Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
14
15-ci gün
Qapı açıldı. Dəfnə içəri daxil oldu. Heç nə dəyişməmişdi. Sinif eyni idi, amma Dəfnə əvvəlki deyildi. Yeniyetmələrin arasında öz yetkin vücuduna təəccübləndi. Ətrafda güzgü yox idi, amma hiss edirdi ki, yoldaşları ilə arasında 10 il məsafə var.
Ətraf getdikcə çəhrayımtıl bir tona bürünürdü. Qəfildən bütün simalar Dəfnəyə tərəf tuşlandı. Dəfnə özünü itirdi. Hamı ona qışqıraraq nə isə deməyə başladı. Dəfnə isə heç nə eşitmirdi. Sadəcə qəzəbli və kinli sifətləri görürdü. İndicə tərəddüd etmədən onun ətini didməyə hazır olan Torpaq, Tunar, Elina, Səlim, Klara, Qəmzə və başqaları dəli kimi nifrət püskürürdü. Dəfnə isə sanki kar olmuşdu. Elə bu vaxt qulaq batıran bu səssizliyin içərisində zəif bir bağırtı eşidildi. Qışqıran balaca bir qız uşağı idi. Dəfnə Nilin səsini dərhal tanıdı. Deyəsən bu səsi ondan başqa heç kəs eşitmirdi.
Qəzəb vulkanından qorxsa da, içəri girdi və dəli kimi Nili səsləməyə, axtarmağa başladı. Bu dəfə isə ya öz səsini eşitmirdi, ya da ümumiyyətlə səsi çıxmırdı. Lakin təslim olmadı. Bacardığı qədər səsini Nilə eşitdirməyə, onu tapmağa cəhd etdi. Nil isə qışqırırdı. Aha… Səs yaxından gəlir… Deyəsən pəncərə tərəfdən… Yaxınlaşdı. Aman Allah! Nil pəncərədən asılı qalıb. Ayaqlarını havada yellədərək qoymağa yer axtarır. Axır ki, Dəfnə yoldaşlarının səslərini və qəhqəhələrini eşidə bildi. Nili dartıb çıxarmağa çalışdı, amma bacarmadı. Sanki kimsə qızcığazı geriyə dartırdı. Qız isə ölümün caynaqlarından qaçıb növbəti ögey anada sığınacaq tapmaq üçün yalvarırdı. Dəfnə yorulmadan onu dartırdı. Bundan qəzəblənən sinif yoldaşları iyrənc gülüşlərini dayandırdılar və bir-bir Dəfnənin üstünə tərəf gəlməyə başladılar. Dəfnə qorxsa da, Nilin əlini buraxmırdı. Hiss edirdi ki kimsə saçlarını yolur, bir başqası qolunu dişləyir. Bir ara ayağına sərt bir cismlə zərbə vuruldu. Kimin vurduğunu bilmədi. Təkcə qarnını dayanmadan yumruqlayan simanın sahibini görə bildi: Xürrəm. Lakin nəyin bahasına olursa olsun, Nili xilas etməliydi. Az qalıb… Bir az da döz… Azca da…
Vəhşi məxluqlar qəfildən onu rahat buraxdılar. Dəfnəni xoş bir təəccüb hissi bürüdü. Yad bir əl Nili bir göz qırpımında çəkib xilas etdi. Nil Dəfnəyə sarıldı. Xilaskar isə onların ikisini də birdən qucaqladı. Dəfnə qorxudanmı, həyəcandanmı başını qaldırıb ondan xeyli ucaboy olan şəxsin üzünə baxmağa ürək eləmirdi. Lakin xilaskarın onun qulağına əyilib dediyi sözləri aydın eşitdi: “Mən səni sevirdim, xəyalpərəst…”
***
Elə bu vaxt Nil onu silkələyərək yuxudan oyatdı.
– Yenə qışqırır dəli kimi.
– Kim? Arzu?
– Hə, susmaq bilmir.
– Fikir vermə. Yəqin acdır.
– Mən də çox acam, Dəfnə. – Nil dodaqlarını büzərək dedi.
– Bir şey fikirləşərik. Narahat olma, hər şey düzələcək, əzizim. – Dəfnə belə desə də, öz sözlərinə özü də inanmırdı.
Artıq iki gün idi ərzaq ehtiyatı tükənmişdi. Künc-bucaqda tökülüb qalmış qırıntılardan başqa heç nə gözə dəymirdi. Lakin Dəfnə yaxşı xatırlayırdı ki, günlər öncə kimsə ərzaq oğurlamışdı. İndi həmin oğrunu, ərzağı tapmaq lazım idi. Beləliklə, balaca Nil ac qalmayacaqdı. Dəfnə özü hələ ki, elə də pis vəziyyətdə deyildi. Aclığa dözümlülüyü, nəhayət ki, bir işinə yaramışdı. Amma nə vaxta qədər dözəcəkdi?
– Sən burada gözlə, heç yerə getmə. Gəlirəm. – Nilə dedi.
– Yaxşı. – Nil hər məsələdə Dəfnəyə etibar edirdi deyə razılaşdı.
Dəfnə Arzu ilə Afşinin həbs olunduğu otağa üz tutdu. Qapı açılan kimi Arzu onu sevinc nidaları ilə qarşıladı. Arzunun dəlilikləri artıq sinif yoldaşları üçün adi bir hala çevrilmişdi. Dəfnə sağ əlinin şəhadət barmağını dodaqlarının ortasına tutaraq Arzuya susmağı işarə etdi. Arzu onu maraqlı bir söhbətin gözlədiyini düşünüb balaca uşaq kimi susdu. Dəfnə isə Afşinə tərəf irəlilədi. Günlər öncəki yekəpər adamdan əsər-əlamət qalmamışdı. Afşin arıqlayıb bir dəri, bir sümük qalmışdı. Üzünün qabarıq sümükləri daha da qabarıb onun skeletə çevrilməyə doğru getdiyini bildirirdi. Hamı iki gün idi ac olsa da, Afşinin yeməyi onsuz da onlarınkından daha az olurdu deyə ən çox aclıq çəkən o və Arzu idi.
Dəfnə əl-qolu bağlı olan Afşindən qətiyyən qorxmadı. Yaxınlaşıb lap yanında oturdu və qulağına tərəf əyilərək soruşdu:
– Acsan?
Afşin təəccüblə onun üzünə baxdı. Heç nə demədi.
– Eeee… Olmadı ki, səninki! Bərkdən danış, mən də eşidim. – Arzu qışqırdı. Dəfnənin onunla söhbət etməyə gəldiyini zənn eləmişdi və xəyal qırıqlığına heç dözümlü deyildi. Dəfnə Arzuya tərəf baxmadı.
– Nəyinə lazımdır? Yemək bişirəcəksən mənə? – Afşin ironiyalı tərzdə soruşdu.
– Oğurladığın ərzaqların və həblərin yerini de!
Afşin şoka düşmüş halda gözlərini Dəfnənin üzünə zillədi.
– Nə?!
– Sənin götürdüyünü bilirəm.
– Boş-boş danışma! Mən oğurlasam, özüm niyə bu gündə olum ki? Yerini deyərəm ki, özüm də yeyə bilim. Oğrunu səhv yerdə axtarırsan.
– İkimiz də bilirik ki, etiraf eləsən səni bundan da betər günə qoyarlar. Yerini de, heç kimə xəbər verməyim. Ancaq ikimiz bölüşdürək. – Dəfnə qətiyyətlə dedi. Lakin niyyətində tam səmimi deyildi. Ərzağı Nilə görə istəsə də, bilirdi ki, sinif yoldaşlarının onun gözü qarşısında acından ölməsinə də imkan verə bilməz.
– Əl çək! Heç nəyim yoxdur!
– Ey, mənə də deyin! Nə olub? – Arzu heç nə eşidə bilmədiyinə görə dəli olurdu. Gah səs-küy salır, gah da susub nə isə eşitmək ümidilə qulaqlarını şəkləyirdi.
– Arzu yatandan sonra gizlicə gətirərəm. Heç kim bilməz. Onsuz da özün gedib götürə bilməyəcəksən. Qorxundan da boynuna ala bilməzsən. Mən sənin yeganə şansınam!
Afşin Dəfnənin üzünə diqqətlə baxdıqdan sonra soruşdu:
– Nəyə görə bu qədər əminsən ki?
-Sığınacağı hamıdan yaxşı tanıyan sən idin. Ona görə də ilk gecə ehtiyat tədbir görmək üçün hamı yatandan sonra aşağı enib öz işini gördün. Ayaq səslərini eşitdim.
– Gülüncsən! Hamının ayaq səsi ola bilər!
– Ay sağ ol! Əvvəl mən də özümə beləcə dedim. Hamının ayaq səsi ola bilər. Ona görə də növbəti bir neçə gün boyunca hamının addımlarının ritminə və ayaqqabılarının daban quruluşuna diqqət yetirdim. Sənin ayaq səsin olduğunu anlamaq elə də çox vaxtımı almadı. Bir də ki… – Dəfnə burada fasilə verərək üzünə kinayəli bir təbəssüm qondurdu və davam elədi. – Bir də ki, silahın meydana çıxandan sonra heç şübhəm qalmadı. Sənin içəri girəndə silahın yox idi. Olsaydı, elə dərhal qapını silahla vurub açmağa çalışardım. İkimiz də bilirik ki, səbirsiz adamsan. Onu da həmin gecə götürmüşdün.
– Sənə boş yerə Xəyalpərəst demirmişlər! Boş-boş uydurub danışırsan. Yaxşısı budur, get roman yaz, bəlkə oxuyan olar.
– Oğurluğun üstü açılanda da dəli kimi canfəşanlıq elədin, özündən çıxdın, amma işlər planlaşdırdığın kimi getmədi. Buranın ağası olmaq istəyirdin, əvəzində isə məhbus oldun. – Dəfnə gülümsəyərək danışırdı. Afşin hirsindən dişlərini qıcadı. – Bax, sənin problemin budur. Özünü heç cür idarə edə bilmirsən. Gizlənə bilmirsən. Ona görə də bütün zibillərinin üstü tez açılır.
Afşin üzünü divara çevirib fikrə getdi. Heç nə eşidə bilməyən Arzunun isə getdikcə hövsələsi daralırdı.
– Mənə də deyin! Aramızda qalacaq, söz verirəm, Dəfnə! – Dəfnə bayaqdan bəri bircə dəfə də ona tərəf çevrilməmişdi.
– Afşin, əgər ərzağın yerini deməsən, gedib hamıya elan edəcəyəm ki, özün oğurluğunu mənə etiraf etmisən. Arzu da şahid olacaq. Özün bilirsən ki, başdanxarabdır. Ortalıq qarışsın deyə nə desən, eləyər. Səni it kimi gəbərdəcəklər.
– Sənə niyə etibar edim ki? – Afşin çarəsizcə soruşdu.
– Çünki başqa variantın yoxdur.
– Tək deyiləm.
– Necə yəni? Kiminləsə əlbir olubsan?
– Təklifi mənə Sabah müəllimə verdi. Dedi ki, onsuz da bunların heç nədən başı çıxmır. Sən apar, gizlət, vəziyyət pisləşsə çıxana qədər başımızı saxlayaq.
Dəfnə Sabah müəllimənin adını eşidib təəccüblənsə də, özünü o yerə qoymadı. “Ay səni, ifritə! Heç dəyişməyibmişsən!” – deyə ağlından keçirdi.
– Nəyə görə özü eləmədi ki?
– Yaşı çox olduğuna görə səssiz və cəld olmağı bacarmır. Üstəlik, silahlardan da başı çıxmır. Yəqin özünə mühafizəçi axtarırmış. Mən də onu özümə yaxın bildiyimdən, razılaşdım.
– Bəs Sədanın necə? Xəbəri var?
– Onunla bu barədə danışmamışam, amma böyük ehtimalla xəbəri var.
– Ərzağın yerini de.
– Axı Sabahla Səda da işin içindədir. Onları necə susduracaqsan?
– Sən narahat olma, yerini de.
– Həblər mənim çarpayımdakı çörəyin içərisindədir. Altını kəsib içinə yerləşdirmişəm.
– Bəs ərzaqlar?
– Yarısını Sabaha verdim. Yəqin öz otağında harasa qoyub. Yarısı da kompyuter zalının küncündəki lazımsız əşyalar yığılan balaca otaqdadır. Qapının arxasındakı şkafın ən aşağısındakı çəkməcəyə yığmışam. Orada çəkməcə olduğu bəlli olmasın deyə, tutacağını söküb atmışam. – Afşin sözlərini bitirib yenidən sual dolu nəzərlərini Dəfnəyə zillədi. Dəfnə bir kəlmə də demədən qapıya tərəf üz tutdu.
– Sənə etibar eləyə bilərəm, Dəfnə? – Afşin arxasınca səsləndi. Arzunun eşitməməsinə çalışsa da, alınmadı.
– Mənə də etibar elə, Afşin. Danış görək, nə olub? – Arzu yenə də otaqdakı mövcudluğunu vurğulamağı özünə borc bildi.
Dəfnə heç nə demədi. Qapıya tərəf yaxınlaşdı. Afşin daha Arzuya məhəl qoymadan nisbətən uca səslə davam elədi:
– Sən onlardan fərqlisən. Burada olmağa layiq deyilsən. – Afşin dedi.
Dəfnə, nəhayət, geriyə çevrildi:
– Yanılırsan. Hər birimiz burada olmağa layiqik! – dedi və otağı tərk etdi.
(Ardı var)