxumayan Səadət bir az da həyəcanlandı:
– Xala qurban, ağlını başına yığ, nəbadə bir dəlilik edəsən. Bizi peşman eləməginən, qurban sənə. Ata-anana yazığın gəlmir? Xəstə adamdır, tablana bilər bəyəm, səhvə yol versən? Bax, əgər mənə bir balaca hörmətin varsa, söz ver ki, yanlış heç nə etməyəcəksən.
Azər xalasını sonadək diqqətlə dinləyib, ağır bir hərəkətlə yerindən qalxdı:
– Gecəniz xeyrə!
Bunu deyib dəhlizə, oradan da qapıya yol aldı.
Səadət onu saran narahatlıqla bacısı oğlunun ardınca tələsdi.
Azər ayaqqabılarını geyinə-geyinə Fazilə səsləndi:
– Əmi, getdim mən, hələlik.
Səadətin bütün cəhdinə baxmayaraq Azər dayanmadı:
– Səhər işə getməliyəm. Xudahafiz.
Fazil dəhlizə gələndə Azər qapıdan çıxdı. İti addımlarla pillələri enməyə başladı. Onun ardınca baxa-baxa qalmış Səadəti dərd götürdü. Sinə dolusu dərin bir ah çəkdi. “Bu nə iş idi düşdük biz? Sən bu oğlana ağıl verginən!” deyə öz-özünə danışa-danışa Allahı köməyə çağırdı.
(Ardı var)