İmam Sadiqə görə, “Qiyamət günündə Allah-taala xəlq olunanları (məxluqatı) bir yerə yığanda, onlara buyurub əmr etdiklərinin sorğu-sualını aparar, ancaq onlar üçün təyin etdiklərindən heç nə soruşmaz”.
İncəsənətin bir növü olan rəssamlıq da özünü və başqalarını dərindən dərk etmək vasitəsi olduğundan mən rəssam Rizvan İsmayılla ancaq onun “təyinat”ı olan rəssamlıq barədə, yəni onun üçün “təyin edilənlər” çərçivəsində danışıram. Qayaüstü rəsmlərdən tutmuş – misilləmə misal üçün – Rizvanın çox böyük hörmət bəslədiyi, Azərbaycanın Əməkdar rəssamı (ad adamı bəzəməsə də, Sakit müəllimə indiyəcən Xalq rəssamı adının verilmədiyi bizi çox təccübləndirir) rəssamlıqda Opalizm üslubunun əsasını qoymuş Sakit Məmmədova qədər…
Rizvanın Bakıda Səttar Bəhlulzadə adına sərgi salonunda fərdi rəsm sərgisinin keçirilməsində Sakit müəllimin böyük əməyi olub. Görkəmli sənətkarların xislətində onlardan sonra gələn istedadlara xeyirxahlıqlar göstərmək, yaxşılıqlar eləmək həmişə var! Əlbəttə, Rizvan bu hörməti bir nəqşi-zəmir olaraq xatirində, xatiri qədər də qəlbinin dərin guşələrində saxlayacaq.
Etiraf edim ki, Sakit müəllimin yaradıcılığı ilə də məni Rizvan tanış edib. Bu yazının sərlövhəsinə çıxartdığım “Alın yazısını alın təri ilə yumaq” füsunkar fikri də hörmətli Sakit Məmmədova məxsusdur.
Alın yazısı ilə bağlı bunları da demək istəyirəm ki, sənətkarlardan bəziləri öz alın yazılarına güllə (çiçəklə), bəziləri hətta güllə sıxmaqla, bəziləri də bahar yağışları, payız küləkləri, bəmbəyaz qış şaxtaları ilə düzəliş etmək kimi çoxsaylı cəhdlərdə bulunublar. Amma “alnından Ay doğan” (ifadə şair Çingiz Əlioğlunundur) sənətkarlar alın yazılarını yalnız alın təri ilə “yuyublar”.
Belə rəvayət edirlər ki, alın yazısından qaçmaq olmur. Amma “istisna”ya baxın: ibn Nubətə görə, “Əmirəl-möminin (ə) əyilmiş bir divarın yanından başqa bir divara tərəf getdi. Həzrətə ərz olundu ki, ey əmirəl-möminin, Allahın qəzavü-qədərindənmi qaçırsan? Buyurdu: Allahın qəzasından Onun qədərinə qaçıram”…
…Sakit müəllimin “Adəm və Həvva”, “Xatirə şəkli”, “Günaydın”, “Falabaxanlar”, “Toy”, “13 nömrəli avtobus” – siyahını adi fəhlə ailəsində doğulmuş bu hörmətli rəssamın fəth etdiyi ingilis kralının sarayına qədər uzatmıram – kimi əsərlərinə baxarkən qan və ruh qohumum Rizvan İsmayılın alın yazısında Sakit müəllimin məxsusi yeri olduğuna zərrəbin zərrə boyda şübhəyə yer qalmır.
Biz görkəmli rəssamlardan söz açarkən onlar haqqında ümid və ehtiram dolu “bənzərsiz və yeganə” kimi ifadələr də işlədirik. Amma Rizvan da “öz Axirət şəkli”ni çəkəndə, sanki Sakit Məmmədova ünvanlanan “Vəfalı dost”da, “Tövbədən sonra”da, “Adsız”da da bənzərsizdir!
Mən hər dəfə Rizvanın alın tərini görəndə onun bəsirət gözünün nə qədər çox görə və ölçə bilməsinə heyrət edirəm.
…Rizvanın dediyinə görə, stimulverici sənətkar olaraq ona Sakit müəllimin (və arxitektor-dizayner mərhum Zaha Hədidin) böyük təsiri olub. Yarıalmatək həmin oxşar minvalla, etiraf edim ki, Rizvanın özü də öz dediyi mənada, stimulverici sənətkardır. Bir qədər təvazökarlıqdan uzaq və yarızarafat da olsa, onun fırçasına, alın tərinə baxıram və hərdən-birdən özümü ədəbi yaradıcılıqda az qala (arazbarı)… baron hiss edirəm.
Uca Yaradanın Rizvan üçün “təyin etdikləri”ndə, yəni onun təyinatında, əsərlərinin “güzgü surəti” deyil, dünya-aləmin, batinimizin… onun fırçası və fəziləti ilə yaradılmış görünüşləri var!
Vaqif yazarlardan biri deyib ki, “gələcək – döyüşlərdə, dar ağacı və katorqalarda igidliklə ölən kəslərin deyil, yeniləşib “islahatlar”a duruş gətirənlərindir”! Yeniləşmə, intibah, novatorluq mənasında, Rizvanın əsərlərinin hətta bəzi cüdamları da adam edəcəyinə əminəm! Süsən-Sünbül tərəflərdə yeniliyi, dirçəlişi inkar ruhu hər nə qədər çox olursa-olsun…
P.S. Əlimi alnıma aparıram və alın yazımı da, astar üzümü də oxuya bilən dostlarım yadıma düşür: Yaradanın alın yazıma daxil etdiyi qələm dostlarım.
Sizə bir şey də pıçıldayım, amma gərək eşidən az olsun: Rizvan da mənim dostumdur və Tanrıdan aşkarda-gizlində çox təvəkkül təvəqqe edirəm ki, dostumun dostunun (Sakit müəllimin timsalında) da dostu olam…
Müəllifin başqa yazıları: