İsmayıl RAFİQOĞLU
Sosial şəbəkənin gündəmini bir mövzu tam mənada ələ keçirib. Gənc yazar Kəramət Böyükçöl öz Facebook profilində xalq şairi Xəlil Rza Ulutürk haqda təhqiramiz ifadələr işlədib. Bununla da Kəraməti tanımayanların hər biri qeyri-ixtiyari olaraq bu posta reaksiya verməli olub. Əlbəttə, Kəramətdən yazmamaq olardı, amma sosial şəbəkədə hər iki adamdan biri gənc yazarın bu statusunu pisləyirsə, onun kimliyi ilə maraqlanıb, məsələnin nə yerdə olduğunu bilməyə məhkumsan.
Hətta Kəramətin atası şair Qəşəm Nəcəfzadə oğlunun bu hərəkətinə görə üzrxahlıq etməyə məcbur olub. Bir sıra media orqanına müsahibə verərək Kəramətin yerinə əzab çəkdiyini bildirib. Şair bu fikirləri efirdən də səsləndirib. O, televiziya ekranından Xəlil Rzanın ruhundan üzr istəyib. Qəşəm Nəcəfzadə “yaradıcılığa yaxşı əsərlərlə gəlmək lazımdır, daha belə qalmaqallarla yox…” ifadəsini oğluna yönləndirib.
Kəramət Böyükçöl əvvəllər Bəxtiyar Vahabzadə, Əhməd Cavad kimi şairlərin ünvanına da xoşagəlməz fikirlər səsləndirib. Amma Xəlil Rza Ulutürk söhbətində bir qədər yanılıb, çünki belə kəskin reaksiyanın olacağını gözləmirmiş, deyəsən. Özü də bilmədən gənc yazar xalqın ağrılı bir nöqtəsinə toxunub. Azadlığın carçısı, vətən yolunda oğlu şəhid olmuş bir şairi aşağılamaq istənilən yazarın karyerasına birdəfəlik son qoya bilər.
Azərbaycan ədəbi mühitində belə hallar tez-tez olur. Ədəbiyyat özü də bir hərb meydanıdır, gərək digərlərini qabaqlayasan. Gənc yazarların tənqid atəşinə ara-sıra xalq yazıçısı Anar tutulur. O da adətincə bu tənqid dalğasını cavabsız qoyaraq növbəti kitabını dərc eləyir. Digər xalq yazıçısı Çingiz Abdullayev isə özünü ciddi yazıçı sayan, detektiv janrını bəyənməyən gənc istedadların hədəfinə tuş gəlir. Çingiz Abdullayevin də cavabı yeni buraxdığı kitabı, ya da mətbuata verdiyi çox yumşaq müsahibələri olur. Dünyanın bir çox dilinə əsərləri tərcümə edilən, milyonlarla kitab tirajının sahibi demək olar heç kim haqda pis fikir bildirmir.
Bir neçə il öncə ədəbi müsabiqəyə qoşulan şair Aqşin Yenisey şair Ramiz Rövşəni “çürük kartofunu tərifləyən gədəbəyli”yə bənzətmiş, “hansısa Ramizin, nə də hansısa Rövşənin səsinə ehtiyacı” olmadığını bildirmişdi. Aqşin çağdaş Azərbaycan poeziyasının görkəmli fiqurlarından olan Ramiz Rövşəni gənc istedadları bəyənməməkdə ittiham etmişdi.
Gənc yazar və şairlərin yaşlı nəsli tənqid etməsini, onları qəbul etməməsini nəsillər arasında olan təbii qarşıdurma ilə də izah etmək olar. Özünü təsdiqləmək istəyi çox vaxt gəncləri kəskin bəyanat verməyə, hətta ölüb getmiş dahiləri belə pisləməyə sövq edir. Həm də ədəbi mühitin bir qanunu var, bu haqda demək olar heç yerdə danışılmır. Bu da 7 ad qanunudur. Yəni ədəbiyyat Olimpində cəmi 7 şairin, ya da yazıçının yerləşməsinə imkan var. Qalanı elə onların kölgəsində adsız-sansız yaşamağa məhkumdur. Elə insan yaddaşı da bundan atıq şairin adını hifz etməyə qadir deyil. Yəni Azərbaycanda böyük şairlərin siyahısına adətən Nizami, Füzuli, Nəsimi başçılıq edir. Hərdən Seyid Əzim Şirvani, Vaqif, ya Əlağa Vahid xatırlanır. Çağdaş dövrün də Ramiz Rövşəni var. Bəs gənc şairlər harada qərarlaşsın? Onları xatırlayan, yada salan da yoxdur.
Bu haqda hətta Aqşinin Füzuliyə yönələn bir yazısı da var. Orada Aqşin Füzulinin adi insanlar üçün əlçatmaz olduğunu bildirib, axı dahi şairi çox az insan anlayır. Füzuli haqda yüzlərlə monoqrafiya, diplom işi, elmi iş yazılıb, qəzəllərini də muğam ifaçıları səsləndirir. Di gəl, dilini çoxu anlamır, o bir zirvə olaraq qalmaqdadır və heç cür də onu yerindən tərpətmək mümkün deyil.
Bir çox istedad sahibi nəinki Füzulinin olduğu zirvəyə yüksəlməyi düşünür, hətta müasir poeziyada tutulmuş yerlərin kölgəsinə də razıdır, di gəl, o yerlər də tutulub. Yazan çox, oxuyan isə azdır. Məcbur olub kimisə pisləmək yoluna ayaq basırlar. O yeri tutan şair və yazıçılar isə asanlıqla tutduğu mövqedən gedə bilməzlər, bu yerə gələnəcən nə qədər qan-tər töküblər.
7 yerə iddialı yazı-pozu insanlarının bir çoxunun həm də istedad problemi var, müasir dövrümüzdə o da qıtlaşıb. İstər-istəməz məcburdurlar nəcə “nou-hau” düşünsünlər, şeir-qəzəl əvəzinə.
Yataqxanada yaşayan iki gənc yazıçı mətbəxdə qarşılaşır. Biri o birinə deyir: “Cavan oğlan, siz nə səbəbdən mənimlə salamlaşmırsınız? Mən dahi olsam da, insanlarla sadə davranıram”. İkincisi öz-özünə düşünür: “Bir mətbəxdə iki dahi? Nəsə çox oldu”.
Xəlil Rza da tutduğu zirvədə təkdir, çətin onu kimsə yerindən tərpədə…
Müəllifin başqa yazıları:
“Brendlərimiz”
Smartfonun sönübsə…
“Qwerty” və ya “123456”?
Müsəlman olmağın çətinliyi
Qaranlıqdan aydınlığa yönəldən azanın səsi
Qorabişən ayın abqorası
İngilisin dilini öyrənə bilirikmi?
Donald Tramp: Made in USA, bir də yetimə gəl-gəl deyən çox olar
Həm var, həm də yox…