İBRAHİMXƏLİL
Sanki uzaqlardan – həm də çox uzaqlardan – qarayazılı Arif Mustafazadənin qaibanə və az-az da qeyri-müntəzir səsi gəlir:
Bir ağır hava çal, qoca zurnaçı,
eydir yavaş-yavaş, çal ağır-ağır…
…zurnaçı cavandır, amma hətta qoca zurnaçı da ona həddi-hidayəti olan həsəd aparır. Böyrümdə kimsə dad-bidad pıçıldayır:
– Nəfəsinə qüvvət, ay Qafqaz, bu çal başım barlı barmaqlarına qurban!
Qafqaz – cavan zurnaçının adıdır: Qafqaz Camaloğlu; onunku qara zurnanın müştüyünü adi üfləmək deyil, oyuqlarını adi açıb-bağlamaq deyil, onunku nəfəs verməkdir, diriltməkdir, diri və duru saxlamaqdır!
Amma… orda ayla, illə, burda müxtəsər dillə, belə görünür ki, qara zurnanın bir şirin-şirin, bir həsrət və bəsirətlə “öldürməyi” də var imiş: darvazlı zurnaçı rəhmətlik Kor Alı demiş, “tufarın dağılsın, qara zurna icad eləyən”, öz əməlinə əmin olan adam az qalır bu axıb tökülən musiqi ilə “axirət darvazası”nı da könüllü döyə!
Allah nəsib eləyib; Qafqazın Armudlu yaylağında, Əyriqarın, Sənəkuçanın ətəklərinə yaxın çaldığını da görmüşəm. Deyım ki, elə bil dağlar da onun qara zurnasının dəyirmi tağalağının üstündə qərar tutmuşdu. Və ürəkdən inanıram ki, Sınıq körpünün o biri üzündə sizdən də dağların birdən-birə ağır-ağır qol qaldırıb oynadığını, sıx-sıx dumana rəğmən, üstü ilə karvan yeritdiyini görənlər olmuş olar. Axı Vahid Vəhdət dünyasında nələr olmur?..
Amma burasını da deməliyəm: bir vaxt oralarda – Əyriqarın ətəklərinə yaxın Qafqazın böyük qardaşı Araz bərk soyuqlamışdı, onu tələm-tələsik arana gətirəndən bir neçə gün sonra, günlərin bir qubarlı günü, əlimizdə çıraq kimi sönmüşdü: dünyanın məsum və tər çiçək çöhrəli çırağı kimi… Qafqaz indi Əyriqar səmtə baxa-baxa çalırdı, bilmirəm, bəlkə o da bu agah-ahəstə an eynən mənimtək… Arazı xatırlayırdı, özü də qara zurnanın ağzını göylərə sarı tutub çalırdı və düşünürdüm ki, əgər Qafqaz birdən-birə zurnanın ağzını yerə tutsa, sinəsi onsuz da “qəm dəftəri” (ölsün Ələsgərtək qulların, dağlar!) olan yaylaq yeri də yana bilər…
Arada Araz haqqında da söz açmağım o üzdən deyil ki, bəlkə Qafqazın da, kiçik qardaşı Təbrizin də (Təbriz Camaloğlu) çaldıqları elə Araz tərəfdən bu qədər arazbarıdı, bu qədər nisgillidi… Məsələ burasındadır ki, mən onların əmisiyəm, bu bir. İkincisi, yazıçı dostum Əlabbas da deyib ki, ay İbrahimxəlil, bilirsənmi, hələ heç kəs düzilqarlı Əyriqarın havasını bu boyda Bakıya o boyda Borçalıdan Qafqaz və Təbriz qədər gətirməyib mənim üçün…
Qafqazın qara zurnasının – adi qamışın – gücü də elə burasındadır ki, Borçalı Əyriqarı ilə Naxçıvan Əyriqarını, həmin Quba almasıtək yarıalma oxşar minvalla da Başkeçidi Qaraçöplə, Zəncanı Ərzincanla, Təbrizi Tiflislə elə bir göz qırpımındaca qovuşdura bilir!
İndi bəlkə Qafqaz məndən inciyəcək ki (elə Təbriz də), bəs deməzsənmi, əmim məni (bizi) bu qədər tərifləyir, amma mən sidq-ürəkdən istəmirəm ki, Qafqaz məndən iynə ildızı boyda da olsun inciyə! Burası da var ki, bir əmi olaraq bilirəm ki, Qafqazın “vüqar paltarı” onun ədəbli təvazökarlığındadır; yoxsa paxıllığı çəkilərdi…
…Mayası “Xançobanı”dan, ağ qardan, göy dumandan tutulan, “yumru-yumru qayalar yumruğu” olan Oruc əmim – Allahın rəhmətini diləyirəm – buyururdu ki, oğul, o kəsin ki qaraçuxası yatmayıb, oyaqdır, ona bir xətər yetişməz, buna görə də vaxt var ikən ağ ata, ağ çuxaya yetişmək lazımdır!
…Xatirinizdə qalmış olar: uzaq-uzaq illər bundan öncə Bakı xanı Hüseynqulu xanın qızı, gözəllər gözəli Mahnigar xanım da hər il Novruz bayramında düzənlənən cıdırda birinciliyi qazanan igidə ağ çuxa bağışlayırmış. Hələ o zamandan cavanlar o ağ çuxanın xəyalı ilə yaşayırdılar. İndi bu Novruz ərəfəsində canım-gözüm Bakıdan bu qədər uzaqlarda Qafqazı ağ atda, ağ çuxada görürəm; eynən Əyriqarın zirvəsi rəngində olan çuxada!
Burasını da deyim ki, Qafqaz qara zurnaya könül bağlarıyla bağlanana qədər bizim dastanə Dəllərə qonşu və qardaş Sarallar kəndində aşıq Əmirdən – torpağı nurlu olsun – sazın vaqifi-əsrar sirlərini də öyrənib. Elə ki, Qafqazın qara zurnaya aşiq olmağını da eşitdim, onda ona unudulmaz şairimiz Fikrət Sadığın bircə bəndini – bir “güzgü qəlpəsi”ni göndərdim:
Üç cür olur zurnaçılar:
biri – elə zurna çalar,
biri – belə zurna çalar,
biri də elə-belə zurna çalar.
Qafqaz o vaxtlar nigarançılığımı bircə işarədən anladı; var olsun. Və bu gün adının Həsrət Hüseynov, Rasim Ələsgərov, Ələsgər Şəkili kimi ustad sənətkarlar sırasında çəkilməyi mənə də bərəkəti böyüklüyündə olan başucalığı gətirir. Bir daha əsl izzətin və qüdrətin məxsus olduğu Allaha şükürlər diləyirəm!
P.S. Uzaq tariximizdə bizə məxsus kişi adları ərəbləşdirilmişdi. Belə ki, əvvəlcə şəxsin öz adı yox, onun kimin atası olduğu, yəni şəxsin oğlunun adı göstərilirdi və oğulun adı qarşısına artırılan “əbu” sözü də bir növ bunun “möhür”ü idi. Məsələn: Əbu Məhəmməd İlyas ibn Yusif Nizami Gəncəvi. Bu misilləmə misala uyğun, mən Qafqaz (Təbriz, Novruz və daha neçələri) kimi can-ciyərimin adının adımdan öndə gəlməyinə bir haqq nidasıtək baxıram və sözümə qüvvət olaraq deyirəm: keçən payız Təbriz səfərimdə “Rəsədxana yüksəkliyi” deyilən yerdə, özü də hər qaraca qarışı ilə uca Yaradanı xatırladan yerdə, Bakıdan gələn iki nəfər çox səmimi qonağa məni “Qafqazın əmisi”tək təqdim etdilər. Dünyanı mənə verdilər sanki!
…Burada son nöqtəni qoymalı oluram; çünki Mədəniyyət televiziya kanalında xalq musiqisi başladı: indi “Qafqazı” havası çalınır…
Müəllifin başqa yazıları:
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)