Seymur Kazımov
Məşhur ABŞ senatoru və prezidentliyə keçmiş namizəd Con Makkeyn xatirələrinin birində yazır ki, Vyetnam müharibəsi zamanı paytaxt Hanoyda əsir saxlanıldığı 5 il yarım ərzində əskikliyini hiss etdiyi şeylər – rahatlıq, qida, azadlıq, hətta ailəsi və dostları deyildi. “Ən çox ehtiyac duyduğum şey informasiya idi – senzuradan azad, bol informasiya”.
İnsanlar da var ki, azadlıqda ola-ola doğru informasiya qıtlığı ilə yaşayırlar. Hətta ömründə ciddi, ictimai-siyasi verilişlərə maraq göstərməyən insan belə, ölkədə vacib hadisə baş verəndə TV-nin qarşısına keçir, ya da saytlarda axtarış aparır. Deməli, maraq dairəsindən asılı olmayaraq insan “informasiya aclığı” yaşayır. Bir anlıq təsəvvür edək ki, bu insanı media aldadır, onun doğrunu bilmək hüququnu pozur.
Yazılarımın birində insanların onlara yalan danışan mediaya etiraz etməsi barədə misallar çəkmişəm. Dünya jurnalistika tarixinə düşən nadir vətəndaş müqaviməti də demək olar bunlara. 1981-ci ildə Polşanın Svidnik şəhərinin əhalisi hər axşam xəbərlər buraxılışı başlayan kimi mərkəzdəki kiçik parka gəzməyə çıxırdılar. Onlar bu davranışları ilə hökumətə “biz sizin həqiqət anlayışınızı qəbul etmirik” mesajını verirdilər. Qdansk şəhərinin əhalisinin etirazı isə bir qədər radikal idi: onlar televizorları pəncərəyə çıxarıb ekranı küçəyə tərəf çevirirdilər.
Bu gün Azərbaycanda kəskin informasiya çatışmazlığı var. Bu gün dövlət büdcəsindən maliyyələşən 2 telekanal var ki, onlar da sanki əhalinin informasiya tələbatını ödəməmək uğrunda bir-biri ilə yarışa girib. 2018-ci ilin dövlət büdcəsində AzTV-yə 31,8 milyon, İTV-yə isə 11,6 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Buradan belə nəticə hasil olur ki, bu məbləğlər daha çox vətəndaşların informasiya almaq hüququnu məhdudlaşdırmağa xidmət edir. Qəzetlərdə də vəziyyət eynidir: 2010-2018-ci illərdə KİVDF vasitəsilə mətbuata Prezidentin Ehtiyat Fondundan on milyonlarla manat vəsait ayrılıb. Nəticə?
“İnformasiya aclığı” təhlükəli tendensiyadır. Vətəndaş düşdüyü vəziyyətə uyğun dəqiq, çevik reaksiya verə bilmir, bəzən ciddi səhvlər buraxır, çünki mediadan eşitdiyi “X rayonuna fasiləsiz suyun verilməsi bərpa olunub” cümləsi onda lazımi tədbiri görmək ehtiyacı yaratmır. Bu həm də “informasiya blokadası”nın yaradılmasıdır. Media həm aldadır, həm də inhisarda saxlayır. Teleməkanda əsasən xəbərlər buraxılışı diqqət mərkəzindədir. Yəqin fikir vermisiniz, ölkəmizdə bütün TV kanallarında xəbərlərin məzmunu eynidir, bəzən hətta düzülüşləri də vəhdət təşkil edir. Bu da onu deməyə əsas verir ki, xəbərlər buraxılışı bütün TV kanalları üçün bir mərkəzdən hazırlanır. Aydındır ki, Azərbaycan xalqı informasiyadan izolyasiya edilməyib, fərqli informasiya mənbələri tapmaq çətin deyil, kabel televiziyası, peyk antenləri də var. Amma söhbət konkret olaraq milli efir məkanından gedirsə, burada seçim imkanı yoxdur. Azərbaycanda media informasiya dominantlığını itirsə də, ucuz, mənasız proqramlarla manipulyasiya imkanlarını hələ saxlayır. Kompleks yanaşsaq vəziyyət belədir: insanlar mediaya inanmır, çünki kimsə özünün axmaq yerinə qoyulmasını istəmir.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Gənc jurnalistləri kimlərdən qorumalı?
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Sosial medianın qanuni yollarla inhisara alınması
Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması