Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
II HİSSƏ
Doğmalaşan yadlar
12
6-cı gün
Diyarın ölümü sığınacaq sakinlərini dəhşətə gətirmişdi. Lakin qarşıda onları bu ağrını unutduracaq qədər qorxunc bir gün gözləyirdi. Dəfnə Nilin qorxu dolu səsinə oyandı. Gözlərini aralayan kimi qızcığazın tir-tir əsdiyini görüb cəld ayağa qalxdı.
– Nə olub? – deyə xəbər aldı.
– Hamı bir-bir ölür. Qorxuram… – Nilin səsi o qədər əsirdi ki, Dəfnə onun sözlərini çətin başa düşürdü. Bayırdan da qarışıq səslər gəlirdi.
Dəfnəni vahimə bürüsə də, özünü birtəhər ələ aldı. Nili qucaqlayıb bağrına basdı:
– Qorxma, yanındayam, – deyərək saçlarını sığalladı. Sonra isə qızın əllərindən tutub vaxt itirmədən ah-nalənin eşidildiyi yuxarı mərtəbəyə yollandı. Hamı dəhlizdə toplanmışdı.
İçəri girəndə gördüyü mənzərə qarşısında Dəfnə o qədər sarsıldı ki, qeyri-iradi dizi üstə çöküb əllərini üzünə apardı. Hələ də ona qısılaraq dayanmış Nili möhkəm qucaqladı. Oğlanlar artıq 3-cü cəsədi sürüyə-sürüyə dəhlizə gətirirdilər. Cabir, Kərəm və Adnan Tunarın göyərmiş cəsədini də gətirib Torpaq və Çiçəyin meyitləri ilə yanaşı qoydular.
Xürrəm gözlərindən sel kimi yaş axıda-axıda soruşdu:
– Qurtarmadı? Cabir, nolar de ki bu, axırıncısı idi.
Cansız bədəni yerbəyer edəndən sonra Cabir alnında dımırlanan soyuq təri paltarının qoluna sildi:
– Kaş elə olaydı, amma biri də var, – dedi. Bu sözdən sonra hönkürtülər, ah-nalələr daha da şiddətləndi.
Dəfnə ətrafa nəzər yetirərək sonuncu ölünün kim ola biləcəyini təxmin etməyə çalışdı. Torpaq, Tunar, Çiçək və dünən rəhmətə getmiş Diyarın cansız bədənləri yerdə sıralanmışdı. Nil yanında dayanmışdı. Qəmzə, Klara bir-birinə qısılıb ağlayırdı. Xürrəm də yaxınlıqda vay-şivən qoparırdı. Sabah müəllimə Sədadan bərk-bərk yapışmışdı. Duman belə bir küncə çəkilib itirdiyi dostlarına görə dərd çəkirdi. Cabir, Kərəm və Adnan növbəti cəsədi gətirməyə getmişdilər. Səlimlə Azad qanıqara halda nə isə danışırdı. Arzu isə hamıdan aralıda dayanır, simasında dəli təbəssümü ilə baş verənlərə tamaşa edirdi. Üzündən bilinirdi ki, vəziyyət onu elə də narahat etməyib. Sanki əyləncəli bir filmə tamaşa edirdi və kinonun ən maraqlı yerinə gəlib çatmışdı.
Elina və Afşin gözə dəymirdi. Afşini son dəfə görəndə, əlləri bağlı halda tək bir otaqda həbs edilmişdi. Elina da axşam yeməyindən sonra hamı kimi yatmağa getmişdi. Dəfnə başa düşdü ki, bu iki nəfərdən biri artıq həyatda deyil. Bu həqiqət bir yumruq kimi ürəyinə sancıldı. Çox keçmədən oğlanlar növbəti cəsədi də gətirdilər. Bu, Elina idi. Gənc qadın hamının görməyə öyrəşdiyi rəngbərəng makiyajı və brend libasları olmadan tamamilə fərqli görünürdü. Ağappaq, ölü bənizi, dağınıq, dib boyasının vaxtı gəlmiş ölgün, sarı saçları, əynindəki qırış, kirli paltarı ilə bir vaxtlar sinif yoldaşlarının qibtə obyekti olan gözəllər gözəli Elina o qədər aciz, adi və yazıq görünürdü ki, Dəfnə dözə bilməyib daha da bərkdən hönkürdü.
Budur… Nə vaxtsa yolları kəsişmiş, lakin sonradan ayrılmış olan bir-birindən fərqli beş insan, beş tale, beş həyat birdən-birə sona çatmışdı. Bir vaxtlar partalar arxasında səliqə ilə düzülən sinif yoldaşlarının bu gün cəsədləri sıralanmışdı…
***
Sığınacaq əhli yenə yeməkxanada toplandı. Klara cəsədləri nəzərdən keçirmək üçün qaldığına görə hamıdan axırda gəldi. Üzündə qəzəblə kədərin qarışığından doğan bir ifadə var idi. O, gözlərini qısaraq bir-bir hamıya nəzər yetirdi. Sanki baxışları ilə onların beynindən keçənləri oxumaq istəyirdi. Nəhayət dilləndi:
– Dördü də zəhərlənmədən ölüb.
– Nədən zəhərlənə bilərlər ki? Dünən hamımız eyni şeyləri yemişik axı. – Sabah müəllimə soruşdu. Başqalarından daha uzun ömür sürmüş olsa da, ölüm qorxusu onun canına hamıdan artıq vəlvələ salmışdı.
– Qida zəhərlənməsi deyil. Yeməklərinə zəhər qatılıb. – Klara dedi. Bir anlıq sükut, ardınca bir-birinə qarışıb boğuq bir qışqırığa çevrilən sözlər otağı bürüdü. Klara diqqətlə sinif yoldaşlarını müşahidə edir, səbəbkarı tapmaq arzusu ilə alışıb yanırdı.
– Yəni, içimizdə kimsə qatildir, – o, ucadan dedi.
– Kim ola bilər? – Səda soruşdu.
– Bilmirəm. Təkcə Afşin bütün gecə əl-qolu bağlı vəziyyətdə olub. Onun xaricində hər kəs.
Elə bu vaxt Arzu yenə sevimsiz qəhqəhəsiylə bütün hikkəni, hirsi öz üzərinə topladı. O, “Axı mən sizə demişdim! Hamımız bir-bir bu xarabada öləcəyik!” – dedi.
Onun bu cür sözlərini sinif yoldaşları hər gün eşitsələr də, qulaqardına vururdular. Bu dəfə isə həmin kəskin sözlər arzu olunan nəticəni verdi. Nifrətini qusmaq üçün günahkar axtaran Duman var gücü ilə Arzuya bağırdı:
– Kəs səsini, ifritə! And olsun Allaha, əgər susmasan səni özüm gəbərdəyəcəm!
Arzu heç nə demədi, amma üzündən təbəssümü də yığışdırmadı.
– Arzu, sən dünən axşam neyləyirdin? Yeməyə təkcə sən gəlməmişdin. – Səlim soruşdu.
Klara onun nəyə işarə vurduğunu dərhal anladı:
– Doğurdan, harada idin?
– Harada olmalıyam ki? Otağımda idim. Bağışlayın da… Balaca bir qutunun içərisinə həbs olunanda adam yemək vaxtına dəqiq nəzarət eləməyə bilər də, – dedi və ironiya ilə güldü.
Kərəm əsəbi halda dedi:
– Bizi qatil olmadığına inandırmaq üçün 10 saniyən var!
– Nə?! Dəlisən? Gör nəyi qoyub, nəyi axtarırsan! Qatil sizin içərinizdədir, ay axmaqlar! – Arzu qışqırdı.
– Sənə inanmıram! – Kərəm təmkinlə cavab verdi.
– Mən də! – Səlim onun fikrinə şərik oldu.
Duman bir göz qırpımında yerindən qalxıb Arzuya hücum çəkdi. Cabirlə Adnan onun qabağını kəsdilər:
– Özünü ələ al! – Adnan dedi. – Yaxşısı budur bu məsələ öz həllini tapana kimi Arzunu da Afşinin yanında bağlı saxlayaq.
– Dəfnə, yaxşısı budur Nili buradan aparasan. – Səlim dedi.
Nil gecikmədən etirazını bildirdi:
– Yox, ehtiyac yoxdur. Onsuz da son vaxtlar mən də Arzunu tanıya bilmirəm. (Nil ilk gündən Arzuya “ana” yox, “Arzu” deyə müraciət edirdi.) Deyəsən dəli olub. Sizə etirazım yoxdur.
Yerdə qalanlar da yekdilliklə Arzunun həbsinə razılıq verdilər. Gah qəhqəhə çəkən, gah da söyüşlər yağdıran Arzunu gətirib Afşinin olduğu otağa saldılar və əl-qolunu bağladılar. Ətrafdakı natəmizlik, yemək qırıntıları, bədbin aura bu otağı əməlli-başlı həbsxanaya bənzədirdi.
Bəziləri qatilin tapıldığını düşünüb qismən rahatlaşır, digərləri isə şübhə ilə ətrafa baxırdılar. İndən belə sinif yoldaşları daha heç vaxt bir-birilərinə əvvəlki gözlə baxa bilməyəcəkdilər.
***
Dəfnə qatilin kim ola biləcəyini nə qədər götür-qoy etsə də, ağlına heç bir variant gəlmirdi. İlk gündən Afşindən gözü su içmirdi. Lakin onun bu hadisədə heç cür əli ola bilməzdi. Arzunun isə bir vaxtlar ayrılmaz dosları olan Çiçək və Elinanı öldürə biləcəyi ona heç inandırıcı gəlmirdi. Bəlkə də aradan keçən illər ərzində münasibətlərinin soyuması səbəb ola bilər? Axı kim münasibəti soyuduğuna görə hansısa insanın canına qəsd edər? Ya da rəfiqələri nə vaxtsa Arzuya böyük bir xəyanət ediblər, Arzu da illərlə ürəyində kin bəsləyib və sığınacaq ona qisas almaq üçün ən uğurlu məkan kimi görünüb? Kim bilir, bəlkə də qatil heç Arzu deyil…
Duman dəhlizdə dəli kimi vurnuxur, gah divarı yumruqlayır, gah əlləri ilə saçlarını kobudca arxaya itələyərəq özünü toparlamağa çalışırdı. Heç cür baş verənləri həzm edə bilmirdi. Onun bu vəziyyəti Dəfnənin ürəyini ağrıtdı. Dumana yaxınlaşıb təsəlli verməyə çalışdı:
– Daha da betəri ola bilərdi. Qatil hər kimdirsə, hamımızı öldürə bilərdi. Amma dörd nəfərlə kifayətləndi. Çalış özünü ələ alasan!
Duman Dəfnəyə tərəf yaxınlaşdı və dedi:
– Başqalarını bilmirəm, amma mən yüz faiz onun hədəfi idim.
Dəfnənin təəccübdən gözləri bərəldi:
– Haradan bilirsən?
– Dünən Diyara görə qanım o qədər qaralmışdı ki, yeməyimə əl vura bilmədim. Mənimkini də Tunar yedi. Böyük ehtimalla, o da zəhərli idi. Bəlkə də heç Tunarın yeməyinə zəhər qatılmamışdı. Əgər elədirsə, o, mənim ucbatımdan ölüb!
– Hmm… İşə bir bax! Amma Tunarın yeməyinə zəhər qatılmaması nə isə inandırıcı gəlmir. – Dəfnə dedi.
– Niyə?
– Əgər səninkinə də zəhər qatılmışdısa, deməli, qatil hər kimdirsə, uzun illərdir sizin trioya kin bəsləyən adam olub. Sizə nifrət eləyən adam ən birinci qrupun liderini, sonra köməkçilərini öldürərdi. Məncə hər üçünüzün yeməyində zəhər var idi. Yəni, Tunarın sənin ucbatından öldüyünə inanmıram.
– Ola bilər. Bunu heç vaxt bilməyəcəyik. Bəlkə də bir gündə iki insanın ölümünə səbəb oldum. Bunun vicdan əzabı ilə yaşamalıyam… – Duman səmimi bir yanğı ilə dedi.
– Hər şeyin bir bədəli var. – Dəfnə cavab verdi.
– Sən də mənə nifrət edirsən, Dəfnə? – Duman soruşdu. Səsi o qədər acınacaqlı gəldi ki, Dəfnənin ona ürəyi ağrıdı.
– Mən heç kəsə nə nifrət, nə də etibar edirəm.
– D&D yadındadır? – Duman asta səslə soruşdu.
– Demon & Divinity…
– Demon mən, Divinity isə sən idin. D&D-nin mənası Duman & Dəfnə idi. – Duman dedi və şişmiş gözlərini Dəfnəyə zillədi.
Dəfnə nə deyəcəyini bilmədi.
– Mən səni sevirdim, Xəyalpərəst. – Duman xırıltılı, təəssüf dolu bir səslə dedi və Dəfnəni susqunluğu ilə baş-başa qoyaraq uzaqlaşdı.
(Ardı var)
Povestin əvvəlki hissələrini buradan oxu: 1 2 3 4 5 6 7 8 9 10 11 12