Rüfət RÜSTƏMOV
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Həmişə olduğu kimi işə vaxtında gəlmişdim. Çalışdığım otaqda səliqə-sahman yaradıb, internetdən xəbərləri oxumağa başladım. Xəbərlərin çoxu ürəkaçan deyildi. Saytları çevirdikcə maşın qəzasından, intihardan, nə bilim, atristlərin bir-biri ilə münaqişəsindən və s. yazırdılar. Dünyada gedən çirkin oyunların geniş vüsət alması, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı elan etməsi, nələr və nələr…
Beş dəqiqə keçmiş ağsaqqal qardaşım – İzzət müəllim mənə zəng etdi. Qardaşım nə vaxt zəng etsə çox sevinirəm, arada zarafatlaşıram, çalışıram heç vaxt bikef olmasın, gülsün, danışsın. Bu dəfəki zəngində əvvəlcə mənimlə maraqlandı, nə ilə məşğul olduğumu soruşdu. Gördüm ki, sözlü adama oxşayır:
– Bir hadisəmi baş verib, sözlü adam kimi danışırsan.
– Qardaş, doğru deyirsən, əmimiz qızının oğlu Xəzayil müəllim rəhmətə gedib.
Bu acı xəbəri eşidərkən gözümün qabağından onun gülər üzü, gur səsi gəlib keçdi. Bir anlığa fikrə daldım. İzzət müəllim telefonun o biri başında məndən cavab gözləyirdi. Özümü toparlayıb dedim:
– Mərasimə gedəcəkmisən?
– Əlbəttə, gedəcəm.
– Gözlə gəlirəm.
İzzət müəllimlə maşına oturub, Xəzayil müəllim yaşayan ünvana getdik. Camaatımız sağ olsun, eşidib-bilən gəlirdi.
Əli müəllimin bütün övladları son dərəcə nəcib insanlar idi. Əli Rəsulov vaxtilə raykom katibi, maarif şöbəsinin müdiri vəzifələrində çalışmışdı. Böyük oğlu görkəmli filosof, ictimai xadim kimi Mərkəzi Komitədə işləmişdi.
Başqa bir qardaşı vaxtilə “AZİ” adlandırılan institutun dosenti idi, Allah onlara rəhmət eləsin. Bacıları da ailə qurmuşdular. Rəhmətlik Xəzayil müəllim həyat yoldaşını erkən itirmişdi. Həyatının sonuna qədər Texniki İnstitutda dosent vəzifəsində işləmişdi. İş yoldaşları Xəzayil müəllimi doğmaları qədər sevirdilər. Yas mərasiminə gələn insanlar onu xoş xatirələrlə anırdılar. Atalar yaxşı deyib, nə əkərsən, onu da biçərsən.
Bu hadisə gələn qohum-əqrəbaya çox təsir etmişdi. Onun ölümünə heç kəs inanmırdı. İzzət müəllim Xəzayil müəllimin oğlunu yanına çağırıb bir az öyüd-nəsihət verdi. Harada dəfn olunacağını soruşdu. Oğlu, “Binəqədidə” – dedi. Binəqədi rayonu (vaxtilə Kirov rayonu adlanırdı) şəhər mərkəzindən hardasa on kilometr aralıdır. Bu rayonun əsas iri sənaye müəssisələrindən biri vaxtilə neft-qaz çıxarma ilə məşğul olub.
Molla cənazə namazı qılınacağını elan etdi. Rəhmətliyin cənazəsini mollanın məsləhət bildiyi yerə qoydular. Molla mərasim iştirakçılarına müraciət etdi:
– Xahiş edirəm sakitlik yaradın, indi cənazə namazı qılınacaq. Siz cərgə ilə mənim arxa tərəfimə keçin.
Molla üzünü qiblə tərəfə tutaraq cənazə namazına başladı. Fatihə verildikdən sonra cənazəni qaldırdılar. Bir müddət çiyinlərdə apardıqdan sonra cənazəni maşına qoydular. Cənazə karvanı Binəqədi tərəfə yol almışdı. Yol boyu keçmişdən-gəlmişdən söhbət edirdik. Yolda tıxac vardı, vaxtın tez keçməsi üçün dostlardan biri bizə Binəqədi barədə geniş məlumat verməyə başladı və bir əhvalat danışdı. Arada and da içdi: “Allaha and olsun, hadisəni olduğu kimi danışıram”.
Dedi ki, cavanlığında institutu bitirəndən sonra Binəqədidə neft buruqlarına nəzarətçi işləyib: “İndi gedəndə görəcəksiniz. O buruqların yerində ev tikiblər. Mənim işlədiyim dövrdə buruqların çoxu boşu-boşuna işləyirdi. Neft çox azalmışdı. Quyulara texniki su vururdular ki, bəlkə neft çıxdı. Bu da dövlət üçün əlavə xərc idi. Bu səbəbdən də buruqların bir hissəsi sökülürdü. Dostlar, sizə otuz il bundan qabaq olan bir hadisəni danışacam. Vaxtilə çox işlək olan bir termin vardı: “gecəqondu”. Bir də baxırdın ki, sən gözünü açıb yumana qədər sökülmüş buruqların yerində ev tikirlər. Əvvəl balaca birotaqlı ev tikir, sonra onu böyüdürdülər. Bilirsiniz də, almanlar əvvəl tualet tikirlər, sonra ev. Bizimkilər isə əvvəl evi tikirlər, sonra tualeti.
Uzaq dağ rayonlarından Bakıya fəhləlik etməyə gəlmiş bir qardaşımız ev tikmək üçün hazırlıq görür. Özü də çox yaxşı bənna imiş. Dostlarının köməyi ilə bir gecədə birotaqlı ev tikir. Yaxşı yeyir, içirlər, hərə öz evinə gedir. Sadiq çox fikirləşir ki, tualeti harada tiksin. Gözünə ağzı açıq quyu görünür. Quyuya yaxınlaşır görür ki, hazırca quyudur. Fikirləşir ki, tualet quyusu qazmaq çox da asan deyil. Vaxt itirmədən tualetin hazırlığını görür. Bir aylı gecədə tualeti hörür və suvağını da vurur. Tualetin içinin betonunu tökmək və qapısını qoymaq qalır. Sadiq bu işin uğurlu olduğuna çox sevinir. Artıq o da ailəsini gətirib, yeni bir həyata başlayacaqdı. Tualetin betonunu tökdü, qapısını asıb, ailəsini gətirmək üçün yaşadığı rayona getdi. Sözün doğrusu, Sadiq özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi. Kirəkeş olmaqdan canı qurtarmışdı. Bir gün kənddə dincəldikdən sonra ailəsini, bir oğlunu da götürüb Bakıya gəlir. Onlar şəhərə gələndə hava qaralmışdı.
Sadiq işıq çəkdirməmişdi. Evdə lampa yandırırdı. O, yolda gələrkən bir neçə dənə şam alır. Nəhayət, ailəsi ilə birlikdə təzə evə daxil olurlar. Sadiq bir kibrit, bir şam götürüb tualetə tərəf yollanır. Şamı yandırır, çox ehtiyatla tualetə daxil olmaq istəyir ki, güclü partlayış baş verir. Tualetə yığılan qaz o qədər dəhşətli partlayır ki, təzə tualetdən əsər-əlamət qalmır. Partlayışın səsinə ilk özünü çatdıran Sadiqin həyat yoldaşı olur. Sadiq yerdə uzanmış halda nə baş verdiyini ağlına belə gətirə bilmirdi. Üzü, başı, paltarının bir hissəsi yanan kimi olmuşdu. Mən də ilk köməyə gələnlərdən biri idim. Onu xəstəxanaya apardıq. Həkimlər ilk yardımlarını etdilər.
Evə qayıdarkən Sadiq məndən soruşdu ki, Cavanşir, qardaş, ürəyim partlayacaq, de görüm nə baş verib? Məni gülmək tutdu. Qardaş, sənin anan namaz üstəymiş, yaxşı ki, içəri girib yandırmamısan, yoxsa o partlayışdan qurtara bilməzdin. Bilmirsənmi, sizin evlərin ətrafındakı neft quyularının hamısı qaz buraxır. Sən də gedib neft quyusunun üstündə tualet tikirsən. Sadiq səhvini başa düşüb, başını qaldırmadı”.
Cavanşir olmuş bu hadisəni elə danışdı ki, qəbiristanlığa çatdığımızdan xəbərimiz olmadı.
Müəllifin başqa yazıları: