Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi
Seymur Kazımov
Jurnalistləri Müdafiə Komitəsinin (JMK) məlumatına görə, 2018-ci ilin bu gününədək dünyada 50 jurnalist öldürülüb. Onların arasında sui-qəsdə məruz qalan, hərbi əməliyyatları işıqlandırarkən və müxtəlif redaksiya tapşırıqlarını yerinə yetirərkən qətlə yetrilənlər də var. Bu ilin media tarixində ən səs-küylü qətl Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçı ilə bağlıdır. Onun həyatda olmadığı dəqiqləşsə də, cəsədi hələ tapılmayıb.
Jurnalistika bir neçə ildir ki, “dünyanın ən təhlükəli peşələrindən biri” trendini saxlayır. JMK-nın hesabatına görə, bu il jurnalistlər əsasən ABŞ, Yəmən, Suriya, Əfqanıstan, Meksika, Somali, Hindistan, Kolumbiya, Mərkəzi Afrika Respublikasında öldürülüblər. Rusiyada yaşayan və işləyən azərbaycanlı jurnalist Orxan Camal da bu siyahıdadır. O, bu ilin iyulunda Mərkəzi Afrika Respublikasında redaksiya tapşırığını yerinə yetirərkən həyatını itirib.
Jurnalist harada yaşayıb-işləməyindən asılı olmayaraq fiziki təhlükə və psixoloji basqı altında olur. Jurnalistika həm də sevilməyən peşələrdəndir. Doğrudur, bu amil onların təzyiqə məruz qalması, qətlə yetrilməsinə əsas vermir, amma reallıq budur ki, jurnalistin uğradığı təhdidlər ona fiziki təsir göstərməyəndə belə psixoloji cəhətdən mənfi təsirini göstərir.
Jurnalist yanında baş vermiş qorxulu hadisənin fərqinə varmır, amma bir müddət sonra narahatlıq onu izləyir. Psixologiyada neqativ hadisələrin xatırlanmasına Posttravmatik Stress Pozuntusu (PTSP) deyilir. Hər hansı bir zədələnmə sonra həssaslığın və fobiyanın yaranmasına da səbəb olur. Nəticədə jurnalistlərdə psixi və fiziki şok reaksiyası əmələ gəlir. Jurnalistlər travmatik situasiyanın yalnız iştirakçısı deyil, şahidi olanda da PTSP-yə düçar olurlar.
Azərbaycanda jurnalistləri PTSP-yə aparan hallar:
- Hərbi münaqişə zonasında çalışan reportyorlar. Fiziki cəhətdən sağ və salamat olsalar da, psixoloji cəhətdən çox zaman bunun əksi baş verir. Cəsəd, qan, mərmi və partlayış səsləri, dağıntılar, müharibədən əziyyət çəkənlərin fəryadını görən jurnalistin düşdüyü vəziyyəti təsəvvür etmək çətin deyil;
- Fövqəladə hallar – zəlzələ, daşqın, uçqun zonasında çalışanlar;
- Etiraz aksiyalarını və mitinqləri işıqlandıranlar;
- Konkret qrup və şəxslərin təzyiqinə mərzu qalan, daim həbslə üzləşəcəyini “gözləyən” jurnalistlər.
Bu halların hər biri Azərbaycan üçün xarakterikdir və bu şərtlər altında çalışan, travma alan xeyli jurnalist var ki, onların psixoloji durumunun reabilitasiyası üçün tədbirlər planı, mərkəzlər yoxdur. Beynəlxalq təşkilatlar da Azərbaycandan olan jurnalistlərlə yetərincə işləmir.
Psixoloqlara görə, PTSP-nin əlamətləri müxtəlif cürdür: bir müddət öncə şəxsin yanında baş vermiş bir hadisənin onun beynində canlanması, həmin mənfi hadisəni xatırladacaq məkan və insanlardan uzaqlaşmaq cəhdləri, emosional boşluq, “həyatın mənasızlaşması”, yuxusuzluq, iştahasızlıq, səbəbsiz yorğunluq, tez özündən çıxmaq, əsəbilik və s. Belə vəziyyətlər vaxtında aşkarlanıb müalicə olunmadıqda ciddi fəsadlara gətirib çıxarır – narkotikə və içkiyə qurşanmaq kimi.
Çıxış yolu çox sadədir: hər bir redaksiya öz əməkdaşının qayğısına qalmaq üçün onu mütəmadi psixoloq, sosial işçi, ehtiyac yaranacağı tədqirdə psixoterapevtlə təmin etməlidir. Jurnalistlərə PTSP haqqında bilgilər vermək, xüsusi təlimlər keçmək də tədbirlər planının bir hissəsidir. Digər istiqamət kimi, Avropada yalnız jurnalistlərlə işləyən bu tip mərkəzlərin fəaliyyəti ilə tanış olmaq, onların proqramlarını yerli redaksiyalarda tətbiq etmək mümkündür.