Firuzə Davudqızı
Aydan
…Göz açıb yumana kimi bir ay ötdü. Vaxt necə keçdi, hiss etmədim.
Tezliklə Salehin vətənə döndüyü xəbərini aldıq. Onun gəldiyini duyan anam, atamın da razılığı ilə Zivər bibinin ailəsini bizə qonaq dəvət etdi. Əslində bu qonaqlıq Salehin şərəfinə idi.
Anam hər şeyin yerli-yerində, nöqsansız olmasını istəyir, bu məclis üçün məxsusi hazırlıq görürdü. Aşbazı, xidmətçini səfərbər edib göstərişlər verir, görülən hər bir işə ciddi nəzarət edirdi.
…Saatlar sonra evdə artıq hər kəs qonaqları qarşılamaq üçün hazır idi. Salonda iri masa açılmış, üzərinə çeşid-çeşid yeməklər, cürbəcür içkilər və digər təamlar düzülmüşdü.
Gün ərzində otağımdan bayıra demək olar ki, çıxmamışdım. Salehgilin gəlməsinə az qalmış Fatimə otağa gəldi. Mənim hələ də hazır olmadığımı görəndə təəccübləndi:
– Nəyi gözləyirsən? Bir azdan gəlirlər. Hər halda bütün gecəni burada oturmaq fikrin yoxdur.
Dillənmədim.
– Qalx geyin, yoxsa yenə Şahnaz xanımı özündən çıxaracaqsan. Bircə bu olmasın, xasiyyətinə bələdsən də.
Fatimə otaqdan çıxanda qımıldanmadığımı görüb, məni tələsdirdi:
– Ay qız, cəld ol, aa. Üz-gözünə də bir az əl gəzdir.
Bezib usanmış halda ah çəkdim. Könülsüz-könülsüz dolabın qapısını açıb, dilxor halda geyimlərimi süzdüm. Nə geyinəcəyimə qərar verməyə həvəsim də yox idi. Qısa ətəkli donlardan ən sadəsini asılqandan çıxarıb çarpayımın üstünə atdım. Elə bu vaxt Türkan qapıda göründü.
Onu görəndə gözlərim iriləndi. Əhvalımın olmamasına rəğmən gülümsədim. Bacım iri ala gözləri, uzun sarı saçları, gözəl bədən quruluşu, bir sözlə, öz gözəlliyi ilə onsuz da ad çıxarmışdı, indi isə bəzənib-düzənib daha da cəlbedici olmuşdu. Sanki bu gecəyə inad gözəl görünmək istəyirdi. Türkan mənim ona heyranlıqla baxdığımı görsə də, özünü görməzliyə vurub:
– Fatimə burda deyil? – hər zamankı özünə əmin bir əda ilə, soyuq səslə soruşdu.
– Salonda olar. – Mən hələ də gözlərimi bacımın üzündən çəkə bilmirdim. Türkan isə bir anlıq soyuq baxışlarla mənə başdan ayağa nəzər salıb, istehza ilə soruşdu:
– Sənə nə olub? Niyə hazır deyilsən? Qonaqların gəlmir bəyəm? – Bu sözləri yaralayıcı bir şəkildə, xüsusi vurğu ilə dedi. – Nə qəm dəryasına batıb qalmısan? Matəm içindəsən elə bil. Başqa nə istəyirsən ki?
Tutulub qalaraq gözlərinin içinə baxa-baxa susdum.
Türkan daha bir söz deməyib, qapını örtərək çıxıb getdi. Nədənsə mənə elə gəldi ki, o, heç də Fatiməni axtarmaq üçün bura gəlməmişdi, mənimlə göz-gözə gəlmək, mənə bəslədiyi nifrəti, kini hiss etdirmək üçün burada idi. Niyə belə etdiyini heç cür anlaya bilmirdim.
Bir qədər sonra aşağıdan ucalan səslərdən bibigilin artıq gəlmiş olduğunu anladım. Danışıq və arabir ucalan gülüş səsləri bir-birinə qarışmışdı.
Mən geyinib çarpayının kənarında oturmuş, bu məclisi yola vermək üçün özümdə qüvvə arayırdım. Bu vaxt qapı döyüldü. Qapının arxasından Məqbulənin səsi duyuldu:
– Xanım, Şahnaz xanım aşağı enməyinizi istəyir.
Bunu duyanda narazılıqla üz-gözümü turşutdum. Onların yanına getməyi qətiyyən istəmirdim. Amma ayrı yolum da yox idi. Məqbuləyə:
– Gəlirəm, – dedim. Məqbulə getdi.
Özümü toplayıb, otaqdan çıxdım. Mən salona enəndə qonaqların arasında gözümə ilk dəyən, divanda, Zakir əminin yanında əyləşmiş boy-buxunlu, iri cüssəli, qaraşın oğlan oldu.
Bu, Saleh idi. Zivər bibi bir neçə ay əvvəl onun şəklini gətirib göstərmişdi mənə. Və mən illər sonra Salehi ilk dəfə olaraq şəkildən görüb tanımışdım. İndi isə canlı surətdə üz-üzə dayanacaqdım. O, şəkildə gördüyüm kimi deyildi, görkəmcə çox dəyişmişdi. Bir az da kökəlmiş, yaşa dolub, əsl kişi görkəmi almışdı. İstər-istəməz məni həyəcan sardı. Bununla belə onlara doğru getdim.
Salehin gözü qəfildən mənə sataşdı, üzündəki ifadə dəyişdi, həmin anda onunla üzbəüz oturmuş bacısı Gülnara baxdı. Güclə sezilə bilən bir təbəssümlə başını aşağı saldı.
Yaxınlaşıb onları salamladım. Zivər bibi məni görən kimi üzü nurlandı. Sevincək qollarını yana açıb məni bağrına basdı.
– Körpə quzum! – deyə öpüb-qoxuladı. – Ox! Ox! Çiçəkdir balam!
Eyni zamanda şikayətini də gizlətmədi. İncik tərzdə:
– Gəl, çıx da, bu qədər intizarda saxlamaq olar bibini? – dedi.
Sıxıla-sıxıla gülümsədim. O, mənə hər zaman “quzum” deyərdi.
Zakir əmi ilə görüşəndə onun Zivər bibiyə dediyi sözlər məni tamam pis vəziyyətdə qoydu.
– Ax, siz qadınlar! Necə olsa, qayınana olduğunu bəlli etməlidir də, üstüörtülü iradını artıq bildirdi. Sən hazır ol da, qızım, bu işlərə. – Zakir əmi mənə müraciət etdi. Sözləri məni necə utandırdısa, yer yarılsa yerə girərdim.
Gülüşdülər.
Zivər bibi narazılıqla ərini süzdü:
– Zakir! Mən ki bunu hər zaman deyirəm, mən gəlinimə qayınana olmayacam. O da bizim övladımız sayılacaq. Gəlindən artıq olacaq mənimçün. Gülnarla onun arasında fərq qoymaram.
– Təki sən deyən olsun. – Zakir əmi alnımdan öpüb, başımı sinəsinə sıxdı.
Onların hər fürsətdə “gəlin”, “qayınana” sözlərini ortaya atıb, bunu mənə eşitdirmələri məni gərsə də, bu məqamda əlimdən bir şey gəlmirdi. Saleh də başını aşağı salıb dinmirdi. Amma üzündəki ifadədən bu danışıqların ürəyinə yağ kimi yayıldığı bəlli olurdu. Bunu hiss etmək isə məni bir az da qıcıqlandırırdı.
Atasından sonra Gülnar da mehribanlıqla mənə sarıldı. Üzümdən öpdü. Şadlığından gözlərinin içi gülə-gülə üzümə baxdı.
Mən başımı tərpətməklə Salehə salam verib, Türkanın məni izləyən gərgin baxışları altında keçib bibinin yanında əyləşdim.
Anam arada fürsət tapıb yanıma gəldi. İradla qulağıma pıçıldadı:
– Bu nə geyim, bu necə hazırlaşmaqdır? Qonaq qarşısına belə çıx demişdim bəyəm sənə? – Tərs-tərs gözümün içinə baxdı. – Məni təbdən çıxarmaq xoşuna gəlir də sənin. Eybi yox, sonra danışarıq səninlə.
Mən anamı dinləsəm də bilərəkdən cavab vermədim. Buna heç imkanım da olmadı. Baxışlarımı çevirəndə Salehin bütün diqqəti ilə bizi süzdüyünü gördüm. Özümü görməzliyə vursam da, onun eynən atası kimi məğrur və ciddi baxışları qarşısında sıxıldım.
Bilərək sadə geyinib, makiyaj etməmişdim. İstəyirdim Saleh məni görəndə zövqünə uyğun olmadığımı düşünsün. Amma onun mənə zillənmiş baxışlarında bunun tamam əksini görürdüm.
Çox keçmədən hər kəs masa arxasına keçdi. Sağımda Zivər bibi, solumda Gülnar əyləşmişdi. Zivər bibi tez-tez məhəbbətlə məni süzür, bəxtiyarlıqla masanın baş ucunda, atamın yanında əyləşmiş oğluna baxırdı. Fərəhi köksünə sığmırdı.
Məclis boyu Salehin oğrun baxışlarını öz üzərimdə hiss edir, bir az da sıxılırdım. O isə hər fürsətdə bir bəhanə ilə məni süzürdü.
Nəzərindən heç nəyi qaçırmayan Türkan bütün bunları gördükcə rəng verib, rəng alır, bununla belə gözünü bizdən ayırmırdı.
Anamın kefi durulmuşdu, hazırkı vəziyyətdən məmnun idi. Artıq quda gözü ilə baxdığı bibimlə Salehi, məni süzərək özünə xas ədalı gülüşülə nə barədəsə şirin-şirin söhbət edirdilər.
Masa ətrafında oturan hər kəs deyib-gülür, təkcə mən özümü narahat hiss edirdim. Havam çatmırdı. Boğulurdum elə bil.
Yeməkdən sonra Gülnar mənə həyətə enib skamyada əyləşib söhbətləşməyi təklif edəndə məmnuniyyətlə qəbul etdim. Birlikdə həyətin bir guşəsində tavanı qırmızı kirəmidlə örtülmüş balaca meydançaya gəldik.
Payızın ortaları idi, havalar artıq soyuq keçirdi. Çiynimizə atdığımız şala bürünüb skamyada əyləşdik. Bir-birimizə sığınıb buradan göy üzündəki ulduzları seyr edə-edə söhbətləşməyə başladıq.
Biz həyətə endikdən bir qədər sonra Saleh qapıda göründü. Ağır addımlarla bizə doğru gəlməyə başladı. Onu görəndə özümü itirdim.
Gülnar təbəssümlə qardaşını süzürdü. Saleh gəlib yanımızda dayandı, bir gözü məndə, bacısı ilə ordan-burdan danışmağa başladı.
Gülnar evə keçmək istədiyini bildirəndə mən Salehə bəlli etmədən onun qolunu yüngülcə sıxdım.
– Birlikdə gedək, – deyə ona gözümü ağartdım.
Gülnar sanki məni duymamış kimi tamam başqa söz dedi:
– Siz danışın, söhbət edin, mən gedim qızların yanına.
Saleh razılıqla gülümsünüb, başını aşağı saldı. Gülnar sözünü bitirən kimi addımlarını yeyinlədib bizdən ayrıldı. İstəmədiyim halda Salehlə həyətdə tək qalmalı oldum.
Araya tamam sükut çökdü. Bu sükut bir xeyli davam etdi.
Heç birimiz dinmirdik. Saleh əlləri qoltuğunda arxasındakı mərmər məhəccərə söykənib, mənim üzümdəki ifadəni izləyir, hələ ki, susurdu. Çox güman, söhbətə haradan və necə başlamağı götür-qoy edirdi.
Mən isə buradan necə ayrılmağın yollarını arayır, bəhanə gəzirdim.
Birdən sanki dilinin kilidi açıldı. Və mən Salehin bu günədək heç duymadığım səsini eşitdim.
– Anam şəkillərini göndərirdi mənə.
Duruxdum, amma bəlli etməməyə çalışdım.
– Etiraf edim ki, real həyatda şəkillərdə göründüyündən gözəlsən.
Baxışlarımı çevirib bir anlıq üzünə baxsam da, gözlərimi tez də gözlərindən qaçırdım. Nə düşündüyünü bilmək üçün fikrini öyrənmək istədim.
– Gözəllik bu qədər önəmlidir səninçün? – Maraq içində nə cavab verəcəyini gözlədim.
Salehin dodağı qaçdı. Çox güman, sualımı uşaq sayağı hesab etdi. Amma cavab verdi:
– Heç bir kişi gözəl qadına biganə qala bilməz. Bunu danmıram. Amma… Amma sevib-seçmək, evlənmək barədə düşünmək üçün təkcə gözəllik yetmir. Gözəllikdən üstün olanlar var.
– Məsələn, nə?
– Məsələn, onun ağlı, dünyagörüşü, tərbiyəsi, isməti və sair və ilaxır. Bunlar öz yerində. Mənim üçün ən əsası həmin qadına qarşı nə hiss etdiyimi bilməkdir. Ona olan duyğularımdan əmin olmaqdır. Bu mənimçün çox önəmlidir. Hətta hər şeydən irəlidə gəlir. İzah edə bildim?
Kədərlə gülümsündüm.
– Anladım. Bəs qarşındakı qadının sənə qarşı nə hiss etməsi necə, səninçün önəmlidir?
Salehin üzündə güclə sezilə bilən acı istehza ilə dolu bir təbəssüm dolandı. Nə demək istədiyimi göydə tutdu. Lakin özünü o yerə qoymayıb, məni bir az intizarda saxladıqdan sonra dilləndi:
– Bu barədə söhbət etmək üçün hələ çox vaxtımız olacaq. Bu gecə bu mövzuların yeri deyil, məncə. Razısan?
Ona verdiyim sualdan necə ustalıqla yan keçdiyinə eyhamla gülümsünüb, köks ötürdüm. Saleh bir addım mənə doğru gəldi. İstədi əlimdən tutsun, əlimi geri çəkib arxamda gizlətdim. Bir addım ondan aralı dayandım. O, özünü sındırmayıb, gülümsədi:
– Səni anlayıram. Hələ isinməmisən mənə, haqlısan, bir-birimizlə ünsiyyət qurmağa belə imkanımız olmayıb. Amma biz demək olar ki, artıq nişanlı sayılırıq. Bircə o qalıb ki, böyüklər bu işi rəsmiləşdirsinlər.
Mən üzümdəki əzablı ifadəni gizlətmək üçün baxışlarımı yerə dikib susdum. O isə sözünə bir anlıq ara verib, sonra təkrar dilləndi:
– Bu gün səninlə bax beləcə, üz-üzə dayanmaq üçün mən yad məmləkətdə təkcə günləri deyil, saniyələri saymışam. Bu gecə mənimçün o qədər dəyərli, məxsusidir ki, sehrini pozmaq istəmirəm. Yalnız sənə baxmaq, səni görmək, sənin varlığını yanımda hiss etmək istəyirəm. Məni yanlış anlama. Öz mənfəəti üçün yaşayan biri kimi də qiymətləndirmə. Sən məni yaxından tanımırsan. Təbii ki, bu səbəbdən mənim barəmdə düşüncələrin fərqli ola bilər. Amma tanıdıqca fikirlərin, düşüncən də dəyişəcək, bundan əmin ol. Sənə olan sevgim o qədər dərin və sonsuzdur ki, bu sevgi ikimizə də yetər.
Durmayıb getmək istədim. Saleh cəld tərpənib qolumdan yapışdı.
– Məni axıradək dinlə. Və bunu bil ki, sənə görə bu həyatda hər şeydən, hər kəsdən vaz keçə bilərəm. Ciddi sözümdür.
– Məcburiyyəti sevmirəm! – Beləcə, üstüörtülü də olsa, ona öz fikrimi çatdırmaq istədim. Geri dartınaraq tərs-tərs üzünə baxdım.
Saleh qolumu buraxıb, üzr istədi. Mən yoluma davam etmək istədikdə o, qarşıma keçib buna əngəl olaraq tamam ciddi halda, amma gizlətməyə çalışdığı bir iztirabla:
– Səni həyatda heç nəyə məcbur etməyəcəm, and içirəm! – dedi. Və bir qədər sıxıla-sıxıla əlavə etdi. – Mənim ol, yetər!
Uzun, dərin bir baxışla üzünə baxıb, halına acıyan bir tövrlə:
– Əsir aldığın bir qəlbdə eşq aramağın yersiz olar, bunu unutma. Çünki payına düşən yalnız qəm-qüssə, göz yaşı, intizar olacaq, – dedim.
– Razıyam! – O, sözümü ağzımda qoyub, qətiyyət yağan bir səslə dedi. – Məni sənə aparan bu yolda başıma nə bəla gəlirsə gəlsin, qəbulumdur. Hər şeyi gözə almışam. Mənə nə zülm etsən, uf demədən tablanaram. Təki, bilim, sən mənimsən.
Salehin mənə zillənmiş baxışlarında onun mənimlə evlənməkdə nə qədər israrlı, fikrində necə qəti olduğunu gördüm. Ondan belə asanlıqla qurtula bilməyəcəyimi də şəkk-şübhəsiz anladım.
…Üç gün sonra anamın iradına rəğmən, uzun xahişdən sonra atamdan nəhayət ki, izn ala bilmiş, zindandan qurtular təki arxama belə baxmadan məni bu həyatda anlayan tək sirdaşımın yanına qaçmışdım.
Mən gedəndə o, evdə deyildi. Səadət xala onun kitabxanaya getdiyini söylədi. Çox keçmədən Dilarə evə qayıdanda məni görüb dəli kimi sevindi. Amma incikliyini də büruzə vermədən dayana bilmədi. Gözlərini süzdürüb, kinayə ilə:
– Xoş gördük səni, vəfasız qız! Sən hara, bura hara?- dedi. – Ünvanı səhv salıb-eləməmisən ki, yolun buradan düşməkdə?
– Qızım! – Səadət xala Dilarənin sözlərini ciddi qəbul edib, mat-məəttəl ona baxdı.
Mən gülməyimi zorla boğub, ona sarıldım. Dönə-dönə öpüb:
– Mən sənə vəfasızlıq etmərəm, – dedim. – Vəziyyətimi ki, bilirsən?
– Get burdan, pis qız! – Dilarə məni özündən ayırdı və küskün baxışlarla üzümə baxdı. – Bəhanə eləmə. Küsmüşəm səndən!
– Sən məndən küsə bilməzssən! – deyə ona daha bərk sarılıb gülümsədim. – Çünki sən mənim canımsan!
– Dilarə! – Səadət xala bir daha ona xəbərdarlıq etdi.
Bunu fürsət bilib, irad tutdum:
– Yaxşı da, bəs sən niyə məni itirib axtarmırsan, soruşmaq eyib deyilsə? – Qınaqla onu süzdüm.
– Bax, o sualı mənə deyil, xalana ver mümkünsə.
Səadət xala bunu duysa da özünü işlə məşğulmuş kimi göstərdi, altdan-altdan gülümsünüb, bir söz demədi.
Dilarə gözaltı məni süzüb, birdən gülər üzlə irəli yeridi, mənə sarıldı. Üzümdən öpüb, xeyli buraxmadı.
Bir aydan çox idi bir-birimizi görmürdük.
…Həmin axşam Dilarə ilə çox sevdiyimiz piroqlardan birini hazırlamaqda idik. Əlimiz iş görsə də, səsimiz, gülüşümüz bütün mətbəxi bürümüşdü. Hətta arabir Səadət xala mətbəxin qapısı ağzında görünür, mülayim bir ifadə ilə astadan bizə səslənirdi:
– Qızlar… – O, Dilarənin atasının salonda oturduğuna işarə edərək səsimizi bir qədər qısmağı tapşırıb gedirdi.
Biz Səadət xalanın dediyinə əməl etməyə çalışaraq gülüşümüzü zorla boğub, sakitliyə riayət etmək istəsək də, bu sükut cəmi bir neçə saniyə çəkirdi. Baxışlarımız toqquşanda bizi təkrar gülmək tuturdu. Bu minvalla nəhayət piroq hazır oldu.
Bir qədər sonra Dilarənin otağında idik. Yatmağa hazırlaşırdıq. Səhər evə qayıdacağımı düşündükcə məni sıxıntı sarırdı.
Dilarə məyusluğumun səbəbini soruşdu. Mən tutqun ifadə ilə evdə məni gözləyən problemi dilə gətirdim. Özüm də hiss etmədən gözlərim doldu. O, bunu görəndə dözməyib, yanıma gəldi.
Məni bibim oğlu Salehə adaxlamaq istədiklərini Dilarə və təbii ki, ailəsi də bilirdi. Sevməsəm belə, atam pis vəziyyətdə qalmasın deyə, bir ömür boyu zəhər udmağa çarəsiz razı olacaqdım.
Dilarə məsələni anlayıb, məni sakitləşdirməyə çalışdı.
– Üzmə özünü bu qədər.
– Bacarmıram!
O, bu işdə mənim ailəmə qarşı tək vuruşduğumu və məğlubiyyətimin qaçılmaz olduğunu ilk gündən şəkk-şübhəsiz bildiyi üçün hər zaman olduğu kimi məni dilə tutmağa çalışdı:
– Gözəlim, bəlkə doğrusunu elə böyüklər bilir, hə? Hər halda onların həyat təcrübəsi bizdən çoxdur. Biz hisslərimizlə yaşadığımız halda, onlar ağıllarının gözü ilə irəlini görə bilirlər. Gəl, düz danışaq da. Axı pis oğlana bənzəmir, səni necə sevdiyi gözlərindən bəllidir. Bəlkə də bir şans versən ona, tanısan, ürəyin tutar. Gün gələr, hətta sevərsən də.
– Mümkün deyil. – Qəti səslə dilləndim.
– Niyə axı?
– Çünki…
– Çünki nə? – Dilarə maraqla üzümə baxdı.
“Çünki mən başqasına aşiq olmuşam. Mənim varlığımdan xəbəri olmayan birinə. Amma neyləyim, ürəkdir bu, bacarmaq olmur. Nə ağlımdan, nə də qəlbimdən çıxarıb ata bilirəm” demək istədim. Sinəmi deşən dərdi açıb deməyə çalışdım, bacarmadım. Bu səbəbdən susmalı oldum.
Dilarə sükutumu görüb, incik tərzdə məni süzdü:
– Sən artıq mənə etibar etmirsən? Deyəsən aramızda bir sirr peyda olub axı. Bu nə olan işdir?
– Yox, Dilya, belə deyil. Qətiyyən belə düşünmə.
– Düşünmək məcburiyyətində qoyursan da məni. Sən çox dəyişmisən. Həmin Aydan deyilsən. Mən tanıdığım Aydan məndən heç nə gizlətməzdi. Mənə etibar edərdi.
Mən işin əslini açıb-ağarda bilmədiyim üçün onun düşündüklərini inkar etmək məcburiyyətində qaldım.
Gecə bir xeyli danışdıq. Səhər mən oyananda Dilarəni otaqda görmədim. Çoxdan oyanıb, yatağını da yığmışdı.
Əl-üzümə su vurub, yuyunduqdan sonra dəhlizə keçəndə onunla qarşılaşdım.
– Sabahın xeyir.
Mən bütün gecə aqibətimi düşünməkdən yerimdə vurnuxub gec yatdığım üçün əzgin və yorğun idim. Mən yarıyuxulu bir səslə dilləndiyim halda o, yüksək əhval-ruhiyyə ilə yanağımı barmaqlarının arasında yüngülcə sıxıb, gümrah bir səsl :
– Sənin də sabahın xeyir, gözəlim, – dedi. – Keç salona. Səninçün çay süzüb, gəlirəm mən də.
Dediyi kimi etdim. Lakin salona keçmək istəyəndə quruyub qaldım. Gözlərimə inanmadım. O gəlmişdi – Azər!
Onu görən kimi hər şeyi unutdum. Qəmi-kədəri, məni sıxan problemimi, ümumiyyətlə, dünya-aləmi.
Əl-ayağım əsməyə başladı. Lakin geri qayıtmaq üçün artıq gec idi. Səadət xala məni gördü. Və təbiətinə xas bir mehribanlıqla:
– Gəl, qızım, buyur, çəkinmə, – deyə gülümsədi.
Səadət xalanın sözünə baxışlarını mənə doğru çevirən oğlanın üzündəki ifadə göz qırpımında dəyişdi. Gözləri iriləndi və bir anlıq dalğınlıqla əlindəki çay dolu fincanı sinəsinə aşırdı. Pərt halda yerindən sıçrayıb qalxsa da, olan olmuşdu. Hər şey bir anda baş verdi, çaşıb qaldım.
Səadət xala təşvişə düşdü. Dərhal irəli yeriyib bacısı oğlu ilə maraqlandı:
– Can, xalan qurban, yandın!
Otağa keçib köynəyini çıxarsın deyə onu tələsdirdi.
– Narahat olma, – Azər köynəyinin çay tökülmüş hissəsini yelləyib çırpa-çırpa dilləndi. – Keçib gedər.
Hiss olunurdu ki, qaynar çay onu yamanca yandırıb, amma özünü sındırmır. Əksinə, üzündə qəribə bir sevinc vardı.
Xalası ilə danışsa da, bir gözü məni izləyirdi.
Mən hələ də nə edəcəyimi bilmədən təqsirkar halda onlara baxırdım. Bu vaxt salona gələn Dilarə nə baş verdiyini öyrənəndə heyrət içində xalası oğluna yaxınlaşdı.
Azərin bir əli hələ də islaq köynəyinin yaxasında idi, arabir yelləyirdi. Amma zarafatından da qalmadı:
– Bu nədir, xalaqızı, sui-qəsd hazırlamısan ki, mənə. Ürəyim odlandı!
Onun zarafatla dediyi sözlərin arxasında yatan mənanı deyəsən Səadət xala sezdi. Təbəssüm dolandı simasında. Bununla belə Dilarəyə səslənib onu tələsdirdi:
– Get köynək gətir, keçib əynini dəyişsin uşaq, nə durmusan, ay qız?
Özü isə yanığa qarşı məlhəm sürmək üçün əl-ayağa düşdü. Bacısı oğlu ona:
– Ehtiyac yoxdur, – desə də, o, israr edirdi. – Dilbərə cavab verə bilmərəm sonra. Uşağımı nə hala salmısınız deyib, məni tənbeh edər.
– O da düzdür! – Canının ağrısına rəğmən Azərin dodağı qaçdı.
Bir qədər sonra hamı yenə masa arxasında idi.
Mən qarşımda duran və soyumaqda olan çaydan hələ bir qurtum da almamışdım. Onunla bir masada, ona bu qədər yaxın ikən həyəcandan iştaham küsmüşdü. Elə sanırdım dünyanın naz-nemətini yeyib oturmuşam.
Səadət xala və Dilarə ona müraciət edərkən tez-tez adını çəkirdilər. Bu adı duymaq mənə ayrı bir həyəcan gətirirdi. İlahi, o, hardan biləydi ki, mən bu adı bu iki ildə, dəlilər kimi öz-özümə yüz dəfə, min dəfə, bəlkə də milyon dəfə pıçıldamışam? Hardan biləydi?
Tez-tez qol saatına baxırdı. Yəqin ki, gedəsi yeri vardı. Bir azdan mən də yola düşməli idim, amma ondan ayrılmağı qətiyyən istəmirdim. Onun çıxıb getməsini də həmçinin.
Baxışlarını yerə dikməsini fürsət bilib, gözucu, oğrun-oğrun onu süzürdüm. Baxdıqca baxmaq istəyirdim. Gecə yatağıma uzanıb fikirləşməkdən yuxum qaçdığı zaman xəyalımda surətini canlandırmaq üçün. Sanki yanımda imiş kimi, özümü tənha hiss etməmək üçün. Beləcə acgözlüklə, amma gizlin-gizlin onu süzürdüm.
Bir ara heç gözləmədiyim anda o məni yaxaladı. Qəfildən baxışlarını qaldırıb, düz üzümə baxdı. Gözləri gözlərimə tuş gəldi, baxışlarımız toqquşdu. Baxışlarının təsiri, cazibəsi qarşısında davam gətirə bilməyib, gözlərimi ondan qaçırdım. Əlimi od tutub yanan sifətimdə gəzdirdim.
Bir ara Səadət xala qalxıb mətbəxə keçdi. Masa ətrafında üçümüz qaldıq. Dilarə Azərlə yanaşı oturmuşdu. Məmnun halda ona qulluq edirdi. Dünən axşam bişirdiyimiz piroqdan yeməyi ona təklif edəndə Azər tamam ciddi halda:
– Rəhmətlik olmayacağıma zəmanət verirsənsə, yeyərəm, – dedi.
Dilarə tərs-tərs onu süzdü:
– Nə vaxtsa belə olub ki?
Azər eyni ciddiliklə:
– Bu bir dəfə olur da, xalaqızı, incimə, o da gəlib bu gün mənim bəxtimə düşməsin. Gələcəklə bağlı həyata keçirmək istədiyim planlarım çoxdur, – dedi. – Nakam getməyim. Nəzərə al da.
Gülməyimi zorla boğurdum. Bir-birinə sözü elə ciddiliklə ünvanlayırdılar ki, kənardan baxan bunu zarafat deyil, ciddi qəbul edərdi.
Dilarə Azərin bu sözlərinə qarşılıq, özünü qətiyyən sındırmayıb:
– Tamam arxayın yeyə bilərsən, Aydan bişirib, – dedi.
Ona gözümü ağartdım. Bu zaman Azərin baxışlarını qaldırıb qəribə bir məna ilə düz gözümün içinə baxması, ürəyimə yenə o müdhiş çırpıntını gətirdi. Özümü yığışdırıb, altdan-altdan məzəmmətlə Dilarəni süzdüm.
O isə xalası oğlunu danışdırmaq üçün aralarında gedən zarafata davam etdi:
– Nə oldu? Nöş səsin çıxmadı?
Azər Dilarəyə bilərəkdən cavab verməyib, piroq dilimindən bir dişlək götürdü. Və çox keçmədən fikrini bildirdi:
– Əla! Söz ola bilməz.
Dilarə bir gözü məndə, üzündəki təbəssümü güclə boğaraq Azərə irad tutdu:
– Deməli, belə oldu, hə? Aydan bişiribsə möhtəşəm, əla, amma mənə gələndə…
Azərin dodağı qaçdı. Dilarənin sözünü ağzında qoyaraq boynundan yapışıb onu özünə doğru çəkdi, alnından öpdü.
Həmin gün Azər xalasıgildə çox yubanmadı. Tezliklə masadan qalxdı və xudahafizləşib getməyə hazırlaşdı.
Dilarə ilə Səadət xala onu ötürəndə mən onlardan xəlvət Azərin dalınca baxırdım. Onu bir də nə vaxt görəcəyəm deyə düşünür, qəribsəmiş halda beynimdə dolanan suala cavab arayırdım. “Bir də görmək nəsib olacaqmı?”
Öz dediyimə özüm də şübhə etdim. Mən onu yalnız bu evdə görə bilərdim, o da əgər bura gələrdisə. Ancaq bu şəkildə mümkün idi. Amma bundan sonra mənə daha Dilarəgilə gəlməyə izn verəcəklərini sanmırdım.
Bir qədər sonra atamın sürücüsü dalımca gəldi. Və mən evə getməli oldum.
***
Hər kəs Azərin çoxdan çıxıb getdiyini zənn etsə də Azər getməmişdi. Maşını binaların arasına verib gözləyirdi. Az qala gündüzləri çıraqla gəzdiyi qıza rast gəlmişkən bu dəfə nə olur-olsun, onu gözdən itirməyəcəyini qərara almışdı. Və bayaq xalasıgildə Dilarədən Aydanın evə qayıdacağını duymuşdu.
Artıq yarım saatdan çox idi gözləyirdi. Lakin bu onu qətiyyən yormurdu. Nəhayət, irəlidə binaya doğru istiqamət almış qara rəngli, xüsusi nömrə nişanı olan bir maşın göründü. Azər yayxandığı oturacaqda dikəlib, özünü düzəltdi. Təxminini doğrulamaq üçün hazır dayandı. Çox keçmədən yanılmadığını anladı.
Aydanın maşına oturmasını və maşının hərəkətə keçməsini səbirlə izlədikdən sonra açarı burub mühərriki işə saldı. Vaxt itirmədən onların arxasınca yola düzəldi.
Yol boyu sürücüyə hiss etdirmədən onun idarə etdiyi maşını izlədi.
Bir qədər sonra çatdıqları ünvanda Aydan sürücünün açmış olduğu qapıda göründü və maşından endi. Sürücü onu həyətə keçənə qədər müşayiət edib, kiməsə təhvil verdi. Və yalnız bundan sonra maşına əyləşdi. Sürüb getdi.
Bütün bunları maşının yan güzgüsündən izləyən Azər bir az əvvəl Aydanın əyləşdiyi maşının hansısa qapının önündə dayandığını görən kimi şübhə oyatmamaq üçün yanlarından ötüb keçmiş, irəlidə tanımadığı bir qapının önündə dayanıb gözləmişdi.
Sürücü getdikdən sonra maşını dalın-dalın qapının önünə sürdü. Diqqətlə qapının üstündəki nömrəyə baxıb, razılıqla öz-özünə gülümsədi. Əslində o, Xəqanidən məlumat alan gündən axtarışa çıxmış, bu məhəlləni çoxdan tapmışdı. Sadəcə olaraq Nadirin evinin ünvanını dəqiqləşdirmək, əmin olmaq istəyirdi.
Burada çox ləngimədən gəldiyi kimi geri döndü. Əhvalı kök halda telestudiyaya yollandı.
(Ardı var)