Dərslik, yoxsa dərs vəsaiti? Həm də necə?..
Şakir Yaqubov,
iki dəfə “Əməkdar mədəniyyət işçisi”
İki-üç il əvvələ qədər təhsil sahəsində ölkə ictimaiyyətini narahat edən əsas məsələ dərsliklərin məzmunu, daha doğrusu, məzmun baxımından keyfiyyətsizliyi idi. Bu işdə söz davası ən çox Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında gedirdi. İndi tərəflərdən demək olar ki, heç birinin səsi çıxmır. İki variant ola bilər: ya dərsliklərin məzmunu indi ən yüksək səviyyədədir, ya da irad bildirənlər yazmaqdan, deməkdən yorulublar…
Məncə, ikinci variantdır.
2017-ci ilin 31 iyulunda çapa imzalanmış bir kitab “Maarif” nəşriyyatında çapdan buraxılıb: 9-11-ci siniflər üçün “Ədəbiyyat nəzəriyyəsi” adlanır. Müəllifi Ş.A.Mikayılovdur. Kitabın özündə qeyd olunduğu kimi, 208 səhifə həcmindədir, əslində isə 206 səhifədir. Titul vərəqində qeyd olunduğuna görə, bu dərs vəsaiti TƏHSİL NAZİRLİYİ tərəfindən təsdiq edilmişdir və 1981-ci, 1986-cı, 1988-ci, 1996-cı və 2000-ci illərdə olmaqla 5 (BEŞ) dəfə “böyük tirajla çap olunaraq geniş yayılmışdır”. Bu cümlənin sonluğunun aid olduğu müəllif daha sonra yazır ki, “Kitabın istifadədə olduğu müddət ərzində onun təcrübədə necə qarşılandığını müntəzəm izləyib, müəllimlərin əsər haqqında MÜSBƏT RƏYLƏRİNİ VƏ MƏSLƏHƏTLƏRİNİ QEYDƏ ALMIŞIQ (burada və sonrakı fərqləndirmələr mənimdir – Ş.Y.)”.
Müəllif daha sonra yazır ki, “onun birinci nəşri orta məktəbin (hansı orta məktəb???) V-X sinifləri üçün DƏRS VƏSAİTİ kimi nəzərdə tutulmuşdu. Bu nəşr isə IX-XI siniflər üçün hazırlanmış və müntəzəm olaraq istifadə olunacaq DƏRSLİK səviyyəsində yazılmışdır”.
Hər halda anlaşılmır ki, bu “əsər” dərs vəsaitidir, yoxsa dərslik. Hərçənd – yenə deyirəm – titul vərəqində bunun “dərs vəsaiti” olduğu göstərilsə də, müəllif ön sözdə “dərslik” ifadəsini işlədir. Ən maraqlısı isə odur ki, nəşriyyat təqdimatında bunun “DƏRSLİK” olduğu və “Maarif” nəşriyyatı REDAKSİYASI Şurasının QƏRARI” ilə çap olunduğu göstərilir. Gəl indi ayırd elə: bu, dərslikdir, ya dərs vəsaiti və bunun çapı üçün kim məsuldur – Təhsil Nazirliyi, yoxsa nəşriyyatın “Redaksiyası Şurası”?
Texniki məsələlərlə bağlı daha bir sual doğuran məqam: bu necə dərslik və ya dərs vəsaitidir ki, cəmi 500 (BEŞ YÜZ) nüsxə tirajla çap edilib, üstəlik də satış qiyməti 7 azn-dir (“AZN” yox, məhz “azn”)?
Keçək məzmuna. Əslində, buna heç keçməyə də dəyməz. Elə titul vərəqinin arxasında Azərbaycan Respublikasının dövlət himni verilib. Musiqisi Üzeyir HacıbəyOVun… Halbuki bu soyad az qala prezident sərəncamı ilə 1995-ci ilin sentyabrından HACIBƏYLİ kimi işlədilməlidir və işlədilir (xüsusən orta məktəb dərsliklərində və dərs vəsaitlərində dəqiqlik çox vacibdir!).
Kitab başlanır Azərbaycan ədəbiyyatının sütunları sayılan ədiblərin qısa təqdimatı ilə. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi… Elə buradaca dayanıb soruşmağı lazım bilirəm: bu düzülüş hansı prinsipə əsaslanır? Həm də: bu kitab vəzifəsi oxuyub-öyrənmək olan orta məktəb şagirdi üçün nəzərdə tutulub, yoxsa 3 (ÜÇ) institut təhsili olan Şakir Yaqubov üçün? Axı mən bilirəm ki, Nəsimi yaşca Füzulidən azı 150 il böyükdür. Bəs burada Füzulinin daha əvvəldə təqdim olunması nə məna daşıyır?
Yaxud N.Gəncəvi haqda qısa bioqrafik məlumatda qıpçaq qızı Afaqdan onun 1174-cü ildə oğlunun dünyaya gəldiyi, 1188-ci ildə oğlunun (yəqin ki, ELƏ 14 İL ƏVVƏL DOĞULMUŞ OĞLUNUN) təkidi ilə Şirvan hökmdarının təklifini qəbul edib “Leyli və Məcnun” poemasını yazdığı qeyd edilir; M.Füzuli “orta əsr azərbaycan türk şairi” kimi təqdim olunur; Mirzə Fətəli AxundOV (AxundZADƏ olmalıdır; yeri gəlmişkən: 8-ci səhifədə, “Yaradıcılığı” bölməsində bu soyad 3 (üç) dəfə Axundov, 4 (dörd) dəfə Axundzadə kimi işlədilmişdir) 1812-ci ildə NUXA şəhərində anadan olmuş, … 1825-ci ildə anası ilə ŞƏKİyə qayıtmışdır; Mirzə Ələkbər Sabirin “atası KİÇİK BAQQAL DÜKANI OLAN DİNDAR BİR KİŞİ İDİ” nə deməkdir?
Kitaba görə, Cəlil Məmmədquluzadə “Azərbaycanlı yazıçı”, Hüseyn Cavidin ölməz sənəti “dünya romantizminin “ÜZVÜ TƏRKİB HİSSƏSİ”dir, Mikayıl Müşfiq “Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931)”; Səməd Vurğun “2 dəfə Lenin Ordeni kavaleri”dir və “İnsan” ROMANINI qələmə almışdır…
Bununla da kitabda verilmiş ədəbi dühalarımızın siyahısı tamamlanır.
Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarına uyğun olaraq Azərbaycan dilində köhnə “şe’r” sözü “şeir” kimi yazılmalıdır və yazılır da. Haqqında bəhs etdiyim kitabda isə ağına-bozuna baxmadan bu ifadənin hər iki yazılış formasından (ən çox da “şer” – ??? formasından) istifadə olunur.
Müəllifin fikrincə, “roman məzmununa və həsr olunduğu mövzuya görə müxtəlif səpkili olur. Buna görə TARİXİ ROMAN, İNQİLABİ ROMAN, PSİXOLOJİ ROMAN və s. terminlər işlədilir”. Bu nə bölgüdür? Elə bu da: “M.Qorkinin “Ana”, M.Hüseynin “Səhər” əsəri İNQİLABİ HADİSƏLƏRİ (hansı inqilab? – Ş.Y.) əks etdirən romanlardır”.
Yaxud “bədii əsərdə süjetin inkişafı”nın qrafik təsvirindəki bölgülərə diqqət yetirək: “ZAVYAZKA”, “RAZVYAZKA”… Bu nə ifadələrdir? Halbuki adicə “Rusca-azərbaycanca lüğət”in “düzəldilmiş və artırılmış üçüncü nəşri”nə nəzər salmaq kifayət idi ki, biləsən: “Zavyazka – 3-cü mənası: başlanğıc, giriş (hadisədə, romanda, dramatik əsərdə)” (BAX: I cild. A–K. Bakı, Elm, 1971, səh. 368), “Razvyazka – 3-cü mənası: məcazi olaraq, son, nəticə, xitam” (BAX: III cild. R–Я. Bakı, Elm, 1978, səh.17) deməkdir. Niyə belə olduğuna müəllif ön sözdə “… xüsusən Rusiyada nəşr olunmuş “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi və dərs vəsaitlərinə əsaslanmışıq” – sözləri ilə özü də ipucu verir.
Mənim hövsələm çatmayıb, indi də çatmır ki, mətnləri oxuyum, müəllifin uşaqların başında nə cür turp əkdiyini müəyyənləşdirim. Bunu isə kitabın elmi redaktoru hörmətli filologiya elmləri doktoru, professor P.Xəlilovun öhdəsinə buraxıram.
Müəllifin başqa yazıları:
Allah sənə rəhmət eləsin, Dədə Məmməd!..
Üzündə göz izi var…
Dünyanı verək uşaqlara…
Mən təqaüd almıram, pensiya alıram!
“Yaddaşımın küncündə bu anlar da yaşayır…” silsiləsi:
Yaddaşımın küncündə bu anlar da yaşayır… (1)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (2)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (3)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (4)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (5)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (6)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (7)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (8)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (9)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (10)