Atasının ölümündən bir neçə ay ötəndən sonra dostlumla görüşəndə mənə dedikləri indi də yadımdadı: “Atamın ölümünə hələ də alışa bilmirəm, lap çaşıb qalmışam”. Sonra hər ikimiz susduq, mən ona təsəlli verməyə söz tapmadım, onda mənim dağ boyda atam vardı.
İllər sonra, 2007-ci ildə mən də atamı itirdim. Ağladım, karıxdım, darıxdım, üzr istədim, ruhuna dua oxudum və birdən əli çiynimdə olan qardaşımın üzümə vuran nəfəsindən elə bil ayıldım, sevindim: “Bu ki mənim atamın nəfəsidi, bu bizim Fəxridi, bizim fəxrimiz”.
Mən yetim olmağın nə olduğunu bilməmişəm. Çünki Fəxri var.
Üzeyir bəyin sözü olmasın, sən məndən ötrü elə 50 yaşında cavansan, axı 50 yaş nədi ki?..
Sənin hər ad günün anamın bir günlük cavanlıq qazancıdı, ona görə çalış yüzəcən belə davam elə. İnşallah, sən bunu da bacararsan, o boyda “Tanrı dağları”na qalxan adamsan, belə işlər yazıçı Fəxri Uğurlunun əlində su içmək təki asandı.
Sənin mənim tərifimə ehtiyacın yoxdu, heç istəsəm də bacarmaram, eşidib gülərsən mənə. Sənin də gülməyindən olmaz, Allah saxlamış elə gülür, elə bil ki…
50 il sonra necə güldüyünü özün görəcəksən…
Oqtay Qorçu