Firuzə Davudqızı
Mərdəkan
Həmin gün o, atası evinə gəlib çatanda qaş qaralmışdı. Maşını həyətə salıb endi. Evdə qonaq olduğunu qapıları taybatay üzünə açıb onu darvazanın önündə qarşılayan Vüsətdən öyrəndi.
Bir qədər sonra evə keçəndə dünyanı sanki Dilbərə bağışladılar. Oğlunun qarşısına yeriyib onu bağrına basdı.
Azər salona keçərək masa ətrafında oturan hər kəsə:
– Axşamınız xeyir, – deyib, xoş gəldin etdi, atası ilə qucaqlaşdı. Atasının köhnə dostlarından olan Kamillə də eyni qaydada görüşdü. Başını yüngülcə tərpətməklə onun xanımı və qızı ilə salamlaşdı.
Azərin məqamında gəlib çıxması Dilbərin sevincinə sevinc qatmışdı. Çoxdandır gözaltı etdiyi qızı Azərin bu minvalla görməsinə vəsilə olmaq istəyi nəhayət baş tutmuşdu.
Azər masanın arxasına keçib oturdu. Amma bəlli etməsə də, könülsüz oturdu. Otağına çəkilib özü ilə tək qalmağı indi hər şeydən çox istəsə də qonaqlara qarşı hörmətsizlik olar deyə səbrini basırdı. Sanki tikan üstə oturmuşdu.
Masanın bir ucunda anası ilə yanaşı əyləşmiş qızın ədalı baxışlarını ara-sıra öz üzərində hiss etsə də, özünü elə göstərirdi ki, guya atası ilə dostu arasında gedən söhbətə diqqət kəsilib. Həqiqətdə isə fikri bu məclisdə deyil, ağlına hakim kəsilən qızın yanında idi.
Dilbər isə Rənaya göstərişlər verərək gələcək gəlini gözü ilə baxdığı qıza xüsusi qulluq etdirir, onunla maraqlanırdı.
…Qonaqları yola saldıqdan sonra evə qalxmazdan əvvəl Ənvər Azərlə həyətdə bir xeyli gəzinib, söhbət etdi. Adəti üzrə oğlunun işləri, həyatının necə keçməsi barədə maraqlandı.
Gecə yatağa girən kimi Dilbər səsini bir qədər qısaraq maraq içində soruşdu:
– Nə oldu, Ənvər, nə barədə danışdınız Azərlə? Sözü açdın? Bizim məqsədimiz, niyyətimiz nədir, dedin?
– Ay qız, dayan bir, indi çatıb evə, nə olub axı? Bir balaca səbrin, hövsələn olsun. Ürkütmə də. Hər işin bir üsulu, sözün deyilmə məqamı var. Səhər bir açılsın, görək başımıza nə gəlir də.
– Sən dillənib ona qərarını söyləyənə kimi Azər yola düşəcək, Ənvər. Bilmiş ol. Qorxuram bu gedişlə hələ çox gözləyək.
– Bu ayaqüstü ediləcək söhbət deyil, məqam gəlsin, çağırıb danışacağam əlbət. Özünün də fikrini öyrənəcəyəm. Nəticədə evlənəcək olan adam odur, fikrini bilməliyik, ya yox? Sən darıxdırma özünü. Düzələr.
Dilbər dərin bir ah çəkib, yerində çevrikdi. Yatmağa hazırlaşdı, amma nə billah etdisə, yuxu tutmadı onu.
***
Bu anlarda qonşu otaqda Azər çarpayıya uzanıb qollarını boynunun altında çarpazlamışdı. Gözlərini tavana zilləyib, fikrini darmadağın edən qızı düşünürdü.
Onun məsumluq yağan, ay kimi işıq saçan siması, saflıq duyulan baxışları, ala gözləri, havada dalğalanan saçları Azərin gözləri önündə təkrar canlanaraq yuxusuna qənim kəsilmişdi. Bu düşüncələr içində, dəhşətli dərəcədə darıxdığını hiss etdi. Dərindən köks ötürdü. Yerində çevrikib durdu. Yata bilmədiyini görəndə hövsələsizliklə fısıldayıb:
– Bu nə bəla idi mən düşdüm, ala? – Gileylənərək öz-özünə pıçıldadı.
Səhər ertədən oyanıb, idmandan sonra yuyunub mətbəxə keçdi. Rəna da burada idi, səhər yeməyi üçün masanı hazırlayırdı. Azər:
– Sabahınız xeyir! – deyib, eyni zamanda xəbər aldı. – Necəsən, Rəna?
Rəna razılıq etdi. Azər onu görən kimi üzü nurlanmış, fərəh hissi ilə onu süzən anasına yaxınlaşdı, hər zamankı kimi saçlarından öpdü:
– Sən necəsən, Sultan Xatın?
Və güləş ifadə ilə masanın arxasına keçib oturdu. Rənanın onun üçün süzdüyü çayı önünə çəkdi.
Dilbər oğluna bəlli etmədən Rənaya işarə etdi. Rəna dərhal mətbəxi tərk elədi.
– Necə yatmısan gecəni? – deyə stul çəkib Azərlə qabaq-qənşər oturan Dilbər məhəbbətlə oğlunu süzdü. – Anan boyuna qurban!
– Dünyadan xəbərim olmayıb. – Azər razılıqla gülümsünüb iştahla yeməyə başladı.
Dilbər oğlunu seyr edə-edə qayğılandı:
– Xəbərim olmur səndən, nə yeyib-nə içirsən rahatlığın yerindədir, ya yox. Eh, ay Azər… – Sözünün ardını gətirməyib, qüssə ilə köks ötürdü.
– Sən mənə görə narahat olmaginən.
– Deyirsən də. Necə narahat olmayım?
Araya qısa sükut çökdü. Dilbər sözə necə başlayacağını ürəyində götür-qoy edə-edə, nəhayət, dilləndi:
– Gördün Kamilin necə gözəl qızı var? Allah bəxtini də gözəl etsin. Həm ali savadlı, həm istiqanlı. Maraqlanmışam, deyirlər, maşallah, əlindən də hər iş gəlir. Gördün də.
Anasının niyyətini göydə tutan Azər laqeyd səslə dilləndi:
– Fikir vermədim.
Dilbər mat qaldı.
– Necə yəni, fikir vermədim? Fikir verilməyəsi qız idi bəyəm?
– Maraqlanmadım da. Cəlb etmədi məni. Qısa və konkret.
– Hmm. – Dilbər narazılıqla dodaqlarını büzdü. – Səndə ki, bu tərslik var, səni çətin cəlb edən tapılsın. Mən, arzum ürəyimdə gediciyəm bu dünyadan. Oğul anaları kimi xonça tutub, üzük aparıb gəlin gətirmək, nəvə oynatmaq, belə görürəm, bu gedişlə nəsib olmayacaq mənə. Kimi desəm gözucu da baxmır. – Dilbər Azəri yamsıladı. – Cəlb etməyib.
– Bəli də, bu Dilbər xanım başladı yenə şikayət etməyə.
– Şikayət edərəm də. Bilmək istəyirəm görüm hələ nə fikirləşirsən?
– Günün mövzusu yəni budur da, belə başa düşdüm, mənim evlənməyim.
– Mənimçün səndən və sənin gələcəyindən vacib heç nə yoxdur.
Azər bu sözləri sükutla qarşıladı.
Dilbər son zamanlarda oğlunun əhval-ruhiyyəsindəki dəyişikliyi sezmişdi. Bunun səbəbsiz olmadığını gözəl bilirdi. Buna görə də dərdini bilmək, ürəyindən keçənləri öyrənmək üçün oğlunu dilə tutub, onu danışdırmağa çalışırdı. Lakin Azərin dilindən söz ala bilmirdi. Sınayıcı nəzərlərlə oğluna baxaraq yenə dilləndi:
– Cəmil də adaxlandı. Bilirdin?
Azər baxışlarını qaldırıb anasına baxdı.
– Cəmil?
– Kazımovun oğlu Cəmil. Olmaya dost-tanış da çıxıb yadından?
– Belə de… – Azər təbəssümlə dodaqlarını büzdü. – Görüşüb, təbrik edərəm. Hələ iki gün buradayam da, gərək gedib hal-əhval sorum, çoxdandır görmürəm uşaqları.
Sözün bu yerində məzəmmətlə oğlunu süzən Dilbər daha səbr edə bilmədi. İradla:
– Evə çatmadan geri qayıdırsan da demək. Biz sənin üzünü bir düz-əməlli görmədik, sən artıq getmək planları qurursan. Bir ayağın qaçaqdır. Nə deyirəm ki. Sən deyən olsun. Sən əl çəkmə o andıra qalmış kameradan, bərk-bərk sıx sinənə. Sənin atan da odur, anan da, lap belə ailən də, uşağın da. Biz də hər gün ölüb-dirilək burada. Aldat bizi, Bakıdayam, sorağın Beyrutdan, Əfqanıstandan, nə bilim hansı bəlanın ortasından gəlsin. Heç dinc durmaginən.
– Bahoo, kameranın bura nə dəxli var, ay ana? Mənim işim budur da. Kimsə məni nəyəsə məcbur etmir ki. Vəzifəmi icra etməliyəm, edirəm də.
Dilbər istədiyi cavabı almadığından oğluna qeyzləndi. Tənbehedici nəzərlərlə gözünü onun üzündən ayırmadan az qala üsyan qaldırdı:
– Sən nə vaxt ürəyinin sözünü açıb deyəcəksən mənə? Ananam da, hər halda haqqım var buna.
Azər bir anlıq diqqətlə anasını süzüb, ağır-ağır yerindən qalxdı. Anasının başı üzərində dayanaraq mehr-məhəbbətlə onu qucaqladı.
– Ürəyimin sözü olsa, ilk sən biləcəksən, əmin ol. Hələ ki, deyiləsi heç nə yoxdur. Olsa, niyə gizlədim ki, səndən?
Əslində, artıq bir müddətdir bir qızın eşqinin oduna yanıb tutuşduğunu dilinə gətirmədi.
Kim olduğunu, adını belə bilmədiyi həmin qızın xəyalı ona rahatlıq vermirdi. Onu düşünmədiyi bir an belə yox idi. Gecəsi gündüzünə qarışmışdı. Bununla belə, onu tapmayınca bu məsələni evdə açıb-ağartmaq istəmirdi.
Anasının o üz-bu üzündən öpə-öpə dedi:
– Bir də gördün gəlib dedim ki, Dilbər xanım, hazırlaşın, elçi gedirsiniz.
– Sən ha.
– Həri, mən.
– Yəni mən o günü görəciyəm?
– Səbirli ol, görəcəksən.
Dilbər köks ötürdü:
– Təki belə olsun.
– Qaldı ki, iş məsələsinə, mənə görə narahat olmaginən. Hər işin öz çətinliyi var. Allahın nəzəri üzərimdə olandan sonra heç bir şey olmaz, inşallah. Sən darıxdırma özüvü. Atanın yanında da belə sözlər danışıb, kişini tədirgin eləmə. Oldu?
Dilbər kövrələrək oğluna baxıb:
– Gün gələr, ata olarsan, o zaman başa düşərsən bizi, – deyə ağır-ağır başını tərpətdi. – İndi sənə hər şey asan gəlir. Sən bizim tək ümidimizsən, ay nainsaf. Alıb-verdiyimiz nəfəssən. Gözümüzü sənə dikmişik, necə narahat olmayaq? Bu da sözdür?
…Azər iki günlüyə gəldiyini söyləsə də, ona gələn telefon zəngindən sonra axşam tərəfi yenidən şəhərə – işə qayıtmalı oldu.
…Günlər sonra Biləcəriyə yolu düşən Azər adəti üzrə xalasına baş çəkməyi də unutmadı.
Əlini zəngin düyməsinə aparıb, gözlədi. Çox keçmədən qapı açıldı.
Aydan
…Qapı zəngi çalınarkən mən Dilarənin qayıtdığını zənn edib, Səadət xalanın da xahişi ilə qapıya getdim. Qapını açmağımla heç gözləmədiyim, fövqəladə bir hal yaşandı, duruxub qaldım. Qarşımda cins geyimdə, ucaboy, uzun qara qaşları, qara sıx kirpikli iri gözləri, dolu sifəti, bir sözlə, xarizmatik görkəmi olan bir nəfər dayanmış, donuq baxışlarla mənə baxırdı.
Gün eynəyi ilə qara gur saçlarının bir qismini arxaya nizamlamış, geri qalanı iri alnına dağılmışdı. Üzünü narın tük basmışdı.
Bu o, idi. Neçə vaxtdır eşqindən dəli olmaq dərəcəsinə çatdığım insan, Dilarənin xalası oğlu.
Üzündə qəribə bir ifadə donub qalmışdı. Səbəbi mənə məlum olmayan bir çaşqınlıq içində idi. Onun məni məndən alıb aparan o gözləri, çoxdan əsiri olduğum baxışları o qədər dərin və sirli idi ki, özümü unutdururdu mənə. Gözlərimə inanmağım gəlmirdi. Yuxularım çin çıxmışdı. Bununla belə özümü ələ verməyib, son dərəcə soyuqqanlı bir tövrlə soruşdum…
***
…Azər yerində quruyub qalmışdı. Çünki bu ünvanda qapını bu dəfə onun üzünə açan ağlına gətirmədiyi biri idi. Heyrəti üzünə yansımış halda bir xeyli qarşısında duran və eyni çaşqınlıqla irilənmiş gözlərini Azərin üzünə dikib ona baxan qızdan çəkmədi. Az qala bura niyə gəldiyini və nə deyəcəyini də unutdu. Qızın səsi onu özünə gətirdi:
– Buyurun, kim lazım idi?
Azərin donu sanki açıldı. Nəhayət, özündə güc taparaq salam verdi.
– Salam.
Qız da məsumiyyətlə onun salamını aldı.
Azər yenidən dillənə bilmək üçün boğazını arıtlayıb:
– Səadət xanım lazım idi. Xalamdır, – dedi. Xəfifcə gülümsədi. – Evdədir?
Aydan
…Mən həyəcanımı güc-bəla ilə yenib, dərhal:
– Aha, buyurun, – dedim. Və eyni zamanda çiynimin üstündən arxaya səsləndim. – Xala , səni soruşurlar.
İstəmədiyim halda qapıdan ayrılıb salona keçməli oldum. Amma etiraf edim ki, ürəyim və fikrim onun yanında qaldı…
***
…Qızdan xəbərsiz bütün diqqəti ilə onu süzən Azərin üzünə bir anda gün doğmuşdu sanki. Onunla bir ara baxışları toqquşanda isə ürəyi yerindən çıxacaq sandı. Əfsunlanmış kimi hələ də yerindən tərpənmirdi. Nə zamandır yuxusunu ərşə çəkən, soraqlayıb, aradığı qız indicə qarşısında dayanmışdı. Ən başlıcası isə onu xalasının evində görəcəyi yüz il düşünsə ağlına gəlməzdi. Həyəcanlandığını bütün səyi ilə ört-bastır etməyə çalışaraq özünü topladı.
Səadət dəhlizə çıxıb təəccüblə ona baxdı:
– Aaa, xala qurban, orada nöş dayanıbsan? Gəl içəri.
Doğma xalasının evinə Azər ilk dəfə olaraq həyəcanla, sıxıla-sıxıla keçdi. Ürəyinin şiddətlə vurmasını artıq heç cür əngəlləyə bilmirdi.
– Necəsən, xala? – Ayaqqabılarını soyunub, xalasına sarıldı.
– Ömrün uzun olsun, balam. Xalandır da, şükür edib yaşayırıq. Sən özün necəsən, oğlum? İşin-gücün?
– Salamatlıqdır. Dilarə yoxdur?
– İndi gələr. Qonşu Bahar çağırdı onu, onlara keçib. Can, xala qurban sənə, nə yaxşı gəldin.
Aydan
…Mən onun səsini duyur, varlığını bu qədər yaxınlıqda hiss edir, əlimi hələ də çırpınan ürəyimin üstünə aparıb sakitləşməyə çalışırdım.
İstifadə etdiyi ətirin qoxusu salona kimi vurmuşdu.
***
…Azər xalası ilə salona keçəndə qıza oğrun baxışlarla bir daha nəzər saldı. Ona bəlli etmədən fürsət tapıb, baxışlarının dili ilə xalasından onun kim olması ilə maraqlandı.
– Öz uşağımız sayılır, özgəsi deyil. – Səadət bunu sadəcə maraq olaraq qəbul edib, gülümsündü. Amma bacısı oğlunun ürəyindən keçənləri ağlına belə gətirmədi.
Bunu duyanda dünyanı sanki Azərə bağışladılar. Zahirən sakit və soyuqqanlı görünsə də, sevinci yerə-göyə sığmadı. Çünki nəhayət, onu tanımaq imkanı tapa biləcəkdi. Bu məqamda Aydan çantasını götürüb Azərin yanından ötüb-keçərək Səadətə yaxınlaşdı. Lakin Azərin nəzərləri ilə onu izlədiyini, ətrinin qoxusunu o, yanından ötəndə kimsəyə bəlli etmədən burnuna çəkib, haldan-hala düşdüyünü görmədi.
– Yaxşı da, xala mən gedim. Sürücü gəlib artıq, məni gözləyir. – deyib, ona sarıldı.
Bunu duyanda yenicə sevinməyə başlayan Azərin qanı qaraldı. Üzünü yana çevirib, narazılıqla dodaqlarını bir-birinə sıxdı.
– Ay qızım, niyə belə tez? – Səadət təəccüblə Aydanı süzdü. – Bu gün də qal, qurban sənə, özgə yerdir bəyəm? Mən danışaram Şahnaz bacı ilə.
Aydan Azərin gözucu onlara baxdığını sezib, evdəki vəziyyəti açıb-ağartmaq istəmədən bir söz demədi, sadəcə gülümsədi.
Azər bu məqamda xalasına “Qoyma onu getsin” deməkdən özünü güclə saxlayırdı. Bu günü o, necə arzulamış, necə həsrətlə gözləmişdi, bir Allah bilirdi, indi belə tezliklə onu yenə gözündən itirmək istəmirdi.
Bu vaxt Dilarə də gəlib çıxdı. Azəri görüb sevindi. Körpə uşaq kimi qarşısına yüyürüb boynuna sarıldı. Lakin rəfiqəsinin getmək üzrə olduğunu görəndə qaşqabağını salladı. Ona sarılıb xeyli buraxmadı.
Aydan qapıdan çıxanda baxışları salonun girişində dayanıb zəndlə onu süzən Azərə yönəldi. Onunla göz-gözə gələndə rəng verib, rəng aldı. Özünü toplayıb getməyə tələsdi.
Dilarə Aydanı yola salmaq üçün onunla birlikdə evdən çıxdı. Onlar getdikdən sonra Səadət mətbəxə keçib oradan bacısı oğluna səslənərək sual verir, Azərlə maraqlanırdı.
Dilxor halda pəncərənin önündə dayanıb həyətə baxan Azər isə bu anlarda özü də bilmirdi xalasının suallarına nə cavablar verir. Fikri Aydanın yanında qalmışdı. Onu gözləyən maşına əyləşdiyini, sürücünün dərhal sükan arxasına keçib maşını hərəkətə gətirərək sürətlə uzaqlaşdığını seyr edirdi. O, indi ildırım sürətilə düşünüb çarələr arayır, xalasından qız haqqında ətraflı məlumat ala bilməyin yolunu fikirləşirdi…
Aydan
Maşına əyləşdikdən çox sonra da ürəyimin çırpıntısı dinmək bilməmişdi. Onu qarşımda gördüyüm anda ayaqlarım yerdən üzülmüşdü sanki. Bir az əvvəl şirin yuxu görmüşəm sanırdım. O anların təsiri altında idim. Və bu gözəl duyğuların məni tərk etməsini əsla istəmirdim.
…O gecə yuxum sanki ərşə çəkilmişdi. Olanlar barədə düşünür, yata bilmirdim.
Səhər hamıdan axırda oyanıb salona enmiş, tənbəl-tənbəl masanın arxasına keçmişdim.
Gözlərimi açar-açmaz yenə də ağlıma gələn o, olmuşdu. Masa arxasında ikən belə onu düşünürdüm. Dünənki tövrü, üzünün ifadəsi gözlərimin önündən getmirdi. Xəyalını gözümün önünə gətirərkən belə məni həyəcan sarır, ixtiyarsız gülümsünürdüm. Bir sözlə, öz aləmimdə idim.
Anamın səsinə diksinib, özümə gəldim. Sən demə, bayaqdan bir neçə dəfə mənə səslənibmiş.
Xəyallar aləmindən ayrılıb, gerçək həyata qayıdaraq dərhal özümü topladım.
Anam narazılıqla məni süzüb:
– Fikrin haradadır sənin? Yeməyini ye, – dedi.
***
Ertəsi gün, uzun və yorucu keçən çəkiliş sonrası idi. Kameranı masanın üstünə qoyub kresloya çökən Azər çox keçmədən həmkarının səsinə fikirdən ayrıldı. Vüqar xüsusi ahəng və təntənə ilə ona eşitdirdi:
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl, nazlı nigar gəlmiş idi.
Gəldikləri dəqiqədən Vüqarın bütün diqqətinin onda olduğunu yalnız indi hiss edən Azər narazılıqla başını buladı. Vüqarın zarafatı onun dodağını belə qaçırtmadı.
– Yorğunluqdan ayaqlarım sözümə baxmır. Yuxusuzluq da bir yandan. Başlamaginən sən də.
– Hirsini mənə tökmə, atam-qardaşım. Deyəsən, mən də səninlə bir yerdə idim axı.
Azər cavab vermək əvəzinə fısıldadı.
Bu vaxt həmkarlarından biri içəri gəlib, qapıda bir nəfərin Azəri soruşduğunu xəbər verdi. Azər gələnin Xəqani olduğunu dərhal anladı, yerindən dik qalxdı. Vüqar bunu görəndə istehza ilə:
– Yorğuna bax da sən. – deyə Azərə söz atdı.
Vüqarın sözünə otaqda olan digər həmkarını gülmək tutdu.
…Xəqani Azəri bayırda, telestudiyanın giriş qapısının önündə gözləyirdi. Azər yaxınlaşıb onunla görüşdü. Hal-əhval sorduqdan sonra birlikdə səki ilə Dağüstü parka tərəf addımlayıb, söhbətə başladılar.
Xəqani sözü uzatmadan birbaşa mətləbə keçdi:
– Səni maraqlandıran məsələni öyrəndim. Bəhs etdiyin qız, KQB Nadir var, bəlkə eşitmiş olarsan, onun qızıdır. Familiyası da gərək ki, Cahangirovdur. Həri, düppədüz! Belə dedi atam.
– Dəqiq məlumatdır da?
– Yüz faiz.
– Başqa?
– Pis ailə deyil. Hətta Nadir üçün mərifətli adamdır, dedi atam. Bu qədər.
– Hmm. Aydındır. – Azər ani olaraq fikrə getdi. Sonra gülümsünüb, razılıqla Xəqaninin qoluna vurdu. – Afərin!
Xəqani Azərə verdiyi sözü tutduğu üçün qürurlandı.
Bir qədər söhbət etdikdən sonra ayrıldılar.
(Ardı var)