İbrahimxəlil
Əsəbləri dəmirdəndi dağların;
dəmirəsəb – mən dağlara oxşadım. –
Müəlliflik hüququ Mirzə Qələmə məxsus olan bu həzin-füzun misraları Mahir müəllimə də oxumuşam. İndi ikinci dəfə Gürcüstan parlamentinə seçilən Mahir müəllim – Mahir Dərziyev – arada-sırada məni görəndə ətəklərinə yaxın yaşadığım “dəmir əsəbli dağlar”ı da soruşur. Amma haralardan ağlına gəlsin ki, bu ilin iyul günlərinin birində onunla düzilqarlı Əyriqarın yeddi yüz yetmiş yeddi addımlığında görüşdüyüm andan bəri hər dəfə “dəmir əsəbli dağlar” deyərkən yadıma düşən üç nəfər əmanətdar və dəmirəsəb dağlar oğlundan biri məhz Mahir müəllimdir.
…bilirəm sizə bunun “niyə”si lazımdır, mən də indi elə bunun “niyə”sini yazıram.
“Mahir Dərziyev gürcü dilində bilmir”, “Mahir Dərziyev məktəblərimizi bağlatdırır”, “Mahir Dərziyev təəssüb və təkəbbür dolu tədbirlərimizə gəlmir” və sairə və ilaxır… Bu demokratik idarə üsulunda – plüralizm və söz azadlığı ilə dopdolu dövranda kimə nə deyə bilərsən? Deyilənlərdə, danışılanlarda gap da var, gop da var. Əlbəttə… cənnətin qapılarından biri doğruluq olduğuna görə, əgər biz bütün deyilənlərə inansaq, gərək onda biz də “uçurumun və xar olmağın kandarında” dayanaq.
Bəndər-bəndər burası da var: indi elə zənnü-inkar zəmanənin içindəyik ki, nəinki Mahir Dərziyevə, hətta Sultan Süleyman Qanuniyə də (əstəğfürullah!) hərbə-zorba gələnlər olur, Odisseyin oğlu Telemak bilməsələr də, mentorluq eləyənlər tapılır… Amma tərki-diyar olmasın deyə, tərki-diyar Hələb ərəbləri demiş, ucqar sözümün “məniyi-əsrar”ına keçirəm.
…Açığı, mənə Mahir müəllimin elitar mədəniyyət tərəfi, kreativ tərəfi daha yaxın, daha əhəmiyyətli olduğuna görə, onun dəqiq nəyi deyib, nəyi demədiyini “araşdırmaq”dan artıq, bəzi yalanlara qarşı necə dözümlülük göstərməyi, əsəbini-qəzəbini “çəpərə hörməməyi” (ifadə unudulmaz şairimiz Məmməd Araza məxsusdur) maraqlı və… arazbarı ağrılı gəlir. Bütün hallarda, Allahın Peyğəmbəri demiş, “bəndə yalan danışanda yaratdığı üfunətin iyindən mələklər bir mil aralı durarlar”.
Siz Dəllərə, Sarvana, Lejvəddinə, Qaraçöpə baxmayın: Süsən-Sünbül tərəflərin bir təbarəküllah olmayan xarabazar xüsusiyyəti də var: elə ki bir nəfər bərgi-xəzan Allah bəndəsini təkəmseyrək tərifləyirsən, dərhal Dədə Mirzə Tüpdağıdan hazır-amadə hoppanır: axı o nə yaradıb? Və nəticədə boyaboy belə məlum olur ki, gərək təkəmseyrək təriflədiyin o bir nəfər bərgi-xəzan Allah bəndəsi yolları düzəltdirməkdən, körpülər saldırmaqdan, müxtəsəri, pürxumar problemlər çözməkdən dolayı… ət də paylayaymış, yağlı düyü də yedizdirəymiş, pul da səpəymiş…
Sözümün təngnəfəs təkrarına bir də qayıdıram: Mahir müəllim yeganə soydaşımız olaraq məşhur gürcü yazıçısı Çabua Amirecibinin dəfninə gedəndə də, zərif incəsənət tərəfimiz barədə mədəniyyət nazirinə danışanda da, mədəni olmağın təkcə təhsillə ölçülmədiyi haqqında mübahisəyə qatılanda da, şair Nizami Paşa Saraclının şeirlərini öyüb öyünəndə də, Səttar Bəhlulzadənin telbətel tablolarına baxıb kövrələndə də və bir parlamentari olaraq ədaləti hər an siyasətin meyarı biləndə də çox səbirli və səmimidir.
…Fikir verin: dağları yarğan-yarğan yarıb, sinəsini söküb “faydalı qazıntılar”ını – dəmirini, misini, qızılını, almazını – daşıyırlar. Amma dağlar, dəmir əsəbli dağlar dəniztək dalğalanmaqdan, üzü Yaradana ilahi ibadətdən, ağ dumanın dililə yaylaqçılara yaylıq yelləməkdən yorulub bezikmirlər…
P.S. Rəssam Rizvan İsmayıla həsr olunmuş “Zərrədən Günəşə” adlı kitabda Mahir müəllimin də reyhanəli yarpaq boyda yazısı var. O, başdan bir misal gətirir: “Müdrik bir qoca Süleyman peyğəmbərə üstündə “Bu keçər” sözləri yazılmış bir üzük verir və deyir:
– Əsəbiləşdiyin zaman bu üzüyə bax, bu sənə kömək edər.
Süleyman peyğəmbər qocanın dediklərinə əməl edirdi. Amma bir gün hətta bu üzük də ona əsəblərini sakitləşdirməyə kömək etmədi. O, əsəbindən üzüyü çıxarıb tullamaq istədikdə üzüyün içərisində “Hətta bu da keçər” yazısını gördü…”
Hər dəfə Əyriqar, Sənəkuçan, Şamdüyə tərəflərə baxanda mənə belə gəlir ki, Süleyman peyğəmbər öz sehirli üzüyünü bizim dağlara ərməğan eləyib: yoxsa bizim dağlar bu boyda dəmirəsəb olardılarmı? Və dağların dəmir əsəbləri öz əmanətdar oğullarına bu minvalla keçərdimi?..
…Dünən bir nəfər anası namaz üstə doğmayan aran balası iddia edirdi ki, bəs deməzsənmi, bir halda ki, dəmir paslanır, deməli, dəmir əsəblər də paslanır.
Nə gizlədim: mən inanmıram.
Müəllifin başqa yazıları: