Cəhənnəmdən keçmiş mələk (101)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Yazın burnu dəlinəndə kənddə yaşayan dayımın mənlə yaşıd qızı yorğan-döşəyə düşdü. Bir cüt qız uşağına qail olmayıb qohum-əqrəbanın təhniz-töhmətindən sonra oğlan doğan cavan gəlin yataqda döşəli qalmışdı. Anam səhər qapıdan çıxıb evə bir də gecə qayıdırdı. Xəstəxanaya verməyə pulları olmadığından gəlini dar köynəkdən yaşlı bir kənd hadığı azad eləmişdi. İndi bacılı-qardaşlı əllərində olanı həkimə verib dayıqızının doğuşda aldığı ağır zədənin fəsadlarını aradan qaldırmaq istəyirdilər.
Uzun müalicədən sonra gəlinin yönü bəri olanda anam məni danladı:
– Telli qarınağrısına düşsə yanında bitərsən, iki aydı o qız can verir, niyə bir dəfə gedib ona dəymirsən?
Rüfət yenə mənə qahmar çıxdı:
– Hamımız əvəzdən sən gedirsən də, gərək bu qız da gedib səninkilərə baş əyə?
– Heç gedən gününüz olmasın! Qohumluğu qoy bir yana, on il bir sinifdə oxumusuz, elə bundan utan.
Anamın qınağını Kamilə çatdırdım, o da o deyəni dedi:
– Bazar günü gəlib səni də götürəcəm gedək, anamız haqlıdı.
O bazar anam evdə oturası oldu, Kamil Cavidlə məni yanına salıb dayımgilə apardı.
Böyük dayımızın arvadını özündən çox istəyirdik. Atamla doğmaca xaloğlu-xalaqızıydılar. Uca boylu, dolu gövdəli Minə bibi hamının yerini bilən mehriban qadınıydı, nə vaxt qapısından girsəydik ayağımızın altında bir ovuc torpaq olardı.
Dayımın dörd qızı, iki oğlu vardı. Evin böyüyü Hakimlə yaşıdıydı, neçə elçi gəlmişdisə heç birini bəyənməmişdi. Dörd qızdan təkcə mənlə yaşıd Təranə ərə getmişdi; elə qızların mehribanı, bizə xoş üz göstərəni də oydu. O biri qızların xasiyyəti qəliz idi, bizə kin, nifrət bəsləmələri bir yana, bunu gizlətməyə çalışmazdılar da.
Qapıdan gircək dayımız arvadı qollarını açıb üstümüzə yüyürdü. Ha fikirləşdim bu evdə axırıncı dəfə nə vaxt olduğumu xatırlayammadım. Dayımın böyük oğlu Cavidi əvvəlcə qucaqlayıb o üzündən-bu üzündən öpdü, sonra onu boyundan yuxarı qaldırıb atıb-tutmağa başlayanda Kamil çox narahat oldu, yekəpər oğlana acıqlanıb:
– Zəfər, uşağı yerə qoy, – dedi, – qollarının yarası hələ sağalmayıb, əlindən düşər, evimiz yıxılar.
Qardaşım içəri keçib xəstəylə görüşdü, sonra bizi dayım arvadına amanatlayıb getdi onlardan bir az aralı yaşayan bibimgilə. Maşına minməmiş çevrilib mənə bərk-bərk tapşırdı:
– Uşağının əlini əlindən buraxma ha! Arxayın otur qızlarla dərdləş, nə vaxt getmək istəsəniz gəlin Telli mamagilə.
Ev adamı bizi mehriban qarşıladı. Təkcə böyük dayıqızı Qələm üzümə bir qəribə baxış çəkib harasa yox oldu.
Dostum, yadındasa bundan irəli də demişdim: toyuma bir həftə qalmış Əlinin adından Eminə yazılmış məktubun gerçək müəllifini Kamil çox arayıb axtarıb araşdırmışdı, məktəbin arxivindən eşib çıxardığı şagird dəftərləriylə məktubdakı xətti tutuşdurub bu şeytanlığı özümüzünkülərin törətdiyini sübuta yetirmişdi. Sonralar qardaşlarımın söhbətinə təsadüfən qulaq şahidliyi eləmiş Lalənin mənə çatdırdığı kimi, o məktubu xalam qızı həmin bu dayıqızı Qələmin iştirakı, köməyilə yazmışdı, sinəmdəki qara xalı da məktub yazan qara qələmə o nişan vermişdi…
***
Cavid mənim böyrümcə içəri keçib bələkdəki çağanı oynatmağa başladı, körpənin gözlərini güclə açmağa çalışdı, sonra da ev dolu adam eşidə-eşidə məndən soruşdu:
– Bircə, niyə biz də belə uşaq almırıq?
Hamı gülüşdü, mən uşağın pərtliyini aradan qaldırmaq üçün dedim:
– Atam, bizim pulumuz yoxdu, ala bilmərik.
– Yalan danışma, dayılarım sənə o qədər pul verirlər.
İşə dayoğlu Zəfər qarışdı:
– Cavid, babanın pulu çoxdu, gedəndə deyərsən alar.
Sonra Zəfər Cavidi götürüb bayıra çıxdı. Minə bibi əldən-ayaqdan gedirdi – gah samovara od salırdı, gah çolpa yolurdu. Neylədimsə arvad əlini işdən ayırıb yanımıza gəlmədi.
Təranəylə sinif yoldaşlarımızdan danışırdıq – ərə gedənindən, şəhid olanından, baxtı qıfıllanmışından. Dayıqızı özü də bizlə bir sinifdə oxumuş mehriban, sakit, zəhmətkeş bir oğlanla ailə qurmuşdu. Qələm bacısının xeyir işi ərəfəsində də evdə hay-küy qaldırmışdı, yeznəliyə namizədi pisləyib gözdən salmağa çalışmışdı. Bizim ailədə hamımız, ən çox da mən altı il bir partada oturduğum oğlanın tərəfini saxlamışdıq. Hər kəs bilirdi ki, böyük qız Təranənin paxıllığını çəkir, özü ocaq qırağında otura-otura onun gəlin köçməsini istəmir.
Bacısının toy günü Qələm hikkəsindən evdən çıxıb harasa getmişdi, özünü bütün kənddə qaxınc yeri, gülünc yeri eləmişdi. Üç uşaq anası olan Təranəni bu gün də dindirmirdi. İndi mənim gəlişim də ürəyincə olmamışdı, bizi evdə qoyub harasa çəkilmişdi…
Məndən ötrü süzülmüş bir istəkan çaya hələ əlimi uzatmamış gördüm dayım arvadı özünü çox qəribə aparır. Bayaqdan yemək hazırlığı görən Minə bibi özünü tüyüncək otaqlara vururdu; gah quşqulu-quşqulu üzümə baxır, gah da həyəcanla mətbəxdə bal axtarırdı.
Təranəylə məndən savayı evdə kim vardısa bir-bir, iki-bir çölə daşlandı. Pəncərədən baxa-baxa hamının üzündəki vəlvələni görürdüm, amma heç nə unamırdım. Bir gözüm eşikdə Təranənin toy şəkillərinə baxırdım. Arada fikrimi albomdan yayındırıb həyətdəki həyəcanın səngimədiyini görəndə azarın şiddətindən solub-soluxub balacalaşmış, yorğanın arasında bir ovuc qalmış dayım qızına:
– Sən bir gözlə, mən gəlirəm, – dedim, – çöldə nəsə çaxnaşma var.
Əlimi otağın qapısına atanda Minə bibiylə toqquşdum. Arvadın ətli yanaqlarından qan süzülürdü, məni görən kimi fəryad qopardı:
– Ay salamı savaş bəxtəvər, niyə gəldin mənim evimə, niyə daşını mənim başıma saldın, durma gəl balan öldü!
Minə bibi qabağımda dəli kimi oynaya-oynaya özünü çölə atdı, eşiyə çıxan kimi köklü ağactək yerə dəyib qulac-qulac saçlarını yolub yelə verdi. Arvadı orda qoyub camaat qaçdığı səmtə – evin arxasına götürüldüm, halaylama durmuş adamları yarıb irəli dürtüldüm: Cavid torpağa sərilmiş qırmızı məxmər döşəyin üstündə uzanmışdı, paltarları suyun içində, üst-başı bulaşıq, rəngi də gömgöy idi. Özümü onun yanına yıxıb qulağımı sinəsinə dirədim:
– Buna noldu, uşaq niyə bu günə düşdü?
Heç kimdən səs çıxmadı. Cavidi bağrıma basıb dayım oğluna çığırdım:
– Kamil Telli mamamgildədi, qaç ona de özünü mənə çatdırsın.
Nə qədər çağırdımsa, yalvardımsa Cavid başını qaldırmadı. Əlacsız qalıb uşağı bərkdən silkələdim, gözünü azca aralayıb bir ağız qusan kimi boynu düşdü. Minə bibi özünü yetirib qucağımdakı uşağın halını görəndə kişi səsiylə nərə çəkdi. Haya gələn kənd camaatı bir göz qırpımında dayımgilin həyətinə doluşdu. Kimsə uşağı məndən alıb darvazaya qaçanda mən də adamları yarıb onun ardınca yüyürdüm. Kamil maşınla, bibim ayağıyalın özlərini yetirdilər. Qardaşım Cavidi qucaqlayıb ağlaya-ağlaya:
– Allah, mənim anam ölsün, niyə qoymadı bu uşaq evdə otura, – deyə bağıranda vəziyyətin yaxşı olmadığını anladım.
Camaat bir ucdan dayımın qapısına axışırdı. Kamil Allahı-bəndəni bir-birinə qatmışdı:
– Allah, verib sevindirdin, indi niyə alıb bizi döyündürdün?! Bir ellə düşmən olub uşağı gətirdik, gətirib beləmi saxladıq?!
Elə bilirdim Kamilin ürəyi indicə dayanacaq. Nə qədər çalışırdım uşağı onun əlindən alammırdım, arada məni itələdi də:
– Sənə demədimmi uşağını gözündən qoyma!
Dayım arvadı qanlı üzüylə, yoluq saçlarıyla bilmirəm Kamilə yalvarırdı, ya and-aman eləyirdi:
– Qızıllı Quran haqqı uşaq mənim evimdə su da dadmayıb! Sən qapıdan çıxan kimi qusdu, qusandan sonra da bu günə qaldı.
Kamil Minə bibidən yaxasını qoparıb yerində donmuş dayım oğluna cumdu:
– Sənə dedim axı uşağı atıb-tutma. Bəlkə də sən göyə atanda bağırsağı dolaşdı.
Musa əminin dayımgillə qonşu oğlu Səfər özünü yetirib Cavidi qardaşımın qucağından dartıb aldı:
– Ə, sən uşaqsan qoşulmusan arvadlara? Otur maşına körpəni həkimə qaçıraq.
Səfər Cavid qucağında özünü maşına təpdi. Kamil ona yalvardı:
– Mən bu halda maşın sürə bilmərəm, gəl sən sür, – deyib Cavidi əmoğludan aldı.
Telli mama qabaqda, Kamillə mən arxada oturduq. Xalam eviylə dayım evi yanaşıydı – Səfər maşını tərpədəndə xalam hardansa peyda olub özünü maşına çırpdı, maşın dəbərəndə arvad köklü-köməcli yerə dəydi. Qanrılıb arxa pəncərədən baxanda gördüm Minə bibi kimi xalam da özünü torpağa sürtüb yer cırmaqlayır.
***
Maşın evlərin, darvazaların yanından ötdükcə bu yollarla Cahangir əminin mənim dalımca gəlməkləri, məni xala-dayı evindən geri qaytarmaqları xəyalımda canlanırdı. Arxamızca bir neçə maşın da düşmüşdü – miniyi olan kənd adamları bizi yalqız buraxmamışdılar. Kamil şüşəni endirib kimisə harayladı:
– Sən bərk sür Səməndəri tap, denən rentgen həkimini gətirsin.
Səfər maşını uçurduqca Telli mama göynəyirdi:
– Bu gün bazardı, həkimmi tapmaq olar?
Kamil qalın adyala bürünüb qollarının arasında uzanmış Cavidi oxşayırdı:
– Ömrüm-günüm sənə qurban! Allah, nolar sinsitmə bizi, – deyib ağlayırdı.
Sonra da üzümə baxmadan məni təhnizləyirdi:
– Axı sən niyə evimizdə oturmadın, niyə balanı gözündən qoydun? Allah, mənim anam yansın, Allah, mənim anam ölsün, – deyib dad döyürdü.
Biz rayon mərkəzinə çatanda Səməndər deyilənlərin hamısını eləmişdi, rentgen həkimini evindən gətirib kabinetini açdırmışdı, üstəlik cərrahı da tapıb gətirmişdi.
Rentgenoloq uşağı yoxlayıb dedi:
– Qardaş, burda mənlik, cərrahlıq bir iş yoxdu, götürün uşaq xəstəxanasına.
O gecə səhərəcən bir dəstə uşaq həkimi balamın canını satın aldı. Deməyəsən uşaq çiyələkdən zəhərlənibmiş – bazardan gələn atamın qabağına qaçıb onun aldığı bir vedrə yuyulmamış giləmeyvədən xeyli yeyibmiş. Ara yerdə yazıq dayımın külfətini peşman eləmişdik.
Atama qoşulub özünü xəstəxanaya yesir günündə yetirən anam qollarına, başına dərman şırınqaları qoşulmuş halsız, gözüyumulu Cavidi görəndə öz üzünə yağlı bir şillə çəkdi. Arvad atamın daldasında gizlənib Kamilə, Telli mamaya görünməməyə çalışırdı. Huşu başında olmayan Kamil handan-hana onun gəldiyindən duyuq düşəndə dəliyə döndü:
– Ta dincələrsən, gərək bu yetimi də göndərəydin?! Niyə qoymursan başımıza ələnən qarın dərdini çəkək, bu uşaq ölsə neyləyəcəksən?!
Səməndər Kamilin havasına bələd idi. İrəli durub anamı qucaqladı, saç yolub sovruq atan Kamilə:
– Uşaq-uşaq danışma, – dedi, – guya ora getməsəydi Cavid xəstələnməyəcəkdi?
– Gözümüzün qabağında olardı, həkimə tez çatdırardıq, bəlkə bu günə düşməzdi.
Cavidin gözləri üç gün yumulu qaldı, eləcə sinəsi aramla qalxıb enirdi. Haya gələnlərin hamısını güc-bəla evlərinə göndərəndən sonra Səməndər, Kamil, bibim, bir də mən üç gün Cavidin dizinin dibindən çəkilmədik. Üçüncü günü məndən qan alıb oğluma köçürdülər, qan damarlarında toxtayanda uşaq gözlərini açdı. Ayılandan xeyli sonra danışmağa başladı. Səməndər elə hey ağlayır, Cavidə yalvarırdı:
– Ürəyindən nə keçir de, könlün nə istəyir bu dəqiqə quş qanadında gətirim.
Cavid əlinin arxasını alnına qoyub gözlərini yumurdu, heç dodağı da qaçmırdı. Mən dartıb əlini aşağı saldıqca yenidən qaldırıb qoyurdu alnına. Qardaşlarım bayıra çıxıb siqaret odlayırdılar, onların dalınca gedən Telli mamaya:
– Nə bilək, bəlkə uşağın ürəyindən atası keçir, – deyirdilər, – indi biz başımıza haranın daşını salaq!
Gecə işığı söndürəndən sonra yenə hərə bir tərəfə sinib səsini udmuşdu. Mən ehmalca Cavidə yaxınlaşıb qulağına pıçıldadım:
– Ürəyin nə istəyir, nə olsa yeyərsən?
Cavid qaranlıqda buz kimi əllərini üzümdə gəzdirib:
– Maralın bişirdiyi kartofdan olsa yeyərəm, – dedi, – bir də uşaqlar gəlsə tez sağalaram.
Qardaşlarımın yatdığını, məni görmədiklərini düşünüb Cavidə sarıldım, balamın ipək tellərini geri sığayıb geniş alnını, qusuntu iyi verən sinəsini, arıq qollarını duz kimi yaladım. Mən onu öpdükcə Cavid heysiz əlləriylə məni özündən aralamağa çalışırdı:
– Yavaş ol, qollarım ağrıyır, başım ağrıyır, – deyirdi.
Az sonra Səməndər barmaqlarının ucunda bayıra çıxdı. Fikir vermişdim, qardaşım həyəcanlı, təntik olanda kilometrlərlə yol getsə də dabanları yerə dəyməzdi.
Yenə Cavidi dilə tutmağa başladım:
– Sən başını dikəlt, bir tikə ye, bizlə danış, səhər açılan kimi dayını göndərəcəm uşaqların dalınca.
Cavid zəif səslə:
– Yox, gəlməsinlər, – dedi, – anan bilər dava salar.
Kamil dəhlizdən sızan zəif işıqdan tutub yerindən qalxdı, məni uşaqdan aralayıb çarpayının yanında diz çökdü:
– Evim-eşiyim, varım-dövlətim, təki sənin ürəyin onları istəsin, heç kimdən qorxma, sən sağal, söz verirəm, özüm aparacam səni qardaşlarının yanına.
Cavid dayısını özünə sarı çəkib sümükləri təzəcə uyuşan qollarını onun boynuna doladı:
– İndi yatıram, səhər duran kimi nə olsa yeyəcəm, mən də sənə söz verirəm.
Uşağı huş aparanda bibim Kamilə:
– Sənə canım qurban, – dedi, – nə yaxşı anamın sizə qoyduğu adlar yadında qalıb!
Nənəm ata-anamın gözünün ilk ovu Səməndəri adıyla çağırmazdı, ölənəcən ona “evim-eşiyim” dedi. Kamilə “varım-dövlətim”, Aqilə “təknəmin əppəyi”, Hakimə “düşmən çəpərim”, sonbeşiyimiz Rüfətə isə “kisə dibim, dağar-təbərrikim” deyərdi. Biz qızları da bir gün uçub gedəcəyimizə işarəylə “sərçə lələyi” deyin çağırardı…
***
Bilmirəm aradan nə qədər keçdi, Cavidin dərin yuxuya daldığını görüb hərəmiz bir küncdə büzüşdük. Yuxu gözümüzü bağlamamış Səməndər qapını ehmalca aralayıb içəri girdi. Telli mama qalxıb yerini ona verib mənim yanımda oturdu:
– Mən də elə bildim sən evə getmisən.
Səməndər əlindəki torbanı Cavidin yanındakı tumbanın üstünə qoydu:
– Nə ev, uşağı belə, sizi burda qoyub hara gedə bilərəm?
Sonra alaqaranlıq otaqda Cavidin üstünə əyildi:
– Yatmısan, gözümün işığı?
Uşaq yatmamışdısa da qımıldanmadı. Səməndər bir az da əyilib onun qulağına pıçıldadı:
– Bax, mən indi “filfilo” eləyib sənə fokus göstərəcəm. Barmaqlarımı oynadan kimi işıqlar yanacaq, ürəyin nə istəyirdisə hamısı yanında olacaq.
Səməndərin qırımından nəsə bir sürpriz hazırladığını unadım, qapıya sarı yeriyib işığı yandırdım. Qardaşım Cavidin gözünün içinə baxa-baxa ucadan “filfiloooo” deyib dəhlizə atıldı.
Maralın başını görəndə qulaqlarım isindi, analarıyla dabanqırma uşaqlar da palataya doluşanda qulağımdan qan açıldı. Telli mama Maralı bərk-bərk qucaqlayıb:
– Gələn ayaqlarınıza qurban olum, – dedi, – nə yaxşı gəldiniz, nə bildiniz Cavid sizi arzulayır!
Maral əlindəki torbaları boş çarpayının üstünə atıb Cavidin üstünə şığıdı:
– Totu, atam-anam, balalarım sənə qurban, niyə azarlamısan?
Cavid gözlərini geniş açıb qarşısında qəfil peyda olmuş uşaqlara, Marala möcüzə kimi baxa-baxa gülürdü. Kamil tibb bacısını harayladı:
– Gəlin uşağın qolundan sistemləri açın, bizim oğlanın qonaqları gəlib, onları qucaqlamaq istəyir.
Gecənin qaranlığında üstümüzə gün doğmuşdu. Uşaqlar cərgələnib Cavidə maraqla baxırdılar, təkcə Bəhruz mənə qısılmışdı. Qulağıma basdığım pambıq topası qanımı canına çəkirdi, yenə burnuma qan iyi dolub məni keçmişə qovurdu. Elə bu xəstəxanada körpə uşağımla keçirdiyim gecələr, Eminin məni hamıya qısqanıb uşağımdan ayırması, ona müqavimət göstərdiyimə görə məni vuranda burnumdan qan açılması – hamısı, hamısı yaddaşımda dirilirdi. Özünü sağ böyrümə yamayan Bəhruza baxıb ağlayırdım.
Bibim qardaşlarımla köməkləşib Cavidi yuyundurdu, əyninə təmiz paltar geyindirib saçlarını daradı. Maral zənbilini eşələyib gətirdiklərindən süfrə açdı. İki daşın arasında bir-iki kartof da soyub alapörtdək eləyib özüylə götürmüşdü. Maral əlləriylə becərdiyi qatığı-qaymağı, bişirdiyi təzə yarpaq dolmasını, bir də alaçiy kartof çığırtmasını ortalığa qoyanda Cavid tamsınmağa başladı. Uşaqların gəlişi balamın xəstə canına dirək vurdu, süfrədən bir az dalmınıb dircəşdi. Maralın balaları onun yaralı qolunu, iynələrin deşiklədiyi arıq əllərini öpüb sığalladıqca sevincindən uğunub gedirdi.
Xəstəxanada qaldığımız daha bir həftə boyu Maral hər gün balalarını başına yığıb Cavidi yoluxdu, oğlumun xoşladığı yeməklərdən bişirib gətirdi, balamı sevindirmək üçün əlindən gələni əsirgəmədi.
Evə çıxdığımız gün Cavid ağzını Maralın qulağına söykəyib xısınladı:
– Bəs Zöhrə nənəm bilmədi mən xəstələnmişəm?
Maral onu bağrına basdı:
– Atanın adı haqqı bilmədi. Ona yalandan demişik ki, mənim anam xəstədi, hər gün ora gedirik. Nənəndən, dayılarından çəkinib əminə, nənənə heç nə demədim.
Cavid qollarını Maralın boynunda çataqladı:
– Gedəndə gizlincə nənəmi, Yunusu, bir də Elgizi öpərsən.
Maral onun üz-gözünü duz kimi yaladı:
– Kərtənkələ qurusundan başqa (Yunusu deyirdi) hamısını öpəcəm, onu özün gəlib öpərsən.
Bəhruz irəli yeriyib dedi:
– Ə, qaqa, neylirsən Yunusu, o heç sənin məktublarını bizə gətirmədi.
Maralgili evə Səməndər, bizi Kamil apardı. Atam, Musa əmi, Minə bibi, Kamil – hərəsi Cavidə bir qurban demişdi. Minə bibi qapımızda kəsdirdiyi qoçun ətindən dilinə də vurmadı, ayaqyalın, başaçıq kəndin arasına düşüb qurban ətini kasıba-tamarzıya payladı.
On günün tamamında Cavid ilan kimi qabıq verdi, uşağın dərisi quruyub ovxalanıb töküldü. İkimiz də özümüzə çox gec gəldik – balamı zəhərlənmə, məni də çəkdiyim qorxu, verdiyim qan üzüb əldən salmışdı. Hərdən o qədər ağlayırdım yanaqlarım yanırdı, göynəyirdi. Şər qarışanda gözümə əcaib məxluqlar görünürdü. Gecələr ürəyimi boşaltmağa adam axtarırdım, tapmayanda bəlalı başımı heç nəylə ovudammırdım. Nə oxuya bilirdim, nə fit çala bilirdim, dünən mənə zövq verən bir əyləncə bu gün məni bezdirirdi.
Güzgüdən baxan yorğun üzüm, süstləşən bədənim deyirdi ki, mən qocalıram. Buna özümü inandırdıqca içimdən bir sevinc vulkanı püskürürdü. Bəli, mən artıq qocalıram, demək, məni rahat buraxacaqlar…
(Ardı var)